Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi
             Az | Ru | En |
          
 
 
   
Azərbaycan Respublikasının Gömrük Məcəlləsi

(10 iyun 1997-ci il tarixli 311-IQ saylı Qanuna əsasən təsdiq edilmişdir.)

Bu Məcəllə gömrük işinin hüquqi, iqtisadi və təşkilati əsaslarını müəyyən edir, Azərbaycan Respublikasının iqtisadi təhlükəsizliyinin, suverenliyinin və maraqlarının qorunmasına, Azərbaycan iqtisadiyyatının dünya təsərrüfatı ilə əlaqələrinin genişlənməsinə, gömrük işi sahəsində təsərrüfat subyektlərinin, fiziki şəxslərin və dövlət orqanlarının hüquqlarının müdafiəsinin təmin olunmasına, onların öz vəzifələrini yerinə yetirmələrinə yönəlmişdir.

I bölmə. Ümumi müddəalar

1-ci fəsil. Azərbaycan Respublikasında gömrük işi və gömrük siyasəti

Maddə 1. Azərbaycan Respublikasında gömrük işi

Azərbaycan Respublikasının gömrük işini malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsinin qaydaları və şərtləri, gömrük ödənişlərinin alınması, gömrük rəsmiləşdirilməsi, gömrük nəzarəti və gömrük siyasətinin həyata keçirilməsinin digər vasitələri təşkil edir.

Maddə 2. Azərbaycan Respublikasının gömrük siyasəti

Azərbaycan Respublikasında dövlətin daxili və xarici siyasətinin tərkib hissəsi olan vahid gömrük siyasəti həyata keçirilir.

Azərbaycan Respublikasının gömrük siyasətinin məqsədi aşağıdakılardan ibarətdir:

  • Azərbaycan Respublikasının gömrük ərazisində gömrük nəzarəti və mal dövriyyəsinin tənzimlənməsi vasitələrindən daha səmərəli istifadənin təmin edilməsi;
  • Azərbaycan Respublikasının daxili bazarının qorunması;
  • milli iqtisadiyyatın inkişafının stimullaşdırılması;
  • Azərbaycan dövlətinin iqtisadi siyasətindən irəli gələn vəzifələrin yerinə yetirilməsinə kömək edilməsi;
  • Azərbaycan Respublikasının Konstitusiyasına, bu Məcəlləyə və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq müəyyən edilən digər məqsədlər.

Azərbaycan Respublikasının gömrük siyasəti gömrük işini beynəlxalq əməkdaşlığın genişləndirilməsinə yönəldir. Azərbaycan Respublikasında gömrük işi hamılıqla qəbul edilmiş beynəlxalq normalar və təcrübə ilə uyğunlaşdırma və eyniləşdirmə istiqamətində inkişaf etdirilir.

Maddə 3. Azərbaycan Respublikasının gömrük ərazisi və gömrük sərhədi

Azərbaycan Respublikasının gömrük ərazisi — Azərbaycan Respublikasının quru ərazisindən, daxili sulardan, Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsindən (o cümlədən onda yerləşən adalar, süni adalar, qurğular və tikililər) və onların üzərindəki hava məkanından ibarətdir.

Azərbaycan Respublikası ərazisində sərbəst gömrük zonaları və sərbəst anbarlar yerləşə bilər. Bu Məcəllədə və gömrük işi üzrə Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında müəyyən edilən hallar istisna edilməklə sərbəst gömrük zonalarının və sərbəst anbarların əraziləri Azərbaycan Respublikasının gömrük ərazisindən kənarda yerləşən ərazidir.

Azərbaycan Respublikasının gömrük ərazisinin hüdudları, həmçinin sərbəst gömrük zonalarının və sərbəst anbarların perimetrləri Azərbaycan Respublikasının gömrük sərhədidir.

Maddə 4. Gömrük işi və beynəlxalq iqtisadi inteqrasiya

Azərbaycan Respublikası beynəlxalq iqtisadi inteqrasiyanın inkişaf etdirilməsi və möhkəmləndirilməsi üçün digər dövlətlərlə gömrük ittifaqları, sərbəst iqtisadi zonaları yaradır, gömrük məsələləri üzrə beynəlxalq hüquq normalarına uyğun sazişlər bağlayır.

Maddə 5. Gömrük işi haqqında Azərbaycan Respublikasının qanunvericiliyi

Gömrük işi haqqında Azərbaycan Respublikasının qanunvericiliyi bu Məcəllədən, «Gömrük tarifi haqqında» Azərbaycan Respublikasının Qanunundan və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarından ibarətdir.

Maddə 6. Dövlətlərarası müqavilələrin qüvvəsi

Azərbaycan Respublikasının dövlətlərarası müqavilələrində müəyyən edilən qaydalar bu Məcəllə və gömrük işi haqqında Azərbaycan Respublikasının digər qanunvericilik aktları ilə nəzərdə tutulmuş qaydalardan fərqlənərsə, dövlətlərarası müqavilələrin qaydaları tətbiq edilir.

2-ci fəsil. Gömrük işinin təşkili

Maddə 7. Azərbaycan Respublikasının gömrük orqanları

Azərbaycan Respublikasında gömrük işi hüquq mühafizə orqanları olub, vahid sistem təşkil edən gömrük orqanları tərəfindən həyata keçirilir.

Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanıhaqqında əsasnamə>müvafiq icra hakimiyyəti orqanıtərəfindən təsdiq edilir.

Azərbaycan Respublikasının gömrük işini bilavasitə həyata keçirən orqanlar Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanıtərəfindən təsdiq edilən əsasnamələrə uyğun fəaliyyət göstərirlər.

Azərbaycan Respublikası gömrük orqanlarının vahid sisteminin müəyyən olunması, gömrük orqanlarının yaradılması, yenidən təşkili və ləğv edilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.

Qanunvericilikdə müəyyən olunmuş hallar istisna olunmaqla, heç bir dövlət orqanının bu Məcəllənin və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının müddəalarına uyğun fəaliyyət göstərən gömrük orqanlarının səlahiyyətinə toxunan məsələlər üzrə qərar qəbul etmək, onların funksiyalarını icra etmək və ya dəyişmək, onlara başqa vəzifələr tapşırmaq və ya fəaliyyətinə digər formada müdaxilə etmək hüququ yoxdur.

Maddə 8. Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanının gömrük laboratoriyaları, elmi tədqiqat və tədris müəssisələri, digər idarə və təşkilatları

Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanı:

  • gömrük məqsədləri üçün malların ekspertizasını və tədqiqini aparmaqdan ötrü gömrük laboratoriyaları yaradır;
  • gömrük işi sahəsində elmi tədqiqat işlərinin aparılması, kadr hazırlığı və onların ixtisasının artırılması məqsədi ilə elmi tədqiqat müəssisələri, peşəyönümlü təhsil-tədris müəssisələri, gömrük fəaliyyətinin yerinə yetirilməsinə kömək edən hesablama mərkəzləri, poliqrafiya, tikinti-istismar idarələri, digər idarə və təşkilatlar yarada bilər;
  • gömrük orqanlarının, gömrük laboratoriyalarının, elmi tədqiqat və tədris müəssisələrinin, idarə və təşkilatların əmlakı dövlət mülkiyyətidir.
  • Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanı bu əmlakın idarə edilməsi üzrə mülkiyyətçi səlahiyyətlərini həyata keçirir.

