Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi
             Az | Ru | En |
          
 
 
   

Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf edir


Azərbaycan iqtisadiyyatında, əvvəlki illərdə olduğu kimi, 2008-ci ilin birinci rübündə də böyük nailiyyətlər əldə olunmuşdur. Ölkəmizdə istehsal olunan Ümumi Daxili Məhsulun həcmi bu ilin ilk üç ayında 14 faiz artmışdır. Ümumiyyətlə, ÜDM-nin artımı 4 il müddətində ən yüksək həddə - 90 faizə qalxmışdır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilmiş Nazirlər Kabinetinin 2008-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında dövlət başçısı vurğulamışdır ki, ötən üç ay ərzində ölkəmizdə sənaye istehsalı da eyni sürətlə artmışdır. Neft-qaz sektorunda 12,9%, qeyri-neft sektorunda 11,3%, aqrar sektorda 3,5%, yük daşımalarında 12,8% və investisiyaların həcmində isə 21,4% artım olmuşdur. Bununla yanaşı, orta əmək haqları 26,5%, əhalinin pul gəlirləri isə 33% artmışdır. Bütün bu artımlar onu göstərir ki, ümumiyyətlə, 2008-ci il ölkəmiz və xalqımız üçün tərəqqi və inkişaf ili olacaqdır.
İclasda o da qeyd edilmişdir ki, Azərbaycan Respublikası adambaşına düşən büdcə gəlirlərinin həcminə görə Müstəqil Dövlətlər Birliyində qabaqcıl yerlərdən birini tutur. İqtisadiyyatımızın inkişaf tempinə uyğun olaraq valyuta ehtiyatlarımız da artmaqdadır. Artıq bu ehtiyatların həcmi 9 milyard dollar təşkil edir. Bütün bunlar dövlətimizə əlavə güc verir, iqtisadiyyatımızın inkişafını sürətləndirir, əhalinin sosial rifahını yüksəldir və Azərbaycanın milli maraqlarını təmin edir.
Prezident İlham Əliyev onu da qeyd etmişdir ki, sosial proqramların həlli ölkənin iqtisadi imkanlarından asılıdır. İnamla demək olar ki, bu imkanlar sürətlə artır və həmin artımın da əsasını iqtisadi və siyasi islahatların çox uğurla həyata keçirilməsi təşkil edir. Məhz bunun sayəsində də hazırlanan sosial proqramların icrası sürətlənməkdədir. Elə bu artımın əsasında da 2008-ci ilin 1 yanvarından minimum əmək haqqının və minimum pensiyaların həcmi 50 manatdan 60 manata çatdırılmış, 400 min nəfər aztəminatlı vətəndaşlara ünvanlı sosial yardım verilmişdir. Yaxın vaxtlarda bu pensiyaların və sosial yardımların daha da artırılması nəzərdə tutulmuşdur. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının uğurla həyata keçirilməsi sayəsində ayrı-ayrı bölgələrin təbii resurslarından, əmək ehtiyatlarından daha dolğun istifadə edilir və yeni-yeni müasir sənaye sahələri işə salınır, emal müəssisələri yaradılır. Məhz bunların nəticəsi kimi, qeyd etmək olar ki, cəmi 4 il ərzində 668 min yeni iş yerləri, o cümlədən 478 min daimi iş yerləri açılmışdır.
Dövlət başçısı Nazirlər Kabinetinin iclasındakı çıxışında qeyri-neft sektorunun inkişafına diqqətin daha da artırıldığını, bütün bölgələrdə yeni-yeni sənaye obyektlərinin işə salınmasını və həmin sahələrə güclü investisiyaların yatırılmasını qeyd edərək, həmin sektorun gələcəkdə də sürətli inkişafa nail olunacağını söyləmişdir. Çünki qeyri-neft sektorunun inkişafı həm iqtisadiyyatın şaxələndirilməsində, həm sosial məsələlərin həllində, həm də regionların sosial inkişafında xüsusi rol oynayır. Elə bu səbəbdən az vaxt ərzində regionlara qoyulan investisiyalar hesabına nəhəng infrastrukturlar yaradılmış - yeni magistral yollar, elektrik stansiyaları tikilmiş, suvarma kanalları, qaz xətləri çəkilmiş, yüzlərlə sosial obyektlər - məktəblər, xəstəxanalar, mədəniyyət evləri və s. istifadəyə verilmişdir. Bütün bunların sayəsində sahibkarlıq fəaliyyəti genişlənmiş, güclü sahibkarlar ordusu formalaşmışdır. Hazırkı iqtisadiyyatımızın böyük əksəriyyəti - 80%-i də məhz özəl bölmənin payına düşmüşdür.
Prezident İlham Əliyev öz nitqində Qarabağ münaqişəsinin həlli məsələsinə də toxunaraq, bu istiqamətdə Azərbaycan dövlətinin dəyişməz və qəti mövqeyini bir daha önə çəkmişdir. Dövlət başçısı göstərmişdir ki, Azərbaycan 15 ildən bəri davam edən bu problemin sülh yolu ilə ədalətlə həll edilməsinə tərəfdardır, lakin Ermənistan sülh proseslərini hər vasitə ilə ləngidir və onun çözülməsinə müxtəlif maneələr yaradır. Prezident bir daha qeyd etmişdir ki, Azərbaycan öz torpaqlarının bircə qarışını da heç kəsə vermək fikrində deyil və hansı yolla olursa-olsun Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir.
Nəhayət, dövlət başçısı nitqinin sonunda demişdir: "Çox sevindirici haldır ki, bütün sahələr üzrə bizim proqramlarımız, icra mexanizmlərimiz, maliyyə resurslarımız var və biz fəaliyyətlərimizi sistemli şəkildə artırırıq. Sosial, iqtisadi və siyasi islahatlar və digər başqa sahələrdə keçirilən islahatlar bizi ruhlandırır, lakin biz əldə etdiyimiz nailiyyətlərlə kifayətlənməməliyik. Daim irəliyə baxmalıyıq. Elə etməliyik ki, ölkəmiz inkişaf etsin, insanlarımız daha yaxşı yaşasınlar".
    © 2006 — 2008, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Supported by «Marco Computer Technologies» Dizayn MEQA şirkəti tərəfindən hazırlanıb