Financial and Legal Consulting of The CIS Regional Cluster
             Az | Ru | En |
          
 
 
   

Azərbaycan Respublikasının Nazirlər Kabineti

Gömrük brokeri haqqında Əsasnamənin və Azərbaycan Respublikasında gömrük brokeri fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsi Qaydalarının təsdiq edilməsi haqqında

Qərar ¹ 101

Bakı şəhəri, 1 may 1998-ci il

Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikası Gömrük Məcəlləsinin tətbiq edilməsi barəd» 1997-ci il 25 iyul tarixli 616 nömrəli və «Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin siyahısının təsdiq edilməsi haqqında» 1997-ci il 4 oktyabr tarixli 637 nömrəli Fərmanlarına əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. «Gömrük brokeri haqqında Əsasnamə» və «Azərbaycan Respublikasında gömrük brokeri fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsi Qaydaları» təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi bu qərarın icrası ilə əlaqədar təlimatlar hazırlayıb mövcud qaydada təsdiq etsin və müvafiq tədbirlər həyata keçirsin.

3. Bu Qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri

A.RASİ-ZADƏ.

«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 may 1998-ci il, ¹ 5, maddə 343) («AzerSoft»).

7  noyabr 2002-ci il tarixli 173 saylı qərara əsasən əlavələr və dəyişikliklərlə («AzerSoft»).


Azərbaycan Respublikası
Nazirlər Kabinetinin 1998-ci il 1 may tarixli
101 nömrəli qərarı ilə təsdiq edilmişdir.

Gömrük brokeri haqqında Əsasnamə

1. Ümumi müddəalar

1.1. Gömrük brokeri (vasitəçi) — Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış, «Müəssisələr haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq fəaliyyət göstərən və Azərbaycan Respublikasının «Gömrük Məcəlləsi»nin və bu Əsasnamənin müddəalarına əsasən gömrük brokeri fəaliyyəti üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsindən müəyyən olunmuş qaydada lisenziya almış hüquqi şəxsdir.

1.2. Gömrük brokerinin fəaliyyəti, onun təmsil etdiyi şəxsin tapşırığı ilə və onun hesabına öz adından malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi əməliyyatlarının həyata keçirilməsindən və gömrük işi sahəsində digər vasitəçilik funksiyalarının yerinə yetirilməsindən ibarətdir.

2. Gömrük brokerinin fəaliyyəti

2.1. Gömrük brokerinin fəaliyyəti aşağıdakıları əhatə edir:

  • mal və nəqliyyat vasitələrinin bəyan edilməsi;
  • Azərbaycan Respublikasının gömrük orqanlarına sənədlərin və gömrük rəsmiləşdirilməsi üçün zəruri olan əlavə məlumatların təqdim edilməsi;
  • bəyan edilən malların və nəqliyyat vasitələrinin təqdim edilməsi;
  • gömrük ödənişlərinin və bəyan edilən mallar və nəqliyyat vasitələrinə aid Azərbaycan Respublikasının «Gömrük Məcəlləsi»ndə nəzərdə tutulmuş digər ödənişlərin ödənilməsinin təmin edilməsi;
  • bəyan edilən mallar və nəqliyyat vasitələri barəsində səlahiyyətlərə malik olan şəxs qismində gömrük rəsmiləşdirilməsi və gömrük nəzarəti üçün zəruri olan digər işlərin yerinə yetirilməsi.

2.2. İlkin əməliyyatlar həyata keçirilərkən gömrük brokeri aşağıdakıları yerinə yetirir:

  • Azərbaycan Respublikasının gömrük orqanlarını mal və nəqliyyat vasitələrinin gömrük buraxılış məntəqələrindən keçirilməsi niyyəti barədə xəbərdar edir;
  • gömrük məqsədləri üçün zəruri olan sənədlərin siyahısını tərtib edir;
  • zəruri hallarda malları və nəqliyyat vasitələrini müvəqqəti saxlanc anbarlarında yerləşdirir.

2.3. Gömrük brokeri bu Əsasnamənin 1.2 yarımbəndində göstərilən fəaliyyət və funksiyaları bütövlükdə yerinə yetirməlidir. Bunların qismən yerinə yetirilməsinə yol verilmir.

3. Gömrük brokerinin vəzifələri

3.1. Gömrük brokerinin vəzifələri aşağıdakılardan ibarətdir:

3.1.1. Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi tərəfindən müəyyən olunmuş forma üzrə və müddətlərdə mallar və nəqliyyat vasitələri, onların gömrük rejimləri haqqında, habelə gömrük məqsədləri üçün zəruri olan digər məlumatların gömrük orqanlarına bildirilməsi;

3.1.2. Azərbaycan Respublikası gömrük orqanlarının tələbi ilə bəyan edilən malların və nəqliyyat vasitələrinin təqdim edilməsi;

3.1.3. Azərbaycan Respublikasının gömrük orqanlarına sənədlərin və gömrük məqsədləri üçün zəruri olan əlavə məlumatların təqdim edilməsi;

