Financial and Legal Consulting of The CIS Regional Cluster
             Az | Ru | En |
          
 
 
   

Azərbaycan Respublikasının Nazirlər Kabineti

Azərbaycan Respublikasında gömrük anbarlarının və müvəqqəti saxlanc anbarlarının təsis edilməsinə xüsusi razılıq (lisenziya) verilməsi Qaydalarının təsdiq edilməsi haqqında

Qərar ¹ 73

Bakı şəhəri, 13 aprel 1998-ci il

«Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin siyahısının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 4 oktyabr tarixli 637 nömrəli Fərmanının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. «Azərbaycan Respublikasında gömrük anbarlarının təsis edilməsinə xüsusi razılıq (lisenziya) verilməsi Qaydaları» (1 nömrəli əlavə) və «Azərbaycan Respublikasında müvəqqəti saxlanc anbarlarının təsis edilməsinə xüsusi razılıq (lisenziya) verilməsi Qaydaları» (2 nömrəli əlavə) təsdiq edilsin.

2. Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi bu qərarın icrası ilə əlaqədar təlimatlar hazırlayıb mövcud qaydada təsdiq etsin və müvafiq tədbirlər həyata keçirsin.

3. Bu Qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri

A.RASİ-ZADƏ.

«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc olunmuşdur (30 aprel 1998-ci il, ¹ 4, maddə 281) («AzerSoft»).

7 noyabr  2002-ci il tarixli 173 nömrəli qərara əsasən qüvvədən düşmüşdür («AzerSoft»).


Azərbaycan Respublikası
Nazirlər Kabinetinin 1998-ci il 13 aprel tarixli 73 nömrəli qərarı ilə
təsdiq edilmişdir. 1 nömrəli Əlavə

Azərbaycan Respublikasında gömrük anbarlarının təsis edilməsinə xüsusi razılıq (lisenziya) verilməsi Qaydaları

1. Ümumi müddəalar

1.1. Bu Qaydalar «Sahibkarlıq fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 27 yanvar tarixli 543 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Bəzi sahibkarlıq fəaliyyəti növlərinə xüsusi razılıq (lisenziya) verilməsi haqqında Əsasnamə»yə və «Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin siyahısının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 4 oktyabr tarixli 637 nömrəli Fərmanına əsasən hazırlanmışdır və gömrük anbarlarının təsis edilməsinə xüsusi razılıq (lisenziya) verilməsi (bundan sonra lisenziya) qaydalarını müəyyən edir.

1.2. Bu Qaydalara əsasən Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi (bundan sonra Dövlət Gömrük Komitəsi ) tərəfindən mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikasının hüquqi şəxslərinə, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan Azərbaycan Respublikasının vətəndaşlarına (bundan sonra «ərizəçilər») gömrük anbarlarının təsis edilməsi üçün verilən lisenziya rəsmi sənəddir.

1.3. Ərizəçilər yalnız bu Qaydalara əsasən lisenziya aldıqdan sonra gətirilən malların saxlanc dövründə gömrük rüsumları, vergilər ödənilmədən və mallara iqtisadi siyasət tədbirləri tətbiq edilmədən onların gömrük nəzarəti altında saxlancına, ixrac gömrük rejiminə uyğun aparılması nəzərdə tutulmuş malların isə gömrük işi haqqında qanunvericilik aktlarına uyğun olaraq güzəştlər verilməklə gömrük nəzarəti altında gömrük anbarlarının fəaliyyətinə başlaya bilərlər.

1.4. Lisenziyanın sahibi verilən lisenziyadan yalnız özü istifadə edə bilər, onu başqa şəxslərə verə bilməz və bu lisenziyanın qüvvəsi lisenziya sahibinin təsisçisi olduğu hüquqi şəxslərə, lisenziyanın sahibi ilə birgə fəaliyyət, o cümlədən onunla birgə əməkdaşlıq barədə bağlanmış müqavilə əsasında fəaliyyət göstərən başqa şəxslərə şamil edilmir.

1.5. Gömrük anbarlarının təsisçisi gömrük orqanı olduqda lisenziya tələb olunmur.

2. Lisenziyanın verilməsi

2.1. Gömrük anbarının təsis edilməsinə lisenziya, mülkiyyətində Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə müəyyən edilmiş gömrük anbarı rejiminə uyğun olaraq malların saxlanması üçün bir, yaxud bir neçə xüsusi ayrılmış və quraşdırılmış binaları, açıq meydançaları və ya digər yerləri olan ərizəçilərə Dövlət Gömrük Komitəsi tərəfindən verilir. Gömrük anbarının təsisi üçün ayrılmış bir neçə yer üçün, həmin yerlər bir gömrük orqanının ərazisində olduqda bir lisenziya verilir.

2.2. Lisenziya almaq üçün müvafiq bina və yerlərin sahibi olan ərizəçi Dövlət Gömrük Komitəsinə aşağıdakı sənədləri təqdim etməlidir:

  • lisenziya almaq üçün ərizə.