Maddə 9. Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanının normativ aktları

Bu Məcəllədə və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında nəzərdə tutulan hallarda Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanı öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının gömrük orqanları, Azərbaycan Respublikasının bütün başqa dövlət orqanları, tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq idarələr, müəssisələr və təşkilatlar, habelə vəzifəli şəxslər və vətəndaşlar üçün icrası məcburi olan normativ aktlar qəbul edir. Göstərilən normativ aktlar Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq qeydiyyatdan keçirilir.

Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanının ümumi xarakterli normativ aktları onların özlərində ayrı müddət nəzərdə tutulmamışdırsa, dərc olunduqdan on gün sonra qüvvəyə minir.

Maddə 10. Azərbaycan Respublikası gömrük orqanlarının əsas funksiyaları

Azərbaycan Respublikasının gömrük orqanları aşağıdakı əsas funksiyaları yerinə yetirirlər:

1) Azərbaycan Respublikasının gömrük siyasətinin işlənib hazırlanmasında iştirak edir və bu siyasəti həyata keçirirlər;

2) icrasına nəzarət Azərbaycan Respublikasının gömrük orqanlarına həvalə olunmuş qanunvericilik aktlarına riayət edilməsini təmin edirlər; gömrük işini həyata keçirərkən idarələrin, müəssisələrin, təşkilatların və fiziki şəxslərin, həmçinin sahibkarların hüquq və mənafelərinin müdafiəsi üzrə tədbirlər görürlər;

3) öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının iqtisadi təhlükəsizliyini təmin edirlər;

4) Azərbaycan Respublikasının iqtisadi mənafeyini qoruyurlar;

5) ticarət-iqtisadi münasibətlərdə gömrük tənzimlənməsi vasitələrini tətbiq edirlər;

6) gömrük rüsumları, vergilər və digər gömrük ödənişləri alırlar;

7) Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən mallar barədə iqtisadi siyasət tədbirlərinin işlənib hazırlanmasında iştirak edir və bu tədbirləri həyata keçirirlər;

8) Azərbaycan Respublikasının gömrük sərhədindən malların və nəqliyyat vasitələrinin keçirilməsi qaydalarına riayət olunmasını təmin edirlər;

9) gömrük işi sahəsində cinayətlərə, həmçinin gömrük qaydalarının və vergi qanunvericiliyinin pozulmasına qarşı mübarizə aparırlar, narkotik vasitələrin, silahın, Azərbaycan xalqının və xarici ölkə xalqlarının bədii, tarixi və arxeoloji sərvətləri olan əşyaların, intellektual mülkiyyət obyektlərinin, yox olmaq təhlükəsi altında olan heyvanların və bitki növlərinin, digər malların Azərbaycan Respublikası gömrük sərhədindən qanunsuz keçirilməsinin qarşısını alırlar; beynəlxalq terrorçuluqla mübarizəyə və Azərbaycan Respublikasının təyyarə limanlarında beynəlxalq mülki aviasiyanın fəaliyyətinə qanunsuz müdaxilənin qarşısının alınmasına köməklik göstərirlər;

10) gömrük nəzarətini və gömrük rəsmiləşdirilməsini həyata keçirir və təkmilləşdirir, Azərbaycan Respublikasının gömrük sərhədindən mal dövriyyəsinin sürətləndirilməsi üçün şərait yaradırlar;

11) xarici iqtisadi fəaliyyətin gömrük statistikasını və Azərbaycan Respublikasının xüsusi gömrük statistikasını aparırlar;

12) xarici iqtisadi fəaliyyətin mal nomenklaturasını aparırlar;

13) idarələrin, müəssisələrin, təşkilatların və fiziki şəxslərin xarici iqtisadi əlaqələrinin inkişafına kömək edirlər;

14) dövlət təhlükəsizliyinin, ictimai asayişin, əhalinin mənəviyyatının, insanların həyat və sağlamlığının, heyvan və bitkilərin, ətraf mühitin qorunması, gətirilən malların Azərbaycan istehlakçılarının mənafeyinin müdafiəsi sahəsində tədbirlər həyata keçirilməsinə kömək edirlər;

15) rezident və qeyri-rezident tərəfindən milli və xarici valyutanın, eləcə də digər valyuta sərvətlərinin müvafiq qanunvericiliyə uyğun olaraq Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsinə, habelə bu Məcəllə ilə nəzərdə tutulmuş digər hallarda valyuta nəzarətini həyata keçirirlər;

16) Azərbaycan Respublikasının gömrük işinə aid beynəlxalq öhdəliklərinin yerinə yetirilməsini təmin edir; Azərbaycan Respublikasının gömrük işi ilə əlaqədar beynəlxalq müqavilələrinin işlənib hazırlanmasında iştirak edir; xarici dövlətlərin gömrük işinə aid məsələlərlə məşğul olan gömrük və başqa səlahiyyətli orqanlar ilə, beynəlxalq təşkilatlarla əməkdaşlıq edirlər;

17) gömrük işi sahəsində elmi tədqiqat işləri aparır və məsləhətlər verirlər; dövlət orqanları, idarələr, müəssisələr və təşkilatlar üçün bu sahədə mütəxəssislərin hazırlanmasını və onların ixtisaslarının artırılmasını həyata keçirirlər;

18) müəyyən edilmiş qaydada Azərbaycan Respublikası Milli Məclisinə, Azərbaycan Respublikası Prezidentinə, başqa dövlət orqanlarına, idarə, müəssisə və təşkilatlara, vətəndaşlara gömrük məsələləri üzrə məlumatlar verilməsini təmin edirlər;

19) dövlətin vahid maliyyə-təsərrüfat siyasətinin həyata keçirilməsində iştirak edir, gömrük orqanlarının maddi-texniki bazasını inkişaf etdirir, bu orqanların işçiləri üçün lazımi əmək və sosial şərait yaradırlar.

Maddə 11. Azərbaycan Respublikası gömrük orqanlarının bayrağı və tanınma nişanları

Azərbaycan Respublikası gömrük orqanlarının və onların sərəncamında olan dəniz və çay gəmilərinin bayrağı vardır. Azərbaycan Respublikası gömrük orqanlarının sərəncamında olan avtonəqliyyat vasitələri və hava gəmilərinin tanınma nişanları vardır.

Bayraq və tanınma nişanlarının təsviri Azərbaycan Respublikası Milli Məclisi tərəfindən təsdiq olunur.

Maddə 12. Azərbaycan Respublikası gömrük orqanlarının başqa dövlət orqanları ilə, idarə, müəssisə, təşkilat və vətəndaşlarla qarşılıqlı fəaliyyəti

Azərbaycan Respublikası gömrük orqanları gömrük işi ilə əlaqədar vəzifələri yerinə yetirmək məqsədi ilə digər hüquq mühafizə orqanları və başqa dövlət orqanları ilə, idarə, müəssisə, təşkilat və vətəndaşlarla qarşılıqlı fəaliyyət göstərirlər.

Dövlət orqanları və onların vəzifəli şəxsləri Azərbaycan Respublikası gömrük orqanlarına tapşırılan vəzifələrin yerinə yetirilməsi üçün onlara lazımi şərait yaratmaqla kömək edirlər.

Azərbaycan Respublikasının qanunvericilik aktlarına uyğun olaraq Azərbaycan Respublikasının gömrük orqanları öz səlahiyyətlərinə aid olan ayrı-ayrı işlərin icrasında başqa idarə, müəssisə və təşkilatların xidmətindən istifadə edə bilərlər.

