Financial and Legal Consulting of The CIS Regional Cluster
             Az | Ru | En |
          
 
 
   
Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası Hökuməti arasında gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında
Saziş

  Bundan sonra «Tərəflər» adlandırılan Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası Hökuməti, dostluq münasibətlərini, o cümlədən gömrük işi sahəsində əməkdaşlıq vasitəsilə inkişaf etdirməyi arzulayaraq, Tərəflərin dövlətləri arasında ticarət-iqtisadi əlaqələrin inkişafına və genişləndirilməsinə gömrük orqanlarının əməkdaşlığı vasitəsilə imkan yaratmağa səy göstərərək, gömrük qanunvericiliyinə riayət edilməsinin və gömrük hüquqpozmaları ilə mübarizənin Tərəflərin dövlətlərinin gömrük orqanlarının əməkdaşlığı ilə daha müvəffəqiyyətlə həyata keçirilə biləcəyini nəzərə alaraq, aşağıdakılar barədə razılığa gəldilər:

Maddə 1. Təriflər
Bu Sazişin məqsədləri üçün tətbiq olunan terminlər aşağıdakıları ifadə edir:
  • gömrük qanunvericiliyi—Tərəf dövlətlərin malların gətirilməsi, aparılması və tranziti, sərnişinlərin əl yükləri və baqajlarının, valyuta və
  • başqa qiymətlilərin, beynəlxalq poçt göndərişlərinin, malların gömrük rəsmiləşdirilməsini, gömrük rüsumları, yığımları və digər ödənişlərin tutulmasını, imtiyazların verilməsini, qadağan və məhdudiyyətlərin qoyulmasını, həmçinin Tərəf dövlətlərin gömrük sərhədlərindən malların keçirilməsinə nəzarət qaydalarını tənzimləyən hüquqi normaların məcmusu;
  • səlahiyyətli gömrük orqanları:
  • Azərbaycan Respublikasında—Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi;
  • Belarus Respublikasında—Belarus Respublikasının Dövlət Gömrük Komitəsi;
  • sorğu göndərən gömrük orqanı—gömrük məsələləri üzrə yardım göstərilməsi barədə sorğu göndərən Tərəf dövlətin səlahiyyətli gömrük orqanı;
  • sorğu alan gömrük orqanı—gömrük məsələləri üzrə yardım göstərilməsi barədə sorğu alan Tərəf dövlətin səlahiyyətli gömrük orqanı;
  • gömrük hüquqpozması—gömrük qanunvericiliyinin normalarının pozulması;
  • narkotik vasitələr—1961-ci il tarixli Narkotik vasitələr haqqında BMT-nin Vahid Konvensiyasının siyahılarına daxil edilmiş maddələr;
  • psixotrop maddələr—1971-ci il tarixli psixotrop maddələr haqqında BMT-nin Konvensiyasının siyahılarına daxil edilmiş maddələr;
  • prekursorlar—1988-ci il tarixli Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında BMT-nin Konvensiyasının siyahılarına daxil edilmiş maddələr;
  • nəzarətli göndəriş—Tərəflərin dövlətlərinin ərazisinə Tərəf dövlətlərin səlahiyyətli orqanlarının razılığı ilə və onların nəzarəti altında qanunsuz, yaxud şübhə doğuran narkotik vasitə partiyalarının, psixotrop maddə və prekursorların, həmçinin digər qanunsuz keçirilən malların, əşyaların və maddələrin onların qanunsuz dövriyyəsinə cəlb olunmuş şəxslərin müəyyən edilməsi məqsədilə gətirilməsi, tranziti və ya aparılmasına yol verilən göndəriş;
  • gömrük təminatları—plomblar, möhürlərin, ştampların şəkilləri.
Maddə 2. Sazişin tətbiq dairəsi
Tərəflər bu Sazişə əsasən və öz dövlətlərinin səlahiyyətli gömrük orqanları vasitəsilə və Tərəflərin dövlətlərinin qanunvericiliyinə riayət edərək aşağıdakı məqsədlər üçün əməkdaşlıq edəcəklər:

a) Tərəflərin dövlətləri arasında ticarət-iqtisadi əlaqələrin inkişaf etdirilməsi və genişləndirilməsi;

b) gömrük rüsumlarının, yığımlarının və digər ödənişlərinin düzgün yığılmasının təmin edilməsi, həmçinin gömrük imtiyazlarının tətbiqi;

c) gömrük hüquqpozmalarının qarşısının alınması, araşdırılması və aradan qaldırılmasında qarşılıqlı fəaliyyət.

