Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi
             Az | Ru | En |
          
 
 
   

Azərbaycan Respublikası Gömrük Komitəsinin işi haqqında

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Gömrük sistemində yaranmış böhranlı vəziyyət Azərbaycanın iqtisadi əsaslarına son dərəcədə sarsıdıcı təsir göstərir, bazar iqtisadiyyatına keçid dövründə mövcud çətinlikləri daha da dərinləşdirir, xarici iqtisadi əlaqələrin inkişafına ciddi maneçilik törədir. Bunlar gömrük işinin lazımi səviyyədə təşkil edilməməsindən, korrupsiyanın, rüşvətxorluğun və digər şəxsi maraqların geniş yayılmasından, Gömrük Komitəsində qanun pozuntularının kütləvi hal almasından irəli gəlir. Bu faktlar Azərbaycanın beynəlxalq iqtisadi nüfuzuna xələl gətirməklə vətəndaşlarda haqlı narazılıq doğurur, respublikaya xarici sərmayə qoyuluşunu çətinləşdirir.

Bütün bunlar Gömrük Komitəsinin sədri T. Y. Əliyevin səriştəsizliyinin, gömrük işinin təşkilində buraxdığı ciddi nöqsanların, işçilərin seçilib yerləşdirilməsində yol verdiyi kobud səhvlərii nəticəsidir.

Gömrük işinin Azərbaycan Respublikası iqtisadiyyatının dirçəldilməsində mühüm rolunu, bu sahədə təxirəsalınmaz tədbirlər görülməsi zərurətini nəzərə alaraq qərara alıram:

1. Azərbaycan Respublikası Gömrük Komitəsinin işi qeyri-qənaətbəxş hesab edilsin.

2. Tahir Yunis oğlu Əliyev işdə yol verdiyi ciddi nöqsanlara və ona göstərilmiş etimadı doğrultmadığına görə Azərbaycan Respublikası Gömrük Komitəsinin sədri vəzifəsindən azad edilsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində Azərbaycan Respublikasında vahid gömrük siyasətinin iqtisadi, təşkilati və hüquqi mexanizminin hazırlanması ilə bağlı təklifləri Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin, bu sahədə Nazirlər Kabinetinin səlahiyyətinə aid olan normativ aktları hazırlayıb təsdiq etsin.

Azərbaycan Respublikasının Prezidenti

Heydər ƏLİYEV.

Bakı şəhəri, 9 yanvar 1995-ci il.

№ 257.

«Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı»nda dərc edilmişdir (31 yanvar 1995-ci il, № 1—2, maddə 29) («AzerSoft»).

© AzerSoft

Rəsmi məlumatlar Arxiv    
27.12.2008
Bakıda Mərkəzi gömrük hospitalı istifadəyə verilmişdir
Dekabrın 25-də Bakıda Mərkəzi gömrük hospitalı istifadəyə verilmişdir. Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak etmişdir.

Daha ətraflı
    © 2006 — 2008, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi   Dizayn MEQA şirkəti tərəfindən hazırlanıb