3.1.4. təmsil etdiyi şəxsdən alınmış sənədlərin və gömrük məqsədləri üçün zəruri olan məlumatların düzgünlüyünün yoxlanması;

3.1.5. Azərbaycan Respublikası gömrük orqanlarının tələbi ilə malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsində iştirak etmək və bunun həyata keçirilməsində gömrük orqanlarına yardım göstərilməsi;

3.1.6. Azərbaycan Respublikası gömrük orqanlarının tələbi ilə təmsil etdiyi şəxsin hesabına gömrük nəzarətindən keçirilməli olan malların və nəqliyyat vasitələrinin daşınmasının, çəkilməsinin və ya miqdarının digər şəkildə təyin edilməsinin, yüklənməsinin, boşaldılmasının, yenidən yüklənməsinin, zədələnmiş qabların düzəldilməsinin, qablaşdırılmasının, açılmasının və ya yenidən qablaşdırılmasının, həmçinin binaların, tutarların və göstərilən malların və nəqliyyat vasitələrinin ola biləcəyi yerlərin açılmasının həyata keçirilməsi;

3.1.7. gömrük ödənişlərinin düzgün hesablanması;

3.1.8. gömrük brokeri ilə və onun təmsil etdiyi şəxs arasında bağlanmış müqavilədə gömrük ödənişləri nəzərdə tutulduğu hallarda, bəyan edilən mallar və nəqliyyat vasitələri üzrə gömrük ödənişləri gömrük brokeri tərəfindən ödənilməsinin, digər hallarda isə gömrük brokerinin təmsil etdiyi şəxs və ya hər bir marağı olan şəxs tərəfindən ödənilməsinin təmin edilməsi.

Azərbaycan Respublikasının gömrük sərhədindən malları və nəqliyyat vasitələrini keçirən şəxs özü deklarant olmadığı hallarda, bu şəxs gömrük ödənişlərinin ödənilməsi üzrə gömrük brokeri ilə bərabər eyni məsuliyyət daşıyır;

3.1.9. Azərbaycan Respublikasının qanunvericiliyinə zidd olmayan formalarda təmsil olunan şəxs tərəfindən, yaxud 3.1.8 yarımbəndində göstərilməyən hallarda üçüncü şəxslər tərəfindən gömrük ödənişlərinin vaxtında və tam ödənilməsinin həyata keçirilməsi;

3.1.10. gömrük brokeri tərəfindən bəyan edilən mallar və nəqliyyat vasitələri barəsində baytarlıq, fito-sanitar və digər icra hakimiyyəti orqanları tərəfindən aparılan başqa dövlət nəzarəti növlərinin həyata keçirilməsinin təmin edilməsi;

3.1.11. mallar və nəqliyyat vasitələri buraxılanadək, yaxud onlar seçilmiş gömrük rejiminə uyğun olaraq təmsil olunan şəxsin sərəncamına verilənədək, barəsində gömrük rəsmiləşdirilməsi başa çatmamış mallardan və nəqliyyat vasitələrindən istifadəyə və onlar üzərində sərəncam verilməsinə aid şərtlərə və məhdudyyətlərə əməl olunması;

3.1.12. gömrük brokeri tərəfindən bəyan edilmiş malların və nəqliyyat vasitələrinin uçotunun aparılması, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi tərəfindən müəyyən olunmuş qaydada Azərbaycan Respublikasının gömrük orqanına bu cür mallar və nəqliyyat vasitələri və bunlarla apardığı əməliyyatlar haqqında hesabat verilməsi;

3.1.13. gömrük brokeri tərəfindən istifadə olunan avtomatik informasiya vasitələrinin və proqram məhsullarının, Azərbaycan Respublikasının gömrük orqanları tərəfindən istifadə olunan avtomatik informasiya vasitələri və proqram məhsulları ilə uzlaşmasının təmin edilməsi;

3.1.14. hər hansı bir aşkar edilmiş dəyişiklik, məhv olma, tara və qablaşdırmanın zədələnməsi, malların onlar barəsində nəqliyyat, kommersiya və digər sənədlərdəki məlumatlara uyğun gəlməməsi, müxtəlif sənədlərdə mallara aid məlumatların uyğunsuzluğu və gömrük işinə aid buna bənzər hallar barədə gömrük orqanlarını xəbərdar etmək;

3.1.15. gömrük məqsədləri üçün təmsil etdiyi şəxsdən aldığı informasiyadan müstəsna olaraq bu məqsədlər üçün istifadə edilməsi;

  • təmsil etdiyi şəxsdən alınmış kommersiya, bank və ya qanunvericiliklə qorunan sirr olan, habelə məxfi məlumatların aşkar edilməsinə, öz məqsədləri üçün istifadə edilməsinə, üçüncü şəxslərə verilməsinə aid Azərbaycan Respublikasının «Gömrük Məcəlləsi»ndə, digər qanunvericilik aktlarında nəzərdə tutulmuş qadağanlara və məhdudiyyətlərə əməl olunmasının təmin edilməsi;

