Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi
             Az | Ru | En |
          
 
 
   
Sərhəddə yüklərə nəzarətin həyata keçirilməsi şərtlərinin
razılaşdırılması haqqında
Beynəlxalq Konvensiya


Preambula

Razılaşmış tərəflər,
beynəlxalq yük daşımalarını yaxşılaşdırmaq məqsədilə
yüklərin sərhəddən keçirilməsinə yardım etməyədiqqət yetirməyin zəruriliyini nəzərə alaraq,
sərhəddə nəzarət tədbirlərinin müxtəlif nəzarət xidmətləri tərəfindən həyata keçirilməsini qeyd edərək,
bu nəzarət növlərinin, onların məqsədlərinə və lazımi qaydada aparılmasına zərər yetirmədən, səmərəliliyini azaltmadan, həyata keçirmə şərtlərini müəyyən dərəcədə razılaşdırmağın mümkünlüyünü nəzərə alaraq,
sərhəd nəzarətinin həyata keçirilməsi şərtlərinin razılaşdırılmasının bu məqsədlərə nail olmaq üçün ən vacib vasitələrdən biri olduğuna əmin olaraq,
aşağıdakılar haqqında razılığa gəldilər:

Fəsil I. Ümumi müddəalar

Maddə 1. Təyinatlar (Təriflər)

Bu Konvensiyaya uyğun olaraq:

a) «gömrük» dedikdə, gömrük qanunvericiliyinin, idxal və ixrac rüsumlarının, vergilərinin həyata keçirilməsinin təmin olunması, həmçinin yükün digər idxal, tranzit və ixracına aid başqa qanun və qaydalara görə məsuliyyət daşıyan dövlət xidməti nəzərdə tutulur;

b) «gömrük nəzarəti» dedikdə, riayət olunmasına görə gömrüyün məsuliyyət daşıdığı, qanun və qaydaların yerinə yetirilməsini təmin etmək məqsədilə həyata keçirilən tədbirlər nəzərdə tutulur;

v) «tibbi-sanitariya nəzarəti» dedikdə, baytarlıq nəzarəti istisna olmaqla, insanların həyat və sağlamlığının mühafizəsi üçün həyata keçirilən sanitariya nəzarəti nəzərdə tutulur;

q) «baytarlıq nəzarəti» dedikdə, insanların və heyvanların həyatı, sağlamlığını qorumaq məqsədilə heyvanlara və heyvan mənşəli məhsullara münasibətdə həyata keçirilən sanitariya nəzarəti, həmçinin heyvan xəstəlikləri keçiricisi ola bilən əşya və yüklərin yoxlanması nəzərdə tutulur;

ğ) «fitosanitariya nəzarəti» dedikdə, bitki və bitki mənşəli məhsulların ziyanvericilərinin dövlət sərhədindən yayılması və keçirilməsi;

d) «texniki standartlara uyğunluğa nəzarət» dedikdə, müvafiq qanun və qaydalarla müəyyən edilmiş, beynəlxalq və ya milli standartların minimum tələblərinə uyğunluğunu təmin edən nəzarət nəzərdə tutulur;

e) «keyfiyyətə nəzarət» dedikdə, müvafiq qanun və qaydalarla müəyyən edilmiş, yükün minimum beynəlxalq və ya milli keyfiyyət göstəricilərinə uyğunluğunu təmin etmək məqsədilə həyata keçirilən və yuxarıda göstərilənlərdən fərqli digər nəzarət nəzərdə tutulur;

ə) «nəzarət xidməti» dedikdə, yuxarıda müəyyən edilmiş nəzarətin bütün və ya bəzi növlərini, yaxud ixrac, idxal və tranzit yüklərini müntəzəm olaraq yoxlayan, istənilən digər nəzarət növlərini həyata keçirmək vəzifəsi öhdəsinə düşən hər bir xidmət nəzərdə tutulur.

Maddə 2. Konvensiyanın məqsədi

Bu Konvensiya beynəlxalq yük daşımalarını asanlaşdırmaq üçün rəsmiyyətçiliyə riayət olunmasına, həmçinin nəzarət növləri və müddətinə münasibətdə tələbləri, xüsusilə nəzarət proseduru və onların tətbiq olunma üsullarının milli və beynəlxalq əlaqələndirmə yolu ilə azaltmaq məqsədi güdür.

