| |
|
|
|

|
Gömrük Orqanlarının elektron xəritəsi
|
|
|
|
| |
|
|
|
Gömrük hüquqpozmalarının
qarşısının alınması, təhqiqatının
aparılması və aradan qaldırılmasına dair qarşılıqlı
inzibati yardım haqqında Beynəlxalq Konvensiya
Preambula
Gömrük
Əməkdaşlıq Şurasının himayədarlığı
altında təsis edilmiş bu Konvensiyaya Razılığa gələn
Tərəflər,
Gömrük
qanunvericiliyinin pozulmasının Dövlətlərin iqtisadi,
ictimai və maliyyə maraqlarına və ticarətin hüquqi
maraqlarına ziyan vurduğunu nəzərə alaraq,
Gömrük
qanunvericiliyinin pozulmasına qarşı tədbirlərin Gömrük
idarələri arasında əməkdaşlıq yolu ilə
daha səmərəli həyata keçirilə bilməsini və
bu cür əməkdaşlığın Gömrük Əməkdaşlıq
Şurasının təsis edilməsi haqqında Konvensiyanın
məqsədlərindən biri olduğunu nəzərə
alaraq,
Aşığıdakılar
barədə razılığa gəldilər:
Fəsil I. Təriflər
Maddə 1
Bu
Konvensiyanın məqsədləri üçün:
(a)
«Gömrük qanunvericiliyi»—malların idxalı,
ixracı və ya tranzitlə əlaqədar Gömrük idarələrinin
həyata keçirdiyi və ya rəhbər tutduğu qanunla müəyyən
olunan və ya tənzim edən müddəalardır;
(b)
«Gömrük hüquqpozması»—gömrük
qanunvericiliyinin hər hansı şəkildə pozulması
yaxud pozulmasına cəhd göstərilməsi;
(s)
«Gömrük saxtakarlığı»—şəxsin
gömrük orqanını aldatma yolu ilə gömrük
qanunvericiliyində nəzərdə tutulmuş idxal və ya
ixrac rüsum və vergiləri ödəməkdən tamamilə,
yaxud qismən yayınması və ya qadağalara, yaxud məhdudiyyətlərə
riayət etməməsi və yaxud gömrük qanunvericiliyinə
zidd olaraq hər hansı mənfəət əldə etməsi
ilə əlaqədar gömrük hüquqpozmalarıdır;
(d)
«Qaçaqmalçılıq»—malların gömrük
sərhədindən hər hansı gizli üsulla keçirilməsindən
ibarət gömrük saxtakarlığı;
(e)
«İdxal və ya ixrac rüsum və vergiləri»—göstərilmiş
xidmətlərin təxmini dəyərinə məhdudlaşdırılmış
ödəniş və yığımlar istisna olmaqla, malların
idxalı və ya ixracı zamanı və yaxud bunlarla əlaqədar
tutulmuş gömrük rüsumları və bütün digər
rüsum, vergi, ödəniş və ya başqa yığımlar;
(f)
«Şəxs»—kontekst başqa cür tələb
etmirsə, fiziki və hüquqi şəxslər;
(g)
«Şura»—Gömrük Əməkdaşlıq Şurasının
təsis edilməsi haqqında 1950-ci il dekabr ayının 15-də
Brüsseldə qəbul olunmuş Konvensiya tərəfindən
yaradılmış təşkilat;
(h)
«Daimi Texniki Komitə»—Şuranın Daimi Texniki
Komitəsi;
(i)
«Ratifikasiya»—ratifikasiya, qəbul və yaxud təsdiq
edilmə.
Fəsil II. Konvensiyanın əhatə dairəsi
Maddə 2
1.
Bu Konvensiyaya olan Əlavələrin birini və ya bir neçəsini
qəbul edən Razılığa gələn Tərəflər,
bu Konvensiyanın müddəalarına uyğun olaraq, öz gömrük
idarələrinin gömrük hüquqpozmalarının qarşısının
alınması, təhqiqatının aparılması və
aradan qaldırılması sahəsində bir-birlərinə
qarşılıqlı yardım göstərəcəyi barədə
razılığa gəlirlər.
2.
Razılığa gələn Tərəfin Gömrük idarəsi
bu maddənin 1-ci bəndində göstərildiyi kimi, həmin
razılığa gələn Tərəfin həyata keçirdiyi
hər hansı təhqiqat zamanı, yaxud məhkəmə və
ya inzibati araşdırma ilə əlaqədar olan qarşılıqlı
yardım üçün sorğu verə bilər. Əgər
Gömrük idarəsi bu araşdırmanı özü həyata
keçirmirsə, o, qarşılıqlı yardımı bu
araşdırmanın aparılmasında yalnız öz səlahiyyəti
çərçivəsində xahiş edə bilər. Eyni
qaydada, əgər araşdırma sorğu alan idarənin ölkəsində
aparılırsa, həmin idarə tələb olunan yardımı
bu araşdırmanın aparılmasında öz səlahiyyəti
çərçivəsində göstərir.
3.
Bu maddənin 1-ci bəndində göstərilmiş qarşılıqlı
yardım başqa Razılığa gələn Tərəfin
adından şəxslərin həbs edilməsi və ya rüsum,
vergi, yığım, cərimə və ya digər pul məbləğlərinin qaytarılması üçün
sorğuları nəzərdə tutmur.
Maddə 3
Əgər
Razılığa gələn Tərəf tələb olunan
yardımın onun suverenliyinə, təhlükəsizliyinə
və ya digər vacib milli maraqlarına xələl gətirilməsi,
yaxud hər hansı dövlət və ya özəl müəssisənin
hüquqi ticarət maraqlarına zidd olduğu hesab edirsə,
o, bu yardımı göstərməkdən imtina edə və
yaxud, onu müəyyən şərtlər və ya tələblər
yerinə yetirildikdə göstərə bilər.
Maddə 4
Əgər
bir Razılığa gələn Tərəfin Gömrük İdarəsi
digər Razılığa gələn Tərəfə yardım
üçün sorğu edirsə və bu sorğunun özünə
edildiyi təqdirdə, onu yerinə yetirmək iqtidarında
deyilsə, o bu fakta sorğuda diqqət yetirməlidir. Bu sorğunun
yerinə yetirilməsi sorğu alan Razılığa gələn
Tərəfin qərarından asılıdır.
Fəsil III. Yardımın göstərilməsinin
ümumi prosedurları
Maddə 5
1.
Bu Konvensiyaya uyğun olaraq verilən və ya əldə olunan
hər hansı məlumat, sənədlər və ya digər
informasiya:
(a)
məhkəmə və ya inzibati araşdırmanın aparılması
zamanı istifadə də daxil olmaqla, yalnız bu Konvensiyada göstərilmiş
məqsədlər üçün və məlumat verən
gömrük idarəsi tərəfindən qoyula biləcək
məhdudiyyətlərə uyğun olaraq istifadə olunacaqdır;
və
(b)
məlumatı alan ölkədə həmin ölkənin ərazisində
eyni xarakterli məlumat, sənədlər və digər
informasiyaya aid edilən məxfilik və rəsmi sirr səviyyəsində
qorunacaqdır.
2.
Bu cür məlumat, sənədlər və ya digər
informasiya yalnız məlumat verən gömrük idarəsinin
yazılı razılığı olduqda və həmin idarə
tərəfindən qoyulmuş məhdudiyyətlərə və
bu maddənin 1 (b) bəndinin müddəalarına uyğun
olaraq digər məqsədlər üçün istifadə
oluna bilər.
Maddə 6
1.
Razılığa gələn Tərəflər arasında
bu Konvensiya ilə nəzərdə tutulmuş məlumatlar
bilavasitə gömrük idarələri arasında ötürülməlidir.
Razılığa gələn Tərəflərin gömrük
idarələri bu cür məlumatların ötürülməsinə
məsuliyyət daşıyan xidmətləri və ya vəzifəli
şəxsləri təyin etməli və həmin xidmətlərin
və ya vəzifəli şəxslərin ad və ünvanlarını
Şuranın Baş Katibinə təqdim etməlidir. Baş
Katib bu məlumatı digər Razılığa gələn
Tərəflərə verəcəkdir.
2.
Sorğu alan Razılığa gələn Tərəfin Gömrük
idarəsi öz ərazisində qüvvədə olan
qanunvericiliyə müvafiq olaraq, yardım üçün sorğunu
yerinə yetirmək məqsədilə bütün zəruri
tədbirləri görür.
3.
Sorğu alan Razılığa gələn Tərəfin Gömrük
idarəsi yardım üçün sorğuya mümkün qədər
tez bir zamanda cavab verir.
Maddə 7
1.
