Financial and Legal Consulting of The CIS Regional Cluster
             Az | Ru | En |
          
 
 
   

Azərbaycan Respublikasının Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi

Azərbaycan Respublikası ərazisində istehsal olunan və ölkə ərazisinə idxal edilən alkoqollu içkilərə, pivəyə, etil (yeyinti) spirtinə və tütün məmulatlarına tətbiq olunan dövlət aksiz markalarının sifarişi, satışı, uçotunun aparılması və onlardan istifadə olunması Qaydaları

1. Ümumi müddəalar

1.1. Bu Qaydalar Azərbaycan Respublikası Prezidentinin 26 iyul 1999-cu il tarixli 161 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi haqqında» Əsasnaməyə, Azərbaycan Respublikası Prezidentinin 05 fevral 1999-cu il tarixli 90 nömrəli «Alkoqollu içkilər etil (yeyinti) spirti və tütün məmulatı istehsalının, idxalının və satışının tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında», 08 noyabr 1999-cu il tarixli 202 nömrəli «Qiymətli kağızlarla fəaliyyət sahəsində bəzi fəaliyyət növlərinin lisenziyalaşdırılması qaydalarının təsdiq edilməsi haqqında» Fərmanlarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 08 yanvar 2001-ci il tarixli 10 nömrəli Qərarı ilə təsdiq edilmiş «Aksiz tutulan mallara, o cümlədən idxal mallarına aksiz markalarının tətbiqi» Qaydalarına əsasən hazırlanmışdır.

1.2. Bu Qaydalar Azərbaycan Respublikası ərazisində istehsal olunan və ölkə ərazisinə idxal edilən alkoqollu içkilərə, pivəyə, etil (yeyinti) spirtinə və tütün məmulatlarına (bundan sonra — «markalanmalı məhsullar») tətbiq olunan dövlət aksiz markalarının (bundan sonra — «aksiz markaları») sifarişi, satışı, uçotunun aparılması və onların tədavülünə nəzarət mexanizmini müəyyən edir.

2. Aksiz markalarına olan ümumi tələblər

2.1. Aksiz markalarının üzərində aşağıdakı rekvizitlər olmalıdır:

2.1.1. Azərbaycan Respublikasına məxsus olan simvolika;

2.1.2. seriya;

2.1.3. sıra nömrəsi;

2.1.4. təyinatı («daxili istehsal», «idxal» və yaxud «müsadirə»);

2.1.5. növü («etil (yeyinti) spirti», «alkoqollu içkilər», «pivə», «tütün məmulatı»).

2.2. Eyni seriyaya malik olan aksiz markalarının sıra nömrələri təkrarlanmamalı, «daxili istehsal», «idxal» və «müsadirə» üçün nəzərdə tutulmuş aksiz markalarının rəngləri bir-birindən fərqlənməlidir.

3. Aksiz markalarının sifarişi

3.1. Aksiz markalarının hazırlanmasına sifariş Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə əsasən Azərbaycan Respublikası Maliyyə Nazirliyi (bundan sonra — «Maliyyə Nazirliyi») tərəfindən həyata keçirilir.

3.2. Maliyyə Nazirliyi növbəti ilin başlanmasına 3 (üç) ay qalmış markalanmalı məhsulları istehsal edən şəxslərdən, növbəti ilə aksiz markalarına olan tələbatları haqqında məlumat almalıdır.

3.3. Aksiz markalarının hazırlanması QKDK-dan bütün növ qiymətli kağızların blanklarının hazırlanması fəaliyyətinə lisenziya almış hüquqi şəxslərə sifariş olunur.

3.4. Maliyyə Nazirliyi sifariş olunmuş aksiz markalarını qəbul etdikdə, bu barədə xüsusi jurnalda qəbul edilmiş aksiz markalarının təyinatı, növü və sayı göstərilməklə qeydlər aparır.

4. Aksiz markalarının satışı və uçotunun aparılması

4.1. Aksiz markaları markalanmalı məhsulların istehsalını və idxalını həyata keçirmək üçün müvafiq lisenziya almış mülkiyyət formasından asılı olmayaraq hüquqi və fiziki şəxslərə (bundan sonra — «şəxs») Maliyyə Nazirliyi tərəfindən onların hazırlanması, daşınması, saxlanılması üzrə xərclərə bərabər qiymətə satılır.

