Azərbaycan Respublikasının Nazirlər
Kabineti
Azərbaycan Respublikasında müvəqqəti
idxal (ixrac) edilən malların gömrük rüsumları və vergilərin ödənilməsindən
tamamilə və ya qismən azad edilməsi Qaydaları haqqında
Qərar ¹ 160
Bakı şəhəri, 27 iyul 1998-ci il
«Azərbaycan Respublikası Gömrük
Məcəlləsinin tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin
1997-ci il 25 iyul tarixli 616 nömrəli Fərmanına uyğun olaraq
Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. «Azərbaycan Respublikasında
müvəqqəti idxal (ixrac) edilən malların gömrük rüsumları və vergilərin
ödənilməsindən tamamilə və ya qismən azad edilməsi Qaydaları»
təsdiq edilsin (əlavə olunur).
2. Azərbaycan Respublikasının
Dövlət Gömrük Komitəsi bu qərarın icrası ilə əlaqədar təlimatlar
hazırlayıb mövcud qaydada təsdiq etsin və müvafiq tədbirlər həyata
keçirsin.
3. Bu qərar imzalandığı gündən
qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri
A.RASİ-ZADƏ.
«Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu»nda dərc edilmişdir (31 iyul 1998-ci il, ¹ 7, maddə 479)
(«AzerSoft»).
Azərbaycan
Respublikası
Nazirlər Kabinetinin 1998-ci il 27 iyul
tarixli
160 nömrəli qərarı ilə təsdiq edilmişdir.
Azərbaycan Respublikasında müvəqqəti
idxal (ixrac) edilən malların gömrük rüsumları və vergilərin ödənilməsindən
tamamilə və ya qismən azad edilməsi
Qaydaları
1. Ümumi müddəalar
Bu Qaydalar Azərbaycan Respublikası
Gömrük Məcəlləsinin 71-ci maddəsinə uyğun olaraq tərtib edilmiş
və Azərbaycan Respublikasında müvəqqəti idxal (ixrac) edilən malların
gömrük rüsumların və vergilərin ödənilməsindən tamamilə və ya
qismən azad edilməsi qaydalarını müəyyən edir.
2. Müvəqqəti idxal (ixrac) edilən malların qanunvericiliklə
müəyyən edilmiş gömrük vergi və rüsumlarının ödənilməsindən tamamilə
azad edilməsi
2.1. Aşağıdakı hallarda gətirilən
(aparılan) mallar (müvəqqəti idxalına icazə verilməyən mallar
istisna olmaqla) həmin malların müvəqqəti idxal (ixrac) müddəti
gömrük orqanları tərəfindən 1 ilədək müəyyən olunduqda və həmin
müddət başa çatdıqdan sonra malların geri aparılacağı (gətiriləcəyi)
barədə öhdəlik gömrük orqanına təqdim olunduqda, gömrük rüsumlarının
və vergilərinin ödənilməsindən tamamilə azad oluna bilər:
2.1.1. xarici hüquqi şəxslərin
Azərbaycan Respublikasının ərazisində (Azərbaycan Respublikasının
hüquqi şəxslərinin xarici dövlətlərin ərazisində) mövcud qanunvericiliyə
uyğun olaraq fəaliyyət göstərən nümayəndəliklərinin (filiallarının)
Azərbaycan Respublikasının (başqa dövlətlərin) gömrük ərazisinə
gəlir əldə etmək məqsədilə istifadə olunmamaq, başqa şəxslərə
müvəqqəti istifadə üçün verilməmək şərtilə özünün bilavasitə
istifadəsi və fəaliyyətinin təşkili üçün müvəqqəti olaraq gətirildikdə
(aparıldıqda);
2.1.2. bağlanmış müqavilələrə
əsasən konkret işlərin görülməsi üçün xarici hüquqi və fiziki
şəxslər (ixracda Azərbaycan Respublikasının hüquqi və fiziki
şəxsləri) tərəfindən gətirildikdə (aparıldıqda);
2.1.3. sərgilərdə, yarmarkalarda,
beynəlxalq simpoziumlarda və bu kimi digər tədbirlərdə (istehsal
və ya malın satışı nəzərdə tutulmuş kommersiya fəaliyyəti üçün
təşkil olunan sərgilər istisna olmaqla) yalnız nümayiş etdirilməsi,
