Azərbaycan Respublikasının Nazirlər
Kabineti
Azərbaycan
Respublikasının gömrük ərazisinə
gətirilən və bu ərazidən
çıxarılan malların
gömrük qiymətləndirilməsi
sisteminin tətbiqi
Qaydaları haqqında
Qərar ¹ 7
Bakı şəhəri, 12 yanvar 1998-ci il
Azərbaycan Respublikası Prezidentinin
«Azərbaycan Respublikası Gömrük Məcəlləsinin tətbiq edilməsi barədə»
1997-ci il 25 iyul tarixli 616 nömrəli Fərmanının icrasını təmin
etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti
qərara alır:
1. «Azərbaycan Respublikasının
gömrük ərazisinə gətirilən və bu ərazidən çıxarılan malların gömrük
qiymətləndirilməsi sisteminin tətbiqi Qaydaları» təsdiq edilsin.
2. Bu Qərar imzalandığı gündən
qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri
A.RASİ-ZADƏ.
Azərbaycan
Respublikası Nazirlər Kabinetinin
1998-ci il 12 yanvar tarixli 7 nömrəli qərarı
ilə
təsdiq edilmişdir.
Azərbaycan Respublikasının gömrük
ərazisinə gətirilən və bu ərazidən çıxarılan malların gömrük qiymətləndirilməsi
sisteminin tətbiqi Qaydaları
1. Ümumi müddəalar
1.1. Bu Qaydalar Azərbaycan Respublikasının
«Gömrük Tarifi» haqqında Qanununun müddəalarına uyğun olaraq tərtib
edilmiş, hüquqi və fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının
gömrük ərazisinə gətirilən və bu ərazidən çıxarılan malların gömrük
dəyərinin müəyyən edilməsi üçün tətbiq olunur.
1.2. Malların gömrük dəyəri —
gömrük ödənişlərinin hesablanması, başqa gömrük məqsədləri üçün
malların dəyərinin müəyyən edilməsi, o cümlədən cərimələrin tutulması
və gömrük qaydalarının pozulmasına görə Azərbaycan Respublikasının
gömrük qanunvericiliyinə uyğun olaraq məsuliyyətin tətbiq edilməsi
və gömrük statistikasını aparmaq üçün istifadə olunur.
Malların gömrük dəyəri ixrac-idxal
əməliyyatlarının mühasibatlıqda əks etdirilməsində, xarici malgöndərənlər
və malalanlarla hesablaşmalarda əsas götürülmür. İxrac-idxal əməliyyatlarının
mühasibat uçotunda əks etdirilməsində və xarici malgöndərənlərlə
(malalanlarla) hesablaşmalar aparılmasında mal müşayiət sənədləri
əlavə edilməklə hesablaşma sənədlərindəki (hesab-faktura, invoys
və s.) qiymətlər, fakturalanmamış (yəni hesab-faktura, invoys
olmadığı hallarda) göndərişlər üzrə isə kontrakt qiymətləri əsas
götürülür.
1.3. Gömrük dəyəri, mal Azərbaycan
Respublikasının gömrük ərazisindən keçirilərkən bəyannamə verən
şəxs (deklarant) tərəfindən bu Qaydalarda, habelə Tarif və Ticarət
üzrə Baş Sazişin (QATT, hal-hazırda Ümumdünya Ticarət Təşkilatı)
ümumi prinsiplərində nəzərdə tutulan gömrük qiymətləndirilməsi
qaydalarına uyğun olaraq müəyyən edilir.
Deklarantın seçdiyi üsulun düzgünlüyünə
nəzarət, malın gömrük rəsmiləşdirilməsini aparan Azərbaycan Respublikasının
gömrük orqanı tərəfindən həyata keçirilir.
1.4. Gömrük dəyəri üçün deklarantın
təqdim etdiyi məlumatlar dürüst, obyektiv və sənədlərlə təsdiq
edilən məlumatlar olmalıdır. Belə məlumat olmadıqda gömrük orqanları
müvafiq düzəlişlər edərək özlərində olan məlumatlardan (analoji
malların qiymətləri haqqında, o cümlədən ticarət şirkətlərinin
kataloqlarında və digər məlumat kitablarında olan məlumatlardan)
istifadə edə bilər.
