Azərbaycan Respublikası Hökuməti
və Avstriya Respublikası Hökuməti arasında gömrük məsələləri üzrə
qarşılıqlı yardım və əməkdaşlıq haqqında
Saziş
Bundan sonra «Razılığa gələn Tərəflər»
adlandırılacaq Azərbaycan Respublikası Hökuməti və Avstriya Respublikası
Hökuməti,
gömrük qanunvericiliyinin pozulmasının
onların müvafiq ölkələrinin iqtisadi, maliyyə və ticarət maraqlarına
və ictimai sağlamlığına ziyan vurduğunu nəzərə alaraq,
gömrük rüsumları və digər vergilərin
dəqiq tutulmasının təmin edilməsinin vacibliyini nəzərə alaraq,
gömrük qanunvericiliyinin idarə
edilməsi və həyata keçirilməsinə dair məsələlərdə beynəlxalq əməkdaşlığın
zəruriliyini dərk edərək,
gömrük hüquqpozmalarına qarşı
tədbirlərin, onların səlahiyyətli inzibati orqanları arasında
əməkdaşlıq yolu ilə daha səmərəli olacağına inanaraq,
Razılığa gələn Tərəflərin qəbul
etdiyi və ya tətbiq etdiyi beynəlxalq konvensiyalarda təsbit olunmuş
öhdəlikləri və Gömrük Əməkdaşlıq Şurasının Qarşılıqlı İnzibati
Yardım haqqında 1953-cü il 5 dekabr tarixli Tövsiyəsini nəzərə
alaraq,
aşağıdakılar barədə razılığa gəldilər:
Maddə 1. Təriflər
Bu Sazişin məqsədləri üçün:
1. «Gömrük orqanları» — Azərbaycan
Respublikasında Dövlət Gömrük Komitəsi və Avstriya Respublikasında
Federal Maliyyə Nazirliyi;
2. «Gömrük qanunvericiliyi»
— gömrük rüsumları, yığımları və digər vergilər, o cümlədən
qadağan, məhdudiyyət və nəzarət sahəsində tədbirlərlə bağlı
malların idxalı, ixracı və tranziti ilə əlaqədar Razılığa gələn
Tərəflərin ərazilərində tətbiq olunan hər hansı hüquqi və ya
tənzimləyici müddəa;
3. «Gömrük hüquqpozmaları» —
gömrük qanunvericiliyinin hər hansı şəkildə pozulması, yaxud
pozulmasına yönəldilmiş hər hansı cəhd;
4. «Müraciət edən orqan» — gömrük
məsələlərində yardım üçün sorğu edən gömrük idarəsi;
5. «Sorğu alan orqan» — gömrük
məsələlərində yardım üçün sorğu alan gömrük idarəsi;
6. «Narkotik vasitələr» — Birləşmiş
Millətlər Təşkilatının 1972-ci il tarixli Protokolla düzəlişlər
edilmiş Narkotik vasitələr haqqında 1961-ci il tarixli Vahid
Konvensiyasının I və II siyahılarına daxil edilmiş hər hansı
təbii və ya sintetik maddə;
7. «Psixotrop maddələr» — Birləşmiş
Millətlər Təşkilatının «Psixotrop maddələr haqqında» 1971-ci
il tarixli Konvensiyasının I, II, III, və IV siyahılarına daxil
edilmiş hər hansı təbii və ya sintetik maddə, yaxud hər hansı
təbii material;
8. «Prekursorlar» — Birləşmiş
Millətlər Təşkilatının 1988-ci il Narkotik vasitələrin və psixotrop
maddələrin qeyri-qanuni dövriyyəsinə qarşı Konvensiyasının I
və II siyahılarına daxil edilmiş narkotik vasitələrin və psixotrop
maddələrin istehsalında nəzarət altında istifadə olunan kimyəvi
maddələr;
9. «Nəzarətli göndəriş» — bir
və ya bir neçə ölkənin ərazisində bu ölkələrin səlahiyyətli
orqanlarının razılığı ilə və onların nəzarəti altında, qanunvericiliyi
pozan şəxslərin müəyyən edilməsi məqsədi ilə, narkotik vasitələrin,
psixotrop maddələrin və prekursorların və ya onları əvəz edən
maddələrin qeyri-qanuni və ya şübhə doğuran partiyalarının ölkədən
aparılması, ölkə ərazisindən keçirilməsi və ölkəyə gətirilməsinə
icazə verilməsi metodları;
10. «Məlumat» — digərləri ilə
yanaşı, kompüterə salınmış və ya salınmamış arayışlar, qeydlər,
sənədlər və sənədləşmələr və həmçinin onların autentik surətləri;
11. «Şəxs barədə məlumatlar»
— müəyyən olunmuş və ya müəyyən oluna bilən şəxsə dair bütün
məlumatlar.