Maddə 3. Tətbiq olunma sahəsi

1. Bu Konvensiya idxal, ixrac və tranzit əməliyyatı zamanı bir və ya daha artıq dəniz, hava və ya quru yol ilə sərhədlərini keçən bütün yüklərə tətbiq olunur.

2. Bu Konvensiya Razılaşmış tərəflərin bütün nəzarət xidmətlərinə tətbiq olunur.

Fəsil II. Prosedurların razılaşdırılması

Maddə 4. Nəzarət növlərinin əlaqələndirilməsi

Razılaşmış tərəflər gömrük xidmətlərinin və digər nəzarət xidmətlərinin imkan daxilində uyğunlaşdırılmış işini təşkil etməyi öhdəsinə götürür.

Maddə 5. Xidmətlərin sərəncamına verilən vəsaitlər

Razılaşmış tərəflər nəzarət xidmətinin lazımi fəaliyyət göstərməsi üçün, onları imkan daxilində və milli qanunvericilik çərçivəsində aşağıdakılarla təmin etməlidir:

a) daşıma tələblərini nəzərə almaqla kifayət qədər ixtisaslaşmış personal;

b) nəzarətdən keçən nəqliyyat, yük növlərini və daşıma tələblərini nəzərə almaqla, yoxlama keçirmək üçün zəruri olan avadanlıqlar və qurğular;

v) vəzifəli şəxslərin beynəlxalq müqavilələr və sazişlərə, həmçinin qüvvədə olan milli göstərişlərə uyğun olaraq fəaliyyət göstərməsi məqsədilə, onlar üçün rəsmi təlimatlar.

Maddə 6. Beynəlxalq əməkdaşlıq

Razılaşmış tərəflər bir-birilə əməkdaşlıq etməyi və bu Konvensiyanın məqsədlərinə çatmaq üçün səlahiyyətli beynəlxalq orqanlarla lazım olan əməkdaşlığı həyata keçirməyi, həmçinin zəruri olduğu hallarda yeni hərtərəfli və ikitərəfli müqavilə və sazişlərin bağlanmasına səy göstərməyi öhdəsinə götürür.

Maddə 7. Qonşu ölkələrlə əməkdaşlıq

Marağı olan Razılaşmış tərəflər ümumi quru yol sərhədini keçən zaman, imkan daxilində, yükləri keçirməyi asanlaşdırmaq üçün aşağıdakı müvafiq tədbirləri həyata keçirir:

a) onlar müştərək istifadə olunan avadanlıqları qurmaq yolu ilə yük və sənədlərə müştərək nəzarət i təşkil etmək üçün var qüvvəsi ilə çalışır;

b) onlar aşağıda göstərilənlərin eyni olmasının təminatı üçün var qüvvəsi ilə çalışır:
  • sərhəd postunun iş saatının;
  • bu postlarda fəaliyyət göstərən nəzarət xidmətinin;
  • bu ölkələrdə qəbul edilə və istifadə oluna bilən yüklərin, nəqliyyat vasitələrinin, beynəlxalq gömrük tranziti sisteminin kateqoriyasının.

Maddə 8. İnformasiya mübadiləsi

Razılaşmış tərəflər, əlavələrdə göstərilmiş şərtlərə uyğun olaraq, müvafiq xahiş olduğu halda, bu Konvensiyanın tətbiqi üçün lazım olan informasiya mübadiləsini həyata keçirir.

Maddə 9. Sənədlər

1. Razılaşmış tərəflər bir-birilə və səlahiyyətli beynəlxalq orqanlarla münasibətdə Beynəlxalq Millətlər Təşkilatının nümunə-formulyarına uyğun olaraq tərtib edilmiş sənədlərin geniş istifadə olunmasına çalışacaq.

2. Razılaşmış tərəflər istənilən müvafiq texniki tərəqqidən istifadə etməklə hazırlanmış sənədləri, formaları, əslinə uyğun və təsdiq olunması cəhətdən rəsmi qaydalara cavab verməsi, həmçinin oxunaqlı və aydın olması şərti ilə qəbul edir.

3. Razılaşmış tərəflər lazım olan sənədlərin müvafiq qanunvericiliklə tam uyğun şəkildə tərtib və təsdiq olunmasını təmin edəcəkdir.