1.5. Gömrük orqanı malın gömrük
dəyəri bəyan edilərkən deklarant tərəfindən təqdim edilmiş məxfi
xarakter daşıyan və kommersiya sirri olan məlumatlardan gömrük
qiymətləndirilməsinin məqsədləri üçün istifadə edə bilər.
Məxfi xarakter daşıyan və kommersiya
sirri olan məlumatların yayılmasına görə Azərbaycan Respublikasının
gömrük orqanı və onun vəzifəli şəxsləri Azərbaycan Respublikasının
müvafiq qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyır.
1.6. Deklarant tərəfindən bəyan
edilən malın gömrük dəyərini dəqiqləşdirmək zərurəti yarandıqda
və bu dəqiqləşdirmə qurtarana qədər deklarant, gömrük orqanına
Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq əmlak
girovu qoymaq və ya Dövlət Gömrük Komitəsinin reyestrinə salınmış
bankın və digər kredit təşkilatının zəmanətini təqdim etmək şərti
ilə bəyan edilən malın istifadə üçün ona verilməsi barədə müraciət
edə bilər, yaxud keçirilən malın Azərbaycan Respublikasının gömrük
orqanı tərəfindən müəyyən edilmiş gömrük dəyərinə uyğun olaraq
gömrük ödənişlərini ödəməlidir.
1.7. Bəyan edilmiş gömrük dəyərinin
dəqiqləşdirilməsi və ya Azərbaycan Respublikasının gömrük orqanına
əlavə məlumatların təqdim edilməsi ilə bağlı xərclər deklarant
tərəfindən ödənilir.
Gömrük qiymətləndirilməsi ilə
əlaqədar olaraq deklarant tərəfindən malın gömrük rəsmiləşdirilməsi
müddətinin uzadılması mal üzrə gömrük ödənişlərinə möhlət almaq
üçün istifadə edilə bilməz.
2. Gömrük dəyərinin müəyyən edilməsi üsulları və onların tətbiqi
qaydaları
2.1. Azərbaycan Respublikasının
«Gömrük Tarifi haqqında» Qanununun müddəalarına uyğun olaraq Azərbaycan
Respublikasının gömrük ərazisinə gətirilən malların gömrük dəyəri
aşağıdakı üsullarla müəyyən edilir:
1) gətirilən malların sövdələşmə
qiyməti ilə;
2) eyni malların sövdələşmə
qiyməti ilə;
3) eynicinsli malların sövdələşmə
qiyməti ilə;
4) dəyərin toplanması üsulu
ilə;
5) dəyərin çıxılması üsulu ilə;
6) ehtiyat üsulu ilə.
2.2. Gətirilən malların sövdələşmə
qiymətinə uyğun olaraq qiymətləndirilməsi gömrük dəyərinin müəyyən
edilməsinin əsas üsuludur.
Bu üsuldan istifadə edilə bilmədiyi
halda, 2-ci bölmənin 2.1 yarımbəndində göstərilən üsullardan hər
biri ardıcıl olaraq tətbiq edilir və hər bir sonrakı üsulun tətbiqi
gömrük dəyərini əvvəlki üsulla təyin etmək mümkün olmadıqda həyata
keçirilir.
Dəyərin çıxılması və toplanması
üsullarından istənilən ardıcıllıqla istifadə edilə bilər.
2.3. Azərbaycan Respublikasının
«Gömrük Tarifi haqqında» Qanununun 12-ci maddəsinin 2-ci bəndinə
əsasən gömrük sərhədindən keçirilən malın gömrük dəyərini müəyyən
edən deklarant gömrük rəsmiləşdirilməsini aparan müvafiq gömrük
orqanına aşağıdakı sənədləri təqdim etməlidir:
- doldurulmuş gömrük dəyəri bəyannaməsi;
- yük gömrük bəyannaməsi;
- təsis sənədlərinin surətləri (hüquqi şəxsin
təsis sənədləri və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti
ilə məşğul olan fiziki şəxsin vergi orqanları tərəfindən uçota
alınması haqqında şəhadətnamə);
- müqavilə (kontrakt, saziş) və ona əlavələr
(əgər bunlar nəzərdə tutulubsa);
- nəqliyyat və sığorta sənədləri (mal göndərişində
nəzərdə tutulubsa), hesab-faktura (invoys);
- nəql edilməsi üzrə hesab sənədi və ya nəqliyyat
xərclərinin kalkulyasiyası (nəqliyyat xərcləri hesab-fakturaya
daxil edilmədiyi hallarda);
- xüsusi razılıq (lisenziya), icazə (razılıq)
əsasında idxal olunan mallar üzrə müvafiq icra hakimiyyəti orqanları
tərəfindən verilmiş lisenziya, icazə (razılıq).