Maddə 2. Sazişin tətbiq edilmə dairəsi
1. Razılığa gələn Tərəflər öz
gömrük orqanları vasitəsi ilə, gömrük qanunvericiliyinin düzgün
tətbiq edilməsi məqsədi ilə, xüsusilə bu Sazişin müddəalarına
müvafiq olaraq hər hansı gömrük hüquqpozmalarının qarşısının alınması,
təhqiqatının aparılması, onlara qarşı cavab tədbiri görülməsi
və araşdırılması üçün bir-birinə yardım göstərəcəklər.
2. Bu Saziş çərçivəsində Razılığa
gələn hər bir Tərəfin göstərdiyi bütün yardım onun milli qanunvericiliyinə
müvafiq olaraq həyata keçiriləcəkdir. 1-ci bənddə nəzərdə tutulan
yardım müraciət edən Razılığa gələn Tərəfdə məhkəmə, inzibati
araşdırma və ya təhqiqat xarakterli bütün işlərdə istifadə üçün
nəzərdə tutulacaqdır və təsnifat, dəyər, mənşə və gömrük qanunvericiliyinin
həyata keçirilməsi ilə bağlı digər gömrük prosedurlarını və cərimə,
cəza və müsadirə və ləğv olunan qarşılıqlı borclar və zəmanətlərə
dair işləri özündə cəmləşdirəcək, lakin bunlarla məhdudlaşmayacaqdır.
3. Bu Saziş çərçivəsində qarşılıqlı
yardım cinayət işlərində qarşılıqlı yardımla bağlı tətbiq olunan
müddəalara təsir göstərmir, lakin Razılığa gələn Tərəflərin gömrük
idarələri Razılığa gələn Tərəflərdən birinin gömrük idarəsi tərəfindən
həyata keçirilən hər hansı təhqiqatın gedişində və ya hər hansı
məhkəmə, yaxud inzibati araşdırma ilə bağlı qarşılıqlı yardım
üçün sorğu göndərə və ya yardım göstərə bilər.
4. Bu Saziş çərçivəsində qarşılıqlı
yardım şəxslərin həbsini və ya idxal və ya ixrac rüsumlarının,
yaxud vergilərinin və pul cərimələrinin və ya digər ödənişlərin
əvəzinin ödənilməsini əhatə etməyəcəkdir.
Maddə 3. Sorğu əsasında yardım
1. Razılığa gələn Tərəflər öz
səlahiyyətləri daxilində bu Sazişdə təsbit olunan üsul və şərtlər
əsasında gömrük qanunvericiliyinin düzgün tətbiq edilməsini və
gömrük rüsumlarının və vergilərin dəqiq tutulmasını təmin etmək
məqsədi ilə, gömrük hüquqpozmaları ilə nəticələnə bilən əməliyyatlar
olan və ya ola bilən qeyd olunmuş fəaliyyətlərə dair bütün müvafiq
məlumat daxil olmaqla, bir-birinə yardım göstərəcəklər.
2. Müraciət edən orqanın sorğusu
əsasında sorğu alan orqan aşağıdakılar barədə məlumat verəcəkdir:
- Razılığa gələn bir Tərəfin ərazisindən ixrac
edilən malların Razılığa gələn digər Tərəfin ərazisinə müvafiq
qaydada idxal olunub-olunmaması və müvafiq hallarda, mallara
tətbiq edilən gömrük prosedurunu göstərməklə Razılığa gələn
bir Tərəfin ərazisinə idxal olunan malların Razılığa gələn digər
Tərəfin ərazisindən müvafiq qaydada ixrac olunub-olunmaması
və müvafiq hallarda, mallara tətbiq edilən gömrük prosedurunu
göstərməklə.