Yardım üçün sorğular bu Konvensiyaya uyğun, bir
qayda olaraq, yazılı surətdə təqdim edir; onlar tələb
olunan məlumatları əks etməli və faydalı ola biləcək
sənədlərlə müşayiət olunur.
2.
Yazılı sorğular Razılığa gələn Tərəflər
üçün məqbul olan dildə olmalıdır. Bu cür
sorğuları müşayiət edən sənədlər,
ehtiyac olduqda, hər iki tərəf üçün məqbul
olan dilə tərcümə olunur.
3.
Razılığa gələn Tərəflər bütün
hallarda yardım üçün sorğuları və müşayiət
olunan sənədləri ingilis və ya fransız dilində və
həmin sənədləri müşayiət edən ingilis və
ya fransız dilinə edilmiş tərcüməni qəbul
edir.
4. Xüsusilə
təxirəsalınmaz hallarda, yardım üçün sorğular
yazılı surətdə edilmədiyi təqdirdə, sorğu
alan Razılığa gələn Tərəf yazılı
surətdə təsdiqi tələb edə bilər.
Maddə 8
Bu
Konvensiyaya uyğun olaraq, ekspert və ya şahidlərə çəkilmiş
bütün xərcləri sorğu edən Razılığa
gələn Tərəf öz üzərinə götürür.
Razılığa gələn Tərəflər bu Konvensiyanın
həyata keçirilməsində çəkilmiş başqa
xərclərin geri qaytarılmasına dair bütün
iddialardan imtina edir.
Fəsil IV. Müxtəlif müddəalar
Maddə 9
Bu
Konvensiyanın əsas məqsədlərinin həyata keçirilməsinə
kömək etmək məqsədilə Şura və Razılığa
gələn Tərəflərin gömrük idarələri
Gömrük hüquqpozmalarının qarşısının
alınması, təhqiqatının aparılması və
aradan qaldırılması üçün məsul olan xidmətləri
arasında şəxsi və bilvasitə əlaqələrin
saxlanmasını təmin edir.
Maddə 10
Bu
Konvensiyanın məqsədləri üçün Razılığa
gələn Tərəfin qəbul etdiyi hər hansı bir Əlavə,
yaxud Əlavələr bu Konvensiyanın ayrılmaz tərkib
hissəsidir və həmin Razılığa gələn Tərəfə
münasibətdə Konvensiyaya edilən hər bir istinada bu cür
Əlavəyə, yaxud Əlavələrə edilən istinad
da daxil olur.
Maddə 11
Bu
Konvensiyanın müddəaları müəyyən Razılığa
gələn Tərəflərin göstərdiyi və ya gələcəkdə
göstərilə biləcək daha böyük qarşılıqlı
yardıma mane olmur.
Fəsil V. Şuranın və Daimi Texniki
Komitənin rolu
Maddə 12
1.
Bu Konvensiyanın müddəalarına uyğun olaraq Şura
Konvensiyanın tətbiqi və inkişaf etdirilməsində məsuldur.
2.
Daimi Texniki Komitə bu məqsədlərlə Şuranın
səlahiyyətli altında və Şura tərəfindən
verilmiş hər hansı göstərişlərə uyğun
olaraq aşağıdakı vəzifələri yerinə
yetirir:
(a)
lazım bildikdə bu Konvensiyaya düzəlişlərə
dair təklifləri Şuraya təqdim etmək;
(b)
Konvensiyanın müddəalarının şərhinə
dair rəylər təqdim etmək;
(s)
narkotik vasitələrin və psixotrop maddələrin
qeyri-qanuni dövriyyəsinə qarşı tədbirlər və
incəsənət əsərlərinin, əntiq əşyaların
və digər mədəni mülkiyyətin qeyri-qanuni dövriyyəsinə
qarşı tədbirlər sahəsində digər beynəlxalq
təşkilatlarla, xüsusilə, Birləşmiş Millətlər
Təşkilatının səlahiyyətli orqanları, BMT-nin
təhsil, elm və mədəniyyət məsələləri
üzrə təşkilatı (UNESCO) və Beynəlxalq
Kriminal Polis Təşkilatı / İnterpol ilə əlaqə
saxlamaq;
(d)
Konvensiyanın ümumi məqsədlərinin həyata keçirilməsinə
kömək etmək, xüsusilə də, gömrük hüquqpozmalarının
qarşısının alınması, təhqiqatının
aparılması və aradan qaldırılmasını sadələşdirmək
üçün yeni metod və prosedurların tədqiq edilməsi,
iclasların çağırılması və s. məqsədlə
tədbir görmək;
(e)
Konvensiyanın müddəaları ilə əlaqədar Şura
tərəfindən təyin oluna biləcək vəzifələri
yerinə yetirmək.
Maddə 13
Şurada
və Daimi Texniki Komitədə səsvermə məqsədləri
üçün hər bir Əlavə ayrıca Konvensiya kimi
nəzərə alınacaqdır.
Fəsil VI. Yekun müddəalar
Maddə 14
İki
yaxud daha artıq Razılığa gələn Tərəf
arasında bu Konvensiyanın şərhi və ya tətbiqi ilə
bağlı hər hansı bir mübahisə onlar arasında
danışıqlar yolu ilə həll olunacaqdır.
Maddə 15
1. Şuranın
üzvü olan hər hansı Dövlət və Birləşmiş
Millətlər Təşkilatının üzvü olan hər
hansı dövlət, yaxud bu təşkilatın ixtisaslaşdırılmış
agentlikləri
a)
Konvensiyanı ratifikasiya haqqında qeyd-şərtsiz imzalamaqla;
b)
Ratifikasiya haqqında qeyd-şərtlə Konvensiya imzalandıqdan
sonra ratifikasiya sənədini saxlamaq üçün təqdim
etməklə; və ya
s)
Konvensiyaya qoşulmaqla bu Konvensiyanın
Razılığa gələn Tərəfi ola bilər.
2.
Bu Konvensiya bu maddənin 1-ci bəndində göstərilmiş
Dövlətlər tərəfindən Şuranın Brüsseldəki
Qərargahında 1978-ci il 30 iyun tarixinədək imzalanmaq üçün
açıqdır. Həmin vaxtdan etibarən Konvensiya onların
qoşulması üçün açıq olacaqdır.
3. Ən
azı bir Əlavə qəbul etməyin vacib olduğunu nəzərə
alaraq, bu Konvensiyanın imzalanması, ratifikasiya edilməsi,
yaxud ona qoşulma zamanı bu maddənin 1-ci bəndində göstərilmiş
hər bir Dövlət qəbul etdiyi Əlavəni, yaxud Əlavələri
qeyd etməlidir. Dövlət bir və ya bir neçə Əlavələrin
sonradan qəbul edilməsi barədə Şuranın Baş
katibinə xəbər verə bilər.
4.
Ratifikasiya və ya qoşulma haqqında sənədlər Şuranın
Baş Katibinə saxlanmaq üçün təqdim edilir.
5. Gömrük
və ya iqtisadi ittifaqlar öz Üzv Dövlətlərilə
birlikdə, yaxud öz Üzv Dövlətlərinin bu
Konvensiyaya Razılığa gələn Tərəflər
olduqdan sonra, bu maddənin 1, 2 və 3-cü bəndlərinin müddəalarına
uyğun olaraq, həmçinin bu Konvensiyanın Razılığa
gələn tərəfləri ola bilərlər. Lakin bu cür
ittifaqlar səs vermək hüququna malik olmayacaqlar.
Maddə 16
1.
Bu Konvensiya 15-ci maddənin 1-ci bəndində göstərilmiş
Dövlətlərdən beşi onu ratifikasiya haqqında qeyd-şərtsiz
imzalamasından, yaxud ratifikasiya və ya qoşulma haqqında sənədləri
saxlanmaq üçün təqdim etməsindən üç
ay sonra qüvvəyə minir.
2.
Bu Konvensiyanı beş Dövlətin ratifikasiya haqqında
qeyd-şərtsiz imzalamasından, yaxud ratifikasiya və ya qoşulma
haqqında sənədlərini saxlanmaq üçün təqdim
etməsindən sonra bu Konvensiyanı ratifikasiya haqqında
qeyd-şərtsiz imzalayan, ratifikasiya edən və ya ona qoşulan
hər hansı Razılığa gələn Tərəfə
münasibətdə bu Konvensiya həmin Razılığa gələn
Tərəfin ratifikasiya haqqında qeyd-şərtsiz imzalamasından,
yaxud ratifikasiya və ya qoşulma haqqında sənədini
saxlamaq üçün təqdim etməsindən üç
ay sonra qüvvəyə minir.
3.