3.1.16. təmsil etdiyi şəxsin mallar və nəqliyyat vasitələrinə səlahiyyətlərinin yoxlanması, onlara Azərbaycan Respublikasının gömrük qanunvericiliyi tələblərinin izah edilməsi;

3.1.17. gömrük brokerinin ştatında olan gömrük rəsmiləşdirilməsi üzrə mütəxəssislərin bilik səviyyələrinin, bu mütəxəssislər üçün gömrük qanunvericiliyində nəzərdə tutulmuş tələblərə uyğun olmasına və onlar tərəfindən həmin tələblərə əməl edilməsinə nəzarət;

3.2. Gömrük nəzarəti və gömrük rəsmiləşdirilməsi həyata keçirilərkən gömrük brokeri malları və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirtdiyi qaydada özü bütün vəzifələri müstəqil surətdə yerinə yetirir və məsuliyyət daşıyır.

3.3. Gömrük rəsmiləşdirilməsi zamanı gömrük brokerinin vəzifələri malların və nəqliyyat vasitələrinin hansı növ gömrük rejimi altında yerləşdirilməsindən asılı olaraq müəyyən edilir.

Bu əməliyyatların həyata keçirilməsi faktı heç də gömrük rejiminin tamamlanması ilə bağlı əməliyyatların yerinə yetirilməsini, həmçinin Azərbaycan Respublikası Gömrük Məcəlləsinin müddəalarına uyğun olaraq malları və nəqliyyat vasitələrini gömrük sərhədindən yalnız keçirən şəxsə, yaxud da digər adı çəkilmiş şəxsə həvalə oluna bilən vəzifələri gömrük brokerinin üzərinə qoymur.

3.4. Azərbaycan Respublikasının gömrük sərhədindən malları və nəqliyyat vasitələrini keçirən şəxs, gömrük rəsmiləşdirilməsi gömrük brokeri vasitəsilə aparıldıqda, Azərbaycan Respublikasının gömrük orqanları tərəfindən alınan gömrük ödənişlərinin ödənilməsinə görə gömrük brokeri ilə birgə məsuliyyət daşıyır.

3.5. Qanunvericilikdə nəzərdə tutulan digər vəzifələr.

4. Gömrük brokerinin təmsil etdiyi şəxslərlə qarşılıqlı münasibətləri

4.1. Gömrük brokerinin təmsil etdiyi şəxslərlə qarşılıqlı münasibətləri, onlar arasında bağlanmış müqavilə əsasında qurulur.

4.2. Gömrük brokeri ona müraciət etmiş hər hansı bir şəxsə, həmin şəxsin hərəkətinin və ya hərəkətsizliyinin qanunvericiliyə zidd olması və qanunvericilik aktlarının müddəalarına əsasən məsuliyyətə cəlb olunacağı barədə kifayət qədər əsaslar olmağı halda, bu Əsasnamədə nəzərdə tutulan digər hallar istisna olmaqla, gömrük brokeri xidməti üzrə qarşılıqlı münasibətlər barədə müqavilə bağlamağa borcludur.

4.3. Bağlanmış müqavilədə, gömrük brokerinin təmsil etdiyi şəxsin hərəkətində və hərəkətsizliyində qanunvericiliyə zidd və qanunvericilik aktlarının müddəalarına əsasən məsuliyyətə cəlb olunacağı barədə gömrük brokerinin kifayət dərəcədə əsasları olduğu halda müqavilənin pozulması barədə müddəa yazılmalıdır.

Müqavilə, Azərbaycan Respublikasının Gömrük Məcəlləsində nəzərdə tutulmuş, gömrük bəyannaməsinin geri götürülməsi hüququna xitam verilməsi anına qədər pozulduğu hallarda gömrük brokeri gömrük qaydalarının pozulması üzrə məsuliyyət daşımır. Müqavilənin bu andan sonra pozulması gömrük brokerinin gömrük qaydalarının pozulmasına görə məsuliyyətdən azad etmir.

4.4. Gömrük brokerinin təmsil etdiyi şəxs gömrük brokeri ilə malların və nəqliyyat vasitələrinin bəyan edilməsi barədə bağladığı müqaviləni, bu mallar və nəqliyyat vasitələri haqqında məlumatlar bildirilmiş bəyannamənin geri götürülməsi hüququna xitam verilməsi anından sonra poza bilməz.

4.5. Təmsil etdiyi şəxsin gömrük rəsmiləşdirilməsi üzrə əməliyyatların həyata keçirilməsi tapşırığına malik olan gömrük brokeri gömrük orqanları qarşısında malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsində gömrük qaydalarının pozulmasına görə məsuliyyət daşıyır.