Fəsil III. Tranzitə aid müddəalar

Maddə 10. Tranzit yüklər

1. Razılaşmış tərəflər imkan daxilində tranzit yüklərə, xüsusilə də beynəlxalq gömrük tranziti sisteminə uyğun olaraq daşınan yüklərə münasibətdə, onların yoxlanmasının mövcud vəziyyət və risklərlə təsdiq olunduğu hallarda tətbiqini nəzərdə tutaraq, sadə və tezləşdirilmiş rejimi qəbul etməyə razılıq verir. Bundan başqa, onlar dənizə çıxış yolu olmayan ölkələrin də vəziyyətini nəzər alacaqlar. Onlar hər hansı bir beynəlxalq gömrük tranziti sisteminə uyğun olaraq daşınan yüklərin gömrük rüsumunun ödənilməsi müddəti ərzində vaxtın uzadılmasını və mövcud gömrüklərin bu sahədə səlahiyyətlərinin genişlənməsini nəzərə ala bilər.

2. Onlar, kifayət qədər təhlükəsizliyi təmin edən konteyner və digər qablaşdırma vasitələrində daşınan yüklərin tranzitinin maksimum asanlaşdırılması üçün var qüvvəsi ilə çalışacaq.

Fəsil IV. Digər müddəalar

Maddə 11. İctimai qaydalar

1. Bu Konvensiyanın heç bir müddəası ictimai qaydalar, xüsusilə, ictimai təhlükəsizlik, əxlaq və sağlamlıq nöqteyi-nəzərindən və ya ətraf mühitin, mədəni irsin və ya sənaye, kommersiya, intellektual mülkiyyətin mühafizəsi məqsədilə məhdudiyyətlər və qadağaların tətbiq olunmasına maneə yaratmır.

2. Bununla yanaşı Razılaşmış tərəflər, yuxarıda 1-ci bənddə göstərilən tədbirlərin tətbiqi ilə əlaqədar nəzarətə, belə nəzarət növlərinin səmərəliliyinə zərər vurmamaq mümkün olduğu halda, Konvensiyanın müddəalarını, xüsusilə, 6—9-cu bəndlərin müddəalarını tətbiq etməyə çalışır.

Maddə 12. Fövqəladə tədbirlər

1. Razılaşmış tərəflərin xüsusi şəraitlərə görə məcburən tətbiq edə biləcəyi fövqəladə tədbirlər, bu tətbiqin həyata keçməsi üçün şərait yaradan səbəblərə uyğun olmalı və onların tətbiqi bu səbəblər aradan qaldırıldıqdan sonra dayandırılmalı və ləğv olunmalıdır.

2. Razılaşmış tərəflər, bu tədbirlərin səmərəliliyinə zərər dəyməyən bütün hallarda, həmin tədbirlər haqqında müvafiq müddəalar nəşr edir.

Maddə 13. Əlavələr

1. Bu Konvensiyaya əlavələr, həmin Konvensiyanın ayrılmaz hissəsidir.

2. Nəzarətin digər növlərinə aid yeni əlavələr, aşağıda 22—24-cü maddələrdə müəyyən edilən prosedurlara uyğun olaraq bu konvensiyaya daxil edilə bilər.

Maddə 14. Digər müqavilələrə münasibət

Bu Konvensiya 6-cı maddənin müddəalarına heç bir ziyan vurmadan, özünün Razılaşmış tərəflərinin, bu Konvensiyanın Razılaşmış tərəfi olmamışdan əvvəl imzaladıqları müqavilələrdən irəli gələn hüquq və öhdəliklərinə təsir göstərmir.

Maddə 15

Bu Konvensiya iki və ya daha artıq Razılaşmış tərəfin bir-birinə vermək istədiyi daha geniş imtiyazların tətbiqinə mane olmur və 16-cı maddədə göstərilən, bu Konvensiyadan irəli gələn imtiyazların həcmini heç bir vəchlə azaltmamaq şərtilə, öz qanunvericiliyini daxili sərhədlərində nəzarətə cəlb etmək üçün Razılaşmış tərəflər olan, iqtisadi inteqrasiya sahəsində region təşkilatlarının hüquqlarını tapdalamır.

Maddə 16. İmzalama, ratifikasiya, qəbul etmə, təsdiq və qoşulma

1. Birləşmiş Millətlər Təşkilatının baş katibinə saxlanmaq üçün təhvil verilən bu Konvensiya bütün dövlətlərin və danışıqlar aparan, bu Konvensiyada nəzərdə tutulan məsələlərə aid danışıqlar aparmağa, beynəlxalq sazişlər bağlamağa və tətbiq etməyə səlahiyyəti olan suveren dövlətlərdən ibarət, iqtisadi inteqrasiya sahəsində regional təşkilatların iştirakı üçün açıqdır.

