Financial and Legal Consulting of The CIS Regional Cluster
             Az | Ru | En |
          
 
 
   

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sədrinin
17 dekabr  2002-ci il tarixli 089 saylı əmri ilə
təsdiq edilmişdir.

Azərbaycan Respublikası gömrük orqanlarında xüsusi fiziki hazırlıq üzrə fəaliyyətin təşkilinə dair Təlimat

1. Ümumi müddəalar

1.1. Gömrük orqanlarında xüsusi fiziki hazırlıq üzrə fəaliyyətin təşkilinə dair Təlimat şəxsi heyətlə fiziki hazırlıq işinin təşkilini, xidməti-tətbiqi idman tədbirlərini, metodiki təlim toplanışlarının keçirilməsini və maliyyələşdirilməsini müəyyən edir.

1.2. Bu Təlimat əməkdaşların gömrük sərhədinin qorunması, qaçaqmalçılıqla mübarizə sahəsində ekstremal və dəyişkən əməliyyat şəraitində xidməti vəzifələrin müvəffəqiyyətlə yerinə yetirilməsinə, onların fiziki keyfiyyətlərinin yüksəldilməsinə, sağlamlıqlarının mühafizəsinə xidmət edir.

2. Xüsusi fiziki hazırlıq üzrə ümumi vəzifələr

2.1. Əməkdaşların müntəzəm olaraq aktiv fiziki hazırlıq və idman məşqlərinə cəlb olunması.

2.2. Dözümlülük, güc, sürət, cəldlik kimi keyfiyyətlərin inkişaf etdirilməsi.

2.3. Özünə inam, psixoloji tarazlıq, cəsurluq və sərbəstliyin inkişaf etdirilməsi. Nəzəri dərslərin əsas müddəalarına sağlamlıq, həkiməqədər ilkin tibbi yardım, şəxsi gigiyena qayda və bilikləri daxildir.

3. Fiziki hazırlıq üzrə xüsusi vəzifələr

3.1. Gömrük orqanı əməkdaşlarının xidməti fəaliyyətlə əlaqədar yüksək iş qabiliyyətinin qorunub saxlanması, hərəkət aktivliyinin və ümumi fiziki hazırlığın artırılması, inkişafı və təkmilləşdirilməsi:

  • mühafizə və əməliyyat xidməti əməkdaşlarının ekstremal şəraitə hazır olmaları məqsədilə əlbəyaxa döyüş və silahsız özünümüdafiə üzrə təlimlərin keçirilməsi vasitəsilə onların xüsusi hazırlığına nail olmaq;
  • xidməti itlər müəssisələrinin əməkdaşları üçün müxtəlif növ maneələri dəf etmək vərdişlərinin təkmilləşdirilməsi, ekstremal şəraitə uyğun fəaliyyətə hazırlanması və fiziki keyfiyyətlərin inkişaf etdirilməsi;
  • tədris müəssisələrinin müdavimləri üçün əlbəyaxa döyüş, silahsız özünümüdafiə fəndlərinə yiyələnməklə sürətli yeriş, maneələrin dəf edilməsi, psixoloji tarazlığın inkişafı, dözümlük keyfiyyətlərinin inkişaf etdirilməsi.

3.2. Xidməti-əməliyyat tapşırıqlarının müvəffəqiyyətlə yerinə yetirilməsi və fiziki hazırlıq səviyyəsinin artırılması məqsədilə hər bir əməkdaşın dərslərdə , idman yarışlarında, digər xidməti-tətbiqi və kütləvi tədbirlərdə iştirak etməsi zəruridir.

3.3. Fiziki hazırlıq dərsləri və xidməti-tətbiqi idman tədbirləri səhiyyə xidməti, yerlərdə isə həkim nəzarəti altında keçirilməlidir.

4. Gömrük orqanları və təşkilatlarında fiziki hazırlıq işinin  təşkili

4.1. Gömrük orqanları və təşkilatlarında fiziki hazırlıq işinin təşkili ümumi şöbələrin iştirakı ilə DGK-nın müvafiq əmr, göstəriş və təlimatları əsasında Kadrlar İdarəsi və «Gömrükçü» İdman-Sağlamlıq Mərkəzi tərəfindən həyata keçirilir.

4.2. Fiziki hazırlıq dərslərinin təşkili və keçirilməsinə məsul əməkdaşlar təlim ilinin əvvəlində aşağıdakı işləri görməlidirlər:

  • fiziki hazırlıq üzrə uçot, planlaşdırma və hesabat sənədlərinin tərtib edilməsi;
  • şəxsi heyətin tibbi müayinəsinin (dispanserizasiyanın)təşkili;
  • şəxsi heyətin sağlamlığı və yaşından asılı olaraq tibbi yaş qruplarına bölünməsi;
  • praktiki dərslərin keçirilməsi üçün idman bazasının (zal, meydança və qurğuların) hazırlanması;
  • fiziki hazırlıq dərslərində zədələrin qarşısının alınması üçün dərslərin keçirilmə yerinin (zal, meydança, alət və qurğuların) vəziyyətinin yoxlanılması;
  • əməkdaşların, o cümlədən zədələnmiş və xəstə əməkdaşların sağlamlığının nəzərə alınması;
  • şəxsi heyət arasında sağlamlığın qorunması, ilkin tibbi yardım göstərilməsi məsələlərinə dair izahat işinin aparılması.

