Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi
             Az | Ru | En |
          
 
 
   

2006-cı ilin xronikası


Yanvarın 19-da Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində Müstəqil Dövlətlər Birliyi iştirakçı dövlətlərin Gömrük Xidməti Rəhbərləri Şurasının 42-ci iclası olmuşdur.
***

Fevralın 2-3 tarixlərində Bakı şəhərində Ümumdünya Gömrük Təşkilatı Avropa Regionu Gömrük Xidməti Rəhbərlərinin konfransı keçirilmişdir. Konfransda 38 ölkənin gömrük xidmətlərinin və 6 beynəlxalq təşkilatın rəhbərləri iştirak etmişlər.
***

Fevralın 3-də ÜGT Avropa Regionu Gömrük Xidməti Rəhbərlərinin Konfransı çərçivəsində Dövlət Gömrük Komitəsinin sədri (6 fevral 2006-cı il tarixdən etibarən Azərbaycan Respublikasının fövqəladə hallar naziri) Kəmaləddin Heydərovun Macarıstan Respublikası Gömrük və Maliyyə Mühafizəsinin komissarı Yanoş Nacla görüşü olmuşdur.
Səmimilik şəraitində keçən görüş zamanı ikitərəfli əməkdaşlıq, ticari-iqtisadi əlaqələrin genişləndirilməsində gömrük orqanlarının üzərinə düşən vəzifələr, 22 aprel 1996-cı il tarixində bir tərəfdən Avropa İttifaqı və onun Üzv dövlətləri, digər tərəfdən isə Azərbaycan Respublikası olmaqla Lüksemburqda imzalanmış Tərəfdaşlıq və Əməkdaşlıq haqqında sazişin gömrük işi ilə bağlı səlahiyyətli orqanlar arasında qarşılıqlı yardıma dair protokolunun həyata keçirilməsinə dair geniş fikir mübadiləsi aparılmışdır. Görüş başa çatdıqdan sonra Macarıstan Respublikası Gömrük və Maliyyə Mühafizəsi və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi arasında Əməkdaşlıq haqqında Protokol imzalanmışdır.
***

Aprelin 4-7 tarixlərində Ümumdünya Gömrük Təşkilatının Bakıdakı Regional Tədris Mərkəzində İnformasiya Texnologiyalarının tətbiqi sahəsində Koreya təcrübəsinin öyrənilməsinə həsr olunmuş seminar keçirilmişdir.
***

Mayın 22-də Kiyevdə GUAM üzvü olan ölkələrin zirvə toplantısı çərçivəsində GUAM dövlətlərinin iqtisadiyyat, energetika, nəqliyyat nazirləri və gömrük xidməti rəhbərlərinin birgə iclası keçirilmişdir.
***

İyunun 7-də Dövlət Gömrük Komitəsində Avropa İttifaqı, Birləşmiş Millətlər Təşkilatı İnkişaf Proqramının birgə layihəsi olan «Azərbaycan Respublikasında Gömrük Xidmətinin Təkmilləşdirilməsi» layihəsi üzrə Dövlət Gömrük Komitəsinə kömpüter avadanlıqlarının təqdim olunması mərasimi keçirilmişdir. Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev və BMT İnkişaf Proqramının rezident nümayəndəsi Marko Borsotti «Azərbaycan Respublikasında Gömrük Xidmətinin Təkmilləşdirilməsi» layihəsi üzrə akt imzalamışlar.
***

İyunun 29-dan iyulun 1-dək Ümumdünya Gömrük Təşkilatının Brüsseldə yerləşən qərargahında Gömrük Əməkdaşlıq Şurasının 107-108-ci sessiyası keçirilmişdir.
***

İyulun 3-5 tarixlərində Türkiyənin İstanbul şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatı üzv ölkələrin Gömrük Xidməti Rəhbərləri Şurasının 5-ci iclası və alt komitənin ekspertlərinin 1-ci iclası keçirilmişdir.
***

Noyabrın 15-də Bakıda Avropa İttifaqı və Birləşmiş Millətlər Təşkilatı İnkişaf Proqramının birgə reallaşdırdığı «Azərbaycan Respublikasında Gömrük Xidmətinin Təkmilləşdirilməsi layihəsi» çərçivəsində Azərbaycan Respublikasının yeni Gömrük Məcəlləsi layihəsinin təqdimatı keçirilmişdir. Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev və BMT İnkişaf Proqramının rezident nümayəndəsi Marko Borsotti «Azərbaycan Respublikasında Gömrük Xidmətinin Təkmilləşdirilməsi layihəsi»nin müddətinin uzadılması və büdcəsinin artırılması barədə memorandum imzalamışlar.
***

Noyabrın 27-dən dekabrın 1-dək Ümumdünya Gömrük Təşkilatının Bakıdakı Regional Tədris Mərkəzində İqtisadi Əməkdaşlıq Təşkilatı üzv dövlətlərin gömrük xidməti əməkdaşları üçün «Ümumdünya Ticarət Təşkilatının gömrük qiymətləndirilməsi barədə Sazişin tətbiq edilməsi» mövzusunda seminar keçirilmişdir.
***

