| |
|
|
|

|
Gömrük Orqanlarının elektron xəritəsi
|
|
|
|
| |
|
|
|
|
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Kollegiyasının 15 may 2001-ci il tarixli 02/01 saylı qərarı ilə təsdiq edilmişdir.
Azərbaycan Respublikası
gömrük orqanının vəzifəli şəxsinin
Şərəf Kodeksi
Ümumi müddəalar
Azərbaycan Respublikası gömrük orqanının vəzifəli şəxsinin Şərəf Kodeksi (bundan sonra «Şərəf Kodeksi») gömrük əməkdaşının əxlaq prinsiplərini və onun davranış qaydalarını müəyyən edir. Özünə gömrük orqanının əməkdaşı peşəsini seçmiş Azərbaycan Respublikasının vətəndaşı gömrük orqanına xidmətə daxil olarkən Şərəf Kodeksinin norma və müddəalarını yerinə yetirməyi öz öhdəsinə götürür.
Bu Kodeks gömrük orqanının vəzifəli şəxsinin əxlaq normalarını dəqiq və aydın şəkildə təyin etməklə yanaşı, şəxsi məsuliyyət, qanuna riayət edilməsi, özünə və başqalarına münasibət prinsiplərini müəyyən edir, ictimaiyyətlə münasibətdə etik və digər məsələlərin həllinə dair vəzifələri özündə əks etdirir.
Azərbaycan Respublikasının gömrük orqanının vəzifəli şəxsi öz Vətəninə, Konstitusiyaya və Andına sadiq olmalı, dövlətin iqtisadi maraqlarını və təhlükəsizliyini qorumalıdır. Vətənə məhəbbət, öz peşəsinə sədaqət gömrük əməkdaşının xidmətinin başlıca prinsipləridir.
Gömrük əməkdaşı adını qorumaq, onu şərəflə daşımaq, Vətənə sədaqətlə xidmət etməklə bu adı doğrultmaq lazımdır.
Gömrük orqanının vəzifəli şəxsi xalqımızın mənəvi və əxlaqi dəyərlərini uca tutmalı, yeni yaranmış və formalaşmış Azərbaycan gömrüyünün ən yaxşı ənənələrini daim qorumalı və inkişaf etdirməlidir.
1.Şəxsi məsuliyyət
1.1.Ümumi qaydalar
Gömrük əməkdaşı öz xidməti fəaliyyətində yüksək peşəkarlığı, obyektivliyi və mənəvi saflığı ilə fərqlənməli, son dərəcə ədalətli və vicdanlı olmalı, ümumi etik və əxlaqi normalara ciddi əməl etməlidir. Gömrük əməkdaşı:
- xidməti vəzifələrini diqqət, dəqiqlik və peşəkarlıqla yerinə yetirməli;
- qanunvericiliyin tələblərinə təkcə riayət etmək yox, eyni zamanda ən yüksək əxlaqi prinsiplərə nail olmalı;
- vəzifə borcunu yerinə yetirməsi ilə əlaqədar mövcud qanunvericilik aktlarını öyrənməli;
- həmkarları və ictimaiyyətin nümayəndələri ilə nəzakətlə davranmalı, onların hüquqlarını, vəzifələrini və istəklərini nəzərə almalı;
- ictimai ehtiyatların israfçılığına və səmərəsiz istifadəsinə yol verməməli;
- vəzifə borcunu yerinə yetirməsi ilə əlaqədar əldə edilmiş məlumatlardan şəxsi məqsədlər üçün istifadə etməməli;
- xidməti vəzifəsini yerinə yetirərkən, eləcə də xidmətdən kənar asudə vaxtlarda etik qaydalara əməl etməli;
- gömrük orqanının vəzifəli şəxsi kimi öz davranışını bu orqanın adının yüksəklərə qaldırılmasına yönəltməli;
- Şərəf Kodeksini dəqiq bilməli və ona riayət edilməməsinin məsuliyyətini dərk etməlidir.