4.3. Xüsusi fiziki hazırlıq işlərinin maddi təminat məsələləri müəyyən edilmiş norma və qaydalara əsasən təlim xərclərinə ayrılmış vəsait hesabına yerinə yetirilir.

4.4. Xüsusi fiziki hazırlığın tərkib hissəsi gimnastika, yüngül atletika və əlbəyaxa döyüşdən ibarətdir.

4.5. Xüsusi fizik hazırlıq dərslərində və normativlərin ödənilməsində iştirak edən əməkdaşlar aşağıda göstərilən tibbi-yaş qruplarına bölünürlər:

  • I qrup qadın və kişilər - 30 yaşadək;
  • II qrup qadın və kişilər - 31-36 yaşadək;
  • III qrup qadın və kişilər - 37-42 yaşadək;
  • IV qrup qadın və kişilər - 43-49 yaşadək;
  • V qrup kişilər - 50 yaş və yuxarı

5. Xüsusi fiziki hazırlıq normativləri və məqbulların qəbulu

5.1. Xidmət sahəsi və tibbi yaş qrupundan asılı olmayaraq, təlim ilində əməkdaşların hazırlıq səviyyəsini müəyyən etmək məqsədilə xüsusi fiziki hazırlığın ayrı-ayrı tərkib hissələri olan gimnastikadan (turnikdə dartınma), yüngül atletikadan (100 və 1000 metr məsafələrə qaçış) qəbul edilir.

5.2. Məqbullar saatlar bölgüsünə uyğun olaraq, əlbəyaxa döyüş fənni və fiziki hazırlığın tərkib hissələri başa çatdıqdan sonra noyabr ayının sonuncu həftəsi qəbul edilir.

5.3. Xüsusi fiziki hazırlığın tərkib hissələri və əlbəyaxa döyüş üzrə məqbullar qəbul edilib qurtardıqdan sonra ümumiləşdirilmiş cədvəl tutulur və cədvəldə hər bir əməkdaşın fərdi və ödəmə faizindən asılı olaraq orqana yekun qiymət çıxarılır və əmrlə şəxsi heyətə elan edilir.

5.4. Əməkdaşların xüsusi fiziki hazırlıq üzrə illik yekun qiymətləri qeydiyyat vərəqələrində yazılaraq şəxsi işinə daxil edilir.

6. Xüsusi fiziki hazırlıq dərslərinin və idman tədbirlərinin  baza ilə təminatı

6.1. Gömrük orqanları və təşkilatları fiziki hazırlıq dərslərinin təşkili məqsədilə yerləşdikləri ərazi və rayonun müvafiq təşkilatları ilə əlaqə yaratmalı, idman qurğularının, zal və sadə meydançaların tikilməsi üçün daxili imkanlardan istifadə etməli və ya rayon ərazisində yerləşən orta, ali məktəblərin, digər təşkilatların idman qurğularından faydalanmalıdırlar.

7. Fiziki hazırlıq dərsləri və idman tədbirlərinin tibbi təminatı

7.1. Təlim ilinin əvvəlində gömrük orqanları və təşkilatlarının şəxsi heyəti fiziki hazırlıq dərslərinə buraxılmaq üçün həkim müayinəsindən keçməlidirlər.

7.2. Şəxsi heyətin həkim müayinəsi təşkil edildikdən sonra tibbi yaş qrupu siyahısı tərtib edilir və tibb xidməti tərəfindən təsdiq olunur.

7.3. Tibb xidməti əməkdaşların səhhətlərinə və sağlamlıqlarına əsasən onların fiziki hazırlıq dərslərinə yararlığını müəyyən edir.

7.4. Tibb xidməti tərəfindən fiziki hazırlıq dərslərindən azad edilmiş əməkdaşlar bu barədə kadr və fiziki hazırlıq aparatına müvafiq arayış təqdim edirlər.

7.5. Əməkdaşların fiziki hazırlıq dərslərindən daimi azad olunması yalnız xüsusi tibb xidmətinin qərarı əsasında həll edilir.

7.6. Gömrük orqanları və təşkilatları xidməti-tətbiqi idman növləri üzrə tədbir və yarışlar keçirilən zaman tibb xidməti həkim personalın iştirakını təmin edir.

8. Xüsusi fiziki hazırlığın planlaşdırılması, uçot və hesabatı

8.1. Şəxsi heyətin fiziki hazırlığının planlaşdırılması DGK-nın Kadrlar İdarəsi və «Gömrükçü» İSM tərəfindən, yerlərdə isə ümumi şöbələr tərəfindən aparılır.

8.2. Planlaşdırma gömrük orqanları və təşkilatları əməkdaşlarının xidmət sahələrinə uyğun olmalı və onların fiziki hazırlığını təmin etməlidir.

8.3. Fiziki hazırlıq məsələləri gömrük orqanları və təşkilatlarının, kadr və peşə hazırlığı aparatının iş planında öz əksini tapmalıdır.