Ərizədə aşağıdakılar göstərilməlidir:

  • gömrük anbarının tipi;
  • hüquqi şəxslər üçün — hüquqi şəxsin adı, təşkilati-hüquqi forması, hüquqi ünvanı, identifikasiya kodu, dövlət qeydiyyatı haqqında şəhadətnamənin qeydiyyat nömrəsi və tarixi, fəaliyyət növü;
  • hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər üçün — adı, atasının adı, soyadı, şəxsiyyətini təsdiq edən sənəd haqqında məlumatlar (seriya, nömrə, nə vaxt və kim tərəfindən verilmişdir);
  • manat və valyuta hesabları, hesabların açıldığı bankların identifikasiya kodu;
  • anbar üçün nəzərdə tutulan yerlərin ünvanı;
  • anbar üçün nəzərdə tutulan yerlərin ayrı-ayrılıqda və ümumi sahəsi, anbar üçün nəzərdə tutulan yerlərin maddi-texniki təchizatının xarakteristikası;
  • siqnalizasiya, yanğına qarşı qurğu və avadanlıqların mövcud olması, mühafizənin təmin edilməsi;
  • anbarda saxlanması nəzərdə tutulan mallara zərər vura bilən başqa mal növlərinin siyahısı və onların ayrıca yerləşdirilməsi üçün xüsusi olaraq təchiz edilmiş yerlərin xarakteristikası.

2.3. Ərizəyə aşağıda göstərilən sənədlər əlavə edilir:

  • ərizəçinin təsis və qeydiyyat sənədlərinin surətləri (hüquqi şəxslər üçün — təsis sənədlərinin və dövlət qeydiyyatı haqqında şəhadətnamənin surətləri, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər üçün — vergi orqanları tərəfindən uçota alınması haqqında şəhadətnamənin surəti);
  • ərazinin planı, anbar üçün nəzərdə tutulan yerin planı və çertyoju;
  • anbara sahiblik hüququnu təsdiq edən sənədlər;
  • anbara daxilolma hüququ olan işçilərin siyahısı;
  • lisenziya almaq üçün haqqın ödənildiyini təsdiq edən sənəd.

2.4. Ərizə və bu Qaydalarda nəzərdə tutulmayan sənədlər Dövlət Gömrük Komitəsinə təqdim edilir və xüsusi qeydiyyata alınmaqla qəbul edilir. Qeydiyyat tarixindən etibarən ərizəyə 15 gün müddətində baxılır. Bu müddət ərzində Dövlət Gömrük Komitəsi binaların (yerlərin) gömrük anbarı rejimi üçün, mövcud qanunvericilik və normativ aktların müddəalarına uyğun olaraq quraşdırılmasını və təchiz olunmasını yoxlayır və çatışmazlıqlar olmadıqda və ya imtina üçün əsas olmadıqda lisenziya verilməsi haqqında qərar qəbul edir.

Təqdim olunmuş sənədlərdə çatışmazlıqlar aşkar edildikdə, bu barədə ərizəçiyə yazılı məlumat verilir, onlar aradan qaldırıldıqdan və sənədlər təkrar təqdim edildikdən sonra onlara 5 gün müddətində baxılır və müvafiq qərar qəbul edilir.

Bu bənddə göstərilən müddətlərin son günü qeyri iş gününə düşərsə, ondan sonrakı iş günü müddətin qurtarma günü hesab olunur.

2.5. Lisenziya verilməsindən aşağıdakı hallarda imtina edilir:

2.5.1. bu Qaydalarda nəzərdə tutulmuş sənədlər təqdim edilmədikdə;

2.5.2. ərizəçinin təqdim etdiyi sənədlərdə qeyri-dürüst və ya təhrif olunmuş məlumatlar olduqda;

2.5.3. gömrük anbarlarının təsisi üçün nəzərdə tutulmuş binalar (yerlər) və onların qurulması gömrük işi haqqında qanunvericilik aktlarının müvafiq müddəalarına uyğun olmadıqda və bu müddəalardan irəli gələn tələblər ödənilmədikdə;

2.5.4. obyektiv səbəblərə görə Dövlət Gömrük Komitəsi gömrük anbarlarında malların yerləşdirilməsi, hərəkətinə və saxlanmasına gömrük nəzarəti yarada bilmədiyi hallarda;

2.5.5. ərizəçinin əvvəllər bu fəaliyyət növü üçün aldığı lisenziyanın lisenziya verən Dövlət Gömrük Komitəsinin qərarı ilə ləğv edilməsindən 2 il keçməmişdirsə;

2.5.6. ərizəçi Azərbaycan Respublikasının hüquqi və yaxud fiziki şəxsi olmadığı halda;

2.5.7. ərizəçinin əvvəllər bu fəaliyyət növü üçün aldığı lisenziyanın fəaliyyəti Dövlət Gömrük Komitəsinin təşəbbüsü ilə dayandırıldığı dövrdə müraciət etdikdə;

2.5.8. qanunvericilikdə nəzərdə tutulan digər hallarda.

2.6. Ərizəçi lisenziya verilməsindən imtinaya əsas olmuş halları aradan qaldırdıqdan sonra lisenziya almaq üçün bu Qaydalara uyğun olaraq Dövlət Gömrük Komitəsinə müraciət etmək və ya imtina barədə qərarla razılaşmadıqda məhkəməyə müraciət etmək hüququna malikdir.

2.7. Hüquqi şəxs ləğv olunduqda və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsə verilmiş şəhadətnamə qüvvədən düşdükdə onlara verilmiş lisenziyalar qüvvəsini itirir.

Lisenziya almış hüquqi şəxs yenidən təşkil edildikdə, onun adı və ünvanı dəyişdirildikdə, fiziki şəxsin şəxsiyyətini təsdiq edən sənəd haqqında məlumatlar dəyişdikdə, lisenziya itirildikdə ərizəçi 15 gün müddətində lisenziyanın yenidən rəsmiləşdirilməsi üçün ərizə təqdim etməlidir.

