Azərbaycan Respublikasının Nazirlər
Kabineti
Azərbaycan Respublikasının gömrük
sisteminin büdcədənkənar inkişaf fondu haqqında Əsasnamə və
fondun vəsaitinin xərclənməsi Qaydaları barədə
Qərar ¹ 140
Bakı şəhəri, 25 dekabr 1997-ci il
Azərbaycan Respublikası Prezidentinin
«Azərbaycan Respublikası Gömrük Məcəlləsinin tətbiqi haqqında»
1997-ci il 25 iyul tarixli 616 nömrəli Fərmanının icrasını təmin
etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti
qərara alır:
1. «Azərbaycan Respublikasının
gömrük sisteminin büdcədənkənar inkişaf fondu haqqında Əsasnamə
və fondun vəsaitinin xərclənməsi Qaydaları» təsdiq edilsin.
Azərbaycan Respublikasının Baş naziri
A. RASİ-ZADƏ.
30 iyun 2000-ci il tarixli
108 nömrəli Qərara əsasən dəyişikliklərlə («AzerSoft»).
Azərbaycan
Respublikası Nazirlər Kabinetinin
1997-ci il 25 dekabr tarixli 140 nömrəli
qərarı ilə
təsdiq edilmişdir.
Azərbaycan Respublikası gömrük
sisteminin büdəcədənkənar inkişaf fondu haqqında Əsasnamə və ondun
vəsaitinin xərclənməsi
Qaydaları
1. Ümumi müddəalar
1.1. Azərbaycan Respublikası gömrük
sisteminin büdcədənkənar inkişaf fondu (bundan sonra gömrük sisteminin
inkişaf fondu) Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin
398-ci maddəsinə müvafiq olaraq yaradılır və Azərbaycan Respublikasında
gömrük siyasətinin müəyyən edilməsi və həyata keçirilməsi ilə
bağlı tədbirlərin maliyyələşdirilməsi üçün nəzərdə tutulur. Gömrük
sisteminin inkişaf fondunun vəsaiti Azərbaycan Respublikasında
gömrük sisteminin fəaliyyət göstərməsinin təmin edilməsi və inkişaf
etdirilməsi, Azərbaycan Respublikasında gömrük işinin təkmilləşdirilməsi,
sosial sahənin inkişaf etdirilməsi, gömrük orqanlarının, həmçinin
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin tabeçiliyində
olan elmi-tədqiqat təşkilatlarının, laboratoriyaların və tədris
müəssisələrinin saxlanmasına, maddi-həvəsləndirici və sosial-mədəni
fondunun artırılmasına yönəldilir.
1.2. Gömrük sisteminin inkişaf
fondunun vəsaiti Azərbaycan Respublikasının mülkiyyəti hesab olunur
və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin operativ
idarəçiliyində və sərəncamında yerləşir, istifadəçisi (sərəncamçısı)
dəyişdirilə bilməz.
1.3. Azərbaycan Respublikasının
Dövlət Gömrük Komitəsi Maliyyə Nazirliyinə müəyyən olunmuş qaydada
gömrük sisteminin inkişaf fondunun vəsaitindən istifadə olunması
barədə rüblük və illik hesabat təqdim edir.
2. Gömrük sisteminin inkişaf fondunun yaradılması
2.1. Gömrük sisteminin inkişaf
fondu aşağıdakı mənbələr hesabına yaradılır:
- mal qismində Azərbaycan Respublikası gömrük
sərhədindən keçirilən nəqliyyat vasitələri də daxil olmaqla,
o cümlədən müşayiət olunmayan bağajda, beynəlxalq poçt göndərişlərində
keçirilən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların
və yüklərin, həmçinin nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsinə
görə alınan gömrük yığımları;
- Azərbaycan Respublikasının gömrük orqanları
tərəfindən gömrük rəsmiləşdirilməsi üçün mütəxəssislərə ixtisas
attestatının verilməsinə və ixtisas attestatının bərpasına gömrük
tədiyələrinin ödənişinə zəmanət verən bankların və digər kredit
təşkilatlarının reyestrə salınmasına görə alınan yığımlar;
- gömrük işi sahəsində qaçaqmalçılıq və gömrük
qaydalarının pozulması işi üzrə müəyyən edilmiş qaydada Azərbaycan
Respublikasının dövlət mülkiyyətinə keçirilmiş malların, nəqliyyat
vəsaitlərinin və digər əşyaların satışından əldə edilən vəsait;
- girov predmeti hesab olunan malların və nəqliyyat
vasitələrinin hərraclarda satışından əldə olunan vəsaitin dövlət
büdcəsinə çatacaq hissəsindən artıq olan məbləğ;
- Azərbaycan Respublikası gömrük orqanlarının
normal fəaliyyətinə qəsd edən inzibati hüquqpozmalara və gömrük
qaydalarının pozulmasına görə müsadirə edilmiş malların və nəqliyyat
vəsitələrinin satışından əldə edilən və yaxud onların dəyərinin
tutulmasından əldə edilən vəsait, cərimələr və yığımlar;
- Azərbaycan Respublikasının gömrük orqanları
tərəfindən, valyutanın tənzimlənməsi haqqında mövcud qanunvericilik
və normativ aktlarının, eyni zamanda gömrük qaydalarının pozulması
və ya gömrük orqanlarının normal fəaliyyətinə qəsd edən hüquqpozmalar
nəticəsində müsadirə olunan valyuta;
- gömrük sisteminin inkişaf fondunun vəsaitlərinin
bankların və digər kredit orqanlarının hesablarında yerləşdirmək
və saxlamaqdan əldə edilən gəlirlər;
- Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin
tabeçiliyində olan müəssisə, idarə və təşkilatların təsərrüfat
hesablı fəaliyyətindən əldə edilən gəlirdən Azərbaycan Respublikasının
qanunvericiliyi ilə nəzərdə tutulan vergi və rüsumlar ödənildikdən
sonra qalan gəlir;
- gömrük hərraclarında iştirakdan tədiyələr və
komisyon mükafatlandırılması;
- qabaqcadan qərar qəbul etməyə görə tədiyələr;
- maddi ziyanın ödənilməsi məbləği, Azərbaycan
Respublikasının gömrük qanunvericiliyində nəzərdə tutulan digər
gömrük tədiyələri;
- Azərbaycan Respublikasının Maliyyə Nazirliyi
ilə razılaşdırılan sair daxilolmalar.