Noyabrın 27-dən dekabrın 6-dək Ümumdünya Gömrük Təşkilatının Bakıdakı Regional Tədris Mərkəzində Amerika Birləşmiş Ştatları mütəxəssislərinin iştirakı ilə «Beynəlxalq aşkaretmə və riskin idarə edilməsi» mövzusunda seminar keçirilmişdir.
***

Noyabrın 28-30 tarixlərində İsveçrənin Genevrə şəhərində Birləşmiş Millətlər Təşkilatının Avropa İqtisadi Kommissiyası tərəfindən Dayanıqlı Energetika Komitəsinin 15-ci sessiyası keçirilmişdir.
***

Dekabrın 6-da Dövlət Gömrük Komitəsində Amerika Birləşmiş Ştatları adından Azərbaycan gömrük xidmətinə göstərilən texniki yardımla əlaqədar təqdimat mərasimi keçirilmişdir.
***

Dekabrın 7-8 tarixlərində ÜGT-nin Bakıdakı Regional Tədris Mərkəzində Rusiya Gömrük Akademiyası Məzunları və Tələbələrinin Beynəlxalq Assosiasiyasının 2-ci illik konfransı keçirilmişdir.
***

Dekabrın 14-15 tarixlərində Finlandiya Respublikasının Muoniyo şəhərində Avropa İttifaqının şərq sərhədlərində gömrük əməkdaşlığı üzrə konfrans keçirilmişdir.
***

Dekabrın 21-də Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində Müstəqil Dövlətlər Birliyi iştirakçı dövlətlərin Gömrük Xidməti Rəhbərləri Şurasının iclası keçirilmişdir.

Azərbaycan Gömrük Təşkilatı 2005-ci ili uğurla yekunlaşdırır

Respublikamızın və xalqımızın həyatında əlamətdar hadisələri ilə zəngin olan 2005-ci il bir az sonra yaşanan illər sərgisində ömrünü başa vuraraq tarixləşəcək. Azərbaycan dövlətinin milli maraqlarına xidmət edən, iqtisadi təhlükəsizliyinin keşiyində dayanan, sosial-iqtisadi inkişafını stimullaşdıran bir orqan kimi gömrük xidməti üçün də bu il uğurlu illərdən sayıla bilər. İstər fiskal funksiyanın təminatı, gömrük hüquqpozmalarına qarşı mübarizə, beynəlxalq əməkdaşlığın genişləndirilməsi, istərsə də qanunla müəyyən edilmiş digər funksiyalarının yerinə yetirilməsi baxımından Komitə rəhbərliyinin 2005-ci ildə apardığı məqsədyönlü fəaliyyət konkret nəticələrlə müşaiyət olunub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ilin əvvəlində- yanvar ayında müvafiq sərəncamları ilə bir qrup gömrük əməkdaşına ali xüsusi rütbələrin verilməsi, gömrük işinin inkişaf etdirilməsində xidmətlərinə, vəzifələrini ləyaqətlə yerinə yetirdiklərinə və dövlət qulluğunda səmərəli fəaliyyətlərinə görə bir qrup əməkdaşın isə orden və medallara layiq görülməsi ölkə başçısının bütövlükdə gömrük işinə göstərdiyi diqqətin nəticəsidir.
Məlum olduğu kimi bu ilin may ayında Azərbaycan dünya gömrük ailəsi üçün ev sahibliyi etdi. Bakıda toplaşan nümayəndə heyətləri Azərbaycan gömrüyünün müasir modelinin beynəlxalq normalara uyğun qurulmasının şahidi oldular.