Lisenziyanın yenidən rəsmiləşdirilməsi onun verilməsi üçün müəyyən olunmuş qaydada həyata keçirilir.

Lisenziyanın yenidən rəsmiləşdirildiyi müddətdə lisenziyanın sahibi öz fəaliyyətini əvvəlki lisenziya əsasında, lisenziya itirildikdə isə Dövlət Gömrük Komitəsinin verdiyi müvəqqəti icazə əsasında həyata keçirir. Dövlət Gömrük Komitəsinin rəhbəri tərəfindən imzalanmış və möhürlə təsdiq edilmiş müvəqqəti icazə lisenziyanın yenidən rəsmiləşdirilməsi üçün bütün sənədlər təqdim edildikdə verilir.

3. Lisenziya

3.1. Lisenziyada aşağıdakılar göstərilir:

3.1.1. Dövlət Gömrük Komitəsinin adı;

3.1.2. hüquqi şəxslər üçün — lisenziya verilən müəssisə, təşkilat və idarənin adı və hüquqi ünvanı;

3.1.3. fiziki şəxslər üçün — adı, atasının adı, soyadı, şəxsiyyəti təsdiq edən vəsiqə haqqında məlumatlar (seriya, nömrə, kim tərəfindən və nə vaxt verilmişdir, yaşayış yeri);

3.1.4. lisenziya verilən fəaliyyət növü;

3.1.5. lisenziyanın qüvvədə olma müddəti;

3.1.6. müvafiq fəaliyyət növünün həyata keçirilməsi qaydası;

3.1.7. lisenziyanın qeydiyyat nömrəsi və verilmə tarixi.

3.2. Lisenziyalar Dövlət Gömrük Komitəsinin sədri və yaxud onu əvəz edən şəxs tərəfindən imzalanır və Dövlət Gömrük Komitəsinin gerb möhürü ilə təsdiq edilir.

4. Lisenziyanın müddəti

4.1. Lisenziya 3 il müddətinə verilir.

4.2. Lisenziyanın qüvvədə olma müddətinin uzadılması onun verilməsi üçün müəyyən olunmuş qaydada həyata keçirilir.

4.3. Müddəti bitmiş lisenziyalar etibarsız hesab edilir.

5. Lisenziyanın qüvvədə olma qaydaları və nəzarət

5.1. Bu Qaydalara əsasən lisenziya sahibləri gömrük anbarlarının təsis edilməsini və fəaliyyətini həyata keçirərkən aşağıdakı qaydalara riayət etməlidirlər:

5.1.1. anbarda siqnalizasiya, yanğına qarşı qurğu və avadanlığın olmasını və bu anbarların mühafizəsini təmin etmək;

5.1.2. anbarı gömrük nəzarətinin təmin edilməsi məqsədilə lazım olan şəkildə hazırlamaq;

5.1.3. anbarda saxlanılması nəzərdə tutulan mallara zərər vura bilən başqa mal növlərinin ayrıca yerləşdirilməsi üçün xüsusi olaraq təchiz edilmiş yerlər ayırmaq;

5.1.4. anbarda saxlanan malların gömrük nəzarətindən kənar götürülməsinə yol verməmək;

5.1.5. anbarda saxlanan malların yanına qanunvericilikdə nəzərdə tutulan hallar istisna edilməklə üçüncü şəxslərin daxil olmasına yol verməmək;

5.1.6. gömrük nəzarəti və gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsi üçün Azərbaycan Respublikası gömrük orqanlarının vəzifəli şəxslərinin tələblərini yerinə yetirmək, onların mallar saxlanan yerlərə daxil olmasına şərait yaratmaq, həmin şəxslərə əvəzsiz olaraq gömrük anbarında yer, avadanlıq və rabitə vasitələri vermək;

5.1.7. Dövlət Gömrük Komitəsinin müəyyən etdiyi qaydada gömrük anbarlarında saxlanan malların uçotunu aparmaq və onlar barədə Azərbaycan Respublikasının gömrük orqanlarına hesabatlar təqdim etmək;

5.1.8. zəruri olduqda anbarı ikiqat bağlayıcı qurğu ilə təchiz etmək və həmin qurğulardan birini Azərbaycan Respublikası gömrük orqanının sərəncamına vermək;

5.1.9. gömrük işi haqqında qanunvericilik və normativ aktlarına və bu Qaydalara riayət etmək.

5.2. Lisenziyanın qüvvədə olma qaydalarına nəzarəti gömrük işi haqqında qanunvericilik və normativ aktlarına uyğun olaraq Dövlət Gömrük Komitəsi həyata keçirir.

5.3. Nəzarət qaydasında Dövlət Gömrük Komitəsinin səlahiyyətlərinə aşağıdakılar daxildir:

5.3.1. lisenziyada göstərilən fəaliyyət növünün həyata keçirilməsini tənzimləyən normativ-hüquqi aktlara və lisenziya qaydalarına riayət edilməsini yoxlamaq;

5.3.2. yoxlama zamanı ortaya çıxan suallara aid lisenziya sahibindən məlumatlar, arayışlar tələb etmək;

5.3.3. yoxlamanın nəticələrinə dair pozuntuları və onların aradan qaldırılması müddəti göstərilməklə akt tərtib etmək;

5.3.4. aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə lisenziya sahibinə xəbərdarlıq etmək.

5.4. Lisenziya sahibi aparılan yoxlama zamanı Dövlət Gömrük Komitəsinin nümayəndələrinə yoxlanılacaq obyektlərə daxil olmağa, yoxlamanın aparılması üçün zəruri olan normal şərait yaratmağa və tələb olunan sənədləri təqdim etməyə borcludur.