Maddə 3. Gömrük rəsmiləşdirilməsinin sadələşdirilməsi
Səlahiyyətli gömrük orqanları:

a) gömrük rəsmiləşdirilməsinin sadələşdirilməsi üzrə zəruri tədbirləri Tərəf dövlətlərin qanunvericiliyinə müvafiq olaraq qarşılıqlı razılaşma əsasında qəbul edirlər;

b) bir-birinin gömrük təminatlarını və gömrük sənədini tanıyırlar, zərurət yarandıqda isə keçirilən mallara öz xüsusi gömrük təminatlarını qoyurlar.

Maddə 4. Təsdiqedici sənədlərin təqdim edilməsi
Səlahiyyətli gömrük orqanları bir-birlərinə sorğu əsasında bir Tərəfin dövlətinin ərazisindən aparılan və ya ərazisinə gətirilən malların qanuni əsaslarla digər Tərəfin dövlətinin ərazisinə gətirildiyini və ya onun ərazisindən aparıldığını təsdiqləyən sənədləri təqdim edirlər; Təsdiqedici sənədlərdə malların rəsmiləşdirildiyi gömrük prosedurlarının növü və nəticələri göstərilir.

Maddə 5. Narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə

1. Səlahiyyətli gömrük orqanları narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsinin qarşısının alınması, araşdırılması və aradan qaldırılması üzrə hərəkətlərin fəallaşdırılması məqsədilə yardım haqqında ilkin sorğu verilmədən və mümkün qədər qısa müddətdə narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsi üçün istifadə olunduğu məlum olan nəqliyyat vasitələri, o cümlədən konteynerlər və poçt göndərişləri haqqında bir-birinə məlumat verirlər.

2. Səlahiyyətli gömrük orqanları yardım haqqında ilkin sorğu verilmədən narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsinin tətbiq olunan üsulları haqqında bir-birini məlumatlandırırlar.

3. Bu maddənin 1-ci və 2-ci bəndlərinə uyğun olaraq alınmış məlumat, xəbər və sənədlər Tərəf dövlətlərin qanunvericiliyinə uyğun olaraq narkomaniya və narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsinə qarşı mübarizə aparan hüquq mühafizə orqanlarına və başqa orqanlara verilə bilər.

Maddə 6. Nəzarətli göndəriş

1. Səlahiyyətli gömrük orqanları qarşılıqlı icazə və razılaşma əsasında Tərəf dövlətlərin digər hüquq mühafizə orqanları ilə qarşılıqlı fəaliyyətdə nəzarətli göndərişdən istifadə edə bilərlər.

2. Nəzarətli göndərişdən cinayət törədilməsi aləti, yaxud vasitəsi olan digər əşyalara və ya cinayət yolu ilə əldə edilmiş əşyalara və ya hüquqazidd əməllərin qaçaqmalçılıq olduğu əşyalara münasibətdə istifadə oluna bilər.

3. Nəzarətli göndərişdən istifadə və onun həyata keçirilmə formaları barədə qərar ayrılıqda hər bir halda Tərəf dövlətlərin qanunvericilikləri ilə müəyyən edilmiş qaydada qəbul edilir və zərurət yarandıqda maliyyə məsələlərinə və onların həyata keçirilməsi qaydasına dair razılaşmalar nəzərə alına bilər.

Maddə 7. Məlumatların verilməsi

1. Səlahiyyətli gömrük orqanları yardım haqqında sorğu üzrə, o cümlədən məlumatların, protokolların və digər materialların və ya onların təsdiq olunmuş surətlərinin göndərilməsi yolu ilə sərəncamlarında olan aşağıdakı məlumatları bir-birinə verirlər:

  a) gömrük rüsumlarının, yığımlarının və digər ödənişlərin yığılması ilə, həmçinin gömrük imtiyazlarının tətbiqi ilə bağlı hallar haqqında;

  b) sorğu alan Tərəfin dövlətinin qanunvericiliyinə zidd olan törədilmiş, yaxud hazırlanan hərəkətlər haqqında.