Maddə 13. Azərbaycan Respublikasının gömrük orqanlarına xidmət və məişət otaqları, avadanlıq və rabitə vasitələri verilməsi

Gömrük rəsmiləşdirilməsinin Azərbaycan Respublikası gömrük orqanlarının olduğu yerdə deyil, öz ərazilərində və ya binalarında keçirilməsində maraqlı olan idarələr, müəssisələr, təşkilatlar və fiziki şəxslər Azərbaycan Respublikasının gömrük orqanlarına əvəzsiz istifadə üçün lazımi xidmət və məişət otaqları, avadanlıq və rabitə vasitələri verirlər.

Maddə 14. Azərbaycan Respublikasının gömrük orqanlarına torpaq sahələrinin verilməsi

Gömrük obyektlərinin yerləşdirilməsi zəruri olan hallarda, Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə uyğun olaraq gömrük orqanlarına istifadə üçün torpaq sahələri verilir.

Maddə 15. Azərbaycan Respublikası gömrük orqanlarının və onların vəzifəli şəxslərinin qərarlarından, hərəkət və hərəkətsizliyindən şikayət etmə

Azərbaycan Respublikası gömrük orqanlarının və onların vəzifəli şəxslərinin qərarlarından, hərəkət və hərəkətsizliyindən qanunvericilik ilə müəyyən edilmiş qaydada şikayət edilə bilər.

Maddə 16. Azərbaycan Respublikası gömrük orqanlarına gömrük məqsədləri üçün verilən məlumatlara münasibət

Bu Məcəlləyə və gömrük işi üzrə Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq dövlət orqanları, idarələr, müəssisələr, təşkilatlar və fiziki şəxslər tərəfindən Azərbaycan Respublikası gömrük orqanlarına verilən məlumatlar yalnız gömrük məqsədləri üçün istifadə edilə bilər.

Dövlət, kommersiya, bank sirlərindən və qanunla qorunan digər sirlərdən ibarət olan məlumatlar, həmçinin gizli məlumatlar yayılmır, Azərbaycan Respublikası gömrük orqanlarının vəzifəli şəxsləri tərəfindən şəxsi məqsədlərlə istifadə edilmir, Azərbaycan Respublikasının qanunvericilik aktlarında nəzərdə tutulmuş hallar istisna edilməklə üçüncü şəxslərə verilmir.

Maddə 17. Bu Məcəllədə istifadə olunan əsas anlayışlar

Bu Məcəllədəki əsas anlayışlar aşağıdakı mənalarda istifadə olunur:

1) mallar — istənilən daşınan əmlak, o cümlədən valyuta, valyuta sərvətləri, elektrik və digər enerji növləri, bu maddənin 4-cü bəndində göstərilən nəqliyyat vasitələri istisna olmaqla nəqliyyat vasitələri;

2) Azərbaycan malları — mənşə ölkəsi Azərbaycan Respublikası olan və ya Azərbaycan Respublikası ərazisində sərbəst dövriyyə üçün buraxılmış mallar;

3) xarici mallar — bu maddənin 2-ci bəndində göstərilməyən və mənşəyi xarici ölkə olan mallar;

4) nəqliyyat vasitələri — sərnişinlərin və malların beynəlxalq daşınmaları üçün istifadə olunan istənilən vasitələr, o cümlədən konteynerlər və digər nəqliyyat avadanlıqları;

5) Azərbaycan Respublikasının gömrük sərhədindən keçirmə — malların və ya nəqliyyat vasitələrinin Azərbaycan Respublikası qanunvericiliyində müəyyən edilmiş üsullarla, o cümlədən beynəlxalq poçt göndərişləri, boru kəmərlərindən və elektrik ötürücü xətlərindən istifadə etmək də daxil olmaqla Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməsi və ya bu ərazidən aparılması üzrə həyata keçirilən hərəkətlər.

Bu hərəkətlərə aşağıdakılar aiddir:

  • malların və ya nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməsi zamanı və ya sərbəst gömrük zonaları ərazisindən və sərbəst anbarlardan, Azərbaycan Respublikasının gömrük ərazisinin qalan hissəsinə gətirilməsi zamanı Azərbaycan Respublikasının gömrük sərhədindən faktiki keçirilmə;
  • malların və ya nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük ərazisindən aparılması zamanı və ya malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük ərazisinin qalan hissəsindən sərbəst gömrük zonası ərazisinə və sərbəst anbarlara aparılması zamanı gömrük bəyannamələrinin verilməsi, malların və nəqliyyat vasitələrinin müvafiq olaraq gətirilməsi və ya aparılması niyyətinin bilavasitə reallaşdırılmasına yönələn digər hərəkətlər;

6) hüquqi şəxslər — gömrük əməliyyatları aparılmasında bilavasitə və dolayısı ilə iştirak edən, qanuna müvafiq surətdə qeydə alınmış idarə, müəssisə və təşkilatlar;

7) fiziki şəxslər — hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olanlar;

8) Azərbaycan hüquqi və fiziki şəxsləri — Azərbaycan Respublikası qanunvericiliyinə müvafiq olaraq yaradılmış və Azərbaycan Respublikasında yerləşən idarə, müəssisə və təşkilatlar, Azərbaycan Respublikasında uçota alınmış hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər və Azərbaycan Respublikasında daimi yaşayış yeri olan Azərbaycan Respublikasının vətəndaşları;

9) xarici hüquqi və fiziki şəxslər — bu maddənin 8-ci bəndində göstərilməyən şəxslər;

10) malları keçirən şəxs — malların mülkiyyətçisi, alıcısı, sahibi və ya digər şəkildə Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq öz adından mallar barəsində bu Məcəllədə nəzərdə tutulmuş hərəkətləri etmək səlahiyyəti olan şəxslər;

11) deklarant (bəyannaməçi) — gömrük rəsmiləşdirilməsi məqsədi ilə malları və nəqliyyat vasitələrini bəyan edən, təqdim edən, göstərən hüquqi şəxs;

12) daşıyıcı — faktiki olaraq malları keçirən şəxs və ya nəqliyyat vasitələrinin istifadəsi üçün məsul olan şəxs;

13) gömrük rejimi — gömrük məqsədləri üçün Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin statusunu müəyyən edən müddəaların məcmusu;

14) buraxılış — Azərbaycan Respublikasının gömrük orqanları tərəfindən malların və ya nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsindən sonra şəxsin tam sərəncamına verilməsi;

15) şərti buraxılış — malların və nəqliyyat vasitələrinin müəyyən olunmuş məhdudiyyətlərə, tələblərə və ya şərtlərə riayət edilməsi haqqında şəxsin öhdəlikləri ilə müşayiət olunan buraxılışı;

16) gömrük rəsmiləşdirilməsi — bu Məcəllənin müddəalarına və tələblərinə uyğun olaraq malların və nəqliyyat vasitələrinin müəyyən gömrük rejimi altında yerləşdirilməsi proseduru və bu rejimin fəaliyyətinin başa çatması;

17) gömrük nəzarəti — gömrük işi haqqında Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin icrasına nəzarət Azərbaycan Respublikasının gömrük orqanlarına həvalə edilmiş, Azərbaycan Respublikasının digər qanunvericiliyinə və Azərbaycan Respublikasının dövlətlərarası müqavilələrinə riayət edilməsini təmin etmək məqsədi ilə həyata keçirilən tədbirlər toplusu;