Bakıda keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Gömrük Xidmətləri Rəhbərləri Şurasının 4-cü iclası, Ümumdünya Gömrük Sərgisi və Forumu, həmçinin "Heydər Əliyev və Azərbaycan gömrüyünün inkişafı" adlı simpoziumu özünün əhəmiyyətinə və sambalına görə diqqəti çəkmişdir.
Yeri gəlmişkən, ötən il Azərbaycan Prezidenti İlham Əliyevin Belçika Krallığına rəsmi səfəri zamanı Dövlət Gömrük Komitəsi ilə Ümumdünya Gömrük Təşkilatı arasında Niyyət Protokolu imzalanmışdı. Niyyət protokolunda müasir mərhələdə ticarətin qloballaşdırılması ilə əlaqədar gömrük orqanlarının qarşısında dayanan vəzifələr, sərhədlərin təhlükəsizliyi, Böyük İpək Yolu vasitəsilə narkotiklərin dövriyyəsinə dair xüsusi regional problemlərin birgə həlli ön plana çəkilmiş, Bakıda "Prezident Heydər Əliyev və Azərbaycan gömrük xidmətinin inkişafı" adlı simpoziumun keçirilməsi qərara alınmışdı. Dövlət və hökumət nümayəndələrinin, beynəlxalq təşkilatların, müxtəlif ölkələrin gömrük xidməti orqanları rəhbərlərinin iştirak etdiyi simpoziumda ümummilli lider Heydər Əliyevin Azərbaycanda gömrük xidmətinin inkişafı, informasiya texnologiyalarının modernləşdirilməsi, neft strategiyası, regional iqtisadi əməkdaşlıq, Böyük İpək yolunun bərpası, Azərbaycan gömrük xidmətinin dünya gömrük ailəsinə inteqrasiyası mövzularında edilən çıxışlarda ulu öndərin dahiyanə uzaqgörənliklə həyata keçirdiyi möhtəşəm işlərin əhəmiyyətindən danışılmışdır. Geocoğrafi mövqeyinə görə şərqlə qərb, şimalla cənub arasında əlaqələrin yaranmasında önəmli rol oynayan Azərbaycanın müstəqillik illərində keçdiyi yol, bu sahədə gömrük orqanlarının həyata keçirdiyi tədbirlər razılıqla qarşılanmışdır. Qonaqlar beynəlxalq ticarətin inkişafı və sadələşdirilməsi məqsədi ilə Azərbaycan gömrüyünün öz milli müddəalarını beynəlxalq sənədlərə uyğunlaşdırdığının, qarşıya qoyulan vəzifələrin layiqincə yerinə yetirilməsində Dövlət Gömrük Komitəsinin regionun və dünyanın uyğun qurumları ilə beynəlxalq əlaqələrini genişləndirdiyinin bir daha şahidi olmuşlar. Çıxış edənlər Azərbaycanın regionda mövqeyinin böyük əhəmiyyətə malik olduğunu vurğulayaraq Heydər Əliyevin uzaqgörən siyasətinin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, Azərbaycanda gömrük xidmətinin dövlətə, xalqa xidmət etməsinin nümunəsi ilə rastlaşdıqlarını və bu təcrübənin digər ölkələrdə tətbiq olunması vacibliyindən danışmışlar.

Yeri gəlmişkən, 2003-cü ilin sentyabr ayında Macarıstanın paytaxtı Budapeşt şəhərində keçirilmiş ilk beynəlxalq Gömrük Sərgi və Forumunun təşkilindən sonra Ümumdünya Gömrük Təşkilatı bütün dünyada sənaye müəssisələrini, gömrük administrasiyalarını və işgüzar liderləri yenidən bir araya toplamağı qərara alaraq tədbirin keçirilməsi məkanı kimi Azərbaycanı seçmişdi. Fikir mübadiləsi, yeni təkliflərin müzakirəsi və müasir texnologiyaların nümayiş etdirilməsi üçün bu cür vacib forumun Bakıda təşkil olunması beynəlxalq arenada Azərbaycanın yüksələn rolunun və beynəlxalq təşkilatlar və xarici şirkətlər tərəfindən ölkəyə artan marağın nəticəsi kimi qiymətləndirilə bilər. Təkcə bir faktı xüsusi qeyd etmək yerinə düşər ki, bu ilin iyun ayında Ümumdünya Gömrük Təşkilatının Brüsseldə yerləşən qərargahında Gömrük Əməkdaşlıq Şurasının növbəti sessiyasında Avropa regionu ölkələrinin gömrük xidmətləri rəhbərləri konfransının 2006-cı ildə Macarıstanda keçirilməsi nəzərdə tutulsa da, bu tədbirə ev sahibliyi edəcək ölkənin gömrük xidmətinin rəhbərliyi könüllü olaraq bu tədbirin Bakıda keçirilməsi təklifini irəli sürmüş və təklif yekdilliklə qəbul edilmişdir. Xatırladaq ki, Macarıstan Avropa regionu üzrə ÜGT-nin həmsədri vəzifəsini icra edir.
Ümumiyyətlə, beynəlxalq tədbirlərin keçirildiyi günlərdə nümayəndə heyətləri arasında təcrübə mübadiləsinin aparılması, irəli sürülən yeni ideyalar və məsələlərə müasir yanaşmalar, yeni imkanların öyrənilməsi baxımından olduqca əhəmiyyətli olmuşdur. Beynəlxalq iqtisadi-ticari, mühüm elmi-texniki əlaqələrin genişləndiyi bir dövrdə Azərbaycan Respublikası digər ölkələrlə bütün sahələr üzrə sıx əməkdaşlıq edir. Bu da öz növbəsində regionda gömrük işinin inkişafında baş verən müsbət dəyişikliklərə, beynəlxalq ticarətin sadələşdirilməsinə və sərmayələrin cəbinə səbəb olur. Digər tərəfdən, beynəlxalq iqtisadi əməkdaşlıq, elmi-texniki təcrübə və proqramlar mübadiləsi regionda iqtisadiyyatın inkişafını şərtləndirən amillərdir.
Yuxarıda qeyd olunduğu kimi, Bakıda keçirilən Ümumdünya Gömrük Sərgisi terrorizm və qaçaqmalçılığın qarşısının alınması, beynəlxalq ticarətin təhlükəsizliyinin təmin edilməsi baxımından dünya miqyaslı əhəmiyyətə malikdir. Bu tədbirin Azərbaycanda keçirilməsi ölkəmizin Böyük İpək Yolu üzərində yerləşməsi və Şimal-Jənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin buradan keçməsi, eyni zamanda Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən aparılan uğurlu siyasət nəticəsində ölkə iqtisadiyyatının intensiv inkişafı, yerli və xarici sahibkarların işgüzar fəaliyyətinin aktivləşdirilməsi üçün əlverişli şəraitin yaradılmasıdır. Məhz buna görə də Azərbaycan Şərqi Avropada biznesin inkişafı üçün ən cəlbedici ölkələrdən biridir.