2. Səlahiyyətli gömrük orqanları mümkün qədər qısa müddətdə, o cümlədən ilkin sorğu verilmədən Tərəf dövlətlərin mübarizə aparılmasına xüsusi maraq göstərdiyi mümkün gömrük hüquqpozması barədə məlumatı bir-birinə verirlər. Bu, ilk növbədə, aşağıdakıların keçirilməsi zamanı gömrük hüquq pozuntularına aiddir:

  a) ətraf mühitə və ya əhalinin sağlamlığına təhlükə törədə biləcək mallar;

  b) silah, döyüş sursatı, partlayıcı və zəhərləyici maddələr, partlayış qurğuları;

  c) mühüm tarixi, bədii, mədəni və ya arxeoloji əhəmiyyət kəsb edən əşyalar;

  d) xüsusi əhəmiyyət kəsb edən və Tərəf dövlətlərin qanunvericiliklərinə uyğun surətdə gömrük orqanları tərəfindən yığılan, gömrük rəsmiləşdirilməsi zamanı üzərinə yüksək gömrük rüsumlarının, aksizlərin və digər vergilərin qoyulduğu mallar.

Maddə 8. Sənədlərin verilməsi

1. Tərəf dövlətlərin səlahiyyətli gömrük orqanları gömrük məsələləri üzrə qanunvericilik və ya digər normativ aktların surətlərini öz aralarında mübadilə edirlər və gömrük qanunvericiliyinə edilmiş bütün dəyişikliklər və əlavələr barədə təxirə salınmadan bir-birini məlumatlandırırlar.

2. Bir Tərəfin dövlətinin səlahiyyətli gömrük orqanı digər Tərəfin dövlətinin səlahiyyətli gömrük orqanının yardım barədə sorğusu üzrə gömrük qanunvericiliyinin pozuntuları haqqında işlər üzrə inzibati orqanların qərarlarının surətlərini göndərir.

3. Bu maddəyə uyğun olaraq sənədlərin verilməsi haqqında sorğularda bu Sazişin 12-ci maddəsinin 2-ci bəndinin «f» yarımbəndində nəzərdə tutulan tələbdən fərqli olaraq, məsələnin mahiyyəti təsvir olunmaya bilər.

4. Sənədlərin alınması sorğu göndərən səlahiyyətli gömrük orqanı tərəfindən alınma tarixi göstərilməklə təsdiq edilir.

Maddə 9. Təcrübə mübadiləsi və yardım göstərilməsi

1. Səlahiyyətli gömrük orqanları aşağıdakılar barədə məlumat mübadiləsi edirlər:

  a) özünün fəaliyyət təcrübəsi və texniki nəzarət vasitələrinin tətbiqi barədə;

   b) gömrük hüquq pozuntularının törədilməsinin yeni vasitə və üsulları barədə;

  c) hər iki Tərəf üçün maraq doğuran digər gömrük məsələləri üzrə.

2. Səlahiyyətli gömrük orqanları gömrük işi sahəsində aşağıdakılar daxil olmaqla, bir-birinə yardım göstərirlər:

  a) qarşılıqlı maraq kəsb edən hallarda, eləcə də səlahiyyətli gömrük orqanları tərəfindən istifadə edilən texniki vasitələrlə tanış olmaq məqsədilə əməkdaşların mübadiləsi;

  b) əməkdaşların təlimi və onların xüsusi vərdişlərinin təkmilləşdirilməsi;

  c) gömrük məsələləri üzrə ekspertlərin mübadiləsi;

  d) gömrük məsələlərinə aid olan peşə, elmi və texniki məlumatların mübadiləsi.

Maddə 10. Araşdırma

1. Bir Tərəfin dövlətinin səlahiyyətli gömrük orqanının yardım haqqında sorğusu üzrə digər Tərəfin dövlətinin səlahiyyətli gömrük orqanı bu Sazişin 2-ci maddəsinin «b» və «c» yarımbəndlərində nəzərdə tutulmuş məsələlər üzrə yoxlama və ya araşdırma aparır. Yoxlama və ya araşdırmanın nəticələri barədə sorğu göndərən səlahiyyətli gömrük orqanına məlumat verilir.