4.2. Aksiz markaları markalanmalı məhsulları istehsal və idxal edən şəxsə, ərizədə göstərilmiş miqdarda və markalanmalı məhsulların istehsalını və ya idxalını həyata keçirmək üçün alınmış lisenziyada göstərilən həcmə uyğun olaraq (idxalçılar üçün müqavilədə göstərilən həcmdən artıq olmamaq şərti ilə) satılır. Markalanmalı məhsulları müsadirə etmiş müvafiq dövlət orqanına onun tərəfindən təqdim edilmiş rəsmi müraciətə əsasən satılır.

4.3. Aksiz markalarının uçotunun aparılması bu Qaydalarla və Azərbaycan Respublikasının mövcud qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Maliyyə Nazirliyi tərəfindən həyata keçirilir.

4.4. Azərbaycan Respublikası ərazisində markalanmalı məhsulları istehsal edən şəxs aksiz markalarını almaq üçün Maliyyə Nazirliyinə aşağıdakı sənədləri təqdim etməlidir:

4.4.1. Maliyyə Nazirliyi tərəfindən müəyyən olunmuş formada 2 (iki) nüsxədə ərizə;

4.4.2. markalanmalı məhsulların istehsalını həyata keçirmək üçün lisenziyanın əsli və surəti (üzləşdirildikdən sonra lisenziyanın əsli şəxsə qaytarılır);

4.4.3. şəxsiyyəti təsdiq edən sənəd;

4.4.4. alkoqollu içkilərin istehsalında istifadə olunan etil (yeyinti) spirtinin mənşəyini müəyyən edən sənədlərin surətləri;

4.4.5. aksiz markalarının alınması üçün pul vəsaitinin Maliyyə Nazirliyinin hesabına köçürüldüyünü təsdiq edən sənədin əsli və surəti (üzləşdirildikdən sonra sənədin əsli şəxsə qaytarılır). Aksiz markalarının alınması üçün pul vəsaitinin Maliyyə Nazirliyinin hesabına köçürüldüyünü təsdiq edən sənəddə növü göstərilməklə «daxili istehsal» aksiz markalarının alınmasına görə» sözləri yazılmalıdır.

4.5. Azərbaycan Respublikası ərazisinə markalanmalı məhsulları idxal edən şəxs aksiz markalarını almaq üçün Maliyyə Nazirliyinə aşağıdakı sənədləri təqdim etməlidir:

4.5.1. Maliyyə Nazirliyi tərəfindən müəyyən olunmuş formada 2 (iki) nüsxədə ərizə;

4.5.2. markalanmalı məhsulların idxalını həyata keçirmək üçün lisenziyanın əsli və surəti (üzləşdirildikdən sonra lisenziyanın əsli şəxsə qaytarılır);

4.5.3. şəxsiyyəti təsdiq edən sənəd;

4.5.4. idxal edilən məhsul üçün bağlanmış müqavilənin əsli və surəti (üzləşdirildikdən sonra müqavilənin əsli şəxsə qaytarılır);

4.5.5. aksiz markalarının alınması üçün pul vəsaitinin Maliyyə Nazirliyinin hesabına köçürüldüyünü təsdiq edən sənədin əsli və surəti (üzləşdirildikdən sonra sənədin əsli şəxsə qaytarılır). Aksiz markalarının alınması üçün pul vəsaitinin Maliyyə Nazirliyinin hesabına köçürüldüyünü təsdiq edən sənəddə növü göstərilməklə «idxal» aksiz markalarının alınmasına görə» sözləri yazılmalıdır.

4.6. Markalanmalı məhsulları müsadirə etmiş müvafiq dövlət orqanı aksiz markalarını almaq üçün Maliyyə Nazirliyinə aşağıdakı sənədləri təqdim etməlidir:

4.6.1. Müsadirə olunmuş, markalanmalı məhsulların miqdarı və növü göstərilməklə yazılı surətdə müraciət;

4.6.2. şəxsiyyəti təsdiq edən sənəd;

4.6.3. aksiz markalarının alınması üçün pul vəsaitinin Maliyyə Nazirliyinin hesabına köçürüldüyünü təsdiq edən sənədin əsli və surəti (üzləşdirildikdən sonra sənədin əsli şəxsə qaytarılır). Aksiz markalarının alınması üçün pul vəsaitinin Maliyyə Nazirliyinin hesabına köçürüldüyünü təsdiq edən sənəddə növü göstərilməklə «müsadirə» aksiz markalarının alınmasına görə» sözləri yazılmalıdır;

4.7. Aksiz markalarının alınması üçün təqdim edilən ərizələr Maliyyə Nazirliyi tərəfindən xüsusi jurnalda qeyd edilməklə qəbul edilir.