habelə bu tədbirlərin təşkili üçün istifadə edilə biləcək müvəqqəti
idxal (ixrac) olunduqda;
2.1.4. gəlir əldə etmək məqsədi
ilə istifadə olunmamaq, başqa şəxslərə müvəqqəti istifadə üçün
verilməmək şərtilə tədris və elmi-tədqiqat mərkəzlərində tədqiqat
işlərinin aparılması üçün gətirildikdə (aparıldıqda);
2.1.5. təbii fəlakətlərin, qəzaların
və bədbəxt hadisələrin aradan qaldırılmasından ötrü Azərbaycan
Respublikasının dövlət orqanlarına və təşkilatlarına müvəqqəti
olaraq əvəzsiz olaraq istifadəyə verilməsi üçün gətirildikdə,
xarici dövlətlərə həmin hadisələrin aradan qaldırılması üçün
aparıldıqda;
2.1.6. malların yüklənməsi üçün
konteynerlər və onların təmiri üçün tələb olunan ehtiyat hissələri
gətirildikdə (aparıldıqda);
2.1.7. malların qablaşdırılması
üçün çoxdövriyyəli taralar gətirildikdə (aparıldıqda);
2.1.8. hüquqi və fiziki şəxslərin
mülkiyyətində qalmaqla sifarişlərin alınması və nümayiş etdirilməsi
üçün (sayı ikidən artıq olmamaqla) gəlir əldə edilməmək məqsədilə
nümunələr gətirildikdə (aparıldıqda);
2.1.9. nümayiş etdirilməsi üçün
məhdudlaşdırılmış sayda və satışı nəzərdə tutulmayan reklam
materialları (kataloqlar, preyskurantlar, kommersiya prospektləri)
müvəqqəti gətirildikdə (aparıldıqda), bir alıcı üçün bu materiallar
bir nüsxədə və ya ümumi çəkisi 1 kq-a qədər olduqda;
2.1.10. malların xüsusiyyətlərinin
nümayiş etdirilməsi üçün və satışı nəzərdə tutulmayan reklam
filmləri (məhdud nüsxədə) müvəqqəti gətirildikdə (aparıldıqda);
2.1.11. istifadəsindən gəlir
əldə etmək məqsədi güdülməyən sınaqların, təcrübələrin keçirilməsi,
xüsusiyyət və xarakteristikalarının nümayiş etdirilməsi üçün
müvəqqəti gətirildikdə (aparıldıqda);
2.1.12. hüquqi və fiziki şəxslərin
mülkiyyətində qalmaqla müalicə və digər tibb müəssisələrinə
əvəzsiz müvəqqəti istifadəyə verilməsi üçün tibb avadanlıqları
və ləvazimatları gətirildikdə (aparıldıqda);
2.1.13. idman tədbirlərində
və məşqlərdə istifadə etmək üçün satılmaması şərtilə idman malları
müvəqqəti gətirildikdə (aparıldıqda);
2.1.14. teatr və sirk tamaşalarının,
konsertlərin və bu kimi digər tədbirlərin keçirilməsi üçün xüsusi
geyimlər, musiqi alətləri, səhnə ləvazimatları və rekvizitlər
müvəqqəti olaraq gətirildikdə (aparıldıqda);
2.1.15. təlim, ələ öyrətmə,
çoxaltma, baytarlıq müalicəsi, turizm, təcrübə keçmə, xilasetmə
əməliyyatlarında istifadə və digər xüsusi tədbirlərin həyata
keçirilməsi, bu kimi digər tədbirlər üçün heyvanlar müvəqqəti
gətirildikdə (aparıldıqda);
2.1.16. foto və kino müsabiqələrində
nümayiş etdirmək üçün kino videofilmlər və fotoşəkillər (əgər
bunların istifadəsi gəlir əldə etmək məqsədi daşımırsa) müvəqqəti
gətirildikdə (aparıldıqda).
3. Müvəqqəti idxal (ixrac) olunan malların qanunvericiliklə
müəyyən edilmiş gömrük vergi və rüsumlarının ödənilməsindən qismən
azad edilməsi
3.1. Bu Qaydaların 2.1. yarımbəndində
göstərilən məqsədlər üçün gətirilən (aparılan) malların müvəqqəti
idxal (ixrac) müddəti uzadıldığı təqdirdə, habelə müvəqqəti idxal
(ixrac) edilməsinə icazə verilən digər mallara mövcud qanunvericiliyə
uyğun olaraq gömrük rüsumlarının və vergilərinin ödənilməsindən
qismən azad etmə tətbiq oluna bilər.