2. Qanuna riayət edilməsi
2.1.Cinayətlər
Gömrük orqanlarının bütün əməkdaşları qanunlara riayət etməlidirlər. Gömrük orqanlarına verilmiş xüsusi səlahiyyətlər ilə əlaqədar olaraq gömrük qanunvericiliyinin bilavasitə vəzifəli şəxslər tərəfindən pozulması və ya belə qanun pozuntularına şərait yaradılması ağır hal kimi qiymətləndirilməlidir.
Əgər əməkdaşın barəsində cinayət işi qaldırılırsa və ya belə bir ehtimal varsa, o bu barədə dərhal rəisinə məlumat verməlidir. Belə bir məlumatı alan rəis əməkdaş haqqında hər hansı bir qərar qəbul etməlidir: onu normal növbə çəkməyə qaytarmalı, alternativ növbəyə keçirməli və yaxud növbə çəkməkdən kənarlaşdırmalıdır.
2.2.Gömrük orqanlarının vəzifəli şəxslərinin hərəkətlərinə
dair şikayətlər
Cəmiyyətin gömrük orqanına və onun əməkdaşlarına inamı çox vacibdir. Bu inamı doğrultmaq üçün gömrük orqanının və ya onun ayrı-ayrı nümayəndələrinin hərəkətləri ilə əlaqədar şikayətlərə operativ və qərəzsiz baxılmalıdır.
2.3.Daxili ərizələr
Gömrük əməkdaşları yerinə yetirilməsi məcbur edilən hərəkətləri qeyri qanuni, yaxud bu Kodeksə zidd hesab etdikləri halda, bu barədə müvafiq yuxarı vəzifəli şəxsə yazılı şəkildə bildirməlidirlər. Yuxarı vəzifəli şəxs belə ərizələri qeydə almalı və bu cür hadisələrin təhqiqatına dair təsirli tədbirlər görməlidir.
3.İctimaiyyətlə münasibət
Cəmiyyət gömrük əməkdaşlarının öz işlərinə obyektiv, peşəkarcasına və məxfiliklə yanaşmalarına ümid edir. Yüksək xidmət səviyyəsini təmin etmək üçün hər bir əməkdaş ictimaiyyətlə münasibətdə peşəkarlıq nümayiş etdirməklə yanaşı, nəzakətli olmalı, ehtiyac olduqda yardım göstərməyə çalışmalıdır.
3.1.Vəzifələr
Gömrük xidmətindən istifadə edən şəxslərin vəzifələrini yerinə yetirməsi və qanunla qorunan hüquqlarından istifadə etməsi üçün gömrük əməkdaşları zəruri tədbirləri görməlidirlər.
3.2.Malların hərəkətində təşkilat və şirkətlərə yardım edilməsi
Gömrük orqanının ictimaiyyətlə münasibətdə bütün hərəkətləri obyektiv olmalıdır. Qeyri-obyektivlikdə günahlandırılma, tərəflərdən birinə üstünlük verilmə və ya hər hansı bir bəxşiş alınma hallarına yol verilməməsi üçün malların hərəkət edilməsinə yardım haqqında təşkilatların istənilən təklifi rədd edilməlidir. Belə xahişlərə dair hər hansı bir tərəddüd hissi olarsa, onda gömrük əməkdaşı bu barədə öz rəisinə müraciət etməlidir.
3.3.Gömrük orqanlarının vəzifəli şəxslərinə qarşı təhqirlər və zorakılıq hərəkətləri
Xidməti vəzifəsini yerinə yetirərkən gömrük əməkdaşı özünün, həmkarlarının və ətrafdakıların təhlükəsizliyini qorumalıdır.
Xüsusi təlim keçmiş işçilərə müraciət etməyin daha münasib olduğu hallarda əməkdaşlar hər hansı sərbəst hərəkətlərdən çəkinməli, belə hallar haqqında dərhal rəisinə xəbər verməlidirlər.
3.4.İşgüzar dairələrlə qarşılıqlı münasibət
İşgüzar dairələrin nümayəndələri gömrük orqanının rəhbər tutduğu etik prinsipləri başa düşməli və gömrük əməkdaşlarını bu prinsiplərdən kənara çıxmağa sövq etməməlidirlər.
