Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi
             Az | Ru | En |
          
 
 
   
«Azərbaycan Respublikası gömrük sisteminin 2007-2011-ci illərdə inkişafına dair Dövlət Proqramı»nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikasında gömrük sisteminin inkişafını sürətləndirmək, onun normativ hüquqi və maddi-texniki təminatını yaxşılaşdırmaq və gömrük orqanlarının fəaliyyətini daha da təkmilləşdirmək məqsədi ilə qərara alıram:
1. “Azərbaycan Respublikası gömrük sisteminin 2007-2011-ci illərdə inkişafına dair Dövlət Proqramı” təsdiq edilsin (əlavə olunur).
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etsin.
3. Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 1 fevral 2007-ci il



Azərbaycan Respublikası Prezidentinin
2007-ci il 1 fevral tarixli,
1925 nömrəli Sərəncamı ilə
təsdiq edilmişdir

Azərbaycan Respublikası gömrük sisteminin 2007-2011-ci illərdə inkişafına dair
Dövlət Proqramı

Ölkənin iqtisadi təhlükəsizliyinin və daxili bazarının qorunmasında, onun beynəlxalq iqtisadi və ticarət əlaqələrinin genişləndirilməsində gömrük sistemi müstəsna rol oynayır. Azərbaycan Respublikasının gömrük sistemi xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən müəyyən edilən siyasətə uyğun olaraq formalaşmış və inkişaf edərək dövlət müstəqilliyinin əsas atributlarından biri olan çoxfunksiyalı sistemə çevrilmişdir. Son illər ardıcıl həyata keçirilən dövlət siyasəti nəticəsində gömrük sisteminin yenidən qurulması istiqamətində mühüm işlər görülmüş, onun maddi-texniki bazası əhəmiyyətli dərəcədə möhkəmlənmiş, gömrük işini nizamlayan qanunvericilik aktları və differensiallaşdırılmış gömrük-tarif sistemi yaradılmış, qaçaqmalçılığa və digər hüquqpozmalara qarşı mübarizə gücləndirilmişdir.
Bu gün Azərbaycanda müşahidə olunan dinamik sosial-iqtisadi inkişaf və beynəlxalq iqtisadi sistemə inteqrasiya dövlət gömrük sisteminin təkmilləşdirilməsini, maddi-texniki bazasının modernləşdirilməsini, bütün istiqamətlərdə gömrük işinin beynəlxalq standartlara tam uyğun aparılmasını və bütövlükdə gömrük sisteminin ölkənin sosial-iqtisadi inkişafındakı rolunun daha da artırılmasını zəruri edir.
«Azərbaycan Respublikası gömrük sisteminin 2007-2011-ci illərdə inkişafına dair Dövlət Proqramı» (bundan sonra — Dövlət Proqramı) dövlətin gömrük siyasətinin həyata keçirilməsində mühüm mərhələ olmaqla, qarşıdakı illərdə bu sahənin daha sürətlə inkişafı ilə bağlı əsas vəzifələri, istiqamətləri və yerinə yetirilməli olan tədbirləri müəyyən edir.

Dövlət Proqramının məqsədi və əsas vəzifələri
Dövlət Proqramının məqsədi Azərbaycan Respublikasında gömrük işi sahəsində dövlət siyasətinin daha uğurla həyata keçirilməsini, ölkənin sosial-iqtisadi inkişafının əsas vasitələrindən biri kimi gömrük sisteminin dinamik inkişafını təmin etməkdən ibarətdir.
Dövlət Proqramının əsas vəzifələri aşağıdakılardır:
  • Azərbaycan Respublikasının gömrük sərhəddində mal dövriyyəsinin sürətləndirilməsini və sahibkarlıq subyektlərinə əlverişli şəraitin yaradılmasını təmin etmək;
  • inhisarçılıq fəaliyyətinin məhdudlaşdırılması və haqsız rəqabətin qarşısının alınması sahəsində tədbirləri gücləndirmək;
  • ixracın təşviqi və genişləndirilməsi, daxili bazarın qorunması sahəsində gömrük tənzimlənməsi mexanizmini təkmilləşdirmək;
  • gömrük sisteminin maddi-texniki bazasını möhkəmləndirmək.

