Financial and Legal Consulting of The CIS Regional Cluster
             Az | Ru | En |
          
 
 
   

Azərbaycan Respublikası
Ədliyyə Nazirliyidnə
qeydə alınmışdır
Qeydiyyat ¹ ________________
«___» _________ 199__-ci il
Nazir əvəzi
S. Həsənova

«Təsdiq edilmişdir»
Azərbaycan Respublikası
Dövlət Gömrük Komitəsi
Əmr ¹ 1099
«25» dekabr 1997-ci il
Komitənin sədri
K. Heydərov

Azərbaycan Respublikası ərazisinə idxal olunan aksizli mallara və aksiz tətbiq edilən minik avtomobillərinə aksiz vergisinin hesablanması və ödənilməsi qaydaları haqqında Təlimat

I. Ümumi müddəalar

1.1. Bu Təlimat «Aksizlər haqqında» Azərbaycan Respublikası Qanununa, ona edilmiş əlavə və dəyişikliklərə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 iyul 1996-cı il tarixli 80 saylı, 13 dekabr 1996-cı il tarixli 175 saylı, 7 aprel 1998-ci il tarixli 71 saylı, 9 iyun 1998-ci il tarixli 128 saylı, 10 iyul 1998-ci il tarixli 152 saylı və 5 avqust 1998-ci il tarixli 167 saylı, 02 sentyabr 1997-ci il tarixli 101 saylı qərarlarına və qüvvədə olan gömrük qanunvericiliyi aktlarına əsasən hazırlanmışdır.

1.2. Bu Təlimatın 1 saylı əlavəsində göstərilən MDB ölkələrinin istehsalı olmayan mallar və minik avtomobilləri müəyyən edilmiş dərəcələrlə aksiz vergisinə cəlb olunur.

1.3. MDB ölkələrinin istehsalı olan (mənşə sertifikatı) aksizli mallar və minik avtomobilləri MDB ölkələri hüdudları kənarından gətirildikdə aksiz vergisinə cəlb olunur.

1.4. Bu Təlimatın 2 saylı əlavəsində göstərilən mallar mənşə ölkəsi və gətirildiyi yerdən asılı olmayaraq müəyyən edilmiş dərəcələrlə aksiz vergisinə cəlb edilir.

1.5. Azərbaycan Respublikası ərazisinə idxal olunan aksiz vergisinə cəlb edilən mallara və aksiz tətbiq edilən minik avtomobillərinə aksiz vergisi yük gömrük bəyannaməsi gömrük əməliyyatı üçün qəbul edildiyi tarixdə xarici valyutaların Azərbaycan Respublikası Milli Bankının təyin etdiyi məzənnələri əsasında manatla ödənilir.

II. Verginin tədiyyəçiləri

2.1. Mülkiyyət formasından və tabeçiliyindən asılı olmayaraq aksizli malları və aksiz tətbiq edilən minik avtomobillərini respublika ərazisinə idxal edən bütün hüquqi və fiziki şəxslər aksiz vergisinin ödəyiciləri hesab olunur.

2.2. Aksiz vergisi yük gömrük bəyannaməsi gömrük əməliyyatı üçün qəbul edilənədək və ya qəbul edildiyi vaxt bilavasitə bəyannamə verən, yaxud gömrük qanunvericiliyi ilə müəyyən edilmiş digər şəxslər tərəfindən ödənilir.

2.3. Aksiz vergisinin ödənişinə möhlət verildiyi malların və aksiz tətbiq edilən minik avtomobillərinin dəyərində düzəliş edildiyi hallar da daxil olmaqla aksiz vergisinin yenidən hesablandığı, mübahisəsiz olaraq alındığı, habelə cərimə və peniyaların tutulduğu hallarda bu məbləğlər maliyyə tənzimi üçün cavabdeh olan məsul şəxsdən alınır.