5.5. Gömrük orqanları yoxlamanın nəticəsi barədə iki nüsxədə akt tərtib edirlər. Akt gömrük anbarlarının sahibi və gömrük orqanının nümayəndələri tərəfindən imzalanır. Aktı imzalamaqdan imtina edildikdə bu barədə aktda qeyd edilir. Akta lisenziya sahibinin izahatı əlavə edilir. Aktın bir nüsxəsi lisenziya sahibində qalır.

5.6. Dövlət Gömrük Komitəsi zəruri olduqda müvafiq təşkilatların nümayəndələrini gömrük işi haqqında normativ-hüquqi aktlarına və bu Qaydalara uyğun nəzarət qaydasında aparılan yoxlamalara cəlb edə bilər.

6. Lisenziyanın fəaliyyətinin dayandırılması və ya ləğv edilməsi

6.1. Gömrük anbarının təsis edilməsinə verilmiş lisenziya Dövlət Gömrük Komitəsi tərəfindən aşağıdakı hallarda dayandırılır:

6.1.1. lisenziya sahibi tərəfindən müvafiq ərizə təqdim edildikdə;

6.1.2. lisenziya sahibi tərəfindən normativ aktlara əməl edilmədikdə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müvafiq dövlət orqanları tərəfindən lisenziya sahibinin fəaliyyəti dayandırıldıqda;

6.1.3. lisenziya sahibinin müflisləşməsi faktı Azərbaycan Respublikasının qanunvericiliyi ilə təsdiq edildikdə;

6.1.4. gömrük işi haqqında qanunvericilik və normativ aktlarına uyğun olaraq müvəqqəti gömrük anbarlarının fəaliyyəti üçün tələb olunan zəruri şəraitin və şərtlərin pozulduğu aşkar edildikdə;

6.1.5. Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulan digər hallarda.

6.2. Dövlət Gömrük Komitəsi lisenziyanın fəaliyyətinin dayandırılması haqqında qərar qəbul etdiyi andan 5 gün müddətində yazılı şəkildə lisenziyanın sahibinə və dövlət vergi xidməti orqanlarına məlumat verir.

Lisenziyanın fəaliyyətinin dayandırılmasına səbəb olan hallar dəyişildikdə lisenziyanın fəaliyyəti lisenziyanın sahibinin müraciətinə əsasən bərpa edilə bilər. Dövlət Gömrük Komitəsi tərəfindən bu barədə qərar qəbul edildikdə lisenziyanın fəaliyyəti bərpa edilmiş hesab olunur, həmin qərar qəbul edilmiş andan 5 gün müddətində lisenziyanın sahibinə və dövlət vergi xidməti orqanlarına məlumat verilir.

6.3. Lisenziya aşağıdakı hallarda ləğv edilir:

6.3.1. lisenziya sahibi tərəfindən müvafiq ərizə təqdim edildikdə;

6.3.2. lisenziya verilməsi üçün təqdim edilən sənədlərdə düzgün olmayan məlumatlar aşkar edildikdə;

6.3.3. lisenziyanın qüvvədə olma qaydaları lisenziya sahibi tərəfindən pozulduqda;

6.3.4. məhkəmənin müvafiq qərarı olduqda;

6.3.5. lisenziya almış hüquqi şəxs ləğv edildikdə və sahibkar kimi fəaliyyət göstərən fiziki şəxsin şəhadətnaməsi qüvvəsini itirdikdə;

6.3.6. gömrük anbarının sahibi gömrük işi haqqında qanunvericilik və normativ aktlarının tələblərinə riayət etmədikdə;

6.3.7. Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulan digər hallarda.

6.4. Dövlət Gömrük Komitəsi lisenziyanın ləğv edilməsi haqqında qərar qəbul etdiyi andan 5 gün müddətində yazılı şəkildə lisenziyanın sahibinə və dövlət vergi xidməti orqanlarına məlumat verir.

6.5. Lisenziya ləğv edildikdə və ya onun fəaliyyəti dayandırıldıqda lisenziyanın verilməsinə görə alınmış haqlar lisenziya sahibinə qaytarılır.

6.6. Dövlət Gömrük Komitəsi verdiyi, qeydə aldığı, dayandırdığı, bərpa etdiyi və ləğv etdiyi lisenziyaların reyestrini aparır.

7. Məsuliyyət

1. Dövlət Gömrük Komitəsinin rəhbərləri və vəzifəli şəxsləri lisenziyalaşdırma haqqında Azərbaycan Respublikasının qanunvericiliyinin pozulması, yaxud onun lazımi şəkildə icra olunmamasına görə mövcud qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar.

2. Dövlət Gömrük Komitəsinin qərarlarından və hərəkətlərindən müəyyən olunmuş qaydada məhkəmə orqanlarına şikayət oluna bilər.

3. Bu Qaydalarda göstərilən gömrük anbarlarının lisenziyasız təsis edənlər mövcud qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar.


Azərbaycan Respublikası
Nazirlər Kabinetinin 1998-ci il 13 aprel tarixli
73 nömrəli qərarı ilə təsdiq edilmişdir.
2 nömrəli Əlavə

Azərbaycan Respublikasında müvəqqəti saxlanc anbarlarının təsis edilməsinə xüsusi razılıq (lisenziya) verilməsi Qaydaları

1. Ümumi müddəalar

1.1. Bu Qaydalar «Sahibkarlıq fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 27 yanvar tarixli 543 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Bəzi sahibkarlıq fəaliyyəti növlərinə xüsusi razılıq (lisenziya) verilməsi haqqında Əsasnamə»yə və «Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin siyahısının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 4 oktyabr tarixli 637 nömrəli Fərmanına əsasən hazırlanmışdır və müvəqqəti saxlanc anbarlarının təsis edilməsinə xüsusi razılıq (lisenziya) verilməsi (bundan sonra lisenziya) qaydalarını müəyyən edir.