Bu Konvensiyaya olan hər bir Əlavə iki Dövlətin həmin
Əlavəni qəbul etməsindən üç ay sonra qüvvəyə
minir. İki Dövlətin qəbul etdiyi əlavəni sonradan
qəbul edən hər hansı Razılığa gələn
Tərəf üçün həmin Əlavə adı çəkilən
Razılığa gələn Tərəfin qəbul etməsini
bildirməsindən üç ay sonra qüvvəyə minir.
Lakin Razılığa gələn Tərəf üçün
heç bir Əlavə Konvensiyanın həmin Razılığa
gələn Tərəf üçün qüvvəyə
minməsindən əvvəl qüvvəyə minməyəcəkdir.
Maddə 17
1. Hər
hansı bir Dövlət, bu Konvensiyanı ratifikasiya haqqında
qeyri-şərtsiz imzaladığı, yaxud ratifikasiya və
ya qoşulma haqqında sənədlərini saxlamaq üçün
təqdim etdiyi zamanda, yaxud ondan sonra istənilən vaxt beynəlxalq
münasibətlərə cavab verən ərazilərin hamısına
və ya müəyyən bir hissəsinə bu Konvensiyanın
yayıldığı barədə Şuranın Baş
Katibinə təqdim etdiyi bildirişlə bəyan edə bilər.
Belə bildiriş Şuranın Baş Katibi tərəfindən
alındıqdan üç ay sonra qüvvəyə minir.
Lakin, Konvensiya həmin Dövlət üçün qüvvəyə
minənə qədər Konvensiya bildirişdə qeyd olunan ərazilərə
tətbiq olunmur.
2.
Beynəlxalq münasibətlərə cavab verən hər
hansı bir əraziyə bu Konvensiyanın yayıldığı
barədə bu Maddənin 1-ci bəndinə uyğun bildiriş
göndərən hər hansı bir Dövlət, bu
Konvensiyanın 19-cu maddəsində nəzərdə tutulmuş
proseduraya uyğun olaraq, Konvensiyanın həmin əraziyə
daha tətbiq olunmayacağı barədə Şuranın Baş
Katibinə bildirə bilər.
Maddə 18
Hər
bir Razılığa gələn Tərəf o zaman Konvensiya
və ya Əlavələrə qoşulmuş, yaxud onun bütün
müddəalarını qəbul etmiş hesab olunur ki,
Konvensiyaya qoşulan və ya bir Əlavəni ayrıca qəbul
edən zaman, yaxud ondan sonra istənilən vaxt, o, Şuranın
Baş Katibinə qoşulmaq iqtidarında olmadığı müddəalara
dair hər hansı şərtlər barədə bildirmiş
olsun. O, şərtlər irəli sürdüyü müddəaları
müntəzəm olaraq nəzərdən keçirməyi öhdəsinə
götürür və şərtləri geriyə götürdüyü
təqdirdə Şuranın Baş Katibinə bildiriş
verir.
Maddə 19
1.
Bu Konvensiyanın müddəti qeyri-məhduddur, lakin, hər
hansı bir Razılığa gələn Tərəf bu
Konvensiyanın 16-cı maddəsinə uyğun olaraq, onun qüvvəyə
mindiyi tarixdən sonra, istənilən vaxt onu denonsasiya edə
bilər.
2.
Denonsasiya yazılı şəkildə Şuranın Baş
Katibinə saxlanmaq üçün təqdim ediləcək sənədlə
bildirilir.
3.
Denonsasiya Şuranın Baş Katibi tərəfindən denonsasiya
haqqında sənədi aldıqdan altı ay sonra qüvvəyə
minir.
4.
Bu maddənin 2-ci və 3-cü bəndlərinin müddəaları
bu Konvensiyaya olan Əlavələrə də tətbiq edilir və
hər hansı bir Razılığa gələn Tərəf
bu Konvensiyanın 16-cı maddəsinə uyğun olaraq, Əlavələrin
qüvvəyə mindiyi tarixdən sonra istənilən vaxt qəbul
etdiyi bir və ya bir neçə Əlavədən imtina etməsi
hüququna malikdir. Qəbul etdiyi bütün Əlavələrdən
imtina edən hər hansı bir Razılığa gələn
Tərəf Konvensiyanı denonsasiya etmiş hesab olunur.
5.
Konvensiya denonsasiya edən, yaxud qəbul etdiyi bir və ya bir neçə
Əlavədən imtina edən hər hansı bir Razılığa
gələn Tərəf Konvensiyaya uyğun olaraq əldə
edilmiş hər hansı məlumat, sənədlər və
ya digər informasiyanın onda qaldığı müddət ərzində
bu Konvensiyanın 5-ci maddəsinin müddəalarını
yerinə yetirir.
Maddə 20
1. Şura
bu Konvensiyaya düzəlişlər tövsiyə edə bilər.
2. Tövsiyə
olunmuş hər hansı bir düzəlişin mətni Şuranın
Baş Katibi tərəfindən bu Konvensiyaya bütün Razılığa
gələn Tərəflərə, Konvensiyanı imzalamış
digər Dövlətlərə və Şuranın bu
Konvesiyaya Razılığa gələn Tərəflər
olmayan Üzv Dövlətlərinə göndərilir.
3. Əvvəlki
bəndə uyğun olaraq göndərilən təklif olunmuş
hər hansı düzəliş bütün Razılığa
gələn Tərəflərə münasibətdə təklif
olunmuş düzəlişin göndərilməsi tarixindən
iki il müddət ərzində Razılığa gələn
Tərəf olan Dövlət tərəfindən Şuranın
Baş Katibinə təklif olunmuş düzəlişlə
bağlı heç bir etiraz bildirilmədikdə, bu müddət
bitdikdən üç ay sonra qüvvəyə minir.
4. Əgər
bu maddənin 3-cü bəndində müəyyən olunmuş
iki il müddətin bitməsinə qədər Razılığa
gələn Tərəf olan Dövlət tərəfindən
Şuranın Baş Katibinə təklif olunmuş düzəlişlə
bağlı etiraz irəli sürülübsə, düzəliş
qəbul edilməmiş hesab olunur və heç bir qüvvəyə
malik olmur.
Maddə 21
1.
Bu Konvensiyanı ratifikasiya edən və ya ona qoşulan hər
hansı bir Razılığa gələn Tərəf
ratifikasiya və ya qoşulma haqqında sənədini saxlamaq üçün
təqdim etdiyi tarixdə qüvvəyə minmiş hər
hansı düzəlişləri qəbul etmiş hesab olunur.
2.
Bu və ya digər Əlavəni qəbul etmiş hər hansı
bir Razılığa gələn Tərəf Əlavənin
qəbul edilməsi barədə Şuranın Baş Katibinə
bildiriş verdiyi tarixdə qüvvəyə minmiş həmin
Əlavəyə hər hansı bir düzəliş qəbul
edilmiş hesab olunur.
Maddə 22
Şuranın
Baş Katibi bu Konvensiyanın Razılığa gələn Tərəfləri,
Konvensiyanı imzalamış digər Dövlətləri, Şuranın
bu Konvensiyaya Razılığa gələn Tərəf olmayan
Üzv Dövlətləri və Birləşmiş Millətlər
təşkilatının Baş Katibi aşağıdakılar
barədə bildiriş verir:
a)
bu Konvensiyanın 15-ci maddəsinə uyğun olaraq imzalanmalar,
ratifikasiyalar, qoşulmalar və bildirişlər;
b)
16-cı maddəyə uyğun olaraq bu Konvensiyanın və Əlavələrin
hər birinin qüvvəyə mindiyi tarix;
s)
17-ci maddəyə uyğun olaraq alınmış bildiriş;
d)
19-cu maddədə nəzərdə tutulmuş denonsasiya;
e)
20-ci maddəyə uyğun olaraq qəbul edilmiş hesab olunan
hər hansı düzəliş və onun qüvvəyə
mindiyi tarix.
Maddə 23
Bu
Konvensiya qüvvəyə mindikdən sonra Birləşmiş
Millətlər təşkilatının Nizamnaməsinin 102-ci
maddəsinə uyğun olaraq, Birləşmiş Millətlər
Təşkilatının Katibliyində qeydə alınır.
Aşağıda
imza edənlər lazımi qaydada səlahiyyət almış,
bunları təsdiq edərək bu Konvensiyanı imzalamışlar.
Doqquz
iyun min doqquz yüz yetmiş yeddinci il tarixdə Nayrobidə
ingilis və fransız dillərində hər iki mətn eyni qüvvəyə
malik olmaqla hazırlanmış vahid orijinal nüsxədə Şuranın
Baş Katibinə saxlanmaq üçün təqdim ediləcəkdir.