8.4. Planlaşdırma DGK-nin müvafiq əmr, göstəriş və təlimatları əsasında aparılır.

8.5. Planlaşdırma aşağıda göstərilən məsələləri əhatə etməlidir:

  • təlim proqramlarının mövzularının hazırlanması;
  • təlim toplanışlarının plan cədvəlinin tərtib edilməsi;
  • baxış müsabiqələrinin əsasnaməsinin hazırlanması;
  • xidməti-tətbiqi idman tədbirlərinin əsasnaməsinin hazırlanması;
  • metodiki tövsiyyələr, arayışlar, əyani vəsaitlərin hazırlanması;

Bundan başqa gömrük orqanları və təşkilatlarında fiziki hazırlıq üzrə aşağıda göstərilən sənədlər olmalıdır:

  • fiziki hazırlıq dərslərinin təşkili və keçirilməsi barədə əmr;
  • fiziki hazırlıq normativlərinin qəbulu üzrə komissiyanın yaradılması barədə əmr;
  • tibbi yaş qrupu siyahısı;
  • dərslərin illik saatlar bölgüsü,
  • aylıq dərs cədvəlləri;
  • mövzular planı, dərs icmalları;
  • xidməti idman tədbirlərinin təqvim planı;
  • iş planı;
  • təlim toplanışlarının cədvəli;
  • yarış protokolları;
  • normativlərin (məqbulların) qəbulu cədvəlləri;
  • fiziki hazırlıq üzrə illik yekun cədvəlləri;
  • təlim ilinin başa çatması ilə əlaqədar yekun arayış və əmr, illik hesabat;
  • dərsə davamiyyət jurnalları;
  • təlim toplanışlarında iştirak edən əməkdaşların, dərəcəli idmançıların, yarışların uçotu;
  • fiziki hazırlığın qeydiyyat vərəqələri.

9. Xüsusi fiziki hazırlığın tərkib hissələri, mövzular planı  və dərs proqramı

Fiziki hazırlıq dərsləri nəzəri və praktiki olmaqla 2 hissəyə bölünür. Fiziki hazırlığın hər tərkib hissəsi üzrə 1 saat nəzəri dərs keçirilir. Nəzəri dərslərin məzmunu aşağıdakılardan ibarətdir:

  • fiziki hazırlıq haqqında ümumi məlumat. Gömrük orqanları və təşkilatlarında fiziki hazırlığın məqsəd və vəzifələri, əhəmiyyəti, tərkib hissələri. «Gömrükçü» İSM-in yaranması, tarixi, inkişafı. Dərslərin təşkili və keçirilmə metodikası, məqbulların qəbul edilməsi qaydaları;
  • silahsız özünümüdafiə və əlbəyaxa döyüşün yaranması, inkişafı, əhəmiyyəti, idman nailiyyətləri. Fiziki qüvvənin tətbiq edilməsinin hüquqi bazası, məqbulların qəbulu işinin təşkili;
  • fiziki hazırlıq dərslərinə tibbi tələbat. Zədələr, onların profilaktikası. İlkin tibbi yardım, şəxsi gigiyena və özünənəzarət qaydaları.

10. Gimnastika

10.1. Gimnastika üzrə dərslər əməkdaşlarda sıra şuxluğunun, gücün, sürətin, dözümlüyün artırılması və hərəkət koordinasiyasının inkişafı və təkmilləşdirilməsi məqsədini daşıyır.

10.2. Gimnastika dərsləri gimnastika şəhərciklərində, meydançalarında, müvafiq qurğuları olan idman zallarında və açıq havada keçirilir.

10.3. Gimnastika dərslərinin hazırlıq hissəsinə sıra hərəkətləri, yeriş, qaçış və ümumi inkişafetdirici hərəkətlər daxil edilir.

10.4. Sıra hərəkətinə sıra düzülüşü, yerində düzülüş, yeriş, yerində və hərəkətdə dönmələr, seyrəkləşmə hərəkətləri daxil edilir.

10.5. Yeriş və qaçışlara daxildir:

  • adi yeriş, pəncələrin üstündə, dabanda, pəncənin içəri və yan tərəfi üstündə, yarımoturaq vəziyyətdə və dizlərin yuxarı qaldırılması ilə yeriş;
  • adi, dabanları arxaya atmaqla, ayaqların çarpaz hərəkətləri ilə, dönmələrlə, dayanmaqla, tullanmaqla maneələri dəf etməklə qaçış.

10.6. Ümumi inkişafetdirici hərəkətlər:

  • çiyin və əl-qol əzələləri üçün hərəkətlər, qolların yuxarı, yana, arxaya ardıcıl qaldırılması, ağacla, ağırlıq daşları ilə, içərisi ağırlıqla doldurulmuş toplarla hərəkətlər, əllərin üzərində qalxıb-enmə, bədəni, boyunu, gövdəni fırlama hərəkətləri;
  • yıxılmalar, irəli-arxaya diyirlənmələr, gimnastika divarları və pillələrində hərəkətlər.