1.2. Bu Qaydalara əsasən Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi (bundan sonra Dövlət Gömrük Komitəsi ) tərəfindən mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikasının hüquqi şəxslərinə, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan Azərbaycan Respublikasının vətəndaşlarına (bundan sonra «ərizəçilər») müvəqqəti saxlanc anbarlarının təsis edilməsi üçün verilən lisenziya rəsmi sənəddir.

1.3. Ərizəçilər yalnız bu Qaydalara əsasən lisenziya aldıqdan sonra mallar və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük orqanına təqdim edildiyi andan onların buraxılmasına qədər və ya seçilmiş gömrük rejiminə verilənədək gömrük nəzarəti altında müvəqqəti saxlancı üçün müvəqqəti saxlanc anbarlarının fəaliyyətinə başlaya bilərlər.

1.4. Lisenziyanın sahibi verilən lisenziyadan yalnız özü istifadə edə bilər, onu başqa şəxslərə verə bilməz və bu lisenziyanın qüvvəsi lisenziya sahibinin təsisçisi olduğu hüquqi şəxslərə, lisenziyanın sahibi ilə birgə fəaliyyət, o cümlədən onunla birgə əməkdaşlıq barədə bağlanmış müqavilə əsasında fəaliyyət göstərən başqa şəxslərə şamil edilmir.

1.5. Müvəqqəti saxlanc anbarının təsisçisi gömrük orqanı olduqda lisenziya tələb olunmur.

2. Lisenziyanın verilməsi

2.1. Müvəqqəti saxlanc anbarının təsis edilməsinə lisenziya, mülkiyyətində Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə müəyyən edilmiş gömrük anbarı rejiminə uyğun olaraq malların və nəqliyyat vasitələrinin müvəqqəti saxlanması üçün bir, yaxud bir neçə xüsusi ayrılmış və quraşdırılmış binaları, açıq meydançaları və ya digər yerləri olan ərizəçilərə Dövlət Gömrük Komitəsi tərəfindən verilir. Müvəqqəti saxlanc anbarının təsisi üçün ayrılmış bir neçə yer üçün, həmin yerlər bir gömrük orqanının ərazisində olduqda bir lisenziya verilir.

2.2. Lisenziya almaq üçün müvafiq bina və yerlərin sahibi olan ərizəçi Dövlət Gömrük Komitəsinə aşağıdakı sənədləri təqdim etməlidir:

  • lisenziya almaq üçün ərizə.

Ərizədə aşağıdakılar göstərilməlidir:

  • müvəqqəti saxlanc anbarının tipi;
  • hüquqi şəxslər üçün — hüquqi şəxsin adı, təşkilati-hüquqi forması, hüquqi ünvanı, identifikasiya kodu, dövlət qeydiyyatı haqqında şəhadətnamənin qeydiyyat nömrəsi və tarixi, fəaliyyət növü;
  • hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər üçün — adı, atasının adı, soyadı, şəxsiyyətini təsdiq edən sənəd haqqında məlumatlar (seriya, nömrə, nə vaxt və kim tərəfindən verilmişdir);
  • manat və valyuta hesabları, hesabların açıldığı bankların identifikasiya kodu;
  • anbar üçün nəzərdə tutulan yerlərin ünvanı;
  • anbar üçün nəzərdə tutulan yerlərin ayrı-ayrılıqda və ümumi sahəsi, anbar üçün nəzərdə tutulan yerlərin maddi-texniki təchizatının xarakteristikası;
  • siqnalizasiya, yanğına qarşı qurğu və avadanlıqların mövcud olması, mühafizənin təmin edilməsi;
  • anbarda saxlanması nəzərdə tutulan mallara zərər vura bilən başqa mal növlərinin siyahısı və onların ayrıca yerləşdirilməsi üçün xüsusi olaraq təchiz edilmiş yerlərin xarakteristikası.

2.3. Ərizəyə aşağıda göstərilən sənədlər əlavə edilir:

  • ərizəçinin təsis və qeydiyyat sənədlərinin surətləri (hüquqi şəxslər üçün — təsis sənədlərinin və dövlət qeydiyyatı haqqında şəhadətnamənin surətləri, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər üçün — vergi orqanları tərəfindən uçota alınması haqqında şəhadətnamənin surəti);
  • ərazinin planı, anbar üçün nəzərdə tutulan yerin planı və çertyoju;
  • anbara sahiblik hüququnu təsdiq edən sənədlər;
  • anbara daxilolma hüququ olan işçilərin siyahısı;
  • lisenziya almaq üçün haqqın ödənildiyini təsdiq edən sənəd.

2.4. Ərizə və bu Qaydalarda nəzərdə tutulan sənədlər Dövlət Gömrük Komitəsinə təqdim edilir və xüsusi qeydiyyata alınmaqla qəbul edilir. Qeydiyyat tarixindən etibarən ərizəyə 15 gün müddətində baxılır. Bu müddət ərzində Dövlət Gömrük Komitəsi binaların (yerlərin) müvəqqəti saxlanc anbarı rejimi üçün, mövcud qanunvericilik və normativ aktlarının müddəalarına uyğun olaraq quraşdırılmasını və təchiz olunmasını yoxlayır və çatışmazlıqlar olmadıqda və ya imtina üçün əsas olmadıqda lisenziya verilməsi haqqında qərar qəbul edir.