Bu sənədlər bəyan olunmuş gömrük
dəyərini təsdiq etmək üçün kifayət olmadığı hallarda, deklarant
qanunvericilikdə nəzərdə tutulmuş zəruri əlavə məlumatları təqdim
etməlidir.
3. Gətirilən malların gömrük dəyərinin sövdələşmə qiyməti ilə
müəyyən edilməsi (I üsul)
3.1. Azərbaycan Respublikasının
gömrük ərazisinə gətirilən malın gömrük dəyəri həmin mal Azərbaycan
Respublikasının gömrük sərhədindən keçirilərkən gətirilən mal
üçün faktiki ödənilmiş və ya ödənilməli olan sövdələşmə qiyməti
(limana və ya digər gətirilmə yerlərinədək) əsasında müəyyən edilir.
Gömrük dəyəri müəyyən edilərkən sövdələşmə qiymətində nəzərə alınmayan
aşağıdakı xərc maddələri həmin qiymətə daxil edilir:
a) malın hava və ya dəniz limanınadək,
yaxud Azərbaycan Respublikasının gömrük ərazisinə daxil olduğu
digər hər hansı bir yerədək gətirilməsi xərcləri, o cümlədən:
- nəqliyyat xərcləri;
- malların yükləmə, boşaltma və yenidən yükləmə
xərcləri;
- sığorta xərcləri;
b) alıcının çəkdiyi xərclər:
- malın alınması üçün komisyon xərcləri istisna
olmaqla, komisyon və broker mükafatlandırılmaları üzrə xərclər;
- konteynerlərin və çoxişlənən taranın dəyəri
(əgər əmtəə nomenklaturasına uyğun olaraq, onlar qiymətləndirilən
mallarla birlikdə tam surətdə nəzərdən keçirilirsə);
- qablaşdırma materiallarının və işlərinin
dəyəri də daxil olmaqla qablaşdırma dəyəri.
c) alıcı tərəfindən birbaşa
və dolayı yolla pulsuz, yaxud qiymətləndirilən malların istehsalı
və aparılması üçün satılması ilə əlaqədar istifadə edilməsi
üçün aşağı qiymətə təqdim olunmuş aşağıdakı malların və xidmətlərin
dəyərinin müvafiq hissəsi, o cümlədən:
- xammalın, materialların, hissələrin, yarımfabrikatların
və qiymətləndirilən malların tərkib hissələri olan digər komplektləşdirici
məmulatları;
- qiymətləndirilən malların istehsalı zamanı
istifadə olunan alətlərin, ştampların, qəliblərin və digər
bu kimi əşyaların;
- qiymətləndirilən malların istehsalı zamanı
istifadə olunan materialların (sürtgü materiallarının, yanacağın
və s.);
- Azərbaycan Respublikası ərazisindən kənarda
yerinə yetirilən və qiymətləndirilən malların istehsalı üçün
bilavasitə lazım olan mühəndis, təcrübə-konstruktor, dizayn,
bədii tərtibat, eskiz və çertyoj işlərinin;
- intellektual mülkiyyət obyektlərinin istifadəsi
üçün alıcının birbaşa və dolayı yolla sərf etməli olduğu lisenziyalaşdırma
xərcləri və digər ödənişlər;
- Azərbaycan Respublikası ərazisində qiymətləndirilən
malların istifadə olunmasından, verilməsindən və ya təkrar
satışından satıcının birbaşa, yaxud dolayı yolla əldə etdiyi
gəlirin bir hissəsi.