2. Yoxlama və ya araşdırma sorğu alan Tərəfin dövlətinin ərazisində qüvvədə olan qanunvericiliyə uyğun olaraq aparılır. Sorğu alan səlahiyyətli gömrük orqanı öz adından hərəkət edərək yoxlama və ya araşdırma aparır.

3. Sorğu alan səlahiyyətli gömrük orqanı sorğu göndərən səlahiyyətli gömrük orqanının vəzifəli şəxslərinə belə yoxlama və ya araşdırmalarda iştirak etməyə icazə verə bilər.

4. Bu Sazişdə nəzərdə tutulmuş hallarda bir Tərəfin dövlətinin səlahiyyətli gömrük orqanının vəzifəli şəxsləri digər Tərəfin dövlətinin ərazisində olduqları dövr ərzində öz rəsmi səlahiyyətlərini təsdiq edən sənədə malik olmalı, geyim forması daşımamalı və silahlı olmalıdırlar.

Maddə 11. Ekspertlər və şahidlər

1. Əgər baxılan gömrük hüquqpozmaları ilə bağlı bir Tərəfin dövlətinin məhkəmə və ya inzibati orqanları yardım haqqında müvafiq sorğu ilə müraciət edirlərsə, digər Tərəfin dövlətinin səlahiyyətli gömrük orqanı öz əməkdaşlarına belə məhkəmə və ya inzibati araşdırmalarda şahid və ya ekspert qismində iştirak etmək səlahiyyəti verə bilər. Bu əməkdaşlar öz xidməti vəzifələrini yerinə yetirdikləri zaman müəyyən etdikləri faktlar üzrə ifadə və ya rəy verirlər. Məhkəmə və ya inzibati araşdırmalarda iştirak barədə sorğuda sorğu alan səlahiyyətli gömrük orqanının əməkdaşının hansı iş üzrə və hansı qisimdə çıxış etmələri göstərilməlidir.

Maddə 12. Sorğunun forması və məzmunu

1. Yardım haqqında sorğular yazılı şəkildə, onların yerinə yetirilməsi üçün zəruri olan sənədlərin rəsmən təsdiq olunmuş surətləri və ya kserosurətləri əlavə olunmaqla göndərilir. Müstəsna hallarda şifahi sorğu qəbul edilə bilər, lakin o, təxirə salınmadan yazılı fomada təsdiq edilməlidir.

2. Bu Sazişə əsasən verilmiş yardım haqqında sorğularda aşağıdakı məlumatlar olmalıdır:

  a) sorğunu göndərən səlahiyyətli gömrük orqanının adı;

   b) sorğunu alan səlahiyyətli gömrük orqanının adı;

  c) yardım haqqında sorğunun mövzusu və səbəbi;

  d) prosedurun növü;

   e) soyadlar, ünvanlar və prosedurun iştirakçıları haqqında digər məlumatlar;

  f) işin mahiyyətinin qısa təsviri və onun hüquqi tövsifi;

  g) yardım haqqında sorğunun icrası üçün zəruri olan digər məlumatlar.

3. Yardım haqqında sorğu, sorğu göndərən səlahiyyətli gömrük orqanının hüquqi səlahiyyətli şəxsi tərəfindən imzalanmalı və gerbli möhürlə təsdiq edilməlidir.

Maddə 13. Sorğuların icrası

1. Səlahiyyətli gömrük orqanları öz dövlətlərinin qanunvericiliyinə uyğun olaraq və öz səlahiyyətləri çərçivəsində sorğuların icrası yolu ilə bir-birinə yardım göstərirlər.

2. Sorğunun icrasının sorğu alan səlahiyyətli gömrük orqanının dövlətinin suverenliyinə, təhlükəsizliyinə zərər gətirə biləcəyi, yaxud onun qanunvericiliyinə və ya beynəlxalq öhdəliklərinə zidd olduğu halda yardım haqqında sorğunun icrasından imtina olunur.

3. Sorğu göndərən səlahiyyətli gömrük orqanına yardım haqqında sorğunun yerinə yetirilməsindən imtina, eləcə də imtinanın səbəbləri haqqında yazılı formada bildirilir.