Şuranın Baş Katibi bu Konvensiyanın 15-ci maddəsinin
1-ci bəndində göstərilmiş bütün Dövlətlərə
təsdiq edilmiş surətləri göndərəcəkdir.
* 27 iyul 1989-cu il tarixdə qüvvəyə
minmiş Protokoldakı düzəlişlərilə
* Düzəlişlərlə
20-ci maddədə nəzərdə tutulan sadələşdirilmiş
proseduraya müvafiq olaraq, 7 oktyabr 1995-ci il tarixdə qüvvəyə
minmişdir.
Əlavə I
Öz təşəbbüsü
əsasında Gömrük İdarəsi tərəfindən
yardım 1.
Bir Razılığa gələn Tərəfin Gömrük İdarəsi,
öz təşəbbüsü əsasında, öz normal fəaliyyəti
dövründə meydana çıxan və digər Razılığa
gələn Tərəfin ərazisində ciddi Gömrük hüquqpozmasının
törədilməsinə ehtimal etməyə əsas verən
hər hansı mühüm xarakterli məlumatı digər Razılığa
gələn Tərəfin Gömrük İdarəsinə
verir. Veriləcək məlumat, xüsusən şəxslərin,
malların və nəqliyyat vasitələrinin keçirilməsinə
aid olmalıdır.
2. Münasib
hesab olunduqda, bir Razılığa gələn Tərəfin
Gömrük İdarəsi, öz təşəbbüsü əsasında,
I bənddə göstərilən informasiyaya kömək məqsədilə
sənədləri, hesabatları, şahidlik ifadələrini
və ya təsdiq olunmuş surətləri digər Razılığa
gələn Tərəfin Gömrük idarəsinə verir.
3.
Bir Razılığa gələn Tərəfin birinin Gömrük
İdarəsi, öz təşəbbüsü əsasında,
birbaşa marağı olan digər Razılığa gələn
Tərfin Gömrük İdarəsinə gömrük hüquqpozmalarında
maddi yardım sayıla bilən və xüsusən bu hüquqpozmaların
törədilməsinin yeni metod və vasitələri ilə
bağlı istənilən məlumatı verir.
Əlavə II
İdxal və ya ixrac rüsum
və vergilərinin təyin edilməsində sorğu əsasında
yardım
1. Öz
ölkəsində hər hansı bir ciddi Gömrük hüquqpozmasının
törədilməsinə ehtimal etməyə əsas olduqda,
Razılığa gələn Tərəfin Gömrük İdarəsinin
sorğusu ilə, sorğu alan Razılığa gələn
Tərəfin Gömrük İdarəsi idxal və ixrac rüsum
və vergilərinin düzgün təyin edilməsinə kömək
edə biləcək bütün mümkün olan məlumatı
verir.
2.
Razılığa gələn Tərəf o zaman öz öhdəliklərini
yerinə yetirmiş hesab olunur ki, o, məsələn, sorğuya
müvafiq cavab olaraq aşağıdakı mövcud olan məlumat
və sənədləri verir:
(a)
gömrük məqsədləri üçün malların
dəyərinə dair: ixrac və ya idxal ölkəsinin gömrük
orqanlarına təqdim olunmuş kommersial fakturalar və ya şərait
tələb etdikdə, gömrük orqanları tərəfindən
təsdiq edilmiş və ya edilməmiş surətləri; cari
ixrac və idxal qiymətlərini göstərən sənədlər;
malların ixrac və ya idxal zamanı edilmiş dəyər bəyannaməsinin
surəti; ixrac və ya idxal ölkəsində çap olunmuş
ticari kataloqlar, qiymət siyahıları və s.
(b)
malların tarif təsnifatına dair: malların tarif təsnifatını
müəyyən etmək üçün laboratoriya xidmətləri
tərəfindən aparılan təhlillər; ixrac və ya
idxal zamanı bəyan edilən tarifin təsviri.
(s)
malların mənşə ölkəsinə dair: tələb
olunduğu halda, ixrac zamanı bəyan edilən mənşə
bəyannaməsi; ixrac ölkəsində malların Gömrük
Statusu (gömrük tranziti, gömrük anbarı, müvəqqəti
idxal, sərbəst zona, sərbəst dövriyyə, müvəqqəti
ixrac və s.)
Əlavə III
Sorğu əsasında
nəzarət tədbirləri ilə bağlı yardım
Bir
Razılığa gələn Tərəfin Gömrük İdarəsinin
sorğusuna əsasən, digər Razılığa gələn
Tərəfin Gömrük İdarəsi, həmin Gömrük
İdarəsinə aşağıdakılar barədə məlumat
verir:
(a)
sorğu edən Razılığa gələn Tərəfin
gömrük orqanlarına təqdim edilmiş yük gömrük
bəyannaməsinə kömək olan rəsmi sənədlərin
həqiqiliyi;
(b)
sorğu edən Razılığa gələn Tərəfin ərazisinə
idxal olunmuş malların digər Razılığa gələn
Tərəfin ərazisindən qanuni yolla ixrac olunması;
(s)
sorğu edən Razılığa gələn Tərəfin ərazisindən
ixrac olunmuş malların digər Razılığa gələn
Tərəfin ərazisinə qanuni yolla idxal olunması.
Əlavə IV
Sorğu əsasında
müşahidə ilə bağlı yardım
Bir
Razılığa gələn Tərəfin Gömrük İdarəsinin
sorğusu əsasında, digər Razılığa gələn
Tərəfin Gömrük İdarəsi öz səlahiyyət
və imkanları çərçivəsində aşağıdakılar
üzərində müəyyən müddət ərzində
xüsusi müşahidə təşkil edir:
(a)
sorğu edən Razılığa gələn Tərəfin ərazisində
Gömrük hüquqpozmalarında peşəkar və ya adətkar
surətdə iştirak etməsi əsaslı olaraq şübhəli
hesab edilən xüsusi şəxslərin hərəkəti,
xüsusilə də onun öz ərazisinə daxil olması və
onu tərk etməsi;
(b)
sorğu edən Razılığa gələn Tərəfin
Gömrük İdarəsinin məlumatına görə həmin
Razılığa gələn Tərəfin ərazisinə və
ya onun ərazisindən mühüm qeyri-qanuni dövriyyəsinə
səbəb ola bilən xüsusi malların keçirilməsi;
(s)
sorğu edən Razılığa gələn Tərəfin ərazisinə
qeyri-qanuni idxal üçün istifadə olunmasını
ehtimal etməyə əsas verən malların saxlanılması
üçün xüsusi yerlər;
(d)
sorğu edən Razılığa gələn Tərəfin ərazisində
Gömrük hüquqpozmasının törədilməsində
istifadə olunmasına ehtimal etməyə əsaslı olan xüsusi
daşıma vasitələri, gəmilər, təyyarələr
və ya digər nəqliyyat vasitələri, və sonra sorğu
edən Razılığa gələn Tərəfin Gömrük
İdarəsinə hesabat verir.
Əlavə V
Sorğu əsasında
digər Razılığa gələn Tərəfin adından
arayış və bildirişlər
1.
Bir Razılığa gələn Tərəfin Gömrük İdarəsinin
sorğusu əsasında, digər Razılığa gələn
tərəfin Gömrük İdarəsi öz ərazisində
qüvvədə olan qanunvericiliyə uyğun olaraq, sorğu
edən Razılığa gələn Tərəfin ərazisində
təhqiq olunan hər hansı bir Gömrük hüquqpozması
ilə bağlı sübutları əldə etmək üçün
arayışlar aparır və bu hüquqpozma ilə əlaqəli
olan hər hansı axtarışda olan şəxslərdən
yaxud şahidlərdən və ya ekspertlərdən izahat alır
və arayışın yekunlarını, həmçinin bütün
sənəd və digər sübutları sorğu edən Razılığa
gələn Tərəfin Gömrük İdarəsinə çatdırır.
2.
Bir Razılığa gələn Tərəfin Gömrük İdarəsinin
yazılı sorğusu əsasında, digər Razılığa
gələn tərəfin Gömrük İdarəsi, öz ərazisində
qüvvədə olan qanunvericiliyə uyğun olaraq, bu
Konvensiyanın əhatə dairəsinə düşən hər
hansı məsələyə dair, sorğu edən Razılığa
gələn Tərəfin qəbul etdiyi hər hansı tədbir
və qərarlarla öz ərazisində yaşayan əlaqəli
şəxslərinə özü, yaxud səlahiyyətli
orqanlar vasitəsilə bildiriş verir.