10.7. Gimnastika dərslərinin mövzuları:

  • sıra hərəkətləri (yerişlər, dönmələr);
  • dönmələrlə yerişlər;
  • qaçış növləri;
  • ümumi inkişaf hərəkətləri (qollar, çiyin, bədən, gövdə, boyun, ayaq üçün hərəkətlər);
  • turnikdə hərəkətlər (dartınma, qalxıb-aşma, ayaqların bucaq altında qaldırılması, saxlanması);
  • döşəkdə (yerdə) hərəkətlər, bədənin qollar üzərində qaldırılıb-endirilməsi;
  • irəli və arxaya diyirlənmələr;
  • əllərin üstündə bədənin qaldırılıb-endirilməsi;
  • idman keçisindən tullanma;
  • kəndirlə yuxarı dırmanma; -paralel qollarla hərəkətlər;

11. Yüngül atletika

11.1. Yüngül atletika üzrə dərslərin keçirilməsinin məqsədi qaçış bacarığının, tullanma vərdişlərinin, dözümlülük və hərəkət koordinasiyasının inkişaf etdirilməsidir. Yüngül atletika dərsləri qaçış üçün cığırları, tullanma yerləri, qumbara və ağırlıq daşlarının atılması üçün sahəsi olan stadion və meydançalarda keçirilir.

11.2. Yüngül atletika dərslərinin məzmununa qısa, orta və uzun məsafələrə qaçış, kross, uzunluğa, hündürlüyə tullanma, uzaq məsafəyə və hədəfə qumbara tullama daxil edilir.

11.3. Yüngül atletika dərslərinin mövzuları:

  • 100 metr məsafəyə qaçış;
  • 4x25 metr məsafəyə təkrar qaçış;
  • 1 km məsafəyə kross;
  • uzununa tullanma (yerindən, qaça-qaça);
  • hündürlüyə tullanma;
  • idman yerişi.

12. Əlbəyaxa döyüş və silahsız özünümüdafiə

12.1. Əlbəyaxa döyüş və silahsız özünümüdafiə üzrə hazırlıq dərsləri əməkdaşlarda ictimai asayişin qorunmasında, vətəndaşların təhlükəsizliyinin təmin edilməsində, cinayətkarlıqla mübarizədə, təhlükə törədən şəxslərin tərksilah edilməsi, müşayiət olunması, özünümüdafiə bacarıqlarının formalaşması, cəsurluq, təşəbbüskarlıq keyfiyyətlərinin inkişaf etdirilməsi məqsədini daşıyır. Dərslər xüsusi örtüyü (tatami döşəyi) olan, trenajor, xüsusi alət və vasitələrlə təchiz edilmiş idman zallarında, açıq havada isə meydançalarda keçirilə bilər.

12.2. Təlim qrup halında və iki nəfərlik cütlər yaratmaqla aparılır. Cütlər seçilərkən boy nəzərə alınmalıdır. Hərəkətlər, fəndlər öyrənilərkən əvvəl forması göstərilir, sonra asta və tədricən sürət artırmaqla mənimsənilir.

12.3. Dərslərin mövzuları:

a) duruş vəziyyətləri ön, arxa, yanakı;

b) əl zərbələri—yumruqla yuxarıdan başa, aşağıdan bədənə, yandan başa, bədənə, yumruqla yandan başa, bədənə, əlin tini ilə başa, bədənə

c) dirsək zərbələri- aşağıdan yuxarı bədənə, başa, yandan dairəvi başa, bədənə, yandan bədənə, arxaya, yuxarıdan aşağı (əyilmiş rəqibin kürəyinə);

  • ayaq zərbələri-ayaq pəncəsi (dabanla) irəli, ayağın tini;
  • qolun kürək arxasına bükülməklə tərksilah etmə, yaxalama və müşayiət etmə üsulları:
  • «arxadan yaxınlaşarkən»;
  • irəlidən hücum edərkən «sürətli dartma» yolu ilə;
  • irəlidən hücum edərkən «qolun altından fırlanma» yolu ilə;
  • əlini cibinə atarkən «qıfılbənd» üsulu ilə;
  • biləyin «qollararası» burulması;
  • biləyin «xaricə» burulması;
  • biləyin «daxilə» burulması;
  • silaha (bıçaq, tapança) qarşı özünümüdafiə üsulları;
  • bıçaqla yandan başa vurulan zərbədən müdafiə;
  • bıçaqla aşağıdan bədənə vurulan zərbədən müdafiə;
  • bıçaqla öndən vurulan «deşici» zərbədən müdafiə;
  • bıçaqla irəlidən «kəsici» (soldan-sağa, sağdan-sola) hücumdan müdafiə;
  • tapança ilə irəlidən, arxadan, yandan tuşlanmış təhlükə zamanı tərksilah etmə üsulları;
  • boğucu fəndlər və tutmalardan azadolma üsulları:
  • yandan, arxadan:
  • öndən tutarkən, boğulmalardan, qollardan, bədəndən tutma zamanı azadolma üsulları;

ə) badalaq və tullamalar:

  • ayaqlardan, öndən, arxadan tutub yıxma;
  • çiyindən atma;
  • başı üstündə yıxılaraq aşırıb-tullama;
  • arxadan, öndən, yandan badalaqlar;

f) müdafiələr:

  • yuxarıdan başa vurulan zərbədən müdafiə;
  • yandan başa və bədənə vurulan zərbədən müdafiə;
  • sinəyə vurulan zərbədən müdafiə;
  • aşağıdan bədənə vurulan zərbədən müdafiə;

q) yaxalanmış şəxslərin üzərinə baxış üsulları:

  • divar yanında ayaq üstə, dizi üstə, uzadılmış halda;
  • ğ) iplə, qayışla qolları, ayaqları bağlama üsulları;
  • h) yıxılarkən özünümüdafiə üsulları;
  • yoldaşa kömək və onu daşıma üsulları.

