Financial and Legal Consulting of The CIS Regional Cluster
             Az | Ru | En |
          
 
 
   

Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında Plenumun 3 may 1993-cü il tarixli 1 ¹-li qərarı

Qaçaqmalçılıq üstündə məsuliyyət nəzərdə tutan cinayət qanunvericiliyinin tətbiqi barədə məhkəmə təcrübəsinin ümumiləşdirmə materiallarını müzakirə edərək Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu qeyd edir ki, məhkəmələr bu kateqoriyadan olan cinayət işlərinin baxılmasına diqqəti artırmışlar. Bu da cinayət qanununun tətbiqində nöqsanların azalmasına səbəb olmuşdur.

Bununla yanaşı, məhkəmələrin fəaliyyətində çatışmazlıqlar da mövcuddur. Bəzən işin hallarının tam və hərtərəfli araşdırılması barədə qanunun tələblərinə əməl olunmur, cinayətin bütün iştirakçıları aşkar edilib məsuliyyətə cəlb edilmir, qaçaqmalçılığın predmetini təşkil edən əşyaların alındığı mənbələr və onların satılma kanalları müəyyən olunmur. Məhkəmə təcrübəsində qaçaqmalçılıq əlamətlərinin başa düşülməsində də tam anlaşma yoxdur. Qaçaqmalçılığa imkan yaradan səbəb və şəraitin araşdırılıb aradan qaldırılması üçün kifayət qədər profilaktik tədbirlər görülmür.

Bununla əlaqədar olaraq qaçaqmalçılığa görə məsuliyyət haqqında cinayət qanunvericiliyinin tətbiqinə dair əvvəllər verilmiş izahatlar, meydana çıxmış yeni məsələlər nəzərə alınmaqla məcəllələşdirilməsini zəruri hesab edərək, Ali Məhkəmənin Plenumu qərara alır:

1. Məhkəmələrin diqqəti qaçaqmalçılığa qarşı mübarizəyə yönələn qanunların düzgün yerinə yetirilməsinin təmin olunması zəruriyyətinə cəlb edilsin. Məhkəmələrə tapşırılsın ki, hər bir işin hallarını diqqətlə təhqiq etməklə, qaçaqmalçılıqda iştirak edən bütün şəxslərin istintaq orqanı tərəfindən müəyyənləşdirilib cinayət məsuliyyətinə cəlb olunması hallarını ətraflı yoxlamaqla, bu növ cinayətlərin predmetini təşkil edən əşyaların alındığı mənbələri və onların satılma kanallarını müəyyən etsinlər.

2. İnzibati məsuliyyətə səbəb olan qaçaqmalçılıqdan fərqli olaraq, cinayət məsuliyyətinə səbəb olan qaçaqmalçılığın, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71-ci maddəsinin tərkibini aşağıda göstərilən əlamətlər — Azərbaycan Respublikasının dövlət gömrük sərhədindən əşyaların külli miqdarda, ya da qaçaqmalçılıq ilə məşğul olmaq üçün təşkil edilmiş bir qrup şəxs tərəfindən gömrük nəzarətindən kənarda və ya ondan gizli keçirilməsi əlamətləri təşkil edir.

Məhkəmənin hökmündə qaçaqmalçılıq cinayətində təqsirli olan şəxsin əməlində yuxarıda sadalanan əlamətlərdən məhz hansının olması konkret göstərilməlidir. İstintaq orqanı tərəfindən müttəhimə cinayət məsuliyyətinə səbəb olan qaçaqmalçılığın konkret olaraq hansı əlamətinə görə ittiham verilmədiyi halda, iş əlavə ibtidai istintaq aparılması üçün göndərilməlidir.

Narkotik vasitələrin, güclü təsirli, zəhərli, zəhərləyici, radioaktiv, partlayıcı maddələrin, silahın və hərbi sursatın qaçaqmalçılığını törətmiş şəxs yuxarıda göstərilən əlamətlərin olub-olmamasından asılı olmayaraq cinayət məsuliyyətinə cəlb edilə bilər.

3. Qaçaqmalçılıq predmeti kimi tutulmuş əşyalar dedikdə pul, qiymətli kağızlar və zinət əşyaları, mal-qara, narkotik vasitələr, güclü təsirli, zəhərli, zəhərləyici, radioaktiv, partlayıcı maddələr, Azərbaycan Respublikasının bədii, tarixi və başqa mədəni sərvətləri, azad dövriyyəsi qadağan edilmiş digər predmetlər başa düşülməlidir.

4. Məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikasının dövlət gömrük sərhədindən keçirmə dedikdə, boru kəməri nəqliyyatı və elektrik ötürücüsü xətləri də daxil olmaqla, hər hansı yolla əşyaların və digər predmetlərin Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməsi, həmin ərazidən çıxarılması, yaxud Azərbaycan Respublikasının ərazisindən tranzit edilməsi başa düşülməlidir.