Dövlət Proqramının əsas istiqamətləri
Müəyyən edilmiş əsas vəzifələrə uyğun olaraq Dövlət Proqramında gömrük sisteminin 2007-2011-ci illərdə aşağıdakı əsas istiqamətlərdə inkişaf etdirilməsi nəzərdə tutulur:
  • qanunvericilik bazasının və gömrük tənzimləməsinin təkmilləşdirilməsi;
  • gömrük nəzarəti metodlarının beynəlxalq standartlara uyğunlaşdırılması və gömrük prosedurlarının avtomatlaşdırılması;
  • qaçaqmalçılığa və gömrük işi sahəsində digər hüquqpozmalara qarşı mübarizənin gücləndirilməsi;
  • gömrük infrastrukturunun inkişaf etdirilməsi;
  • kadr hazırlığı və beynəlxalq əməkdaşlığın genişləndirilməsi.
Qanunvericilik bazasının və gömrük tənzimləməsinin təkmilləşdirilməsi
Azərbaycan Respublikasında gömrük sisteminin formalaşmasında və gömrük işinin həyata keçirilməsində 1997-ci ildə qəbul olunmuş Gömrük Məcəlləsi və sonralar qəbul olunan digər normativ hüquqi aktlar mühüm rol oynamışlar. Həmin vaxtdan keçən on il müddətində Azərbaycan sürətli sosial-iqtisadi inkişaf mərhələsinə qədəm qoymuş, onun iqtisadi qüdrəti möhkəmlənmiş və əhalinin həyat səviyyəsi xeyli yaxşılaşmışdır. Keçən dövr ərzində Azərbaycan Respublikasının beynəlxalq əlaqələri xeyli genişlənmiş, o, bir sıra beynəlxalq konvensiyalara qoşulmuş və beynəlxalq təşkilatlara üzv olmuşdur.
Ölkənin ildən-ilə iqtisadi-ticarət əlaqələrinin coğrafiyasının genişlənməsi, idxal-ixrac əməliyyatlarının həcminin artması və Azərbaycanın beynəlxalq iqtisadi sistemə inteqrasiyasının güclənməsi gömrük işi sahəsində qanunvericiliyin və gömrük əməliyyatlarını tənzimləyən normativ-hüquqi aktların təkmilləşdirilməsini zəruri edir. Ona görə də, inkişaf etmiş ölkələrin gömrük işi sahəsində təcrübəsi və bu sahədə qəbul olunmuş beynəlxalq konvensiyaların müddəaları nəzərə alınmaqla, Azərbaycan Respublikasının gömrük qanunvericiliyi təkmilləşdirilməli, o cümlədən yeni Gömrük Məcəlləsi qəbul edilməlidir. Qanunvericilik aktlarının təkmilləşdirilməsi zamanı onların birbaşa təsir qüvvəsinin təmin edilməsi əsas götürülməlidir.
Xarici ticarət əlaqələrinin inkişafında və daxili bazarın qorunmasında gömrük tarif tənzimləməsi mühüm rola malikdir. Bu baxımdan böyük diapazona malik olan tarif tənzimləməsi vasitələrinin hazırlanması və geniş tətbiqi yaxın illərdə gömrük orqanlarının əsas vəzifəsi olmalıdır.
İdxal olunan mallara münasibətdə tarif preferensiyalarının tətbiqi mexanizminin və gömrük ödənişlərinin həyata keçirilməsi prosedurunun təkmilləşdirilməsi, xarici iqtisadi fəaliyyətin mal nomenklaturunun harmonik sistemdə aparılan dəyişikliklərə uyğunlaşdırılması ilə bağlı fəaliyyətin gücləndirilməsi nəzərdə tutulur.
Qanunvericiliyin təkmilləşdirilməsi sahəsində gömrük orqanlarının əsas vəzifələrindən biri də qəbul olunmuş qanunlar və normativ-hüquqi sənədlər barədə xarici ticarət və iqtisadi əlaqələr iştirakçılarını vaxtında məlumatlandırmaq, onların şərhi ilə bağlı iş adamları arasında lazımi iş aparmaqdır. Bununla əlaqədar qarşıdakı illərdə gömrük orqanları tərəfindən müvafiq tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.
Gömrük nəzarəti metodlarının beynəlxalq standartlara uyğunlaşdırılması və gömrük prosedurlarının avtomatlaşdırılması
Beynəlxalq ticarətin inkişaf etdirilməsində, mal dövriyyəsinin sürətlənməsində, yük-nəqliyyat daşımalarının həcminin artırılmasında, tranzit sisteminin səmərəli fəaliyyət göstərməsində, gömrük işi sahəsində hüquqpozmalarla mübarizədə, əqli mülkiyyət hüquqlarının qorunmasında və nəqliyyat daşımalarında təhlükəsizlik məsələlərinin təmin olunmasında gömrük nəzarətinin müstəsna rolu vardır.
Gömrük nəzarəti bir tərəfdən xarici ticarətin sərbəstliyinə şərait yaratmalı, digər tərəfdən isə beynəlxalq ticarətdə və gömrük sərhədindən malların keçirilməsində mənfi halların qarşısının alınmasını təmin etməlidir.