12.4. Özünümüdafiə fənnindən dərslər əməliyyat xidməti əməkdaşlarına xüsusi proqram üzrə keçirilir.

13. Fiziki hazırlığa nəzarət

13.1. Gömrük orqanları və təşkilatlarında fiziki hazırlıq işinə ümumi nəzarət DGK Daxili Təhqiqatlar İdarəsi və «Gömrükçü» İSM, yerlərdə işə şəxsi heyət üzrə rəis müavinləri tərəfindən aşağıdakı funksiyalar yerinə yetirilməklə aparılır:

  • fiziki hazırlıq işinin təşkili və keçirilməsi;
  • fiziki hazırlıq dərslərinə şəxsi heyətin davamiyyəti və dərslərin keyfiyyətinə nəzarət;
  • şəxsi heyətin hazırlıq səviyyəsinə nəzarət;
  • şəxsi heyətdən ilin sonunda və məharət dərəcələri verilərkən məqbulların qəbul edilməsi;
  • təlim ilinə yekun vurulması.

14. Fiziki hazırlığın formaları

14.1. Gömrük orqanları və təşkilatları şəxsi heyətinin fiziki hazırlıq dərsləri müəyyən edilmiş günlərdə keçirilir. Fiziki hazırlıq dərsləri DGK Tədris Mərkəzi (müəllim) heyəti üçün təlimatda nəzərdə tutulmuş qaydada, müdavimlər üçün isə gimnastika formasında aparılır. Səhər gimnastikası Tədris Mərkəzinin müdavimləri üçün gün rejiminə daxil edilməklə məcburi xarakter daşıyır və səhərlər 30 dəqiqə müddətində keçirilir. Qruplarda təlim dərsləri isə əmr və təlimatlarda nəzərdə tutulmuş qaydalar üzrə, fiziki hazırlığın bütün tərkib hissələri daxil edilməklə tədris hissəsinin saatlar bölgüsünə və planına uyğun keçirilir.

15. Xidməti-tətbiqi idman növləri üzrə tədbirlərin keçirilməsi və bölmələrdə iş

15.1. Gömrük orqanları və təşkilatlarında idmanın kütləviliyinin artırılması, xidməti-tətbiqi idman növlərinin inkişafı, əməkdaşların idman bölmələrinə cəlb edilməsi, orqanın yığma komandasının təşkil edilməsi və əməkdaşların xidməti döyüş hazırlığının nümayişi məqsədi ilə hər il bu idman növləri üzrə DGK-nın çempionat və spartakiadaları keçirilir.

  • Xidməti-tətbiq idman növləri üzrə tədbirlərin keçirilməsi üçün orqan və təşkilatlar DGK-nin təqvim planını nəzərə almaqla özlərinin daxili yarışlarının təqvim-planını və əsasnaməsini tərtib edirlər. Yarışların təşkili və keçirilməsi üçün verilən müvafiq əmrdə hakimlər heyətinin təsdiqi, həkim nəzarəti və digər təşkilati-təminat məsələləri öz əksini tapmalıdır. Yarışlar başa çatdıqdan sonra yarışın hesabat sənədləri rəhbərliyə təqdim edilir və tədbirin yekunu haqda müvafiq əmr verilir.
  • Gömrük orqanları və təşkilatları DGK-nin yarışlarında iştirak etməyə gələrkən daxili yarışların hesabatını təqdim edirlər.
  • Gömrük orqanları və təşkilatlarına tətbiqi-xidməti idman növlərini inkişaf etdirmək məqsədilə idman bölmələri yaradılmalı, bölmələrdə təlim-məşq dərslərinin keçirilməsi üçün səriştəsi olan fiziki hazırlıq üzrə müvəkkillərə və digər aidiyyəti olan təşkilatlardan dəvət edilmiş mütəxəssislərə icazə verilir.

16. Təlim toplanışlarının təşkili və keçirilməsi

16.1. Gömrük orqanları və təşkilatlarında fiziki hazırlıq üzrə praktiki dərslərin keçirilməsi təlimatçı-əməkdaşlar tərəfindən yerinə yetirilir. Təlimatçıların hazırlanması məqsədi ilə «Gömrükçü» İSM tərəfindən hazırlanmış plan-cədvələ uyğun olaraq, bütün bölgələr üzrə 7 günlük seminarlar keçirilir və iştirakçılardan təlimin sonunda məqbullar qəbul edilir. Təlimatçıların seminarlarına bədən tərbiyəsi və idman təhsili, idman dərəcəsi, səriştəsi olan əməkdaşlar seçilib göndərilir. Təlim toplanışlarının keçirilməsi DGK rəhbərliyinin təsdiq etdiyi plan-cədvələ əsasən yerinə yetirilir.

  • Hər bir əməliyyat xidməti əməkdaşı 2 ildən bir bu növ toplanışlarda təlim keçir.

17. Fiziki hazırlıq normativləri

17.1. Fiziki hazırlıq normativləri 2 hissədən—əsas və yardımçı hissələrdən ibarətdir. Orqanın yoxlanılması zamanı hava və iqlim şəraiti imkan vermədikdə və ya maddi baza və qurğular olmadıqda, əsas normativlər yardımçı normativlərlə əvəz edilə bilər.