5. Əşyaların Azərbaycan Respublikasının gömrük nəzarətindən kənar və ya ondan gizli keçirilməsi dedikdə, gömrük idarələrinin qanuni razılığı olmadan əşyaların Azərbaycan Respublikasının sərhədindən onlar tərəfindən müəyyən edilmiş yer və vaxta riayət edilmədən, habelə gömrük nəzarətindən bu əşyaların gizli şəkildə keçirilməsi nəzərdə tutulmalıdır (məsələn, əşyalar haqqında mütləq elan edilməli və ya təqdim olunmalı məlumatları bilə-bilə gömrük nəzarətinə xəbər verməmək, əşyaların aşkar edilməsini və yoxlanılmasını çətinləşdirən üsulla keçirmək, onları öz adlarına uyğun olmadan təqdim etmək və s.).

Qaçaq mal kimi tutulmuş əşyanın dəyəri müəyyən edilərkən, həmin əşyanın qaçaqmalçılığın aşkar edildiyi günə olan pərakəndə dövlət satış qiyməti əsas götürülməlidir. Həmin əşyaların dəyəri xüsusi normativ aktlarla müəyyən edildikdə, bu aktlar rəhbər tutulmalıdır.

Qaçaq mal kimi tutulmuş əşyaların pərakəndə qiymətləri, habelə onun dəyərini hesablamaq haqqında xüsusi normativ aktlar olmadıqda, əşyanın dəyəri oxşar mallar üçün olan pərakəndə qiymətlərə müvafiq surətdə müəyyən edilə bilər. Bu hallarda qaçaq mal kimi tutulmuş əşyaların dəyəri ekspertlərin rəyinə əsasən müəyyən edilməlidir.

Götürülmüş xarici valyutanı qiymətləndirərkən, onun Azərbaycan Respublikası valyutası ilə hesablanması Azərbaycan Respublikası Milli Bankının qaçaqmalçılığın aşkar edildiyi günə olan xarici iqtisadi əməliyyatlar üzrə hesablamalar üçün tətbiq edilən kursu ilə aparılmalıdır.

6. Külli miqdarda qaçaqmalçılıq müstəqil tövsifedici əlamət kimi qəbul edilməlidir. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin bəzi normalarının tətbiqi məsələləri haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 1993-cü il 27 yanvar tarixli qərarının birinci bəndinin izahına görə, külli miqdar dedikdə, qaçaqmalçılıq predmetinin qiyməti minimum əmək haqqının iki yüz mislindən az olmadığı hallar başa düşülməlidir.

Əşyaların qaçaqmalçılıq ilə məşğul olmaq üçün təşkil edilmiş bir qrup şəxs tərəfindən gömrük nəzarətindən kənarda və ya ondan gizli keçirilməsi kimi tövsifedici əlamət üçün qaçaqmalçılıq predmetinin qiymətinin əhəmiyyəti yoxdur.

7. Qaçaqmalçılıq ilə məşğul olmaq üçün təşkil edilmiş bir qrup şəxs dedikdə, iki və daha çox şəxsin Azərbaycan Respublikasının dövlət gömrük sərhədindən əşyaların qanunsuz keçirilməsi məqsədilə, mütəşəkkil dəstə şəklində birləşməsi başa düşülməlidir.

Dəstənin mütəşəkkil olmasını bir qrup şəxsin ediləcək cinayəti əvvəlcədən planlaşdırması, cinayətkar qəsdin həyata keçirilməsi üçün vasitələrin hazırlanması, cinayətin iştirakçılarının seçilməsi və dəstəyə cəlb edilməsi, dəstəyə cəlb olunanların arasında rolların bölünməsi, cinayətin gizlədilməsini təmin edən tədbirlərin görülməsi və sair əlamətlər xarakterizə edə bilər.

8. Qaçaqmalçılıq cinayətinin törədilməsinə kömək edən şəxslər bu cinayətdə iştirakçı kimi məsuliyyətə cəlb olunmalıdır. Vəzifəli şəxslərin hərəkətləri isə, əlavə olaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin vəzifə cinayətləri üstündə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə də tövsif edilməlidir.

9. Qaçaqmalçılıq faktiki olaraq əşyaların dövlət gömrük sərhədindən keçirildiyi andan bitmiş cinayət hesab olunur. Bu cür keçirməyə cəhd göstərmə, şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, qaçaqmalçılığa sui-qəsd hesab olunmalı və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15 və 71-ci maddələri ilə tövsif edilməlidir.