III. Aksiz vergisinin hesablanması qaydası

3.1. Azərbaycan Respublikası ərazisinə idxal olunan MDB ölkələrinin hüdudlarından kənarda istehsal edilmiş, habelə MDB üzvü olan dövlətlərin istehsalı olub MDB hüdudları kənarından gətirilən etil (yeyinti) spirti, spirtli içkilər, tütün məmulatı və minik avtomobillərinə (xüsusi təyinatlı keşik-natrul vasitələri istisna olmaqla) aksiz vergisi onların gömrük dəyərindən bu Təlimatın 1 nömrəli Əlavəsində göstərilən faizlərlə hesablanır.

3.2. Mənşə ölkəsi və gətirildiyi yerdən asılı olmayaraq respublika ərazisinə idxal olunan neft məhsullarına aksiz vergisi onların gömrük dəyərindən bu Təlimatın 2 nömrəli Əlavəsində göstərilən faizlərlə hesablanır.

3.3. Azərbaycan Respublikası ərazisinə idxal olunan aksizli malların və aksiz tətbiq edilən minik avtomobillərinin gömrük rəsmiləşdirilməsi zamanı onların müəyyən edilmiş gömrük dəyərini D, aksiz vergisinin dərəcəsini A hərfi ilə işarə etsək, içməli spirt vergisinin məbləği aşağıdakı kimi hesablanacaqdır:

(D x A) : 100

IV. Aksiz vergisinin ödənilməsindən azad edilmə

4.1. «Aksizlər haqqında» Azərbaycan Respublikası qanununa əlavələr və dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun 2-ci maddəsinin 1-ci bəndinə əsasən müəssisələrin öz tələbatı üçün gətirilən xammal və materiallar aksiz vergisinin ödənilməsindən azad olunurlar.

V. Aksiz vergisinin ödənilməsi qaydaları

5.1. Gömrük orqanlarına aksiz vergisinin ödənilməsinin təsdiqi üçün doldurulmuş bəyannaməyə üzərində verginin ödənilməsi barədə bank orqanının qeydi olan ödəmə tapşırığının bir nüsxəsi əlavə edilməlidir. Aksiz vergisi ödənildikdən sonra gömrük orqanları aksizli malların və aksiz tətbiq edilən minik avtomobillərinin respublika ərazisində sərbəst tədavülə buraxılmasına icazə verir.

5.2. Aksiz vergisi məbləği gömrük orqanlarının depozit hesabına köçürülür. Verginin depozit hesabına daxil olmasına gömrük orqanları nəzarət edir. Ödəmə tapşırığı verildiyi tarixdən bir ay müddətində vəsait depozit hesaba daxil olmadıqda gömrük orqanları hesablanmış vergi məbləğinin mübahisəsiz qaydada alınmasını təmin edir.

5.3. Gömrük orqanlarının depozit hesabına daxil olan aksiz vergisi məbləğləri ayda dörd dəfədən az olmamaq və sonuncu ödəmənin axırıncı bank günündə köçürülməsi şərtilə Azərbaycan Respublikasının müvəkkil banklarda açılmış büdcə hesablarına köçürülməlidir.

5.4. Gömrük orqanları tərəfindən yük gömrük bəyannaməsi qəbul edildiyi tarixdən aksiz vergisini ödəmək üçün aşağıdakı şərtlərdən biri yerinə yetirilməklə iki ay müddətinə qədər möhlət verilə bilər:

a) Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsində müvafiq qaydada reyestrə salınmış müvəkkil bank zəmanət verdikdə (bankın zəmanət öhdəliyinin forması əlavə edilir. Əlavə ¹ 3).

b) «Azərbaycan Respublikası gömrük orqanlarında girovdan istifadə qaydaları haqqında» Əsasnaməyə uyğun olaraq müqaviləyə əsasən mal girov qoyulduqda.

5.5. Tədiyyəçi və ya müvəkkil bank öhdəliyi vaxtında yerinə yetirmədikdə gömrük orqanları hesablanmış vergi məbləğlərini və alınma günü də daxil olmaqla hər gecikdirilmiş gün üçün (möhlət müddəti də daxil olmaqla) 0,3 faiz məbləğində penyanı tədiyyəçidən və zəmanət verən müvəkkil bankdan mübahisəsiz olaraq alır və zəmanət öhdəliyinin yerinə yetirilməməsi barədə Dövlət Gömrük Komitəsinə və Azərbaycan Respublikası Milli Bankına məlumat verir.