Tədbir iştirakçılarının Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladıqları müraciətində belə bir fikir xüsusi vurğulanırdı ki, dəyişən dünyanın iqtisadi təhlükəsizliyinə ciddi ehtiyac olduğu bir vaxtda gömrük və beynəlxalq ticarətin təhlükəsizliyi kimi vacib bir məsələyə həsr olunan mötəbər tədbirdə dünyanın 40-dan çox dövlətinin nümayəndəsinin bir araya gəlməsi üçün Bakı şəhərinin seçilməsi təsadüfi deyildir. Ona görə ki, ölkənizdə Heydər Əliyevin siyasi kursu Zati-aliniz tərəfindən bu gün də uğurla davam etdirilir. Hər dəfə ölkənizə gəldikdə inkişafın və tərəqqinin, qonaqpərvər insanlarınızın çöhrələrində təbəssüm və gözlərində məhəbbətin şahidi oluruq.
Ümumdünya Gömrük Forumu və Sərgisində iştirak edən nümayəndə heyətlərini qəbul edərkən Azərbaycan Prezidenti İlham Əliyev belə tədbirlərin gələcəkdə əməkdaşlığımıza güclü təkan verəcəyini, bütün bunların işgüzar əlaqələr yaradılması, ölkəmizlə daha yaxından tanışlıq baxımından xüsusi önəm daşıdığını vurğulamışdır.
Ölkənin iqtisadi təhlükəsizliyinin ciddi şəkildə qorunması məsələsinə gəlincə, dövlətimizin başçısı bu mənada Bakıda keçirilən tədbirin müəyyən tövsiyyələr verilməsi baxımından dəyərli olduğunu, iqtisadi inkişafımızın davamlı olması üçün ölkəmizin iqtisadi təhlükəsizliyinin lazımi səviyyədə təmin ediləcəyinə əminliyini ifadə etmişdir.

Azərbaycan Respublikası İƏT üzv ölkələri arasında ticarətin inkişafının genişləndirilməsi prosesində fəal iştirak edir. Beynəlxalq ticarətin sadələşdirilməsi istiqamətində aparılan tədbirlərdə gömrük orqanlarının da üzərinə mühüm vəzifələr düşür. İƏT Gömrük Xidmətləri Rəhbərləri Şurasının fəaliyyətinin əsas istiqamətləri üzv ölkələrin gömrük sərhədlərindən keçən mal və nəqliyyat vasitələrinin hərəkətinin asanlaşdırılmasına imkan yaradan gömrük qanunvericiliyinin sadələşdirilməsi, müasirləşdirilməsi və harmonikləşdirilməsi, kadrların hazırlığı məqsədilə işlərin planlaşdırılması və həyata keçirilməsi, təcrübə mübadiləsindən ibarətdir.
Qeyd edək ki, İƏT-ə üzv ölkələrin Gömrük Xidmətləri Rəhbərləri Şurasının 4-cü iclası da bütövlükdə gömrük işi sahəsində regional əməkdaşlığın genişləndirilməsi üçün irəliyə doğru atılan bir addım kimi yadda qalmışdır.
Respublikamızın ev sahibliyi etdiyi beynəlxalq tədbirlərdən biri də Ümumdünya Gömrük Təşkilatının MDB ölkələri üzrə Regional Rabitə Qovşağı Milli Rəhbərlərinin IV iclası olmuşdur. Əsas məqsədi gömrük xidmətləri, digər hüquq-mühafizə orqanları arasında əməkdaşlığın səmərəliyinin yüksəldilməsi, məlumat mübadiləsi vasitəsilə və digər yollarla gömrük xidmətlərinin narkotik vasitələrin, psixotrop maddələrin, radioaktiv maddələrin, terror hadisələrinin, milli mədəni sərvətlərin qaçaqmalçılığına qarşı mübarizədə ən müasir metodların, üsulların işlənib hazırlanmasından ibarət olan qovşağın iclasında ÜGT-nin Şərqi və Mərkəzi Avropa, Qərbi Avropa və Asiya-Sakit okean üzrə regional Rabitə qovşaqlarının nümayəndələri iştirak etmişlər.
İclasda məlumat mübadiləsinin yeni imkanları araşdırılmış, həmçinin məlumat mübadiləsinin operativliyinin təmin olunması, qorunması və digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılmışdır. Mütəxəssislərin fikrincə, XXI əsrin təhlükələri dünya dövlətlərinin təhlükəsizliyinin, hər bir insanın həyatının, sağlamlığının təmin edilməsi məqsədilə bütün səylərinin cəmləşməsi zərurətini sürətləndirir. Bu əməkdaşlıq gömrük qanun pozuntularının qarşısının alınmasına, araşdırılmasına və aradan qaldırılmasına yönəldilmiş səylərin ayrılmaz hissəsidir. İclasda irəli sürülən təkliflər, müzakirə olunan məsələlər münasibətlərin inkişafına yeni təkandır.
Dövlət Gömrük Komitəsinin İnterpolla əlaqələri də son illər daha da möhkəmlənmişdir. Bu ilin noyabr ayında Fransanın Lion şəhərində ÜGT və İnterpolun təşkilatçılığı ilə "Saxtakarlığa və Piratçılığa qarşı mübarizə üzrə" 2-ci Qlobal Konqres çərçivəsində Dövlət Gömrük Komitəsinin sədri Kəmaləddin Heydərovun İnterpolun baş katibi Ronald Noblla görüşü, görüşdə yaranmış işgüzar əlaqələrin aidiyyatı fəaliyyət istiqamətləri üzrə əməkdaşlığın daha da möhkəmləndirilməsi üçün atılacaq addımların müzakirəsi və Komitə sədrinin Azərbaycana rəsmi səfərə dəvətini cənab Nobllun razılıqla qarşılaması, bütün bunlar əlaqələrin dərinləşməsinə təkan verən amillərdəndir.