18) iqtisadi siyasət tədbirləri — Azərbaycan Respublikasının iqtisadi siyasəti baxımından müəyyən edilən və özündə kvotalaşdırma, lisenziyalaşdırma, limitləşdirmə, minimum və maksimum qiymətlərin müəyyən edilməsi, həmçinin Azərbaycan iqtisadiyyatının dünya təsərrüfatı ilə qarşılıqlı əlaqələrini tənzimləyən digər tədbirləri cəmləşdirə bilən, malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasına gətirilməsi və ya Azərbaycan Respublikasından aparılması üzrə stimullaşdırıcı və məhdudlaşdırıcı tədbirlər sistemi;

19) gömrük ödənişləri — müəyyən olunmuş qaydada Azərbaycan Respublikası gömrük orqanları tərəfindən alınan gömrük rüsumları, vergilər, gömrük yığımları, hüquqi və fiziki şəxslərə gömrük fəaliyyəti üçün lisenziyaların verilməsinə görə alınan dövlət rüsumu, haqlar və digər ödənişlər;

20) gömrük rüsumları — Azərbaycan Respublikasının gömrük orqanları tərəfindən Azərbaycan Respublikasının gömrük ərazisinə malların idxalı və ixracı zamanı alınan ödənişlər;

21) vergilər — alınması Azərbaycan Respublikasının gömrük orqanlarına həvalə olunmuş icbari ödənişlər;

22) qarşısıalınmaz qüvvə — fövqəladə və həmin şəraitdə qarşısı alına bilməyən təbii (daşqın, zəlzələ, yer sürüşməsi və s.), yaxud ictimai hadisə (hərbi əməliyyatlar və s.);

23) gömrük brokeri — Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq yaradılan və gömrük işi sahəsində müəyyən haqq almaqla vasitəçilik edən hüquqi şəxs;

24) kvota — müəyyən dövlətlərə və ya dövlətlər qrupuna idxal və ya ixrac olunan mallara dəyər və kəmiyyət hədlərinin tətbiq edilməsi.

25) kontrafakt mallar - hüquq sahibinin qanunvericilikdə nəzərdə tutulan hüquqları pozulmaqla yaradılmış (istehsal edilmiş) və (və ya) gömrük sərhədindən keçirilən tərkibində əqli mülkiyyət obyektləri olan mallar;

26) hüquq sahibi - Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq, əqli mülkiyyət obyektlərinə hüquqları qorunan şəxs;

27) buraxılışın dayandırılması - seçilmiş gömrük rejiminə uyğun olaraq malların buraxılışına dair qəbul edilmiş qərarın müddətinin gömrük orqanları tərəfindən uzadılması;

28) əqli mülkiyyət hüquqları - müəlliflik hüququ və əlaqəli hüquqlar, sənaye mülkiyyəti və digər əqli mülkiyyət obyektlərinə olan hüquqların məcmusu;

29) tərkibində əqli mülkiyyət obyektləri olan malların reyestri (reyestr) - qanunvericiliyə müvafiq olaraq qorunan tərkibində əqli mülkiyyət obyektləri olan malların siyahısı və onlara dair məlumat.

II bölmə. Malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi. Gömrük rejimləri

3-cü fəsil. Malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsinin əsas prinsipləri

Maddə 18. Malları və nəqliyyat vasitələrini Azərbaycan Respublikasına gətirmək və Azərbaycan Respublikasından aparmaq hüququ

Bütün şəxslər bu Məcəllədə nəzərdə tutulmuş qaydada, bərabər əsaslarla malları və nəqliyyat vasitələrini Azərbaycan Respublikasına gətirmək və Azərbaycan Respublikasından aparmaq hüququna malikdirlər.

Bu Məcəllədə və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında nəzərdə tutulan hallar istisna olmaqla, heç kəs malları və nəqliyyat vasitələrini Azərbaycan Respublikasına gətirmək və Azərbaycan Respublikasından aparmaq hüququndan məhrum edilə bilməz və ya onun bu hüquqları məhdudlaşdırıla bilməz.

Maddə 19. Malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasına gətirilməsi və Azərbaycan Respublikasından aparılmasının qadağan edilməsi

Dövlət təhlükəsizliyinin, ictimai asayişin, əhalinin mənəviyyatının, insanların həyat və sağlamlığının, heyvanların və bitkilərin, ətraf mühitin, Azərbaycan xalqının və xarici ölkə xalqlarının bədii, tarixi və arxeoloji sərvətlərinin, mülkiyyət hüququnun, o cümlədən intellektual mülkiyyət obyektlərinin, gətirilən malların Azərbaycan istehlakçılarının mənafeyinin qorunması baxımından və Azərbaycan Respublikasının başqa maraqları nəzərə alınaraq, Azərbaycan Respublikasının qanunvericiliyi və Azərbaycan Respublikasının beynəlxalq müqavilələri əsasında ayrı-ayrı malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasına gətirilməsi və ya Azərbaycan Respublikasından aparılması qadağan edilə bilər.

Qadağan olunmuş mallar və nəqliyyat vasitələri gətirilərkən və aparılarkən, əgər bu mallar və nəqliyyat vasitələrinin müsadirə edilməsi nəzərdə tutulmamışsa, onlar müvafiq olaraq dərhal Azərbaycan Respublikası ərazisindən çıxarılmalı və ya Azərbaycan Respublikasının ərazisinə qaytarılmalıdır.

Mallar və nəqliyyat vasitələri, onları gömrük sərhədindən keçirən şəxs və ya daşıyıcı tərəfindən öz hesabına Azərbaycan Respublikası ərazisindən çıxarılır və ya Azərbaycan Respublikası ərazisinə qaytarılır. Malları və nəqliyyat vasitələrini dərhal Azərbaycan Respublikası ərazisindən çıxarmaq və ya bu əraziyə qaytarmaq mümkün olmadıqda Azərbaycan Respublikası gömrük orqanlarının müvəqqəti saxlanc anbarlarına saxlanca verilir. Bu cür malların və nəqliyyat vasitələrinin göstərilən anbarlarda saxlanc müddətinin son həddi üç sutkadır.

Saxlanc müddəti son həddi keçmiş mallar və nəqliyyat vasitələri Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada dövlət mülkiyyətinə keçirilir və yaxud məhv edilir.

Maddə 20. Malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasına gətirilməsi və Azərbaycan Respublikasından aparılmasının məhdudlaşdırılması

Azərbaycan Respublikasının beynəlxalq öhdəliklərinin yerinə yetirilməsi, Azərbaycan Respublikası suverenliyinin iqtisadi əsaslarının müdafiəsi, daxili bazarının qorunması baxımından, həmçinin xarici dövlətlərin və onların ittifaqlarının Azərbaycan şəxslərinin mənafeyinə zərər vuran ayrı seçkilik və digər iqtisadi siyasət aksiyalarına qarşı cavab tədbiri kimi, Azərbaycan Respublikasının qanunvericilik aktlarına və Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinə uyğun surətdə malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasına gətirilməsi və Azərbaycan Respublikasından aparılması üzrə məhdudiyyətlər müəyyən edilə bilər. Göstərilən məhdudiyyətlər müəyyən edildikdə onların təsiri altına düşən malların və nəqliyyat vasitələrinin buraxılışı yalnız Azərbaycan Respublikasının qanunvericilik aktlarında və Azərbaycan Respublikasının beynəlxalq müqavilələrində müəyyən edilən tələblərə riayət edilməsi şərti ilə Azərbaycan Respublikası gömrük orqanları tərəfindən həyata keçirilir.

