Financial and Legal Consulting of The CIS Regional Cluster
             Az | Ru | En |
          
 
 
   

«Dövlət qeydiyyatına alınmışdır»
Azərbaycan Respublikasının
Ədliyyə Nazirliyi
Qeydiyyat ¹ 3088
29 oktyabr 2004-cü il
Nazir
F. MƏMMƏDOV

«Təsdiq edirəm»
Azərbaycan Respublikasının
Dövlət Gömrük Komitəsi
Əmr ¹ 028
15 aprel 2004-cü il
Sədr
K. HEYDƏROV

«Razılaşdırılmışdır»
Azərbaycan Respublikasının
Rabitə və İnformasiya
Texnologiyaları Nazirliyi
12 aprel 2004-cü il
Nazir
Ə. ABBASOV

Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən beynəlxalq poçt göndərişlərinə gömrük nəzarəti və onların gömrük rəsmiləşdirilməsi
Qaydaları

1. Ümumi müddəalar

Bu Qaydalar Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən, fiziki və ya hüquqi şəxslər tərəfindən göndərilən və ya onlara ünvanlanan beynəlxalq poçt göndərişlərinin gömrük nəzarətini və gömrük rəsmiləşdirilməsini tənzimləyir.

Qaydalar Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə, «Rabitə haqqında» Azərbaycan Respublikasının Qanununa, Ümumdünya Poçt İttifaqının Konvensiyasına və qüvvədə olan müvafiq qanunvericilik aktlarına uyğun olaraq hazırlanmışdır.

1.1. Bu Qaydalarda istifadə olunmuş əsas anlayışlar:

1.1.1. Beynəlxalq poçt göndərişləri (bundan sonra BPG) — Azərbaycan Respublikasından xaricə göndərilən və Azərbaycan Respublikasına daxil olan, həmçinin respublika ərazisindən keçməklə tranzit göndərilən poçt göndərişləridir. Beynəlxalq poçt göndərişlərinə aşağıdakılar aiddir:

  • poçt kartları (sadə və sifarişli);
  • məktublar (sadə, sifarişli və qiyməti elan olunmuş);
  • banderollar (sadə, sifarişli, qiymətli);
  • kiçik paketlər (sadə və sifarişli);
  • xüsusi M kisələri (sadə və sifarişli);
  • beynəlxalq poçt bağlamaları (adi və qiyməti elan olunmuş);
  • EMS göndərişləri — fiziki cəhətdən ən sürətli yolla göndərilən, tərkibi yazışmalar, sənədlər və müxtəlif mallardan ibarət olan poçt göndərişləri.

1.1.2. Beynəlxalq poçt mübadiləsi yeri (bundan sonra BPMY) — depeşlərin tərtib edildiyi (çıxan beynəlxalq poçt üçün) və açıldığı (daxil olan beynəlxalq poçt üzrə), beynəlxalq poçt göndərişlərinin işlənib çeşidləndiyi, gömrük baxışına təqdim ediləcək gömrük nəzarəti və gömrük rəsmiləşdirilməsinin həyata keçirildiyi poçt müəssisəsidir.

1.1.3. Beynəlxalq Poçt Mübadiləsi Məntəqələri (bundan sonra BPMM) — beynəlxalq nəqliyyat vasitələri ilə birbaşa depeş mübadiləsini aparan poçt istehsalat sahəsidir. BPMM-nin funksiyasını Azərbaycan Respublikasının gömrük sərhədlərinin yaxınlığında yerləşən poçt müəssisələri yerinə yetirirlər.

1.1.4. Depeş — beynəlxalq poçtun istiqamət planına uyğun olaraq eyni vaxtda, eyni ölkənin, eyni mübadilə yerindən digər ölkənin müvafiq mübadilə yerinə göndərilən poçtdur. (İçərisində məktub korrespondensiyası, qiyməti elan olunmuş məktublar, poçt bağlamaları və ya poçt kisələri olan bir və ya bir neçə kisə, həmçinin bir və ya bir neçə açıq bağlama). Tərkibinə görə depeşlər aşağıdakı növlərə bölünür:

  • məktub korrespondensiyası (LC/AO) depeşləri;
  • poçt bağlamaları (CP) depeşləri;
  • sürətli poçt göndərişləri (EMS) depeşləri;
  • geri qaytarılan boş kisə (SV) depeşləri.