Bu və ya digər malların hərəkətinə yardım və ya onların dövriyyəsi üçün xüsusi recimin tətbiq edilməsi müqabilində işgüzar dairələrin nümayəndələri tərəfindən pul və ya hər hansı başqa bəxşişlərin verilməsi cəhdləri barədə əməkdaş yazılı surətdə rəisinə xəbər verməlidir.
4.Vəzifəli şəxslər tərəfindən hədiyyələrin, təltiflərin, təzminatların və digər xidmətlərin qəbul edilməsi
4.1.Hədiyyə və digər xidmətlər
Xidməti vəzifələrini yerinə yetirdikləri zaman gömrük əməkdaşları işgüzar əlaqələrdən yaranan şəxsi münasibətlər çərçivəsində hədiyyələrin və ya digər xidmətlərin təklif edilməsinə üstünlük verən ayrı-ayrı şəxslərlə təmasda olurlar. Xarici qruplarla işgüzar kontaktların labüdlüyünə baxmayaraq, gömrük əməkdaşları korrupsiya və ya rüşvətxorluğun hər hansı formasından qorunmalıdırlar.
Xarici dövlət nümayəndələri ilə görüşlərdə, müəyyən tədbirlər zamanı harmonik işgüzar münasibətlərin əlaməti kimi verilmiş hədiyyələr istisna olmaqla, hər hansı bir hədiyyənin və ya digər xidmətlərin qəbul edilməsi yolverilməzdir. Çünki bu, vəzifəli şəxsin qərar verməsinə təzyiq kimi qiymətləndirilə bilər.
Əgər hər hansı bir mədəni və ya diplomatik səbəbdən bahalı hədiyyə qəbul edilmişdirsə, onda bu hədiyyə vəzifəli şəxsin şəxsi əmlakı kimi qiymətləndirilməməli və gömrük orqanına təhvil verilməlidir. İmkan daxilində hədiyyəni xüsusi ustalıqla, incə şəkildə geri qaytarmaq lazımdır.
Alınmış hədiyyənin qiymətindən asılı olmayaraq, əməkdaşlar qəbul edilmiş bütün hədiyyələr və ya xidmətlər barədə yazılı surətdə öz rəislərinə xəbər verməli və onları rəsmi siyahıya daxil etməlidirlər. Siyahıda hədiyyəni və ya xidməti qəbul etmiş əməkdaşın adı, onları verən şəxsin adı, o cümlədən əşyanın xarici görünüşü və onun qiyməti göstərilməlidir.
4.2.Malların təchizatı əməliyyatlarına cəlb olunmuş vəzifəli şəxslər
Malların təchizatı üzrə əməliyyatlara cəlb olunmuş vəzifəli şəxslər qeyri-qanuni əməliyyatların keçirilməsi haqqında ittihamlara zəmin yaratmamalıdırlar. Hər bir halda gömrük orqanının vəzifəli şəxsinin mövcud və ya potensial təchizatçılardan hər hansı bir hədiyyəni və ya xidməti qəbul etmək haqqı yoxdur.
5.Maraqların toqquşmasının qarşısının alınması
5.1.Gömrüyün işgüzar tərəfmüqabilləri ilə şəxsi əlaqələr
Gömrük əməkdaşı tərəfindən işgüzar əməliyyatların həyata keçirilməsi və ya onunla xüsusi münasibətdə olmuş hər hansı mülki şəxslərə qarşı qərarın qəbul edilməsi nəticəsində maraqların toqquşması əmələ gələ bilər. Misal üçün: cəmiyyətlərdə, klublarda, digər təşkilatlarda və ya ailəvi münasibətlər çərçivəsində. Maraqların potensial toqquşması əmələ gəldiyi hallarda gömrük əməkdaşı bu barədə öz rəisinə xəbər verməlidir. Bu halda əmin olmaq lazımdır ki, xidməti borcun yerinə yetirilməsi qeyri-obyektivlikdə ittihama əsas yaratmayacaq.