5.6. Fiziki şəxslərin fərdi istifadəsi üçün gətirilən minik avtomobillərinə aksiz vergisi onların gömrük dəyərindən müəyyən edilmiş dərəcə ilə ciddi hesabat blankında hesablanaraq ödənilir.

5.7. Artıq ödənilmiş və ya alınmış aksiz vergisinin geri qaytarılması mövcud qanunvericiliyə uyğun olaraq həyata keçirilir.

VI. Müxtəlif gömrük rejimlərində aksiz vergisinin tətbiq edilməsi xüsusiyyətləri

6.1. Sərbəst tədavül üçün Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən mallar ümumi qaydada aksiz vergisinə cəlb olunurlar.

6.2. Azərbaycan Respublikası ərazisinə idxal olunan aksizli mallar saxlanc üçün gömrük anbarına təhvil verildikdə malın mənşəyindən asılı olmayaraq aksiz vergisinə cəlb edilmirlər.

Aksizli mallar anbardan sərbəst tədavül üçün buraxıldığı zaman ümumi qaydada, başqa gömrük rejimində isə həmin rejimə uyğun olaraq aksiz vergisinə cəlb edilir. Bu halda aksiz vergisinin ödənilməsi üçün gömrük anbarının sahibi və malları anbara təhvil verən şəxs məsuliyyət daşıyır.

6.3. Rüsumsuz ticarət mağazalarına gətirilən mallar (müəyyən edilmiş kvota daxilində) aksiz vergisinə cəlb edilmir. Müəyyən edilmiş kvotadan artıq mal gətirən və bu rejimin tələblərini pozan rüsumsuz ticarət mağazaları isə aksiz vergisini ödəməlidirlər.

6.4. Gömrük nəzarəti altında emal olunan mallar aksiz vergisinə cəlb olunmur. Sonradan malların sərbəst dövriyyə üçün buraxılış və ya digər gömrük rejimi altında yerləşdirilməsi zamanı vergi həmin rejimə müvafiq olaraq tətbiq edilir.

6.5. Xarici və Azərbaycan mənşəli aksizli malların sərbəst gömrük zonalarına gətirilməsi və ya onların sərbəst anbarlara yerləşdirilməsi zamanı aksiz vergisi alınmır.

Aksizli mallar sərbəst gömrük zonaları ərazisindən və sərbəst anbarlardan Azərbaycan Respublikasının qalan ərazisinə gətirildikdə və ya Azərbaycan Respublikasının hüdudlarından kənara aparıldıqda malın mənşəyindən asılı olaraq aksiz vergisi tətbiq edilir.

6.6. Məhv edilən mallar aksiz vergisinə cəlb olunmur.

6.7. Dövlətin xeyrinə imtina edilən mallardan aksiz vergisi tutulmur.

VII. Ödəyicilərin məsuliyyəti

7.1. Ödəyicilər hesablamaların düzgünlüyünə və vaxtında ödənilməsinə görə məsuliyyət daşıyırlar.

7.2. Aksiz vergisinin ödənilməsinə verilmiş möhlət başa çatdıqdan sonra gömrük orqanı onun ödənilməsini və respublika büdcəsinə köçürülməsini təmin etməlidir.

Gömrük orqanı penya da daxil olmaqla yaranmış borcu zəmanət vermiş müvəkkil bankdan almaq üçün həmin bankın zəmanət məktubunu Azərbaycan Respublikasının Milli Bankına göndərir.

7.3. Ödəyicilər aksiz vergisini ödəməkdən yayınma cəhdi etdikdə, Dövlət Gömrük Komitəsi Azərbaycan Respublikası Milli Bankına faktiki ödənilmə anına qədər ödəyicinin bütün hesabları üzrə əməliyyatların dayandırılması üçün qərar qəbul etmək haqqında təqdimat vermək hüququna malikdir.

7.4. Bu Təlimatın müddəalarına əməl etməyən gömrük əməkdaşları qüvvədə olan qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar.