Əlavə VI
Gömrük vəzifəli
şəxslərinin xaricdəki məhkəmə və ya
tribunalların qarşısında çıxışı
Yalnız
yazılı şəkildə verilmiş hər hansı bir şahidlik
ifadəsi kifayət etmədikdə, bir Razılığa gələn
Tərəfin Gömrük İdarəsinin sorğusu əsasında,
digər Razılığa gələn Tərəfin Gömrük
İdarəsi öz imkanları çərçivəsində
öz vəzifəli şəxslərinə sorğu edən
Razılığa gələn Tərəfin ərazisində
Gömrük hüquqpozması ilə əlaqədar keçirilən
məhkəmə və ya tribunalda şahid və ya ekspert
qismində çıxış etmək səlahiyyətini
verir. Çıxış etmək üçün sorğuda,
xüsusi olaraq, vəzifəli şəxsin iştirak edəcək
işi və onun səlahiyyəti göstərilməlidir. Sorğunu
qəbul edən Razılığa gələn Tərəfin
gömrük idarəsi məhkəmədə çıxış
edən vəzifəli şəxslərə səlahiyyət
verdiyi zaman, həmin vəzifəli şəxslərin şahidlik
ifadələrini verməsində bütün məhdudiyyətləri
bəyan edir.
Əlavə VII
Razılığa gələn
Tərəflərdən birinin gömrük vəzifəli şəxslərin
digər Razılığa gələn Tərəfin ərazisində
iştirakı
1. Xüsusi
Gömrük hüquqpozması üzərində təhqiqat
aparan bir Razılığa gələn Tərəfin Gömrük
İdarəsinin sorğusu əsasında, digər Razılığa
gələn Tərəfin Gömrük İdarəsi, müvafiq
hesab olunduqda, sorğu edən Razılığa gələn Tərəfin
xüsusi təyin olunmuş vəzifəli şəxslərinə
öz idarəsində olan müvafiq kitablar, jurnallar və digər
sənədlər və ya informasiya vasitələrində məlumat
axtarmaq, həmin sənədlərin surətini çıxarmaq
və ya hüquqpozması ilə bağlı hər hansı
məlumatı və ya təsnifatları əldə etmək
səlahiyyəti verir.
2.
Yuxarıda göstərilən 1-ci bəndin müddəalarının
icrasında sorğu edən Razılığa gələn Tərəfin
vəzifəli şəxslərinə onların təhqiqatlarının
aparılmasını asanlaşdırmaq üçün bütün
mümkün yardım və əməkdaşlıq təmin
edilməlidir.
3.
Bir Razılığa gələn Tərəfin Gömrük İdarəsinin
yazılı sorğusu əsasında, digər Razılığa
gələn Tərəfin Gömrük İdarəsi, müvafiq
hesab olunduqda, sorğu edən idarənin vəzifəli şəxslərinə
sorğu edən Razılığa gələn Tərəfə
aid olan Gömrük hüquqpozmaların təhqiqatı və
ya rəsmi hesabatı ilə əlaqədar sorğu alan Razılığa
gələn Tərəfin ərazisində iştirak etmək
səlahiyyətini verir.
Əlavə VIII
Xaricdə aparılan təhqiqatlarda
iştirak
Hər
iki Razılığa gələn Tərəf üçün
münasib hesab olunduqda, bir Razılığa gələn Tərəfin
Gömrük İdarəsinin vəzifəli şəxsləri,
digər Razılığa gələn Tərəfin sorğusu
əsasında həmin Razılığa gələn Tərəfin
ərazisində aparılan təhqiqatlarda iştirak edir.
Əlavə IX
Məlumatın toplanması
1.
Razılığa gələn Tərəflərin Gömrük
İdarələri aşağıda bundan sonra müəyyən
edilən beynəlxalq əhəmiyyətli məlumatı Şuranın
Baş Katibinə verir.
2. Şuranın
Baş Katibi Razılığa gələn Tərəflərin
ona verilən məlumatların mərkəzi sorğu kartotekasını
yaradır və onu daim yeniləyir v əhəmin məlumatı
gömrük saxtakarlığı ilə bağlı yeni və
təkrarolunan istiqamətlərə aid qısa icmallar və tədqiqatların
hazırlanmasında istifadə edir. O faydasını itirmiş
və ya köhnəlmiş məlumatı ləğv etmək məqsədilə
kartotekanı müntəzəm olaraq nəzərdən keçirir.
3.
Razılığa gələn Tərəflərin Gömrük
İdarələri Şuranın Baş Katibinin sorğusu əsasında
və həmçinin Konvensiyanın və bu Əlavənin
digər müddəalarına uyğun olaraq, bu Əlavənin
2-ci bəndində adı çəkilən qısa icmalların
və tədqiqatların hazırlanmasında zəruri olan əlavə
məlumatlarla Baş Katibi təmin edir.
4. Şuranın
Baş Katibi Razılığa gələn Tərəflərin
Gömrük İdarələri tərəfindən təyin
olunmuş xidmətlərə və ya vəzifəli şəxslərinə
mərkəzi kartotekada olan xüsusi məlumatları, həmin
məlumatları faydalı hesab etdiyi təqdirdə və bu Əlavənin
2-ci bəndində adı çəkilən qısa icmalları
və tədqiqatları yayır.
5. Şuranın
Baş Katibi sorğu əsasında Razılığa gələn
Tərəfləri bu Əlavənin müddəalarına uyğun
digər mövcud olan məlumatla təmin edir.
6. Şuranın
Baş Katibi məlumatı təqdim edən Razılığa
gələn Tərəfi öz dövri sənədinə
daxil etdiyi hər hansı məhdudiyyəti qəbul edir.
7. Məlumatı
vermiş Razılığa gələn Tərəf məlumatın
mərkəzi sorğu kartotekasından və həmin məlumatı
alan Razılığa gələn Tərəflərin təsis
edildiyi jurnallardan ardıcıl olaraq ləğv edilməsini və onun gələcək
istifadəsinə yol verməməsini tələb etmək hüququna
malikdirlər.
Hissə I. Şəxslər
Bölmə I. Qaçaqmalçılıq
8.
Bu bölməyə aid olan bildirişlər aşağıdakılara
dair məlumatı təqdim edir:
(a)
Qaçaqmalçılıqda məhkum olunan şəxslər;
və
(b)
müvafiq hallarda, hətta məhkəmə işləri başa
çatmadıqda, bildiriş verən Razılığa gələn
Tərəfin ərazisində qaçaqmalçılıqda şübhəli
olan və ya qaçaqmalçılığın keçirilməsi
zamanı tutulan şəxslər, bu o deməkdir ki, öz
milli qanunvericiliyi üzrə belə bildirişləri verməyən
qadağan olunduğuna görə Razılığa gələn
Tərəflər əlaqəli şəxslərin adını
və ya əlamətlərini verməkdən imtina etdikdə,
onlar buna baxmayaraq, bu bölmədə sadalanan mümkün qədər
çox bəndlər üzrə bildiriş verir.
Xüsusən,
çatdırılacaq məlumat həbs etməklə və
ya 2,000 ABŞ dolları təşkil edən ekvivalent məbləğdən artıq cərimələrlə
nəticələnən və ya səbəb ola bilən hüquqpozmalarla
məhdudlaşdırılır.
9.
Veriləcək məlumat mümkün qədər aşağıdakıları
əhatə edir.
(A) Fiziki Şəxslər
(a)
Soyadı
(b)
Adı
(c)
Qızlıq soyadı (tətbiq edilirsə)
(d)
Təxəllüsü və ya ləqəbi
(e)
Peşəsi
(f) Ünvan
(hazırki)
(g)
Doğulduğu yer və tarix
(h)
Vətəndaşlığı/milliyyəti
(i)
Yaşadığı ölkə və son 12 ayda səfər
etdiyi ölkələr
(j) Şəxsiyyəti
təsdiq edən sənədin növü və nömrəsi,
ölkə və verildiyi tarix daxil olmaqla v(k)
Fiziki əlamətləri: (1)
Cins (2)
Boy (3) Çəki (4)
Bədən quruluşu (5)
Saç (6)
Gözlər (7) Üzün
rəngi (8)
Fərqli əlamətləri və xüsusiyyətləri
(l)
Hüquqpozmanın qısa əlamətləri (hüquqpozmaya
aid olan malların növü, miqdarı və mənşə
ölkəsi, istehsalçı, yükgöndərən və
daşıyıcı daxil olmaqla) və onun aşkar olunmasına
səbəb olan şərait
(m)
Cəzanın və/və ya çıxarılan hökmün
ölçüsü və mahiyyəti
(n)
Digər qeydlər, danışılan dil və (mövcud
olduqda) qeydə alınmış hər hansı öncəki
ittihamlar daxil olmaqla
(o)
Məlumatı təqdim edən Razılığa gələn
Tərəf (arayış nömrəsi daxil olmaqla)
(B) Hüquqi şəxslər
(şirkətlər)
(a)
Adı
(b) Ünvan
(c) Əleyhinə
hüquqi akt tətbiq edilən firmanın əsas vəzifəli
şəxslərin və ya işçilərinin adı və
müvafiq hesab olduqda (A) Hissəsində, (a)-(1) bəndlərində
göstərilən şəxsiyyəti təsdiq edən məlumat
(d)
Aid olan beynəlmiləl şirkət
(e)
Aparılan biznesin xarakteri
(f)
Hüquqpozmanın növü
(g)
Hüquqpozmanın xüsusiyyətləri (istehsalçı,
yükgöndərən və daşıyıcı daxil
olmaqla) və onun aşkar olunmasına səbəb olan şərait
(h)
Cəzanın ölçüsü
(i)
Digər qeydlər, (mövcud olduqda) qeydə alınmış
öncəki ittihamlar daxil olmaqla
(j)
Məlumatı təqdim edən Razılığa gələn
Tərəf (arayış nömrəsi daxil olmaqla).