Barəsində qüvvəyə minməsinin başqa qaydası nəzərdə tutulan Azərbaycan Respublikasının qanunvericilik aktları istisna edilməklə, bu maddənin birinci hissəsində göstərilən məhdudiyyətləri müəyyən edən Azərbaycan Respublikasının qanunvericilik aktları qüvvəyə minməzdən on gün əvvəl rəsmi dərc olunmalıdır.

Göstərilən məhdudiyyətlərin müəyyən edilməsi ilə əlaqədar malları keçirən şəxsin və daşıyıcının yaranan xərcləri Azərbaycan Respublikasının dövlət orqanları tərəfindən ödənilmir.

Maddə 21. Gömrük rəsmiləşdirilməsi və gömrük nəzarəti

Mallar və nəqliyyat vasitələri bu Məcəllənin müddəalarına və şərtlərinə uyğun olaraq gömrük rəsmiləşdirilməsindən və gömrük nəzarətindən keçirilməlidir.

Maddə 22. Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən mallar və nəqliyyat vasitələrindən istifadə olunması və onlar barədə sərəncam verilməsi

Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən mallar və nəqliyyat vasitələrindən onların gömrük rejiminə və bu Məcəlləyə uyğun şəkildə istifadə olunma və onlar barəsində sərəncam verilə bilər.

Maddə 23. Gömrük ödənişləri üzrə gömrük güzəştləri verilərək şərti buraxılmış mallar və nəqliyyat vasitələrindən istifadə olunması və onlar barədə sərəncam verilməsi

Gömrük ödənişləri üzrə gömrük güzəştləri verilərək şərti buraxılmış mallar və nəqliyyat vasitələrindən yalnız həmin güzəştlərin verildiyi məqsədlər üçün istifadə edilə bilər. Göstərilən mallar və nəqliyyat vasitələrindən başqa məqsədlər üçün istifadə edilməsinə gömrük ödənişlərinin ödənilməsi, bu Məcəllədə və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında nəzərdə tutulan tələblərin yerinə yetirilməsi şərti ilə Azərbaycan Respublikası gömrük orqanlarının icazəsi olduqda yol verilir.

Gömrük ödənişləri üzrə güzəştlər verilərək şərti buraxılmış mallar və nəqliyyat vasitələri üzrə sərəncam verilməsinə bu maddənin birinci hissəsində nəzərdə tutulan qaydada Azərbaycan Respublikası gömrük orqanının icazəsi ilə yol verilir.

Maddə 24. Malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilmə qaydası

Mallar və nəqliyyat vasitələri bu Məcəllədə və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında nəzərdə tutulmuş qaydada onların gömrük rejiminə uyğun olaraq Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilirlər.

Maddə 25. Gömrük rejimlərinin növləri

Gömrük tənzimlənməsi məqsədi ilə gömrük rejimlərinin aşağıdakı növləri müəyyən olunur:

1) sərbəst dövriyyə üçün buraxılış;

2) təkrar idxal;

3) tranzit;

4) gömrük anbarı;

5) rüsumsuz ticarət mağazası;

6) gömrük ərazisində emal;

7) gömrük nəzarəti altında emal;

8) müvəqqəti idxal (ixrac);

9) sərbəst gömrük zonası;

10) sərbəst anbar;

11) gömrük ərazisindən kənarda emal;

12) ixrac;

13) təkrar ixrac;

14) məhv etmə;

15) dövlətin xeyrinə maldan imtina.

Maddə 26. Gömrük rejimlərinin hüquqi tənzimlənmə xüsusiyyətləri

Əgər bu Məcəllədə gömrük rejimlərinin tətbiqinin ayrı-ayrı məsələlərini tənzimləyən müddəalar nəzərdə tutulmamışdırsa, Azərbaycan Respublikasının müəyyən qanunvericilik aktları qəbul edilənə kimi, Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanıöz səlahiyyətləri daxilində gömrük rejimlərinin hüquqi tənzimlənməsini, həmçinin bu Məcəllədə nəzərdə tutulmayan gömrük rejimlərini müəyyən edə bilər.

Maddə 27. Gömrük rejiminin seçilməsi və dəyişdirilməsi

Bu Məcəllə və gömrük işi üzrə Azərbaycan Respublikasının digər qanunvericilik aktları ilə başqa hal nəzərdə tutulmamışsa, şəxs, malların və nəqliyyat vasitələrinin xarakterindən, miqdarından, mənşə və təyinat ölkəsindən asılı olmayaraq istənilən vaxt istənilən gömrük rejimini seçmək və ya onu dəyişdirmək hüququna malikdir.

Maddə 28. Mallar və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilmə yeri və vaxtı

Mallar və nəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük orqanlarının müəyyən etdiyi yerlərdən və onların iş vaxtında Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilir. Azərbaycan Respublikası gömrük orqanları ilə razılaşdırılmaqla mallar və nəqliyyat vasitələri başqa yerlərdən və ya Azərbaycan Respublikası gömrük orqanlarının iş vaxtından kənar vaxtda da Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilə bilər.

4-cü fəsil. Sərbəst dövriyyə üçün buraxılış

Maddə 29. Gömrük rejiminin məzmunu

Malların sərbəst dövriyyə üçün buraxılışı — Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən malların bu ərazidən aparılması haqqında öhdəlik götürülmədən daimi olaraq Azərbaycan Respublikasının gömrük ərazisində qalmasından ibarət gömrük rejimidir.

Maddə 30. Malların gömrük rejimi altında yerləşdirilməsi şərtləri

Malların sərbəst dövriyyə üçün buraxılışı aşağıdakı şərtlərlə həyata keçirilir:

    • mallarla əlaqədar gömrük rüsumlarının, vergilərin və digər gömrük ödənişlərinin ödənilməsi;
    • iqtisadi siyasət tədbirlərinə və digər məhdudiyyətlərə riayət edilməsi.

    5-ci fəsil. Təkrar idxal

    Maddə 31. Gömrük rejiminin məzmunu

    Malların təkrar idxalı ixrac gömrük rejiminə uyğun olaraq Azərbaycan Respublikasının gömrük ərazisindən aparılmış Azərbaycan mallarının qanunla müəyyən edilmiş müddətdə gömrük rüsumları və vergilər alınmadan, həmçinin bu mallara iqtisadi siyasət tədbirləri tətbiq edilmədən geriyə gətirilməsindən ibarət gömrük rejimidir.

    Maddə 32. Malların gömrük rejimi altında yerləşdirilməsi şərtləri

    Təkrar idxal gömrük rejimi altında yerləşdirilmək üçün mallar:

    • təbii aşınma nəticəsində dəyişikliklər, normal şəraitdə daşınma və saxlanc itkiləri, həmçinin Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilən digər hallar istisna edilməklə aparıldığı vəziyyətdə olmalıdır;
    • aparıldığı andan on il müddətində Azərbaycan Respublikasının gömrük ərazisinə qaytarılmalıdır.

    Maddə 33. İxrac gömrük rüsumlarının, vergilərin məbləğlərinin və başqa məbləğlərin qaytarılması

    Mallar aparıldığı andan üç il ərzində təkrar idxal edildikdə Azərbaycan Respublikasının gömrük orqanı ödənilmiş ixrac gömrük rüsumlarının və vergilərin məbləğini qaytarır.

