Azərbaycan Respublikasının Nazirlər
Kabineti
Azərbaycan Respublikasında gömrük
daşıyıcısı fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsi Qaydalarının
təsdiq edilməsi haqqında
Qərar ¹ 102
Bakı şəhəri, 1 may 1998-ci il
«Xüsusi razılıq (lisenziya) tələb
olunan fəaliyyət növlərinin siyahısının təsdiq edilməsi haqqında»
Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 4 oktyabr tarixli
637 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının Nazirlər
Kabineti qərara alır:
1. «Azərbaycan Respublikasında
gömrük daşıyıcısı fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsi
Qaydaları» təsdiq edilsin (əlavə olunur).
2. Azərbaycan Respublikasının
Dövlət Gömrük Komitəsi bu qərarın icrası ilə əlaqədar təlimatlar
hazırlayıb mövcud qaydada təsdiq etsin və müvafiq tədbirlər həyata
keçirsin.
3. Bu Qərar imzalandığı gündən
qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri
A.RASİ-ZADƏ.
«Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu»nda dərc olunmuşdur (31 may 1998-ci il, ¹ 5, maddə 344)
(«AzerSoft»).
7 noyabr 2002-ci il tarixli 173 nömrəli
qərara əsasən qüvvədən düşmüşdür («AzerSoft»).
Azərbaycan
Respublikası
Nazirlər Kabinetinin 1998-ci il 1 may tarixli
102 nömrəli qərarı ilə təsdiq edilmişdir.
Azərbaycan
Respublikasında gömrük
daşıyıcısı fəaliyyətinə xüsusi
razılıq (lisenziya) verilməsi Qaydaları
1. Ümumi müddəalar
1.1. Bu Qaydalar «Sahibkarlıq
fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanununa, Azərbaycan
Respublikası Prezidentinin 1997-ci il 27 yanvar tarixli 543 nömrəli
Fərmanı ilə təsdiq edilmiş «Bəzi sahibkarlıq fəaliyyəti növlərinə
xüsusi razılıq (lisenziya) verilməsi haqqında Əsasnamə»yə və «Xüsusi
razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin siyahısının
təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin
1997-ci il 4 oktyabr tarixli 637 nömrəli Fərmanına əsasən hazırlanmışdır
və gömrük daşıyıcısı fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsi
(bundan sonra lisenziya) qaydalarını müəyyən edir.
1.2. Bu Qaydalara əsasən Azərbaycan
Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış, «Müəssisələr
haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq fəaliyyət
göstərən hüquqi şəxslərə (bundan sonra ərizəçilər) gömrük daşıyıcısı
fəaliyyəti üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi
(bundan sonra Dövlət Gömrük Komitəsi ) tərəfindən verilən lisenziya
rəsmi sənəddir.
1.3. Ərizəçilər yalnız bu Qaydalara
əsasən lisenziya aldıqdan sonra gömrük daşıyıcısı kimi fəaliyyətini
gömrük işi haqqında qanunvericiliyə və Dövlət Gömrük Komitəsi
tərəfindən təsdiq edilmiş Əsasnaməyə uyğun olaraq həyata keçirə
bilərlər.
1.4. Lisenziyanın sahibi verilən
lisenziyadan yalnız özü istifadə edə bilər, onu başqa şəxslərə
verə bilməz və bu lisenziyanın qüvvəsi lisenziya sahibinin təsisçisi
olduğu hüquqi şəxslərə, lisenziyanın sahibi ilə birgə fəaliyyət,
o cümlədən onunla birgə əməkdaşlıq barədə bağlanmış müqavilə əsasında
fəaliyyət göstərən başqa şəxslərə şamil edilmir.
2. Lisenziyanın verilməsi
2.1. Lisenziya almaq üçün ərizəçi
Dövlət Gömrük Komitəsinə aşağıdakı sənədləri təqdim etməlidir:
- lisenziya almaq üçün ərizə.