1.1.5. Nəqliyyat vasitələri — beynəlxalq poçtun daşınmasında istifadə olunan nəqliyyat vasitələri. Buraya avianəqliyyat, yerüstü nəqliyyat (avtomobil və dəmir yol nəqliyyatı) və dəniz nəqliyyatı aiddir. Nəqliyyat vasitələri poçt müdiriyyətinə və ya kənar hüquqi və fiziki şəxslərə (poçt müdiriyyəti müqavilə əsasında bu nəqliyyatla poçtun daşınmasını təşkil edir) məxsus ola bilər. Poçtun daşınma üsuluna görə nəqliyyat vasitələri daxili və beynəlxalq nəqliyyat vasitələrindən ibarətdir:

  • Beynəlxalq poçt daşımalarında istifadə edilən nəqliyyat vasitələri — iki və ya daha çox ölkə arasında depeşlərin daşınmasını və mübadiləsini təmin edir.

Beynəlxalq poçt daşımalarında istifadə edilən nəqliyyat vasitələri aralıq və birbaşa nəqliyyat vasitələrindən ibarətdir;

Aralıq beynəlxalq poçt daşımalarında istifadə edilən nəqliyyat vasitələri iki və ya daha çox ölkələrin yalnız beynəlxalq mübadilə məntəqələri arasında depeşlərin daşınması və mübadiləsini təmin edir;

Birbaşa beynəlxalq poçt daşımalarında istifadə edilən nəqliyyat vasitələri bir ölkənin BPMY-i ilə digər ölkənin BPMM-si arasında, yaxud iki və ya daha çox ölkənin BPMY-ləri arasında depeşlərin daşınmasını və mübadiləsini təmin edir.

1.2. Digər anlayışlar Azərbaycan Respublikasının Gömrük Məcəlləsi, «Gömrük tarifi haqqında» və «Rabitə haqqında» Azərbaycan Respublikasının Qanunları, Ümumdünya Poçt İttifaqı Konvensiyası əsasında və digər normativ hüquqi aktlarla müəyyənləşdirilir.

1.3. Azərbaycan Respublikasında Beynəlxalq Poçt Mübadiləsi Yerləri və Beynəlxalq Poçt Mübadiləsi Məntəqələri Dövlət Gömrük Komitəsi ilə razılaşdırılmaqla, Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən müəyyən edilir.

2. BPG-nin keçidində gömrük nəzarəti mərhələləri

2.1. Azərbaycan Respublikasının gömrük qanunvericiliyinə uyğun olaraq, Respublika ərazisində BPG-nin keçidinin aşağıdakı mərhələləri gömrük orqanlarının nəzarəti altında olur:

2.1.1. Çıxan BPG üçün — bu göndərişin BPMY-də gömrük baxışına təqdim edildiyi andan depeşlərin və ya birbaşa beynəlxalq nəqliyyat vasitələrinin ölkənin gömrük sərhədindən buraxıldığı ana qədər.

2.1.2. Daxil olan BPG-i üçün — daxil olan depeşlərin və ya birbaşa beynəlxalq nəqliyyat vasitələrinin ölkənin gömrük sərhədindən qəbul edildiyi andan, BPG-nin BPMY-də gömrük nəzarəti və gömrük rəsmiləşdirilməsi keçirildiyi və buraxılışı barədə rəsmi icazə verildiyi ana qədər;

2.1.3. Tranzit (bağlı depeşlərdən və açıq tranzit) BPG-i üçün — daxil olan depeşlərin və ya birbaşa beynəlxalq nəqliyyat vasitələrinin ölkənin bir gömrük sərhədində qəbul edildiyi andan onların digər gömrük sərhədindən buraxıldığı ana qədər.

2.2. BPG-nin gömrük rəsmiləşdirilməsi və gömrük nəzarəti aşağıdakı mərhələlərdən ibarətdir:

2.2.1. BPMM-də depeşlərin mübadiləsinə nəzarət:

2.2.2. Depeşlərin BPMM-ləri ilə BPMY-i arasında daşınması və çatdırılmasına nəzarət, həmçinin Azərbaycan Respublikasının və başqa ölkələrin birbaşa nəqliyyat vasitələrində depeşlərin ölkənin gömrük sərhədləri ilə BPMY və BPMM arasında daşınması və çatdırılmasına nəzarət;