4.8. Maliyyə Nazirliyi tələb olunan sənədləri qəbul etdikdən sonra şəxsə və ya markalanmalı məhsulları müsadirə etmiş müvafiq dövlət orqanına 3 (üç) iş günü ərzində Maliyyə Nazirliyi tərəfindən müəyyən olunmuş formada «Dövlət aksiz markalarının alınması haqqında» Arayış verir. «Dövlət aksiz markalarının alınması haqqında» Arayış aksiz markalarının alınmasını təsdiq edən sənəddir.

4.9. Arayışda alınmış aksiz markalarının təyinatı, növü, sayı, həmçinin aksiz markalarını alan şəxs və ya markalanmalı məhsulları müsadirə etmiş müvafiq dövlət orqanı haqqında məlumatlar öz əksini tapmalıdır.

4.10. Aksiz markaları satıldıqda, Maliyyə Nazirliyi satılmış aksiz markalarının təyinatı, növü, sayı və onları alan şəxs və ya markalanmalı məhsulları müsadirə etmiş müvafiq dövlət orqanı haqqında məlumatlar göstərilməklə xüsusi jurnalda qeydlər aparır.

4.11. Maliyyə Nazirliyi hər sonrakı ayın 5-dən gec olmayaraq əvvəlki ay ərzində satılmış aksiz markalarının təyinatı, növü, sayı, satılma tarixi və onları alan şəxsin və ya markalanmalı məhsulları müsadirə etmiş müvafiq dövlət orqanının adı göstərilməklə QKDK-ya məlumat verir.

4.12. QKDK tərəfindən aksiz markalarının satışına və uçotunun aparılmasına nəzarəti həyata keçirmək, o cümlədən onların mühafizəsini təmin etmək məqsədi ilə, Maliyyə Nazirliyi aksiz markalarını müqavilə əsasında Milli Depozit Mərkəzində saxlayır.

4.13. Milli Depozit Mərkəzi hər ayın 10-dan gec olmayaraq Maliyyə Nazirliyi tərəfindən aksiz markalarının mühafizəsinin təmin edilməsi üçün saxlanca təhvil verilmiş aksiz markalının sayı haqqında (növü və təyinatı göstərilməklə) məlumatı QKDK-ya təqdim edir.

4.14. Markalanmalı məhsulların Azərbaycan Respublikası ərazisində istehsalı və ya onların ölkə ərazisinə idxalı yalnız aksiz markalarının əldə edilməsindən sonra həyata keçirilir.

4.15. Azərbaycan Respublikasının ərazisində istehsal olunan markalanmalı məhsullara tətbiq edilən aksiz markalarının dövriyyəsinə nəzarəti həyata keçirmək məqsədi ilə, ölkədə markalanmalı məhsulları istehsal edən şəxsə, aksiz markaları QKDK tərəfindən verilir.

4.16. Markalanmalı məhsulları istehsal edən şəxs aksiz markalarının əldə edilməsi üçün QKDK-ya aşağıdakı sənədləri təqdim etməlidir:

4.16.1. QKDK tərəfindən müəyyən olunmuş formada yazılı surətdə müraciət;

4.16.2. «Dövlət aksiz markalarının alınması haqqında» Arayış;

4.16.3. vəkalətnamə;

4.16.4. şəxsiyyəti təsdiq edən sənədin əsli və surəti (üzləşdirildikdən sonra sənədin əsli şəxsə qaytarılır).

4.17. İdxal olunacaq markalanmalı məhsulların (pivə istisna olmaqla) Azərbaycan Respublikası ərazisinə markalanmış halda idxalını təmin etmək üçün QKDK şəxs tərəfindən alınmış aksiz markalarını həmin şəxsin hesabına idxal edilən məhsulların istehsalçısına və ya bu məhsulların Azərbaycan Respublikasından kənar satışında vasitəçilik fəaliyyətini həyata keçirən subyektlərə göndərilməsini təşkil edir.

