Financial and Legal Consulting of The CIS Regional Cluster
             Az | Ru | En |
          
 
 
   
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin strukturunun və Əsasnaməsinin təsdiq edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

1. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin strukturu və Əsasnaməsi təsdiq edilsin.

2. Azərbaycan Respublikası Prezidentinin 18.04.1992-ci il tarixli 688 nömrəli fərmanının 5-ci bəndi və Azərbaycan Respublikası Prezidentinin 21.10.1992-ci il tarixli 183 nömrəli sərəncamının 1 nömrəli əlavəsi qüvvədən düşmüş hesab edilsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.

Azərbaycan Respublikasının Prezidenti

Heydər ƏLİYEV

Bakı şəhəri, 27 oktyabr 1998-ci il

¹ 7

«Azərbaycan» qəzetində dərc edilmişdir (28 oktyabr 1998-ci il, ¹ 251) («AzerSoft»).

«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 oktyabr 1998-ci il, ¹ 10, maddə 615) («AzerSoft»).

19 iyun 2001-ci il tarixli, 510 nömrəli; 27 may 2002-ci il tarixli, 703 nömrəli; 23 oktyabr 2003-cü il tarixli, 962 nömrəli; 23 oktyabr 2003-cü il tarixli, 980 nömrəli; 3 avqust 2004-cü il tarixli, 109 nömrəli; 10 dekabr 2004-cü il tarixli, 157 nömrəli Fərmanlara əsasən dəyişikliklər və əlavələrlə («AzerSoft»).


Azərbaycan Respublikası Prezidentinin
1998-ci il 27 oktyabr tarixli, 7 nömrəli fərmanı ilə
təsdiq edilmişdir.

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin strukturu:

1. Sədr

2. Sədrin birinci müavini

3. Sədrin müavini

4. Sədrin müavini

5. Sədrin müavini

6. Sədrin köməkçisi

7. Gömrük Nəzarətinin təşkili Baş İdarəsi

8. Qaçaqmalçılıq və gömrük qaydalarının pozulması ilə mübarizə Baş İdarəsi

9. Maliyyə-Tarif və Valyuta Nəzarəti Baş İdarəsi

10. Kadrlar İdarəsi

11. Statistika və Təhlil İdarəsi

12. İşlər İdarəsi

13. Əsaslı Tikinti və Maddi-Texniki Təchizat İdarəsi

14. İnspeksiya İdarəsi

15. Xarici Əlaqələr şöbəsi

16. Mühasibat və uçot şöbəsi

17. Mətbuat xidməti şöbəsi

18. Hüquq şöbəsi

19. Məxfi şöbə

20. Növbətçi hissə

21. Təsərrüfat xidməti

22. Analitik şöbə

23. Mühafizə dəstəsi

Dövlət Gömrük Komitəsinin sisteminə daxil olan gömrük orqanları və təşkilatları

1. Naxçıvan Gömrük Komitəsi

2. Bakı Baş Gömrük İdarəsi

3. Hava nəqliyyatında Baş Gömrük İdarəsi

4. Astara gömrükxanası

5. Balakən gömrükxanası

6. Biləsuvar gömrükxanası

7. Əli-Bayramlı gömrükxanası

8. Yevlax gömrükxanası

9. Gəncə gömrükxanası

10. Sədərək gömrükxanası

11. Sumqayıt gömrükxanası

12. Tovuz gömrükxanası

13. Xaçmaz gömrükxanası

14. Xudafərin gömrükxanası

15. Culfa gömrükxanası

16. Mərkəzi laboratoriya

17. «Azərterminalkompleks» Xarici Əlaqələr Birliyi

18. Avtomobil təsərrüfatı

19. Tədris Mərkəzi


Azərbaycan Respublikası Prezidentinin
1998-ci il 27 oktyabr tarixli 7 nömrəli fərmanı ilə
təsdiq edilmişdir.

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi haqqında
Əsasnamə

1. Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Azərbaycan Respublikasında gömrük işi sahəsində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.

2. Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının Gömrük Məcəlləsini və digər qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, eləcə də bu Əsasnaməni rəhbər tutur.

3. Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ona həvalə edilmiş vəzifələri bilavasitə özü və ya tabeliyində olan gömrük orqanları, idarə və təşkilatlar vasitəsi ilə həyata keçirir.

4. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin əsas funksiyaları aşağıdakılardır:

4.1. Azərbaycan Respublikasında gömrük işini təşkil etmək və onu təkmilləşdirmək;

4.2. Azərbaycan Respublikasının gömrük siyasətini həyata keçirmək;

4.3. Öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının iqtisadi mənafeyini və təhlükəsizliyini qorumaq;

4.4. Öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının gömrük ərazisinin vahidliyini təmin etmək;

4.5. Azərbaycan Respublikasında qabaqcıl gömrük tənzimlənməsi vasitələrinin tətbiqini təşkil etmək;

4.6. İcrasına nəzarət gömrük orqanlarına həvalə olunmuş gömrük işinə dair və digər qanunvericiliyinə əməl olunmasını təmin etmək;

5. Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ona həvalə edilmiş funksiyalara əsasən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq aşağıdakı vəzifələri yerinə yetirir:

5.1. Azərbaycan Respublikasının gömrük siyasətinin həyata keçirilməsi üçün hüquqi, iqtisadi, təşkilati mexanizmlər hazırlayır və onların həyata keçirilməsini təmin edir;

5.2. Azərbaycan Respublikasında gömrük işinin inkişafı proqramını hazırlayır və həyata keçirir;

5.3. Gömrük nəzarətinin həyata keçirilməsini və təkmilləşdirilməsini təşkil edir, bu cür nəzarətin səmərəliliyinə zərər vurmadan onun sadələşdirilməsi və təkmilləşdirilməsi üçün tədbirlər görür;

5.4. Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən mallar barəsində lisenziyalaşdırma, qiymətlərin tənzimlənməsi və digər qeyri-tarif tədbirləri də daxil olmaqla, iqtisadi proqramların işlənib hazırlanmasında iştirak edir və öz səlahiyyətləri daxilində onların həyata keçirilməsini təşkil edir;

5.5. Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən mallardan vergilərin, gömrük rüsumlarının, aksizlərin, habelə digər gömrük ödənişlərinin alınmasını təşkil edir;

5.6. Malların gömrük dəyərinin düzgün müəyyən olunması üzərində nəzarət sistemini təşkil edir;

5.7. Gömrük rüsumlarının, vergilərin vaxtında və tam həcmdə dövlət büdcəsinə köçürülməsini təmin edir;

5.8. Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş hallarda lisenziya və ya ixtisas attestatları verir, onları ləğv edir, yaxud geri alır, reyestrinin aparılmasını təmin edir;

5.9. Mallar və nəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilərkən müvafiq gömrük rejimlərindən səmərəli istifadəni təmin edir;

5.10. Malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsinə dair qaydaların işlənib hazırlanmasını təşkil və onların icrasını təmin edir;

5.11. Malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsini təşkil edir, onun təkmilləşdirilməsi və sadələşdirilməsi üçün tədbirlər görür;

5.12. Müstəqil surətdə, yaxud zəruri olduqda digər hüquq-mühafizə orqanları cəlb edilməklə gömrük nəzarəti zonası rejiminə riayət olunmasına nəzarəti təmin edir, gömrüyün infrastruktur obyektlərinin mühafizə sistemini təşkil edir, Azərbaycan Respublikasının gömrük sərhədinin qorunması məqsədi ilə digər tədbirlər də həyata keçirir;

5.13. İcrasına nəzarət Azərbaycan Respublikasının gömrük orqanlarına həvalə olunmuş gömrük işi üzrə və digər qanunvericilik aktlarına əməl olunmasını təmin edən tədbirlər sistemini hazırlayır və həyata keçirir;