Maddə 4. Öz təşəbbüsü ilə yardım
1. Razılığa gələn Tərəflər öz
təşəbbüsləri əsasında və öz hüquqi və ya tənzimləyici müddəalarına
uyğun olaraq, əgər belə yardımı gömrük qanunvericiliyinin düzgün
tətbiq edilməsi və gömrük rüsumlarının və vergilərin dəqiq tutulması
üçün lazımi hesab edərlərsə, xüsusilə aşağıdakılar barədə bütün
müvafiq məlumatlarla təmin edərək, bir-birinə yardım göstərəcəklər:
- Razılığa gələn digər Tərəfin ərazisində gömrük
qanunvericiliyini pozan və ya pozması aşkara çıxan fəaliyyət;
- gömrük hüquqpozmalarının törədilməsində istifadə
olunan yeni vasitə və metodlar;
- gömrük qanunvericiliyinin pozulması obyekti
məlum olan mallar;
- gömrük qanunvericiliyinin pozulmasında istifadə
olunmuş, istifadə olunan və ya istifadə oluna biləcəyini güman
etmək üçün tutarlı əsaslar olan nəqliyyat vasitələri.
Maddə 5. Şəxslər, mallar, nəqliyyat vasitələri və
yerlər üzərində nəzarət
Müraciət edən orqanın sorğusu
əsasında, sorğu alan orqan öz hüquqi və ya tənzimləyici müddəaları
çərçivəsində və imkanları daxilində, aşağıdakılar üzərində xüsusi
nəzarəti təmin etmək məqsədi ilə zəruri tədbirlər görəcəkdir:
1. Müraciət edən Razılığa gələn
Tərəfin ərazisində gömrük qanunvericiliyinin pozulmasında iştirak
etməsini və ya etdiyini güman etmək üçün tutarlı əsas olan fiziki
və ya hüquqi şəxslər;
2. Müraciət edən Razılığa gələn
Tərəfin ərazisində gömrük qanunvericiliyinin pozulmasında istifadə
olunmaq üçün nəzərdə tutulmasını güman etməyə tutarlı əsas olduqda,
daşınan və ya daşına bilən mallar;
3. Müraciət edən Razılığa gələn
Tərəfin ərazisində gömrük hüquqpozmalarında istifadə olunması
şübhə doğuran nəqliyyat vasitələri;
4. Müraciət edən Razılığa gələn
Tərəfin ərazisində gömrük hüquqpozmaları ilə əlaqədar olmasını
güman etməyə tutarlı əsas olduğu halda malların yığıldığı və
yığıla bildiyi yerlər.
Maddə 6. Sorğuların forma və mahiyyəti
1. Bu Saziş çərçivəsində sorğular
yazılı şəkildə olmalıdır. Belə sorğuların icrası üçün zəruri olan
sənədlər sorğuya əlavə edilməlidir. Təxirəsalınmaz hallarda tələb
edildikdə, şifahi sorğular da qəbul oluna bilər, lakin dərhal
yazılı şəkildə təsdiq edilməlidir. Bu Sazişdə nəzərdə tutulan
sənədlər eyni məqsəd üçün tərtib olunmuş hər hansı formada kompüterə
salınmış məlumatla əvəz oluna bilər.
2. Bu maddənin 1-ci bəndinə müvafiq
olaraq verilmiş sorğulara aşağıdakılar daxil edilməlidir:
- sorğu göndərən orqan;
- tələb olunan tədbir;
- sorğunun obyekti və səbəbi;
- əgər məlumdursa, işlə əlaqədar olan fiziki
və ya hüquqi şəxslərin adları və ünvanları;
- nəzərdən keçirilən məsələnin qısa təsviri,
əlaqədar hüquqi və ya tənzimləyici müddəalar; və
- müvafiq faktların və artıq həyata keçirilmiş
sorğuların xülasəsi.
3. İşlərin, sənədlərin və digər
materialların əsli yalnız surətlər kifayət etmədikdə tələb oluna
bilər. Xüsusi sorğu əsasında belə işlərin, sənədlərin və digər
materialların surətləri müvafiq qaydada təsdiq edilməlidir.
4. İşlərin, sənədlərin və digər
materialların göndərilmiş əsli mümkün qədər tez geri qaytarılmalıdır.
Maddə 7. Əlaqə vasitəsi
1. Yardım müvafiq gömrük orqanları
arasında birbaşa əlaqə vasitəsi ilə həyata keçiriləcəkdir.
