«Dövlət qeydiyyatına alınmışdır»
Azərbaycan Respublikasının
Ədliyyə Nazirliyi
Qeydiyyat ¹ 3061
30 iyun 2004-cü il
Nazir
F. MƏMMƏDOV
|
«Təsdiq edirəm»
Azərbaycan Respublikası
Dövlət Gömrük Komitəsi
Əmr ¹ 038
12 may 2004-cü il
Sədr
K. HEYDƏROV
|
Tranzit gömrük rejimi haqqında
Qaydalar
1. Ümumi müddəalar
«Tranzit gömrük rejimi haqqında
Qaydalar» (bundan sonra Qaydalar) Azərbaycan Respublikası Gömrük
Məcəlləsinin 6-cı fəslinin müddəalarına uyğun olaraq hazırlanmış
və malların, nəqliyyat vasitələrinin tranzit gömrük rejimində
rəsmiləşdirilməsi qaydalarını müəyyən edir.
Malların tranziti — malların gömrük
nəzarəti altında Azərbaycan Respublikasının iki gömrük orqanı
arasında, o cümlədən xarici dövlətlərin ərazisindən gömrük rüsumları,
vergiləri alınmadan və mallara iqtisadi siyasət tədbirləri (kvotalaşdırma,
lisenziyalaşdırma və s.) tətbiq edilmədən keçirilməsindən ibarət
gömrük rejimidir.
Azərbaycan Respublikası qanunvericiliyi
və Azərbaycan Respublikasının dövlətlərarası müqavilələrində nəzərdə
tutulmuş hallar istisna edilir.
1.1. Bu Qaydalarda aşağıdakı əsas
anlayışlardan istifadə edilir:
- tranzit mal — tranzit gömrük rejiminə uyğun
Azərbaycan Respublikasının gömrük ərazisindən keçirilən, barəsində
gömrük ödənişləri ödənilməsinin təmin edilməsi tətbiq edilən
mal;
- tranzit bəyannaməsi — tranzit gömrük rejimi
altında yerləşdirilən malların bəyan edilməsi zamanı istifadə
olunan gömrük bəyannaməsi;
- göndərən gömrük orqanı — fəaliyyət ərazisində
tranzit malların və nəqliyyat vasitələrinin faktiki gətirildiyi
Azərbaycan Respublikasının sərhəd buraxılış məntəqəsi yerləşən
Azərbaycan Respublikasının gömrük orqanı;
- təyinat gömrük orqanı — fəaliyyət ərazisində
tranzit malların və nəqliyyat vasitələrinin faktiki aparıldığı,
Azərbaycan Respublikasının sərhəd buraxılış məntəqəsi yerləşən
Azərbaycan Respublikasının gömrük orqanı;
- aralıq gömrük orqanı — fəaliyyət ərazisində
tranzit mallarla yük əməliyyatları aparılmasına icazə verilmiş
gömrük orqanı;
Mallar bir nəqliyyat vasitəsindən
digərinə yükləndikdə, fəaliyyət ərazisində bu cür əməliyyat həyata
keçirilən gömrük orqanı göndərən gömrük orqanı hesab olunur.
- daşıyıcı — malların təyinat gömrük orqanına
çatdırılmasına dair gömrük orqanlarına öhdəlik vermiş, daşımanı
həyata keçirən şəxs (fiziki və ya hüquqi);
- malların daşınması — malların tranzit gömrük
rejiminə uyğun daşınması;
- ağırçəkili və ya irihəcmli mallar — çəkisinə,
ölçülərinə və ya xarakterinə görə, adətən, örtülü nəqliyyat
vasitəsində və ya örtülü konteynerdə daşınmayan mallar;
- mal partiyası — bir nəqliyyat sənədi üzrə bir
nəqliyyat vasitəsində (konteynerdə) və ya nəqliyyat vasitələri
qrupunda bir mal alanın ünvanına daşınan mallar;
- ödəyici — gömrük ödənişlərinin ödənilməsi və
ya gömrük ödənişləri ödənilməsinin təminatı şəklində pul vəsaitlərini
gömrük orqanının hesabına keçirən istənilən əlaqədar şəxs;
- hesab-qaimə (invoys) — mala görə ödəniləsi
məbləği göstərən sənəd, malın üstündə göndərilən qaimə şəklində
istifadə oluna bilər;
- hesab-proforma — mal partiyasının qiyməti və
dəyəri haqqında məlumatlar göstərilən, lakin haqq-hesab sənədi
hesab olunmayan sənəd (qısa bəyannamə şəklində istifadə oluna
bilər);
- spesifikasiya — mal partiyasına daxil olan
malların bütün növ və çeşidlərinin siyahısı göstərilən sənəd;
- nəqliyyat sənədləri — dəniz daşımalarında —
konosament, şturman qeydi, tərsanə qeydi; dəmiryol daşımalarında
— dəmiryol qaiməsi və onun dublikatı; aviadaşımalarda — aviaqaimə;
avtomobil daşımalarında — yol qaiməsi;
- gömrük ödənişlərinin şərti hesablanması (ş.h)
— tranzit mallar sərbəst dövriyyə üçün buraxılış gömrük rejimi
altında yerləşdirilməli olarsa, ödənilməli olan gömrük rüsumlarının
və ya vergilərinin məbləği.
1.2. Malların Azərbaycan Respublikası
ərazisindən tranziti onların göndərən gömrük orqanı tərəfindən
tranzit gömrük rejimi altında yerləşdirildiyi andan başlanır və
bu Qaydalarda başqa hal nəzərdə tutulmamışdırsa, Azərbaycan Respublikası
ərazisindən faktiki çıxarılması ilə tamamlanır.
1.3. Azərbaycan Respublikası ərazisindən
tranzit gömrük rejimində keçirilən mallar və onları daşıyan nəqliyyat
vasitələri (konteynerlər) Azərbaycan Respublikasının ərazisinə
gətirildiyi andan tranzit gömrük rejimi tamamlananadək gömrük
nəzarəti altında olurlar.
2. Malların tranzit gömrük rejimi altında yerləşdirilməsi
şərtləri
2.1. Malların və nəqliyyat vasitələrinin
Azərbaycan Respublikasının ərazisi ilə tranziti istənilən yollar
və istiqamətlərdə həyata keçirilə bilər. Azərbaycan Respublikasının
ərazisindən tranzit rejimində keçirilən mallar:
- təbii aşınma nəticəsində dəyişikliklər və ya
normal şəraitdə daşınma, saxlanc itkiləri istisna olmaqla, dəyişilməz
vəziyyətdə qalmalı;
- yalnız tranzit məqsədlər üçün istifadə olunmalı;
- nəqliyyat vasitələrinin imkanları, təyin edilmiş
marşrut və digər daşınma şərtləri nəzərə alınmaqla, göndərən
gömrük orqanı tərəfindən müəyyən edilən müddətlərdə təyinat
gömrük orqanlarına çatdırılmalıdır.