5.14. Rezident və qeyri-rezident tərəfindən milli və xarici valyutanın, eləcə də digər valyuta sərvətlərinin müvafiq qanunvericiliyə uyğun olaraq Azərbaycan Respublikasının gömrük sərhəddindən keçirilməsinə, habelə Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə nəzərdə tutulmuş digər hallarda valyuta nəzarətini həyata keçirir;

5.15. Qaçaqmalçılığa və gömrük işi sahəsində digər cinayətlərə qarşı mübarizə aparılmasını təşkil edir. Azərbaycan Respublikasının gömrük orqanları tərəfindən bu cür cinayətlər üzrə qüvvədə olan qanunvericilik aktlarına müvafiq olaraq təhqiqat ibtidai istintaq aparılmasını və əməliyyat-axtarış fəaliyyəti həyata keçirilməsini təmin edir;

5.16. Gömrük qaydalarının pozulmasına və Azərbaycan Respublikasının gömrük orqanlarının nominal fəaliyyətinə qəsd edən inzibati xətalara qarşı mübarizəni təşkil edir;

5.17. Narkotik vasitələrin və psixotrop maddələrin, silahların, Azərbaycan xalqının və xarici ölkə xalqlarının bədii, tarixi və arxeoloji sərvətləri olan əşyaların, intellektual mülkiyyət obyektlərinin, habelə digər malların gömrük sərhədindən qanunsuz keçirilməsinin qarşısını almaq məqsədi ilə tədbirlər sistemi hazırlayır və həyata keçirir;

5.17-1. Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində bioloji sərvətlərdən səmərəli istifadə edilməsi və onların qorunması üzrə dövlət siyasətinin hazırlanıb həyata keçirilməsində iştirak edir, öz səlahiyyətləri daxilində bioloji sərvətlərin Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi zamanı mövcud qanunvericiliyin tələblərinin yerinə yetirilməsi üzərində nəzarəti təmin edir

5.18. Azərbaycan Respublikasının dəmir yolu vağzallarında, havavə dəniz limanlarında beynəlxalq nəqliyyat vasitələrinin fəaliyyətinə qanunsuz müdaxilənin qarşısının alınmasında və beynəlxalq terrorçuluqla mübarizədə Azərbaycan Respublikası hüquq-mühafizə orqanlarına köməklik göstərir;

5.19. Azərbaycan Respublikasının gömrük orqanlarının vəzifəli şəxsləri tərəfindən qaçaqmalçılıq və gömrük işi sahəsində digər cinayətlər, gömrük qaydalarının pozulması işləri və Azərbaycan Respublikasının gömrük orqanlarının normal fəaliyyətinə qəsd edən inzibati xətalar haqqında işlər üzrə icraat zamanı, habelə əməliyyat-axtarış tədbirləri həyata keçirilərkən qanunçuluğa əməl olunmasına nəzarəti həyata keçirir;

5.20. Azərbaycan Respublikasının xarici ticarətinin gömrük və xüsusi gömrük statistikasının aparılmasını təşkil edir;

5.21. Müəyyən olunmuş qaydada gömrük statistikasına dair və digər gömrük işinə aid məlumatları Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə və digər mərkəzi icra hakimiyyəti orqanlarına (onların fəaliyyətinə dair məsələlər üzrə) təqdim edir;

5.22. Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaran maraqlı şəxslərin gömrük məsələləri üzrə məlumatlandırılması və onlara məsləhətvermənin təminat sistemini yaradır;

5.23. Gömrük işi həyata keçirilərkən fiziki şəxslərin və təsərrüfat subyektlərinin hüquq və mənafelərinin müdafiəsi üzrə tədbirlər görür;

5.24. Azərbaycan Respublikası gömrük orqanlarının və onların vəzifəli şəxslərinin qərarlarından (o cümlədən normativ aktlarından), hərəkət və hərəkətsizliyindən şikayətetmə üzrə fiziki və hüquqi şəxslərin hüquqlarının reallaşdırılması üçün şərait yaradır;