2. 1-ci bənddə göstərilən iqtisadi inteqrasiya sahəsində regional təşkilatların səlahiyyətinə aid məsələlərdə, onlar bu Konvensiyanın Razılaşmış tərəfi olan dövlətlər-üzvlər üçün bu Konvensiya ilə nəzərdə tutulan hüquqları və öhdəlikləri öz adından həyata keçirə bilər. Belə hallarda həmin təşkilatların dövlətləri-üzvləri müstəqil səsvermə hüququna malikdir.

3. Dövlətlər və yuxarıda göstərilən iqtisadi inteqrasiya sahəsində regional təşkilatlar bu Konvensiyanın Razılaşmış tərəfi ola bilər:

a) qoşulma haqqında sənədi təhvil vermək yolu ilə və ya

b) qoşulma haqqında sənədi saxlamaq üçün təhvil vermək yolu ilə.

4. Bu Konvensiya bütün dövlətlər və 1-ci bənddə göstərilən iqtisadi inteqrasiya sahəsində regional təşkilatlar tərəfindən Cenevrədə Birləşmiş Millətlər Təşkilatının Şöbəsində imzalanmaq üçün 1 aprel 1983-cü ildən 31 mart 1984-cü il, bu tarix də daxil olmaqla, tarixinə qədər açıq qalır.

5. Konvensiya 1 aprel 1984-cü il tarixində qoşulmaq üçün açıq qalacaq.

6. Ratifikasiya, qəbul etmə, təsdiq və qoşulma haqqında sənədlər Birləşmiş Millətlər Təşkilatının Baş katibinə saxlanmaq üçün təhvil verilir.

Maddə 17. Qüvvədə olma

1. Bu Konvensiya beş dövlət ratifikasiya, qəbul etmə, təsdiq və qoşulma haqqında sənədlərini saxlamaq üçün təhvil verdiyi gündən üç ay keçdikdən sonra qüvvəyə minir.

2. Beş dövlət ratifikasiya, qəbul etmə, təsdiq və qoşulma haqqında təhvil verdikdən sonra, bu Konvensiyanın Razılaşmış tərəfləri üçün ratifikasiya, qəbul etmə, təsdiq və qoşulma haqqında sənədləri saxlamaq üçün təhvil verdikləri gündən üç ay keçdikdən sonra qüvvəyə minir.

3. Bu Konvensiyaya edilən hər hansı bir düzəliş, qüvvəyə mindikdən sonra saxlanmaq üçün təhvil verilən ratifikasiya, qəbul etmə, təsdiq və qoşulma haqqında istənilən sənəd bu Konvensiyanın dəyişmiş mətni hesab olunur.

4. 22-ci maddədə nəzərdə tutulan prosedura uyğun olaraq, hər hansı bir düzəlişdən sonra, lakin qüvvəyə minməmişdən əvvəl qəbul edilən sənəd, bu Konvensiyanın düzəliş qüvvəyə mindiyi gündən dəyişmiş mətni hesab olunur.

Maddə 18. Ləğv etmə

1. Razılaşmış hər bir tərəf bu Konvensiyanı Birləşmiş Millətlər Təşkilatının Baş katibinə ünvanlanmış nota vasitəsilə ləğv edə bilər.

Maddə 19. Fəaliyyətin dayandırılması

Əgər bu Konvensiya qüvvəyə mindikdən sonra Razılaşmış tərəflər olan dövlətlərin sayı ardıcıl olaraq on iki aydan ibarət bir müddət ərzində beş nəfərdən az olarsa, bu on iki ay keçdikdən sonra həmin Konvensiya öz qüvvəsini itirir.

Maddə 20. Mübahisələrin həlli

1. Razılaşmış iki və ya bir neçə tərəf arasında bu Konvensiyanın şərhi və ya tətbiqinə münasibətdə meydana çıxan istənilən mübahisələr, imkan daxilində mübahisə edən tərəflər arasında danışıqlar yolu ilə həll olunur.