Əlavə ¹ 1

MDB ölkələrinin istehsalı olmayan aksizli malların və aksiz tətbiq edilən minik avtomobillərinin aksiz dərəcələri

1. Bəyan edilmə tarixindən və mənşə ölkəsindən asılı olmayaraq MDB ölkələri hüdudları kənarından gətirilən, istehsal buraxılış tarixindən bir ilə qədər keçmiş minik avtomobillərinə 15 %
2. Araq 65 %
3. İçməli spirt 90 %
4. Konyak 65 %
5. Şampan şərabı 45 %
6. Tündləşdirilmiş içki 40 %
7. Bütün növ şərablar 40 %
8. Likor 65 %
9. Pivə 40 %
10. Bütün növ tütün məmulatları 50 %

Əlavə ¹ 2

Neft məhsullarının aksiz dərəcələri

1. Təyyarə benzini V-91/115 — 65,49 %
2. Avtomobil benzini Aİ-95, Aİ-98 — 65,03 %
3. Avtomobil benzini Aİ-92, Aİ-93 — 65,23 %
4. Avtomobil benzini A-72, A-76 — 64,76 %
5. Reaktiv mühərrik yanacığı — 39,46 %
6. Dizel yanacağı — 29, 83%
7. Ağ neft — 33,45%

Əlavə ¹ 3

Zəmanət öhdəliyi

_____________________________________________________________________________

(bankın tam adı və ünvanı)

bununla zəmanət verir ki, əgər _____________________________________________

(müəssisənin adı)

tərəfindən _____________________________________________________ müddətə qədər

(möhlətin son tarixi)

________________________________________________________ məbləğdə aksiz vergisi

(məbləğ)

ödənilməzsə, bank həmin məbləği öz hesabından köçürəcəkdir.

Bankın müdiri:

Baş mühasib:

© AzerSoft

Rəsmi məlumatlar Arxiv    
06.10.2007
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 2-də Prezident sarayında Qara Dəniz və Xəzər Dənizi Sahibkarlar Konfederasiyaları Birliyinin və Türk Sənayeçiləri və İş Adamları Birliyinin prezidenti Arzuxan Doğanı, Mərmərə qrupu vəqfinin sədri Akkan Suveri və ATA Holdinqin baş direktoru Əhməd Erentoku qəbul etmişdir. Azərbaycan Prezidenti ölkəmizdə “Qara dəniz və Xəzər dənizi regionunda regional birbaşa xarici investisiyalar” mövzusunda beynəlxalq konfransın keçirilməsinin böyük əhəmiyyətə malik olduğunu qeyd etdi və konfrans iştirakçılarına təbrik məktubu ünvanladığını bildirdi.

Daha ətraflı
06.10.2007
Azərbaycan və Xorvatiya arasında ikitərəfli münasibətlərin böyük perspektivləri var. Xorvatiya Prezidenti Stepan Mesiçin Azərbaycana rəsmi səfəri
Oktyabrın 2-3 tarixlərində Xorvatiya Respublikasının Prezidenti Stepan Mesiç Azərbaycanda rəsmi səfərdə olmuşdur.
Xorvatiya Respublikasının Prezidenti Stepan Mesiç oktyabrın 2-də Fəxri xiyabana gəlmişdir.
Xorvatiya dövlətinin başçısı türk dünyasının görkəmli oğlu, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla anaraq, məzarı önünə əklil qoydu.
Xorvatiya Prezidenti görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üstünə də tər gül dəstəsi qoydu.

Daha ətraflı
06.10.2007
MDB dövlət başçılarının növbəti zirvə toplantısı keçirilir
Oktyabrın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev MDB üzvü olan ölkələrin dövlət başçılarının növbəti zirvə toplantısında iştirak etmək üçün Tacikistanın paytaxtı Düşənbəyə yola düşmüşdür.
Düşənbə hava limanında Prezident İlham Əliyevi Tacikistanın nəqliyyat və kommunikasiyalar naziri Əbdürəhim Aşur və MDB-nin İcraiyyə Komitəsinin sədri - icraçı katib Vladimir Ruşaylo və digər rəsmi şəxslər qarşılamışlar.

Daha ətraflı
    © 2006 — 2007, Financial and Legal Consulting of The CIS Supported by «Marco Computer Technologies» Dizayn MEQA şirkəti tərəfindən hazırlanıb