6.Pul məsələlərinə dair davranış
Gömrük əməkdaşları tərəfindən pul borc almaq, istiqrazlarla vəkalət kimi şəxsi maliyyə əməliyyatları aparmaq məqsədəuyğun sayılmır.
Gömrük orqanı öz əməkdaşları arasında olan maliyyə əməliyyatlarına görə məsuliyyət daşımır. Belə vəziyyətlərdə əməkdaşlar gömrük orqanının fəaliyyətini və onun nüfuzunu mənfi təsirlərdən qorumalıdırlar.
6.1.Xidməti vəsaitlərin istifadəsi
Xidməti vəsaitlərin alınması və saxlanılması xüsusi səlahiyyətli şəxslər tərəfindən həyata keçirilir. Xüsusi səlahiyyət olmadan əməkdaşların gömrük vəsaitlərini almağa ixtiyarları yoxdur. Belə səlahiyyətlərin alınması yazılı şəkildə təsdiq olunmalıdır.
Bütün ödənilən pul vəsaitləri üçün qəbz alınmalıdır. Pulu qəbul edən əməkdaş mütləq lazımi qaydada doldurulmuş müvafiq sənəd verməlidir. Rəsmi qəbzin dərhal verilməsinə imkan olmadığı hallarda müvəqqəti qəbz verilir. O cümlədən, verilmiş məbləğin düzgün olduğu barədə ödəyicinin imzası olan qəbzin surəti gömrük əməkdaşında saxlanılır. Rəsmi tə’limatlara uyğun olaraq, gömrük orqanları tərəfindən alınmış bütün pul vəsaitlərinin hesabatı aparılmalıdır.
Əməkdaşlar ödənmiş pul məbləğinin düzgünlüyünə və onun lazımi qaydada istifadəsinə görə məsuliyyət daşıyırlar. Gömrük vəsaitləri yalnız öz təyinatına görə sərf olunmalıdır.
Qazanc (daşbaş) hesab olunan hər hansı gəlir yol verilməzdir.
İctimai vəsaitlərin sərf olunmasına dair prinsiplər aşağıdakılardır:
- ictimai vəsaitlər düzgün və səmərəli sərf olunmalıdır;
- ictimai vəsaitlərlə əməliyyatların düzgün hesabatı aparılmalıdır;
- xidməti məsrəflərə dair yalnız səlahiyyətli şəxslər qərar çıxara bilərlər;
- vəzifəli şəxsin özünün və ya başqa şəxslərin mənfəəti naminə xidməti vəzifələrindən istifadə etmək hüququ yoxdur.
7.Rəsmi məlumatların məxfiliyi və istifadəsi
Gömrük əməkdaşı öz xidməti vəzifəsini yerinə yetirdiyi zaman aldığı informasiyanı xüsusi səlahiyyəti olmadan açıqlaya bilməz. Bu qayda bütün sənədlərə, yazılara və elektron informasiyalara şamil edilir. Gömrük orqanlarının vəzifəli şəxsləri rəsmi əməliyyatlarda əldə etdikləri vətəndaşlara dair məlumatların da məxfiliyini təmin etməlidirlər.
Aşağıdakı hallar yolverilməzdir:
- informasiyanın yayılması;
- informasiyanın öz şəxsi mənfəəti üçün istifadə edilməsi;
- məxfi mənbələrdən alınan informasiyalara istinadən insana zərər yetirilməsi;
- rəsmi yazılara əlavə edilməsi, onların dəyişdirilməsi və ya məhv edilməsi.
Yuxarıda sadalanan hərəkətlərə yol verən şəxslər məhkəmə məsuliyyətinə və ya inzibati məsuliyyətə cəlb edilirlər.
8.İnzibati əmlakdan və xidmətlərdən istifadə
8.1.Ümumi qaydalar
Xüsusi səlahiyyət olmadan gömrük ehtiyatlarından və ya xidmətlərindən öz şəxsi mənfəətləri üçün istifadə edilməsi qadağandır. Belə ehtiyatlara aşağıdakılar aiddir:
- avadanlıqlar (o cümlədən telefonlar, fotosurət çıxaran cihazlar, ofis avadanlığı və ləvazimatları);
- nəqliyyat vasitələri;
- maşın avadanlıqları və ləvazimatları, kompüter proqramları və vasitələri;
- möhürlər və dəftərxana ləvazimatları;
- xidməti vəsiqələr və poçt xidmətləri.