3.2. Bu üsul istifadə olunduqda
Ümumdünya Ticarət Təşkilatı (ÜTT — keçmiş QATT) tərəfindən müəyyən
olunmuş aşağıdakı şərtlər nəzərə alınmalıdır:
1) ixrac olunan ölkədən idxal
olunan ölkəyə satış sövdələşməsinin olması;
2) məhdudiyyətlik anlayışı;
3) kontrakt şərtləri;
4) ÜTT-nin müddəalarına uyğun
olaraq faktiki qiymətin təshihi;
5) satıcı və alıcı arasında
qarşılıqlı asılılıq.
1-ci şərt — satış sövdələşməsinin olması
Əgər bu halda satqı sövdəsi olmazsa,
I üsul tətbiq edilə bilməz.
2-ci şərt — məhdudiyyətlik anlayışı aşağıdakılardan
ibarətdir:
- Azərbaycan Respublikasının qanunvericiliyində
nəzərdə tutulmuş məhdudiyyətlər;
- malların təkrar satıla biləcəyi coğrafi bölgə
məhdudiyyətləri;
- malların qiymətinə əhəmiyyətli dərəcədə təsir
etməyən məhdudiyyətlər.
Bu hallarda I üsuldan istifadə
olunması məhdudlaşdırılır.
3-cü şərt — kontrakt şərtləri:
- malın göndərilmə tarixi, əgər bu tarixə mal
alınmazsa, idxalçı maldan imtina edir və malın qaytarılması
barədə məsələ qaldırır. Bu halda I üsul tətbiq edilə bilməz;
- kontraktda idxal olunan malın reklam edilməsi
göstərildikdə, bu halda reklamın qiymətini müəyyən etmək mümkün
olmadığından, malın gömrük dəyərinin təyin edilməsi üçün I üsul
uyğun gəlmir.
Kontrakt üzrə xarici ölkədən Azərbaycana
dəzgah gətirilir və həmin kontraktın şərtlərinə uyğun olaraq alıcı
dəzgahı reklam etməlidir. Bu halda reklamın qiymətini müəyyən
etmək mümkün olmadığından, gömrük dəyərinin təyin edilməsi üçün
I üsul uyğun gəlmir.
Kontraktda malın faktiki qiyməti
üzrə güzəştlərin verilməsi ilə ödənc şərtləri göstərilə bilər.
4-cü şərt — ÜTT müddəalarına uyğun olaraq faktiki
qiymətin təshihi
Gömrük dəyərinin hesablanmasında
alıcının ərazisinə malın gətirilməsi ilə əlaqədar nəqliyyat xərcləri
çıxarılmalıdır. ÜTT-nin müddəalarına görə malın transaksiya qiyməti
(idxaledici ölkə ilə sövdələşmə) faktiki qiymətə aşağıdakılar
əlavə edilməlidir:
- idxaledici ölkənin limanına qədər malın nəqledilmə
xərcləri (Azərbaycan Respublikasının gömrük sərhədinə qədər);
- boşaltma-yükləmə xərcləri;
- yolda sığorta xərcləri.
Satıcı tərəfindən ödənilmiş komissiya
haqları malın gömrük dəyərinə daxil edilir. İdxalçı tərəfindən
ödənilmiş komissiya haqları malın gömrük dəyərinə daxil edilmir.
5-ci şərt — satıcı və alıcı arasında qarşılıqlı
asılılıq
Deklarant bəyannamə sənədlərini
doldurduqda, satıcı ilə alıcı arasında münasibəti və bu münasibətin
malın qiymətinə təsiri barədə məlumat yazmalıdır, hər iki suala
«bəli» cavabı verildikdə, gömrük dəyərinin müəyyən edilməsi üçün
I üsul tətbiq edilə bilməz.