Ərizədə aşağıdakılar göstərilməlidir:
- hüquqi şəxsin adı, ünvanı, identifikasiya kodu;
- gömrük işi haqqında Azərbaycan Respublikası
qanunvericiliyinə riayət edilməsinin təmin olunması üzrə Azərbaycan
Respublikası Dövlət Gömrük Komitəsinin müəyyən etdiyi tələblərə
uyğun təchiz olunmuş nəqliyyat vasitələrinin olması barədə məlumat;
- müəyyən olunmuş qaydada öz fəaliyyəti üçün
sığorta müqaviləsinin bağlanması barədə məlumat;
- gömrük daşıyıcısının mülkiyyətində və ya icarəsində
üç ildən az olmayan müddətə götürülmüş, tələb olunan təchizata
malik kifayət sayda nəqliyyat vasitəsinin olması və gömrük daşıyıcısının
qeydə alındığı yer üzrə Azərbaycan Respublikasının müvafiq gömrük
orqanının fəaliyyət zonasında gömrük rəsmiləşdirilməsi yerinə
24 saat müddətində heç olmazsa bir nəqliyyat vasitəsinin gəlməsinin
təmin olunması barədə məlumat;
- dövlət qeydiyyatı haqqında şəhadətnamənin qeydiyyat
nömrəsi və tarixi;
- ərizəçinin manat və valyuta hesabları, hesabların
açıldığı bankların identifikasiya kodu.
2.2. Ərizəyə aşağıda göstərilən
sənədlər əlavə edilir:
- təsis və qeydiyyat sənədlərinin surətləri (nizamnamə,
təsis müqaviləsi, dövlət qeydiyyatı haqqında şəhadətnamə);
- sığorta şəhadətnaməsinin (polisinin) surəti;
- yük daşıyıcısı (nəqliyyat-ekspeditor) fəaliyyətinə
verilmiş lisenziyanın surəti;
- mülkiyyətində və ya 3 ildən az olmayan müddətə
icarəsində nəqliyyat vasitələrinin olmasını təsdiq edən hüquqi
sənədlərin surətləri;
- gömrük daşıyıcısı kimi fəaliyyət göstərilməsinə
lisenziya almaq üçün dövlət rüsumunun ödənilməsini təsdiq edən
ödəniş sənədi;
2.3. Ərizə və bu Qaydalarda nəzərdə
tutulan sənədlər Dövlət Gömrük Komitəsinə təqdim edilir və xüsusi
qeydiyyata alınmaqla qəbul edilir. Qeydiyyat tarixindən etibarən
ərizəyə 15 gün müddətində baxılır. Bu müddət ərzində Dövlət Gömrük
Komitəsi təqdim olunmuş sənədlərin gömrük daşıyıcısı fəaliyyəti
üçün mövcud qanunvericilik və normativ aktlarının müddəalarına
uyğunluğunu yoxlayır, çatışmazlıqlar və ya imtina üçün əsas olmadıqda
lisenziya verilməsi haqqında qərar qəbul edir.
Təqdim olunmuş sənədlərdə çatışmazlıqlar
aşkar edildikdə, bu barədə ərizəçiyə yazılı məlumat verilir, onlar
aradan qaldırıldıqdan və sənədlər təkrar təqdim edildikdən sonra
onlara 5 gün müddətində baxılır və müvafiq qərar qəbul edilir.
Bu bənddə göstərilən müddətlərin
son günü qeyri iş gününə düşərsə, ondan sonrakı iş günü müddətin
qurtarma günü hesab olunur.
2.4. Lisenziya verilməsindən aşağıdakı
hallarda imtina edilir:
2.4.1. bu Qaydalarda nəzərdə
tutulmuş sənədlər təqdim edilmədikdə;
2.4.2. ərizəçinin təqdim etdiyi
sənədlərdə qeyri-dürüst və ya təhrif olunmuş məlumatlar olduqda;
2.4.3. gömrük daşıyıcısı fəaliyyətinə
lisenziya almaqdan ötrü təqdim olunmuş sənədlər gömrük işi haqqında
qanunvericilik aktlarının müvafiq müddəalarına uyğun olmadıqda
və bu müddəalardan irəli gələn tələblər ödənilmədikdə;
2.4.4. ərizəçinin əvvəllər bu
fəaliyyət növü üçün aldığı lisenziyanın lisenziya verən Dövlət
Gömrük Komitəsinin qərarı ilə ləğv edilməsindən 2 il keçməmişdirsə;
2.4.5. ərizəçi, əvvəllər bu
fəaliyyət növü üçün aldığı lisenziyanın fəaliyyəti Dövlət Gömrük
Komitəsinin təşəbbüsü ilə dayandırıldığı dövrdə müraciət etdikdə;
2.4.6. qanunvericilikdə nəzərdə
tutulan digər hallarda.