Təqdim olunmuş sənədlərdə çatışmazlıqlar aşkar edildikdə, bu barədə ərizəçiyə yazılı məlumat verilir, onlar aradan qaldırıldıqdan və sənədlər təkrar təqdim edildikdən sonra onlara 5 gün müddətində baxılır və müvafiq qərar qəbul edilir.

Bu bənddə göstərilən müddətlərin son günü qeyri iş gününə düşərsə, ondan sonrakı iş günü müddətin qurtarma günü hesab olunur.

2.5. Lisenziya verilməsindən aşağıdakı hallarda imtina edilir:

2.5.1. bu Qaydalarda nəzərdə tutulmuş sənədlər təqdim edilmədikdə;

2.5.2. ərizəçinin təqdim etdiyi sənədlərdə qeyri-dürüst və ya təhrif olunmuş məlumatlar olduqda;

2.5.3. müvəqqəti saxlanc anbarlarının təsisi üçün nəzərdə tutulmuş binalar (yerlər) və onların qurulması gömrük işi haqqında qanunvericilik aktlarının müvafiq müddəalarına uyğun olmadıqda və bu müddəalardan irəli gələn tələblər ödənilmədikdə;

2.5.4. obyektiv səbəblərə görə Dövlət Gömrük Komitəsi müvəqqəti saxlanc anbarlarında malların yerləşdirilməsi, hərəkətinə və saxlanmasına gömrük nəzarəti yarada bilmədiyi hallarda;

2.5.5. ərizəçinin əvvəllər bu fəaliyyət növü üçün aldığı lisenziyanın lisenziya verən Dövlət Gömrük Komitəsinin qərarı ilə ləğv edilməsindən 2 il keçməmişdirsə;

2.5.6. ərizəçi Azərbaycan Respublikasının hüquqi və yaxud fiziki şəxsi olmadığı halda;

2.5.7. ərizəçinin əvvəllər bu fəaliyyət növü üçün aldığı lisenziyanın fəaliyyəti Dövlət Gömrük Komitəsinin təşəbbüsü ilə dayandırıldığı dövrdə müraciət etdikdə;

2.5.8. qanunvericilikdə nəzərdə tutulan digər hallarda.

2.6. Ərizəçi lisenziya verilməsindən imtinaya əsas olmuş halları aradan qaldırdıqdan sonra lisenziya almaq üçün bu Qaydalara uyğun olaraq Dövlət Gömrük Komitəsinə müraciət etmək və ya imtina barədə qərarla razılaşmadıqda məhkəməyə müraciət etmək hüququna malikdir.

2.7. Hüquqi şəxs ləğv olunduqda və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsə verilmiş şəhadətnamə qüvvədən düşdükdə onlara verilmiş lisenziyalar qüvvəsini itirir.

Lisenziya almış hüquqi şəxs yenidən təşkil edildikdə, onun adı və ünvanı dəyişdirildikdə, fiziki şəxsin şəxsiyyətini təsdiq edən sənəd haqqında məlumatlar dəyişdikdə, lisenziya itirildikdə ərizəçi 15 gün müddətində lisenziyanın yenidən rəsmiləşdirilməsi üçün ərizə təqdim etməlidir.

Lisenziyanın yenidən rəsmiləşdirilməsi onun verilməsi üçün müəyyən edilmiş qaydada həyata keçirilir.

Lisenziyanın yenidən rəsmiləşdirildiyi müddətdə lisenziyanın sahibi öz fəaliyyətini əvvəlki lisenziya əsasında, lisenziya itirildikdə isə Dövlət Gömrük Komitəsinin verdiyi müvəqqəti icazə əsasında həyata keçirir. Dövlət Gömrük Komitəsinin rəhbəri tərəfindən imzalanmış və möhürlə təsdiq edilmiş müvəqqəti icazə lisenziyanın rəsmiləşdirilməsi üçün bütün sənədlər təqdim edildikdə verilir.

3. Lisenziya

3.1. Lisenziyada aşağıdakılar göstərilir:

3.1.1. Dövlət Gömrük Komitəsinin adı;

3.1.2. hüquqi şəxslər üçün — lisenziya verilən müəssisə, təşkilat və idarənin adı və hüquqi ünvanı;

3.1.3. fiziki şəxslər üçün — adı, atasının adı, soyadı, şəxsiyyəti təsdiq edən vəsiqə haqqında məlumatlar (seriya, nömrə, kim tərəfindən və nə vaxt verilmişdir, yaşayış yeri);

3.1.4. həyata keçirilməsinə lisenziya verilən fəaliyyət növü;

3.1.5. lisenziyanın qüvvədə olma müddəti;

3.1.6. müvafiq fəaliyyət növünün həyata keçirilməsi qaydası;

3.1.7. lisenziyanın qeydiyyat nömrəsi və verilmə tarixi.

3.2. Lisenziyalar Dövlət Gömrük Komitəsinin sədri və yaxud onu əvəz edən şəxs tərəfindən imzalanır və Dövlət Gömrük Komitəsinin gerb möhürü ilə təsdiq edilir.

