Azərbaycan Respublikası Dövlət
Gömrük Komitəsi
«Məhkəmənin qərarınadək götürülmüş
əmlakın uçotu, saxlanılması və aidiyyəti üzrə təhvil verilməsi barədə
Təlimat»ın təsdiq edilməsi haqqında
Əmr ¹ 030
24 mart 2003-cü il
Gömrük işi sahəsində cinayətlər
və gömrük qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlər
üzrə götürülmüş malların uçotu, saxlanılması və aidiyyəti üzrə
təhvil verilməsi işini və bu sahədə maliyyə nəzarətini gücləndirmək
məqsədilə Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 9-cu maddəsinə
müvafiq olaraq əmr edirəm:
1. «Məhkəmənin qərarınadək götürülmüş
əmlakın uçotu, saxlanılması və aidiyyəti üzrə təhvil verilməsi
barədə Təlimat» təsdiq edilsin (əlavə olunur).
2. «Məhkəmənin qərarınadək götürülmüş
əmlakın uçotu, saxlanılması və aidiyyəti üzrə təhvil verilməsi
barədə Təlimat» normativ-hüquqi akt kimi qeydiyyata alınması üçün
Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə təqdim olunsun.
3. Bu Təlimat Azərbaycan Respublikasının
Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alındığı gündən qüvvəyə
minsin.
4. İşlər İdarəsi (N. Məmmədov)
Təlimatın Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyata
alındıqdan sonra gömrük orqanlarına və təşkilatlarına göndərilməsini
təmin etsin.
5. Əmrin icrasına nəzarət Komitə
sədrinin I müavini A. Əliyevə həvalə edilsin.
Komitənin sədri
K.F. HEYDƏROV
«Dövlət qeydiyyatına alınmışdır»
Azərbaycan Respublikasının
Ədliyyə Nazirliyi
Qeydiyyat ¹ 2972
03 aprel 2003-cü il
Nazir
F. MƏMMƏDOV
|
«Təsdiq edirəm»
Azərbaycan Respublikasının Dövlət
Gömrük Komitəsi
Əmr ¹ 030
24 mart 2003-cü il
Sədr
K. HEYDƏROV
|
«Razılaşdırılmışdır»
Azərbaycan Respublikasının
Maliyyə Nazirliyi
17 mart 2003-cü il
Nazir
Ə. ƏLƏKBƏROV
|
Məhkəmənin qərarınadək götürülmüş
əmlakın uçotu, saxlanılması və aidiyyəti üzrə təhvil verilməsi barədə
Təlimat
1. Ümumi müddəalar
1.1. Bu Təlimat «Müsadirə edilmiş,
sahibsiz qalmış, vərəsəlik hüququ əsasında dövlət mülkiyyətinə
keçən əmlakın və dəfinələrin uçotu, qiymətləndirilməsi, saxlanılması,
istifadəsi və satışı barədə Əsasnamənin təsdiq edilməsi haqqında»
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 aprel 2002-ci
il tarixli 69 nömrəli Qərarının 2-ci bəndinin icrasını təmin etmək
məqsədilə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə,
Mülki-Prosessual Məcəlləsinə və İnzibati Xətalar Məcəlləsinə uyğun
hazırlanmışdır.
1.2. Bu Təlimat Azərbaycan Respublikasının
qanunvericiliyində başqa hal nəzərdə tutulmayıbsa gömrük işi sahəsində
törədilən cinayətlərin və gömrük qaydaları əleyhinə inzibati xətanın
bilavasitə predmeti kimi götürülmüş malların (pul və digər qiymətlilərin)
məhkəmənin və ya müvafiq səlahiyyətli orqanın qərarınadək uçotu,
saxlanılması və aidiyyəti üzrə təhvil verilməsi qaydalarını müəyyən
edir.
1.3. Aşağıdakılar xüsusi uçota
götürülür və saxlanılır:
- tarixi, elmi, bədii və mədəniyyət baxımından
xüsusi əhəmiyyət kəsb edən qiymətli əşyalar və sənədlər;
- milli və xarici valyutalar və valyuta sərvətləri;
- bu qəbildən olan digər qiymətlilər və qanunvericiliklə
dövriyyəsi qadağan edilmiş əmlak;
- nəqliyyat vasitələri;
2. Götürülmüş əmlakın uçotunun aparılması qaydaları
2.1. Gömrük işi sahəsində törədilən
cinayətlərin və digər hüquqpozmaların bilavasitə predmeti olan
və gömrük orqanları tərəfindən müvafiq qaydada götürülmüş anbar
şəraitində saxlanılması zəruri olan iri ölçülü mallar məhkəmənin
və ya müvafiq səlahiyyətli orqanın qərarınadək müvəqqəti saxlanc
üçün Dövlət Gömrük Komitəsinin müəyyən etdiyi müvafiq təsərrüfat
strukturunun anbarına, pul və qiymətlilər isə maliyyə xidmətinə
təhvil verilir. Maddi sübutlar malları təhvil verən gömrük orqanının
müraciət məktubu əsasında qəbul edilir.