10. Əgər şəxs qaçaqmalçılıq ilə yanaşı başqa cinayətlər də törətmişdirsə (qanunsuz olaraq xaricə getmə və qanunsuz olaraq Azərbaycan Respublikasına gəlmə, saxtakarlıq, qanunsuz olaraq narkotik vasitələr, güclü təsir edən və zəhərli radioaktiv maddələr hazırlama, əldə etmə, saxlama, daşıma, göndərmə və qanunsuz olaraq satma, müvafiq icazə olmadan odlu silah, döyüş sursatı və ya partlayıcı maddələr gəzdirmə, saxlama, əldə etmə, hazırlama və ya satma və s.) təqsirkarın hərəkətləri cinayətlərin məcmuyu ilə tövsif olunmalıdır.

11. Qaçaqmalçılığın predmetləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən, maddi sübut kimi dövlət gəlirinə müsadirə edilməlidir. Həmçinin dövlət sərhədindən əşyaların gizli yolla keçirilməsi üçün xüsusi saxlanc yerləri ilə təchiz edilmiş qaçaqmalçılığa görə məsuliyyətə cəlb edilmiş şəxslərə məxsus nəqliyyat vasitələri və digər cinayət alətləri də dövlət gəlirinə müsadirə olunmalıdır. Qaçaqmalçılığın predmetləri təqsirkar tərəfindən satıldığı halda, məhkəmə onların dəyərinin məhkumdan alınıb dövlət gəlirinə keçirilməsi məsələsini həll etməlidir.

12. Məhkəmələr qaçaqmalçılıqda təqsirli bilinmiş şəxslər barəsində əsas və əlavə cəzaların düzgün tətbiqini təmin etməlidirlər.

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71-ci maddəsində əlavə cəza əmlak müsadirəsi tətbiqi mütləq nəzərdə tutulduğundan, məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 40-cı maddəsində göstərilən hallarda, məhkumu əlavə cəzadan azad edə bilər. Belə qərara gəlməyin motivləri qanunun həmin maddəsinə istinad edilməklə, hökmdə mütləq göstərilməlidir.

13. Məhkəmələr qaçaqmalçılıq haqqında işlərə baxarkən, cinayətin törədilməsinə kömək etmiş səbəb və şəraiti diqqətlə araşdırmalı və onların təkrar olunmaması üçün xüsusi qərardadlar çıxarmalıdırlar.

Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarları Məcmuəsində (1961—1997) dərc edilmişdir (1998-ci il, ¹ 56) («AzerSoft»).

© AzerSoft

Rəsmi məlumatlar Arxiv    
06.10.2007
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 2-də Prezident sarayında Qara Dəniz və Xəzər Dənizi Sahibkarlar Konfederasiyaları Birliyinin və Türk Sənayeçiləri və İş Adamları Birliyinin prezidenti Arzuxan Doğanı, Mərmərə qrupu vəqfinin sədri Akkan Suveri və ATA Holdinqin baş direktoru Əhməd Erentoku qəbul etmişdir. Azərbaycan Prezidenti ölkəmizdə “Qara dəniz və Xəzər dənizi regionunda regional birbaşa xarici investisiyalar” mövzusunda beynəlxalq konfransın keçirilməsinin böyük əhəmiyyətə malik olduğunu qeyd etdi və konfrans iştirakçılarına təbrik məktubu ünvanladığını bildirdi.

Daha ətraflı
06.10.2007
Azərbaycan və Xorvatiya arasında ikitərəfli münasibətlərin böyük perspektivləri var. Xorvatiya Prezidenti Stepan Mesiçin Azərbaycana rəsmi səfəri
Oktyabrın 2-3 tarixlərində Xorvatiya Respublikasının Prezidenti Stepan Mesiç Azərbaycanda rəsmi səfərdə olmuşdur.
Xorvatiya Respublikasının Prezidenti Stepan Mesiç oktyabrın 2-də Fəxri xiyabana gəlmişdir.
Xorvatiya dövlətinin başçısı türk dünyasının görkəmli oğlu, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla anaraq, məzarı önünə əklil qoydu.
Xorvatiya Prezidenti görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üstünə də tər gül dəstəsi qoydu.

Daha ətraflı
06.10.2007
MDB dövlət başçılarının növbəti zirvə toplantısı keçirilir
Oktyabrın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev MDB üzvü olan ölkələrin dövlət başçılarının növbəti zirvə toplantısında iştirak etmək üçün Tacikistanın paytaxtı Düşənbəyə yola düşmüşdür.
Düşənbə hava limanında Prezident İlham Əliyevi Tacikistanın nəqliyyat və kommunikasiyalar naziri Əbdürəhim Aşur və MDB-nin İcraiyyə Komitəsinin sədri - icraçı katib Vladimir Ruşaylo və digər rəsmi şəxslər qarşılamışlar.

Daha ətraflı
    © 2006 — 2007, Financial and Legal Consulting of The CIS Supported by «Marco Computer Technologies» Dizayn MEQA şirkəti tərəfindən hazırlanıb