Gömrük nəzarətinin səmərəliliyini təmin etmək üçün nəzarət metodları təkmilləşdirilməli, gömrük nəzarəti prosesində elmi-texniki nailiyyətlərdən daha geniş istifadə edilməli, gömrük baxışı zamanı müasir texniki nəzarət vasitələri tətbiq edilməli, iri qabaritli nəqliyyat vasitələrinin keyfiyyətli yoxlanışını təmin etmək üçün sərhəd-keçid məntəqələri stasionar yoxlama qurğuları ilə təchiz olunmalı və bu sahədə elektron nəzarət üsulları tətbiq olunmalıdır.
Malların idxalı və ixracı zamanı gömrük rəsmiləşdirilməsi əməliyyatlarının avtomatlaşdırılmış əsaslarda təşkil edilməsi gömrük rəsmiləşdirilməsinin səmərəliliyinin artırılmasını və bu işə sərf edilən vaxtın minimuma endirilməsini təmin etməklə, xarici ticarət iştirakçılarına xidmətin səviyyəsinin yaxşılaşmasına və bütövlükdə gömrük orqanlarında idarəetmənin təkmilləşməsinə imkan verəcəkdir.
Beynəlxalq təcrübədə müşahidə olunan gömrük sərhədlərində «vahid dayanacaq» prinsipi əsasında işin təşkil edilməsi sərhəd-keçid məntəqələrində nəzarət prosedurlarını sadələşdirir. Bu prinsipin tətbiqi nəticəsində nəqliyyat vasitələri bir dəfə dayanmaqla daşınan mallar üzərində bütün nəzarət növləri həyata keçirilir, gömrük sərhədindən keçirilən yüklər üzərində nəzarətin aparılması zamanı təkrarçılıq aradan qaldırılır və sərhəd keçid məntəqələrində nəqliyyat vasitələrinin dayanma müddətinin xeyli azalması təmin edilir.

Qaçaqmalçılığa və gömrük işi sahəsində digər hüquqpozmalara qarşı mübarizənin gücləndirilməsi
Azərbaycan Respublikasının qanunvericiliyi ilə gömrük orqanlarına gömrük işi sahəsində hüquqpozmalar üzrə araşdırma, təhqiqat və ibtidai istintaq aparmaq, habelə əməliyyat-axtarış fəaliyyətini həyata keçirmək səlahiyyətləri verilmişdir ki, bu da, onlardan gömrük işi sahəsində hüquqpozmaların vaxtında aşkar olunması, qarşısının alınması, açılması üçün səmərəli mübarizə mexanizminin işlənib hazırlanmasını tələb edir.
Xarici iqtisadi fəaliyyət sahəsində hüquqpozmalara qarşı mübarizənin səmərəliliyinin yüksəldilməsi, şəxslərin cinayət və ya inzibati məsuliyyətə cəlb edilməsi prosesində gömrük orqanlarının vəzifəli şəxsləri tərəfindən qəbul edilən qərarların qanuniliyinin və əsaslığının təmin edilməsi Azərbaycan Respublikası gömrük orqanlarının fəaliyyətində əsas vəzifələrdən biridir.
Gömrük işi sahəsində cinayətlərin və digər hüquqpozmaların açılma faizinin yüksəldilməsinə nail olmaq üçün gömrük orqanlarının hüquq-mühafizə fəaliyyətinin məlumat təminatının avtomatlaşdırılmasına, riskin idarə olunması sisteminin təkmilləşdirilməsinə, xarici iqtisadi fəaliyyət sahəsində kriminal meyillərin qarşısının alınmasına və xəbərdar olunmasına xüsusi diqqət yetirilməlidir.
Azərbaycan Respublikasının gömrük ərazisində gömrük qanunvericiliyini pozan şəxslərin aşkar olunması və bu cür halların qarşısının alınması məqsədilə gömrük mühafizə bölmələrinin nəqliyyat vasitələri və digər zəruri vasitələrlə təmin edilməsi, malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən qanunsuz keçirilmə istiqamətləri üzrə gömrük nəzarətinin həyata keçirilməsi, mobil axtarış tədbirlərinin aparılması nəzərdə tutulur.