2.2. Pul və digər qiymətlilərin
maliyyə xidmətinə təhvil verilməsi baxış (götürülmə) haqqında
protokol və ya qərar əsasında qanunvericiliklə müəyyən olunmuş
kassa mədaxil orderi və müvafiq qəbz formaları (QQ-1, QQ-2, QQ-3)
doldurulmaqla həyata keçirilir.
2.3. Maddi sübutların zəruri hallarda
fotoşəkli çəkilə bilər.
2.4. Maddi sübutlar qablaşdırıla
və möhürlənə bilər.
2.5. Dövlət Gömrük Komitəsinin
müəyyən etdiyi müvafiq təsərrüfat strukturunun anbarına qəbul
edilən mallar barədə 2 (iki) nüsxədən ibarət qəbuletmə aktı tərtib
olunur. Həmin akt malları təhvil verən orqanın səlahiyyətli nümayəndəsi,
malları təhvil götürənin təşkil etdiyi komissiya üzvləri tərəfindən
imzalanır və təşkilatın möhürü ilə təsdiq edilir. Aktda qəbul
edilmiş mala aid məlumatlar (adı, növü, əmtəə markası, çəkisi,
həcmi, çeşidi, vəziyyəti və s.) əks olunur. Akta həmin mallara
aid digər sənədlər də əlavə oluna bilər. Aktın imzalanmış və təsdiq
edilmiş bir nüsxəsi malları təhvil verən orqanın nümayəndəsinə
verilir.
2.6. Anbar sahibi məhkəmə və ya
müvafiq səlahiyyətli orqanın qərarınadək anbara qəbul edilmiş
və anbardan buraxılan malların uçotunu xüsusi formalı «Anbar qeydiyyatı
Kitabı»nda aparır.
2.7. Maddi sübutlar güclü təsirli,
zəhərli, zəhərləyici, radioaktiv, partlayıcı maddə və qurğular,
odlu silahlar və onların sursatları, o cümlədən insan həyatı üçün
təhlükə yarada biləcək bu kimi qəbildən olan əşyalar ekspert rəyindən
sonra məhkəmənin qanuni qüvvəyə minmiş qərarınadək qanunvericiliklə
tələb olunan xüsusi müəyyənləşdirilmiş yerdə saxlanılır. Zəruri
hallarda bu cür əşyalar xüsusi dövlət təşkilatlarına təhvil verilə
bilər.
Güclü təsirli, zəhərli, zəhərləyici,
radioaktiv, partlayıcı maddə və qurğular, odlu silahlar və onların
sursatları, o cümlədən insan həyatı üçün təhlükə yarada biləcək
bu kimi qəbildən olan əşyalar saxlanılmağa aktla təhvil verilir.
Akt 2 nüsxədə tərtib olunur, aktın bir nüsxəsi cinayət işinə tikilir,
ikinci nüsxə maddi sübutları saxlamağa götürən təşkilata verilir.
2.8. Qanunsuz dövriyyədən götürülmüş
narkotik vasitələr və psixotrop maddələr, gömrük işi sahəsində
törədilən cinayətlərin təhqiqat və ya istintaqını aparan vəzifəli
şəxslər tərəfindən məhkəmənin qanuni qüvvəyə minmiş qərarınadək
xüsusi təchiz olunmuş yerlərdə müvəqqəti olaraq ciddi nəzarət
altında saxlanılmalıdır.
2.9. Pozuntunun predmeti olan
qiymətli əşyalar icraatı aparan gömrük orqanının vəzifəli şəxslərinin
qərarı əsasında dövlət tərəfindən müəyyən edilmiş səlahiyyətli
qurumlar tərəfindən ekspertizadan keçirilir və iş üçün əhəmiyyət
kəsb etdikdə, maddi sübut kimi tanınır. Həmin əşyaların çəkisi,
növü, əyarı, dəyəri və digər əlamətləri müəyyən edildikdən sonra
qablaşdırılaraq möhürlənir (surğuclanır və ya plomblanır).