Beynəlxalq yük daşımaları üçün
nəzərdə tutulmuş avtomobil nəqliyyatı ilə daşınan tranzit malların
və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının ərazi ilə
təyinat gömrük orqanına çatdırılma müddəti bir sutkada 450 km
hesabı ilə ancaq cəmi 48 saatdan çox olmamaq şərti ilə müəyyənləşdirir.
3. Malların tranzitinə icazə
3.1. Malların tranziti göndərən
gömrük orqanının icazəsi ilə həyata keçirilir.
3.2. Malların tranziti göndərən
gömrük orqanının icazəsi ilə bu Qaydaların 2-ci bölməsində göstərilmiş
şərtlərin tələblərinə riayət edildikdə və eyni zamanda əgər:
- malların Azərbaycan Respublikasının ərazisindən
tranzit keçirilməsi qadağan edilməmişdirsə;
- tranzit malların gömrük rəsmiləşdirilməsinə
görə gömrük ödənişləri ödənilmişdirsə;
- əgər tranzit mallar digər dövlət orqanlarının
nəzarətindən keçməlidirsə, həmin orqanların icazəsi təqdim edilmişdirsə
(tranzit zamanı digər dövlət orqanlarının nəzarətindən keçirilməli
olan malların siyahısı gömrük orqanlarına təqdim olunmalıdır);
- malların tranziti zamanı gömrük işi haqqında
qanunvericiliyə riayət edilməsi məqsədilə gömrük orqanlarının
tələblərinin yerinə yetirilməsi (nəqliyyat vasitələrinin lazımi
qaydada təchiz edilməsi, gömrük müşayiəti, malların gömrük daşıyıcıları
tərəfindən daşınması və ya gömrük ödənişlərinin ödənilməsinin
təmin edilməsi);
- malların eyniləşdirilməsinin mümkünlüyü təmin
edilmişdirsə;
- gömrük məqsədləri üçün lazım olan tranzit bəyannaməsi
və digər sənədlər təqdim edilmişdirsə, həyata keçirilə bilər.
3.3. Qaydaların 2-ci bölməsində
və 3-cü bölmənin 3.2 bəndində göstərilən şərtlər yerinə yetirilmədikdə,
malların tranzit gömrük rejimi altında yerləşdirilməsinə icazə
verilmir.
3.4. Əvvəllər malların tranzit
və gömrük nəzarəti altında daşınması zamanı gömrük orqanları qarşısında
öz öhdəliklərini yerinə yetirməyən daşıyıcılar tərəfindən malların
tranzit gömrük rejimi altında yerləşdirilməsinə, ancaq daşıyıcılar
tərəfindən gömrük qanunvericiliyinin tələblərinə riayət olunması
təmin olunduğu təqdirdə, gömrük orqanları tərəfindən icazə verilir.
4. Tranzit bəyannaməsi və digər zəruri sənədlər
4.1. Tranzit bəyannaməsi, bu Qaydalar
ilə başqa hal nəzərdə tutulmamışdırsa, tranzit malların hər bir
partiyası üçün doldurulur.
Tranzit bəyannaməsi üç nüsxədən
az olmamalıdır. Xarici iqtisadi fəaliyyətin mal nomenklaturası
üzrə müxtəlif kodları olan mal partiyası bəyan edilərkən, əlavə
vərəqlər də doldurulur. Əlavə vərəqlər əvəzinə onlarda göstərilməli
olan məlumatları özündə əks etdirən əmtəə siyahılarından istifadə
oluna bilər.
4.2. Tranzit bəyannaməsi kimi,
gömrük orqanları tərəfindən aşağıdakılardan istifadə olunur:
a) Yüklərin BYD kitabçası tətbiq
edilməklə beynəlxalq daşınması haqqında Gömrük Konvensiyasına
(BYD Konvensiyası, 1975-ci il) uyğun rəsmiləşdirilmiş BYD kitabçası;
- Tranzit mallar dəmiryol nəqliyyatı vasitəsilə
daşınarkən «Beynəlxalq Dəmiryol Yük Daşımaları haqqında 01 noyabr
1951-ci il tarixli Saziş-»in müddəalarına uyğun olaraq istifadə
olunan (BYDS) dəmiryol qaiməsi;
- Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi
tərəfindən müəyyən edilmiş digər sənədlər, həmçinin Azərbaycan
Respublikasının beynəlxalq müqavilələri və sazişləri ilə təsdiq
olunmuş sənədlər. Bu cür sənədlər və onlardan istifadə qaydası
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən Azərbaycan
Respublikasının yerli gömrük orqanlarına çatdırılır.
Göstərilən hallarda bu Qaydalar
ilə müəyyən edilən tranzit bəyannaməsi gömrük orqanlarına təqdim
edilmir.
4.3. Tranzit bəyannaməsi aydın
doldurulmalı, onda pozuntular və ləkələr olmamalıdır. Düzəlişlər
səhv məlumatların üstündən xətt çəkilməsi, onların üstündə lazımi
məlumatların çap edilməsi yolu ilə aparılır. Bu cür hər bir düzəliş
səlahiyyətli şəxsin imzası və deklarantın möhürü ilə təsdiq edilir.
4.4. Tranzit bəyannaməsini deklarant
tərtib edir, imzalayır və göndərən gömrük orqanına təqdim edir.
4.5. Tranzit bəyannaməsi ilə eyni
zamanda gömrük rəsmiləşdirilməsi və nəzarəti üçün lazım olan aşağıdakı
sənədlər gömrük orqanına təqdim edilir:
- nəqliyyat və mal müşayiət sənədləri;
- hesab-qaimələr və ya tranzit malların eyniləşdirilməsinə
imkan verən məlumatları əks etdirən hesab-proformalar;
- eyniləşdirmə vasitələri kimi
möhürlərdən, plomblardan və eyniləşdirici işarələrdən istifadə
oluna bilmədiyi halda, tranzit malların eyniləşdirilməsinin
mümkünlüyünü təmin edən sənədlər (malların təsvirləri, çertyojları,
foto şəkilləri, illüstrasiyaları və s.);
- gömrük brokerinin (müqavilə əsasında deklarantın),
daşıyıcının və ya malları keçirən şəxsin tranzit bəyannaməsini
öz adından verməyə səlahiyyətlərini təsdiq edən sənədlər;
- mallar digər dövlət orqanlarının nəzarətindən
keçməlidirsə, həmin orqanların icazələri;
- gömrük ödənişlərinin ödənilməsinin təmin edilməsini
təsdiq edən sənədlər.