Gömrük infrastrukturunun inkişaf etdirilməsi
Xarici ticarət müqavilələri üzrə mal idxalı və ixracı zamanı gömrük qaydalarına riayət edilməsi üçün gömrük infrastrukturunun müasir tələblərə cavab verən şəbəkəsi yaradılmalı və bu prosesə gömrük orqanlarına yaxın infrastrukturlar (gömrük brokerləri, gömrük anbarları, gömrük daşıyıcıları) cəlb edilməlidir.
Gömrük infrastrukturu şəbəkəsinin genişləndirilməsi, o cümlədən gömrük anbarlarının təsis edilməsi prosesində gömrük orqanları ilə yanaşı gömrük anbarını təsis etmək niyyətləri olan özəl sektorun nümayəndələrinə əlverişli şəraitin yaradılması və gömrük anbarı təsisçiləri ilə işgüzar əlaqələrin qurulması nəzərdə tutulmalıdır.
Malların gömrük rəsmiləşdirilməsindən keçirilməsi və bu məqsədlər üçün zəruri olan sənədlərin gömrük orqanlarına təqdim edilməsi işində, bir çox hallarda, vasitəçilik funksiyalarını həyata keçirə bilən subyektlərin mövcud olmasına xarici iqtisadi əlaqələrin iştirakçıları tərəfindən tələbat vardır. Bu işin həyata keçirilməsində gömrük brokeri institutunun fəaliyyəti vacibdir və bunun üçün imkanlar yaradılmalıdır.
Yeni gömrük orqanlarının yaradılması zamanı böyük nəqliyyat qovşaqlarına və istehsal obyektlərinə ərazi yaxınlığının olması şərtlərinə üstünlük verilməli, yaradılma işi planlaşdırılarkən, həmin planlaşdırılmada kifayət qədər dayanacaq yerlərinin olması, anbarların inşa edilməsi, kommunikasiya xətlərinin mövcudluğu və digər şərtlər nəzərə alınmalıdır. Gömrük orqanlarının maddi-texniki bazasının möhkəmləndirilməsi işi həyata keçirilməlidir.
Malların təsnif edilməsində xüsusi əhəmiyyətə malik olan gömrük laboratoriyalarının fəaliyyəti tətbiq edilməli və ümumi gömrük laboratoriyaları şəbəkəsi yaradılmalıdır. Şəbəkəyə daxil olan gömrük laboratoriyası strukturları ölkənin bütün regionlarını əhatə etməlidir.

Kadrların hazırlanması və beynəlxalq əməkdaşlığın genişləndirilməsi
Kadrların hazırlanması işi daim gömrük orqanlarının diqqət mərkəzində olmalıdır. Gömrük işi ilə bağlı hazırlanan metodik və əyani dərs vəsaitinin keyfiyyətinin yaxşılaşdırılması təhsilin səviyyəsinin yüksəlməsi ilə yanaşı, əməkdaşların peşə biliklərinin artmasına, gömrük xidməti üçün daha yüksək keyfiyyətli kadrların hazırlanmasına xidmət edəcəkdir.
Ümumdünya Gömrük Təşkilatının dəstəyi ilə keçirilən regional tədris kurslarında gömrük əməkdaşlarının iştirakının təmin edilməsi, digər beynəlxalq təşkilatlar tərəfindən təşkil edilən seminar və kurslarda sahələr üzrə gömrük mütəxəssislərinin müasir nəzəri və praktiki biliklərə yiyələnməsi gömrük işinin səmərəsinin daha da artmasına yönəldilməlidir.
Azərbaycan Respublikası gömrük işçilərinin davranış qaydalarını və etika siyasətini müəyyən edən «Xidmət keçmə haqqında Əsasnamə» qəbul olunmuş, eyni zamanda bu məsələləri tənzimləyən «Daxili intizam qaydaları» və «Şərəf Kodeksi» təsdiq edilmişdir. Bu istiqamətdə həyata keçirilən tədbirlərin daha da təkmilləşdirilməsi məqsədilə gömrük işçiləri üçün etika davranışı üzrə Avropa Birliyinin təcrübəsinin öyrənilməsi işi təşkil olunmalıdır.
Ölkədə gömrük xidmətinin fəaliyyətini təkmilləşdirmək və müasir gömrük modelinin qurulmasını təmin etmək üçün beynəlxalq əməkdaşlığın genişləndirilməsi çox vacibdir. Bu istiqamətdə işlərin aparılması gömrük sistemində istifadə olunan normaların beynəlxalq normalara uyğunlaşdırılmasını, inkişaf etmiş ölkələrin gömrük işi sahəsində qabaqcıl təcrübəsinin Azərbaycanda daha sürətlə tətbiqinə imkan yaradar.