4. Lisenziyanın müddəti

4.1. Lisenziya 3 il müddətinə verilir.

4.2. Lisenziyanın qüvvədə olma müddətinin uzadılması onun verilməsi üçün müəyyən olunmuş qaydada həyata keçirilir.

4.3. Müddəti bitmiş lisenziyalar etibarsız hesab edilir.

5. Lisenziyanın qüvvədə olma qaydaları və nəzarət

5.1. Bu Qaydalara əsasən lisenziya sahibləri müvəqqəti saxlanc anbarlarının təsis edilməsini və fəaliyyətini həyata keçirərkən aşağıdakı qaydalara riayət etməlidirlər:

5.1.1. anbarda siqnalizasiya, yanğına qarşı qurğu və avadanlığın olmasını və bu anbarların mühafizəsini təmin etmək;

5.1.2. anbarı gömrük nəzarətinin təmin edilməsi məqsədilə lazımi olan şəkildə hazırlamaq;

5.1.3. anbarda saxlanılması nəzərdə tutulan mallara və nəqliyyat vasitələrinə zərər vura bilən başqa mal növlərinin ayrıca yerləşdirilməsi üçün xüsusi olaraq təchiz edilmiş yerlər ayırmaq;

5.1.4. anbarda saxlanan malların və nəqliyyat vasitələrinin gömrük nəzarətindən kənar götürülməsinə yol verməmək;

5.1.5. anbarda saxlanan malların və nəqliyyat vasitələrinin yanına qanunvericilikdə nəzərdə tutulan hallar istisna edilməklə üçüncü şəxslərin daxil olmasına yol verməmək;

5.1.6. gömrük nəzarətinin həyata keçirilməsi üçün çətinlik yaratmamaq;

5.1.7. Dövlət Gömrük Komitəsinin müəyyən etdiyi qaydada müvəqqəti saxlanc anbarlarında saxlanan malların və nəqliyyat vasitələrinin uçotunu aparmaq və onlar barədə Azərbaycan Respublikasının gömrük orqanlarına hesabatlar təqdim etmək;

5.1.8. zəruri olduqda anbarı ikiqat bağlayıcı qurğu ilə təchiz etmək və həmin qurğulardan birini Azərbaycan Respublikası gömrük orqanının sərəncamına vermək;

5.1.9. gömrük işi haqqında qanunvericilik və normativ aktlarına və bu Qaydalara riayət etmək.

5.2. Lisenziyanın qüvvədə olma qaydalarına nəzarəti gömrük işi haqqında qanunvericilik və normativ aktlarına uyğun olaraq Dövlət Gömrük Komitəsi həyata keçirir.

5.3. Nəzarət qaydasında Dövlət Gömrük Komitəsinin səlahiyyətlərinə aşağıdakılar daxildir:

5.3.1. lisenziyada göstərilən fəaliyyət növünün həyata keçirilməsini tənzimləyən normativ-hüquqi aktlara və lisenziya qaydalarına riayət edilməsini yoxlamaq;

5.3.2. yoxlama zamanı ortaya çıxan suallara aid lisenziya sahibindən məlumatlar, arayışlar tələb etmək;

5.3.3. yoxlamanın nəticələrinə dair pozuntuları və onların aradan qaldırılması müddətini göstərməklə akt tərtib etmək;

5.3.4. aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə lisenziya sahibinə xəbərdarlıq etmək.

5.4. Lisenziya sahibi aparılan yoxlama zamanı Dövlət Gömrük Komitəsinin nümayəndələrinə yoxlanılacaq obyektlərə daxil olmağa, yoxlamanın aparılması üçün zəruri olan normal şərait yaratmağa və tələb olunan sənədləri onlara təqdim etməyə borcludur.

5.5. Gömrük orqanları yoxlamanın nəticəsi barədə iki nüsxədə akt tərtib edirlər. Akt gömrük anbarlarının sahibi və gömrük orqanının nümayəndələri tərəfindən imzalanır. Aktı imzalamaqdan imtina edildikdə bu barədə aktda qeyd edilir. Akta lisenziya sahibinin izahatı əlavə edilir. Aktın bir nüsxəsi lisenziya sahibində qalır.

5.6. Dövlət Gömrük Komitəsi zəruri olduqda müvafiq təşkilatların nümayəndələrini gömrük işi haqqında normativ-hüquqi aktlarına və bu Qaydalara uyğun nəzarət qaydasında aparılan yoxlamalara cəlb edə bilər.

6. Lisenziyanın fəaliyyətinin dayandırılması və ya ləğv edilməsi

6.1. Müvəqqəti saxlanc anbarının təsis edilməsinə verilmiş lisenziya Dövlət Gömrük Komitəsi tərəfindən aşağıdakı hallarda dayandırılır:

6.1.1. lisenziya sahibi tərəfindən müvafiq ərizə təqdim edildikdə;

6.1.2. lisenziya sahibi tərəfindən normativ aktlara əməl edilmədikdə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müvafiq dövlət orqanları tərəfindən lisenziya sahibinin fəaliyyəti dayandırıldıqda;

6.1.3. lisenziya sahibinin müflisləşməsi faktı Azərbaycan Respublikasının qanunvericiliyi ilə təsdiq edildikdə;

6.1.4. gömrük işi haqqında qanunvericilik və normativ aktlarına uyğun olaraq müvəqqəti saxlanc anbarlarının fəaliyyəti üçün tələb olunan zəruri şərait və şərtlərin pozulduğu aşkar edildikdə;

6.1.5. Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulan digər hallarda.