  • Normativlər şəxsi heyətin bütün yaş qruplarına aiddir. Fiziki hazırlıq üzrə orqan və şəxsi heyətin hazırlıq səviyyəsi yoxlanılarkən normativlərin və hərəkətlərin seçilməsi yoxlamanı aparan məsul şəxs tərəfindən müəyyən edilir.

18. DGK Tədris Mərkəzində xüsusi fiziki hazırlıq işi

18.1. DGK Tədris Mərkəzində fiziki hazırlıq fənni gömrük orqanları əməkdaşlarına vəzifə borclarının müvəffəqiyyətlə yerinə yetirilməsi vərdişlərini aşılamaq məqsədi daşıyır. Fiziki hazırlıq kursu aşağıdakı məsələlərin yerinə yetirilməsi məqsədini daşıyır:

  • müdavimlərə yüksək idarə və xidməti vəzifə borcuna sədaqət keyfiyyətlərinin aşılanması;
  • bədən tərbiyəsi və idmanla məşğul olmağın vacibliyinin tərbiyə edilməsi;
  • bütün tədris prosesində yüksək iş qabiliyyətinin saxlanması, orqanizmin hərtərəfli, harmonik formalaşması, sağlamlığın möhkəmləndirilməsi və inkişafı;
  • gömrük orqanları və təşkilatlarında fiziki hazırlıq üzrə təlimatçı kimi nəzəri və praktiki biliklərə yiyələnməsi.

DGK Tədris Mərkəzində fiziki hazırlıq işi fiziki hazırlıq üzrə müəllimlər tərəfindən aparılır.

Fiziki hazırlıq üzrə müəllimlərə aşağıdakı vəzifələr həvalə olunur:

  • daimi heyətlə (müəllim və digər xidmət sahələrinin əməkdaşları) fiziki hazırlıq dərslərinin təşkili və keçirilməsi, fiziki hazırlıq üzrə normativlərin qəbulu;
  • müdavimlərlə fiziki hazırlıq üzrə nəzəri və praktiki dərslərin keçirilməsi, müstəqil məşqlərə nəzarət və metodiki köməklik, fiziki hazırlıq üzrə məqbulların qəbulu;
  • müdavimlərə fiziki hazırlıq və xidməti-tətbiqi növləri üzrə metodiki-praktiki bilik və bacarığın aşılanması;
  • təlim-tədris prosesi başa çatdıqdan sonra fiziki hazırlıq üzrə imtahan və məqbulların qəbulu işinin təşkili.

Təlim dərsləri Tədris Mərkəzinin planına uyğun olaraq 140 saatdan az olmamaq şərtilə aparılır.

Fiziki hazırlıq dərsləri həm daimi (müəllim), həm də dəyişkən (müdavimlər) heyətlə gömrük orqanlarının sıravi və rəis heyəti üçün nəzərdə tutulan fiziki hazırlıq üzrə təlimat əsasında keçirilir.

Fiziki hazırlıq üzrə daimi heyətdən məqbullar (bütün tibbi yaş qrupu üçün) 1 və 2 saylı normativlər cədvəli əsasında qəbul edilir.

Müdavimlərdən fiziki hazırlıq üzrə kursun axırında məqbullar və imtahan qəbul edilir.

19. Xüsusi fiziki hazırlığın yoxlanılması və qiymətləndirilməsi

19.1. DGK tərəfindən gömrük orqanları və təşkilatlarında şəxsi heyətin fiziki hazırlıq səviyyəsini, dərslərin təşkilini və metodikasını müəyyənləşdirmək məqsədi ilə ildə 1 dəfə yoxlamalar keçirilir və nəticələri Komitə rəhbərliyinin müzakirəsinə çıxarılır.

Gömrük orqan və təşkilatları rəhbərləri ildə 1 dəfə şəxsi heyətin dərslərə davamiyyəti və təlim ilinin sonunda tabeçilikdə olan əməkdaşlardan fiziki hazırlıq üzrə məqbulların qəbulu prosesinin təşkili vəziyyəti haqqında məsələnin əməliyyat və xidməti müşavirələrdə müzakirəyə çıxarılmasını təmin etməlidir. Təlim ilinin sonunda şəxsi heyətdən ilin yekununa görə fiziki hazırlıq üzrə normativlər qəbul edilir. Gömrük orqanları və təşkilatları şəxsi heyətin fiziki hazırlığının yoxlanılması aşağıdakı hallarda aparılır:

  • təlim dövründə;
  • cari və yekun yoxlamaları zamanı;
  • tədris ilinin sonunda (Tədris Mərkəzində);
  • gömrük orqanları və təşkilatlarının fəaliyyətinin kompleks yoxlanılması zamanı.

Yoxlama zamanı qiymətləndirilir:

  • gömrük orqanları və təşkilatları sıravi və rəis heyətinin xüsusi fiziki və əlbəyaxa döyüş üzrə hazırlığı;
  • Tədris Mərkəzi daimi heyəti və müdavimlərinin xüsusi fiziki və əlbəyaxa döyüş üzrə hazırlığı;
  • gömrük orqanları və təşkilatlarının ümumi hazırlığı;
  • uçot, planlaşdırma və hesabat sənədlərinin vəziyyəti;
  • praktiki dərslərin metodiki səviyyəsi.