4.6. Gömrük brokerinin təmsil etdiyi şəxs gömrük işi sahəsində bu Əsasnamənin 1.2 yarımbəndində göstərilən funksiyaların yalnız bütövlükdə yerinə yetirilməsinə dair gömrük brokerinə tapşırıq verə bilər. Mallar və nəqliyyat vasitələri barəsində bir neçə gömrük brokerinə verilmiş eyni funksiyaların yerinə yetirilməsi barədə tapşırığa, yaxud gömrük brokerinin səlahiyyətlərinin yalnız bu funksiyaların bir hissəsinin yerinə yetirilməsi ilə və ya bir funksiya həddində bir sıra əməliyyatların həyata keçirilməsi ilə məhdudlaşdırılmasına yol verilmir.

4.7. Azərbaycan Respublikasının gömrük orqanları tərəfindən əsas gömrük rəsmiləşdirilməsi bağlandıqdan sonra gömrük işi sahəsində bu Əsasnamənin 1.2 yarımbəndində göstərilən eyni funksiyaların yerinə yetirilməsi barədə tapşırığın bir neçə gömrük brokerinə verilməsi aşkar edilərsə, təmsil etdiyi şəxsin lazımi dərəcədə tapşırığı olan və gömrük rəsmiləşdirilməsi üzrə birinci olaraq hüquqi əhəmiyyətli iş görmüş brokerə, gömrük brokeri kimi baxılır.

4.8. Gömrük brokerinin təmsil etdiyi şəxslərlə gömrük brokeri xidməti üzrə qarşılıqlı münasibətlər barədə bağladığı müqavilələr notarial qaydada təsdiq olunmalıdır.

5. Gömrük brokerinin hüquqları

Gömrük brokerinin hüquqları aşağıdakılardır:

5.1. malların və nəqliyyat vasitələrnin gömrük rəsmiləşdirilməsində Azərbaycan Respublikasının gömrük qanunvericiliyində nəzərdə tutulmuş qaydada gömrük orqanlarının vəzifəli şəxsləri tərəfindən prob və nümunələrin götürülməsi zamanı iştirak etmək;

5.2. gömrük nəzarəti altında mallara və nəqliyyat vasitələrinə baxış keçirmək, onların çəkilməsini təmin etmək və digər üsulla miqdarını müəyyən etmək, habelə Azərbaycan Respublikası gömrük orqanının icazəsi ilə malların prob və nümunələrini götürmək (gömrük nəzarəti olan mallardan prob və nümunələrin götürülməsi haqqında Dövlət Gömrük Komitəsinin müəyyən etdiyi formada akt tərtib olunur);

Azərbaycan Respublikasının ərazisindən çıxarılan mallar üzrə göstərilən əməliyyatlar gömrük rəsmiləşdirilməsinə qədər yerinə yetirildikdə, bu cür icazə tələb olunmur.

5.3. mallardan götürülmüş prob və nümunələrin Azərbaycan Respublikasının gömrük orqanları tərəfindən aparılmış ekspertizasının nəticələri ilə tanış olmaq;

5.4. mallardan prob və nümunələrin götürülməsi ilə əlaqədar xərclərin Azərbaycan Respublikasının gömrük qanunvericiliyinə uyğun olaraq təmsil etdiyi şəxsin hesabına ödənilməsini təmin etmək;

5.5. malların və nəqliyyat vasitələrinin məhv olması, həmişəlik itirilməsi və ya əhəmiyyətli dərəcədə korlanması üçün real təhlükə istisna edilməklə, Azərbaycan Respublikasının gömrük orqanlarının nəzarəti altında və yalnız Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin icazəsi ilə malların və nəqliyyat vasitələrinin eyniləşdirilməsini həyata keçirmək, eyniləşdirmək vasitələrini dəyişdirmək, kənarlaşdırmaq, məhv etmək;

5.6. Azərbaycan Respublikasının gömrük orqanının icazəsi ilə gömrük nəzarəti zonalarına daxil olmaq hüququ olan işçilərin siyahısını tərtib etmək və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq bu zonalarda gömrük rəsmiləşdirilməsi üzrə əməliyyatların həyata keçirilməsi üçün zəruri olan xidməti otaqlara malik olmaq;

5.7. təmsil etdiyi şəxsdən gömrük məqsədləri üçün zəruri olan kommersiya, bank və ya qanunla qorunan digər sirri və yaxud gizli informasiyanı daxil edən sənədlərin və məlumatların təqdim edilməsini tələb etmək və bu cür sənədləri və məlumatları Azərbaycan Respublikasının gömrük qanunvericiliyinin tələblərinə əməl edilməsini təmin edən müddətlərdə almaq;

5.8. Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi tərəfindən müəyyən edilmiş hallarda və qaydada Azərbaycan Respublikasının gömrük orqanları qarşısında təmsil etdiyi şəxsin öz öhdəliklərinin lazımi qaydada yerinə yetirilməsi üzrə zamin qismində çıxış etmək və bu şəxslərin ayrı-ayrı kateqoriyalarına müqavilənin qiyməti və digər şərtləri barəsində güzəştlər vermək;

5.9. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Azərbaycan Respublikası Gömrük Məcəlləsinin müddəalarına uyğun olaraq müəyyən etdiyi qaydada Azərbaycan Respublikasının gömrük orqanlarından məlumatlar və məsləhətlər almaq, gömrük məntəqəsindən ötrü istifadə olunan informasiya şəbəkələrinə daxil olmaq;

5.10. müəyyən olunmuş qaydada Azərbaycan Respublikası gömrük orqanlarının və onların vəzifəli şəxslərinin qərarlarından, hərəkət və hərəkətsizliyindən əsaslanmış şikayət etmək;

5.11. Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş digər hüquqlar.