Təqdim edilən nəqliyyat və mal
müşayiət sənədləri, həmçinin digər zəruri sənədlər barədə, mal
alanın Azərbaycan Respublikasının hüdudlarından kənarda olması
ilə əlaqədar, malların tranzitdən başqa heç bir məqsəd üçün istifadə
olunmayacağı barədə gömrük orqanının vəzifəli şəxsləri şübhə doğurmayan
məlumatlara malik olmalıdır. Təqdim olunan sənədlərdə kifayət
etməyən və düzgün olmayan məlumatlar olduğunu güman etməyə yetərli
əsaslar varsa, göndərən gömrük orqanı bu Qaydalarda göstərilən
sənədlərdən əlavə sənədlər tələb etmək səlahiyyətinə malikdir.
5. Tranzit malların gömrük rəsmiləşdirilməsinə görə
gömrük ödənişlərinin ödənilməsinin təmin edilməsi
5.1. Azərbaycan Respublikasının
ərazisindən tranzit gömrük rejimi altında keçirilən malların gömrük
rəsmiləşdirilməsinə görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin
müəyyən etdiyi məbləğdə gömrük ödənişləri alınır.
5.2. Aşağıdakılardan gömrük rəsmiləşdirilməsinə
görə gömrük ödənişləri tutulmur:
- xarici ölkələrin ərazisindən tranzitlə keçirilən
Azərbaycan mallarından;
- BYD kitabçası tətbiq edilməklə tranzit malların
beynəlxalq daşımaları zamanı;
- Azərbaycan Respublikasının qanunvericiliyi,
eləcə də Azərbaycan Respublikasının üzv olduğu beynəlxalq müqavilələr
və sazişlər ilə müəyyən edilmiş hallarda tranzit keçirilən mallardan.
Bu barədə Azərbaycan Respublikası
Dövlət Gömrük Komitəsi tərəfindən gömrük orqanlarına məlumat verilir.
5.3. Tranzit malların gömrük rəsmiləşdirilməsinə
görə gömrük ödənişlərinin ödənilməsinə möhlət verilmir və vaxtı
uzadılmır.
5.4. Gömrük rəsmiləşdirilməsinə
görə gömrük ödənişləri göndərən gömrük orqanının hesabına tranzit
bəyannaməsi qəbul edilənədək və ya qəbul edilən zaman ödənilir.
5.5. Bu Qaydaların 3-cü bölməsinin
3.2. bəndinə uyğun olaraq, barəsində gömrük ödənişlərinin ödənilməsi
təmin edilməmiş mallar Azərbaycan Respublikasının ərazisinə gətirilə
bilməz.
5.6. Gömrük ödənişləri ödənilməsinin
təmin edilməsi, malların və nəqliyyat vasitələrinin girovu, üçüncü
şəxsin (bankların və digər kredit təşkilatlarının, habelə Azərbaycan
Respublikası qanunvericiliyinə uyğun lisenziyaya malik sığorta
şirkətlərinin) zəmanəti və ya ödənilməli olan məbləğin depozitə
verilməsi yolu ilə həyata keçirilə bilər.
5.7. Aşağıdakı hallarda tranzit
malların gömrük ödənişlərinin ödənilməsinin təmin edilməsi tələb
olunmur:
- tranzit mallar dövlət dəmiryolu ilə daşınarkən;
- tranzit mallar BYD kitabçası tətbiq edilməklə
daşınarkən;
- tranzit mallar gömrük daşıyıcısı tərəfindən
daşınarkən;
- Azərbaycan Respublikasının ərazisindən rüsum
və vergilər tutulmayan malların tranziti zamanı.
5.8. Malların tranziti gömrük
rejiminin pozulması hallarında şərti hesablanmış gömrük ödənişlərinin
ödənilməsinin sığortalanması üzrə sənədlərin rəsmiləşdirilməsi,
habelə onların ödənilməsi üzrə sığorta şirkətinə qarşı iddialar
qaldırılması, Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə
uyğun həyata keçirilir.
6. Malların tranzit gömrük rejiminin digər gömrük
rejiminə dəyişdirilməsi
6.1. Malların tranzit gömrük rejimi
digər gömrük rejiminə dəyişdirilə bilər.
6.2. Mallar Azərbaycan Respublikasının
ərazisindən keçirilərkən, tranzit gömrük rejiminin digər gömrük
rejiminə dəyişdirilməsi, tranzit malların fəaliyyət zonasında
müvəqqəti saxlanc anbarları olan gömrük orqanları tərəfindən həmin
tranzit malların bu cür anbarlara yerləşdirilməsindən sonra həyata
keçirilir.
Mallar xarici dövlətin ərazisindən
keçirilərkən, tranzit gömrük rejiminin digər gömrük rejiminə dəyişdirilməsi,
göndərən gömrük orqanı tərəfindən həyata keçirilir.
Tranzit gömrük rejiminin digər
gömrük rejiminə dəyişdirilməsi zamanı malların yeni bəyan edilmiş
gömrük rejimi altında yerləşdirilməsinin bütün şərtlərinə əməl
edilməli və ödənilməli olan bütün gömrük ödənişləri və vergiləri,
həmçinin gömrük rəsmiləşdirilməsinə görə gömrük yığımları müəyyən
edilmiş qaydada ödənilməlidir.
6.3. Mallar Azərbaycan Respublikasının
ərazisindən keçirilən zaman tranzit gömrük rejimi digər gömrük
rejiminə dəyişdirilərkən gömrük rejiminin dəyişdirilməsinə dair
qərar qəbul etmiş gömrük orqanları tranzit malların nəzarətdən
çıxarılması üçün bu barədə göndərən gömrük orqanlarını xəbərdar
edir.
6.4. Azərbaycan Respublikasının
gömrük ərazisindən keçirilən tranzit malların ayrıca bir hissəsi
barədə tranzit gömrük rejiminin dəyişdirilməsinə yol verilir.
Bu halda mallar Azərbaycan Respublikasının ərazisindən keçirilərkən,
tranzit mallarla bu Qaydaların 7-ci bölməsinə uyğun olaraq yük
əməliyyatları aparılır.
7. Tranzit mallarla yük əməliyyatları
7.1. Azərbaycan Respublikasının
ərazisindən tranzit mallarını daşıyan nəqliyyat vasitələrinə əlavə
yük vurula, tranzit mallar başqa nəqliyyat vasitələrinə yenidən
yüklənə bilər. Tranzit gömrük rejimi altında daşınan malların
bir hissəsi başqa gömrük rejiminə dəyişdirildiyi halda, həmin
mallar nəqliyyat vasitəsindən qismən boşaldıla bilər.