Azərbaycan Respublikasının «Gömrük
Tarifi haqqında» Qanununun 18-ci maddəsinin 2-ci bəndinin (q)
yarımbəndinə əsasən bir-birindən qarşılıqlı asılı olan şəxslər
dedikdə, aşağıdakı əlamətlərdən heç olmazsa birinə malik olan
şəxslər nəzərdə tutulur:
- sövdələşmə iştirakçılarından biri (fiziki şəxs)
və sövdələşmə iştirakçılarından birinin vəzifəli şəxsi eyni
zamanda digər sövdələşmə iştirakçısının da vəzifəli şəxsidirsə;
- sövdələşmə iştirakçıları müəssisənin birgə
sahibləridirsə;
- sövdələşmə iştirakçıları əmək əlaqələri ilə
bağlıdırlarsa;
- sövdələşmə iştirakçılarından biri digər iştirakçının
payının və nizamnamə kapitalının beş faizindən azını təşkil
etməyən və səs hüququ verən səhmlərinin sahibidirsə;
- sövdələşmənin hər iki iştirakçısı üçüncü hüquqi
və ya fiziki şəxsin bilavasitə və ya dolayı nəzarəti altındadırsa;
- sövdələşmə iştirakçıları birlikdə üçüncü şəxsə
bilavasitə və ya dolayı nəzarət edirlərsə;
- sövdələşmə iştirakçıları və ya onların vəzifəli
şəxsləri yaxın qohumdurlarsa.
Bu hallarda qarşılıqlı münasibət
sövdələşmənin qiymətinə təsir göstərməyibsə və bunu deklarant
sübut edə bilərsə, I üsul tətbiq edilə bilər.
3.3. İdxal olunan malların deklarant
tərəfindən təqdim olunmuş gömrük dəyərinin düzgünlüyünə gömrük
orqanları nəzarət edirlər və bunun işin həyata keçirilməsində
gömrük orqanları sövdələşmənin qiymətinin asılı olduğu kontraktda
göstərilən malların göndərilmə şərtlərinə diqqət yetirməlidirlər.
Satıcı və alıcı kontraktları bağlayarkən
Beynəlxalq Ticarət Palatasının tərtib etdiyi Qaydaları nəzərə
almalıdırlar.
Gömrük dəyərinin düzgünlüyünə
nəzarət edən gömrük orqanları malın bir ölkədə olan istehsalçıdan
(satıcıdan), digər ölkədə olan istehsalçıya (alıcıya) çatdırılması
ilə əlaqədar xərclərin strukturunu bilməlidir. Bu struktur 4 hissədən
ibarətdir:
1. Malın istehsalı üçün dəyərin
qiymətləndirilməsi (malın qiyməti);
2. İxracatçının ölkəsindəki
xərclər (malın qablaşdırılması, markalaşdırılması (malın istehsalı
üzrə məlumatlar, adı, netto çəkisi, mənşə ölkəsi), ölkə daxilində
nəqliyyat, lisenziya xərcləri, ixrac üzrə vergi və rüsumlar,
komisyon haqları);
3. İxracatçının sərhədindən
idxalçının sərhədinə kimi xərclər (nəqliyyat, sığorta xərcləri);
4. İdxalçının ölkəsindəki xərclər
(idxal üzrə lisenziya xərcləri, rüsum və vergilər, ölkə daxilində
malın nəqliyyat və anbarlaşdırma xərcləri).
Yuxarıda qeyd edildiyi kimi, malın
gömrük dəyəri bərabərdir: istehsalçı (satıcı) tərəfindən müəyyən
edilmiş qiymət, üstəgəl ixracatçının ölkəsindəki xərclər, üstəgəl
yolüstü xərclər. Bundan əlavə deklarant tərəfindən təqdim edilmiş
malın gömrük dəyərinin həqiqiliyini müəyyən etmək üçün gömrük
orqanları gətirilmiş malın miqdarına və keyfiyyətinə, faktiki
qiymət üzrə güzəştlərə və valyuta kontraktının milli valyutaya
hesablanmasından ötrü bəyannamə tarixinə xarici valyutanın manata
olan məzənnəsini nəzərə almalıdırlar.
4. Eyni malların sövdələşmə qiyməti üsulu (II üsul)
4.1. Malın gömrük dəyərinin müəyyən
olunmasında eyni malların sövdələşmə qiyməti üsulu — II üsulun
tətbiq edilməsində eyni malların sövdələşmə qiyməti əsas götürülür.
4.2. Eyni mallar dedikdə, bütün
xüsusiyyətlərinə, o cümlədən aşağıdakı parametrlərinə görə fərqlənməyən
mallar ilə eyni olması başa düşülür:
- təyinatı və xarakteristikası (fiziki xüsusiyyəti);
- keyfiyyət, mal nişanın olması və bazardakı
nüfuzu;
- malın mənşə ölkəsi;
- istehsalçı.