6. Gömrük brokerinin məsuliyyəti

1. Bu Əsasnamənin pozulmasına görə gömrük brokeri mövcud qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyır.

2. Gömrük nəzarəti və gömrük rəsmiləşdirilməsi həyata keçirərkən gömrük brokeri Azərbaycan Respublikasının gömrük sərhədindən müstəqil olaraq malları keçirən şəxs kimi bütün vəzifələri yerinə yetirir və həmin şəxs kimi tam məsuliyyət daşıyır.

3. Dövlət Gömrük Komitəsindən ixtisas attestatını almış mütəxəssis gömrük rəsmiləşdirilməsi ilə əlaqədar əməliyyatları gömrük brokeri adından yerinə yetirdikdə, o, bu iş üçün gömrük brokeri tərəfindən vəkil edilmiş hesab olunur və gömrük brokerinin bunun əksini sübut etdiyi hallar istisna edilir.


Azərbaycan Respublikası
Nazirlər Kabinetinin 1998-ci il 1 may tarixli
101 nömrəli qərarı ilə təsdiq edilmişdir.

Azərbaycan Respublikasında gömrük brokeri fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsi Qaydaları

1. Ümumi müddəalar

1.1. Bu Qaydalar «Sahibkarlıq fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 27 yanvar tarixli 543 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Bəzi sahibkarlıq fəaliyyəti növlərinə xüsusi razılıq (lisenziya) verilməsi haqqında Əsasnamə»yə və «Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin siyahısının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 4 oktyabr tarixli 637 nömrəli Fərmanına əsasən hazırlanmışdır və gömrük brokeri kimi fəaliyyət göstərmək üçün xüsusi razılıq (lisenziya) verilməsi (bundan sonra lisenziya) qaydalarını müəyyən edir.

1.2. Bu Qaydalara əsasən Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi (bundan sonra Dövlət Gömrük Komitəsi) tərəfindən Azərbaycan Respublikasının hüquqi şəxslərinə (bundan sonra «ərizəçilər») gömrük brokeri fəaliyyəti üçün verilən lisenziya rəsmi sənəddir.

1.3. Ərizəçilər yalnız bu Qaydalara əsasən lisenziya aldıqdan sonra gömrük brokeri kimi fəaliyyətini gömrük işi haqqında qanunvericiliyə və Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş «Gömrük brokeri haqqında Əsasnamə»yə uyğun olaraq həyata keçirə bilərlər.

1.4. Lisenziyanın sahibi verilən lisenziyadan yalnız özü istifadə edə bilər, onu başqa şəxslərə verə bilməz və bu lisenziyanın qüvvəsi lisenziya sahibinin təsisçisi olduğu hüquqi şəxslərə, lisenziyanın sahibi ilə birgə fəaliyyət, o cümlədən onunla birgə əməkdaşlıq barədə bağlanmış müqavilə əsasında fəaliyyət göstərən başqa şəxslərə şamil edilmir.

2. Lisenziyanın verilməsi

2.1. Lisenziya almaq üçün ərizəçi Dövlət Gömrük Komitəsinə aşağıdakı sənədləri təqdim etməlidir:

  • lisenziya almaq üçün ərizə.

Ərizədə aşağıdakılar göstərilməlidir:

  • hüquqi şəxsin adı, ünvanı, identifikasiya kodu;
  • ştatında gömrük rəsmiləşdirilməsi üzrə Dövlət Gömrük Komitəsi tərəfindən verilmiş ixtisas attestasiyasına malik olan mütəxəssislərin olması;
  • müəyyən olunmuş qaydada öz fəaliyyəti üçün sığorta müqaviləsinin bağlanması barədə məlumat;
  • dövlət qeydiyyatı haqqında şəhadətnamənin qeydiyyat nömrəsi və tarixi;
  • gömrük brokeri fəaliyyət göstərmək üçün kifayət dərəcədə maddi-texniki təchizatın olması haqqında məlumat;
  • ərizənin manat və valyuta hesabları, hesabların açıldığı bankların identifikasiya kodu;

2.2. Ərizəyə aşağıda göstərilən sənədlər əlavə edilir:

  • təsis və qeydiyyat sənədlərinin surətləri (nizamnamə, təsis müqaviləsi, dövlət qeydiyyatı haqqında şəhadətnamə);
  • sığorta şəhadətnaməsinin (polisinin) surəti;
  • gömrük brokeri fəaliyyətinə lisenziya verilməsi üçün rüsumun ödənilməsini təsdiq edən ödəniş sənədi.