Azərbaycan Respublikasının ərazisi
ilə tranzit daşınan mallarla yük əməliyyatları gömrük orqanının
icazəsi ilə anbarlarda və ya gömrük nəzarəti zonalarında, yaxud
da gömrük orqanının müəyyən etdiyi digər yerlərdə və gömrük orqanının
vəzifəli şəxslərinin iştirakı ilə həyata keçirilir. Yük əməliyyatları
aparıldıqda, tranzit daşınma müddəti bu cür əməliyyatların aparılması
üçün zəruri olan vaxt nəzərə alınmaqla müəyyən edilir.
7.2. Tranzit malları daşıyan nəqliyyat
vasitələrinə əlavə malların yüklənməsinə icazəni fəaliyyət ərazisində
bu cür əlavə yükləmə həyata keçirilən gömrük orqanı, həmin malların
bəyan edilmiş gömrük rejiminə uyğun gömrük rəsmiləşdirilməsindən
sonra verir.
7.3. Tranzit daşınan mallarla
birlikdə Azərbaycan Respublikasının ərazisində digər gömrük rejimində
yerləşdirilməsi nəzərdə tutulan mallar bir nəqliyyat vasitəsində
daşına bilər. Bu cür malların daşınmasına icazəni göndərən gömrük
orqanı verir. Həmin malların boşaldılmasından sonra aralıq gömrük
orqanı tərəfindən tranzit bəyannaməsində yeni tətbiq olunmuş eyniləşdirilmə
vasitələri haqqında məlumatlar göstərilir.
7.4. Tranzit malların əvvəlcədən
məlum olmayan qismən boşaldılmasına icazəni (qismən boşaldılan
malların digər gömrük rejimi altında yerləşdirildiyi halda) fəaliyyət
zonasında bu cür boşaldılma həyata keçirilən gömrük orqanı verir.
Tranzit malların qismən boşaldılmasına icazə vermiş gömrük orqanı
tranzit gömrük rejimini bağlayır və bütün tranzit malların nəzarətdən
çıxarılması üçün bu barədə göndərən gömrük orqanına dərhal məlumat
verir. Qalan mallar təyinat gömrük orqanına malların gömrük nəzarəti
altında daşınmasının müəyyən edilmiş qaydalarına uyğun daşınmalıdır.
7.5. Tranzit malın başqa nəqliyyat
vasitəsinə yenidən yüklənməsinə icazə fəaliyyət ərazisində bu
cür yenidən yükləmə həyata keçirilən gömrük orqanı tərəfindən
verilir.
Tranzit malın yenidən yüklənməsinə
icazə vermiş gömrük orqanı tranzit gömrük rejimini bağlayır və
tranzit malın nəzarətdən çıxarılması üçün göndərən gömrük orqanına
bu barədə dərhal məlumat verir. Yenidən yüklənmiş mallar təyinat
gömrük orqanına malların gömrük nəzarəti altında daşınması üçün
müəyyən edilmiş qaydalara uyğun daşınmalıdır.
7.6. Əgər tranzit mallar daşınarkən
daşıyıcı qəza və ya qarşısıalınmaz qüvvənin təsiri nəticəsində
bu Qaydaların 2-ci bəndi ilə nəzərdə tutulmuş şərtlərə əməl edilməsini
təmin edə bilmirsə, o, tranzit malların qorunmasının təmini və
onlardan hər hansı icazəsiz istifadəyə yol verilməməsi üçün bütün
tədbirləri görməyə, dərhal ən yaxın gömrük orqanına bu barədə
və tranzit malların olduğu yer haqqında məlumat verməyə borcludur.
Göstərilən gömrük orqanı bu halda gömrük nəzarətinin təmin olunması
üçün hansı tədbirlərin görülməsinin zəruri olduğunu müəyyən edir.
Malların məhvi, həmişəlik itirilməsi
və ya əhəmiyyətli dərəcədə real korlanma təhlükəsi varsa, daşıyıcı
öz şəxsi təşəbbüsü ilə malların boşaldılması və ya yenidən yüklənməsi
barədə qərar qəbul edə bilər. Bu zaman daşıyıcı nəqliyyat vasitəsinin
və ya malların qorunması məqsədi ilə bu cür hərəkət etməyə məcbur
olduğunun səbəblərini göstərməli və malların ən yaxın gömrük orqanına
daşınmasını və ya gömrük orqanının vəzifəli şəxslərinin malların
olduğu yerə gətirilməsini təmin etməlidir.
Göstərilən gömrük orqanı hadisənin
hallarını öyrəndikdən sonra bu Qaydaların 1 nömrəli Əlavəsində
göstərilən formada 3 nüsxədən ibarət akt tərtib edir, aktın birinci
nüsxəsi onu tərtib edən gömrük orqanında qalır, ikinci nüsxəsi
tranzit malı nəzarətdən çıxarmaq üçün göndərən gömrük orqanına
göndərilir, üçüncü nüsxəsi isə daşıyıcıya təqdim edilir.
Aktın doldurulması bu Qaydaların
2 nömrəli Əlavəsində müəyyən edilmiş qaydada doldurulur.
Fəaliyyət zonasında yol nəqliyyat
hadisəsi baş vermiş gömrük orqanı tranzit gömrük rejimini bağlayır
və bu barədə göndərən gömrük orqanına məlumat verir. Tranzit malların
təyinat gömrük orqanına sonrakı daşınması malların gömrük nəzarəti
altında daşınmasının müəyyən edilmiş qaydalarına uyğun həyata
keçirilir.
7.7. Zədələnmiş qablaşdırmanın
düzəldilməsinə, qablaşdırmanın açılmasına, qablaşdırmaya və ya
yenidən qablaşdırmaya zərurət yaranarsa, bu halda həmin yük əməliyyatlarının
aparılmasına icazəni müvafiq gömrük orqanı verir. Lazım gəldikdə,
tranzit bəyannaməsinə həmin gömrük orqanının vəzifəli şəxsinin
imzası və şəxsi nömrəli möhürü ilə təsdiqlənən müvafiq dəyişikliklər
edilir.
8. Müxtəlif nəqliyyat vasitələri ilə daşınma zamanı
malların tranzitinin xüsusiyyətləri
8.1. BYD kitabçası tətbiq edilməklə
yüklərin beynəlxalq daşınması haqqında Gömrük Konvensiyasına (BYD
Konvensiyası, 1975-ci il) uyğun qaydada avtomobil nəqliyyat vasitəsi
ilə daşınan tranzit malların gömrük rəsmiləşdirilməsi Azərbaycan
Respublikası Dövlət Gömrük Komitəsinin müəyyən etdiyi bu Qaydalar
və digər normativ-hüquqi aktlara uyğun olaraq həyata keçirilir.
Tranzit mallar BYD daşımaları
üzrə yenidən yükləmə həyata keçirilən aralıq gömrük orqanına göndərilmişdirsə,
sonrakı daşınmanın rəsmiləşdirilməsi üçün tranzit bəyannaməsindən
istifadə olunur.