2.5. Ərizəçi, lisenziya verilməsindən
imtinaya əsas olmuş halları aradan qaldırdıqdan sonra lisenziya
almaq üçün bu Qaydalara uyğun olaraq Dövlət Gömrük Komitəsinə
müraciət etmək və ya imtina barədə qərarla razılaşmadıqda məhkəməyə
müraciət etmək hüququna malikdir.
2.6. Hüquqi şəxs ləğv olunduqda
onlara verilmiş lisenziyalar qüvvəsini itirir.
Lisenziya almış hüquqi şəxs yenidən
təşkil edildikdə, onun adı və ünvanı dəyişdirildikdə, lisenziya
itirildikdə ərizəçi 15 gün müddətində lisenziyanın yenidən rəsmiləşdirilməsi
üçün ərizə təqdim etməlidir.
Lisenziyanın yenidən rəsmiləşdirilməsi
onun verilməsi üçün müəyyən olunmuş qaydada həyata keçirilir.
Lisenziyanın yenidən rəsmiləşdirildiyi
müddətdə lisenziyanın sahibi öz fəaliyyətini əvvəlki lisenziya
əsasında, lisenziya itirildikdə isə Dövlət Gömrük Komitəsinin
verdiyi müvəqqəti icazə əsasında həyata keçirir. Dövlət Gömrük
Komitəsinin rəhbəri tərəfindən imzalanmış və möhürlə təsdiq edilmiş
müvəqqəti icazə lisenziyanın yenidən rəsmiləşdirilməsi üçün bütün
sənədlər təqdim edildikdə verilir.
3. Lisenziya
3.1. Lisenziyada aşağıdakılar
göstərilir:
3.1.1. Dövlət Gömrük Komitəsinin
adı;
3.1.2. lisenziya verilən müəssisə,
təşkilat və idarənin adı və hüquqi ünvanı;
3.1.3. həyata keçirilməsinə
lisenziya verilən fəaliyyət növü;
3.1.4. lisenziyanın qüvvədə
olma müddəti;
3.1.5. müvafiq fəaliyyət növünün
həyata keçirilməsi qaydası;
3.1.6. lisenziyanın qeydiyyat
nömrəsi və verilmə tarixi.
3.2. Lisenziyalar Dövlət Gömrük
Komitəsinin sədri və yaxud onu əvəz edən şəxs tərəfindən imzalanır,
imza Dövlət Gömrük Komitəsinin gerb möhürü ilə təsdiq edilir.
4. Lisenziyanın müddəti
4.1. Lisenziya 3 il müddətinə
verilir.
4.2. Lisenziyanın qüvvədə olma
müddətinin uzadılması onun verilməsi üçün müəyyən olunmuş qaydada
həyata keçirilir.
4.3. Müddəti bitmiş lisenziyalar
etibarsız hesab edilir.
5. Lisenziyanın qüvvədə olma qaydaları və nəzarət
5.1. Bu Qaydalara əsasən lisenziya
sahibləri gömrük daşıyıcısı fəaliyyətini həyata keçirərkən aşağıdakı
qaydalara riayət etməlidirlər:
5.1.1. mülkiyyətində və ya icarəsində
3 ildən az olmayaraq götürülmüş və tələb olunan təchizata malik
kifayət sayda nəqliyyat vasitələrinin olmasını təmin etmək;
5.1.2. mövcud qanunvericiliyə
uyğun olaraq öz fəaliyyəti üçün sığorta müqaviləsini bağlamaq;
5.1.3. gömrük daşıyıcısı kimi
qeydə alındığı yer üzrə Azərbaycan Respublikasının gömrük orqanının
fəaliyyət zonasında gömrük rəsmiləşdirilməsi yerinə 24 saat
müddətində heç olmazsa bir nəqliyyat vasitəsinin gəlməsini təmin
etmək;
5.1.4. lisenziyada göstərilmiş
fəaliyyət növünü mövcud qanunvericilik və normativ aktlarının,
Dövlət Gömrük Komitəsinin təsdiq etdiyi Əsasnamənin müddəalarına
uyğun olaraq həyata keçirmək;
5.1.5. gömrük işi haqqında qanunvericilik
və normativ aktlarına və bu Qaydalara riayət etmək.
