Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi
             Az | Ru | En |
          
 
 
   

Azərbaycan Respublikası Nazirlər Kabineti

Azərbaycan Respublikası Gömrük Komitəsinin məsələləri

Qərar ¹ 301

Bakı şəhəri, 1 iyun 1992-ci il

«Azərbaycan Respublikası Gömrük Komitəsi yaradılması haqqında» Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 30 yanvar tarixli, 561 nömrəli Fərmanının icrası üçün Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Gömrük Komitəsinə tabe təşkilatların siyahısı əlavəyə uyğun surətdə təsdiq edilsin.

2. Azərbaycan Respublikası Gömrük Komitəsinin mərkəzi aparatı işçilərinin son hədd sayı 70 nəfər müəyyən edilsin (binaları mühafizə və xidmət işçiləri heyətindən savayı).

Azərbaycan Respublikası Maliyyə Nazirliyi Azərbaycan Respublikası Gömrük Komitəsinin mərkəzi aparatı işçilərinin əməyini ödəmə fondunu müəyyənləşdirsin.

3. Azərbaycan Respublikası Gömrük Komitəsində sədrin dörd müavini, o cümlədən iki birinci müavini olması məqsədəuyğun hesab edilsin.

4. Azərbaycan Respublikası Gömrük Komitəsinin kollegiyası 9 nəfərdən ibarət tərkibdə müəyyən edilsin.

5. Müəyyən edilsin ki, Azərbaycan Respublikası Gömrük Komitəsinin mərkəzi aparatı tabeli təşkilatların ayırmaları hesabına saxlanır.

Gömrük gəlirinin, daxil olan gömrük rüsumlarının, vergilərin və s. yığılması, uçotu və sistemləşdirilməsi Azərbaycan Respublikası Gömrük Komitəsinə həvalə edilsin.

Azərbaycan Respublikası Gömrük Komitəsi gömrük gəlirindən respublika büdcəsinə ayırma sistemini və formasını Azərbaycan Respublikası Maliyyə Nazirliyi ilə razılaşdırıb müəyyənləşdirsin.

6. Azərbaycan Respublikası Gömrük Komitəsinə icazə verilsin ki, Azərbaycan Respublikasında dövriyyədə olan kağız pulda plandankənar gömrük gəlirindən, təsdiq olunmuş əməyi ödəmə fondunun 50 faizindən Azərbaycan Respublikasının gömrük orqanlarında, bu Komitənin müəssisə və təşkilatlarında maddi həvəsləndirmə və sosial-mədəni tədbirlər fondları yaratmaq üçün istifadə etsin.

Azərbaycan Respublikası Gömrük Komitəsi həmin fondları formalaşdırma və onlardan istifadə qaydasını hazırlayıb təsdiq etsin.

7. Bakı şəhər icra hakimiyyəti orqanı Azərbaycan Respublikası Gömrük Komitəsinə müvafiq xidmət və anbar binaları ayırmaq məsələsini Komitə ilə birlikdə nəzərdən keçirsin.

8. MDB ölkələri, İran, Türkiyə ilə sərhədlərdə yeni yaradılan gömrük orqanlarından və mövcud olanları genişləndirməkdən ötrü əlavə olaraq 200 ştat vahidi nəzərdə tutulsun.

9. Müəyyənləşdirilsin ki, Azərbaycan ərazisində gömrük xidmətindən daxil olan valyuta vəsaitinin 50 faizi Respublika Gömrük Komitəsinin maddi-texniki bazasının inkişafı üçün onun sərəncamında qalır, 50 faizi isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin valyuta fonduna yönəldilir.

10. Azərbaycan Respublikası Rabitə Nazirliyi, Azərbaycan Respublikası Dövlət Maddi-Texniki Təchizat Komitəsi və Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyi Azərbaycanın gömrük idarələrini Azərbaycan Respublikası Gömrük Komitəsi ilə razılaşdırılmış müddətlərdə bütün lazımi rabitə vasitələri ilə təmin etsinlər.

11. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti, Azərbaycan Respublikası şəhər və rayon icra hakimiyyəti orqanları Azərbaycan ərazisində beynəlxalq avtomobil rabitəsinin həyata keçirildiyi buraxılış məntəqələrini, habelə onların saxlanması üçün maddi ehtiyatları 1992-ci il ərzində Azərbaycan Respublikası Gömrük Komitəsinin balansına versinlər.

12. Azərbaycan Respublikası Dövlət İqtisadiyyat və Planlaşdırma Komitəsi, Azərbaycan Respublikası Dövlət Maddi-Texniki Təchizat Komitəsi məhsul istehlakı həcmlərini (limitlərini) müəyyənləşdirəndə Azərbaycan Respublikası Gömrük Komitəsinin tələbatını mövcud qaydada nəzərə alsınlar.

Azərbaycan Respublikasının baş naziri

R. HÜSEYNOV

İşlər müdirinin müavini

İ. HACIYEV


Azərbaycan Respublikası Nazirlər Kabinetinin
1992-ci il 1 iyun tarixli, 301 nömrəli qərarına
əlavə

Azərbaycan Respublikası Gömrük Komitəsinə tabe olan təşkilatların
Siyahısı

1. Astara gömrükxanası

2. Bakı gömrükxanası

3. Binə gömrükxanası

4. Gəncə gömrükxanası

5. Culfa gömrükxanası

6. Sədərək gömrükxanası

7. Xudafərin gömrükxanası

8. Elmi-informasiya hesablama mərkəzi

9. Gömrükxana işçiləri hazırlayan və ixtisasını artıran mərkəz

10. Mərkəzi gömrük laboratoriyası

11. Təsərrüfat hesablı xarici iqtisadi «Azərterminalkompleks» birliyi

İşlər müdirinin müavini

İ. HACIYEV


© AzerSoft

Rəsmi məlumatlar Arxiv    
27.12.2008
Bakıda Mərkəzi gömrük hospitalı istifadəyə verilmişdir
Dekabrın 25-də Bakıda Mərkəzi gömrük hospitalı istifadəyə verilmişdir. Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak etmişdir.

Daha ətraflı
    © 2006 — 2008, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi   Dizayn MEQA şirkəti tərəfindən hazırlanıb