10. Ümumi
qayda kimi Şuranın Baş Katibi fiziki şəxslərə
aid olan məlumatı ən azı onların vətəndaşlıq/milliyyət
və yaşadığı ölkələrə və son
12 ayda şəxsin səfər etdiyi ölkələrə
yayır.
Bölmə II. Qaçaqmalçılıqdan
fərqli digər gömrük saxtakarlıqları
11.
Bu bölməyə aid olan bildirişlər aşağıdakılara
dair məlumatı təqdim edir:
(a)
qaçaqmalçılıqdan fərqli digər gömrük
saxtakarlığında məhkum olunan şəxslər;
(b)
müvafiq hallarda, hətta məhkəmə işləri başa
çatmadıqda, belə saxtakarlıqda şübhəli
olan şəxslər, bu o deməkdir ki, öz milli
qanunvericiliyi üzrə belə bildirişləri verməyin
qadağan olunduğuna görə Razılığa gələn
Tərəflər əlaqəli şəxslərin adını
və ya əlamətlərini verməkdən imtina etdikdə,
onlar buna baxmayaraq, bu bölmədə sadalanan mümkün qədər
çox bəndlər üzrə bildiriş verir.
Xüsusən,
çatdırılacaq məlumat həbs etməklə və
ya 2,000 ABŞ dolları təşkil edən ekvivalent məbləğdən artıq cərimələrlə
nəticələnən və ya səbəb ola bilən hüquqpozmalarla
məhdudlaşdırılır.
12.
Veriləcək məlumat mümkün olduğu qədər aşağıdakıları
əhatə edir:
(a)
Adı (və ya şirkətin adı) və ünvan
(b) Əleyhinə
hüquqi akt tətbiq edilən şirkətin əsas vəzifəli
şəxslərinin adları və şəxsiyyəti təsdiq
edən məlumat
(c)
Malların növü
(d)
Mənşə ölkəsi
(e)
Aid olan beynəlmiləl şirkət
(f)
Satıcının adı və ünvanı
(g)
Yükgöndərənin adı və ünvanı
(h)
Cəlb edilən digər tərəflərin adları və ünvanları
(alış və satış agentləri, digər vasitəçi
şəxs və s.)
(i)
Malların ixrac olunduğu liman(lar) və yer(lər)
(j)
Hüquqpozmanın qısa təfsilatı və onun aşkar
olunmasına səbəb olan şərait
(k)
Cəzanın ölçüsü və gəlir itkisi (əgər
varsa)
(l)
Digər qeydlər, (mövcud olduqda) öncə qeydə alınmış
məhkumlar daxil olmaqla
(m)
Məlumatı təqdim edən Razılığa gələn
Tərəf (arayış nömrəsi daxil olmaqla)
Hissə II. Qaçaqmalçılıq və
digər saxtakarlıqların metodları, o cümlədən
aldatma, saxtalaşdırma və dəyişdirmə ilə
saxtakarlıq
13.
Bu hissəyə aid olan bildirişlər mühüm beynəlxalq
maraq kəsb edən hallarda qaçaqmalçılıq və
digər saxtakarlıq metodları, gizlətmə, aldatma,
saxtalaşdırma və ya dəyişdirmə ilə saxtakarlıq
metodları barədə məlumatı təmin edir. Razılığa
gələn Tərəflər qaçaqmalçılığın
və digər saxtakarlığın məlum olan metodun hər
bir istifadəsi barədə və həmçinin yeni,
qeyri-adi və mümkün metodu barədə xəbər verir
və beləliklə bu sahədə qaçaqmalçılığın
hazırki istiqamətləri aşkar olunur.
14.
Veriləcək məlumat mümkün qədər aşağıdakılar
əhatə edir:
(a)
qaçaqmalçılıq və digər saxtakarlıqların,
aldatma, saxtalaşdırma və dəyişdirmə ilə
saxtakarlıq metodlarının təsviri. Əgər mövcuddursa,
istifadə olunan bütün nəqliyyat vasitələrinin təsviri
(növü, modeli, qeydiyyat nömrəsi və s.). Tətbiq
olunduqda, beynəlxalq Konvensiya ilə təsdiq olunmuş qurğulu
konteynerlərin və ya nəqliyyat vasitələrinin
sertifikatı və ya qeydiyyat lövhəsi barədə məlumat
və həmçinin plombların, bağlayıcı qurğuların,
plomblama vasitələrinin və ya konteynerlərin və ya nəqliyyat
vasitələrinin digər hissələrinin pozulması barədə
məlumat
(b)
tətbiq olunduqda, gizlətmə yerinin təsviri, mümkün
olduqda fotoşəkil və ya eskizi daxil olmaqla
(s)
aid olan malların təsviri
(d)
aldatma, saxtalaşdırma və dəyişdirmənin mahiyyəti
və təsviri; aldatma, saxtalaşdırma və dəyişdirmə
ilə tərtib olunmuş sənədlərin, gömrük
plomblarının, qeydiyyat lövhələrinin və s.
istifadəsi
(e)
digər qeydlər, aşkar olunmaya səbəb olan şəraitlər
daxil olmaqla
(f)
məlumatı təqdim edən Razılığa gələn
Tərəf (arayış nömrəsi daxil olmaqla)
Hissə III. Qaçaqmalçılığa
cəlb edilmiş gəmilər
15.
Bu hissəyə aid olan bildirişlər qaçaqmalçılığa
cəlb edilmiş bütün növ gəmilər barədə
məlumatı təmin edir, lakin əsasən, beynəlxalq əhəmiyyətli
hallarla məhdudlaşdırılır.
16.
Mövcud olduqda və milli qanunvericiliyə müvafiq verilə
biləcək məlumat aşağıdakıları əhatə
edir:
(a)
Gəminin adı və qısa təsviri (paroxod, teploxod;
tonnaj, xarici görünüş və s.)
(b)
Sahibin/icarəçinin adı və ünvanı
(s)
Bayraq
(d)
Qeydiyyat limanı və əgər fərqlidirsə, mənzil
limanı
(e)
Sahibinin adı və vətəndaşlığı / milliyyəti
(və mümkündürsə, əsas vəzifəli şəxslər)
(f)
Hüquqpozmanın mahiyyəti, müsadirə olunmuş malların
təsviri daxil olmaqla
(g)
Tətbiq olunduqda, gizlətmə yerinin təsviri (mümkün
olduqda fotoşəkil və ya eskiz) və aşkar olunmaya səbəb
olmuş şəraitin təsviri
(h)
Müsadirə olunmuş malların mənşə ölkəsi
(i)
Birinci yükləmə limanı
(j)
Son təyinat limanı
(k)
(i) və (j) arasında dayanacaq limanlar
(l)
Digər qeydlər (eyni gəmi, xəttə üzən gəmi,
gəmiçilik idarəsi, gəminin fraxtı və ya gəmini
icarəyə götürənin cəlb edildiyi qaçaqmalçılıq
hallarının sayı və s.)
(m)
Məlumatı təqdim edən Razılığa gələn
Tərəf (arayış nömrəsi daxil olmaqla).
Əlavə X
Narkotik vasitələrin
və psixotrop maddələrin qaçaqmalçılığına
qarşı aparılan fəaliyyətə yardım
1.
Bu Əlavənin müddəaları narkotik vasitələrin
və psixotrop maddələrin sui-istifadəsinə qarşı
tədbir görmək səlahiyyətinə malik olan müxtəlif
orqanların fəaliyyətinin koordinasiyası sahəsində
milli səviyyədə qüvvədə olan tədbirlərin
tətbiq edilməsini məhdudlaşdırmamalıdır.