Orqan yoxlanarkən şəxsi heyətin 50%-i, Tədris Mərkəzinin müdavimlərinin 30%-i, daimi heyətin 50%-i normativlərin ödənilməsinə cəlb olunur. Yoxlama 2 gün müddətində keçirilir və rəis heyətinin hazırlıq səviyyəsi qiymətləndirilir.

Yoxlama xüsusi fiziki hazırlığın 3 bölməsi, eləcə də əlbəyaxa döyüş üzrə real şərait, hava və iqlim nəzərə alınmaqla aparılır. Yoxlama zamanı praktiki hərəkətlər əsas normativlər üzrə, iqlim şəraiti imkan vermədikdə isə (qış fəslində) köməkçi normativlər üzrə qəbul edilir.

Hər bir hərəkət üçün qiymət bu Təlimatda nəzərdə tutulan normativlər cədvəli üzrə çıxarılır.

Silahsız özünümüdafiə üzrə yoxlama proqram həcmində keçirilir və 5 tapşırıq-sualdan ibarət olur (zərbələr, müdafiələr, qolun kürəkarxasına bükülməsilə müşayiət etmə, silaha qarşı özünümüdafiə və tərksilah etmə, tutma və boğma fəndlərindən azad olma, axtarış üsulları, yoldaşa kömək və s.). -Qiymətlər yerinə yetirilən sual-tapşırıqların sayına görə aşağıdakı qaydada təyin edilir:

  • «əla» - əgər 5 sual səhvsiz yerinə yetirilərsə;
  • «yaxşı» - hərəkətlər ardıcıl, səlist, lakin sürətsiz və ya bir səhv olarsa;
  • «kafi» - əgər hərəkətlər sürətsiz və ardıcıllıq pozulmaqla yerinə yetirilərsə, yaxud iki kobud səhv buraxılarsa;
  • «qeyri-kafi» - əgər hərəkətlər yerinə yetirilməyibsə və ya texniki cəhətdən düzgün deyildirsə və yaxud 2-dən çox kobud səhv buraxılmışsa.

Səhvlər kriteriyasına aiddir-müdafiə və əks zərbənin olmaması, müvazinətin itirilməsi, qolun kürək arxasına bükülmə üsullarının və s. tətbiq edilməməsi, yaxud üç hərəkəti bilmədikdə.

Hər bir əməkdaşın xüsusi fiziki hazırlıq üzrə fərdi qiyməti onun yerinə yetirdiyi normativlərə görə qiymətlərinin məcmusundan ibarətdir və aşağıdakı qaydada müəyyən edilir:

  • «əla» - əgər qiymətlərin üçü də «əla» olarsa;
  • əgər iki «əla», bir «yaxşı» olarsa;
  • «yaxşı» - əgər hər üç qiymət «yaxşı» olarsa;
  • əgər bir «əla», iki «yaxşı» olarsa;
  • əgər bir «əla», bir «yaxşı», bir «kafi» olarsa;
  • «kafi» - əgər bir «yaxşı», iki «kafi» olarsa;
  • əgər bir «əla», iki «kafi» olarsa;
  • əgər hər üçü «kafi» olarsa;
  • əgər iki «əla», bir «qeyri-kafi» olarsa;
  • «qeyri-kafi» - əgər bir «qeyri-kafi» varsa (iki fəndən «əla» qiyməti istisna olmaqla).

Orqana ümumi qiymət, yoxlamada iştirak edən şəxsi heyətin fərdi qiymətləri əsasında aşağıdakı qaydada müəyyən edilir:

  • «əla» - əgər 90% müsbət qiymət və yoxlananların 50%-nin qiyməti «əla» olarsa;
  • «yaxşı» - əgər 80% müsbət qiymət və yoxlananların 50%-nin qiyməti «əla» və «yaxşı» olarsa;
  • «kafi» - əgər 70% müsbət qiymət olarsa.

Baş idarə və idarələr yoxlanılarkən ümumi qiymət aşağıdakı qaydada müəyyən edilir:

  • «əla» - əgər yoxlamada iştirak edən orqanların 90%-i müsbət qiymət alarsa, bunların da 50%-nin qiyməti «əla» olarsa;
  • «yaxşı» - əgər 80% müsbət qiymət, onların da 50%-nin qiyməti «yaxşı» və «əla» olarsa;
  • «kafi» - «qeyri-kafi» qiymət alan orqanların sayı 1-dən çox olmazsa.

Gömrük orqanları və təşkilatları yoxlanılarkən sıravi və rəis heyəti birgə və ayrı-ayrılıqda yoxlanıla bilər.

Əməkdaşların əlbəyaxa döyüş və fiziki hazırlıq üzrə ayrı-ayrılıqda qiyməti çıxarılır və toplanaraq orta nəticə -yekun (ümumi) qiymət hesab edilir.

Yoxlama keçirilərkən ümumi yekun qiymətinin çıxarılmasında sənədləşdirmə işlərinin vəziyyəti və nizam-intizam məsələləri nəzərə alınır.

20. Təlim ilinə yekun vurulması

20.1. Gömrük orqanları və təşkilatlarında şəxsi heyətin və orqanın illik qiymətini müəyyən etməklə təlim ilinə dekabrın 15-20-də yekun vurulur.