Azərbaycan ilə İtaliya arasında ənənəvi dostluq, əməkdaşlıq münasibətlər bütün sahələr üzrə uğurla inkişaf edir. Təbii ki, bu münasibətlərin əsası 1997-ci ilin sentyabr ayında ümummilli lider Heydər Əliyevin İtaliyaya dövlət səfəri zamanı qoyulmuş, əlaqələrimizin gələcək inkişafına böyük təkan vermiş, Azərbaycan Prezidenti İlham Əliyevin bu ilin fevral ayının üçüncü ongünlüyündə İtaliyaya rəsmi səfərdə olması ikitərəfli əlaqələrin inkişafında yeni səhifə açmışdır. Prezident İlham Əliyevin bu ölkəyə səfəri çərçivəsində digər sənədlərlə yanaşı "Azərbaycan Respublikası hökuməti və İtaliya Respublikası hökuməti arasında gömrük hüquqpozmalarının qarşısının alınması, təhqiqatı və aradan qaldırılmasına dair qarşılıqlı inzibati yardım haqqında" saziş də imzalanmışdır. Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri Kəmaləddin Heydərovun və İtaliya Gömrük Agentliyinin direktoru Mario Andrea Quayananım imzaladıqları, iki ölkənin gömrük orqanları arasında sıx əməkdaşlığa, Azərbaycan-İtaliya iqtisadi əlaqələrinin daha da möhkəmləndirilməsinə geniş imkanlar açan sazişdə beynəlxalq ticarət təchizat şəbəkəsinin təhlükəsizliyi və sadələşdirilməsi ilə bağlı artan qlobal maraq, bununla əlaqədar Gömrük Əməkdaşlıq Şurasının 2002-ci ilin iyununda qəbul edilmiş qətnaməsindəki müddəalar nəzərə alınmışdır.

Azərbaycan Prezidenti İlham Əliyevin mart ayında Çin Xalq Respublikasına dövlət səfərini iki ölkə arasında münasibətlərin daha da yaxşılaşmasına təkan verən çox mühüm amil kimi qiymətləndirmək olar. Digər tərəfdən, Azərbaycanla Çin arasında əməkdaşlığı genişləndirməyi nəzərdə tutan müvafiq sənədlərin imzalanması münasibətlərin siyasi, iqtisadi, mədəni və digər sahələrdə inkişafına olduqca ciddi təsir göstərmişdir. Dövlət Gömrük Komitəsinin sədri Kəmaləddin Heydərov və Çin Xalq Respublikasının Gömrük naziri Moy Xinshençin imzaladıqları "Azərbaycan Respublikası hökuməti və Çin Xalq Respublikası hökuməti arasında gömrük işi sahəsində qarşılıqlı yardım haqqında" sazişlə gömrük hüquqpozmalarının, o cümlədən narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qeyri-qanuni dövriyyəsi, silahların, partlayıcı maddələrin, sursatların, nüvə materiallarının, həmçinin mədəni dəyər kəsb edən əşyaların və arxeoloci sərvətlərin sərhədlərdən qanunsuz dövriyyəsinin qarşısının alınması, təhqiqatının aparılması və aradan qaldırılmasında daha səmərəli fəaliyyətə əsaslanan əməkdaşlığın möhkəmləndirilməsi sahəsində razılıq əldə olunmuşdur.