Maddə 14. Sənədlər

1. Yardım haqqında sorğu üzrə sənədlərin əslinin göndərilməsi rəsmi təsdiq edilmiş surətlərin və ya kserosurətlərin kifayət etmədiyi hallarda həyata keçirilir.

2. Sənədlərin əsli mümkün qədər qısa müddətdə sorğu göndərən səlahiyyətli gömrük orqanına qaytarılmalıdır.

Maddə 15. Alınmış məlumatlardan və sənədlərdən istifadə

1. Səlahiyyətli gömrük orqanları öz protokollarında, məlumatlarında və digər materiallarında, nəzərdən keçirilən gömrük hüquqpozmaları ilə bağlı araşdırmalar apararkən, məhkəmə və ya inzibati araşdırmalarda bu Sazişə müvafiq surətdə alınmış məlumatlardan və sənədlərdən sübut kimi istifadə edə bilərlər. Bu məlumatların məhkəmə və ya inzibati araşdırmalarda qiymətləndirilməsi sorğu göndərən səlahiyyətli gömrük orqanının dövlətinin qanunvericiliyinə uyğun olaraq həyata keçirilir.

2. Bu Sazişin həyata keçirilməsi zamanı alınmış informasiya, sənədlər və digər məlumatlardan yalnız bu Sazişin məqsədləri üçün istifadə olunur. Onlar yalnız bu sənədləri verən səlahiyyətli gömrük orqanının yazılı razılığı ilə Tərəflərin dövlətlərinin cinayətkarlığa qarşı mübarizə ilə bağlı olmayan digər dövlət orqanlarına verilə və ya onların tərəfindən istifadə edilə bilər.

3. Bu Sazişə müvafiq surətdə Tərəflərdən birinin dövlətinin səlahiyyətli gömrük orqanına verilmiş hər hansı formalı sorğular, informasiya, ekspertiza aktları və digər məlumatlar onları almış səlahiyyətli gömrük orqanı tərəfindən onun dövlətində milli qanunvericiliyinə müvafiq surətdə, analoji xarakterli və məzmunlu, öz informasiyası üçün mövcud olan konfidensiallıq rejimi ilə təmin olunur.

Maddə 16. Xərclərin ödənilməsi

1. Sorğu göndərən səlahiyyətli gömrük orqanı sorğu alan səlahiyyətli gömrük orqanına bu Sazişin yerinə yetirilməsi zamanı sorğunu alan səlahiyyətli gömrük orqanında işləməyən ekspert və tərcüməçilərin əmək haqqının verilməsinə sərf edilən xərcləri ödəyir.

2. Bu Sazişin 9-cu maddəsinin müddəalarının icrası ilə bağlı xərclərin ödənilməsi Tərəflərin dövlətlərinin səlahiyyətli gömrük orqanları arasında ayrı-ayrı razılaşmaların mövzusu ola bilər.

Maddə 17. Sazişin həyata keçirilməsi

1. Bu Sazişdə nəzərdə tutulan əməkdaşlıq bilavasitə səlahiyyətli gömrük orqanları arasında həyata keçirilir.

2. Səlahiyyətli gömrük orqanları öz səlahiyyətləri çərçivəsində bu Sazişin həyata keçirilməsi üçün zəruri normativ aktları dərc edirlər.

3. Tərəflərin dövlətlərinin səlahiyyətli gömrük orqanları bu Sazişin həyata keçirilməsi üçün ikitərəfli gömrük əlaqələrinin bütün kompleksi üzrə, o cümlədən bu Sazişlə nəzərdə tutulmuş sorğuların icra mexanizmi barədə ayrıca sazişlər bağlaya bilərlər.

Maddə 18. Ünsiyyət

Bu Sazişin yerinə yetirilməsi zamanı Tərəflərin dövlətlərinin səlahiyyətli gömrük orqanları bir-biri ilə ünsiyyətdə rus dilindən istifadə edirlər.

Maddə 19. Sazişin dəyişdirilməsi
Tərəflərin qarşılıqlı razılığı ilə bu Sazişə onun ayrılmaz hissəsi olan və bu Sazişin 20-ci maddəsi ilə müəyyən olunmuş qaydaya uyğun olaraq qüvvəyə minən Protokollarla rəsmiləşdirilən dəyişiklik və əlavələr edilə bilər.