2.3. Ərizə və bu Qaydalarda nəzərdə tutulan sənədlər Dövlət Gömrük Komitəsinə təqdim edilir və xüsusi qeydiyyata alınmaqla qəbul edilir. Qeydiyyat tarixindən etibarən ərizəyə 15 gün müddətində baxılır. Bu müddət ərzində Dövlət Gömrük Komitəsi təqdim olunmuş sənədlərin gömrük brokeri fəaliyyəti üçün mövcud qanunvericilik və normativ aktlarının müddəalarına uyğunluğunu yoxlayır və çatışmazlıqlar olmadıqda və ya imtina üçün əsas olmadıqda lisenziya verilməsi haqqında qərar qəbul edir.

Təqdim olunmuş sənədlərdə çatışmazlıqlar aşkar edildikdə, bu barədə ərizəçiyə yazılı məlumat verilir, onlar aradan qaldırıldıqdan və sənədlər təkrar təqdim edildikdən sonra onlara 5 gün müddətində baxılır və müvafiq qərar qəbul edilir.

Bu bənddə göstərilən müddətlərin son günü qeyri iş gününə düşərsə, ondan sonrakı iş günü müddətin qurtarma günü hesab olunur.

2.4. Lisenziya verilməsindən aşağıdakı hallarda imtina edilir:

2.4.1. bu Qaydalarda nəzərdə tutulmuş sənədlər təqdim edilmədikdə;

2.4.2. ərizəçinin təqdim etdiyi sənədlərdə qeyri-dürüst və ya təhrif olunmuş məlumatlar olduqda;

2.4.3. gömrük brokeri fəaliyyətinə lisenziya almaqdan ötrü təqdim olunmuş sənədlər gömrük işi haqqında qanunvericilik aktlarının müvafiq müddəalarına uyğun olmadıqda və bu müddəalardan irəli gələn tələblər ödənilmədikdə;

2.4.4. ərizəçinin əvvəllər bu fəaliyyət növü üçün aldığı lisenziyanın lisenziya verən Dövlət Gömrük Komitəsinin qərarı ilə ləğv edilməsindən 2 il keçməmişdirsə;

2.5.5. ərizəçinin əvvəllər bu fəaliyyət növü üçün aldığı lisenziyanın fəaliyyəti Dövlət Gömrük Komitəsinin təşəbbüsü ilə dayandırıldığı dövrdə müraciət etdikdə;

2.4.6. qanunvericilikdə nəzərdə tutulan digər hallarda.

2.5. Ərizəçi, lisenziya verilməsindən imtinaya əsas olmuş halları aradan qaldırdıqdan sonra lisenziya almaq üçün bu Qaydalara uyğun olaraq Dövlət Gömrük Komitəsinə müraciət etmək və ya imtina barədə qərarla razılaşmadıqda məhkəməyə müraciət etmək hüququna malikdir.

2.6. Hüquqi şəxs ləğv olunduqda onlara verilmiş lisenziyalar qüvvəsini itirir.

Lisenziya almış hüquqi şəxs yenidən təşkil edildikdə, onun adı və ünvanı dəyişdirildikdə, lisenziya itirildikdə ərizəçi 15 gün müddətində lisenziyanın yenidən rəsmiləşdirilməsi üçün ərizə təqdim etməlidir.

Lisenziyanın yenidən rəsmiləşdirilməsi onun verilməsi üçün müəyyən olunmuş qaydada həyata keçirilir.

Lisenziyanın yenidən rəsmiləşdirildiyi müddətdə lisenziyanın sahibi öz fəaliyyətini əvvəlki lisenziya əsasında, lisenziya itirildikdə isə Dövlət Gömrük Komitəsinin verdiyi müvəqqəti icazə əsasında həyata keçirir. Dövlət Gömrük Komitəsinin rəhbəri tərəfindən imzalanmış və möhürlə təsdiq edilmiş müvəqqəti icazə lisenziyanın yenidən rəsmiləşdirilməsi üçün bütün sənədlər təqdim edildikdə verilir.

3. Lisenziya

3.1. Lisenziyada aşağıdakılar göstərilir:

3.1.1. Dövlət Gömrük Komitəsinin adı;

3.1.2. lisenziya verilən müəssisə, təşkilat və idarənin adı və hüquqi ünvanı;

3.1.3. həyata keçirilməsinə lisenziya verilən fəaliyyət növü;

3.1.4. lisenziyanın qüvvədə olma müddəti;

3.1.5. müvafiq fəaliyyət növünün həyata keçirilməsi qaydası;

3.1.6. lisenziyanın qeydiyyat nömrəsi və verilmə tarixi.

3.2. Lisenziyalar Dövlət Gömrük Komitəsinin sədri və yaxud onu əvəz edən şəxs tərəfindən imzalanır, imza Dövlət Gömrük Komitəsinin gerb möhürü ilə təsdiq edilir.