2.10. Saxlanılmağa götürülmüş
qiymətli kağızlar təhvil verən şəxsin iştirakı ilə zərfə qoyulub
möhürlənir. Götürülmüş qiymətli kağızların miqdarı çox olarsa,
kağız qutuya qoyulub qablaşdırıla və möhürlənə bilər. Zərfin və
ya qutunun üzərində əşya sahibinin soyadı, adı, atasının adı,
sənədin (qəbzin) nömrəsi və tarixi göstərilir. Zərfin və ya qutunun
üzərində təhvil alan və təhvil verən şəxslər imza edirlər.
2.11. Pozuntunun predmeti kimi
götürülmüş malın, pulun və digər qiymətlilərin uçotu qanunvericiliyə
uyğun olaraq gömrük orqanlarının maliyyə xidmətində xüsusi kitabda
və dövriyyə cədvəllərində aparılır.
Qəbul olunmuş pulun mədaxil və
məxaric sənədləri ümumi qaydada pul sənədləri ilə bir yerdə saxlanılır.
2.12. Dövlət Gömrük Komitəsinin
xəzinəsinə verilən maddi sübutların uçotu səhifələri nömrələnmiş,
qaytanlanmış, möhürlənmiş və səlahiyyətli şəxsin imzası ilə təsdiq
edilmiş kitabda aparılır.
2.13. Maddi sübutlar sahibinə
qaytarıldıqdan, müsadirə edildikdən və ya məhv edildikdən sonra,
sənədlər gömrük orqanlarında qanunvericiliklə müəyyən olunmuş
müddətdə saxlanılır.
3. Götürülmüş əmlakın saxlanması qaydası
3.1. Gömrük işi sahəsində törədilən
cinayətlərin və gömrük qaydaları əleyhinə inzibati xətanın bilavasitə
predmeti olan, gömrük orqanları tərəfindən müvafiq qaydada götürülmüş
mallar, pullar və digər qiymətlilər aidiyyətindən, xüsusiyyətindən,
qiymətindən, ölçüsündən asılı olaraq, cinayət və ya inzibati xəta
haqqında işin içində, Dövlət Gömrük Komitəsinin müəyyən etdiyi
müvafiq təsərrüfat strukturunun anbarında, gömrük orqanlarının
maliyyə xidmətlərində və ya təhqiqat, ibtidai istintaq orqanlarının
müəyyən etdiyi yerlərdə saxlanılır. Nəqliyyat vasitələri gömrük
orqanlarının müəyyən etdiyi xüsusi dayanacaqlara təhvil verilir.
3.2. Təlimatın 1.3-cü bəndində
göstərilən maddi sübut sayılan mallar və eləcə də qəbz kitabçaları,
oğurlanmaqdan və xarab olmaqdan qorunmasına tam təminat verilən
anbar və ya otaqlarda dəmir şkaf və ya seyflərdə saxlanılmalıdır.
Həmin mallar saxlanılan dəmir şkaf və ya seyflər, habelə anbar
və ya otaqlar iş vaxtından sonra möhürlənib və ya plomlanıb mühafizə
üçün təhvil verilməlidir.
3.3. Zərurət yarandıqda Dövlət
Gömrük Komitəsinin müəyyən etdiyi müvafiq təsərrüfat strukturunun
anbarında və ya maliyyə xidmətində saxlanılan maddi sübutlar,
istintaq hərəkətlərinin və ya inzibati araşdırmanın aparılması
üçün təhqiqat və ya istintaq aparan gömrük orqanının vəzifəli
şəxsinə verilə bilər.
Bu zaman əşyaların verilməsi aktla
rəsmiləşdirilir.
Malların ekspertizası məqsədilə
və digər zəruri hallarda maddi sübut olan qiymətliləri və s. malları
təhqiqat və istintaq aparan gömrük orqanının vəzifəli şəxsləri
işin icraatda olduğu müddət ərzində, habelə məhkəmə və ya müvafiq
səlahiyyətli orqanının qərarınadək xüsusi müəyyənləşdirilmiş yerdə
saxlaya bilər. Saxlanma yeri malların, pul və digər qiymətlilərin
qorunub saxlanılması və toxunulmazlığını təmin edən tələblərə
cavab verməlidir.
3.4. Mallar, pul və digər qiymətlilər
anbarda və ya maliyyə xidmətinin xüsusi müəyyənləşdirilmiş otağında
məhkəmə və ya müvafiq səlahiyyətli orqanın, həmin malların taleyinin
qanuna müvafiq qaydada həll edilməsi barədə qərarının qanuni qüvvəyə
minməsinə qədər saxlanılır.
Əgər məhkəmənin qərarında bu mallar
haqqında heç bir məlumat olmazsa, dərhal qərar çıxaran məhkəmə
və ya istintaq (təhqiqat) orqanı qarşısında bu barədə vəsatət
qaldırılmalıdır.