2.2. Gömrük sisteminin inkişaf
fondunun vəsaiti, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin
banklarda və ya digər kredit idarələrində açılan hesablaşma və
valyuta hesabına, habelə komitənin tabeçiliyində olan gömrük orqanlarının,
idarə və təşkilatların büdcə vəsaiti üzrə cari hesabına köçürülə
bilər.
3. Gömrük sisteminin inkişaf fondunun vəsaitinin xərclənməsi
Qaydaları
3.1. Gömrük sisteminin inkişaf
fondunun vəsaiti aşağıdakı tədbirlərin maliyyələşdirilməsi üçün
yönəldilir:
- Azərbaycan Respublikasında gömrük siyasətinin
işlənilməsi və həyata keçirilməsinə, Azərbaycan Respublikasının
iqtisadi təhlükəsizliyinin və marağının təmin və icrasına nəzarət
edilməsinə, Azərbaycan Respublikasının gömrük orqanlarına həvalə
edilmiş mövcud qanunvericiliyin gözlənilməsinə;
- Azərbaycan Respublikasının xarici iqtisadi
fəaliyyətinin və onun ayrı-ayrı bölmələrinin inkişafına, Azərbaycan
Respublikasının beynəlxalq istehsalat kooperasiyasında iştirakına
təsir göstərilməsinə;
- gömrük işi sahəsində qanun pozulmasına qarşı
mübarizə aparılmasına;
- gömrük nəzarəti və gömrük rəsmiləşdirilməsinin,
valyuta nəzarətinin, habelə Azərbaycan Respublikası üçün həyati
əhəmiyyət kəsb edən strateji malların ixracına nəzarətin həyata
keçirilməsi və təkmilləşdirilməsinə;
- Azərbaycan Respublikasında gömrük statistikasının
aparılmasına, dövlət orqanlarının, müəssisə, idarə və təşkilatların,
habelə vətəndaşların gömrük məsələləri üzrə beynəlxalq əməkdaşlığının
təmin edilməsinə;
- gömrük idarələrinin normal işləməsi və inkişaf
etdirilməsinin təmin edilməsinə;
- gömrük sisteminin maddi-texniki bazasının möhkəmləndirilməsinə
və sosial sahənin inkişaf etdirilməsinə;
- gömrük orqanının vəzifəli şəxslərinə verilən
geyim formasının və ərzaq payının dəyərinin ödənilməsinə;
- Azərbaycan Respublikası gömrük orqanlarının
infrastrukturunun yaradılmasına, gömrük anbarlarının, müvəqqəti
saxlama anbarlarının, başqa obyektlərin, habelə gömrük əməkdaşları
üçün fərdi və ya kooperativ mənzil tikintisinin qismən maliyyələşdirilməsinə;
- gömrük orqanları əməkdaşlarına səhiyyə xidmətinin
təşkili və xidmət səviyyəsinin yüksəldilməsinə;
- Azərbaycan Respublikası gömrük sistemi əməkdaşlarının
mədəni-məişət şəraiti və sosial müdafiəsi ilə bağlı tədbirlərin
büdcə maliyyələşdirilməsi hesabına mümkün olmayan hissəsini
ödəmək üçün;
- gömrük kadrlarının hazırlanması, yenidən hazırlıq
keçməsi, habelə Dövlət Gömrük Komitəsinin tədris müəssisələrinin
saxlanılması və inkişaf etdirilməsi üçün tədbirlərin maliyyələşdirilməsinə;
- Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin
tabeçiliyində olan elmi-tədqiqat təşkilatlarının fəaliyyətinin
təmin edilməsinə və əlavə xərclərinin maliyyələşdirilməsinə;
- Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin
sisteminə daxil olan müəssisə və təşkilatların yaradılması və
fəaliyyəti ilə bağlı xərclərin maliyyələşdirilməsinə;
- gömrük orqanlarının aldığı kredit borclarının
qaytarılmasına;
- Azərbaycan Respublikasının gömrük orqanlarına
həvalə edilmiş vəzifələrin yerinə yetirilməsi ilə bağlı digər
xərclərin maliyyələşdirilməsinə (bu xərcləri ayrılmış büdcə
vəsaiti hesabına tam və ya qismən örtmək mümkün olmadığı təqdirdə);
- Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin
tabeçiliyində olan idarə və təşkilatların maddi-maraq və sosial-mədəni
tədbirlər fondunun möhkəmləndirilməsinə və onun pul vəsaiti
ehtiyatının yaradılmasına.
3.2. Gömrük sisteminin inkişaf
fondunun vəsaitinin xərclənməsi smetası Azərbaycan Respublikasının
Maliyyə Nazirliyi ilə razılaşdırılmaqla Dövlət Gömrük Komitəsi
tərəfindən müəyyən edilir və bu vəsaitin xərclənməsinə Maliyyə
Nazirliyi nəzarət edir.
© AzerSoft