2. Razılaşmış iki və ya bir neçə tərəf arasında bu Konvensiyanın şərhi və ya tətbiqinə münasibətdə meydana çıxan istənilən mübahisələr 1-ci bənddə göstərilən üsullarla həll olunmadıqda, bütün mübahisələr aşağıda tərtib olunmuş şəkildə Razılaşmış tərəflərdən birinin ərizəsi ilə arbitraj məhkəməsinə verilir. Hər bir tərəf bir arbitr və ya bu arbitrlər digər bir arbitr təyin edir, o isə sədr olur. Əgər mübahisə edən tərəflər arbitraj haqqında məlumat verildiyi gündən üç ay keçdikdən sonra arbitr və ya arbitrlər sədr təyin etməzsə, tərəflərdən hər biri, mübahisənin həll olunması tapşırılacaq, arbitr və ya arbitraj məhkəməsinin sədrinin təyin olunması xahişi ilə Birləşmiş Millətlər Təşkilatının Baş katibinə müraciət edə bilər.

3. 2-ci bəndin müddəalarına uyğun olaraq təyin olunmuş arbitraj məhkəməsinin qərarı mübahisə edən tərəflər üçün məcburidir.

4. Arbitraj məhkəməsi öz prosedur qaydalarını müəyyən edir.

5. Arbitraj məhkəməsi mübahisə edən tərəflər arasında qüvvədə olan müqavilələrə və ümumi beynəlxalq hüquqa əsasən öz qərarlarını əksər səs çoxluğu ilə qəbul edir.

6. Razılaşmış iki və ya bir neçə tərəf arasında bu Konvensiyanın şərhi və arbitraj qərarının yerinə yetirilməsinə münasibətdə meydana çıxan mübahisələri tərəflərdən biri, bu qərarı qəbul etmiş arbitraj məhkəməsinə baxılmaq üçün təqdim edə bilər.

7. Hər bir tərəf arbitraj təhqiqatı ilə əlaqədar, təyin etdiyi arbitrin və öz nümayəndələrinin xidmətlərindən istifadə ilə əlaqədar xərcləri ödəyir: sədrin xidmətləri ilə əlaqədar xərcləri və digər xərcləri bərabər şəkildə ödəyir.

Maddə 21. Qeydlər

1. Razılaşmış hər bir tərəf bu Konvensiyanı imzalayarkən və ratifikasiya edərkən və ya ona qoşularkən bu Sazişin 20-ci maddəsinin 2—7-ci bəndləri ilə əlaqəsi olmadığını bildirə bilər. Razılaşmış digər tərəflərin belə qeyd haqqında məlumat vermiş istənilən Razılaşmış tərəflə bu bəndə münasibətdə əlaqəsi olmayacaq.

2. Bu Sazişin 1-ci bəndinə uyğun olaraq qeyd irəli sürən Razılaşmış hər bir tərəf, istənilən vaxt Birləşmiş Millətlər Təşkilatının Baş katibinə ünvanlanmış nota vasitəsilə bu qeydi ləğv edə bilər.

3. Bu maddənin 1-ci bəndində nəzərdə tutulmuş qeyd istisna olmaqla, bu Konvensiyada digər qeydlər həyata keçirmək olmaz.

Maddə 22. Bu konvensiyaya düzəlişlər edilməsi proseduru

1. Bu maddədə müəyyən edilmiş prosedurlara uyğun olaraq Razılaşmış hər bir tərəf bu Konvensiyaya, o cümlədən əlavələrə düzəliş irəli sürə bilər.

2. Bu Konvensiyaya təklif olunan hər bir düzəliş əlavə 7-də göstərilən prosedurlar qaydasına uyğun olaraq, Razılaşmış tərəflərdən ibarət olan İnzibati komitə tərəfindən nəzərdən keçiriləcək. Bu Konvensiyaya təklif olunan hər bir düzəliş Razılaşmış tərəflərdən ibarət olan İnzibati komitənin sessiyası tərəfindən nəzərdən keçirildikdən, hazırlandıqdan və bəyənildikdən sonra, qəbul edilmək üçün Birləşmiş Millətlər Təşkilatının Baş katibinə təqdim edilir.

3. Əgər təklif olunmuş düzəliş haqqında Razılaşmış tərəf olan hər hansı bir ölkə və ya Konvensiyanın Razılaşmış tərəfi olan iqtisadi inteqrasiya sahəsində regional təşkilat tərəfindən Birləşmiş Millətlər Təşkilatının Baş katibinə etiraz irəli sürülməzsə, bütün Razılaşmış tərəflər üçün, təklif olunmuş düzəliş haqqında məlumat verildiyi gündən on iki aylıq müddət başa çatdıqdan sonra üç ayın tamamında, yuxarıdakı bəndə uyğun olaraq göndərilən irəli sürülmüş düzəlişlər qüvvəyə minir.