4.18. Azərbaycan Respublikası ərazisinə pivə idxal edən şəxsə aksiz markaları bu Qaydaların 4.15. bəndində göstərilmiş qaydada QKDK tərəfindən verilir.

4.19. Azərbaycan Respublikası ərazisinə pivə idxal edən şəxs aksiz markalarını əldə etmək üçün, QKDK-ya idxal edilən pivə üçün bağlanmış müqavilənin əslini və surətini (üzləşdirildikdən sonra müqavilənin əsli şəxsə qaytarılır) və bu Qaydaların 4.16. bəndində göstərilən sənədləri təqdim etməlidir.

4.20. Ölkə ərazisinə markalanmalı məhsulları (pivə istisna olmaqla) idxal edən şəxs aksiz markalarının əldə edilməsi üçün QKDK-ya aşağıdakı sənədləri təqdim etməlidir:

4.20.1. QKDK tərəfindən müəyyən olunmuş formada yazılı surətdə müraciət;

4.20.2. «Dövlət aksiz markalarının alınması haqqında» Arayış;

4.20.3. idxal edilən məhsul üçün bağlanmış müqavilənin əsli və surəti (üzləşdirildikdən sonra müqavilənin əsli şəxsə qaytarılır);

4.20.4. şəxsiyyəti təsdiq edən sənədin əsli və surəti (üzləşdirildikdən sonra sənədin əsli şəxsə qaytarılır).

4.21. Azərbaycan Respublikasının ərazisinə idxal olunan markalanmalı məhsullara (pivə istisna olmaqla) tətbiq olunan aksiz markaları həmin məhsulların istehsalçısının və ya vasitəçilik fəaliyyətini həyata keçirən subyektin ünvanına göndərildikdən sonra, onların göndərilməsini həyata keçirən təşkilat QKDK-ya bu faktı təsdiq edən sənədin əslini və surətini (üzləşdirildikdən sonra sənədin əsli geri qaytarılır) təqdim etməlidir.

4.22. Markalanmalı məhsulları müsadirə etmiş müvafiq dövlət orqanına aksiz markaları bu Qaydaların 4.15. bəndində göstərildiyi kimi QKDK tərəfindən verilir.

4.23. Markalanmalı məhsulları müsadirə etmiş müvafiq dövlət orqanı aksiz markalarını əldə etmək üçün, QKDK-ya bu Qaydaların 4.16. bəndində göstərilən sənədləri təqdim etməlidir.

4.24. Aksiz markalarını əldə edən şəxsə və ya markalanmalı məhsulları müsadirə etmiş müvafiq dövlət orqanına QKDK tərəfindən təsdiq olunmuş formada «Dövlət aksiz markalarının əldə edilməsi haqqında» Arayış (Forma ¹ 1) verilir. «Dövlət aksiz markalarının əldə edilməsi haqqında» Arayış aksiz markalarının əldə edilməsini təsdiq edən sənəddir.

4.25. Aksiz markaları verildikdə və ya göndərildikdə bu barədə QKDK tərəfindən xüsusi jurnalda aksiz markalarını əldə etmiş şəxs və ya markalanmalı məhsulları müsadirə etmiş müvafiq dövlət orqanı haqqında məlumatlar və verilmiş və yaxud göndərilmiş aksiz markalarının təyinatı, növü, seriyaları, nömrələri, sayı göstərilməklə qeydlər aparılır.

4.26. QKDK hər sonrakı ayın 10-dan gec olmayaraq əvvəlki ay ərzində şəxslər və markalanmalı məhsulları müsadirə etmiş müvafiq dövlət orqanları tərəfindən əldə edilmiş aksiz markalarının təyinatı, növü, sayı, seriya və nömrələri göstərilməklə Azərbaycan Respublikası Maliyyə Nazirliyinə məlumat verir.