Eyni malların xarici görünüşündə
cüz`i fərqlər olduqda, digər cəhətləri isə bu bəndin tələblərinə
uyğun gəldikdə, həmin fərqlər malların eyni olduğunu inkar etmək
üçün əsas sayıla bilməz.
4.3. Mallar aşağıdakı hallarda
eyni hesab edilə bilməz:
- qiymətləndirilən və müqayisə edilən mallar
eyni bir ölkədə istehsal edilməyibsə;
- həmin mallar eyni istehsalçı tərəfindən deyil,
digər şəxs tərəfindən hazırlanıbsa;
- malların layihələri, dizaynları, eksizləri,
çertyojları Azərbaycan Respublikasında hazırlanıbsa.
4.4. Azərbaycan Respublikasının
«Gömrük Tarifi haqqında» Qanununun 19-cu maddəsinin müddəalarına
əsasən eyni malların sövdələşmə qiyməti gömrük dəyərini müəyyən
etmək üçün o vaxt əsas götürülə bilər ki, bu mallar:
a) Azərbaycan Respublikası ərazisinə
gətirilmək üçün satılsın (özgəninkiləşdirilsin);
b) qiymətləndirilən malların
gətirilməsi ilə eyni bir vaxtda və ya 90 gündən artıq olmamaqla
həmin vaxtdan əvvəl gətirilsin;
c) qiymətləndirilən mallarla
eyni kommersiya şərtləri ilə və təxminən eyni miqdarda gətirilsin.
Əgər eyni mallar başqa miqdarda
və ya başqa kommersiya şərtləri ilə gətirilibsə, deklarant onların
qiymətlərində bu fərqlərə uyğun olaraq düzəlişlər etməli və bunların
əsaslı olduğunu gömrük orqanları qarşısında sənədlərlə təsdiq
etməlidir.
4.5. Əgər bu üsuldan istifadə
olunarkən malların bir neçə sövdələşmə qiyməti aşkar olunarsa,
bu zaman idxal edilən malların gömrük dəyərini müəyyən etmək üçün
həmin qiymətlərin ən aşağı səviyyəyə malik olanı əsas götürülür.
5. Eynicinsli malların sövdələşmə qiyməti üsulu (III üsul)
5.1. Malın gömrük dəyərinin eynicinsli
malların sövdələşmə qiyməti üsulu — III üsul ilə müəyyən edilməsində
aşağıdakı şərtlərə riayət etməklə, idxal olunan mallarla eynicinsli
olan malların sövdələşmə qiyməti əsas götürülür.
Eynicinsli mallar dedikdə, bütün
xüsusiyyətlərinə görə eyni olması da, qiymətləndirilən mallarla
eyni vəzifələri yerinə yetirən və kommersiya baxımından bir-birini
əvəz edə bilən mallar başa düşülür.
Malların eynicinsliyi müəyyən
edildikdə, aşağıdakı parametrlər nəzərə alınmalıdır:
- təyinatı və xarakteristikası;
- keyfiyyəti, mal nişanının olması və bazarda
nüfuzu;
- mənşə ölkəsi.
Bu üsul gömrük dəyərini müəyyən
etmək üçün istifadə edildiyi halda, bu bənddə göstərilmiş şərtlərə
riayət edilməklə gətirilən mallarla eynicinsli malların sövdələşmə
qiyməti əsas götürülür.
5.2. Eynicinsli malların sövdələşmə
qiyməti ilə gömrük dəyərinin müəyyən edilməsi üsulundan istifadə
olunduqda, bu Qaydaların 4-cü bölməsinin 4.4 və 4.5 bəndləri tətbiq
edilir.
5.3. 4-cü bölmənin və bu bölmənin
müddəalarına əsasən gömrük qiymətləndirilməsi üsullarından istifadə
edildikdə:
a) müxtəlif ölkələrdə istehsal
olunmuş mallar qiymətləndirildikdə, onlar eyni və ya eynicinsli
hesab edilə bilməz;
b) əgər malların layihələşdirilməsi,
onların üzərində aparılan təcrübə konstruktor, bədii tərtibat,
dizayn, eskiz və çertyoj işləri Azərbaycan Respublikasının ərazisində
yerinə yetirilibsə, belə mallar eyni və ya eynicinsli sayıla
bilməz.