2. Sorğu alan Razılığa gələn Tərəfin
gömrük orqanı sorğunun həyata keçirilməsi üçün müvafiq orqan olmadığı
hallarda, o, müvafiq məsləhətləşmədən sonra, dərhal sorğunu öz
imkanları daxilində və milli qanunvericiliyinə uyğun şəkildə icra
edəcək müvafiq orqana verəcək və ya müraciət edən orqana bu cür
sorğu ilə əlaqədar riayət olunmalı müvafiq prosedur barədə məsləhət
verəcəkdir.
Maddə 8. Sorğuların cavablandırılması
1. Yardım üçün sorğular sorğu
alan Razılığa gələn Tərəfin hüquqi və ya tənzimləyici müddəalarına
müvafiq olaraq cavablandırılacaqdır.
2. Sorğu alan orqan öz səlahiyyəti
və imkanları daxilində, özü üçün fəaliyyət göstərdiyi kimi fəaliyyət
göstərəcəkdir.
3. Razılığa gələn bir Tərəfin
gömrük orqanı Razılığa gələn digər Tərəfin gömrük orqanının sorğusu
əsasında, ekspert və şahidlərin və ya gömrük hüquqpozması törətmiş
olması şübhə doğuran şəxslərin sorğu-sual edilməsi də daxil olmaqla,
öz səlahiyyəti çərçivəsində hər hansı zəruri təhqiqatı aparacaq
və bu Sazişdə istinad edilən məsələlərlə bağlı yoxlama, təftiş
və faktların araşdırılması ilə bağlı sorğuları öhdəsinə götürəcəkdir.
4. Sorğu alan orqan müraciət edən
orqanın təyin olunmuş rəsmi şəxslərinə, öz əməkdaşları müraciət
edən orqan üçün maraq kəsb edən sorğular apardıqda, sorğu alan
Razılığa gələn Tərəfin ərazisində olmağa, o cümlədən belə sorğularda
iştirak etməyə icazə verə bilər. Təyin olunmuş əməkdaşlar yalnız
məsləhətçi kimi iştirak edəcəklər və sorğu alan Razılığa gələn
Tərəfin milli qanunvericiliyi ilə sorğu alan orqanın rəsmi şəxslərinə
verilən səlahiyyətlərdən yararlana bilməzlər. Lakin onlar yalnız
sorğunun həyata keçirilməsi məqsədi ilə və sorğu alan orqanın
iştirakı ilə və onların vasitəçiliyi ilə sorğu alan orqanın rəsmi
şəxsləri kimi, həmin yerlərə daxil ola və həmin sənədləri əldə
edə bilərlər.
5. Gömrük qanunvericiliyinin pozulması
təhqiqatının aparılması səlahiyyəti verilmiş müraciət edən orqanın
rəsmi şəxsləri sorğu alan orqanın rəsmi şəxslərindən müvafiq qeydlər,
jurnallar və digər sənədlər və ya kompüter məlumatlarının nəzərdən
keçirilməsini və onların surətlərinin təmin edilməsini və ya pozuntulara
dair hər hansı məlumatın təqdim edilməsini xahiş edə bilərlər.
6. Müraciət edən orqanın rəsmi
şəxsləri bu Sazişə müvafiq olaraq sorğu alan Razılığa gələn Tərəfin
ərazisində olduqda, hər zaman öz şəxsiyyətlərini müəyyən etmək
iqtidarında olmalıdırlar və törədə bildikləri hər hansı hüquqpozma
üçün məsuliyyət daşıyacaqlar.
7. Müraciət edən orqan, özü xahiş
etdiyi təqdirdə, sorğuya cavab olaraq həyata keçiriləcək tədbirin
əlaqələndirilməsi məqsədi ilə, belə tədbirin vaxtı və yeri barədə
məlumatlandırılacaqdır.
Maddə 9. Ekspert və şahidlər
1. Sorğu alan orqanın rəsmi şəxsinə,
ona verilmiş səlahiyyət çərçivəsində, müraciət edən Razılığa gələn
Tərəfin ərazisində bu Sazişdə əhatə olunan məsələlərlə əlaqədar
məhkəmə və ya inzibati xarakterli işlərdə ekspert və ya şahid
kimi çıxış etmək və bu işlər üçün zəruri ola bilən işlər, sənədlər
və ya onların təsdiq olunmuş surətlərini təqdim etmək səlahiyyəti
verilə bilər.
2. Çıxış etmək üçün sorğuda icraatda
olan işin növü, o cümlədən rəsmi şəxsin ifadə verməyə çağırıldığı
status göstərilməlidir.