5. Aksiz markalarının istifadə edilməsi

5.1. Aksiz markalarının istifadə edilməsi Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə uyğun olaraq aşağıdakı qaydada həyata keçirilir:

5.1.1. daxili istehsalda tətbiq olunan bütün növ aksiz markaları Azərbaycan Respublikasının ərazisində həmin markalanmalı məhsulların istehsalçıları tərəfindən yapışdırılır;

5.1.2. idxalda tətbiq olunan «alkoqollu içkilər», «etil (yeyinti) spirti» və «tütün məmulatı» aksiz markaları həmin məhsulların istehsalçıları və ya Azərbaycan Respublikasının hüdudlarından kənarda vasitəçilik fəaliyyətini həyata keçirən şəxslər tərəfindən yapışdırılır.

5.1.3. idxalda tətbiq olunan «pivə» aksiz markaları həmin markalanmalı məhsulların idxalçıları tərəfindən yapışdırılır.

5.2. «Daxili istehsal» və «İdxal» aksiz markaları markalanmalı məhsulların şəffaf sellofan örtüyünün (istehsalda nəzərdə tutulubsa) altından yapışdırılmalıdır.

5.3. Aksiz markaları yapışdırılarkən onların əzilməsinə yol verilməməli, rekvizitləri aydın görünməli və markalanmalı məhsul istifadə üçün açıldıqda həmin markalar yararsız hala düşməlidir.

6. İstifadə olunmamış və yaxud zədələnmiş aksiz markalarının geri qaytarılması

6.1. İstifadə olunmamış və yaxud zədələnmiş aksiz markaları alındığı tarixdən 1 (bir) il ərzində Maliyyə Nazirliyinə qaytarılmalıdır.

6.2. İstifadə olunmamış aksiz markaları qaytarıldıqdan sonra Maliyyə Nazirliyi şəxs tərəfindən aksiz markalarının alınması üçün ödənilmiş pul vəsaitinin 75 (yetmiş beş) faizini şəxsə geri qaytarır. Qalan 25 (iyirmi beş) faizi həmin aksiz markalarının gətirilməsi və saxlanılması xərclərinin ödənilməsi məqsədi ilə Maliyyə Nazirliyinin hesabında saxlanılır. Göstərilmiş müddət keçdikdən sonra şəxsin vəsaiti geri qaytarılmır.

6.3. İstifadə olunmamış aksiz markalarının geri qaytarılması üçün şəxs Maliyyə Nazirliyinə aşağıdakı sənədləri təqdim etməlidir:

6.3.1. səbəbləri göstərilməklə, Maliyyə Nazirliyi tərəfindən müəyyən edilmiş formada aksiz markalarının geri qaytarılması haqqında ərizə;

6.3.2. «Dövlət aksiz markalarının əldə edilməsi haqqında» Arayışın surəti;

6.3.3. aksiz markalarının alınması üçün pul vəsaitinin Maliyyə Nazirliyinin hesabına köçürüldüyünü təsdiq edən sənəd.

6.4. Zədələnmiş aksiz markaları hər vərəqədə 10 (on) ədəd aşağıdakı qaydalara riayət edərək yapışdırılmalıdır:

6.4.1. aksiz markalarının seriyaları və nömrələri dəqiq oxunmalı və mərkəz hissəsi aydın görünməlidir;

6.4.2. parçalanmış aksiz markalarının ayrı-ayrı hissələri birləşdirilməlidir.

6.5. Zədələnmiş aksiz markaları qaytarılarkən, onların alınmasına sərf olunmuş vəsait geri qaytarılmır.

6.6. Zədələnmiş aksiz markalarının məhv edilməsi üçün Maliyyə Nazirliyi tərəfindən komissiya yaradılır. Komissiyanın tərkibinə QKDK-nın nümayəndəsi daxil edilir. Zədələnmiş aksiz markalarının məhv edilməsi haqqında Akt tərtib edilir və komissiyanın üzvləri tərəfindən imzalanır.

6.7. İstifadə olunmamış və ya zədələnmiş aksiz markaları qaytarıldıqdan sonra, Maliyyə Nazirliyi aksiz markalarını xüsusi jurnalda təyinatı, növü, sayı, seriya və nömrələri qeyd etməklə, qəbul edir.