5.2. Lisenziyanın qüvvədə olma
qaydalarına nəzarəti gömrük işi haqqında qanunvericilik və normativ
aktlarına uyğun olaraq Dövlət Gömrük Komitəsi həyata keçirir.
5.3. Nəzarət qaydasında Dövlət
Gömrük Komitəsinin səlahiyyətlərinə aşağıdakılar daxildir:
5.3.1. lisenziyada göstərilən
fəaliyyət növünün həyata keçirilməsini tənzimləyən normativ-hüquqi
aktlara və lisenziya qaydalarına, Dövlət Gömrük Komitəsi tərəfindən
gömrük daşıyıcısının fəaliyyəti barədə təsdiq olunmuş Əsasnamənin
müddəalarına riayət edilməsini yoxlamaq;
5.3.2. yoxlama zamanı ortaya
çıxan suallara, o cümlədən gömrük daşıyıcısı fəaliyyəti üçün
istifadə olunan nəqliyyat vasitələrinin vəziyyətinə aid məlumat
və arayışları lisenziya sahiblərindən tələb etmək;
5.3.3. yoxlamanın nəticələrinə
dair pozuntuları və onların aradan qaldırılması müddəti göstərilməklə
akt tərtib etmək;
5.3.4. aşkar edilmiş pozuntuların
aradan qaldırılması barədə lisenziya sahibinə xəbərdarlıq etmək.
5.4. Lisenziya sahibi aparılan
yoxlama zamanı Dövlət Gömrük Komitəsinin nümayəndələrinə yoxlamanın
aparılması üçün zəruri olan normal şərait yaratmağa, gömrük daşıyıcısı
üçün istifadə olunan nəqliyyat vasitələrini və tələb olunan sənədləri
təqdim etməyə borcludur.
5.5. Gömrük orqanları yoxlamanın
nəticəsi barədə iki nüsxədə akt tərtib edirlər, akt gömrük daşıyıcısı
və gömrük orqanının nümayəndələri tərəfindən imzalanır. Aktı imzalamaqdan
imtina edildikdə bu barədə aktda qeyd edilir. Akta lisenziya sahibinin
izahatı əlavə edilir. Aktın bir nüsxəsi lisenziya sahibində qalır.
5.6. Dövlət Gömrük Komitəsi zəruri
olduqda müvafiq təşkilatların nümayəndələrini gömrük işi haqqında
normativ-hüquqi aktlarına və bu Qaydalara uyğun nəzarət qaydasında
aparılan yoxlamalara cəlb edə bilər.
6. Lisenziyanın fəaliyyətinin dayandırılması və ya ləğv edilməsi
6.1. Gömrük daşıyıcısı fəaliyyətinə
verilmiş lisenziya Dövlət Gömrük Komitəsi tərəfindən aşağıdakı
hallarda dayandırılır:
6.1.1. lisenziya sahibi tərəfindən
müvafiq ərizə təqdim edildikdə;
6.1.2. lisenziya sahibi tərəfindən
normativ aktlara əməl edilmədikdə, yaxud Azərbaycan Respublikasının
qanunvericiliyinə uyğun olaraq müvafiq dövlət orqanları tərəfindən
lisenziya sahibinin fəaliyyəti dayandırıldıqda;
6.1.3. lisenziya sahibinin müflisləşməsi
faktı Azərbaycan Respublikasının qanunvericiliyi ilə təsdiq
edildikdə;
6.1.4. gömrük işi haqqında qanunvericilik
və normativ aktlarına uyğun olaraq gömrük daşıyıcısı fəaliyyətinin
həyata keçirilməsində tələb olunan zəruri şəraitin və şərtlərin
pozulduğu aşkar edildikdə;
6.1.5. Azərbaycan Respublikasının
qanunvericiliyində nəzərdə tutulan digər hallarda.