Gözlənilən nəticələr
Dövlət Proqramının yerinə yetirilməsi aşağıdakı nəticələri əldə etməyə imkan verəcəkdir:
  • gömrük sisteminin maddi-texniki bazasının daha da möhkəmləndirilməsinə;
  • gömrük infrastrukturunun müasir tələblərə uyğun şəkildə qurulmasına;
  • kadr potensialının gücləndirilməsinə;
  • dövlət büdcəsinin gəlirlərinin artmasına;
  • idxal-ixrac əməliyyatlarında müasir tarif və qeyri-tarif tənzimlənməsi tədbirlərinin daha geniş tətbiq olunmasına;
  • Ümumdünya Ticarət Təşkilatına üzvolma prosesinin sürətlənməsinə;
  • gömrük sistemində avtomatlaşdırılmış idarəetmənin tam tətbiq edilməsinə;
  • gömrük nəzarətinin həyata keçirilməsinin səmərəliliyinin artırılmasına;
  • gömrük tarif siyasətinin təkmilləşdirilməsinə və inkişaf etdirilməsinə;
  • ölkənin iqtisadi təhlükəsizliyinin möhkəmləndirilməsində gömrük sisteminin rolunun artırılmasına;
  • gömrük işi sahəsində hüquqpozmalara qarşı mübarizənin gücləndirilməsinə;
  • ölkənin sosial-iqtisadi inkişafında gömrük sisteminin rolunun artmasına;
  • gömrük tənzimlənmə vasitələrinin beynəlxalq miqyasda qəbul edilən tənzimlənmə vasitələrinə uyğunlaşmasına;
  • ticarət-iqtisadi münasibətlərdə idxal və ixrac əməliyyatlarının rəsmiləşdirilməsinin sadələşdirilməsinə.
Dövlət Proqramının maliyyə təminatı
Dövlət Proqramının maliyyə təminatı aşağıdakı maliyyə mənbələri hesabına həyata keçiriləcəkdir:
  • dövlət büdcəsindən ayırmalar;
  • Dövlət Gömrük Komitəsinin büdcədənkənar inkişaf fondunun vəsaiti;
  • beynəlxalq təşkilatların maliyyə dəstəyi;
  • qanunvericiliklə müəyyən olunmuş digər mənbələr.
Azərbaycan Respublikası gömrük sisteminin 2007-2011-ci illərdə inkişafına dair Dövlət Proqramının həyata keçirilməsi üzrə
Tədbirlər Planı