6.2. Dövlət Gömrük Komitəsi lisenziyanın fəaliyyətinin dayandırılması haqqında qərar qəbul etdiyi andan 5 gün müddətində yazılı şəkildə lisenziyanın sahibinə və dövlət vergi xidməti orqanlarına məlumat verir.

Lisenziyanın fəaliyyətinin dayandırılmasına səbəb olan hallar dəyişildikdə lisenziyanın fəaliyyəti lisenziyanın sahibinin müraciətinə əsasən bərpa edilə bilər. Dövlət Gömrük Komitəsi tərəfindən bu barədə qərar qəbul edildikdə lisenziyanın fəaliyyəti bərpa edilmiş hesab olunur, həmin qərar qəbul edilmiş andan 5 gün müddətində lisenziyanın sahibinə və dövlət vergi xidməti orqanlarına məlumat verilir.

6.3. Lisenziya aşağıdakı hallarda ləğv edilir:

6.3.1. lisenziya sahibi tərəfindən müvafiq ərizə təqdim edildikdə;

6.3.2. lisenziyanın verilməsi üçün təqdim edilən sənədlərdə düzgün olmayan məlumatlar aşkar edildikdə;

6.3.3. lisenziyanın qüvvədə olma qaydaları lisenziya sahibi tərəfindən pozulduqda;

6.3.4. məhkəmənin müvafiq qərarı olduqda;

6.3.5. lisenziya almış hüquqi şəxs ləğv edildikdə və sahibkar kimi fəaliyyət göstərən fiziki şəxsin şəhadətnaməsi qüvvəsini itirdikdə;

6.3.6. müvəqqəti saxlanc anbarının sahibi gömrük işi haqqında qanunvericilik və normativ aktlarının tələblərinə riayət etmədikdə;

6.3.7. Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulan digər hallarda.

6.4. Dövlət Gömrük Komitəsi lisenziyanın ləğv edilməsi haqqında qərar qəbul etdiyi andan 5 gün müddətində yazılı şəkildə lisenziyanın sahibinə və dövlət vergi xidməti orqanlarına məlumat verir.

6.5. Lisenziya ləğv edildikdə və ya onun fəaliyyəti dayandırıldıqda lisenziyanın verilməsinə görə alınmış haqlar lisenziya sahibinə qaytarılır.

6.6. Dövlət Gömrük Komitəsi verdiyi, qeydə aldığı, dayandırdığı, bərpa etdiyi və ləğv etdiyi lisenziyaların reyestrini aparır.

7. Məsuliyyət

1. Dövlət Gömrük Komitəsinin rəhbərləri və vəzifəli şəxsləri lisenziyalaşdırma haqqında Azərbaycan Respublikasının qanunvericiliyinin pozulması, yaxud onun lazımi şəkildə icra olunmamasına görə mövcud qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar.

2. Dövlət Gömrük Komitəsinin qərarlarından və hərəkətlərindən müəyyən olunmuş qaydada məhkəmə orqanlarına şikayət oluna bilər.

3. Bu Qaydalarda göstərilən müvəqqəti saxlanc anbarlarını lisenziyasız təsis edənlər mövcud qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar.

© AzerSoft

Rəsmi məlumatlar Arxiv    
06.10.2007
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 2-də Prezident sarayında Qara Dəniz və Xəzər Dənizi Sahibkarlar Konfederasiyaları Birliyinin və Türk Sənayeçiləri və İş Adamları Birliyinin prezidenti Arzuxan Doğanı, Mərmərə qrupu vəqfinin sədri Akkan Suveri və ATA Holdinqin baş direktoru Əhməd Erentoku qəbul etmişdir. Azərbaycan Prezidenti ölkəmizdə “Qara dəniz və Xəzər dənizi regionunda regional birbaşa xarici investisiyalar” mövzusunda beynəlxalq konfransın keçirilməsinin böyük əhəmiyyətə malik olduğunu qeyd etdi və konfrans iştirakçılarına təbrik məktubu ünvanladığını bildirdi.

Daha ətraflı
06.10.2007
Azərbaycan və Xorvatiya arasında ikitərəfli münasibətlərin böyük perspektivləri var. Xorvatiya Prezidenti Stepan Mesiçin Azərbaycana rəsmi səfəri
Oktyabrın 2-3 tarixlərində Xorvatiya Respublikasının Prezidenti Stepan Mesiç Azərbaycanda rəsmi səfərdə olmuşdur.
Xorvatiya Respublikasının Prezidenti Stepan Mesiç oktyabrın 2-də Fəxri xiyabana gəlmişdir.
Xorvatiya dövlətinin başçısı türk dünyasının görkəmli oğlu, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla anaraq, məzarı önünə əklil qoydu.
Xorvatiya Prezidenti görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üstünə də tər gül dəstəsi qoydu.

Daha ətraflı
06.10.2007
MDB dövlət başçılarının növbəti zirvə toplantısı keçirilir
Oktyabrın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev MDB üzvü olan ölkələrin dövlət başçılarının növbəti zirvə toplantısında iştirak etmək üçün Tacikistanın paytaxtı Düşənbəyə yola düşmüşdür.
Düşənbə hava limanında Prezident İlham Əliyevi Tacikistanın nəqliyyat və kommunikasiyalar naziri Əbdürəhim Aşur və MDB-nin İcraiyyə Komitəsinin sədri - icraçı katib Vladimir Ruşaylo və digər rəsmi şəxslər qarşılamışlar.

Daha ətraflı
    © 2006 — 2007, Financial and Legal Consulting of The CIS Supported by «Marco Computer Technologies» Dizayn MEQA şirkəti tərəfindən hazırlanıb