8.2. Azərbaycan Respublikası ərazisindən
hava nəqliyyatı ilə tranzit keçirilən mallar o zaman bu Qaydalara
uyğun tranzit gömrük rejimi altında yerləşdirilir ki, gömrük qanunvericiliyinin
tələblərinə uyğun şəkildə iki gömrük orqanı arasında nəzarətdə
saxlanmaq şərti ilə həmin hava gəmiləri Azərbaycan Respublikası
ərazisində iki dəfə və ya daha çox enmiş olsun.
Azərbaycan Respublikası ərazisindən
tranzitlə keçirilən malların gömrük rəsmiləşdirilməsi və nəzarəti
aşağıdakı hallarda tranzit bəyannaməsi rəsmiləşdirilmədən və gömrük
rəsmiləşdirilməsinə görə gömrük ödənişləri tutulmadan həyata keçirilir:
- texniki enmə zamanı;
- hava gəmisinin iş qabiliyyətinin və sazlığının
yoxlanması üzrə əməliyyatlar keçirilməsi üçün dayanması (baqaj,
mallar yüklənmədən və boşaldılmadan, onlarla yük əməliyyatları
aparılmadan, həmçinin sərnişinlər endirilmədən);
- məcburi enmə zamanı;
- mal və ya baqajla hər hansı bir yük əməliyyatı
həyata keçirmədən yoluna davam etmə imkanı olduqda, hava gəmisinin
uçuş planına uyğun uçuşu yerinə yetirməyin mümkün olmaması səbəblərinə
görə yerə enməsi zamanı.
9. Tranzit malların və nəqliyyat vasitələrinin gömrük
nəzarəti və gömrük rəsmiləşdirilməsi
9.1. Tranzit gömrük rejimi altında
yerləşdirilən malların gömrük rəsmiləşdirilməsi göndərən gömrük
orqanında həyata keçirilir.
9.2. Tranzit malların və nəqliyyat
vasitələrinin gömrük rəsmiləşdirilməsi üçün göndərən gömrük orqanına
daşıyıcı və ya deklarant tərəfindən tranzit bəyannaməsi təqdim
edilir. Tranzit bəyannaməsi kimi, gömrük orqanları tərəfindən,
həmçinin aşağıdakı sənədlərdən istifadə olunur.
- BYD kitabçası tətbiq edilməklə yüklərin beynəlxalq
daşımaları haqqında Gömrük Konvensiyasına (BYD Konvensiyası,
1975-ci il uyğun rəsmiləşdirilmiş BYD kitabçası;
- Tranzit mallar dəmiryol nəqliyyat vasitəsilə
daşınarkən «Beynəlxalq Dəmiryol Yük Daşımaları haqqında 01 noyabr
1951-ci il tarixli Saziş»in müddəalarına uyğun olaraq istifadə
olunan (BYDS) dəmiryol qaiməsi.
- Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi
tərəfindən müəyyən edilən digər zəruri sənədlər, həmçinin Azərbaycan
Respublikasının beynəlxalq müqavilələri və sazişləri ilə təsdiq
edilmiş sənədlər.
9.3. Göndərən gömrük orqanının
tələbi ilə malları Azərbaycan Respublikasının gömrük sərhədindən
keçirən şəxs, daşıyıcı və ya mallar və nəqliyyat vasitələri barədə
səlahiyyətlərə malik digər şəxs gömrük rəsmiləşdirilməsindən keçməli
olan malların və nəqliyyat vasitələrinin daşınmasını, çəkilməsini
və ya miqdarının başqa cür təyin edilməsini, yüklənməsini, boşaldılmasını,
yenidən yüklənməsini, zədələnmiş qablaşdırılmasının düzəldilməsini,
qablaşdırılmasını və ya yenidən qablaşdırılmasını, həmçinin bu
cür mallar və nəqliyyat vasitələri ola bilən binaların, tutumların
və digər yerlərin açılmasını həyata keçirməyə borcludurlar. Göstərilən
əməliyyatlar yalnız gömrük orqanlarının nəzarəti və icazəsi ilə
aparıla bilər.
Mallar və nəqliyyat vasitələri
ilə yük və başqa əməliyyatlar Azərbaycan Respublikasının gömrük
orqanı üçün heç bir əlavə xərcə səbəb olmamalıdır.
9.4. Tranzit malların gömrük orqanlarının
icazəsi olmadan götürülməsi və ya bu cür malların dəyişdirilməsi
hallarının aradan qaldırılması üçün mallar, göndərən gömrük orqanı
tərəfindən, həmçinin bu Qaydalar ilə nəzərdə tutulmuş hallarda,
həm də təyinat gömrük orqanı və aralıq gömrük orqanı tərəfindən
eyniləşdirilməlidir.
9.5. Göndərən gömrük orqanı gömrük
yoxlaması, plomblar, möhürlər vurulması, eyniləşdirilmə işarələri
qoyulması, malların təsviri, çertyojlar, miqyaslı təsvirlər, fotoşəkillər,
illüstrasiyalar tərtib olunması ilə, habelə nəqliyyat və malı
müşayiət edən sənədlərdəki məlumatların uyğunluğunu yoxlamaq məqsədləri
üçün daşınan malların eyniləşdirilməsini həyata keçirir.
9.6. Malların məhv olması, həmişəlik
itirilməsi və ya əhəmiyyətli dərəcədə korlanması təhlükəsi olduğu
hallar istisna edilməklə, eyniləşdirmə vasitəsi yalnız gömrük
orqanları tərəfindən və ya onların icazəsi ilə dəyişdirilə və
ya məhv edilə bilər. Göstərilən hallar yarandıqda, daşıyıcı ən
yaxın gömrük orqanına eyniləşdirmə vasitələrinin dəyişdirilməsi,
kənarlaşdırılması və ya məhv edilməsi barədə dərhal məlumat verməli
və bu cür təhlükənin mövcudluğunu təsdiq edən sübutlarını təqdim
etməlidir.
9.7. Tranzit mallar, o cümlədən
ağırçəkili və irihəcmli mallar gömrük qanunvericiliyinə uyğun
təchiz edilməmiş üstüaçıq nəqliyyat vasitələrində daşınarkən,
eyniləşdirmə vasitələri ayrı-ayrı yük yerlərinə qoyula bilər,
yaxud da eyniləşdirmə vasitələri kimi malların təsvirləri, çertyojları,
miqyaslı təsvirləri, fotoşəkillər, illüstrasiyalar və malı müşayiət
edən sənədlər istifadə oluna bilər. Göstərilən sənədlər göndərən
gömrük orqanının vəzifəli şəxsi tərəfindən təsdiq edilir və tranzit
bəyannaməsinə əlavə edilir. Eyniləşdirmə vasitələri barədə məlumatlar
tranzit bəyannaməsində göstərilir.