Bu il diqqəti çəkən məqamlardan biri də Azərbaycan və Polşa gömrükçülərinin sıx əməkdaşlıq müstəvisində fəaliyyət göstərməsinə təkan verən iki ölkənin hökumətləri arasında gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında sazişin imzalanmasını göstərmək olar. Azərbaycan Prezidenti İlham Əliyevin Polşa Respublikasına rəsmi səfəri çərçivəsində martın 30-da Dövlət Gömrük Komitəsinin sədri Kəmaləddin Heydərovun və Polşa Gömrük Xidmətinin rəisi Veslav Çicoviçin imzaladıqları sazişdə dostluq münasibətlərini o cümlədən gömrük işi sahəsində əməkdaşlıq vasitəsilə inkişaf etdirmək, hər iki dövlət arasında şəxslərin və malların keçidinin inkişafı və sürətləndirilməsi, gömrük qanunvericiliyinə riayət edilməsi, gömrük hüquqpozmaları ilə mübarizə aparılması əksini tapmışdır.
Azərbaycan-Bolqarıstan arasında siyasi, iqtisadi və ticari əməkdaşlığın möhkəmləndirilməsi gömrük xidmətlərinin də işinə öz müsbət təsirini göstərib. 1999-cu ildə Bakı şəhərində imzalanmış iki ölkənin hökumətləri arasında gömrük işi sahəsində qarşılıqlı əməkdaşlıq haqqında sazişin əhəmiyyəti böyükdür. Eyni zamanda ötən ilin noyabr ayında Dövdət Gömrük Komitəsi sədrinin dəvəti ilə Bolqarıstan Respublikası Milli Gömrük Agentliyinin Baş direktoru Assen Assenovun respublikamızda işgüzar səfərdə olması bu əlaqələrə yeni təkan vermişdir.

Bu il sentyabrın 23-24 tarixlərində Azərbaycan Prezidenti İlham Əliyevin Bolqarıstana rəsmi səfəri çərçivəsində hər iki ölkənin gömrük orqanları arasında əməkdaşlığın dərinləşdirilməsi, o cümlədən kadrların peşəkar hazırlığı və ixtisaslarının artırılması sahəsində qarşılıqlı anlaşma haqqında protokol imzalanmışdır. Dövlət Gömrük Komitəsinin sədri Kəmaləddin Heydərovun və Bolqarıstan Milli Gömrük Agentliyinin Baş direktoru Assen Assenovun imzaladıqları sənəddə iki ölkənin hökumətləri arasında gömrük işi sahəsində qarşılıqlı əməkdaşlıq haqqında sazişin müddəalarının həyata keçirilməsi və hər iki gömrük orqanları arasında təlim sahəsində əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulmuşdur. Protokolda diqqəti çəkən məqamlardan biri də intellektual və sənaye mülkiyyətinin müdafiəsi, silah, incəsənət əsrləri, tarixi və arxeoloci dəyərli əşyaların və s. qanunsuz daşınmasının qarşısının alınmasında səylərin birləşdirilməsindən ibarətdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dəvəti ilə Latviya Respublikasının Prezidenti Vayra Vike-Freyberqanın respublikamıza gerçəkləşən səfəri zamanı imzalanan sənədlər arasında həmçinin iki ölkənin hökumətləri arasında gömrük məsələləri üzrə əməkdaşlıq və qarşılıqlı yardım haqqında sazişin Azərbaycan və Latviya gömrük xidmətlərinin birgə fəaliyyəti üçün geniş imkanlar açmasıdır. Azərbaycan tərəfindən sazişə Dövlət Gömrük Komitəsinin sədri Kəmaləddin Heydərov və Latviya tərəfdən iqtisadiyyat naziri Krişyanis Arturs Karinş imza atmışlar. İmzalanan sənəddə gömrük qanunvericiliyinin pozulmasının ölkələrin iqtisadi, maliyyə, ticarət, mədəni maraqlarına və ictimai sağlamlığa ziyan vurduğu nəzərə alınmış, gömrük rüsumları və digər vergilərin dəqiq tutulmasının təmin edilməsi, qadağan, məhdudiyyət və nəzarət sahəsində tədbirlərin birgə həyata keçirilməsi, bu sahədə gömrük orqanlarının səmərəli əməkdaşlıq edəcəkləri ifadə olunmuşdur.
Sirr deyil ki, bu gün informasiya və kommunikasiya texnologiyaları cəmiyyətin inkişafına təsir göstərən əsas amillərdən birinə çevrilmişdir.

Onların dövlət strukturlarını və vətəndaş cəmiyyəti institutlarını, iqtisadi və sosial sahələri əhatə etməsini nəzərə alan Dövlət Gömrük Komitəsi bu sahədə əldə olunmuş nəticələrin inkişafını və gömrük işinin təşkilində, yeni məsələlərin həllində şəffaflığı, informasiya texnologiyalarının geniş tətbiqini təmin etmək sahəsində konkret addımlar atıb və bu sahədə bir sıra uğurlara nail olub.
Onu da qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatı ilə Dövlət Gömrük Komitəsi arasında əlaqələr daim yüksələn xətlə inkişafdadır. BMT İnkişaf Proqramı ilə birgə həyata keçirilən "Dövlət Gömrük Komitəsinin Potensialının Gücləndirilməsi və Məlumatların Ötürülməsi Şəbəkəsinin yaradılması" layihəsinə 1999-cu ildən başlanmış, ötən müddətdə layihənin 3 mərhələsi uğurla aparılmış, bu ilin aprel ayında isə layihənin üçüncü mərhələsinin uzadılmasına dair BMT İP və DGK arasında memorandum imzalanmışdır.