4. Lisenziyanın müddəti

4.1. Lisenziya 3 il müddətinə verilir.

4.2. Lisenziyanın qüvvədə olma müddətinin uzadılması onun verilməsi üçün müəyyən olunmuş qaydada həyata keçirilir.

4.3. Müddəti bitmiş lisenziyalar etibarsız hesab edilir.

5. Lisenziyanın qüvvədə olma qaydaları və nəzarət

5.1. Bu Qaydalara əsasən lisenziya sahibləri gömrük brokerinin fəaliyyətini həyata keçirərkən aşağıdakı qaydalara riayət etməlidirlər:

5.1.1. ştatında gömrük rəsmiləşdirilməsi üçün ixtisas attestasiyasına malik olan mütəxəssislərin olmasını təmin etmək;

5.1.2. mövcud qanunvericiliyə uyğun olaraq öz fəaliyyəti üçün sığorta müqaviləsini bağlamaq;

5.1.3. gömrük brokeri kimi fəaliyyət göstərmək üçün kifayət qədər maddi-texniki təchizata malik olmaq;

5.1.4. gömrük nəzarəti altında olan mallarla aparılan əməliyyatları dəqiq və dolğun əks etdirən uçot və hesabat aparılmasını təmin etmək;

5.1.5. lisenziyada göstərilmiş fəaliyyət növünü mövcud qanunvericilik və normativ aktlarının müddəalarına uyğun olaraq həyata keçirmək;

5.1.6. kommersiya sirri olan və ya digər gizli məlumatlardan qanunsuz istifadə edilməsinə yol verməmək;

5.1.7. gömrük işi haqqında qanunvericilik və normativ aktlarına və bu Qaydalara riayət etmək.

5.2. Lisenziyanın qüvvədə olma qaydalarına nəzarəti gömrük işi haqqında qanunvericilik və normativ aktlarına uyğun olaraq Dövlət Gömrük Komitəsi həyata keçirir.

5.3. Nəzarət qaydasında Dövlət Gömrük Komitəsinin səlahiyyətlərinə aşağıdakılar daxildir:

5.3.1. lisenziyada göstərilən fəaliyyət növünün həyata keçirilməsini tənzimləyən normativ-hüquqi aktlara və lisenziya qaydalarına riayət edilməsini yoxlamaq;

5.3.2. yoxlama zamanı ortaya çıxan suallara aid lisenziya sahibindən məlumatlar, arayışlar tələb etmək;

5.3.3. yoxlamanın nəticələrinə dair pozuntuları və onların aradan qaldırılması müddəti göstərilməklə akt tərtib etmək;

5.3.4. aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə lisenziya sahibinə xəbərdarlıq etmək.

5.4. Lisenziya sahibi aparılan yoxlama zamanı Dövlət Gömrük Komitəsinin nümayəndələrinə yoxlamanın aparılması üçün zəruri olan normal şərait yaratmağa və tələb olunan sənədləri təqdim etməyə borcludur.

5.5. Gömrük orqanları yoxlamanın nəticəsi barədə iki nüsxədə akt tərtib edirlər, akt gömrük brokeri və gömrük orqanının nümayəndələri tərəfindən imzalanır. Aktı imzalamaqdan imtina edildikdə bu barədə aktda qeyd edilir. Akta lisenziya sahibinin izahatı əlavə edilir. Aktın bir nüsxəsi lisenziya sahibində qalır.

5.6. Dövlət Gömrük Komitəsi zəruri olduqda müvafiq təşkilatların nümayəndələrini gömrük işi haqqında normativ-hüquqi aktlarına və bu Qaydalara uyğun nəzarət qaydasında aparılan yoxlamalara cəlb edə bilər.

6. Lisenziyanın fəaliyyətinin dayandırılması və ya ləğv edilməsi

6.1. Gömrük brokeri fəaliyyətinə verilmiş lisenziya Dövlət Gömrük Komitəsi tərəfindən aşağıdakı hallarda dayandırılır:

6.1.1. lisenziya sahibi tərəfindən müvafiq ərizə təqdim edildikdə;

6.1.2. lisenziya sahibi tərəfindən normativ aktlara əməl edilmədikdə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müvafiq dövlət orqanları tərəfindən lisenziya sahibinin fəaliyyəti dayandırıldıqda;

6.1.3. lisenziya sahibinin müflisləşməsi faktı Azərbaycan Respublikasının qanunvericiliyi ilə təsdiq edildikdə;

6.1.4. gömrük işi haqqında qanunvericilik və normativ aktlarına uyğun olaraq gömrük brokerinin fəaliyyəti üçün tələb olunan zəruri şəraitin və şərtlərin pozulduğu aşkar edildikdə;

6.1.5. Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulan digər hallarda.

6.2. Dövlət Gömrük Komitəsi lisenziyanın fəaliyyətinin dayandırılması haqqında qərar qəbul etdiyi andan 5 gün müddətində yazılı şəkildə lisenziyanın sahibinə və dövlət vergi xidməti orqanlarına məlumat verir.