2.2.3. Depeşlərin BPMM-də və BPMY-də müvəqqəti saxlanılmasına nəzarət;

2.2.4. BPMY-də BPG-nə gömrük nəzarəti, gömrük rəsmiləşdirilməsi və buraxılması;

2.2.5. Daxil olan BPG-nə gömrük nəzarəti və gömrük rəsmiləşdirilməsi zamanı gömrük ödənişləri tətbiq edilən BPG-nə müvafiq gömrük ödəniş sənədlərinin tərtib edilməsi;

2.2.6. BPG-nin qaytarılması;

2.2.7. BPG-nin gömrük yoxlanılması zamanı aşkar olunmuş hüquq pozuntularının rəsmiləşdirilməsi.

3. BPMM-də depeşlərin mübadiləsinə nəzarət mərhələsi

3.1. BPMM-də poçt işçiləri tərəfindən BPG-nin nəqliyyat vasitələri ilə mübadiləsi gömrük nəzarəti altında həyata keçirilir.

3.2. Daxil olan depeşlər beynəlxalq nəqliyyat vasitəsinin nümayəndəsindən adbaad yoxlanılmaqla təhvil alınır. Kisələrə vizual baxış keçirilərək, onların bütövlüyü və plombların salamatlığı yoxlanılır. Kisələr bir-bir tərəzidə çəkilir. Faktiki çəki və digər məlumatlar müşayiət qaimələrində (CN-37 — yerüstü poçt, CN-38 — aviapoçt, CN-41 — S.A.L. poçtu, CN-47 — boş kisələr) və depeş yarlıqlarında (CN-34, CN-35, CN-36 — LC/AO depeşlərində, CP-83, CP-84, CP-85 — bağlama CP depeşlərində) göstərilənlərlə üzləşdirilir. Aşkar olunmuş uyğunsuzluqlar — çəki fərqləri, zədələnmələr, yanlış göndərişlər, göndərişlərə giriş imkanı və s. barədə gömrük orqanı əməkdaşlarının iştirakı ilə beynəlxalq nəqliyyat vasitəsinin nümayəndəsi və poçt işçiləri tərəfindən müvafiq qaydada sənədləşdirilir.

3.3. Daxil olan boş kisələrin depeş (SV) qaimələri (CN-47) və içərisində yalnız dövrü mətbuat olan xüsusi M kisələrinin qaimələri (əgər bu qaimələr M kisələri üçün ayrıca tərtib edilmişdirsə) istisna olmaqla, qalan təhvil qaimələrinə gömrük orqanı tərəfindən «Gömrük yükü» və eləcə də müvafiq yerə çatdırılmasına dair ştamp vurulur.

3.4. Növbə ərzində hər bir reysdən təhvil alınmış depeşlər kisələrin sayı və ümumi çəkisi göstərilməklə, ardıcıl olaraq gömrük orqanı tərəfindən qeydə alınır.

3.5. Müstəsna hallarda poçtun təhlükəsizliyinin təmin edilməsi və digər məqsədlərlə araşdırmaların aparılması zəruri olduqda, qanunvericiliklə müəyyən olunmuş qaydada kisələr açıla, BPG-nə baxış keçirilə və bu barədə müvafiq qeydlər aparıla bilər.

3.6. Müəyyən olunmuş vaxt ərzində BPMM-də beynəlxalq poçt daşımalarını həyata keçirən nəqliyyat vasitələrindən qəbul olunmuş depeşlər daxili nəqliyyat vasitəsinin hərəkət qrafikinə uyğun olaraq, BPMY-ə yola salınır. Poçt daxili nəqliyyat vasitəsinin müşayiətçisinə gömrük əməkdaşının nəzarəti altında poçt işçiləri tərəfindən tərtib olunmuş f.16 ümumi daxili təhvil qaiməsi əsasında təhvil verilir. Gömrük əməkdaşı tərəfindən f.16 qaiməsindəki qeydlər beynəlxalq təhvil qaimələri ilə və özünün tərtib etdiyi daşınma cədvəli ilə üzləşdirilir. f.16 qaiməsinə «Gömrük yükü» ştampı vurulur, daşınma cədvəlində isə poçt işçisi imza edir. f.16. qaiməsinin və daşınma cədvəlinin hər birindən bir nüsxə gömrük əməkdaşında saxlanılmaqla, bütün sənədlər poçtla birlikdə müşayiətçiyə verilir.