3.5. Anbar sahibi saxlanca qəbul
edilmiş malların vəziyyəti barədə zəruri hallarda öz təşəbbüsü
ilə, yaxud malları təhvil vermiş gömrük orqanının tələbi ilə ona
müvafiq məlumatlar verməlidir.
3.6. Anbara qəbul edilmiş xüsusi
saxlanılma şəraiti tələb edən məhdud istifadə müddətli və tez
xarab olan ərzaq malları anbara təhvil verildikdən sonra, məhkəmənin
və ya müvafiq səlahiyyətli orqanın qərarınadək malları təhvil
verən orqanın rəhbərinin qərarı ilə Dövlət Gömrük Komitəsinin
müəyyən etdiyi müvafiq təsərrüfat strukturu tərəfindən Qiymətləndirmə
komissiyasının iştirakı ilə (müstəqil ekspertlərin cəlb edilməsi
şərti ilə) qiymətləndirilə və qanuna müvafiq şəkildə realizə edilə
bilər.
Bu zaman malların satışından əldə
olunmuş vəsait məhkəmə və ya müvafiq səlahiyyətli orqanın qərarınadək
saxlanmaq üçün 3 bank günündən gec olmayaraq müvafiq kredit təşkilatında
xüsusi açılmış depozit hesaba köçürülür.
3.7. Anbara qəbul edilmiş məhdud
istifadə müddətli və tez xarab olan ərzaq malları, ilkin qiymətlər
müəyyən edildiyi vaxtdan 15 gün ərzində qiymətlərin yüksək olması
və digər obyektiv səbəblərdən satılmazsa, onda həmin malların
DQK nümayəndələrinin də daxil olduğu Qiymətləndirmə komissiyasının
iştirakı ilə (müstəqil ekspertlərin cəlb edilməsi şərti ilə) yenidən
qiymətləndirilməsi həyata keçirilir.
3.8. Götürülmüş malların saxlanması
(bu Təlimatın 3.6. və 3.7-ci bəndlərində nəzərdə tutulan hallarda
satışı) ilə bağlı çəkilən xərclər qanunvericiliklə nəzərdə tutulmuş
qaydada tənzimlənir.
3.9. Anbara qəbul edilmiş istifadə
müddəti ötən, mal dövriyyəsindən çıxarılan, əhalinin sağlamlığı
və ətraf mühit üçün təhlükə yaradan, habelə satışı respublika
ərazisində qadağan edilən mallar təhvil verən orqanın rəhbərinin
qərarı ilə məhkəmə və ya müvafiq səlahiyyətli orqanın qərarınadək
qanuna müvafiq qaydada məhv edilə bilər.
3.10. Təqsirkar şəxslərdən götürülmüş
şəxsi sənədlər iş üzrə maddi sübut hesab edilərsə, müvafiq qaydada
zərfə qoyularaq möhürlənmiş vəziyyətdə cinayət və ya inzibati
xəta işinə əlavə edilməlidir.
3.11. Gömrük işi sahəsində törədilən
cinayətlərin və gömrük qaydaları əleyhinə inzibati xətanın bilavasitə
predmeti olan, gömrük orqanları tərəfindən müvafiq qaydada maddi
sübut kimi götürülmüş heyvan və ya quşlar məhkəmə və ya müvafiq
səlahiyyətli orqanının qərarınadək akt tərtib edilməklə həmin
sahədə yerləşən heyvanat parkına və ya heyvandarlıq təsərrüfatlarına
təhvil verilir.
3.12. Aşkar edilmiş hüquqpozma
faktı üzrə icraatın bir müstəntiqdən (təhqiqatçıdan) başqasına,
bir istintaq (təhqiqat) orqanından başqa istintaq (təhqiqat) orqanına,
eləcə də bir məhkəmədən başqasına verilməsi ilə əlaqədar götürülmüş
mallar istintaq və ya təhqiqat orqanının razılığı ilə ilkin təhvil
verildiyi yerdə saxlanılır.
4. Götürülmüş əmlakın aidiyyəti üzrə təhvil verilməsi
qaydası
4.1. Məhkəmənin və ya müvafiq
səlahiyyətli orqanın qanuni qüvvəyə minmiş qərarında malların
(pul və digər qiymətlilərin) sahibinə qaytarılması nəzərdə tutulduqda,
mal sahibi yaxud onun vəkalət verdiyi şəxs Dövlət Gömrük Komitəsinin
müəyyən etdiyi müvafiq təsərrüfat strukturuna və ya maliyyə xidmətinə
ərizə ilə müraciət edir və 20 gün ərzində həmin mallar müvafiq
akt və digər təsdiqedici sənədlər əsasında təhvil alma barədə
imza etdirilməklə sahibinə (və ya onun səlahiyyətli nümayəndəsinə)
qaytarılır.