Xüsusi fiziki hazırlıq üzrə təlim ilinə yekun vurularkən əməkdaşların il ərzində fiziki hazırlıq və əlbəyaxa döyüş üzrə yekun qiyməti ayrılıqda çıxarılmalı və bu ümumiləşdirilmiş cədvəldə öz əksini tapmalıdır.

Şəxsi heyətin illik qiymətləri əsasında orqanın xüsusi fiziki hazırlıq üzrə cari il üçün yekun qiyməti çıxarılır və illik təhlili göstərən müvafiq əmr verilir.

21. Fiziki hazırlıq üzrə hesabat

21.1. DGK orqan və təşkilatları, Tədris Mərkəzi təlim ilinə yekun vurulduqdan sonra fiziki hazırlıq işini, xidməti-tətbiqi idman tədbirlərini və digər fəaliyyət sahələrini əhatə edən arayış və hesabat formasını dekabr ayının 30-dək Kadrlar İdarəsinə təqdim etməlidirlər.

Hesabatın tərtib olunma qaydası: -I cədvəl -2-ci hissədə orqanda xidmət edən şəxsi heyətin sayı;

3-cü hissədə-səhiyyə xidməti tərəfindən xəstəliyə görə fiziki hazırlıqdan azad olunanların sayı;

4-cü hissədə -il ərzində üzürsüz səbəbdən 20 saat dərs buraxanların sayı.

II cədvəl -bölmədə fiziki hazırlıq üzrə şəxsi heyətin aldığı qiymətlər 1-4-cü hissələrdə, 5-ci hissədə isə -orqanın ümumi qiyməti göstərilir; 2-ci bölmədə isə əlbəyaxa döyüş üzrə qiymətlər həmin qayda ilə göstərilir.

III cədvəl - 1-ci hissədə keçirilən yarışların adı, 2-ci hissədə komandaların adı, 3-cü hissədə fəxri yerləri tutan komanda və iştirakçıların sayı, idmançıların adı göstərilir.

IV cədvəl - orqanın, DGK-nın Respublika və beynəlxalq yarışlarda iştirakı və nailiyyətləri, nəticələri göstərilir.

V cədvəl - orqanın özünün ictimai təlimatçılarla keçirdiyi, DGK-nın keçirdiyi təlim-toplanışın seminarları və iştirakçıların sayı göstərilir.

VI cədvəl - orqanın özündə təşkil edilən bölmələrdə müxtəlif növ idmanla məşğul olan əməkdaşların sayı və idman dərəcələri göstərilir.

VII cədvəl - orqanın özünün balansında, istifadəsində olan idman qurğularının sayı göstərilir.

© AzerSoft

Rəsmi məlumatlar Arxiv    
06.10.2007
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 2-də Prezident sarayında Qara Dəniz və Xəzər Dənizi Sahibkarlar Konfederasiyaları Birliyinin və Türk Sənayeçiləri və İş Adamları Birliyinin prezidenti Arzuxan Doğanı, Mərmərə qrupu vəqfinin sədri Akkan Suveri və ATA Holdinqin baş direktoru Əhməd Erentoku qəbul etmişdir. Azərbaycan Prezidenti ölkəmizdə “Qara dəniz və Xəzər dənizi regionunda regional birbaşa xarici investisiyalar” mövzusunda beynəlxalq konfransın keçirilməsinin böyük əhəmiyyətə malik olduğunu qeyd etdi və konfrans iştirakçılarına təbrik məktubu ünvanladığını bildirdi.

Daha ətraflı
06.10.2007
Azərbaycan və Xorvatiya arasında ikitərəfli münasibətlərin böyük perspektivləri var. Xorvatiya Prezidenti Stepan Mesiçin Azərbaycana rəsmi səfəri
Oktyabrın 2-3 tarixlərində Xorvatiya Respublikasının Prezidenti Stepan Mesiç Azərbaycanda rəsmi səfərdə olmuşdur.
Xorvatiya Respublikasının Prezidenti Stepan Mesiç oktyabrın 2-də Fəxri xiyabana gəlmişdir.
Xorvatiya dövlətinin başçısı türk dünyasının görkəmli oğlu, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla anaraq, məzarı önünə əklil qoydu.
Xorvatiya Prezidenti görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üstünə də tər gül dəstəsi qoydu.

Daha ətraflı
06.10.2007
MDB dövlət başçılarının növbəti zirvə toplantısı keçirilir
Oktyabrın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev MDB üzvü olan ölkələrin dövlət başçılarının növbəti zirvə toplantısında iştirak etmək üçün Tacikistanın paytaxtı Düşənbəyə yola düşmüşdür.
Düşənbə hava limanında Prezident İlham Əliyevi Tacikistanın nəqliyyat və kommunikasiyalar naziri Əbdürəhim Aşur və MDB-nin İcraiyyə Komitəsinin sədri - icraçı katib Vladimir Ruşaylo və digər rəsmi şəxslər qarşılamışlar.

Daha ətraflı
    © 2006 — 2007, Financial and Legal Consulting of The CIS Supported by «Marco Computer Technologies» Dizayn MEQA şirkəti tərəfindən hazırlanıb