3.7. BPMY-dən gətirilmiş çıxan depeşlər BPMM-də daxili nəqliyyat vasitəsinin müşayiətçisindən f. 16 ümumi, daxili təhvil qaiməsi əsasında qəbul edilir. Beynəlxalq poçtun istiqamət planı əsasında hazırlanmış çıxan depeşlərin beynəlxalq poçt daşımalarında istifadə edilən nəqliyyat vasitəsinin nümayəndəsinə təhvil verilməsi, müvafiq gömrük orqanı əməkdaşlarının nəzarəti altında yerinə yetirilir. Bu zaman daxil olan depeşlərin yoxlanılması zamanı mövcud olan qaydalar analoji olaraq tətbiq edilir. Xüsusi halda beynəlxalq təhvil qaimələrində gömrük orqanı əməkdaşlarının «Buraxılışa icazə verilir» ştampının və gömrük əməkdaşının şəxsi möhürünün olması yoxlanılır. Boş kisə depeşlərinin təhvil qaimələrində və içərisində yalnız dövrü mətbuat olan xüsusi M kisələrinin qaimələrində (bu qaimələr M kisələri üçün ayrıca tərtib edildiyi halda) «Buraxılışa icazə verilir» ştampının olması tələb olunmur.

3.8. Daxil olan və ya çıxan depeşlər BPMM-də qəbul edildiyi andan müvafiq nəqliyyat vasitəsinə təhvil verildiyi anadək poçt işçilərinin tam məsuliyyəti altında saxlanılır.

4. Depeşlərin BPMM ilə BPMY arasında daşınması və çatdırılmasına nəzarət

4.1. BPMM ilə BPMY arasında BPG-nin daşınması daxili nəqliyyat vasitələri ilə yerinə yetirilir. Daxil olan və çıxan depeşlərin daxili nəqliyyat vasitəsindən qəbulu və ona verilməsi gömrük nəzarəti altında yerinə yetirilir.

4.2. BPMM-dən BPMY-nə faktiki gətirilmiş depeşlər BPMY-də gömrük orqanı tərəfindən beynəlxalq poçtun təhvil qaimələri (CN-37, CN-38, CN-41), ümumi daxili qaimə (f.16), həmçinin BPMM-də gömrük əməkdaşının tərtib etdiyi daşınma cədvəli ilə üzləşdirilir. Yoxlamadan sonra gömrük orqanı əməkdaşı tərəfindən müvafiq BPMM-nin gömrük orqanına BPG-nin BPMY-nə müəyyən olunmuş vasitələrlə qəbul olunmasını təsdiqləyir (malların təyinat gömrük orqanına çatdırılmasının təsdiqlənməsini tənzimləyən normativ sənədlərə uyğun şəkildə) və bu göstərilən depeşlərin müvafiq gömrük orqanı tərəfindən nəzarətdən çıxarılması üçün əsas sayılır.

4.3. Depeşlər daxili nəqliyyat vasitəsindən boşaldılarkən (yüklənərkən) gömrük orqanı əməkdaşları tərəfindən həmin kisələrin, plombların, sarğıların bütövlüyü və qüsursuzluğu yoxlanılır. Kisələrin sayı poçt qaimələrindəki yazılarla üzləşdirildikdən sonra gömrük orqanı əməkdaşlarının iştirakı ilə poçt işçiləri tərəfindən ümumi hesabla qəbul edilir.

4.4. BPG gömrük orqanları tərəfindən poçt göndərişləri üçün müəyyən olunmuş müddət ərzində BPMY-nə çatdırılmadığı təqdirdə, müvafiq sərhəd gömrük orqanlarına bu barədə telefonoqram verilir. Eyni zamanda müvafiq tədbirlər görülməsi üçün gömrük orqanının Qaçaqmalçılıq və Gömrük Qaydalarının Pozulması ilə Mübarizə Baş İdarəsinin yerli strukturlarına rəsmi məlumat və sərəncamda olan müşayiət sənədləri və ya onların surətləri verilir.

4.5. Ölkələr arasında yerüstü nəqliyyatla BPG-nin birbaşa (BPMM-nə daxil olmadan) daşınmasını həyata keçirən beynəlxalq nəqliyyat vasitələri gömrük sərhədində gömrük qanunvericiliyinə uyğun olaraq vizual baxış keçirilməklə, plombların, möhürlərin bütövlüyü, salamatlığı və müşayiət sənədləri yoxlanılaraq, qeydə alınmaqla BPMY-nə buraxılırlar.