3.2. Bu Qaydaların 2.1. yarımbəndindən
göstərilən məqsədlər üçün gətirilən (aparılan) malların müvəqqəti
idxal (ixrac) müddəti uzadılmadıqda və ya müvəqqəti idxal (ixrac)
müddəti başa çatmadan idxalçının (icracatçının) arzusu ilə sərbəst
tədavül üçün buraxılış rejimi altında bəyan edildikdə, müvəqqəti
idxal (ixrac) rejimi ilə bəyan olunduğu günə qüvvədə olan gömrük
rüsumlarının və vergilərinin dərəcələri və gömrük dəyəri əsas
götürülür.
3.3. Gömrük rüsumlarının və vergilərinin
ödənilməsindən qismən azad edilmə hallarında hər bir ay üçün müvəqqəti
idxal (ixrac) rejimində bəyan edilən günə sərbəst dövriyyə üçün
buraxılış rejimində ödənilməli olan gömrük rüsumlarının və vergilərinin
məbləğlərinin 3 faizi (sonralar — dövrü gömrük ödəmələri) ödənilir.
Dövrü gömrük ödəmələri müvəqqəti
idxal (ixrac) rejimi ilə bəyan olunmaqla yük gömrük bəyannaməsi
qəbul olunan günə qüvvədə olan gömrük rüsumlarının və vergilərinin
dərəcələri gömrük dəyəri əsas götürülməklə ABŞ dolları ilə hesablanır
və ödənilmə tarixinə Azərbaycan Respublikası Milli Bankının müəyyən
etdiyi məzənnəyə uyğun olaraq manatla ödənilir.
3.4. Dövrü gömrük ödəmələrinin
hesablanmış məbləğləri Dövlət Gömrük Komitəsinin müvəqqəti idxala
(ixraca) icazə vermiş müvafiq gömrük orqanı tərəfindən müəyyən
edilmiş müddətlərdə ödənilir.
3.5. Dövrü gömrük ödəmələrinin
uçotu və ödənilməsinə nəzarət gömrük vergi və rüsumları üçün müəyyən
edilmiş qaydada aparılır.
3.6. Malların geri aparılması,
yaxud digər gömrük rejiminə keçirilməsi hallarında dövrü gömrük
ödəmələrinin ödənilmiş məbləğləri geri qaytarılmır.
3.7. Gömrük rüsumlarının və vergilərinin
ödənilməsindən qismən azad edilməklə müvəqqəti gətirilmiş (aparılmış)
mallar sərbəst dövriyyə üçün buraxılış gömrük rejiminə keçirilməsi
hallarında dövrü gömrük ödəmələrinin ödənilmiş məbləğləri malların
sərbəst dövriyyə üçün buraxılış rejiminə uyğun rəsmiləşdirilməsi
üçün ödənilməli olan gömrük rüsumlarının və vergilərinin məbləğinə
daxil edilir.
3.8. Mövcud qanunvericiliyə uyğun
olaraq gömrük ödənişlərinin ödənilməsinə möhlət verilməsi və ya
vaxtının uzadılması hallarında, mallar müvəqqəti idxal (ixrac)
gömrük rejimi altında olduğu müddətə, habelə dövrü gömrük ödənişləri
üçün Azərbaycan Respublikası Milli Bankının verdiyi kreditlər
üzrə həmin bankın müəyyən etdiyi dərəcələrə uyğun olaraq faizlər
alınır və tam həcmdə dövlət büdcəsinə köçürülür.
3.9. Müvəqqəti gətirilmiş (aparılmış)
malların idxal (ixrac) müddətinin uzadılması ilə əlaqədar gömrük
rüsumlarından və vergilərindən qismən azad olunmasına, həmin malların
sərbəst dövriyyəyə buraxılmasına deklarantlar tərəfindən Dövlət
Gömrük Komitəsinin müəyyən etdiyi qaydada gömrük orqanlarına təqdim
edilən sənədlər əsasında baxılır.
3.10. Aşağıdakı malların müvəqqəti
idxalına yol verilmir:
- işlənən materiallar;
- vahid nüsxələrdə reklam və nümayiş etdirilmək
üçün müvəqqəti gətirilənlər istisna olmaqla alkoqollu içkilər,
tütün məmulatları, ərzaq məhsulları və alkoqolsuz içkilər;
- sənaye tullantıları.
© AzerSoft