    Malların təkrar idxalı zamanı malları keçirən şəxs malların aparılması zamanı verilən güzəştlər nəticəsində əldə etdiyi bütün məbləğləri qaytarır.

    Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanınınmüəyyən etdiyi hallarda göstərilən məbləğlərdən əlavə, Azərbaycan Respublikası Milli Bankının verdiyi kreditlər üzrə həmin bankın müəyyən etdiyi dərəcələrlə onlardan faizlər alınır.

    Bu maddənin ikinci və üçüncü hissələrində nəzərdə tutulan məbləğlər və onlardan faizlər gömrük ödənişlərinin ödənilməsi üçün müəyyən edilmiş qaydada Azərbaycan Respublikası gömrük orqanları tərəfindən alınır.

    6-cı fəsil. Tranzit

    Maddə 34. Gömrük rejiminin məzmunu

    Malların tranziti — malların gömrük nəzarəti altında, Azərbaycan Respublikasının iki gömrük orqanı arasında, o cümlədən xarici dövlətlərin ərazisindən gömrük rüsumları, vergilər alınmadan və mallara iqtisadi siyasət tədbirləri tətbiq edilmədən keçirilməsindən ibarət gömrük rejimidir. Azərbaycan Respublikası qanunvericiliyi və Azərbaycan Respublikasının dövlətlərarası müqavilələrində nəzərdə tutulmuş hallar istisna edilir.

    Maddə 35. Malların gömrük rejimi altında yerləşdirilməsinin şərtləri

    Azərbaycan Respublikasının iki gömrük orqanı arasında tranzit keçirilən mallar:

    • təbii aşınma nəticəsində dəyişikliklər, normal şəraitdə daşınma və saxlanc itkiləri istisna edilməklə dəyişməz vəziyyətdə qalmalı və tranzitdən başqa digər məqsədlər üçün onlardan istifadə olunmamalıdır;
    • nəqliyyat vasitələrinin imkanları, nəzərdə tutulmuş marşrut və digər daşınma şərtləri nəzərə alınmaqla göndərən gömrük orqanları tərəfindən müəyyən edilən müddətlərdə təyinat gömrük orqanlarına çatdırılmalıdır;
    • Azərbaycan Respublikasının qanunvericiliyi ilə başqa hallar müəyyən edilməmişdirsə, Azərbaycan Respublikasının ərazisi üzrə malların tranziti istənilən yollarla və istiqamətlərlə həyata keçirilə bilər.

    Daşıyıcı və ya onun nəqliyyat vasitəsinin bu Məcəllənin müddəalarına riayət olunmasını təmin edə bilməməsi haqqında Azərbaycan Respublikası gömrük orqanlarında kifayət qədər əsaslar olduqda, Azərbaycan Respublikasının gömrük orqanı nəqliyyat vasitəsinin lazım olan qaydada təchiz edilməsi, gömrük müşayiəti və ya malların gömrük daşıyıcısı tərəfindən daşınması şərti ilə bu Məcəllə vəAzərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanınınnormativ aktları ilə müəyyən edilmiş qaydada malların tranzit gömrük rejimi altında yerləşdirilməsinə yol verə bilər.

    Nəqliyyat vasitəsinin lazımi qaydada təchiz edilməsi, yaxud malların gömrük daşıyıcısı tərəfindən daşınması ilə əlaqədar daşıyıcının çəkdiyi xərclər Azərbaycan Respublikası dövlət orqanları tərəfindən ödənilmir.

    Maddə 36. Malların tranzitinə icazə verilməsi

    Malların tranziti Azərbaycan Respublikası gömrük orqanının icazəsi ilə həyata keçirilir. Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının xarici dövlətlər və onların ittifaqlarının Azərbaycan şəxslərinin mənafeyinə toxunan ayrı seçkilik və ya digər aksiyalarına qarşı cavab tədbiri kimi malların tranzitinə məhdudiyyətlər müəyyən etdiyi hallar istisna edilir.

    Gömrük işi haqqında Azərbaycan Respublikasının qanunvericiliyinə riayət edilməsini bu Məcəllənin 35-ci maddəsində nəzərdə tutulan tədbirlərlə təmin etmək mümkün olmadıqda həmin malların tranzitinə Azərbaycan Respublikası gömrük orqanları gömrük ödənişlərinin ödənilməsinin təmin edilməsi və ya ödənilməli olan məbləğin depozitə verilməsi şərti ilə icazə verə bilərlər.

    Maddə 37. Mallara aid olan sənədlərin təyinat gömrük orqanına verilməsi

    Təyinat gömrük orqanına verilməli olan sənədlər aid olduqları mallarla birlikdə təyinat gömrük orqanına çatdırılır.

    Maddə 38. Qəza və ya qarşısıalınmaz qüvvənin təsiri nəticəsində görülən tədbirlər

    Qəza və ya qarşısıalınmaz qüvvənin təsiri nəticəsində mallar təyinat gömrük orqanına çatmamış boşaldıla bilər. Belə hallarda daşıyıcı:

    • malların mühafizəsini təmin etməli və onlardan hər hansı şəkildə icazəsiz istifadə olunmasını istisna edən bütün zəruri tədbirləri görməli;
    • işin mahiyyəti, malların və nəqliyyat vasitələrinin olduğu yer barədə Azərbaycan Respublikasının ən yaxın gömrük orqanına dərhal məlumat verməli;
    • malların Azərbaycan Respublikasının ən yaxın gömrük orqanına daşınmasını təmin etməli və ya Azərbaycan Respublikası gömrük orqanının vəzifəli şəxslərinin malların olduğu yerə gəlməsi üçün tədbir görməlidir.

    Azərbaycan Respublikasının gömrük orqanları bu maddədə nəzərdə tutulan tədbirlərin görülməsi ilə əlaqədar daşıyıcının çəkdiyi xərcləri ödəmirlər.

    Maddə 39. Daşıyıcının məsuliyyəti

    Malların tranziti üçün daşıyıcı məsuliyyət daşıyır.

    Malları Azərbaycan Respublikası gömrük orqanının icazəsi olmadan verdikdə, itirdikdə və ya təyinat gömrük orqanına çatdırmadıqda, daşıyıcı müvafiq olaraq sərbəst dövriyyə üçün buraxılış və ya ixrac gömrük rejimlərində olduğu kimi ödənilməli olan gömrük ödənişlərini ödəməlidir. Malların qəza və ya qarşısıalınmaz qüvvənin təsiri nəticəsində məhv olması, həmişəlik itirilməsi, yaxud təbii aşınma nəticəsində çatışmazlıq yaranması və ya normal şəraitdə daşınma və saxlanc itkiləri, habelə Azərbaycan Respublikası qanunvericiliyi baxımından xarici dövlət orqanlarının və ya vəzifəli şəxslərinin hüquqa zidd hərəkətləri nəticəsində malların sahiblikdən çıxdığı hallar istisna edilir.

    7-ci fəsil. Gömrük anbarı

    Maddə 40. Gömrük rejiminin məzmunu

    Gömrük anbarı — gətirilən malların saxlanc dövründə gömrük rüsumları, vergilər alınmadan və mallara iqtisadi siyasət tədbirləri tətbiq edilmədən onların gömrük nəzarəti altında saxlancından, ixrac gömrük rejiminə uyğun aparılması nəzərdə tutulan malların isə bu Məcəllədə nəzərdə tutulan güzəştlər verilməklə gömrük nəzarəti altında saxlancından ibarət gömrük rejimidir.