Sıra ¹-si Tədbirlərin adı İcraçı orqanlar İcra müddəti
1 2 3 4
1. Qanunvericilik bazasının və gömrük tənzimlənməsinin təkmilləşdirilməsi sahəsində
1.1. «Gömrük prosedurlarının sadələşdirilməsi və harmonizə edilməsinə dair Kioto Konvensiyası»nın müddəaları nəzərə alınmaqla, Azərbaycan Respublikasının yeni Gömrük Məcəlləsinin layihəsinin hazırlanması DGK 2007
1.2. Gömrük işi və ticarət sahəsində beynəlxalq Konvensiyalara qoşulma üzrə təkliflərin hazırlanması DGK, ƏN, XİN 2007-2008
1.3. Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq Konvensiyaların normalarının ölkədə həyata keçirilməsinin təmin edilməsi DGK 2007-2011
1.4. Gömrük işi sahəsində qəbul edilmiş normativ hüquqi aktların təkmilləşdirilməsi üzrə təkliflərin hazırlanması DGK, ƏN 2008
1.5. Xarici iqtisadi fəaliyyət iştirakçılarının gömrük məsələləri üzrə məlumatlandırılması işinin təkmilləşdirilməsi DGK 2007-2008
1.6. Gömrük işi sahəsində qəbul olunmuş qanunları və normativ hüquqi sənədləri özündə əks etdirən külliyyatın və onların şərhinin hazırlanması DGK 2008-2009
1.7. Gömrük işi sahəsində normativ hüquqi sənədlər üzrə məlumat saytının yeniləşdirilməsi DGK 2008
1.8. Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətinin mal nomenklaturunun (XİF MN) şərhinin hazırlanması DGK 2008-2011
1.9. Gömrük tarif tənzimlənməsinin təkmilləşdirilməsi üzrə təkliflərin hazırlanması və qəbul edilməsi NK, DGK 2007-2008
1.10. İdxal mallarına münasibətdə tarif preferensiyalarının tətbiqi mexanizminin təkmilləşdirilməsi üzrə təkliflərin hazırlanması DGK 2007-2008
1.11. Gömrük ödənişlərinin həyata keçirilməsi prosedurunun təkmilləşdirilməsi DGK 2007-2008
1.12. Harmonik sistemdə aparılan dəyişikliklər nəzərə alınmaqla, Azərbaycan Respublikasının XİF MN-nin ona uyğunlaşdırılmasının təmin edilməsi DGK 2007-2011
1.13. Daxili bazarın qorunması, haqsız rəqabət hallarının qarşısının alınması və ölkənin təsərrüfat subyektlərinin rəqabət qabiliyyətinin artırılması məqsədilə müvafiq tədbirlərin həyata keçirilməsi DGK,
İİN
2008
1.14. Qeyri-qanuni yolla əldə edilmiş pul vəsaitinin leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə məqsədilə gömrük nəzarətinin gücləndirilməsi DGK,
MB
2007-2011
1.15. Gömrük ödənişlərinin alınmasında kart sistemindən istifadəyə keçidin təmin edilməsi DGK 2008
2. Gömrük nəzarəti metodlarının beynəlxalq standartlara uyğunlaşdırılması və gömrük prosedurlarının avtomatlaşdırılması sahəsində
2.1. Beynəlxalq normalar əsasında gömrük nəzarəti prosedurları üçün standartların hazırlanması DGK 2008-2009
2.2. Beynəlxalq ticarət zəncirində təhlükəsizliyin təmin edilməsi məqsədilə yük konteynerlərinin və yükdaşıyan nəqliyyat vasitələrinin yoxlama standartlarının müəyyən edilməsi DGK 2008-2009
2.3. Gömrük nəzarəti zamanı malların və nəqliyyat vasitələrinin yoxlanışında seçmə üsullarından istifadə edilməsi meyarlarının müəyyən edilməsi DGK 2008-2010
2.4. Elektron bəyannaməsi formasından istifadə edilməsi işinin təşkili DGK 2007-2008
2.5. Gömrük sərhəd buraxılış məntəqələrində ixrac nəzarətinə düşən malların aşkarlanması və identikləşdirilməsi məqsədilə köməkçi elektron vasitələrin yaradılması DGK 2008
2.6. Vahid dayanacaq sisteminin yaradılması üzrə əsaslandırılmış təkliflərin hazırlanması DGK 2008
2.7. «Sərhədlərdə yüklərin nəzarətdən keçirilməsi şərtlərinin razılaşdırılması haqqında Beynəlxalq Konvensiya»nın (1982-ci il) 1 saylı Əlavəsinə uyğun nəzarət qaydalarının təkmilləşdirilməsi NK,
DGK
2008
2.8. Malların keçirilmə xüsusiyyətləri üzrə gömrük nəzarəti müddətləri limitlərinin müəyyən edilməsi DGK 2007-2008
2.9. Müasir gömrük loqistika terminallarının təşkil edilməsi DGK 2007-2008
2.10. Gömrük orqanları ilə sahibkarlar arasında əməkdaşlıq mexanizmlərinin təkmilləşdirilməsi DGK 2008-2009
2.11. İqtisadi fəaliyyət iştirakçılarına səlahiyyət verilmə prinsiplərinin beynəlxalq standartlara uyğun müəyyən edilməsi DGK 2009
2.12. Əqli mülkiyyət hüquqlarının qorunması üzrə məlumat sisteminin yaradılması DGK 2007-2009
2.13. Gömrük orqanlarının vahid qlobal korporativ şəbəkəsinin inkişaf etdirilməsi DGK 2007-2011
2.14. Gömrük rəsmiləşdirilməsi və nəzarətinin avtomatlaşdırılmış sisteminin təkmilləşdirilməsi, onun gömrük orqanlarında sənaye istismarının təmin edilməsi DGK 2007-2008
2.15. Gömrük sərhədini keçən mal və nəqliyyat vasitələrinə nəzarətin avtomatlaşdırılmış sisteminin yaradılması DGK 2008-2011