Mallar bu Təlimatın 3.6 və 3.7-ci
bəndlərində göstərilən qaydada satılmışsa, həmin Təlimatın 3.8-ci
bəndində göstərilənlər nəzərə alınmaqla satışdan əldə olunan vəsait
sahibinə (və ya onun səlahiyyətli nümayəndəsinə) qaytarılır.
4.2. Hüquqpozmanın bilavasitə
predmeti olan və gömrük orqanları tərəfindən müvafiq olaraq götürülmüş
mallar sahibinə və ya onun səlahiyyətli nümayəndəsinə, məhkəmənin
və ya müvafiq səlahiyyətli orqanın qüvvəyə minmiş qərarı əsasında
əmlakın təhvil verilməsi barədə qaimə-fakturaya imza etdirilməklə
qaytarılır.
Malların qaytarılması barədə uçot
kitabında qeydiyyat aparılır.
4.3. Gömrük hüquqpozmaları haqqında
işin icraatını və ya bu işə baxılmanı həyata keçirən Azərbaycan
Respublikası gömrük orqanının vəzifəli şəxsi işin baxılma müddəti
başa çatanadək maddi sübutların qorunub saxlanılmasını təmin etmək
üçün bütün tədbirləri görməlidir.
4.4. Mal sahibi və ya onun səlahiyyətli
nümayəndəsi malların sahibinə qaytarılması barədə məhkəmənin və
ya müvafiq səlahiyyətli orqanın qanuni qüvvəyə minmiş qərarından
ötən 10 il müddətində həmin malların qaytarılması barədə aidiyyəti
üzrə müraciət etməzsə, malların dövlət mülkiyyətinə keçirilməsi
üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada tədbirlər görülür.
5. Nəzarət və məsuliyyət
5.1. Dövlət Gömrük Komitəsinin
rəhbərliyi tərəfindən təyin edilmiş, 1 nəfər maliyyə xidmətindən
olmaqla, azı 3 nəfərdən ibarət komissiya tərəfindən ibtidai istintaq
və ya təhqiqat dövründə təqsirkar şəxslərdən götürülmüş mallar,
pul və ya digər qiymətlilər saxlanılan yerlərdə ildə 1 dəfədən
az olmayaraq qəfləti yoxlamalar aparıla bilər.
5.2. Yoxlama zamanı komissiya
aşağıdakıları müəyyən edir:
- mal, pul və digər qiymətlilərin uçotu, saxlanması
qaydalarının düzgünlüyünü;
- mal, pul və digər qiymətlilərin faktiki qalığının
mədaxil və məxaric sənədləri əsasında uçot məlumatları ilə uyğunluğunu;
- mal, pul və digər qiymətlilərin vaxtında təyinatı
üzrə göndərilməsinin və yaxud sahibinə qaytarılmasının düzgünlüyünü.
5.3. Aparılan yoxlamanın nəticələri
müəyyən edilmiş qaydada ümumiləşdirilir və müvafiq qaydada akt
tərtib edilir.
5.4. Gömrük orqanlarının səlahiyyətli
nümayəndələri onlar tərəfindən anbara və maliyyə xidmətinə təhvil
verilmiş malların, pul və ya digər qiymətlilərin maddi məsul şəxs
(anbar sahibi) tərəfindən tələb olunan səviyyədə saxlanılmasına
vaxtaşırı nəzarət edirlər.
5.5. Maddi məsul şəxs (anbar sahibi)
saxlanca götürdüyü malların, pul və ya digər qiymətlilərin məhkəmənin
və ya müvafiq səlahiyyətli orqanın qərarınadək saxlanması və uçotunun
düzgün aparılması üçün qanunvericiliyə uyğun olaraq məsuliyyət
daşıyır.
5.6. Maddi məsul şəxs (anbar sahibi)
qarşısıalınmaz qüvvələrin təsiri və onun iradəsindən asılı olmayan
hadisələrin nəticəsində malların, pul və ya digər qiymətlilərin
yararsız hala düşməsinə, yaxud məhv olmasına görə məsuliyyət daşımır.
Azərbaycan Respublikası Mərkəzi İcra Hakimiyyəti
Orqanlarının Normativ Aktlarının Bülletenində dərc edilmişdir
(2003-cü il, ¹ 2, 3, 4, s. 75) («AzerSoft»)
© AzerSoft