Onlar həm də Narkotik Vasitələr barədə 1961-ci il
tarixli Vahid Konvensiyasının 1971-ci il tarixli Psixotrop Maddələr
barədə Konvensiyanın müddəalarını bu Əlavəni
qəbul etmiş və həmin Konvensiyalara qoşulmuş Tərəflər
tərəfindən həyata keçirilməsinə maneə
yox, onlara əlavə olmalıdır.
2.
Bu Əlavənin narkotik vasitələrin və psixotrop maddələrin
qaçaqmalçılığına dair müddəaları,
müvafiq hesab olduqda və Gömrük İdarələrinin
səlahiyyəti çərçivəsində bu cür qaçaqmalçılıqla
bağlı aparılan maliyyə əməliyyatlarını
da əhatə edir.
Öz təşəbbüsləri əsasında
Gömrük İdarələrinin məlumat mübadiləsi
3. Razılığa
gələn Tərəflərin Gömrük İdarələri,
öz təşəbbüsləri əsasında və
gecikdirilmədən, birbaşa maraqlı olan digər gömrük
idarəsinə aşağıdakılara dair mövcud olan məlumatı
verir:
(a)
Narkotik vasitələrin və ya psixotrop maddələrin qaçaqmalçılığı
törədən və ya şübhə doğuran, yaxud səbəb
ola bilən əməliyyatlar;
(b)
Yuxarıdakı (a) bəndində göstərilən əməliyyatlarla
məşğul olması məlum olan şəxslər və
ya milli qanunvericiliyə uyğun olaraq həmin şəxslərə
aid məlumatın verilə bilməsini nəzərə alaraq
bu əməliyyatların aparılmasında şübhə
doğuran şəxslər və belə əməliyyatlarda
istifadə olunan və ya istifadə olunması şübhə
doğuran yük maşınları, gəmilər, təyyarələr
və digər nəqliyyat vasitələri barədə məlumat;
(s)
Narkotik vasitələrin və ya psixotrop maddələrin qaçaqmalçılığında
istifadə olunan yeni vasitə və metodlar;
(d)
Qaçaqmalçılığın obyekti olan, narkotik vasitələr
və psixotrop maddələr kimi ilk hazırlanan və ya
istifadə olunan məhsullar.
Müşahidəyə aid sorğu əsasında
yardım
4.
Razılığa gələn Tərəfin Gömrük İdarəsinin
sorğusu əsasında, digər Razılığa gələn
Tərəfin Gömrük İdarəsi öz səlahiyyət
və imkanları çərçivəsində aşağıdakılar
üzərində müəyyən müddət ərzində
xüsusi müşahidə təşkil edir:
(a)
Sorğu edən Razılığa gələn Tərəfin ərazisində
narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılığında
peşəkar və ya adətkar surətdə iştirak etməsi
əsaslı olaraq şübhəli hesab edilən xüsusi şəxslərin
hərəkəti, xüsusilə də onun öz ərazisinə
daxil olması və onu tərk etməsi;
(b)
sorğu edən Razılığa gələn Tərəfin
Gömrük İdarəsinin məlumatına görə həmin
Razılığa gələn Tərəfin ərazisinə və
ya onun ərazisindən mühüm qeyri-qanuni dövriyyəsinə
səbəb ola bilən narkotik vasitələrin və ya
psixotrop maddələrin keçirilməsi;
(c)
sorğu edən Razılığa gələn Tərəfin ərazisinə
qeyri-qanuni idxal üçün istifadə olunmasını
ehtimal etməyə əsas verən narkotik vasitələrin və
psixotrop maddələrin ehtiyatlarının saxlanılması üçün
xüsusi yerlər;
(d)
sorğu edən Razılığa gələn Tərəfin ərazisində
narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılığının
törədilməsində istifadə olunmasına ehtimal etməyə
əsaslı olan xüsusi daşıma vasitələri, gəmilər,
təyyarələr və ya digər nəqliyyat vasitələri,
və sonra sorğu edən Razılığa gələn Tərəfin
Gömrük İdarəsinə hesabat verir.
Sorğu əsasında, digər Razılığa
gələn Tərəfin adından arayışlar
5.
Bir Razılığa gələn Tərəfin Gömrük İdarəsinin
sorğusu əsasında, digər Razılığa gələn
Tərəfin Gömrük İdarəsi öz ərazisində
qüvvədə olan qanunvericiliyə uyğun olaraq, sorğu
edən Razılığa gələn Tərəfin ərazisində
təhqiq olunan narkotik vasitələr və psixotrop maddələrin
qaçaqmalçılığı ilə bağlı sübutları
əldə etmək üçün arayışlar aparır
və bu qaçaqmalçılıqla bağlı olan hər
hansı axtarışda olan şəxslərdən, yaxud şahidlərdən
və ya ekspertlərdən izahat alır və arayışın
yekunlarını, həmçinin bütün sənəd və
digər sübutları sorğu edən Razılığa gələn
Tərəfin Gömrük İdarəsinə çatdırır.
Bir Razılığa gələn Tərəfin
gömrük vəzifəli şəxslərinin, digər Razılığa
gələn Tərəfin ərazisində fəaliyyəti
6.
Yalnız yazılı şəkildə verilmiş hər hansı
bir şahidlik ifadəsi kifayət etmədikdə, bir Razılığa
gələn Tərəfin Gömrük İdarəsinin sorğusu
əsasında, digər Razılığa gələn Tərəfin
Gömrük İdarəsi öz imkanları çərçivəsində
öz vəzifəli şəxslərinə sorğu edən
Razılığa gələn Tərəfin ərazisində
narkotik vasitələrin və ya psixotrop maddələrin qaçaqmalçılığı
ilə əlaqədar keçirilən məhkəmə və
ya tribunalda şahid və ya ekspert qismində çıxış
etmək üçün sorğu xüsusi olaraq, vəzifəli
şəxsin iştirak edəcək işi və onun səlahiyyəti
göstərilməlidir. Sorğunu qəbul edən Razılığa
gələn Tərəfin Gömrük İdarəsi məhkəmədə
çıxış edən vəzifəli şəxslərə
səlahiyyət verdiyi zaman həmin vəzifəli şəxslərin
şahidlik ifadələrini verməsində bütün məhdudiyyətləri
bəyan edir.
7.
Bir Razılığa gələn Tərəfin Gömrük İdarəsinin
yazılı sorğusu əsasında digər Razılığa
gələn Tərəfin Gömrük İdarəsi, müvafiq
hesab olunduqda və öz səlahiyyət və imkanları çərçivəsində,
sorğu edən idarənin vəzifəli şəxslərinə
sorğu edən Razılığa gələn Tərəfə
aid olan narkotik vasitələrin və ya psixotrop maddələrin
qaçaqmalçılığının təhqiqatı və
ya rəsmi hesabatı ilə əlaqədar sorğu alan Razılığa
gələn Tərəfin ərazisində iştirak etmək
səlahiyyətini verir.
8. Hər
iki Razılığa gələn Tərəf üçün
münasib hesab olunduqda və onların ərazilərində qüvvədə
olan qanunvericiliyə uyğun olaraq, Razılığa gələn
Tərəfin Gömrük İdarəsinin vəzifəli şəxsləri,
digər Razılığa gələn Tərəfin sorğusu
əsasında həmin Razılığa gələn Tərəfin
ərazisində aparılan təhqiqatlarda iştirak edir.
Məlumatın toplanması
9.
Razılığa gələn Tərəflərin Gömrük
İdarələri beynəlxalq əhəmiyyətli olan aşağıdakı
məlumatı Şuranın Baş Katibinə verirlər.
10. Şuranın
Baş Katibi Razılığa gələn Tərəflərin
ona verilən məlumatların mərkəzi sorğu kartotekasını
yaradır və onu daim yeniləyir və həmin məlumatı
narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılığı
ilə bağlı yeni və təkrarolunan istiqamətlərə
aid qısa icmallar və tədqiqatların hazırlanmasında
istifadə edir. O, faydasını itirmiş və ya köhnəlmiş
məlumatı ləğv etmək məqsədilə kartotekanı müntəzəm
olaraq nəzərdən keçirir.
11.
Razılığa gələn Tərəflərin Gömrük
İdarələri Şuranın Baş Katibinin sorğusu əsasında
və həmçinin Konvensiyanın və bu Əlavənin
digər müddəalarına uyğun olaraq, bu Əlavənin
10-cu bəndində adı çəkilən qısa icmalların
və tədqiqatların hazırlanmasında zəruri olan əlavə
məlumatlarla Baş Katibi təmin edir.
