| |
|
|
|

|
Gömrük Orqanlarının elektron xəritəsi
|
|
|
|
| |
|
|
|
Azərbaycan Respublikasında
iqtisadi cinayətkarlığa və sabotaja qarşı mübarizə
tədbirləri haqqında
Azərbaycan Respublikası
Prezidentinin Fərmanı
Respublikanın
iqtisadiyyatında dərin böhran proseslərinin getdiyi və
əhalinin güzəranının gündən-günə
pisləşdiyi bir şəraitdə bir sıra nazirliklərin,
baş idarələrin, müəssisələrin rəhbərləri
və ayrı-ayrı şəxslər bütün mövcud
imkanları yaranmış vəziyyətdən çıxmağa
yönəltmək əvəzinə öz şəxsi mənafelərini
dövlət mənafeyindən üstün tutub iqtisadiyyatı
sarsıdan cinayətlərə və sabotaj hallarına yol
verirlər. Bəzi dövlət müəssisələri və
birgə müəssisələr, kommersiya strukturları tərəfindən
strateji xammalın və maliyyə vəsaitinin nəzarətsiz
olaraq respublikadan kənara aparılması hallarının çoxalması,
xarici iqtisadi əlaqələrdən əldə edilən gəlirin
heç də tam geri qayıtmaması iqtisadiyyata dağıdıcı
təsir göstərir.
Xarici
ölkələrin firmaları və işgüzar dairələri
ilə iqtisadi əlaqələr yaratmış bəzi müəssisələrin
rəhbərləri respublikanın ixrac edilən sərvətləri
müqabilində geniş xalq kütləsinin mənafeyinə
zidd olan bahalı minik avtomobilləri, televideotexnika, zinət əşyaları
və sair alır, barter mübadiləsi zamanı heç də
həmişə ekvivalentliyə əməl etmir, ayrı-ayrı
hallarda isə müqavilələri şəxsi sərfəli
baxımından bağlayırlar. Dövlət müəssisələri
və təşkilatlarının xaricdən aldığı
xalq istehlakı malları, habelə humanitar yardım yolu ilə
gətirilən məhsullar möhtəkirlərin əlinə,
kommersiya mağazalarına gedib çıxır və qat-qat
baha qiymətə satılır.
Kənd
təsərrüfatı işlərinin təşkilində
ciddi nöqsanlar vardır: təsərrüfatlar texnika,
yanacaq, gübrə, toxum, bitki qoruyucu vasitələr və
ehtiyat hissələri ilə vaxtında təchiz olunmur,
texnikanın saz saxlanması və təmiri qeyri-qənaətbəxş
vəziyyətdədir, kolxoz və sovxozların əmlakının
dağılmasına, xüsusilə mal-qaranın sayının
xeyli azalmasına yol verilir, su ehtiyatlarından səmərəsiz
istifadə olunur. Kənd təsərrüfatı işləri
lazımi aqrotexniki müddətlərdə yerinə yetirilmir,
möhkəm yem bazası yaradılmır, zoobaytarlıq
qaydalarına əməl edilmir və nəticədə məhsuldarlıq
getdikcə aşağı düşür.
Bütün
bunlar respublikamızın müstəqil iqtisadi inkişafı
yolunda ciddi maneələr yaradır, istehlak bazarında gərginliyi
daha da artırır, əhalidə haqlı narazılıq doğurur.
Bu vəziyyətə qarşı mübarizə aparmalı
olan müvafiq idarəetmə, hüquq-mühafizə orqanları
və digər təşkilatlar isə onlara verilmiş səlahiyyətlərdən
istifadə etmirlər.
Yuxarıda
göstərilənlərlə əlaqədar olaraq və
iqtisadi cinayətkarlığa və sabotaja qarşı təsirli
tədbirlər görülməsi məqsədilə qərara
alıram:
1.
Azərbaycan Respublikasının nazirliklərinə, baş
idarələrinə, müəssisə və təşkilatlarına
tapşırılsın ki, iqtisadiyyatın bütün sahələrində
istehsal və əmək intizamının möhkəmləndirilməsi,
dövlət sifarişinə və müqavilələr əsasında
mal göndərilməsinə sözsüz əməl edilməsi
üçün təcili surətdə lazımi tədbirlər
görsünlər. Onların rəhbərlərinin nəzərinə
çatdırılsın ki, iqtisadiyyatda dövlət intizamına
əməl olunması üçün şəxsi məsuliyyət
daşıyırlar.
2.
Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın
ki, respublikanın idarə və müəssisələrində
dövlət sifarişlərinin yerinə yetirilməsini və
müqavilə intizamının yüksəldilməsini ciddi nəzarət
altına alsın, idarəetmə sistemini möhkəmləndirmək
üçün operativ tədbirlər hazırlayıb həyata
keçirsin, dövlət intizamına riayət etməyən,
işdə əyintilərə yol verən rəhbər işçilərə
qarşı ciddi tədbir görülsün.
3.
Azərbaycan Respublikası Ticarət Nazirliyinin, Azərbaycan
Respublikası Kənd Təsərrüfatı və Ərzaq
Nazirliyinin, Azərittifaqın, Azərbaycan Respublikası
Material Ehtiyatları Nazirliyinin və ticarət obyektlərinə
malik digər müəssisə və təşkilatların rəhbərlərindən
qəti tələb edilsin ki, respublikada dövlət ticarətində
satılmaq üçün istehsal edilən və kənardan
gətirilən xalq istehlakı mallarının möhtəkirlərin
əlinə, kommersiya və komisyon ticarəti müəssisələrinə
düşməsi hallarının qarşısını alsınlar,
həmin malların istehlakçılara dövlət ticarəti
şəbəkəsi vasitəsilə satılmasını təmin
etsinlər.
4.
Azərbaycan Respublikasının Kənd Təsərrüfatı
və Ərzaq Nazirliyinə, Azərbaycan Respublikasının
Meliorasiya və Su Təsərrüfatı Nazirliyinə, Azərbaycan
Respublikasının Dövlət Yanacaq Komitəsinə, Azərbaycan
Respublikasının Taxıl Məhsulları Nazirliyinə,
rayon icra hakimiyyəti başçılarına bir vəzifə
olaraq tapşırılsın ki, təsərrüfatların
kifayət qədər yanacaq, gübrə, ehtiyat hissələri,
toxum, su, yem və sairə ilə təchiz edilməsi, onların
əmlakının dağıdılmasının qarşısının
alınması üçün təsirli tədbirlər görsünlər.
Bütün təsərrüfat rəhbərlərindən tələb
olunsun ki, 1992-ci ilin becərmə işlərinin tam və
keyfiyyətli görülməsini, məhsulun itkisiz yığılıb
daşınmasını və vaxtında emal olunmasını
təşkil etsinlər.
5.
Azərbaycan Respublikasının Prokurorluğuna, Azərbaycan
Respublikasının Daxili İşlər Nazirliyinə tapşırılsın
ki, xarici iqtisadi əlaqələr sahəsində mövcud
qanunvericiliyə əməl olunmasına nəzarəti gücləndirsinlər,
belə əlaqələr zamanı qanun pozuntularına yol
vermiş və respublikanın mənafeyinə zidd əməliyyatlar
aparmış müəssisə və təşkilat rəhbərlərini
məsuliyyətə cəlb etsinlər.
6.
Azərbaycan Respublikasının Milli Təhlükəsizlik
Nazirliyinə və Azərbaycan Respublikasının Daxili İşlər
Nazirliyinə tapşırılsın ki, iqtisadi cinayətkarlığa
və sabotaja qarşı mübarizəni gücləndirsinlər,
rüşvətxorluq, dövlət əmlakının mənimsənilməsi
və dağıdılması faktlarını aşkara çıxarmaq
üçün təxirəsalınmaz tədbirlər görsünlər.
7.
Azərbaycan Respublikasının Dövlət Gömrük
Komitəsinə tapşırılsın ki, respublikanın
daxili bazarının müdafiəsini gücləndirmək məqsədi
ilə öz işində ciddi dönüş yaratsın, ayrı-ayrı
müəssisələrin, təşkilatların və vətəndaşların
respublikadan kənara qanunsuz mal aparması hallarına son qoysun.
8.
Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Baş Dövlət
Vergi Müfəttişliyinə tapşırılsın ki,
vergi və qiymət intizamına riayət olunmasını təmin
edən tədbirlər görsünlər, hüquqi və
fiziki şəxslərin vergi ödəməkdən yayınması
hallarının aşkara çıxarılması və bu vəsaitin
büdcəyə daxil olması üçün bütün
imkanlardan istifadə etsinlər.
Azərbaycan
Respublikası Prezidentinin səlahiyyətini həyata keçirən Azərbaycan Respublikası
Ali Sovetinin sədri
İ.QƏMBƏROV Bakı şəhəri,
2 iyun 1992-ci il. ¹ 818
«Həyat»
qəzetində dərc edilmişdir (3 iyun 1992-ci il, ¹ 107)
(«VES Consultancy» LLC). «Azərbaycan
Respublikası Ali Sovetinin məlumatı»nda dərc edilmişdir
(15 iyun
1992-ci il, ¹ 11(864), maddə 420) («VES Consultancy»
LLC).
© VES
Consultancy LLC
|
|
|
|
|
|
|