5. BPMY-də BPG-nin gömrük baxışına təqdim edilməsi, gömrük yoxlanılması, gömrük rəsmiləşdirilməsi və BPG-nin buraxılması

5.1. BPG-nin gömrük yoxlanılması BPMY-də həyata keçirilir. Gömrük Məcəlləsinin 191-ci maddəsinə əsasən BPG onların sahiblərinin iştirakı olmadan yoxlanılır. Gömrük baxışının keçirilməsi üçün iş həcmi nəzərə alınmaqla, xüsusi avadanlıqlarla təchiz olunmuş yer ayrılır.

5.2. BPG müşayiət sənədləri siyahı ilə birlikdə gömrük nəzarətinə təqdim edilir. BPG daxil olduğu vaxtdan sonra bir saat ərzində, bu göndərişlər gömrük orqanlarının iş vaxtından kənar vaxtda daxil olduqda isə həmin orqanın iş vaxtı başlandıqdan sonra bir saat ərzində gömrük nəzarətinə təqdim edilir. Gömrük orqanlarının iş vaxtından kənar vaxtda daxil olmuş BPG poçt işçilərinin tam məsuliyyəti altında saxlanılır.

5.3. BPG gömrük nəzarətinə beynəlxalq sahənin işçiləri tərəfindən təqdim edilir və gömrük nəzarəti gömrük orqanı əməkdaşları tərəfindən aparılır. Gömrük baxışı və gömrük nəzarətinin məqsədi aşağıdakılardır:

5.3.1. Azərbaycan Respublikasının gömrük sərhədindən BPG-nin keçirilməsinin (hər iki istiqamətdə) qanuniliyinin müəyyən edilməsi;

5.3.2. Azərbaycan Respublikasının ərazisinə gətirilməsi və bu ərazidən aparılması qanunvericiliklə qadağan olunmuş malların aşkar edilməsi və bunun qarşısının alınması;

5.3.3. Gömrük nəzarətindən gizlədilmiş mallar və əşyaların aşkar edilməsi;

5.3.4. Mal və əşyaların sənədlərdə göstərilmiş təsviri, xarakteristikası və dəyərinin faktiki olunanlarla uyğunluğunun müəyyən edilməsi;

5.3.5. Beynəlxalq poçt göndərişləri ilə göndərilən mallar üçün gömrük ödənişlərinin qanunvericiliklə müəyyən olunmuş qaydada alınmasının təmin edilməsi;

5.4. Gömrük baxışı zamanı aşağıdakı tədbirlər yerinə yetirilir:

5.4.1. BPMY-nə gətirilən və beynəlxalq sahəyə təhvil verilən depeşlər kisələr üzrə tərəzidə çəkilərək, adbaad beynəlxalq təhvil qaimələri (CN-37, CN-38, CN-41) ilə üzləşdirilir. Təhvil qaimələrində müvafiq gömrük orqanının «Gömrük yükü» ştampı yoxlanılır. Bağlama kisələri gömrük əməkdaşının iştirakı ilə açılır və bağlamalar gömrük baxışına təqdim edilmək üçün hazırlanır. Məktub korrespondensiyası kisələri gömrük əməkdaşının iştirakı ilə poçt işçiləri tərəfindən açılır, içərisindəki kiçik paketlər və qiymətli məktublar seçilərək sənədləşdirilir və gömrük baxışına təqdim edilmək üçün hazırlanır. Sadə, sifarişli məktub və banderolların, M kisələrinin içərisində şübhə doğuran və ya gömrük nəzarətindən keçməli əşyalar olduqda, onlar da poçt işçiləri tərəfindən gömrük baxışına təqdim edilir.

5.4.2. BPG-nin gömrük baxışına verilməsi və gömrük baxışının təşkili ən azı üç nəfər işçinin (iki nəfər poçt işçisi və bir nəfər gömrük əməkdaşı) iştirakı ilə həyata keçirilir. Gömrük baxışı üçün hazırlanmış bağlamalar, hər bir bağlamanın xarici görünüşü yoxlanılmaqla və faktiki çəkisi dəqiqləşdirilməklə müşayiət ünvanı (CP-71), gömrük bəyannaməsi (CN-23) və depeşin bağlama kartındakı (CP-86, CP-87) məlumatlarla üzləşdirilir. Kiçik paketlər CN-22 və ya CN-23 gömrük bəyannaməsi, siyahı əsasında, digər BPG isə yalnız reyestrlər əsasında gömrük baxışına təqdim edilir. BPG-nə müvafiq texniki nəzarət vasitələri ilə gömrük baxışı keçirilir.