9.8. Gömrük rəsmiləşdirilməsi
məqsədləri üçün Azərbaycan Respublikasının gömrük orqanları mallardan
prob və nümunələr götürmək və onların tədqiqini (ekspertizasını)
aparmaq hüququna malikdir. Prob və nümunələr tədqiqat aparılmasını
təmin edən minimal miqdarlarda götürülür. Gömrük nəzarəti altında
mallardan prob və nümunələrin götürülməsinə dair akt tərtib olunur.
Azərbaycan Respublikası gömrük
orqanlarının vəzifəli şəxsləri başqa dövlət nəzarəti orqanları,
habelə mallar barəsində səlahiyyətləri olan şəxslər və onların
nümayəndələri tərəfindən prob və nümunələr götürülməsində iştirak
edirlər. Qanunvericilikdə müəyyən edilmiş qaydada mallar barədə
səlahiyyətləri olan şəxslərin və ya onların nümayəndələrinin iştirakı
olmadan prob və nümunələr Azərbaycan Respublikası gömrük orqanları
tərəfindən mallar təqdim edildikdən sonra 10 gün müddətində həmin
şəxslər gəlmədiyi halda, həmçinin təxirəsalınmaz (operativ) hallarda
götürülə bilər.
9.9. Tranzit bəyannaməsi Azərbaycan
Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən müəyyən edilən
müddətlərdə verilir. Mallar və onları daşıyan nəqliyyat vasitələrinin
gömrük orqanına təqdim edilməsi müddəti Azərbaycan Respublikası
Dövlət Gömrük Komitəsinin müəyyən etdiyi müddətdən artıq olmamalıdır.
Azərbaycan Respublikasının gömrük
ərazisinə daxil olan boş nəqliyyat vasitələri gömrük qanunvericiliyinin
tələblərinə uyğun şəkildə Azərbaycan Respublikası Dövlət Gömrük
Komitəsinin müəyyən etdiyi qaydada və müddət ərzində rəsmiləşdirilir.
9.10. Azərbaycan Respublikasının
Gömrük Məcəlləsində nəzərdə tutulmuş qaydada göndərən gömrük orqanının
icazəsi ilə tranzit bəyannaməsində göstərilən məlumatlar dəyişdirilə,
tamamlana, verilmiş tranzit bəyannaməsi isə götürülə bilər.
Dəyişikliklər, əlavələr və ya
götürülmələr yalnız:
- tranzit bəyannaməsinin yoxlanılması başlananadək;
- malların və nəqliyyat vasitələrinin yoxlanılması
başlananadək;
- göstərilən məlumatların gömrük orqanları tərəfindən
düzgün olmaması müəyyən edilənədək həyata keçirilə bilər.
Azərbaycan Respublikası gömrük
orqanlarının vəzifəli şəxsləri, Azərbaycan Respublikası gömrük
orqanlarının səlahiyyətlərinə aid edilmiş məlumatlardan başqa,
öz təşəbbüsləri, şəxsin tapşırığı və ya xahişi ilə yazılı gömrük
bəyannaməsini doldurmaq, dəyişdirmək, ona əlavələr etmək, həmçinin
maşınla emal üçün istifadə olunan kodlaşdırılmış məlumatları,
onlar kodlaşdırılmamış şəkildə olarsa, dəyişdirmək və tamamlamaq
hüququna malik deyildirlər.
9.11. Azərbaycan Respublikasının
ərazisindən tranzit zamanı göndərən gömrük orqanı malların və
nəqliyyat vasitələrinin keçirilməsinə nəzarəti Azərbaycan Respublikasının
ərazisinə gətirilmə yerindən təyinat gömrük orqanınadək təmin
edirlər.
Göndərən gömrük orqanı xarici
dövlətin ərazisindən tranzit zamanı malların keçirilməsinə nəzarəti
Azərbaycan Respublikasının ərazisindən aparılma yerindən təyinat
gömrük orqanınadək təmin edir.
9.12. Göndərən gömrük orqanı:
- tranzit bəyannaməsini tərtib etmiş şəxs tərəfindən
onun doldurulma qaydalarına əməl edilməsini yoxlayır;
- tranzit bəyannaməsini qeydiyyat jurnalında
qeydə alır və onun üzərində sorğu nömrəsi qoyur;
- malın başqa dövlət orqanlarının nəzarətindən
keçməli olub-olmamasını müəyyən edir;
- bu Qaydaların 4.5 bəndində göstərilən sənədlərin
olmasını yoxlayır;
- daşıyıcının malların tranzit və gömrük nəzarəti
altında daşınması zamanı əvvəllər gömrük qaydalarını pozması
hallarını yoxlayır;
- zərurət olduqda, malların və nəqliyyat vasitələrinin
yoxlanılmasını həyata keçirir.
9.13. Malların tranzitinə icazə
verildikdən sonra göndərən gömrük orqanının vəzifəli şəxsləri:
- malların və nəqliyyat vasitələrinin eyniləşdirilməsini
təmin edirlər;
- tranzit malların və nəqliyyat vasitələrinin
aralıq gömrük orqanına və ya təyinat gömrük orqanınadək çatdırılması
müddətini müəyyən edirlər;
- tranzit bəyannaməsinin, nəqliyyat və malı müşayiət
edən sənədlərin, o cümlədən hesab-qaimələrin və hesab-proformaların
hər bir nüsxəsinə ştamp vurur və həmin ştampı şəxsi nömrəli
möhürlə təsdiq edirlər;
- tranzit bəyannaməsinin birinci və üçüncü nüsxələrini
mal və digər zəruri sənədlərlə birlikdə aralıq gömrük orqanlarına
və təyinat gömrük orqanlarına təqdim etmək üçün daşıyıcıya verirlər;
- tranzit bəyannaməsinin birinci nüsxəsini özlərində
saxlayırlar;
- operativ rabitə kanalları ilə aralıq gömrük
orqanını və ya təyinat gömrük orqanını tranzit malların və nəqliyyat
vasitələrinin yola düşməsi barədə xəbərdar edirlər.
9.14. Mallar və nəqliyyat vasitələri
təyinat gömrük orqanına və ya aralıq gömrük orqanına çatdıqdan
sonra daşıyıcı gömrük orqanını tranzit malların çatması barədə
xəbərdar edir. Xəbərdar etmənin forma və qaydasını gömrük orqanı
müəyyən edir.
