Azərbaycan Respublikasının Dövlət
Gömrük Komitəsi və Ukraynanın Dövlət Gömrük Xidməti arasında qaçaqmalçılıq
və gömrük qaydalarının pozulması, həmçinin silahların, döyüş sursatlarının,
partlayıcı maddələrin, narkotik vasitələrin, psixotrop maddələrin
və prekursorların qanunsuz dövriyyəsi ilə mübarizə sahəsində əməkdaşlıq
haqqında
Saziş
Bundan sonra «Tərəflər» adlandırılan
Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi və Ukraynanın
Dövlət Gömrük Xidməti,
qaçaqmalçılıq və silahlar, döyüş
sursatları, partlayıcı maddələr, narkotik vasitələr, psixotrop
maddələr və prekursorların qanunsuz dövriyyəsinin qarşısının alınması,
təhqiqatının aparılması və aradan qaldırılması üzrə fəaliyyətin
aktivləşdirilməsi məqsədilə,
Azərbaycan Respublikası Hökuməti
və Ukrayna Hökuməti arasında gömrük işi sahəsində əməkdaşlıq haqqında
24 mart 1997-ci il tarixli Sazişin müddəalarını həyata keçirmək
məqsədilə,
bu sahədə əməkdaşlığın inkişaf
etdirilməsinə səy göstərərək,
aşağıdakılar barədə razılığa gəldilər:
Maddə 1
Tərəflər yük və sərnişin göndərişlərində
və poçt mübadiləsində gömrük nəzarətinin sürətləndirilməsinə,
həmçinin Tərəflərin dövlətlərinin iqtisadi və digər maraqlarına
mümkün ziyan vurulmasına yol verməmək məqsədilə, nəqliyyat vasitələrinin,
yüklərin, baqajın, poçt göndərişlərinin, valyutanın, digər ödəniş
vasitələrinin və valyuta sərvətlərinin qanunsuz gətirilməsi, aparılması
və tranzitinin qarşısının alınmasına yönələn bütün zəruri tədbirləri
görəcəklər.
Maddə 2
Tərəflər bu Saziş əsasında, öz
səlahiyyətləri çərçivəsində bir-biri ilə əməkdaşlıq edəcək və
öz dövlətlərinin qanunvericiliyinə əməl etməklə, aşağıdakılarla
mübadilə edəcəklər:
a) qüvvədə olan gömrük qanunvericiliyi
haqqında məlumat;
b) qaçaqmalçılıq və gömrük qaydalarının
pozulması ilə mübarizə metodları, eləcə də qaçaqmalçılıq və
silahların, döyüş sursatlarının, partlayıcı maddələrin, narkotik
vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz
dövriyyəsinin qarşısının alınması, təhqiqatının aparılması və
aradan qaldırılması üzrə hərəkətlərin fəallaşdırılması haqqında
məlumat;
c) texniki nəzarət vasitələrindən
istifadə və kinoloji xidmətlərin təcrübəsi;
ç) qaçaqmalçılıq, silahların,
döyüş sursatlarının, partlayıcı maddələrin, narkotik vasitələrin,
psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsi ilə
mübarizə metodlarının tədrisi məqsədilə mütəxəssislər;
d) qaçaqmalçılıq, silahların,
döyüş sursatlarının, partlayıcı maddələrin, narkotik vasitələrin,
psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsi ilə
mübarizə məsələləri üzrə elmi nəşrlər və tədris vasitələri;
e) narkotik vasitələrin, psixotrop
maddələrin və prekursorların yeni növləri və istehsal yerləri
haqqında məlumat;
ə) narkotik vasitələrin, psixotrop
maddələrin və prekursorların eyniləşdirilməsi və laboratoriya
analizi sahəsində məlumat;
f) müxtəlif ölkə və regionlarda
silahların və narkotik vasitələrin, psixotrop maddələrin və
prekursorların qiymətlərinin dəyişməsi barədə məlumat;
g) narkotik vasitələrin, psixotrop
maddələrin və prekursorların sintezi üçün istifadə olunan başlanğıc
kimyəvi preparatlar haqqında məlumat;
ğ) silahların, döyüş sursatlarının,
partlayıcı maddələrin, narkotik vasitələrin, psixotrop maddələrin
və prekursorların qanunsuz keçirilməsi marşrutları və gizlədilmə
üsulları haqqında məlumat.