Adı çəkilən layihənin birinci mərhələsində Bakıda ilk dəfə mərkəzi gömrük idarəsi ilə regional gömrük bölmələrini birləşdirən geniş elektron şəbəkəsi yaradılması prosesi başlanmış, Komitə əməkdaşları müasir kompüter və telekommunikasiya avadanlıqlarından praktiki istifadə sahəsində təlimləndirilmiş, ikinci mərhələdə elektron əlaqələndirmə şəbəkəsi bütövlükdə yaradılmışdır. Üçüncü mərhələdə isə şəbəkənin genişləndirilməsi, gömrük rəsmiləşdirilməsi və nəzarətin avtomatlaşdırılması sisteminin tətbiqi davam etdirilmiş, eləcə də qaçaqmalçılığa dair mövcud məlumat bazalarının gücləndirilməsi və videomüşahidə sistemlərinin tətbiqinin genişləndirilməsi işləri həyata keçirilmişdir. Yuxarıda qeyd etdiyimiz kimi layihənin üçüncü mərhələsinin uzadılmasında əsas məqsəd "On line" recimində işləyən korporativ şəbəkənin əhatə zonasının genişləndirilməsi, GRNAS-ın əhatə olunmamış gömrük idarələri və gömrük postlarında tətbiqi, gömrük anbarlarında və terminallarında gömrük xidmətinin iş proseslərinin avtomatlaşdırılmasının yekunlaşdırılmasıdır.
Yeri gəlmişkən, BMT İP-nin rezident-əlaqələndiricisi Marko Barsotti bununla bağlı fikirlərini açıqlayarkən məmnunluqla demişdir ki, Dövlət Gömrük Komitəsində informasiya kommunikasiya texnologiyalarının tətbiqi Azərbaycanda bu sahədə həyata keçirilən fəaliyyətin başlanğıcı olmuşdur. Onun sözlərinə görə, bu, ilk qədəmlər idi. Onların bir çoxu Azərbaycanda ilk dəfə həyata keçirilirdi: Bizim daimi olaraq bəyan etdiyimiz Azərbaycanın elektron idarəçiliyi sahəsində uğurlu addımlarının məhz bu şəkildə həyata keçirilməsində Dövlət Gömrük Komitəsində vaxtilə başlanan prosesin böyük rolu olmuşdur. DGK rəhbərliyinin uzaqgörənliyi bu sektora maliyyənin ayrılmasına və onun fəal şəkildə inkişaf etdirilməsinə imkan və şərait yaratdı. Sözsüz ki, əldə edilmiş təcrübələrin nəticəsində biz birmənalı olaraq Azərbaycanda gömrük sisteminin beynəlxalq standartlara uyğun olaraq İKT sektorunun davamlı inkişafına tam dəstəyimizi verməyə hazırıq.
Dövlət Gömrük Komitəsinin əvvəlki illərdə olduğu kimi Beynəlxalq Valyuta Fondu ilə əlaqələri bu il də əməkdaşlıq müstəvisində davam etdirilmişdir. BVF-nin tövsiyyəsi ilə 2002-ci ildən gömrük sistemində başlanan İslahat Proqramı 4 mərhələdə tədbirlər proqramının qrafikinə uyğun ötən ilin aprel ayına qədər başa çatdırılmış, gömrük orqanlarının modernləşdirilməsi üzrə uzunmüddətli tədbirlər planının bütün tələbləri yerinə yetirilmişdir. Yeri gəlmişkən, Dövlət Gömrük Komitəsi sədrinin 113 saylı, 22 noyabr 2005-ci il tarixli əmri ilə "Azərbaycan Respublikasının gömrük xidmətində risklərin avtomatlaşdırılmış idarəetmə sisteminin konsepsiyası" təsdiq edilmişdir. Ümumi müdəalarda göstərildiyi kimi, Azərbaycan Respublikasının gömrük xidməti mal dövriyyəsinin tənzimlənməsi vasitələrindən daha səmərəli istifadəni təmin edir və xarici ticarətin tənzimlənməsində əhəmiyyətli rol oynayır. Onun əsas vəzifələrindən biri gömrük-tarif tənzimlənməsi tədbirlərinə riayət olunmasını təmin etməklə gömrük sərhədindən keçirilən mal dövriyyəsinin sürətləndirilməsinə şərait yaratmaqdır.

