Financial and Legal Consulting of The CIS Regional Cluster
             Az | Ru | En |
          
 
 
   
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi və Macarıstan Respublikası Gömrük və Maliyyə Mühafizə Xidməti arasında
əməkdaşlıq haqqında
Protokol

Bir tərəfdən Azərbaycan Respublikası və digər tərəfdən Avropa İttifaqı və onun Üzv dövlətləri arasında 22 aprel 1996-cı il tarixində imzalanmış Tərəfdaşlıq və Əməkdaşlıq haqqında Sazişin gömrük işi ilə bağlı səlahiyyətli orqanlar arasında qarşılıqlı yardıma dair Protokolunun həyata keçirilməsi məqsədilə, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Sədri və Macarıstan Respublikası Gömrük və Maliyyə Mühafizəsinin Komissarı (bundan sonra — Tərəflər) 3 fevral 2006-cı il tarixində Bakıda danışıqlar aparmışlar.

Tərəflər qarşılıqlı bilik və təcrübə mübadiləsi vasitəsilə hər iki gömrük idarəsi arasında əməkdaşlığı inkişaf etdirmək və gücləndirmək, eləcə də hər iki təşkilatın fəaliyyətinin səmərəliliyinə yardım etmək barədə razılığa gəldilər.

Bu Protokolda qeyd olunan əməkdaşlıq, bir tərəfdən Azərbaycan Respublikası və digər tərəfdən Avropa İttifaqı və onun Üzv dövlətləri arasında 22 aprel 1996-cı il tarixində Lüksemburqda imzalanmış Tərəfdaşlıq və Əməkdaşlıq haqqında Sazişin gömrük işi ilə bağlı səlahiyyətli orqanlar arasında qarşılıqlı yardıma dair Protokoluna əsaslanır.

Tərəflər razılığa gəldilər ki, tətbiq olunan gömrük prosedurları, o cümlədən ixrac və idxal üzrə gömrük rəsmiləşdirilməsi ilə bağlı məlumat mübadiləsi və gömrük rəsmiləşdirmələrinin praktik tətbiqində meydana çıxan problemlərin həll olunması istiqamətində tədbirlərlə qarşılıqlı tanışlıq hər iki ölkə arasında ticarəti inkişaf etdirməyə kömək edir.

Tərəflər hər iki ölkənin iqtisadi maraqlarını müdafiə etmək üçün gömrük qanunvericiliyinin pozulmasının qarşısını almaq məqsədilə öz səlahiyyətləri çərçivəsində birgə tədbirlərin görülməsinin zəruri olması razılığına gəldilər.

Tərəflər gömrük prosedurlarının əlaqələndirilməsi və səmərəliliyinin təmin edilməsi məqsədilə öz ölkələrinin gömrük qanunvericiliklərinin digər Tərəfin mütəxəssisləri tərəfindən istifadəsinə imkanın yaradılmasını və gömrük qanunvericiliyinin tətbiqi və bu sahədə əldə olunmuş nəticələr barədə bir-birinə qarşılıqlı şəkildə məlumat verilməsini zəruri hesab edirlər.

Bu Protokolun tətbiq edilməsi üçün Tərəflər gömrük prosedurlarının sadələşdirilməsindən başqa, gömrük mütəxəssislərinə təlim keçilməsini əhəmiyyətli hesab edirlər.

Tərəflər yuxarıda qeyd olunmuş prinsiplərə əsaslanaraq aşağıdakılar barədə razılığa gəldilər:
    1. Tərəflər Azərbaycanda və Macarıstanda tətbiq olunan gömrük qanunvericiliyi, sadələşdirmələr və uyğunlaşdırma, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər barədə bir-birini məlumatlandıracaqlar.

    2. Tərəflər onların gömrük orqanları tərəfindən əldə olunmuş peşəkar nəticələr, xüsusilə gömrük prosedurlarının sadələşdirilməsi və uyğunlaşdırılması sahəsində tətbiq olunan metodlar barədə bir-birini məlumatlandıracaqlar.

    3. Tərəflər hər iki gömrük idarəsi arasında əməkdaşlığı gücləndirmək məqsədilə müəyyən tapşırıqları yerinə yetirmək üçün müvafiq əlaqələndirici şəxslər təyin edəcəklər.

    4. Tərəflər gömrük idarələri arasında ikitərəfli əməkdaşlığı inkişaf etdirmək məqsədilə bu sahədə bilik və təcrübə mübadiləsi edəcəklər.