Maddə 10. Sənədlərin çatdırılması
1. Müraciət edən orqanın sorğusu
əsasında sorğu alan orqan öz hüquqi və tənzimləyici müddəalarına
müvafiq olaraq, sorğu alan Razılığa gələn Tərəfin ərazisində yaşayan
və ya təsis olunmuş ünvan sahibinə, müraciət edən orqandan alınan
və bu Sazişin fəaliyyət dairəsinə daxil olan hər hansı sənədi
çatdırmaq və ya hər hansı qərarı bildirmək məqsədi ilə bütün zəruri
tədbirləri görəcəkdir.
2. Sənədlərin çatdırılması və
ya qərarların bildirilməsi üçün sorğular sorğu alan Razılığa gələn
Tərəfin rəsmi dilində, yaxud sorğu alan orqana münasib olan dildə
yazılı şəkildə olmalıdır. Bundan əlavə, çatdırılacaq rəsmi sənədin
məzmununun sorğu alan orqanın yerləşdiyi Razılığa gələn Tərəfin
rəsmi dilində, təsdiq olunmuş tərcüməsi əlavə olunmalıdır.
3. Belə çatdırılma ünvan sahibinin
çatdırılma tarixi göstərilən qəbzi və ya çatdırılma üsulu və tarixi
göstərilən şəhadətnamə ilə təsdiq edilməlidir.
Maddə 11. Yardım göstərilməsindən istisnalar
1. Sorğu alan Razılığa gələn Tərəf
sorğunun yerinə yetirilməsinin onun suverenliyinə, təhlükəsizliyinə,
sosial siyasətinə və ya digər mühüm milli marağına zərər gətirəcəyini
yaxud ticarət, sənaye və ya peşə sirrinin pozulmasına səbəb olacağını
hesab edirsə, yardımdan imtina edilə bilər və ya o, müəyyən şərtlər
və ya tələblər əsasında yerinə yetirilə bilər.
2. Yardım, aparılan təhqiqata,
məhkəmə araşdırmasına və ya işinə müdaxilə edəcəyi təqdirdə, sorğu
alan orqan tərəfindən təxirə salına bilər. Belə halda, sorğu alan
orqan, yardımın sorğu alan orqanın tələb edə biləcəyi şərtlər
əsasında göstərilməsini müəyyən etmək üçün müraciət edən orqanla
məsləhətləşəcəkdir.
3. Əgər müraciət edən orqan Razılığa
gələn digər Tərəfin gömrük orqanının xahiş etdiyi təqdirdə özü
yerinə yetirmək iqtidarında olmayacağı yardım üçün xahiş edirsə,
o, sorğusunda bu faktı nəzərə çatdırmalıdır. Bu halda, belə sorğuya
necə cavab verilməsinə dair qərarın qəbul edilməsi sorğu alan
orqanın üzərinə düşəcəkdir.
4. Yardımdan imtina edildikdə
və ya təxirə salındıqda, imtinanın və ya təxirə salınmanın səbəbləri
gecikdirilmədən müraciət edən orqana bildirilməlidir.
Maddə 12. Xərclər
1. Razılığa gələn Tərəflər, bir
qayda olaraq, şahidlərə ödənilən məsrəflər, ekspertlərə ödənilən
vəsaitlər və hökumət məmurları olmayan tərcüməçilərə çəkilən xərclər
istisna olmaqla, bu Sazişin yerinə yetirilməsi ilə bağlı ödənilmiş
xərclərin əvəzinin ödənilməsi üçün bütün iddialardan imtina edəcəklər.
2. Əgər sorğunun icrası üçün qabaqcadan
nəzərdə tutulmamış xərclər tələb olunur və ya olunarsa, Razılığa
gələn Tərəflərin gömrük orqanları sorğunun icra edilmə şərtlərini,
həmçinin xərclərin hansı yolla ödəniləcəyini müəyyən etmək üçün
məsləhətləşəcəklər.
Maddə 13. Məxfilik və məlumatdan istifadə
1. Bu Saziş çərçivəsində verilən
hər hansı formada məlumat məxfi xarakterə malik olacaqdır. O,
rəsmi sirrin saxlanmasına dair öhdəliklə bağlı olacaq və onu alan
Razılığa gələn Tərəfin müvafiq hüquqi və tənzimləyici müddəalarına
və Razılığa gələn digər Tərəfin orqanlarına tətbiq edilən müvafiq
müddəalara uyğun olaraq eyni məlumata şamil edilən müdafiəyə malik
olacaqdır.