9.15. Aralıq gömrük orqanının
vəzifəli şəxsləri tranzit malların çatması barədə məlumat aldıqdan
sonra:
- malların və nəqliyyat vasitələrinin çatdırılma
müddətinə daşıyıcı tərəfindən əməl olunmasını yoxlayır;
- tranzit malları və nəqliyyat vasitələrini eyniləşdirir;
- tranzit bəyannaməsinin, nəqliyyat və malı müşayiət
edən sənədlərin hər bir nüsxəsinə ştamp vurur və onu şəxsi nömrəli
möhürlə təsdiq edir;
- tranzit bəyannaməsini qeydiyyat jurnalında
qeydə alır;
- tranzit malların başqa nəqliyyat vasitəsinə
yüklənməsinə nəzarət edir;
- mallar başqa nəqliyyat vasitəsinə yükləndikdən
sonra Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin müəyyən
etdiyi tələblərə və bu Qaydalara uyğun hərəkət edirlər.
9.16. Təyinat gömrük orqanlarının
vəzifəli şəxsləri tranzit malların çatması barədə məlumat aldıqdan
sonra:
- daşıyıcı tərəfindən malların və nəqliyyat vasitələrinin
çatdırılma müddətinə əməl edilməsini yoxlayır;
- tranzit malları və nəqliyyat vasitələrini eyniləşdirir;
- zərurət olduqda, malların və nəqliyyat vasitələrinin
yoxlanmasını həyata keçirir;
- tranzit bəyannaməsinin, nəqliyyat və malı müşayiət
edən sənədlərin hər bir nüsxəsinə ştapm vurur və onu şəxsi nömrəli
möhürlə təsdiq edir;
- tranzit bəyannaməsini qeydiyyat jurnalında
qeydə alır;
- tranzit bəyannaməsinin üçüncü nüsxəsini daşıyıcıya
qaytarır və ikinci nüsxəsini isə özündə saxlayır;
- tranzit malların Azərbaycan Respublikasının
ərazisindən faktiki aparılmasına nəzarət edir;
- malların tranzitinin bitməsi haqqında operativ
rabitə kanalları ilə göndərən və aralıq gömrük orqanlarına,
müəyyən olunmuş qaydada, nəzarətdən çıxarılması üçün məlumat
verirlər.
10. Yekun müddəalar
10.1. Aksizli malların Azərbaycan
Respublikasının ərazisindən tranzitlə keçirilmə qaydası bu Qaydalar
və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin digər normativ
aktları ilə müəyyən edilir.
10.2. Bu Qaydaların qüvvəsi Azərbaycan
Respublikasının ərazisindən magistral neft kəmərləri, neft məhsulları
kəmərləri, qaz kəmərləri və elektrik ötürücü xətləri ilə tranzit
keçirilən malların gömrük rəsmiləşdirilməsi və gömrük nəzarətinə
şamil edilmir.
10.3. Tranzit malların daşınmasına
görə daşıyıcı Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinin
tələblərinə uyğun olaraq məsuliyyət daşıyır.
10.4. Mallar gömrük orqanının
icazəsi olmadan verildikdə, itirildikdə və ya təyinat gömrük orqanına
çatdırılmadıqda, daşıyıcı həmin mallar sərbəst dövriyyə üçün buraxılış
gömrük rejimi və ya xarici dövlətin ərazisindən tranzit zamanı
ixrac gömrük rejimi altında yerləşdirildiyi halda ödənilməli olan
gömrük ödənişlərini ödəməlidir.
Azərbaycan Respublikasına daxil
olan və sərhəd gömrük orqanında qeydə alınmış tranzit mallar (nəqliyyat
vasitələri) müəyyən olunmuş müddət ərzində təyinat gömrük orqanına
çatdırılmadıqda (təyinat gömrük orqanından məlumat daxil olmadıqda),
sərhəd gömrük orqanı təyinat gömrük orqanına sorğu verərək, bütün
sərhəd gömrük orqanlarına Azərbaycan Respublikasına yük gətirən
həmin nəqliyyat vasitəsinin respublika ərazisindən geri çıxarılmasının
qarşısını almaq məqsədilə təcili məlumat verməli və Azərbaycan
Respublikasının gömrük qanunvericiliyinin tələblərinin pozulması
ilə əlaqədar mövcud qanunvericiliyə uyğun olaraq tədbirlər görməlidir.
10.5. Zəmanətçi tərəfindən pul
vəsaitinin ödənilməsi, daşıyıcını gömrük qaydalarının pozulmasına
görə məsuliyyətdən, həmçinin bank zəmanətinin müvafiq məbləğindən
və ya qoyulmuş tələb məbləğindən artıq hissədə gömrük ödənişlərini
ödəməkdən azad etmir.
10.6. «Tranzit gömrük rejimi haqqında
Qaydalar»ın müddəalarının tələblərinin pozulması mövcud qanunvericiliyə
uyğun olaraq məsuliyyətə səbəb olur.
10.7. «Tranzit gömrük rejimi haqqında
Qaydalar» Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində dövlət
qeydiyyatına alındığı gündən qüvvəyə minir.
«Azərbaycan Respublikası Mərkəzi İcra Hakimiyyəti
Orqanlarının Normativ Aktlarının Bülleteni»ndə dərc edilmişdir
(2004-cü il, ¹ 6-7, s. 23) («VneshExpertService»).
Tranzit gömrük
rejimi haqqında Qaydalara
1 nömrəli Əlavə
Qəza və ya qarşısıalınmaz qüvvənin
təsirinə dair
Akt
1.
Göndərən gömrük orqanı |
2.
Təyinat gömrük orqanı |
|
3.
Əvvəlki tranzit bəyannaməsinin ¹-si |
4.
Nəqliyyat vasitəsinin (konteynerin) qeydiyyat nömrəsi |
5.
Daşıyıcı (adı, ünvanı) |
6.
Eyniləşdirmə vasitələri
|
zədələnmişdir |
|
zədələnməmişdir |
|
8.
Yeni nəzarət sənədinin ¹-si |
7.
Yük bölməsi
|
zədələnmişdir |
|
zədələnməmişdir |
|
|
9. |
|
Malın
itirilməsi müəyyən edilməmişdir |
|
Mallar
(10 — 13 qrafaları) yoxdur (Y), məhv edilmişdir (M) |
10.
Yük yerlərinin markalanması və nömrələri |
11.
Yük yerlərinin sayı, növü, malların kodları |
12.
Y və ya M |
13.
Qeydlər (olmayan və ya məhv edilmiş malların sayını göstərməli) |
14.
Tərtib olunma tarixi və yeri |
15.
Gömrük nəzarəti altında daşınma üçün görülən tədbirlər
|
Yeni
eyniləşdirmə vasitələrinin qoyulması: sayı ____
təsviri _____ |
|
Malların
yenidən yüklənməsi (qrafa 16-ya bax) |
|
6.