Maddə 3
Tərəflərdən hər biri öz təşəbbüsü
ilə və ya digər Tərəfin sorğusu əsasında aşağıdakılar barədə operativ
məlumatları təqdim edəcəkdir:
a) silahların, döyüş sursatlarının,
partlayıcı maddələrin, narkotik vasitələrin, psixotrop maddələrin
və prekursorların qaçaqmalçılığı və/və ya qanunsuz dövriyyəsi
ilə məşğul olan və ya bu işdə şübhəli bilinən şəxslər haqqında;
b) qaçaqmalçılığın keçirilməsi
üçün istifadə olunan nəqliyyat vasitələri, yüklər və poçt göndərişləri
haqqında;
c) bir Tərəfin dövlətinin ərazisindən
digər Tərəfin dövlətinin ərazisinə qaçaqmalçılıq əşyalarının
və silahların, döyüş sursatlarının, partlayıcı maddələrin, narkotik
vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz
keçirilməsinin aşkar edilməsi faktları haqqında.
Maddə 4
Tərəflərin həm şifahi, həm də
yazılı şəkildə təqdim etdiyi məlumatlar məxfi hesab ediləcək və
yalnız bu Sazişin yerinə yetirilməsi məqsədləri üçün istifadə
ediləcəkdir.
Tərəflər bu Sazişin müddəalarına
uyğun olaraq alınmış məlumatı, bu məlumatı təqdim etmiş Tərəfin
yazılı razılığı olmadan üçüncü tərəfə verməməyi öhdələrinə götürürlər.
Maddə 5
Əməkdaşlıq məsələləri üzrə sorğularda
aşağıdakılar göstərilir: sorğu göndərən orqanın adı, barəsində
sorğunun göndərildiyi məsələnin mahiyyətinin qısa şərhi, sorğunun
predmeti və onun icrası üçün zəruri məlumatlar. Tərəflər sorğuları
bir-birinə yazılı şəkildə göndərirlər. Sorğular, sorğu göndərən
Tərəfin orqanlarının rəhbərləri tərəfindən imzalanır.
Təcili sorğular şifahi şəkildə
verilə bilər. Lakin belə sorğular gecikdirilmədən yazılı şəkildə
təsdiq olunmalıdır. Sorğular alındığı gündən etibarən bir ay müddətindən
gec olmayaraq icra olunur. Sorğuların başqa idarə və müəssisələrə
göndərildiyi hallar barədə, həmçinin onların yerinə yetirilməsinə
maneə yaradan şərtlər barədə sorğu göndərən Tərəf dərhal xəbərdar
edilir.
Sorğunun icrası sorğu alan Tərəfin
milli qanunvericiliyinə müvafiq olaraq həyata keçirilir.
Maddə 6
Əgər Tərəflərdən birinin digər
Tərəfə göndərdiyi sorğu digər Tərəfin dövlətinin suverenliyinə
və milli təhlükəsizliyinə ziyan vura bilərsə, əsas və dəlillər
göstərilməklə sorğunun icrasından imtina edilə bilər.
Maddə 7
Tərəflərin dövlətlərinin qanunvericiliyinə
əsasən və qarşılıqlı razılaşmaya görə gömrük xidmətləri, zəruri
hallarda, narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların
qanunsuz dövriyyəsinə aidiyyəti olan şəxslərin aşkar edilməsi
məqsədilə nəzarətli göndəriş metodundan istifadə edirlər.
Nəzarətli göndəriş metodundan
istifadəyə dair qərarlar hər bir konkret halda ayrıca olaraq qəbul
edilir və lazım gəldikdə Tərəflərin maliyyə razılaşmaları nəzərə
alına bilər.