2. Şəxsi məlumat yalnız Razılığa
gələn Tərəflərin qanunvericiliyi ilə nəzərdə tutulan şəxsi müdafiə
səviyyəsi bərabər olduqda verilə bilər. Razılığa gələn Tərəflər,
ən azı, Sazişin ayrılmaz hissəsi olan bu Sazişin Əlavəsində əks
olunmuş prinsiplərə əsaslanan müdafiə səviyyəsini təmin edəcəklər.
3. Qarşılıqlı yardım zamanı alınmış
məlumat, müvafiq gömrük hüquqpozma ilə bağlı məhkəmə və ya inzibati
işlərdə istifadə də daxil olmaqla, yalnız bu Sazişdə əks olunmuş
məqsədlər üçün istifadə edilə bilər.
4. Müraciət edən orqan, bu Saziş
çərçivəsində əldə olunmuş dəlil və ya məlumatdan sorğu alan orqanın
ilkin razılığı olmadan sorğuda bəyan olunan məqsədlərdən başqa,
digər məqsədlər üçün istifadə etməyəcəkdir.
5. Bu Sazişin müddəaları Avropa
Komissiyası və Avropa İttifaqının üzvü olan Dövlətlərin gömrük
orqanları arasında Avropa İttifaqının maliyyə maraqları çərçivəsində
gömrük hüquqpozmaları ilə bağlı məlumat mübadiləsinə tətbiq olunan
müddəalara təsir etmir.
Maddə 14. Nəzarətli göndəriş
1. Razılığa gələn Tərəflər, öz
imkanları daxilində, cinayət təhqiqatlarının məqsədləri üçün nəzarətli
göndərişdən müvafiq istifadəyə icazə vermək üçün zəruri tədbirlər
görəcəklər.
2. Nəzarətli göndərişin həyata
keçirilmosinə dair qərarlar vaxtaşırı veriləcək və sorğu alan
Razılığa gələn Tərəfin milli qanun və prosedurlarına müvafiq şəkildə
və xüsusi halla əlaqədar olaraq əldə edilə bilən razılıq və ya
razılaşmalara uyğun həyata keçiriləcəkdir.
3. Nəzarətli göndərişi razılaşdırılmış
qeyri-qanuni mal partiyaları səlahiyyətli orqanların qarşılıqlı
razılığı əsasında saxlanıla bilər və narkotik vasitələr və ya
psixotrop maddələrlə toxunulmaz və ya yerindən götürülmüş, yaxud
tam və ya qismən yeri dəyişdirilmiş halda göndərişin davam etdirilməsinə
icazə verilə bilər.
Maddə 15. Həyata keçirilmə
1. Razılığa gələn Tərəflər razılaşırlar
ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi və Avstriya
Respublikası Federal Maliyyə Nazirliyi bu Sazişdən irəli gələn
məsələlərlə və ya qarşılıqlı maraq kəsb edən gömrük işi ilə bağlı
hər hansı digər məsələ ilə məşğul olmaq məqsədi ilə bilavasitə
bir-biri ilə əlaqə saxlaya bilərlər.
2. Razılığa gələn Tərəflər bu
Sazişin həyata keçirilməsi üçün əlaqələndirilmiş inzibati göstərişlər
verə bilərlər.
3. Gömrük orqanları bu Sazişin
tətbiqindən irəli gələn problemləri qarşılıqlı razılıq əsasında
həll etməyi öhdələrinə götürürlər. Bu, belə mübahisələrin diplomatik
yolla həllini istisna etmir.
Maddə 16. Qüvvəyə minmə və müddətin başa çatması
1. Bu Saziş, Razılığa gələn Tərəflərin
diplomatik notalar mübadiləsi vasitəsilə bir-birini bu Sazişin
qüvvəyə minməsi üçün bütün zəruri dövlətdaxili prosedurların yerinə
yetirilməsi haqqında xəbərdar etdikləri tarixdən sonra ikinci
ayın ilk günü qüvvəyə minəcəkdir.
2. Razılığa gələn Tərəflər, arzu
edildiyi təqdirdə, bu Sazişi nəzərdən keçirmək məqsədi ilə görüşməyə
razılaşırlar. Bu Sazişə və onun Əlavəsinə edilən əlavə və düzəlişlər
bu Maddənin 1-ci bəndində əks olunmuş eyni şərtlər əsasında qüvvəyə
minəcəkdir.