12. Şuranın
Baş Katibi Razılığa gələn Tərəflərin
Gömrük İdarələri tərəfindən təyin
olunmuş xidmətlərə və ya vəzifəli şəxslərinə
mərkəzi kartotekada olan xüsusi məlumatları, həmin
məlumatları faydalı hesab etdiyi təqdirdə və bu Əlavənin
10-cu bəndində adı çəkilən qısa icmalları
və tədqiqatları yayır.
13. Şuranın
Baş Katibi, məlumatı çatdıran Razılığa
gələn Tərəfin etiraz etmədiyi təqdirdə, mərkəzi
kartotekada olan narkotik vasitələrin və psixotrop maddələrin
qaçaqmalçılığına dair məlumatı, həmin
məlumatları faydalı hesab etdiyi halda və bu Əlavənin
10-cu bəndində göstərilən məsələ üzrə
hazırlana bilən qısa icmalları və tədqiqatları
Şuranın digər üzvləri tərəfindən təyin
olunmuş xidmətlərə və ya vəzifəli şəxslərə,
BMT-nin səlahiyyətli orqanlarına, Beynəlxalq Kriminal Polis
Təşkilatına İnterpol və bu məsələdə
razılaşmalar əldə edilmiş digər beynəlxalq təşkilatlara
yayır.
14. Şuranın
Baş Katibi sorğu əsasında bu Əlavədə göstərilən
məlumatın toplanmasına uyğun olaraq, bu Əlavəni qəbul
edən Razılığa gələn Tərəfləri digər
mövcud olan məlumatla təmin edir.
Mərkəzi kartoteka, Hissə I: Şəxslər
15.
Mərkəzi kartotekanın bu hissəsinə aid olan bildirişlər
aşağıdakılar barədə məlumatı təmin
edir:
(a)
qaçaqmalçılıqda məhkum olunan şəxslər;
və
(b)
müvafiq olduqda, hətta məhkəmə işləri başa
çatmadıqda, bildiriş verən Razılığa gələn
Tərəfin ərazisində qaçaqmalçılıqda şübhəli
olan və ya qaçaqmalçılığın keçirilməsi
zamanı tutulan şəxslər, bu o deməkdir ki, öz
milli qanunvericiliyi üzrə belə bildirişləri verməyin
qadağan olunduğuna görə Razılığa gələn
Tərəflər əlaqəli şəxslərin adını
və ya əlamətlərini verməkdən imtina etdikdə,
onlar buna baxmayaraq, mərkəzi kartotekanın bu hissəsində
sadalanan mümkün qədər çox bəndlər üzrə
bildiriş verir.
16.
Veriləcək məlumat mümkün qədər aşağıdakıları
əhatə edir:
(a)
Soyadı
(b)
Adı
(c)
Qızlıq soyadı (tətbiq edilirsə)
(d)
Təxəllüsü və ya ləqəbi
(e)
Peşəsi
(f) Ünvan
(hazırki)
(g)
Doğulduğu yer və tarix
(h)
Vətəndaşlığı / milliyyəti
(i)
Yaşadığı ölkə və son 12 ayda səfər
etdiyi ölkələr
(j) Şəxsiyyəti
təsdiq edən sənədin növü və nömrəsi,
ölkə və verildiyi tarix daxil olmaqla
(k)
Fiziki əlamətləri:
(1)
Cins
(2)
Boy
(3) Çəki
(4)
Bədən quruluşu
(5)
Saç
(6)
Gözlər
(7) Üzün
rəngi
(8)
Fərqli əlamətləri və xüsusiyyətləri
(l)
Hüquqpozmanın qısa əlamətləri (hüquqpozmaya
aid olan malların növü, miqdarı və mənşə
ölkəsi, istehsalçı, yükgöndərən və
daşıyıcı daxil olmaqla) və onun aşkar olunmasına
səbəb olan şərait
(m)
Cəzanın və / və ya çıxarılan hökmün
ölçüsü və mahiyyəti
(n)
Digər qeydlər, danışılan dil və (mövcud
olduqda) qeydə alınmış hər hansı öncəki
ittihamlar daxil olmaqla
(o)
məlumatı təqdim edən Razılığa gələn
Tərəf (arayış nömrəsi daxil olmaqla)
17. Ümumi
qayda kimi, Şuranın Baş Katibi mərkəzi kartotekanın
I Hissəsinə aid olan məlumatı ən azı vətəndaşlıq/milliyyət
və yaşadığı ölkələrə və son
12 ayda əlaqəli şəxsin səfər etdiyi ölkələrə
yayır.
Mərkəzi kartoteka, Hissə II: Metodlar
18.
Mərkəzi kartotekanın bu Hissəsinə aid olan bildirişlər
mühüm beynəlxalq maraq kəsb edən bütün
hallarda narkotik vasitələrin və psixotrop maddələrin
qaçaqmalçılığının metodları, o cümlədən
gizlətmə metodlarına dair məlumatları təmin edir.
Razılığa gələn Tərəflər qaçaqmalçılığın
məlum olan metodların hər bir istifadəsi barədə və
həmçinin yeni, qeyri-adi və ya mümkün metodu barədə
xəbər verir və bununla bu sahədə mövcud istiqamətləri
təyin edə bilər.
19.
Veriləcək məlumat mümkün olduğu qədər aşağıdakıları
əhatə edir:
(a)
Qaçaqmalçılıq metodlarının təsviri. Əgər
mümkündürsə, istifadə olunan bütün nəqliyyat
vasitələrinin təsviri (növü, modeli, qeydiyyat nömrəsi
və s.). Tətbiq olunduqda, beynəlxalq Konvensiya ilə təsdiq
olunmuş qurğulu konteynerlərin və ya nəqliyyat vasitələrinin
sertifikatı və ya qeydiyyat lövhəsi barədə məlumat
və həmçinin plombların, bağlayıcı qurğuların,
plomblama vasitələrinin və ya konteynerlərin və ya nəqliyyat
vasitələrinin digər hissələrinin pozulması barədə
məlumat
(b)
Tətbiq olunduqda, gizlətmə yerinin təsviri, mümkün
olduqda fotoşəkli və ya eskizi daxil olmaqla
(s)
Aid olan malların təsviri
(d)
Digər qeydlər, aşkar olunmaya səbəb olan şəraitlər
daxil olmaqla
(e)
Məlumatı təqdim edən Razılığa gələn
Tərəf (arayış nömrəsi daxil olmaqla)
Mərkəzi sorğu kartotekası, Hissə
III: Qaçaqmalçılıqda cəlb olunmuş gəmilər
20.
Mərkəzi kartotekanın bu Hissəsinə aid olan bildirişlər
narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılığına
cəlb edilmiş bütün növ gəmilər barədə
məlumatı təmin edir, lakin əsasən, beynəlxalq əhəmiyyətli
olan hallarda məhdudlaşdırılır.
21.
Mövcud olduqda və milli qanunvericiliyə müvafiq verilə
biləcək məlumat aşağıdakıları əhatə
edir:
(a)
Gəminin adı və qısa təsviri (paroxod, teploxod;
tonnaj, xarici görünüş və s.)
(b)
Sahibin / icarəçinin adı və ünvanı
(c)
Bayraq
(d)
Qeydiyyat limanı və əgər fərqlidirsə, mənzil
limanı
(e)
Sahibinin adı və vətəndaşlığı / milliyyəti
(və mümkündürsə, əsas vəzifəli şəxsləri)
(f)
Hüquqpozmanın mahiyyəti, müsadirə olunmuş malların
təsviri daxil olmaqla
(g)
Tətbiq olunduqda, gizlətmə yerinin təsviri (mümkün
olduqda, fotoşəkil və ya eskiz) və aşkar olunmaya səbəb
olmuş şəraitin təsviri
(h)
Müsadirə olunmuş malların mənşə ölkəsi
(i)
Birinci yükləmə limanı
(j)
Son təyinat limanı
(k)
(i) və (j) arasında dayanacaq limanlar
(l)
Digər qeydlər (eyni gəmi, xəttə üzən gəmi,
gəminin fraxta götürən və ya gəmini icarəyə
götürənin cəlb edildiyi qaçaqmalçılıq
hallarının sayı və s.)
(m) Məlumatı təqdim
edən Razılığa gələn Tərəf (arayış
nömrəsi daxil olmaqla).
Azərbaycan
Respublikası bu Konvensiyaya Azərbaycan Respublikasının 19
fevral 2002-ci il tarixli, 267-IIQ nömrəli Qanuna əsasən qoşulmuşdur
(«VneshExpertService»).
©
VneshExpertService
|
|
|
|
|
|
|