Maddə 8
Əgər Tərəflərdən biri digər Tərəfin
vəzifəli şəxsinin qaçaqmalçılıq və ya gömrük qaydalarının pozulması
faktı üzrə şahid və ya ekspert qismində iştirakında maraqlıdırsa,
onda o, digər Tərəfə müvafiq sorğu ilə müraciət etmək hüququna
malikdir.
Bu cür sorğunun təmin edilməsi
bu Sazişin 4 və 6-cı maddələri ilə tənzimlənir.
Tərəflərdən birinin vəzifəli şəxsləri
digər Tərəfin dövlətinin ərazisində olduqları dövrdə öz rəsmi
səlahiyyətlərinin sənədli təsdiqinə malik olmalıdırlar.
Maddə 9
Bu Sazişin yerinə yetirilməsi,
təfsiri və dəyişdirilməsi ilə bağlı bütün mübahisəli məsələlər
Tərəflər arasında məsləhətləşmələr və danışıqlar yolu ilə həll
ediləcəkdir.
Maddə 10
Bu Sazişə iki Tərəfin qarşılıqlı
razılığı ilə bu Sazişin ayrılmaz hissəsi olan və bu Sazişin 15-ci
maddəsinə müvafiq olaraq, qüvvəyə minən protokollar şəklində rəsmiləşdiriləcək
dəyişikliklər və əlavələr edilə bilər.
Maddə 11
Tərəflər arasında yazışmalar rus
dilində aparılacaqdır.
Maddə 12
Tərəflər, onların nümayəndələri
olmayan, şahidlik üçün çağırılan mütəxəssislərin və tərcüməçilərin
qonorarlarının ödənişləri istisna olmaqla, bu Sazişin yerinə yetirilməsi
ilə bağlı xərclərin əvəzinin ödənilməsinə dair hər hansı iddialardan
imtina edirlər.
Maddə 13
Bu Sazişin müddəaları Tərəflərin
dövlətlərinin iştirakçıları olduqları digər beynəlxalq müqavilələr
üzrə hüquq və öhdəliklərinə toxunmur.
Maddə 14
Bu Sazişin qüvvəyə minməsi ilə
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi və Ukrayna Dövlət
Gömrük Xidməti arasında qaçaqmalçılıqla və gömrük qaydalarının
pozulması ilə mübarizədə əməkdaşlıq haqqında 20 may 1993-cü il
tarixli Saziş və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi
və Ukrayna Dövlət Gömrük Xidməti arasında narkotiklərin və psixotrop
maddələrin qanunsuz dövriyyəsi ilə mübarizədə əməkdaşlıq haqqında
20 may 1993-cü il tarixli Saziş qüvvədən düşür.
Maddə 15
Bu Saziş onun qüvvəyə minməsi
üçün zəruri olan dövlətdaxili prosedurları Tərəflərin yerinə yetirdikləri
barədə diplomatik kanallar vasitəsilə son yazılı bildirişin alındığı
tarixdən qüvvəyə minir və qeyri-müəyyən müddətə bağlanılır. Tərəflərdən
hər biri digər Tərəfi diplomatik kanallarla bu haqda yazılı şəkildə
xəbərdar etməklə, Sazişi ləğv edə bilər. Bu cür xəbərdarlığın
alındığı tarixdən altı ay sonra Saziş qüvvəsini itirir.
Kiyev şəhərində 2004-cü il 3 iyun
tarixində hər biri Azərbaycan, Ukrayna və rus dillərində iki əsl
nüsxədə imzalanmışdır, bütün mətnlər autentikdir.
Bu Sazişin müddəalarının təfsirində
fikir ayrılığı yarandıqda, rus dilində olan mətn üstün qüvvəyə
malik olacaqdır.
Azərbaycan Respublikasının
Dövlət Gömrük Komitəsi adından
|
Ukraynanın Dövlət
Gömük Xidməti adından
|
(imza)
|
(imza)
|
«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda
dərc olunmuşdur (31 avqust 2004-cü il, ¹ 8, maddə 647)
Azərbaycan Respublikasının 31 avqust 2004-cü
il tarixli, 360 nömrəli Sərəncamı ilə təsdiq edilmişdir. («AzerSoft»).
© AzerSoft