3. Bu Sazişin qüvvəsi Razılığa
gələn hər bir Tərəfdən Razılığa gələn digər Tərəfin diplomatik
kanallarla yazılı xəbərdarlıq alması yolu ilə ləğv edilə bilər.
Bu halda Saziş xəbərdarlığın verilməsindən altı ay sonra qüvvəsini
itirəcəkdir.
Bunları təsdiq edərək, müvafiq
Hökumətləri tərəfindən səlahiyyət verilmiş aşağıda imza edənlər
bu Sazişi imzaladılar.
Vyana şəhərində 2002-ci il 19
noyabr tarixində Azərbaycan, alman və ingilis dillərində imzalanmışdır,
bütün mətnlər eyni qüvvəyə malikdir. Təfsirində fikir ayrılığı
yarandıqda, ingilis dilindəki mətn üstünlük təşkil edəcəkdir.
Azərbaycan Respublikası
Hökuməti adından
|
Avstriya Respublikası
Hökuməti adından
|
(imza)
|
(imza)
|
«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda
dərc edilmişdir (¹ 12 (I kitab), 31 dekabr 2003-cü il, maddə 695)
Azərbaycan Respublikasının 5 dekabr 2003-cü il
tarixli, 535-IIQ nömrəli Qanunu ilə təsdiq edilmişdir. («AzerSoft»).
Əlavə
Məlumat müdafiəsinin əsas prinsipləri
1. Məlumatı çatdıran orqan onların
dəqiq və yeni olmasını təmin etməlidir.
2. Əgər qeyri-dəqiq məlumatın
verilmiş olması və ya verilməli olmayan məlumatın verilmiş olması
və ya qanuna müvafiq qaydada verilmiş məlumatın sonrakı mərhələdə
məlumatı çatdıran Razılığa gələn Tərəfin qanunvericiliyinə uyğun
olaraq ləğv edilməsinin tələb olunduğu aşkara çıxarsa, məlumatı
alan orqan dərhal bu barədə məlumatlandırılmalıdır. O, belə məlumatı
düzəltməli və ya ləğv etməli olacaqdır.
3. Əgər məlumatı alan orqanın
çatdırılmış məlumatın qeyri-dəqiq olması və ya ləğv edilməli olmasını
güman etməyə əsası varsa, o, məlumatı verən Razılığa gələn Tərəfi
məlumatlandıracaqdır.
4. Milli qanunlara uyğun olaraq,
çatdırılmış məlumat onun verildiyi məqsədlər üçün zəruri olan
müddətdən artıq olmayaraq məlumat bazasında saxlanılacaqdır.
5. Çatdırılan şəxsi məlumata dair
informasiya alınması ilə əlaqədar olan şəxsin hüququ, ərazisində
məlumat üçün sorğu alan Razılığa gələn Tərəfin milli qanunlarına,
qaydalarına və prosedurlarına uyğun olaraq müəyyən olunacaqdır.
Məlumatın verilməsinə dair hər hansı qərar qəbul edilməzdən əvvəl
məlumatı verən orqana öz mövqeyini bəyan etmək imkanı veriləcəkdir.
6. Verilən məlumatın, məlumatı
verən Razılığa gələn Tərəfin qanunvericiliyinə uyğun olaraq, ləğv
edilməli və ya onda düzəlişlər aparılmalı olduğu təqdirdə, əlaqədar
şəxslərə məlumatı düzəltmək üçün təsirli hüquq verilməlidir.
7. Razılığa gələn Tərəflər, öz
qanunları, qaydaları və prosedurlarına müvafiq olaraq, əlaqədar
Razılığa gələn Tərəfdə, çatdırılan məlumatın araşdırılması zamanı
şəxsə dəyən zərərə görə cavabdeh olacaqlar.
8. Yuxarıda göstərilən prinsiplərə
əlavə olaraq, Avropa Şurasının 108 saylı 28 yanvar 1981-ci il
tarixli Şəxsi xarakterli məlumatların avtomatlaşdırılmış istifadəsi
ilə əlaqədar şəxslərin müdafiəsinə dair Konvensiyasının prinsipləri
Azərbaycan Respublikası tərəfindən bu Konvensiyanın ratifikasiyası
zamanı tətbiq ediləcəkdir.
© AzerSoft