    Maddə 41. Malların gömrük rejimi altında yerləşdirilməsinin şərtləri

    İstənilən mallar gömrük anbarı rejimi altında yerləşdirilə bilər. Azərbaycan Respublikasına gətirilməsi və Azərbaycan Respublikasından aparılması qadağan olunmuş mallar, həmçinin siyahısı Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən mallar istisna edilir.

    Başqa mallara ziyan vura bilən və ya xüsusi saxlanc şəraiti tələb edən mallar xüsusi təchiz edilmiş yerlərdə saxlanılmalıdır.

    Maddə 42. Gömrük anbarları və onların tipləri

    Xüsusi olaraq ayrılmış və təchiz edilmiş binadan və ya başqa yerdən (gömrük anbarından) istifadə etməklə malların saxlancı təmin edilir.

    Gömrük anbarları istənilən şəxs tərəfindən istifadə edilə bilən açıq tipli və ya müəyyən şəxslərin malları saxlaması üçün nəzərdə tutulan qapalı tipli ola bilər.

    Açıq tipli gömrük anbarı təsis edilməsinin məqsədəuyğun olmaması barədə kifayət qədər əsas olduqda qapalı tipli gömrük anbarı təsis edilə bilər.

    Maddə 43. Gömrük anbarlarının sahibləri

    Azərbaycan Respublikası gömrük orqanları və ya Azərbaycan şəxsləri gömrük anbarlarının sahibi ola bilərlər.

    Azərbaycan Respublikası gömrük orqanları tərəfindən təsis edilən gömrük anbarları açıq tipli gömrük anbarlarıdır.

    Maddə 44. Gömrük anbarı təsis etmək üçün lisenziya

    Gömrük anbarı Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanından lisenziya alındıqdan sonra təsis edilə bilər. Əgər gömrük anbarının təsisçisi Azərbaycan Respublikasının gömrük orqanıdırsa, lisenziya tələb olunmur.

    Müvafiq icra hakimiyyəti orqanınınmüəyyən etdiyi qaydalarla Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanı gömrük anbarı təsis etmək üçün lisenziya verir və onun fəaliyyət müddətini müəyyən edir.

    Gömrük anbarı təsis etmək üçün lisenziya verilməsinə görə dövlət rüsumu alınır.

    Gömrük anbarı təsis etmək üçün lisenziyanı verən orqan onu ləğv edə, geri ala, habelə onun fəaliyyətini dayandıra bilər.

    Lisenziya verilərkən əsas götürülmüş məlumatın yanlış olduğu aşkara çıxarsa və ya müəyyən edilmiş qaydalara riayət olunmadan verilmişsə, lisenziya ləğv edilir. Ləğvetmə haqqında qərar qanunvericiliyə uyğun qaydada müəyyən edilən və həmin qərarda göstərilən tarixdən qüvvəyə minir.

    Gömrük anbarının sahibi bu fəslin tələblərinə riayət etmədikdə lisenziya geri alınır. Gerialma haqqında qərar qəbul edildiyi tarixdən qüvvəyə minir.

    Gömrük anbarı sahibinin öz hüquqlarından sui-istifadə etməsi haqqında kifayət qədər əsaslar olduqda, lisenziya geri alına və ya fəaliyyəti üç aya qədər müddətdə dayandırıla bilər.

    Lisenziya ləğv edildikdə və ya geri alındıqda onun verilməsinə görə alınmış dövlət rüsumu qaytarılmır. (14)

    Maddə 45. Gömrük anbarları və onların sahiblərinə aid tələblər

    Gömrük anbarı üçün ayrılan binalar və ya başqa yerlər, gömrük nəzarətini təmin etmək məqsədi ilə lazım olan qaydada hazırlanmalı, zəruri olduqda iki bağlayıcı qurğu ilə təchiz edilməli və həmin qurğulardan biri Azərbaycan Respublikası gömrük orqanının sərəncamında olmalıdır.

    Gömrük anbarı sahibinin vəzifələri:

    • gömrük anbarında saxlanan malların gömrük nəzarətindən kənar götürülməsinə yol verməmək;
    • gömrük nəzarətinin həyata keçirilməsini çətinləşdirməmək;
    • gömrük anbarı təsis etmək üçün verilmiş lisenziyanın şərtlərinə riayət etmək, gömrük nəzarəti və gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsi üçün Azərbaycan Respublikası gömrük orqanlarının vəzifəli şəxslərinin tələblərini yerinə yetirmək, onların mallar saxlanan yerə daxil olmasına şərait yaratmaq, həmin şəxslərə əvəzsiz olaraq gömrük anbarında yer, avadanlıq və rabitə vasitələri vermək;
    • anbarda saxlanan malların uçotunu aparmaq;
    • Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada Azərbaycan Respublikasının gömrük orqanlarına anbarda saxlanan mallar barədə hesabat vermək.

    Maddə 46. Gömrük anbarı rejimi altında yerləşən və ixrac gömrük rejiminə uyğun aparılması nəzərdə tutulan malların gömrük rüsumlarından, vergilərdən azad edilməsi və ya ödənilən məbləğlərin qaytarılması

    İxrac gömrük rejiminə uyğun aparılmaq üçün nəzərdə tutulan malların gömrük anbarı rejimi altında yerləşdirilməsi zamanı, malların faktiki aparılması üçün rüsum və vergilərdən azad etmə və ya ödənişin qaytarılması nəzərdə tutulubsa, həmin mallar gömrük rüsumlarından, vergilərdən azad edilir və ya ödənilən məbləğ qaytarılır. Gömrük rüsumlarından, vergilərdən azad edilərkən və ödənilən məbləğ qaytarılarkən mallar gömrük anbarı rejimi altında yerləşdiyi gündən başlayaraq üç aydan gec olmayaraq aparılmalıdır.

    Müəyyən edilmiş müddətlərdə mallar faktiki olaraq aparılmadıqda, gömrük rüsumları, vergilər, həmçinin Azərbaycan Respublikası Milli Bankının verdiyi kreditlər üzrə həmin bankın müəyyən etdiyi dərəcələrlə onlardan faizlər ödənilir.

    Maddə 47. Gömrük ödənişlərinin ödənilməsi üçün məsuliyyət

    Bu maddənin ikinci və üçüncü hissələrində nəzərdə tutulan hallar istisna edilməklə gömrük rüsumlarının, vergilərin ödənilməsi və digər gömrük ödənişlərinin verilməsi üçün gömrük anbarının sahibi məsuliyyət daşıyır.

    Əgər gömrük anbarı Azərbaycan Respublikası gömrük orqanı tərəfindən təsis edilmişsə, gömrük anbarına malları saxlanca verən şəxs gömrük ödənişlərinin ödənilməsi üçün məsuliyyət daşıyır.

    Azərbaycan Respublikası gömrük orqanlarının razılığı ilə gömrük ödənişlərinin ödənilməsi üçün məsuliyyət açıq tipli gömrük anbarına malları saxlanca verən şəxsə də həvalə edilə bilər.

    Maddə 48. Gömrük anbarında malların saxlanc müddəti

    Mallar gömrük anbarı rejimi altında üç il müddətində saxlanıla bilər. Göstərilən müddət malların ayrı-ayrı kateqoriyaları üçün Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanı tərəfindən, ayrı-ayrı şəxslər üçün isə Azərbaycan Respublikasının digər gömrük orqanları tərəfindən məhdudlaşdırıla bilər.