2.16. Gömrük anbarlarında və terminallarında malların uçotu, saxlanması və hərəkəti prosesinin avtomatlaşdırılması DGK 2007-2009
2.17. Gömrük orqanları tərəfindən müəyyən olunmuş hüquqpozmaların uçotu və nəzarətinin avtomatlaşdırılmış sisteminin təkmilləşdirilməsi DGK mütəmadi
2.18. Risklərin avtomatlaşdırılmış idarəetmə sisteminin yaradılması və tətbiqi DGK 2007-2009
2.19. Gömrük orqanlarının informasiya-texniki infrastrukturunda informasiya təhlükəsizliyinin təmin edilməsi konsepsiyasının hazırlanması və tətbiqi DGK 2007-2009
2.20. Elektron imza və elektron sənədlərin tətbiqi ilə effektiv informasiya mübadiləsini təmin edən təhlükəsiz informasiya-texniki infrastrukturun yaradılması DGK 2008-2011
2.21. Məsafədən (o cümlədən internet vasitəsi ilə) mal və nəqliyyat vasitələrinin bəyan olunmasını təmin edən proqram-texniki sistemin yaradılması və tətbiqi DGK 2008-2011
2.22. «Elektron hökumət» prinsiplərinin həyata keçirilməsi DGK mütəmadi
2.23. İstifadədə olan informasiya-texniki və proqram təminatı vasitələrinin yeniləşdirilməsi DGK mütəmadi
2.24. Gömrük işində yeni informasiya sistemlərinin və texnologiyalarının layihələrinin hazırlanması və istismarının təmin edilməsi DGK mütəmadi
2.25. Ayrı-ayrı dövlət orqanları ilə elektron informasiya mübadiləsinin təmin edilməsi DGK 2008-2011
2.26. Xarici əlaqə iştirakçıları ilə elektron informasiya mübadiləsinin təmin edilməsi DGK 2008-2011
2.27. Xarici dövlətlərin gömrük orqanları ilə öz səlahiyyətləri daxilində elektron informasiya mübadiləsinin təmin edilməsi DGK 2008-2011
2.28. Gömrük sistemində «Qaynar xətt» şəbəkəsinin yaradılması DGK 2008
2.29. Xarici ticarətin gömrük statistikasının beynəlxalq təcrübəyə və standartlara uyğun inkişaf etdirilməsi DGK mütəmadi
2.30. Xarici ölkələrlə xarici ticarətin müqayisəli gömrük statistikasının (güzgülü statistika) aparılması DGK mütəmadi
2.31. Statistik müşahidə formalarının genişləndirilməsi DGK mütəmadi
2.32. Əmtəələrin təsviri və kodlaşdırılması məsələləri ilə bağlı təkliflərin hazırlanması DGK mütəmadi
2.33. Xarici ticarətin gömrük statistikası metodologiyasının beynəlxalq standartlara uyğun variantının hazırlanması və tətbiqi DGK 2008
2.34. Statistik məlumatların düzgünlüyünü və operativliyini təmin etmək məqsədilə ilkin uçot mənbələrinin təkmilləşdirilməsi DGK mütəmadi
3. Qaçaqmalçılığa və gömrük işi sahəsində digər hüquqpozmalara qarşı mübarizənin gücləndirilməsi sahəsində
3.1. Əməliyyat-axtarış bölmələrinin maddi-texniki bazasının təkmilləşdirilməsi DGK 2007-2008
3.2. Gömrük orqanları tərəfindən əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsini tənzimləyən daxili normativ hüquqi aktların hazırlanması, qəbulu və tətbiqi DGK 2007-2011
3.3. Gömrük ödənişlərindən yayınma, gömrük işi sahəsində qanunvericiliyin pozulması, gömrük rejimlərinin tələblərinin yerinə yetirilməməsi ilə bağlı hüquqpozmaların araşdırılması üçün gömrük orqanlarının metodik vəsaitlərlə təmin edilməsi DGK 2007-2008
3.4. Qaçaqmalçılığa və gömrük işi sahəsində digər hüquqpozmalara qarşı mübarizənin gücləndirilməsi məqsədi ilə kompleks tədbirlərin hazırlanması və həyata keçirilməsi DGK 2007-2011
3.5. Hüquqpozmaların aşkar olunmasında risklərin avtomatlaşdırılmış idarəetmə sistemindən geniş istifadənin təmin edilməsi DGK 2008-2011
3.6. Kinoloji xidmətin maddi-texniki təminatının yaxşılaşdırılması, narkotiklərin, odlu silah və partlayıcı maddələrin axtarışı üzrə, habelə mühafizə itlərinin hazırlanması işinin genişləndirilməsi DGK 2007-2011
3.7. Azərbaycan Respublikasının iqtisadi təhlükəsizliyinə və maraqlarına, insanların həyat və sağlamlığına, istehlakçıların mənafeyinə təhlükə törədə bilən halların (qaçaqmalçılıq, saxta məhsulların idxalına cəhd, malların gömrük dəyərinin düzgün bəyan edilməməsi və s.) qarşısının alınması məqsədilə müxtəlif mənbələrdən, o cümlədən xarici mənbələrdən ilkin məlumatların alınması işinin təşkil edilməsi DGK 2008-2009
4. Gömrük infrastrukturunun inkişaf etdirilməsi sahəsində
4.1. Gömrük orqanlarının texniki nəzarət vasitələri və stasionar qurğularına təchiz edilməsi DGK,
MN
2007-2011
4.2. İrihəcmli avtonəqliyyat vasitələrinə gömrük nəzarətini həyata keçirmək üçün müasir texniki nəzarət vasitələrinin alınması DGK,
MN
2007-2011
4.3. Xəzər dənizində gömrük nəzarətini həyata keçirmək üçün müasir dəniz nəqliyyatı vasitələrinin alınması MN,
DGK
2007-2009
4.4. Yüklərin müayinə edilməsi üzrə mobil və stasionar qurğular şəbəkəsinin yaradılması DGK 2009-2011