Maddə 20. Yekun müddəalar

1. Bu Sazişin müddəaları Tərəf dövlətlərin onların iştirakçısı olduqları digər beynəlxalq müqavilələr üzrə hüquq və öhdəliklərinə toxunmur.

2. Tərəflər bu Sazişin təfsiri və tətbiqi ilə əlaqədar bütün mübahisəli məsələləri danışıqlar və məsləhətləşmələr yolu ilə həll edəcəklər.

3. Bu Saziş Tərəflərin onun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurları yerinə yetirməsi barədə diplomatik kanallarla sonuncu yazılı bildirişin alınması tarixindən otuz təqvim günü sonra qüvvəyə minir və beş il müddətində qüvvədə olur, bundan sonra əgər Tərəflərin heç biri müvafiq müddətin bitməsinə alti ay qalmış onun qüvvəsini ləğv etmək niyyətini yazılı şəkildə bildirməzsə, Saziş avtomatik olaraq növbəti beş il müddətinə uzadılacaqdır.

Bu Saziş Bakı şəhərində 5 noyabr 2004-cü ildə Azərbaycan və rus dillərində olmaqla, iki əsl nüsxədə imzalanmışdır və bütün mətnlər autentikdir. Sazişin müddəalarının təfsirində fikir ayrılığı yarandıqda rus dilindəki mətn əsas götürülür.

Azərbaycan Respublikası Hökuməti adından (imza) Belarus Respublikası Hökuməti adından (imza)


Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 mart tarixli, 824-IIQ nömrəli Qanunu ilə təsdiq edilmişdir.

«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir
(31 mart 2005-ci il, ¹ 3, maddə 135) («VneshExpertService»).

© VneshExpertService
Rəsmi məlumatlar Arxiv    
06.10.2007
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 2-də Prezident sarayında Qara Dəniz və Xəzər Dənizi Sahibkarlar Konfederasiyaları Birliyinin və Türk Sənayeçiləri və İş Adamları Birliyinin prezidenti Arzuxan Doğanı, Mərmərə qrupu vəqfinin sədri Akkan Suveri və ATA Holdinqin baş direktoru Əhməd Erentoku qəbul etmişdir. Azərbaycan Prezidenti ölkəmizdə “Qara dəniz və Xəzər dənizi regionunda regional birbaşa xarici investisiyalar” mövzusunda beynəlxalq konfransın keçirilməsinin böyük əhəmiyyətə malik olduğunu qeyd etdi və konfrans iştirakçılarına təbrik məktubu ünvanladığını bildirdi.

Daha ətraflı
06.10.2007
Azərbaycan və Xorvatiya arasında ikitərəfli münasibətlərin böyük perspektivləri var. Xorvatiya Prezidenti Stepan Mesiçin Azərbaycana rəsmi səfəri
Oktyabrın 2-3 tarixlərində Xorvatiya Respublikasının Prezidenti Stepan Mesiç Azərbaycanda rəsmi səfərdə olmuşdur.
Xorvatiya Respublikasının Prezidenti Stepan Mesiç oktyabrın 2-də Fəxri xiyabana gəlmişdir.
Xorvatiya dövlətinin başçısı türk dünyasının görkəmli oğlu, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla anaraq, məzarı önünə əklil qoydu.
Xorvatiya Prezidenti görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üstünə də tər gül dəstəsi qoydu.

Daha ətraflı
06.10.2007
MDB dövlət başçılarının növbəti zirvə toplantısı keçirilir
Oktyabrın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev MDB üzvü olan ölkələrin dövlət başçılarının növbəti zirvə toplantısında iştirak etmək üçün Tacikistanın paytaxtı Düşənbəyə yola düşmüşdür.
Düşənbə hava limanında Prezident İlham Əliyevi Tacikistanın nəqliyyat və kommunikasiyalar naziri Əbdürəhim Aşur və MDB-nin İcraiyyə Komitəsinin sədri - icraçı katib Vladimir Ruşaylo və digər rəsmi şəxslər qarşılamışlar.

Daha ətraflı
    © 2006 — 2007, Financial and Legal Consulting of The CIS Supported by «Marco Computer Technologies» Dizayn MEQA şirkəti tərəfindən hazırlanıb