Mallar yenidən yüklənmişdirsə, onların yenidən yükləndiyi
nəqliyyat vasitələrinin fərqləndirici əlamətləri |
Qeyd
nömrəsi
|
hə
|
yox
|
Eyniləşdirmə
vasitələrinin sayı və təsviri
|
a)
nəqliyyat vasitəsi |
|
|
_____________________
|
b)
konteyner |
|
|
_____________________
|
|
17.
Aktı tərtib etmiş gömrük orqanı |
18.
Təyinat gömrük orqanının qeydləri |
Yeri, tarixi,
imza
(şəxsi nömrəli möhür)
|
M
|
|
İmza
(şəxsi nömrəli möhür) |
M
|
|
Müvafiq qrafalarda xətt işarəsi
qoymalı
Tranzit gömrük
rejimi haqqında Qaydalara
2 nömrəli Əlavə
Qəza və ya qarşısıalınmaz qüvvənin
təsirinə dair aktın doldurulma
Qaydası
1. Qəza və ya qarşısıalınmaz qüvvənin
təsirinə dair Akt müvafiq blankda (Tranzit gömrük rejimi haqqında
Qaydalara 1 nömrəli Əlavə) üç nüsxədə fəaliyyət zonasında qəza
baş vermiş və ya qarşısıalınmaz qüvvənin təsiri yaranmış gömrük
orqanının vəzifəli şəxsi tərəfindən doldurulur.
2. Aktın qrafaları aşağıdakı qaydada
doldurulur:
Qrafa 1. «Göndərən gömrük orqanı»
Qrafada göndərən gömrük orqanının
adı göstərilir.
Qrafa 2. «Təyinat gömrük orqanı»
Qrafada təyinat gömrük orqanının
adı göstərilir.
Qrafa 3. «Əvvəlki tranzit bəyannaməsinin
nömrəsi»
Qrafada qəza, yaxud qarşısıalınmaz
qüvvənin təsirinədək «Tranzit gömrük rejimi haqqında Qaydalar»a
uyğun olaraq, malların daşınmasının həyata keçirildiyi tranzit
bəyannaməsinin (BYD kitabçasının, YGB-nin, (BYDS) dəmir yol qaiməsinin)
nömrəsi göstərilir.
Qrafa 4. «Nəqliyyat vasitəsinin
qeydiyyat nömrəsi və konteynerin eyniləşdirmə nömrəsi».
Qrafada malların «Tranzit gömrük
rejimi haqqında Qaydalar»a uyğun olaraq, malları daşıyan nəqliyyat
vasitəsinin qeydiyyat nömrəsi və ya konteynerin eyniləşdirmə nömrəsi
göstərilir.
Qrafa 5. «Daşıyıcı»
Qrafada daşıyıcının adı və hüquqi
ünvanı göstərilir.
Qrafa 6. «Eyniləşdirmə vasitələri
zədələnməmişdir və ya zədələnmişdir».
Qrafada müvafiq boş yerdə eyniləşdirmə
vasitələrinin zədələnməsi və ya zədələnməməsi işarəsi (xətt işarəsi)
qoyulur.
Qrafa 7. «Yük yeri zədələnmişdir
(zədələnməmişdir)».
Müvafiq boş yerdə nəqliyyat vasitəsinin
və ya konteynerin yük bölməsinin zədələnmə və ya zədələnməməsi
işarəsi (xətt işarəsi) qoyulur.
Qrafa 8. «Yeni nəzarət sənədinin
nömrəsi».
Qrafada malların daşınmasının
həyata keçirildiyi yeni nəzarət sənədinin (tranzit bəyannaməsinin,
daşınma cədvəlinin və s.) nömrəsi göstərilir.
Qrafa 9. «Malın itirilməsi müəyyən
edilməmişdir».
Boş yerdə malların tam mövcudluğu
işarəsi (xətt işarəsi) qeyd edilir.
Mallar və ya onların bir hissəsi
itirildikdə, yer boş saxlanılır. «Mallar (10 — 13 qrafaları) yoxdur,
məhv edilmişdir» boş yerində malların və onların bir hissəsinin
olmaması («Y») və ya məhv olması («İM») işarəsi qeyd edilir.
Qrafa 10. «Yük yerlərinin markalanması
və nömrələri».
Qrafada yük yerlərinin markalanması
və nömrələri göstərilir.
Qrafa 11. «Yük yerlərinin sayı
və növü, malın kodu».
Qrafada yük yerlərinin sayı və
növü, həmçinin malın XİF MN üzrə kodu göstərilir.
Qrafa 12. «Y və ya M»
11-ci qrafada göstərilən malların
qarşısında onların olmaması (Y) və ya məhv olması (M) işarəsi
qoyulur. Malların itirilməsi müəyyən edilməyibsə, qrafa doldurulmur.
Qrafa 13. «Qeydlər»
Qrafada olmayan və ya məhv olmuş
malların miqdarı göstərilir.
İtirilmə müəyyən edilməyibsə,
qrafa doldurulmur.
Qrafa 14. «Tərtib olunma tarixi
və yeri».
Qrafada qəzanın baş verdiyi və
ya qarşısıalınmaz qüvvənin təsiri hallarının yarandığı yerin tam
adı və tarixi göstərilir.
Qrafa 15. «Gömrük nəzarəti altında
daşınmanın davam etməsi üçün görülən tədbirlər».
Qrafada yeni eyniləşdirmə vasitələri,
onların sayı və təsviri, malların başqa nəqliyyat vasitəsinə və
ya konteynerə yüklənmə əlaməti, daşınmanın davam etməsi üçün görülən
digər tədbirlər göstərilir.
Qrafa 16. «Malların yenidən yükləndiyi
nəqliyyat vasitələri haqqında məlumat».
Qrafada malların yenidən yükləndiyi
nəqliyyat vasitələrinin qeydiyyat nömrələri və ya konteynerlərin
eyniləşdirmə nömrələri, həmçinin yeni qoyulmuş eyniləşdirmə vasitələrinin
sayı və təsviri göstərilir.
Qrafa 17. «Aktı tərtib etmiş gömrük
orqanı».
Qrafada aktı tərtib etmiş gömrük
orqanının adı və ünvanı, şəxsi nömrəli möhür və imzası ilə təsdiq
edilməklə, həmin gömrük orqanının vəzifəli şəxsinin soyadı, adı,
atasının adı göstərilir.
Qrafa 8. «Təyinat gömrük orqanlarının
qeydləri».
Qrafa mallar çatdırıldıqdan sonra
təyinat gömrük orqanı tərəfindən doldurulur.
Qrafada gömrük orqanının vəzifəli
şəxsinin adı, soyadı, atasının adı göstərilir və şəxsi nömrəli
möhürü ilə təsdiq edilməklə imzası qoyulur.
© AzerSoft