5.4.3. Gömrük orqanı əməkdaşı gömrük baxışından keçirilməli hər bir BPG-nin açılaraq, içərisindəki əşya və malların bir-bir gömrük baxışına təqdim olunmasını tələb etmək səlahiyyətinə malikdir. Bununla belə poçt göndərişinin xarici görünüşünün heç bir şübhə doğurmadığı (göndərişin mövcud qaydalara tam olaraq qablaşdırıldığı), müvafiq texniki nəzarət qurğusundan istifadə edilərkən, baxış zamanı içərisində heç bir şübhəli əşyanın aşkar olunmadığı, gömrük bəyannaməsinin Ümumdünya Poçt İttifaqı Konvensiyasının tələblərinə tam uyğun şəkildə doldurulduğu (içərisindəki mal və əşyaların adbaad sadalanaraq, hər birinin çəkisi, real gömrük dəyəri və ümumi gömrük dəyərinin göstərildiyi) və göndərilən mallar kommersiya və istehsalat xarakterli olmadığı hallarda həmin göndərişlərin açılmadan gömrük rəsmiləşdirilməsinin keçirilməsi və göndərişin buraxılması barədə gömrük əməkdaşı tərəfindən qərar verilə bilər.

5.4.4. BPG-nin açılaraq gömrük baxışından keçirilməsi zamanı içərisindəki mal və əşyalar adbaad yoxlanılaraq gömrük bəyannaməsində yazılanlarla üzləşdirilir. Göndərişin tərkibi gömrük bəyannaməsinə tam uyğun olduqda, əlavə sənəd tərtib edilmədən bəyannamənin bir nüsxəsi gömrük orqanında qalır. BPG-nin içərisindəkilər gömrük bəyannaməsində göstərilənlərə uyğun deyilsə və ya bəyannamə yarımçıq, ümumi bir sözlə (paltar, orqtexnika, ayaqqabı və s.) yazılmışdırsa, bu halda həmin BPG-nin içərisindəki əşyalara əlavə iki nüsxədə standart formalı siyahı tərtib edilir və bu siyahı təsdiq edilərək bir nüsxəsi gömrük orqanlarında, digər nüsxəsi isə poçt əməkdaşlarında saxlanılır.

5.4.5. Çıxan BPG (bağlama və kiçik paketlər) eyni qaydada gömrük bəyannamələri əsasında gömrük baxışına təqdim edilir. Gömrük baxışı keçirildikdən və göndərilən mal və əşyaların gömrük qanunvericiliyinə zidd olmadığı dəqiqləşdirildikdən sonra göndərilmək üçün tərtib olunmuş təhvil qaimələrinə (CN-37, CN-38, CN-41) gömrük əməkdaşları tərəfindən «Buraxılsın» ştampı vurulur və bir nüsxəsi gömrük orqanında saxlanılır.

5.5. BPG vasitəsilə göndərilən (alınan) malların miqdarı və dəyəri beynəlxalq poçt göndərişləri üçün qanunvericiliklə müəyyən edilmiş miqdar və dəyərlərdən artıq olduqda, həmin mallara xarici iqtisadi fəaliyyətin tarif və qeyri-tarif tənzimlənməsi tətbiq olunur.

5.6. BPG ilə göndərilən mallar istehsal və kommersiya xarakterli olduqda, onların rəsmiləşdirilməsi gömrük qanunvericiliyinin tələblərinə uyğun olaraq yük gömrük bəyannaməsinin doldurulması, tətbiq olunan tariflər əsasında müvafiq gömrük ödənişləri ödənilməklə yerinə yetirilir.

5.7. İstehsal və kommersiya xarakterli mallar BPG ilə daxii olduqda, poçt bölməsi əməkdaşları tərəfindən poçt alana malların gömrük rəsmiləşdirilməsindən keçməsi barədə bildiriş göndərilir.

5.8. Eyni vaxtda eyni bir göndəricidən eyni bir alıcının ünvanına bir neçə BPG daxil olduğu və ya göndərildiyi hallarda bu göndərişlərin içərisindəki mallar toplanılır.

5.9. İçərisində karantin, baytarlıq və s. orqanlar tərəfindən nəzarət olunmalı mallar olan BPG mövcud qanunvericiliyə uyğun olaraq buraxılır.