6.2. Dövlət Gömrük Komitəsi lisenziyanın
fəaliyyətinin dayandırılması haqqında qərar qəbul etdiyi andan
5 gün müddətində yazılı şəkildə lisenziyanın sahibinə və dövlət
vergi xidməti orqanlarına məlumat verir.
Lisenziyanın fəaliyyətinin dayandırılmasına
səbəb olan hallar dəyişildikdə lisenziyanın fəaliyyəti lisenziyanın
sahibinin müraciətinə əsasən bərpa edilə bilər. Dövlət Gömrük
Komitəsi tərəfindən bu barədə qərar qəbul edildikdə lisenziyanın
fəaliyyəti bərpa edilmiş hesab olunur, həmin qərar qəbul edilmiş
andan 5 gün müddətində lisenziyanın sahibinə və dövlət vergi xidməti
orqanlarına məlumat verilir.
6.3. Lisenziya aşağıdakı hallarda
ləğv edilir:
6.3.1. lisenziya sahibi tərəfindən
müvafiq ərizə təqdim edildikdə;
6.3.2. lisenziya verilməsi üçün
təqdim edilən sənədlərdə düzgün olmayan məlumatlar aşkar edildikdə;
6.3.3. lisenziyanın qüvvədə
olma qaydaları lisenziya sahibi tərəfindən pozulduqda;
6.3.4. məhkəmənin müvafiq qərarı
olduqda;
6.3.5. lisenziya almış hüquqi
şəxs ləğv edildikdə;
6.3.6. lazımi qaydada təchiz
olunmamış nəqliyyat vasitəsindən istifadə edildikdə, o cümlədən
daşınmaya görə müəyyən edilən haqq göstərilən xidmətin orta
dəyərinə uyğun gəlmədikdə; mallar və onların sənədlərinin daşınmasından
əsassız olaraq imtina edilməsi də daxil olmaqla bir neçə dəfə
gömrük daşıyıcısı öz öhdəliklərini yerinə yetirmədikdə;
6.3.7. gömrük işi haqqında qanunvericilikdə
nəzərdə tutulmuş hüquq pozuntuları bir neçə dəfə törədildikdə;
6.3.8. mallar və onlara dair
sənəd göndərənlərə qeyri-qanuni olaraq mühüm ziyan gətirildiyi,
o cümlədən kommersiya və digər sirlər olan məlumatlardan qanunsuz
istifadə edilməsi təsdiq olunduqda;
6.3.9. gömrük daşıyıcısı gömrük
işi haqqında qanunvericilik və normativ aktlarının tələblərinə
riayət etmədikdə;
6.3.10. Azərbaycan Respublikasının
qanunvericiliyində nəzərdə tutulan digər hallarda.
6.4. Dövlət Gömrük Komitəsi lisenziyanın
ləğv edilməsi haqqında qərar qəbul etdiyi andan 5 gün müddətində
yazılı şəkildə lisenziyanın sahibinə və dövlət vergi xidməti orqanlarına
məlumat verir.
6.5. Lisenziya ləğv edildikdə
və ya onun fəaliyyəti dayandırıldıqda lisenziyanın verilməsinə
görə alınmış haqlar lisenziya sahibinə qaytarılmır.
6.6. Dövlət Gömrük Komitəsi verdiyi,
qeydə aldığı, dayandırdığı, bərpa etdiyi və ləğv etdiyi lisenziyaların
reyestrini aparır.
7. Məsuliyyət
1. Dövlət Gömrük Komitəsinin rəhbərləri
və vəzifəli şəxsləri lisenziyalaşdırma haqqında Azərbaycan Respublikasının
qanunvericiliyinin pozulması, yaxud onun lazımi şəkildə icra olunmamasına
görə mövcud qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar.
2. Dövlət Gömrük Komitəsinin qərarlarından
və hərəkətlərindən müəyyən olunmuş qaydada məhkəmə orqanlarına
şikayət oluna bilər.
3. Bu Qaydalarda göstərilən gömrük
daşıyıcısının fəaliyyəti lisenziyasız həyata keçirənlər mövcud
qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar.
© AzerSoft