    Müəyyən edilən müddət bitdikdən sonra mallar başqa gömrük rejimi altında yerləşdirilmək üçün bəyan edilməli, yaxud sahibi Azərbaycan Respublikası gömrük orqanı olan müvəqqəti saxlanc anbarına yerləşdirilməlidir.

    Maddə 49. Gömrük anbarı rejimi altında yerləşdirilmiş mallarla həyata keçirilən əməliyyatlar

    Gömrük anbarı rejimi altında yerləşdirilmiş mallarla aşağıdakı əməliyyatlar həyata keçirilə bilər:

    malların mühafizəsinin təmin edilməsi üzrə tədbirlər;

    malların Azərbaycan Respublikası gömrük orqanının icazəsi ilə satış və daşınma üçün hazırlanması, yəni malların qruplara ayrılması, göndərişlərin hazırlanması, çeşidlənməsi, qablaşdırılması, markalanması, yüklənməsi və s. əməliyyatlar. Göstərilən əməliyyatların siyahısını və həyata keçirilmə qaydasını Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanı müəyyən edir.

    Maddə 50. Gömrük anbarının ləğv edilməsi

    Lisenziyanın fəaliyyət müddətinin qurtarmasına və ya anbar sahibinin arzusuna görə, habelə Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanı tərəfindən gömrük anbarının təsisi üçün lisenziyanın ləğv edilməsi və ya geri alınması nəticəsində gömrük anbarı ləğv edildikdə, bu cür qərar qəbul edildiyi tarixdən gömrük anbarı müvəqqəti saxlanc anbarına çevrilir. Müvəqqəti saxlanc anbarında malların saxlanması bu Məcəlləyə uyğun surətdə həyata keçirilir.

    Lisenziya ləğv edildikdə gömrük anbarında qalan mallar anbara daxil olduğu tarixdən təkrar gömrük rəsmiləşdirilməsindən keçirilir.

    Lisenziya geri alındıqda anbarda qalan mallar gerialma haqqında qərarın qəbul edildiyi tarixdən təkrar gömrük rəsmiləşdirilməsindən keçirilir. Müvəqqəti saxlanc anbarlarında saxlanc üçün müəyyən olunmuş miqdarda gömrük yığımları alınır.

    Lisenziyanın fəaliyyəti dayandırıldıqda mallar anbara saxlanca verilmir. Malların anbardan buraxılışı isə bu Məcəllədə nəzərdə tutulmuş qaydada həyata keçirilir.

    8-ci fəsil. Rüsumsuz ticarət mağazası

    Maddə 51. Gömrük rejiminin məzmunu

    Rüsumsuz ticarət mağazası — mallardan gömrük rüsumları, vergilər alınmadan və onlara iqtisadi siyasət tədbirləri tətbiq edilmədən Azərbaycan Respublikasının gömrük ərazisində (beynəlxalq hava və dəniz limanlarında və Azərbaycan Respublikası gömrük orqanları tərəfindən müəyyən edilən digər yerlərdə) həmin malların gömrük nəzarəti altında satılmasından ibarət gömrük rejimidir.

    Maddə 52. Malların gömrük rejimi altında yerləşdirilməsinin şərtləri

    Azərbaycan Respublikasına gətirilməsi, Azərbaycan Respublikasından aparılması, həmçinin Azərbaycan Respublikası ərazisində satışı qadağan olunan mallar, o cümlədən siyahısı Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən mallar istisna edilməklə, istənilən mallar rüsumsuz ticarət mağazası gömrük rejimində satıla bilər.

    Azərbaycan Respublikasının ərazisində satışı məhdudlaşdırılan mallar Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilən tələblərə riayət edilməklə rüsumsuz ticarət mağazası gömrük rejimində satıla bilər.

    Rüsumsuz ticarət mağazası gömrük rejimi altında yerləşdirilən mallar bilavasitə xüsusi mağazalarda (rüsumsuz ticarət mağazalarında) satılır.

    Maddə 53. Rüsumsuz ticarət mağazası təsis etmək üçün lisenziya

    Rüsumsuz ticarət mağazası Azərbaycan şəxsləri tərəfindən Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanından lisenziya alındıqdan sonra təsis edilə bilər.

    Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydalarla Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanı rüsumsuz ticarət mağazası təsis etmək üçün lisenziya verir və onun fəaliyyət müddətini müəyyən edir.

    Rüsumsuz ticarət mağazası təsis etmək üçün lisenziya verilməsinə görə dövlət rüsumu alınır. 14

    Maddə 54. Rüsumsuz ticarət mağazasının sahibinə aid tələblər

    Rüsumsuz ticarət mağazası sahibinin vəzifələri:

    • rüsumsuz ticarət mağazasına daxil olan və satılan malların gömrük nəzarətindən kənar götürülməsinə yol verməmək;
    • rüsumsuz ticarət mağazası təsis etmək üçün verilən lisenziyanın şərtlərinə riayət etmək və Azərbaycan Respublikası gömrük orqanlarının qanuni tələblərini yerinə yetirmək;
    • daxil olan və satılan malların uçotunu aparmaq və Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada Azərbaycan Respublikası gömrük orqanlarına hesabat vermək.

    Maddə 55. Gömrük ödənişlərinin ödənilməsi üçün məsuliyyət

    Müvafiq gömrük ödənişlərinin ödənilməsi üçün rüsumsuz ticarət mağazasının sahibi məsuliyyət daşıyır.

    Maddə 56. Rüsumsuz ticarət mağazasının ləğv edilməsi

    Rüsumsuz ticarət mağazası təsis etmək üçün lisenziyanı verən onu ləğv edə, geri ala, habelə onun fəaliyyətini müvəqqəti olaraq dayandıra bilər.

    Lisenziya verilərkən əsas götürülmüş məlumatın yanlış olduğu və ya onun müəyyən edilmiş qaydalara riayət olunmadan verildiyi aşkar edilərsə, lisenziya ləğv edilir. Ləğvetmə haqqında qərar qəbul edildiyi tarixdən qüvvəyə minir.

    Rüsumsuz ticarət mağazasının sahibi bu fəslin tələblərinə riayət etmədikdə və ya bu cür lisenziya artıq Azərbaycan Respublikasının iqtisadi siyasətinə uyğun olmadıqda lisenziya geri alınır. Gerialma haqqında qərar qəbul edildiyi tarixdən qüvvəyə minir.

    Rüsumsuz ticarət mağazası sahibinin öz hüquqlarından sui-istifadə etməsi haqqında kifayət qədər əsaslar olduqda, lisenziyanın fəaliyyəti üç aya qədər müddətdə dayandırıla və ya ləğv edilə bilər.

    Lisenziya ləğv edildikdə və ya geri alındıqda onun verilməsinə görə alınmış dövlət rüsumu qaytarılmır. Rüsumsuz ticarət mağazası ləğv edildikdə bu cür qərar qəbul edildiyi tarixdən mağaza müvəqqəti saxlanc anbarına çevrilir. Müvəqqəti saxlanc anbarında malların saxlanması bu Məcəlləyə uyğun olaraq həyata keçirilir.

    Lisenziya ləğv edildikdə mağazada qalan mallar mağazaya daxil olduğu tarixdən təkrar gömrük rəsmiləşdirilməsindən keçirilir.

    Ləğv edilmiş mağa