5.10. Yoxlama aparılarkən, gömrük orqanının əməkdaşları tərəfindən gömrük nəzarəti zamanı insan, heyvan, bitkilərin həyat və sağlamlığı üçün təhlükəsiz olan və mallara zərər vurmayan texniki vasitələr tətbiq edilir.

5.11. Tranzit rejimi altında respublika ərazisindən keçən beynəlxalq poçt göndərişləri qanunvericiliklə müəyyən olunmuş qaydada gömrük rüsum və vergiləri tətbiq edilmədən buraxılır. Tranzit poçt göndərişləri, həmçinin onların qablaşdırıldığı kisələr, konteynerlər və nəqliyyat vasitələri gömrük qanunvericiliyinə və Ümumdünya Poçt İttifaqı Konvensiyasına uyğun olaraq yoxlanılmadan yalnız vizual baxış keçirilərək buraxılır.

5.12. Vizual baxış zamanı tranzit poçt göndərişlərinin içərisində Azərbaycan Respublikası ərazisindən keçməsi qanunla və beynəlxalq müqavilələrlə qadağan olunan malların göndərilməsi şübhə doğurarsa, bu zaman gömrük baxışının keçirilməsi barədə gömrük qanunvericiliyi ilə müəyyən olunmuş qaydada gömrük orqanı tərəfindən müvafiq sənədləşmə işi aparılır.

6. BPG-nin geri qaytarılması

Aşağıda göstərilən BPG buraxılmır:

6.1. Qüvvədə olan qanunvericiliyə, Ümumdünya Poçt İttifaqı Konvensiyası və digər normativ hüquqi aktlara uyğun olaraq Azərbaycan Respublikası ərazisinə gətirilməsi və aparılması qadağan olmuş əşyalar.

6.2. Gömrük orqanının qərarına əsasən BPG-nin xaricə geri qaytarılması zamanı poçt bölməsinin əməkdaşı tərəfindən bütün müşayiətedici sənədlərə, bəyannaməyə və siyahıya müvafiq ştamp vurulur.

6.3. BPG və Ümumdünya Poçt İttifaqı Konvensiyasına, mövcud poçt qaydalarına əsasən xaricə geri qaytarıldıqda və onun müşayiətedici sənədlərində ünvan sahibinə buraxılması haqqında əvvəllər gömrük orqanının ştampı vurulmuşdursa, üzərində xətt çəkilməsi yolu ilə bu ştamp ləğv edilir, qaytarılma səbəbi isə müvafiq poçt rabitəsi müəssisəsi tərəfindən göstərilir.

7. Beynəlxalq Poçt Göndərişlərinin yoxlanılması zamanı aşkar edilmiş pozuntuların rəsmiləşdirilməsi

7.1. BPMY-nə müşayiət sənədləri olmadan, ipləri qırılmış, möhürü və üzlüyü zədələnmiş, açılmış və digər qüsurlarla daxil olan BPG-nin, həmin qüsurları aşkar etmiş şəxslər tərəfindən tərtib olunmuş və imzaları ilə təsdiq olunmuş müvafiq aktı əsasında gömrük nəzarətinə təqdim edilir.

7.2. Azərbaycan Respublikası hüdudları kənarından daxil olan BPG-nin gömrük yoxlaması prosesində aşkara çıxan çəki, miqdar və s. uyğunsuzluqlar barəsində BPMY-nin beynəlxalq sahəsinin və müvafiq gömrük orqanının poçt bölməsi əməkdaşlarının imzaları ilə akt tərtib edilir.

7.3. Azərbaycan Respublikasında qəbul olunmuş və gömrük nəzarətinə təqdim olunmuş BPG-nin bəyannaməsi doğru doldurulmadıqda, həmin göndərişlər bəyannamələrin göndəriciləri tərəfindən dəqiqləşdirilməsi və tam doldurulması üçün geri qaytarıla bilər.

7.4. Azərbaycan Respublikasına daxil olan gömrük nəzarətinə təqdim olunmalı BPG-nin bəyannaməsi doğru doldurulmadıqda, gömrük və poçt orqanları birlikdə BPG-ni göndərən ölkənin poçt müdiriyyətini bu barədə xəbərdar edir. Hər hansı xarici poçt müdiriyyəti tərəfindən belə vəziyyət davamlı hala çevrildikdə və xəbərdarlıq nəzərə alınmadıqda, gömrük orqanları yuxarıda göstərilən qüsurların müəyyən olunmuş qaydada aradan qaldırılması üçün həmin poçt işçiləri qarşısında mövcud qanunvericiliyə uyğun olaraq, tədbir görülməsi barədə məsələ qaldırır.