Göndərilən mal və nəqliyyat vasitələri barəsində məlumatların əvvəlcədən alınması, yaradıla biləcək təhlükənin səviyyəsinin müəyyən edilməsi, müvafiq nəzarət formalarının seçilməsi və gömrük sərhədindən yüklərin qısa müddət ərzində buraxılmasının təmin edilməsi müasir gömrük işinin təşkilinin əsas amillərini formalaşdırır. Bununla əlaqədar risklərin avtomatlaşdırılmış idarəetmə sisteminin konsepsiyası yuxarıda göstərilən məsələləri həll etməyə imkan yaradır.
Qeyd olunmalıdır ki, gömrük orqanları tərəfindən həyata keçirilən fiskal siyasət ölkənin büdcə siyasətinə uyğundur. Gömrük orqanları tərəfindən əvvəlki illərdə olduğu kimi cari ilin də proqnozuna layiqincə əməl edilmişdir. Dekabrın 6-dək DGK üçün nəzərdə tutulmuş 1 trilyon 750 milyard manat büdcə proqnozuna qarşı nəzərdə tutulduğundan xeyli artıq gömrük vergi və rüsumlarının toplanaraq dövlət büdcəsinə köçürülməsini fərəhləndirici hadisələrdən hesab etmək olar. Büdcənin formalaşdırılması ilə yanaşı gömrük orqanları hüquq mühafizə orqanı kimi ölkənin iqtisadi mənafeyinin və təhlükəsizliyinin qorunması, qaçaqmalçılığa və gömrük işi sahəsində hüquqpozmalara qarşı mübarizə aparılması, bu cür halların aşkar edilməsi, qarşısının alınması və aradan qaldırılması, habelə qaçaqmalçılıq kanallarının bağlanması üzrə də məqsədyönlü tədbirlər həyata keçirmişlər.
Bu gün tam qətiyyətlə demək olar ki, ölkədə biznes mühiti əhəmiyyətli dərəcədə yaxşılaşmışdır. Sahibkarlığa qayğı ümummilli lider Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Təcrübələr göstərir ki, ölkədə sahibkarlığın inkişafı və iqtisadi tərəqqi dövlətin həyata keçirdiyi düzgün iqtisadi siyasətə söykənir. Bu siyasətin mühüm qollarından biri də gömrük siyasətidir. Bu ilin may ayında Dövlət Gömrük Komitəsinin sədri Kəmaləddin Heydərovun respublikada fəaliyyət göstərən sahibkarlarla görüşündə Azərbaycanda biznes mühitinin uğurları ilə yanaşı, onun problemlərindən də geniş söhbət açılmış, yekdil rəy belə olmuşdur ki, sahibkarlığın inkişafına əngəl törədə bilən hər cür vasitələrin aradan qaldırılmasında, daxili bazarın qorunmasında, sağlam rəqabət və bütövlükdə şəffaf biznes mühitinin yaradılmasında gömrük tarif tənzimlənməsi tədbirlərinin imkanlarından daha səmərəli istifadə edilməsi, qaçaqmalçılığa qarşı mübarizənin daha da gücləndirilməsində qabaqlayıcı tədbirlərdən istifadə imkanları genişləndiriləcəkdir. Eyni zamanda yarana biləcək hər bir problemin həllində iş adamları ilə əməkdaşlığın yaratdığı imkanlardan maksimum istifadə ediləcəkdir. Görüşün yekunu olaraq gömrükçülərlə iş adamları arasında yaradılan Koordinasiya Şurasının gələcək perspektivləri də müzakirə predmeti olmuşdur. Ümumiyyətlə, iş adamları ilə ənənəvi hal olan görüşlər gömrük-sahibkar münasibətlərinin yaranması, ortaya çıxan problemlərin çözülməsi, həmçinin təcrübə və məlumat mübadiləsi baxımından olduqca əhəmiyyətlidir.
Ümumiyyətlə, üzümüzə gələn 2006-cı il özü ilə yeni qayğılar, yeni vəzifələr gətirir. İnanırıq ki, gömrük orqanları bu vəzifələrin öhdəsindən öz zəngin təcrübələrinə arxalanaraq layiqincə gələcək, müstəqil Azərbaycanın inkişafına yeni-yeni töhfələr verəcəklər. İliniz uğurlu olsun.

Rəsmi məlumatlar Arxiv    
19.07.2008
Azərbaycan iqtisadiyyatı yüksək dinamizmlə inkişaf edir
Respublikamızın qazandığı yüksək nəticələr, şübhəsiz, dövlət idarəçiliyinin formalaşmış çevik və işlək mexanizmlər əsasında həyata keçirilməsi ilə bağlıdır. Bir sıra qabaqcıl dövlətlərin onilliklər boyu keçdiyi inkişaf mərhələlərini qısa zaman kəsiyində sürətlə adlayan Azərbaycan azad bazar iqtisadiyyatı, demokratiya və vətəndaş cəmiyyəti quruculuğu yoluna, Avratlantik məkana inteqrasiya kursuna, sivil Qərb dəyərlərinə, demokratikləşmə proseslərinə sadiqliyini sübuta yetirmişdir.

Daha ətraflı
19.07.2008
Rəsmi xronika
Azərbaycan Prezidenti İlham Əliyev iyulun 14-də ölkəmizdə Konstitusiya Məhkəməsinin yaradılmasının 10-cu ildönümü münasibətilə Bakıda keçirilən beynəlxalq konfransın iştirakçılarını qəbul etmişdir.

Daha ətraflı
    © 2006 — 2008, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi   Dizayn MEQA şirkəti tərəfindən hazırlanıb