4. Əgər bu maddənin 3-cü bəndin müddəalarına uyğun olaraq təqdim olunmuş düzəlişə qarşı etiraz irəli sürülərsə, düzəliş qəbul olunmur və onunla əlaqədar heç bir tədbir görülmür.

Maddə 23. Tələb, məlumat və etirazlar

Baş katib tezliklə bu maddənin 22-ci bəndinə uyğun olaraq irəli sürülmüş tələb, məlumat və etirazlar haqqında Razılaşmış tərəfləri və bütün dövlətləri xəbərdar edir.

Maddə 24. Yenidən baxılma haqqında konfrans

Razılaşmış hər bir tərəf bu Konvensiyanın beş illik fəaliyyətindən sonra, bu Konvensiyaya yenidən baxılması məqsədilə nəzərdən keçirilməli təklifləri göstərməklə konfrans çağırılması haqqında xahişi Birləşmiş Millətlər Təşkilatının Baş katibinə nota ilə təqdim edə bilər. Bu halda:

i) Birləşmiş Millətlər Təşkilatının Baş katibi bu xahiş haqqında Razılaşmış tərəflərin hamısına məlumat verir və bu məlumat verildikdən sonra üç ay ərzində Razılaşmış tərəflər ilkin təkliflər haqqında öz qeydlərini irəli sürməlidir;

ii) Birləşmiş Millətlər Təşkilatının Baş katibi Razılaşmış tərəflərin hamısına irəli sürülən hər bir başqa təklifin mətnini göndərir və bu məlumat verildikdən sonra altı ay ərzində Razılaşmış tərəflərin ən azı üçdə biri belə konfransın keçirilməsinə razılığını bildirdikdən sonra, təkliflərə yenidən baxmaq üçün konfrans çağırır;

iii) lakin Birləşmiş Millətlər Təşkilatının Baş katibi yenidən baxılma təklifinə 22-ci maddənin 1-ci bəndinə uyğun olaraq düzəliş irəli sürmə təklifi kimi baxarsa, onda təklifi irəli sürən Razılaşmış tərəflə razılığa əsasən, o, yenidən baxma proseduru əvəzinə, maddə 22-də nəzərdə tutulan düzəliş etmə prosedurunu tətbiq edə bilər.

Maddə 25. Xəbərdarlıq

Birləşmiş Millətlər Təşkilatının Baş katibi 23 və 24-cü maddələrdə nəzərdə tutulmuşlardan başqa, bütün dövlətləri aşağıdakılar haqqında xəbərdar edir:

a) 16-ci maddəyə uyğun olaraq imzalama, ratifikasiya, qəbul etmə, təsdiq və qoşulma haqqında;

b) 17-ci maddəyə uyğun olaraq bu Konvensiyanın qüvvəyə minmə tarixi haqqında;

v) 18-ci maddəyə əsasən ləğv etmə haqqında;

q) 19-cu maddəyə əsasən bu Konvensiyanın fəaliyyətinin dayandırılması haqqında;

ğ) 21-ci maddəyə uyğun olaraq edilmiş qeydlər haqqında.

Maddə 26. Təsdiq olunmuş nüsxələr

31 may 1984-cü il tarixindən sonra bu Konvensiyanın lazımi qaydada təsdiq olunmuş iki nüsxəsini Birləşmiş Millətlər Təşkilatının Baş Katibi bütün Razılaşmış tərəflərə və Razılaşmış tərəf olmayan bütün dövlətlərə göndərəcəkdir.

Cenevrədə 21 oktyabr min doqquz yüz səksən ikinci ildə bir əsl nüsxədə ingilis, ispan, rus, fransız dillərində tərtib olunmuş və bütün nüsxələr eyni hüquqi qüvvəyə malikdir.

Lazımi qaydalara uyğun olaraq, səlahiyyətli nümayəndələr təsdiq etmək məqsədilə, bu Konvensiyanı imzalamışlar.

Azərbaycan Respublikası 11 fevral 2000-ci il tarixli, 810-IQ nömrəli Qanuna əsasən bu Konvensiyaya qoşulmuşdur («VneshExpertService»).

© VneshExpertService
Rəsmi məlumatlar Arxiv    
27.12.2008
Bakıda Mərkəzi gömrük hospitalı istifadəyə verilmişdir
Dekabrın 25-də Bakıda Mərkəzi gömrük hospitalı istifadəyə verilmişdir. Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak etmişdir.

Daha ətraflı
    © 2006 — 2008, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi   Dizayn MEQA şirkəti tərəfindən hazırlanıb