6. Dəyərin çıxılması üsulu (IV üsul)
6.1. Dəyərin çıxılması üsulu ilə
gömrük dəyərinin müəyyən edilməsi qiymətləndirilən eyni və ya
eynicinsli mallar Azərbaycan Respublikasının ərazisində öz ilkin
vəziyyəti dəyişdirilmədən satıldıqda tətbiq olunur.
6.2. Malların gömrük dəyəri dəyərin
çıxılması üsulu ilə müəyyənləşdirildikdə, onların gətirildiyi
tarixdən ən çoxu 90 gün əvvəl Azərbaycan Respublikası ərazisində
qiymətləndirilmiş və satıcıdan heç bir asılılığı olmadan alıcıya
satılmış eyni, yaxud eynicinsli malların ən böyük partiyasının
qiymətləri əsas kimi qəbul edilir.
6.3. Mal vahidinin qiymətindən
aşağıdakı xərc maddələri çıxılır:
a) komisyon mükafatlandırma
üçün ödənilmiş xərclər, mənfəətə əlavələr və Azərbaycan Respublikasına
gətirilən eyni növ malların satılması ilə əlaqədar ümumi xərclər;
b) malların idxalı və satışı
ilə əlaqədar Azərbaycan Respublikasında ödənilməli olan idxal
gömrük rüsumlarının, vergilərinin, yığımların və digər ödənişlərin
cəmi;
c) Azərbaycan Respublikasında
daşınma, yüklənmə, boşaldılma işlərinə, sığortaya sərf olunan
xərclər.
6.4. Qiymətləndirilən eyni və
eynicinsli malların gətirilmə anındakı vəziyyətdə satılması halları
olmayıbsa, deklarantın xahişinə əsasən bu bölmənin 6.2. və 6.3
bəndlərinin müddəalarına riayət etmək şərti ilə, emal mərhələsini
keçmiş mal vahidinin qiymətindən istifadə etməklə əlavə dəyərə
düzəliş edilməlidir.
7. Dəyərin toplanması üsulu (V üsul)
7.1. Gömrük dəyəri bu üsulla müəyyən
edilərkən, malın aşağıdakıların toplanması yolu ilə hesablanmış
qiyməti əsas götürülür:
a) materialların dəyəri və istehsalçı
tərəfindən qiymətləndirilən malın istehsal xərcləri;
b) ixrac edən ölkədən eyni növlü
malların Azərbaycan Respublikasına satışı üçün səciyyəvi olan
ümumi xərclər, o cümlədən nəqliyyat, yüklənmə yerinədək sığorta
xərcləri və sairə;
c) Azərbaycan Respublikasına
belə malların göndərilməsi nəticəsində ixrac edənin əldə etdiyi
mənfəət.
8. Ehtiyat üsulu (VI üsul)
8.1. Əgər gömrük dəyəri bu Qaydaların
3-cü və 7-ci bölmələrində göstərilən üsulların ardıcıl tətbiqi
nəticəsində deklarant tərəfindən müəyyən edilə bilmirsə və ya
gömrük orqanları tərəfindən gömrük dəyərinin müəyyən edilməsində
bu üsullardan istifadə oluna bilməməsi əsaslandırılırsa, onda
qiymətləndirilən malların gömrük dəyəri beynəlxalq gömrük təcrübəsinə
əsasən müəyyən edilir.
Ehtiyat üsulu tətbiq olunarkən
Azərbaycan Respublikasının gömrük orqanı onun sərəncamında olan
bütün qiymət məlumatlarını deklaranta təqdim edir.
8.2. Bu üsulla malın gömrük dəyərini
müəyyən etmək üçün aşağıdakılar əsas götürülə bilməz:
a) Azərbaycan Respublikasının
daxili bazarında malın qiyməti;
b) Azərbaycan Respublikasının
daxili bazarında Azərbaycan mənşəli malın qiyməti;
c) ixrac edən ölkənin üçüncü
ölkələrə göndərdiyi malların qiyməti;
ç) malın kortəbii müəyyən edilmiş
və ya dəqiqləşdirilməmiş qiyməti.
© AzerSoft