Lisenziyanın fəaliyyətinin dayandırılmasına səbəb olan hallar dəyişildikdə lisenziyanın fəaliyyəti lisenziyanın sahibinin müraciətinə əsasən bərpa edilə bilər. Dövlət Gömrük Komitəsi tərəfindən bu barədə qərar qəbul edildikdə lisenziyanın fəaliyyəti bərpa edilmiş hesab olunur, həmin qərar qəbul edilmiş andan 5 gün müddətində lisenziyanın sahibinə və dövlət vergi xidməti orqanlarına məlumat verilir.

6.3. Lisenziya aşağıdakı hallarda ləğv edilir:

6.3.1. lisenziya sahibi tərəfindən müvafiq ərizə təqdim edildikdə;

6.3.2. lisenziya verilməsi üçün təqdim edilən sənədlərdə düzgün olmayan məlumatlar aşkar edildikdə;

6.3.3. lisenziyanın qüvvədə olma qaydaları lisenziya sahibi tərəfindən pozulduqda;

6.3.4. məhkəmənin müvafiq qərarı olduqda;

6.3.5. lisenziya almış hüquqi şəxs ləğv edildikdə;

6.3.6. gömrük brokeri gömrük işi haqqında qanunvericilik və normativ aktlarının tələblərinə riayət etmədikdə;

6.3.7. Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulan digər hallarda.

6.4. Dövlət Gömrük Komitəsi lisenziyanın ləğv edilməsi haqqında qərar qəbul etdiyi andan 5 gün müddətində yazılı şəkildə lisenziyanın sahibinə və dövlət vergi xidməti orqanlarına məlumat verir.

6.5. Lisenziya ləğv edildikdə və ya onun fəaliyyəti dayandırıldıqda lisenziyanın verilməsinə görə alınmış haqlar lisenziya sahibinə qaytarılmır.

6.6. Dövlət Gömrük Komitəsi verdiyi, qeydə aldığı, dayandırdığı, bərpa etdiyi və ləğv etdiyi lisenziyaların reyestrini aparır.

7. Məsuliyyət

1. Dövlət Gömrük Komitəsinin rəhbərləri və vəzifəli şəxsləri lisenziyalaşdırma haqqında Azərbaycan Respublikasının qanunvericiliyinin pozulması, yaxud onun lazımi şəkildə icra olunmamasına görə mövcud qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar.

2. Dövlət Gömrük Komitəsinin qərarlarından və hərəkətlərindən müəyyən olunmuş qaydada məhkəmə orqanlarına şikayət oluna bilər.

3. Bu Qaydalarda göstərilən gömrük brokerinin fəaliyyətini lisenziyasız həyata keçirənlər mövcud qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar.

© AzerSoft

Rəsmi məlumatlar Arxiv    
06.10.2007
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 2-də Prezident sarayında Qara Dəniz və Xəzər Dənizi Sahibkarlar Konfederasiyaları Birliyinin və Türk Sənayeçiləri və İş Adamları Birliyinin prezidenti Arzuxan Doğanı, Mərmərə qrupu vəqfinin sədri Akkan Suveri və ATA Holdinqin baş direktoru Əhməd Erentoku qəbul etmişdir. Azərbaycan Prezidenti ölkəmizdə “Qara dəniz və Xəzər dənizi regionunda regional birbaşa xarici investisiyalar” mövzusunda beynəlxalq konfransın keçirilməsinin böyük əhəmiyyətə malik olduğunu qeyd etdi və konfrans iştirakçılarına təbrik məktubu ünvanladığını bildirdi.

Daha ətraflı
06.10.2007
Azərbaycan və Xorvatiya arasında ikitərəfli münasibətlərin böyük perspektivləri var. Xorvatiya Prezidenti Stepan Mesiçin Azərbaycana rəsmi səfəri
Oktyabrın 2-3 tarixlərində Xorvatiya Respublikasının Prezidenti Stepan Mesiç Azərbaycanda rəsmi səfərdə olmuşdur.
Xorvatiya Respublikasının Prezidenti Stepan Mesiç oktyabrın 2-də Fəxri xiyabana gəlmişdir.
Xorvatiya dövlətinin başçısı türk dünyasının görkəmli oğlu, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla anaraq, məzarı önünə əklil qoydu.
Xorvatiya Prezidenti görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üstünə də tər gül dəstəsi qoydu.

Daha ətraflı
06.10.2007
MDB dövlət başçılarının növbəti zirvə toplantısı keçirilir
Oktyabrın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev MDB üzvü olan ölkələrin dövlət başçılarının növbəti zirvə toplantısında iştirak etmək üçün Tacikistanın paytaxtı Düşənbəyə yola düşmüşdür.
Düşənbə hava limanında Prezident İlham Əliyevi Tacikistanın nəqliyyat və kommunikasiyalar naziri Əbdürəhim Aşur və MDB-nin İcraiyyə Komitəsinin sədri - icraçı katib Vladimir Ruşaylo və digər rəsmi şəxslər qarşılamışlar.

Daha ətraflı
    © 2006 — 2007, Financial and Legal Consulting of The CIS Supported by «Marco Computer Technologies» Dizayn MEQA şirkəti tərəfindən hazırlanıb