Əməkdaşlar onlara təhkim edilmiş gömrük əmlakının mühafizəsi üçün bütün tədbirlərdən istifadə etməlidirlər.
8.2.Avtomaşınlar
Avtomaşınların istifadəsi və onlara qulluq barədə aşağıdakı qaydalar tətbiq olunur:
- xidməti avtomaşınlardan istifadə edən əməkdaşların sürücülük vəsiqələri və ya vəkalətnamələri olmalıdır;
- xüsusi icazə verilən hallar istisna olmaqla, xidməti avtomaşınlar yalnız xidməti məqsədlər üçün istifadə edilməlidir.
8.3.Vəzifəli şəxslərin tanınması
Öz xidməti vəzifələrini və səlahiyyətlərini yerinə yetirdikləri zaman gömrük əməkdaşlarının tanınması üçün onlara xidməti vəsiqə verilir. Bu tanınma vasitəsindən hər hansı digər məqsədlər üçün istifadə edilməsi qadağandır. Vəzifəli şəxslər öz vəsiqələrini, möhürlərini və s. səliqəli vəziyyətdə saxlamalı və fəaliyyətlərinin bitdiyi zaman onları müvafiq gömrük xidmətinə təhvil verməlidirlər.
9.Əməkdaşlar tərəfindən dövlət əmlakının şəxsi maraq üçün alınması
9.1.Əməkdaşlar tərəfindən dövlət mallarının alınması
Bütün əməkdaşlar dövlət hərraclarında satılan nəşrləri, məhsulun qalıqlarını və dövlət satışında olan digər malları aşağıdakılar istisna olmaqla ala bilərlər:
- əməkdaş öz rəsmi vəziyyətinə görə satış təyinatlı malların vəziyyəti haqqında informasiyaya malik olduqda;
- vəzifəli şəxslər öz fəaliyyəti ilə bağlı malların alınmasına və ya satılmasına cəlb olunduqda;
- mal almaq üçün vəzifəli şəxslər cəmiyyətin digər nümayəndələrinə verilməyən imtiyazlara malik olduqda.
9.2.Malların gömrük mənbələrindən alınması
Gömrük orqanlarının vəzifəli şəxslərinin cəmiyyətin başqa üzvlərinə nisbətən müsadirə olunmuş malların alınmasında xüsusi üstünlüklərə malik olduqları barədə fikir yaradılmaması çox əhəmiyyətlidir. Buna görə də gömrük əməkdaşlarının gömrük hərraclarında satılan malları həm birbaşa, həm də üçüncü şəxs vasitəsilə alması qadağandır.
Bundan əlavə, fəaliyyətlərinə görə satışlara cəlb edilmiş və ya öz xidməti vəzifəsinə görə mallar haqqında xüsusi informasiyaya malik olan əməkdaşlar belə satışlarda alınmış malları başqa satıcılardan ala bilməzlər.
10.İş mühiti
10.1.Ümumi qaydalar
Gömrük orqanının bütün vəzifəli şəxslərinin ayrı- seçkilik, zorakılıq və təhqirli hərəkətlərdən kənar sağlam mühitə malik, həm fərdi və həm də kollektiv maraqlara üstünlük verilən iş şəraitində işləmək hüququ vardır. Normal iş mühiti aşağıdakı prinsiplər üzərində qurulur:
- obyektivlik və ədalətlilik;
- təhlükəsizlik və qarşılıqlı yardım;
- əsassız ayrı-seçkiliyin, zorakılıq hərəkətlərinin və təhqirlərin olmaması;
- fərdi və mədəni xüsusiyyətlərə hörmət;
- qarşılıqlı münasibətlər və xidməti pillələr ilə irəliləmək imkanı;
- qərar qəbul edilən zaman vəzifəli şəxslərin əməkdaşlığı.