6.8. İstifadə olunmamış və ya zədələnmiş aksiz markaları qaytarıldığı tarixdən etibarən 5 (beş) iş günü ərzində Maliyyə Nazirliyi geri qaytarılmış aksiz markalarının təyinatı, növü, sayı, seriya və nömrələri, geri qaytarılma tarixi və onları geri qaytaran şəxsin və ya markalanmalı məhsulları müsadirə etmiş müvafiq dövlət orqanının adı göstərilməklə, QKDK-ya məlumat verir.

7. Nəzarət

7.1. Aksiz markalarının sifarişinə, satışına, uçotunun aparılmasına və onların dövriyyəsinə nəzarəti QKDK həyata keçirir.

7.2. QKDK aksiz markalarının dövriyyəsinə nəzarəti həyata keçirmək məqsədi ilə lazımi məlumatları və sənədləri müvafiq dövlət təşkilatlarından, hüquqi və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslərdən ala bilər. QKDK Azərbaycan Respublikasının mövcud qanunvericiliyə uyğun olaraq araşdırmalar və yoxlamalar apara bilər. Aparılmış araşdırmalar və yoxlamalar nəticəsində hüquqpozmalar aşkar edildikdə, QKDK Azərbaycan Respublikasının mövcud qanunvericiliyində nəzərdə tutulmuş qaydada müvafiq tədbirlər həyata keçirir.

8. Məsuliyyət

8.1. Aksiz markalarının digər şəxslərə verilməsi, satılması və təyinatına zidd istifadə olunması qadağandır.

8.2. Aksiz markalarını digər şəxslərə ötürən, onları qanunsuz əldə edən, saxtalaşdıran, saxta markaları istifadə edən və bu Qaydalara riayət etməyən şəxslər Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar.

9. Qüvvəyə minməsi

9.1. Bu Qaydalar təsdiq edildiyi gündən qüvvəyə minir.

© AzerSoft

Rəsmi məlumatlar Arxiv    
06.10.2007
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 2-də Prezident sarayında Qara Dəniz və Xəzər Dənizi Sahibkarlar Konfederasiyaları Birliyinin və Türk Sənayeçiləri və İş Adamları Birliyinin prezidenti Arzuxan Doğanı, Mərmərə qrupu vəqfinin sədri Akkan Suveri və ATA Holdinqin baş direktoru Əhməd Erentoku qəbul etmişdir. Azərbaycan Prezidenti ölkəmizdə “Qara dəniz və Xəzər dənizi regionunda regional birbaşa xarici investisiyalar” mövzusunda beynəlxalq konfransın keçirilməsinin böyük əhəmiyyətə malik olduğunu qeyd etdi və konfrans iştirakçılarına təbrik məktubu ünvanladığını bildirdi.

Daha ətraflı
06.10.2007
Azərbaycan və Xorvatiya arasında ikitərəfli münasibətlərin böyük perspektivləri var. Xorvatiya Prezidenti Stepan Mesiçin Azərbaycana rəsmi səfəri
Oktyabrın 2-3 tarixlərində Xorvatiya Respublikasının Prezidenti Stepan Mesiç Azərbaycanda rəsmi səfərdə olmuşdur.
Xorvatiya Respublikasının Prezidenti Stepan Mesiç oktyabrın 2-də Fəxri xiyabana gəlmişdir.
Xorvatiya dövlətinin başçısı türk dünyasının görkəmli oğlu, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla anaraq, məzarı önünə əklil qoydu.
Xorvatiya Prezidenti görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üstünə də tər gül dəstəsi qoydu.

Daha ətraflı
06.10.2007
MDB dövlət başçılarının növbəti zirvə toplantısı keçirilir
Oktyabrın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev MDB üzvü olan ölkələrin dövlət başçılarının növbəti zirvə toplantısında iştirak etmək üçün Tacikistanın paytaxtı Düşənbəyə yola düşmüşdür.
Düşənbə hava limanında Prezident İlham Əliyevi Tacikistanın nəqliyyat və kommunikasiyalar naziri Əbdürəhim Aşur və MDB-nin İcraiyyə Komitəsinin sədri - icraçı katib Vladimir Ruşaylo və digər rəsmi şəxslər qarşılamışlar.

Daha ətraflı
    © 2006 — 2007, Financial and Legal Consulting of The CIS Supported by «Marco Computer Technologies» Dizayn MEQA şirkəti tərəfindən hazırlanıb