    5. Tərəflər gömrük qanunvericiliyi və gömrük prosedurlarının təcrübi tətbiqi zamanı meydana çıxan çətinliklər və çatışmazlıqlar, eləcə də ikitərəfli ticarətin inkişafına kömək istiqamətində müvafiq çıxış yolları və tədbirlər barədə məsləhətləşmələr aparacaqlar.
Macarıstan Tərəfi Azərbaycanın gömrük sisteminin Avropa İttifaqının gömrük sisteminə uyğunlaşdırılmasını təşviq etmək üçün Macarıstan Res-publikasının Avropa İttifaqına daxil olma prosesində əldə etdiyi təcrübəni Azərbaycan tərəfinin mütəxəssisləri ilə bölüşməyə hazır olduğunu ifadə etmişdir.

Tərəflər hər iki gömrük idarəsinin rəhbərləri və ya mütəxəssislərinin müəyyən bir tarixdə qarşılıqlı razılaşmanın mövzuları və məsələlərini, eləcə də qarşılıqlı şəkildə razılaşdırılmış gündəliyi müzakirə etmək məqsədilə görüşməsi barədə razılığa gəldilər.

Macarıstan Tərəfi bu Protokolun icrasında Macarıstan Respublikasının Avropa Birliyinə daxil olmasına dair 16 aprel 2003-cü il tarixində Afinada imzalanmış Müqaviləyə və Macarıstan Respublikasının milli qanunvericiliyinə uyğun olaraq fəaliyyət göstərəcəyini bəyan etmişdir.

Bu Protokol bir tərəfdən Azərbaycan Respublikası və digər tərəfdən Avropa İttifaqı və onun Üzv dövlətləri arasında Tərəfdaşlıq və Əməkdaşlıq haqqında Sazişin gömrük işi ilə bağlı səlahiyyətli orqanlar arasında qarşılıqlı yardıma dair Protokolunun 13-cü maddəsinin 1-ci və 2-ci bəndləri əsasında bağlanmış və imzalanmışdır.

Bu Protokol 2006-cı il fevralın 3-də Bakı şəhərində Azərbaycan, macar və ingilis dillərində iki əsl nüsxədə imzalanmışdır, bütün mətnlər autentikdir. Protokolun təfsiri zamanı fikir ayrılığı yarandığı təqdirdə, ingilis dilindəki mətnə üstünlük veriləcəkdir.

Azərbaycan Respublikası
Dövlət Gömük Komitəsi
adından

(imza)
Macarıstan Respublikası
Gömrük və Maliyyə
Mühafizə Xidməti adından

(imza)


«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 mart 2006-cı il, № 3, maddə 247) («VneshExpertService»).

© VneshExpertService
Rəsmi məlumatlar Arxiv    
06.10.2007
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 2-də Prezident sarayında Qara Dəniz və Xəzər Dənizi Sahibkarlar Konfederasiyaları Birliyinin və Türk Sənayeçiləri və İş Adamları Birliyinin prezidenti Arzuxan Doğanı, Mərmərə qrupu vəqfinin sədri Akkan Suveri və ATA Holdinqin baş direktoru Əhməd Erentoku qəbul etmişdir. Azərbaycan Prezidenti ölkəmizdə “Qara dəniz və Xəzər dənizi regionunda regional birbaşa xarici investisiyalar” mövzusunda beynəlxalq konfransın keçirilməsinin böyük əhəmiyyətə malik olduğunu qeyd etdi və konfrans iştirakçılarına təbrik məktubu ünvanladığını bildirdi.

Daha ətraflı
06.10.2007
Azərbaycan və Xorvatiya arasında ikitərəfli münasibətlərin böyük perspektivləri var. Xorvatiya Prezidenti Stepan Mesiçin Azərbaycana rəsmi səfəri
Oktyabrın 2-3 tarixlərində Xorvatiya Respublikasının Prezidenti Stepan Mesiç Azərbaycanda rəsmi səfərdə olmuşdur.
Xorvatiya Respublikasının Prezidenti Stepan Mesiç oktyabrın 2-də Fəxri xiyabana gəlmişdir.
Xorvatiya dövlətinin başçısı türk dünyasının görkəmli oğlu, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla anaraq, məzarı önünə əklil qoydu.
Xorvatiya Prezidenti görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üstünə də tər gül dəstəsi qoydu.

Daha ətraflı
06.10.2007
MDB dövlət başçılarının növbəti zirvə toplantısı keçirilir
Oktyabrın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev MDB üzvü olan ölkələrin dövlət başçılarının növbəti zirvə toplantısında iştirak etmək üçün Tacikistanın paytaxtı Düşənbəyə yola düşmüşdür.
Düşənbə hava limanında Prezident İlham Əliyevi Tacikistanın nəqliyyat və kommunikasiyalar naziri Əbdürəhim Aşur və MDB-nin İcraiyyə Komitəsinin sədri - icraçı katib Vladimir Ruşaylo və digər rəsmi şəxslər qarşılamışlar.

Daha ətraflı
    © 2006 — 2007, Financial and Legal Consulting of The CIS Supported by «Marco Computer Technologies» Dizayn MEQA şirkəti tərəfindən hazırlanıb