4.5. Gömrük terminallarının, gömrük anbarlarının və müvəqqəti saxlanc anbarlarının təsis edilməsi işinin genişləndirilməsi DGK 2008-2011
4.6. Gömrük brokerləri institutunun fəaliyyətə başlaması üzrə tədbirlərin həyata keçirilməsi DGK 2007-2011
4.7. Gömrük laboratoriyaları şəbəkəsinin yaradılması işinin həyata keçirilməsi DGK mütəmadi
4.8. Gömrük sərhəd-keçid məntəqələrinin beynəlxalq standartlara uyğun qurulması və təchiz edilməsi DGK 2007-2011
4.9. Gömrük infrastrukturunun yaradılmasına yardım göstərilməsi işində beynəlxalq təşkilatlarla əməkdaşlığın genişləndirilməsi DGK,
MN
2007-2011
4.10. Biləsuvar sərhəd buraxılış məntəqəsinin beynəlxalq standartlara uyğun yenidən qurulması NK,
DGK
2007-2009
4.11. Tovuz Gömrük İdarəsinin «Sınıq Körpü», «Sadıxlı», «Böyük Kəsik» gömrük postlarının beynəlxalq standartlara uyğun yenidən qurulması NK,
DGK
2008-2011
4.12. Xaçmaz Gömrük İdarəsinin «Samur» gömrük postunun beynəlxalq standartlara uyğun yenidən qurulması, «Yalama» gömrük postunun tikilməsi NK,
DGK
2007-2011
4.13. Balakən Gömrük idarəsi «Mazımçay» gömrük postunun beynəlxalq standartlara uyğun yenidən qurulması DGK 2009
4.14. Naxçıvan Gömrük İdarəsinin və terminalının tikintisi NGK 2009-2011
4.15. «Şaxtaxtı» gömrük postunun beynəlxalq standartlara uyğun yenidən qurulması NGK 2009-2011
4.16. Naxçıvan, Sumqayıt, Gəncə, Biləsuvar gömrük idarələrinin fəaliyyət zonalarında gömrük laboratoriyalarının yaradılması DGK,
NGK
2008-2009
4.17. Heydər Əliyev Beynəlxalq Aeroportunda Hava Nəqliyyatında Baş Gömrük idarəsi üçün yeni binanın inşa edilməsi DGK 2007-2008
4.18. Bakı Baş Gömrük İdarəsi üçün yeni binanın inşa edilməsi DGK 2008-2009
4.19. Gömrük xidməti üçün tibbi xidmət kompleksinin istifadəyə verilməsinin təmin edilməsi DGK 2007
5. Kadr hazırlığı və beynəlxalq əməkdaşlığın genişləndirilməsi sahəsində
5.1. İnkişaf etmiş ölkələrin gömrük orqanları ilə təcrübə mübadiləsinin, əməkdaşların ixtisasartırma kurslarında və digər tədbirlərdə təlim keçmələrinin təmin edilməsi DGK 2007-2011
5.2. Əməkdaşların peşə və ixtisas səviyyələrinin artırılması üçün gömrük işinə dair metodik və əyani dərs vəsaitlərinin hazırlanması DGK 2007-2011
5.3. Yerli və xarici mütəxəssisləri cəlb etməklə ixrac nəzarəti və digər gömrük işi ilə bağlı mövzulara həsr olunmuş seminarların təşkil edilməsi DGK 2007-2011
5.4. Gömrük orqanları əməkdaşlarının peşə biliklərinin artırılmasında Ümumdünya Gömrük Təşkilatının (ÜGT-nin) Bakıdakı Regional Tədris Mərkəzinin imkanlarından geniş istifadə edilməsi DGK mütəmadi
5.5. Tədris prosesində ÜGT-nin Tədris Modulları Sistemindən istifadə edilməsi işinin təşkili DGK 2009
5.6. Gömrük orqanları əməkdaşlarına göstərilən tibbi xidmətin maddi-texniki təminatının yaxşılaşdırılması DGK,
SN,
MN
2007-2008
5.7. Gömrük mühafizə xidməti bölmələrinin maddi texniki təminatının həyata keçirilməsi DGK,
MN
2007-2008
5.8. Azərbaycan Respublikasının gömrük xidmətinin beynəlxalq təşkilatlarla və xarici ölkələrin gömrük xidmətləri ilə ikitərəfli əlaqələrinin genişləndirilməsi DGK 2007-2011
5.9. MDB, GUAM, İƏT-ə üzv ölkələrin gömrük xidmətləri rəhbərləri Şurasının, Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq çərçivəsində Gömrük Əməkdaşlıq Komitəsinin işində fəaliyyətinin gücləndirilməsi DGK, XİN 2007-2011
5.10. BMT-nin inkişaf Proqramı, Atom Enerjisi Beynəlxalq Agentliyi, ÜGT-nin Hüquq-Mühafizə işləri üzrə Regional Rabitə Qovşağı və beynəlxalq layihələr üzrə digər proqramlar çərçivəsində əməkdaşlığın davam etdirilməsi DGK,
XİN,
İİN
2007-2011
5.11. Gömrük işi sahəsində mühüm əhəmiyyət kəsb edən beynəlxalq tədbirlərin Azərbaycan Respublikasında keçirilməsinin təşkili DGK,
XİN
2007-2011
5.12. Gömrük attaşelərinin fəaliyyətləri ilə bağlı illik fəaliyyət proqramlarının hazırlanması XİN 2008

Akronimlər:

NK — Azərbaycan Respublikasının Nazirlər Kabineti

ƏN — Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi

XİN — Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi

MN — Azərbaycan Respublikasının Maliyyə Nazirliyi

İİN — Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi

SN — Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi

DGK — Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi

MB — Azərbaycan Respublikasının Milli Bankı

NGK — Naxçıvan Muxtar Respublikasının Gömrük Komitəsi

© VES Consultancy LLC
    © 2006, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Supported by «Marco Computer Technologies» Dizayn MEQA şirkəti tərəfindən hazırlanıb