10.2. Ədalətlilik prinsipləri
Obyektivlik, əxlaqi davranış və məsuliyyət üçün münasibətlər ədalətlilik prinsipləri əsasında qurulmalıdır. Bütün əməkdaşlar ayrı-seçkilikdən, zorakılıqdan və təhqirlərdən azad mühit yaratmağa çalışmalıdırlar.
10.3. Peşəkar sağlamlıq və təhlükəsizlik
Bütün əməkdaşların sağlam və təhlükəsiz iş mühitində xidmət etmək hüququ vardır. Əməkdaşlar təhlükəsizlik texnikası normalarına ciddi yanaşmalı, təhlükəsizlik texnikası normalarının və qaydalarının pozulması halları aşkar edilərsə, bu barədə rəislərinə dərhal xəbər verməlidirlər.
10.4.Narkotik maddələrlə əməliyyat
Gömrük orqanının başlıca vəzifələrindən biri də bütün növ narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınmasından ibarətdir.
Narkotik vasitələrin qanunsuz dövriyyəsi, ticarəti və ya istifadəsi qəti qadağandır.Narkotik maddələrlə əməliyyata və ya onlardan istifadəyə şüurlu surətdə cəlb olunmuş vəzifəli şəxslər qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb olunurlar.
10.5.Alkoqolun qəbulu
Gömrük orqanlarının vəzifəli şəxslərinin öz xidməti vəzifələrini yerinə yetirdikləri zaman alkoqollu içkiləri qəbul etmələri qadağandır.
Spirtli içkilərin qəbulu iş yerində bədbəxt hadisələrin yaranmasına səbəb olduğu üçün idarə etmək üçün öhdəsinə avtomaşın və yaxud avadanlıq verilən əməkdaşlar alkoqolun qəbulundan imtina etməlidirlər.
10.6.Siqaret çəkilməsi
Gömrük orqanının vəzifələrindən biri də əməkdaşların mühafizəsi və onlar üçün təhlükəsiz xidmət mühiti yaratmaqdır. Siqaret çəkilməsi qadağan olunmuş yerlərdə, həmçinin xidməti vəzifələrini yerinə yetirdikləri ictimai yerlərdə vəzifəli şəxslərin siqaret çəkməyə ixtiyarları yoxdur. Şəxsi ərazilərdə olarkən, vəzifəli şəxslər həmin ərazinin sahibinin icazəsi olmadan orada siqaret çəkə bilməzlər.
10.7.Xidməti geyim
Vəzifəli şəxslərin geyimi və xarici görünüşləri onların peşəkar fəaliyyətinə uyğun olmalıdır. Əməkdaşların xarici görünüşü ətrafdakıların onları qəbul etməsinə və öz vəzifələrinin yerinə yetirilməsinə təsir edir. Vəzifəli şəxslərin geyimi onların vəzifələrinə və müəyyən edilmiş standartlara uyğun olmalı, xarici görünüşləri təmiz və səliqəli olmalıdır.
Xülasə
Gömrük orqanının vəzifəli şəxslərinin davranışı bu orqanın nüfuzunun qorunub saxlanmasına xidmət etməlidir.
Gömrük orqanının rəhbərləri:
- əməkdaşlara nümunə olmalı;
- əməkdaşların müvafiq qanunvericiliyə, qəbul edilmiş standartlara və təlimatlara dair lazımi biliklərə malik olmalarına nəzarət etməli;
- müəyyən olunmuş normalara əməkdaşlar tərəfindən riayət edilmədikdə, müvafiq tədbirlər görməlidirlər.
Məsuliyyət
Şərəf Kodeksinin tələblərinin yerinə yetirilməsinə görə gömrük orqanının vəzifəli şəxsi ilk növbədə öz vicdanı, xidmət etdiyi kollektiv və Vətən qarşısında cavabdehdir.
Şərəf Kodeksinə riayət edilməməsinə görə gömrük orqanının bütün vəzifəli şəxsləri qanunvericiliyə müvafiq olaraq məsuliyyət daşıyırlar.
|
|
|
|
|
|
|