Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi
             Az | Ru | En |
          
 
 
   
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi və Özbəkistan Respublikası Dövlət Gömrük Komitəsi arasında qaçaqmalçılıq və gömrük qaydalarının pozulması ilə mübarizə sahəsində əməkdaşlıq haqqında
Saziş



Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi və Özbəkistan Respublikası Dövlət Gömrük Komitəsi, bundan sonra Razılığa gələn Tərəflər adlandırılan,
Qaçaqmalçılıq və gömrük qaydalarının pozulması ilə mübarizəni gücləndirmək məqsədilə,
Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında gömrük işlərində əməkdaşlıq və qarşılıqlı yardım haqqında 27 may 1996-cı il tarixli Sazişi rəhbər tutaraq,
Aşağıdakılar barədə razılığa gəldilər:

Maddə 1
Bu Sazişdə Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında gömrük işlərində əməkdaşlıq və qarşılıqlı yardım haqqında 27 may 1996-cı il tarixli Sazişin 1-ci maddəsində nəzərdə tutulmuş terminlərdən istifadə olunur.

Maddə 2
Razılığa gələn Tərəflər, Razılığa gələn Tərəf dövlətlərin iqtisadi maraqlarına ziyan vurulmasının qarşısını almaq məqsədilə yük, sərnişin daşımalarında və poçt mübadiləsində gömrük nəzarətinin gücləndirilməsi, həmçinin nəqliyyat vasitələrin, yüklərin, baqajın, poçt göndərişlərinin, valyutanın, digər nəqliyyat vasitələri və valyuta sərvətlərinin qanunsuz idxalı, ixracı və tranzitinin qarşısının alınmasına yönəldilmiş lazımi tədbirləri görəcəklər.

Maddə3
Razılığa gələn Tərəflər onların dövlətlərində qüvvədə olan qanun və qaydalarına əməl etmək şərtilə qaçaqmalçılıq və gömrük qaydalarının pozulmasının aradan qaldırılması, təhqiqatı və qarşısının alınması məqsədilə qarşılıqlı şəkildə fəaliyyət göstərəcəklər.

Maddə 4
Razılığa gələn Tərəflər aşağıdakılar üzrə mübadilə edəcəklər:
a) Qüvvədə olan gömrük qanunvericiliyinə dair məlumatlarla;
b) Qaçaqmalçılıq və gömrük qaydalarının pozulması ilə mübarizənin metodları, həmçinin qaçaqmalçılıq və gömrük qaydalarının pozulmasının aradan qaldırılması, təhqiqatı və qarşısının alınmasına kömək edə bilən hallar barədə məlumatlarla;
v) Texniki nəzarət vasitələrindən və xüsusi təlim keçilmiş itlərdən istifadə təcrübəsi;
q) Qaçaqmalçılıq və gömrük qaydalarının pozulması ilə mübarizə məsələləri üzrə işlər, nəşrlər, elmi işlər, tədris vəsaitlərilə;
d) Qaçaqmalçılığın ehtimal olunan marşrutları barədə məlumatlarla.

Maddə 5
Razılığa gələn Tərəflər öz milli qanunvericiliklərinə uyğun olaraq öz təşəbbüsləri və ya sorğular üzrə bir-birilərinə aşağıdakılar üzrə operativ məlumatları təqdim edirlər:
a) Qaçaqmalçılıqla məşğul olan və yaxud bu işdə şübhəli bilinən şəxslər haqqında;
b) Qaçaqmalçılıq predmetlərini keçirmək üçün istifadə edilən nəqliyyat vasitələri, yüklər və poçt göndərişləri haqqında;
v) Qaçaqmalçılıq predmetlərinin aşkar edilməsi faktları haqqında.

Maddə 6
Razılığa gələn Tərəflərin təqdim etdiyi həm şifahi, sonradan yazılı şəkildə təsdiq olunan, həm də yazılı şəkildə olan informasiya məxfi hesab olunacaq və yalnız bu Sazişin şərtlərinin yerinə yetirilməsi məqsədilə istifadə olunacaqdır.
Razılığa gələn Tərəflər digər Razılığa gələn Tərəfin razılığı olmadan bu Sazişə uyğun olaraq alınmış informasiyaları digər təşkitatlara və kütləvi informasiya vasitələrinə təqdim etməyəcəklər.

Maddə 7
Köməklik göstərilməsi haqqında Sazişin 3-cü və 4-cü maddələrinə uyğun olaraq sorğu ilə müraciət olunarsa, bu sorğu olunan Razılığa gələn Tərəf dövlətin suverenliyinə, təhlükəsizliyinə, apardığı siyasətə ve yaxud başqa maraqlarına ziyan vurarsa, müraciət əsas və motiv göstərilməklə yerinə yetirilməyə bilər.

Maddə 8
Bu Sazişin yerinə yetirilməsi və şərhi ilə bağlı bütün məsələlər Razılığa gələn Tərəflər arasında danışıqlar yolu ilə həll olunur.

Maddə 9
Əgər Razılığa gələn Tərəflərdən biri qaçaqmalçılıq və gömrük qaydalarının pozulması faktı üzrə ekspert və yaxud şahid qismində digər Razılığa gələn Tərəfin gömrük orqanının vəzifəli şəxsinin iştirakında maraqlıdırsa, o digər Razılığa gələn Tərəfə müvafiq sorğu ilə müraciət etmək hüququna malikdir.

Maddə 10
Razılığa gələn Tərəflər qarşılıqlı razılaşmaya əsasən bu Sazişin ayrılmaz hissəsi olan ayrıca protokollarla rəsmiləşdirilən əlavələr və dəyişikliklər daxil edə bilərlər.

Maddə 11
Bu Saziş beş il müddətinə bağlanır və Razılığa gələn Tərəflərin bir-birini zəruri dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə diplomatik kanallarla son yazılı xəbərdarlıq günündən etibarən qüvvəyə minir. Sazişin qüvvəsi növbəti beşillik müddətə avtomatik olaraq uzadılacaq və Razılığa gələn Tərəflərdən biri digər Razılığa gələn Tərəfə özünün onun qüvvəsinə xitam verilməsi niyyəti barədə yazılı bildiriş göndərdiyi tarixdən altı ay keçənədək öz qüvvəsini saxlayacaqdır.
Bakı şəhərində 25 iyul 2000-ci il tarixdə iki orijinal nüsxədə Azərbaycan, özbək və rus dillərində bağlanmışdır, özü də bütün mətnlər eyni qüvvəyə malikdir.
Bu Sazişin müddəalarının şərhində fikir ayrılığı yarandıqda rus dilində mətn tətbiq ediləcəkdir.

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi adından Özbəkistan Respublikası Dövlət Gömrük Komitəsi adından

Azərbaycan Respublikasının Prezidentinin 4 iyul 2001-ci il tarixli 753 nömrəli Sərəncamı ilə təsdiq edilmişdir («VneshExpertService»).


© VneshExpertService
Rəsmi məlumatlar Arxiv    
27.12.2008
Bakıda Mərkəzi gömrük hospitalı istifadəyə verilmişdir
Dekabrın 25-də Bakıda Mərkəzi gömrük hospitalı istifadəyə verilmişdir. Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak etmişdir.

Daha ətraflı
    © 2006 — 2008, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi   Dizayn MEQA şirkəti tərəfindən hazırlanıb