8. Yekun müddəalar

8.1. BPG-nin göndərilməsi zamanı aşkar edilmiş gömrük hüquq pozuntuları Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada sənədləşdirilir.

8.2. İş gününün sonunda BPG-nin alınması və göndərilməsinə aid sənədlər poçtun daxil olması və verilməsinin ardıcılığı gözlənilməklə bir-birinə tikilir.

8.3. BPG-nin göndərilməsi zamanı itməsi, zədələnməsi, yaxud yubadılmasına görə (gömrük orqanları tərəfindən qəbul olunmuş qərar istisna olmaqla) maddi məsuliyyəti Azərbaycan Respublikası qanunvericiliyinin və Ümumdünya Poçt İttifaqı Konvensiyasının müəyyən etdiyi qaydada müvafiq poçt müəssisəsi daşıyır.

8.4. BPG-nin daşınması zamanı daşıyıcının təqsiri üzündən BPG-nin itməsi, zədələnməsi və ya yubadılması hallarına görə maddi məsuliyyət Azərbaycan Respublikasının Qanunvericiliyinə və Ümumdünya Poçt İttifaqı Konvensiyasına uyğun olaraq daşıyıcının üzərinə düşür.

8.5. Gömrük nəzarəti və gömrük rəsmiləşdirilməsi zamanı qanunvericiliyin tələblərinin yerinə yetirilməsinə görə gömrük əməkdaşları məsuliyyət daşıyırlar.

«Azərbaycan Respublikası Mərkəzi İcra Hakimiyyəti Orqanlarının Normativ Aktlarının Bülleteni»ndə dərc edilmişdir (2004-cü il, ¹ 9-10, s. 32)


© AzerSoft

Rəsmi məlumatlar Arxiv    
06.10.2007
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 2-də Prezident sarayında Qara Dəniz və Xəzər Dənizi Sahibkarlar Konfederasiyaları Birliyinin və Türk Sənayeçiləri və İş Adamları Birliyinin prezidenti Arzuxan Doğanı, Mərmərə qrupu vəqfinin sədri Akkan Suveri və ATA Holdinqin baş direktoru Əhməd Erentoku qəbul etmişdir. Azərbaycan Prezidenti ölkəmizdə “Qara dəniz və Xəzər dənizi regionunda regional birbaşa xarici investisiyalar” mövzusunda beynəlxalq konfransın keçirilməsinin böyük əhəmiyyətə malik olduğunu qeyd etdi və konfrans iştirakçılarına təbrik məktubu ünvanladığını bildirdi.

Daha ətraflı
06.10.2007
Azərbaycan və Xorvatiya arasında ikitərəfli münasibətlərin böyük perspektivləri var. Xorvatiya Prezidenti Stepan Mesiçin Azərbaycana rəsmi səfəri
Oktyabrın 2-3 tarixlərində Xorvatiya Respublikasının Prezidenti Stepan Mesiç Azərbaycanda rəsmi səfərdə olmuşdur.
Xorvatiya Respublikasının Prezidenti Stepan Mesiç oktyabrın 2-də Fəxri xiyabana gəlmişdir.
Xorvatiya dövlətinin başçısı türk dünyasının görkəmli oğlu, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla anaraq, məzarı önünə əklil qoydu.
Xorvatiya Prezidenti görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üstünə də tər gül dəstəsi qoydu.

Daha ətraflı
06.10.2007
MDB dövlət başçılarının növbəti zirvə toplantısı keçirilir
Oktyabrın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev MDB üzvü olan ölkələrin dövlət başçılarının növbəti zirvə toplantısında iştirak etmək üçün Tacikistanın paytaxtı Düşənbəyə yola düşmüşdür.
Düşənbə hava limanında Prezident İlham Əliyevi Tacikistanın nəqliyyat və kommunikasiyalar naziri Əbdürəhim Aşur və MDB-nin İcraiyyə Komitəsinin sədri - icraçı katib Vladimir Ruşaylo və digər rəsmi şəxslər qarşılamışlar.

Daha ətraflı
    © 2006 — 2007, Financial and Legal Consulting of The CIS Supported by «Marco Computer Technologies» Dizayn MEQA şirkəti tərəfindən hazırlanıb