5.25. Şikayətlərə və müraciətlərə vaxtında və tam baxılmasını təmin edir; fiziki və hüquqi şəxslərin hüquqlarının və qanuni mənafelərinin pozulmasını yaradan səbəblərin aradan qaldırılması üçün tədbirlər görür;

5.26. Öz səlahiyyətləri daxilində gömrük işi üzrə mühüm hüquqi aktların nəşrini təmin edir;

5.27. Azərbaycan Respublikasında gömrük işinin inkişafı və vəziyyətinə dair məlumat — izahat işləri aparır; bu məqsədlə kütləvi informasiya vasitələrindən və digər təbliğat vasitələrindən istifadə edir;

5.28. Konkret mallarla və ya təsərrüfat əməliyyatları ilə əlaqədar gömrük işi haqqında qanunvericilik aktlarının tətbiqi məsələləri üzrə öz qərarlarının qəbulu və fəaliyyət göstərməsini təmin edir;

5.29. Azərbaycan Respublikasında gömrük işi haqqında qanunvericiliyin tətbiqi təcrübəsini ümumiləşdirir və təhlil edir;

5.30. Gömrük işi məsələləri ilə məşğul olan beynəlxalq təşkilatların işində iştirak edir; Azərbaycan Respublikasının gömrük işinə dair beynəlxalq öhdəliklərinin yerinə yetirilməsini təmin edir;

5.31. Xarici dövlətlərin gömrük və digər səlahiyyətli orqanları ilə əməkdaşlığı və qarşılıqlı fəaliyyəti həyata keçirir;

5.32. Gömrük işi sahəsində elmi-tədqiqat işlərinin aparılmasını təşkil edir;

5.33. Xarici dövlətlərin gömrük siyasətini və bu dövlətlərdə gömrük işinin vəziyyətini öyrənir və təhlil edir;

5.34. Gömrük orqanlarının vəzifəli şəxslərinin hazırlanmasını və ixtisaslarının artırılmasını, gömrük laboratoriyalarında, habelə digər tabeli idarə, müəssisə və təşkilatlarda işləmək üçün mütəxəssislər hazırlanmasını təmin edir;

5.35. Gömrük idarələri, gömrükxanalar, gömrük postları, gömrük laboratoriyaları, elmi-tədqiqat və tədris müəssisələri, hesablama mərkəzləri yaradır və ləğv edir;

5.36. Azərbaycan Respublikası gömrük orqanlarının vahid avtomatlaşdırılmış məlumat sisteminin yaradılmasını, fəaliyyət göstərməsini və təkmilləşdirilməsini təmin edir;

5.37. Azərbaycan Respublikasında gömrük işinin inkişafı üzrə həyata keçirilən tədbirləri maliyyələşdirir;

5.38. Müəyyən olunmuş qaydada Azərbaycan Respublikası gömrük sisteminin büdcədənkənar inkişaf Fondunu idarə edir və onun üzərində sərəncam verir;

5.39. Gömrük orqanlarının, gömrük laboratoriyalarının, tabeçiliyində olan digər idarə, müəssisə və təşkilatların maddi-texniki və sosial bazasını inkişaf etdirir;

5.40. Gömrük orqanlarının vəzifəli şəxslərinin, gömrük laboratoriyalarının, həmçinin tabeliyindəki digər idarələrin, müəssisələrin, təşkilatların işçilərinin dövlət və sosial müdafiəsini, fiziki hazırlığını təmin edir, onların tibbi təminatını həyata keçirir;

5.41. Azərbaycan Respublikasının qanunvericiliyi ilə ona həvalə edilmiş digər vəzifələri yerinə yetirir.

6. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq aşağıdakı hüquqları vardır:

6.1. Azərbaycan Respublikasının gömrük siyasətinin təkmilləşdirilməsinə dair təkliflər hazırlamaq;

6.2. Gömrük işi haqqında qanunvericilik aktlarının və digər hüquqi aktların layihələrini hazırlamaq;

6.3. Xarici sərmayələrin cəlb edilməsi və ixracın stimullaşdırılması da daxil olmaqla, iqtisadiyyat sahəsində Azərbaycan Respublikasının dünya birliyi ilə qarşılıqlı münasibətlərinin tənzimlənməsi mexanizmini təkmilləşdirmək haqqında təkliflərin hazırlanmasında iştirak etmək;

6.4. Dövlət təhlükəsizliyinin, ictimai asayişin, əhalinin mənəviyyatının, insanların həyat və sağlamlığının, heyvan və bitkilərin, ətraf mühitin qorunması, daxili bazarın və Azərbaycan istehlakçılarının mənafeyinin müdafiəsi üzrə tədbirlərin həyata keçirilməsində Azərbaycan Respublikası gömrük orqanlarının iştirakını təmin etmək;

6.5. Azərbaycan Respublikası üçün mühüm əhəmiyyət kəsb edən malların və materialların ixracına, habelə mədəni sərvətlərin aparılmasına nəzarətin təşkilində iştirak etmək;

6.6. Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən mallara aid gömrük rüsumlarının, vergilərin, habelə digər ödənişlərin dərəcələri və tətbiq mexanizminin təkmilləşdirilməsi haqqında müəyyən olunmuş qaydada təkliflər vermək;

6.7. Xarici-iqtisadi fəaliyyətin müvafiq mal nomenklaturasının aparılmasını, habelə onun hazırlanması, dəyişdirilməsi və ona əlavələr edilməsi üzrə işi təşkil etmək;

6.8. Gömrük rejimlərinin hüquqi tənzimləmə xüsusiyyətlərini müəyyən etmək;

6.9. Ayrı-ayrı kateqoriyalı malların sərbəst gömrük zonalarına və sərbəst anbarlara yerləşdirilməsini məhdudlaşdırmaq və ya qadağan etmək;

6.10. Ticarət məqsədləri üçün nəzərdə tutulmayan malların fiziki şəxslər tərəfindən keçirilməsinin sadələşdirilmiş, güzəştli qaydalarını müəyyən etmək;

6.11. Gömrük brokerlərinin və gömrük rəsmiləşdirilməsi üzrə mütəxəssislərin fəaliyyətinin hüquqi tənzimləmə xüsusiyyətlərini müəyyən etmək;

6.12. Ona həvalə edilmiş vəzifə və funksiyaları yerinə yetirmək üçün mərkəzi icra hakimiyyəti orqanları da daxil olmaqla hüquqi-təşkilati formasından asılı olmayaraq, müəssisələrdən və təşkilatlardan, habelə vəzifəli şəxslərdən və fiziki şəxslərdən sənədlər və məlumatlar tələb etmək;

6.13. Gömrük işi məsələləri üzrə koordinasiya və ekspert şuraları, işçi qrupları və müvəqqəti yaradıcı kollektivlər təşkil etmək; gömrük işi və gömrük siyasəti problemlərinin həlli məqsədi ilə müqavilə əsasında xarici ölkələrin mütəxəssisləri və alimləri də daxil olmaqla, elmi müəssisələri, alimləri və mütəxəssisləri cəlb etmək;

6.14. Rabitə və məlumatların ötürülməsinin xidməti sistemini yaratmaq;

6.15. Tabeçiliyindəki idarələrin, müəssisələrin və təşkilatların fəaliyyətinə rəhbərlik etmək, onların əsasnamələrini və nizamnamələrini təsdiq etmək, onların rəhbərlərini təyin etmək, maliyyə-təsərrüfat fəaliyyətinin yoxlanılmasını və təftişini həyata keçirmək;

6.16. Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.

7. Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi öz səlahiyyətləri daxilində gömrük işi üzrə Azərbaycan Respublikasının bütün ərazisində qüvvədə olan, Azərbaycan Respublikasının bütün dövlət orqanları, hüquqi-təşkilati formasından asılı olmayaraq idarələr, müəssisələr və təşkilatlar, habelə vəzifəli şəxslər və fiziki şəxslər tərəfindən icrası məcburi olan normativ aktlar qəbul edir.

8. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin idarəedilməsi aşağıdakı qaydada təşkil edilir:

8.1. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə sədr rəhbərlik edir;

8.2. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri Azərbaycan Respublikası Prezidenti tərəfindən vəzifəyə təyin edilir və vəzifədən azad olunur;

8.3. Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi sədrinin müavinləri sədrin təklifinə əsasən Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin edilir və vəzifədən azad olunur;

8.4. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri:

  • Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsini təmsil edir, Azərbaycan Respublikasının digər dövlət orqanları ilə onun qarşılıqlı fəaliyyətini təmin edir;
  • Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi sədrinin müavinləri arasında vəzifə bölgüsü aparır;
  • Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin səlahiyyətləri daxilində normativ aktları imzalayır (təsdiq edir) və onların icra vəziyyətinin yoxlanmasını təşkil edir;
  • Azərbaycan Respublikası gömrük orqanlarının vəzifəli şəxslərini, gömrük laboratoriyalarının və tabeçiliyindəki digər idarə, müəssisə və təşkilatların əməkdaşlarını vəzifəyə təyin edir və vəzifədən azad edir;
  • Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin struktur bölmələrinin və tabeçiliyindəki digər idarə, müəssisə və təşkilatların əsasnamələrini (nizamnamələrini) təsdiq edir;
  • Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin müəyyən olunmuş say tərkibi və əmək haqqı fondu hədlərində ştat cədvəlini, idarəetmə aparatının saxlanması üçün smeta xərclərini təsdiq edir;
  • öz səlahiyyətləri daxilində gömrük orqanlarının vəzifəli şəxslərinə və tabeliyindəki müəssisələrin işçilərinə xüsusi rütbələr verir; ali rəhbər heyətindən olan vəzifəli şəxslərə xüsusi rütbələrin verilməsi haqqında müəyyən edilmiş qaydada təqdimat verir;
  • gömrük orqanlarının və tabeliyindəki digər müəssisə və təşkilatların işçilərini mükafatlandırır;
  • xüsusilə fərqlənmiş əməkdaşlara Azərbaycan Respublikasının fəxri adlarının verilməsi və ya onların dövlət mükafatları ilə təltif olunması üçün müəyyən olunmuş qaydada təqdimat verir;
  • gömrük orqanlarının əməkdaşları, gömrük laboratoriyaları və tabeliyindəki digər idarə, müəssisə və təşkilatların işçiləri barəsində Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş intizam təsiri tədbirlərini tam şəkildə tətbiq edir;
  • ona verilmiş ayrı-ayrı səlahiyyətlərdən tabeçiliyindəki vəzifəli şəxslərin istifadə etməsinə icazə verir;
  • Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq digər hüquqlardan da istifadə edir və başqa funksiyaları da həyata keçirir.

9. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsində sədrdən (Kollegiyanın sədri) və sədrin müavinlərindən, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Aparatının, habelə gömrük orqanlarının, gömrük laboratoriyalarının, tabeçilikdə olan digər idarə, müəssisə və təşkilatların rəhbər işçilərindən ibarət kollegiya təşkil olunur. Kollegiyanın tərkibi vəzifələr üzrə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin təqdimatına əsasən Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilir.

9.1. Kollegiya öz iclaslarında Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin fəaliyyəti ilə bağlı mühüm məsələlərə baxır və onlar haqqında qərarlar çıxarır.

9.2. Kollegiyanın qərarı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin əmrləri ilə həyata keçirilir.

10. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi dövlət büdcəsinin vəsaiti hesabına və həmçinin Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş digər mənbələr hesabına maliyyələşdirilir.

11. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi hüquqi şəxsdir, onun üzərində Azərbaycan Respublikasının Dövlət gerbi təsvir olunmuş və öz adı yazılmış möhürü, müvafiq möhür və ştampları, banklarda və kredit təşkilatlarında hesabı (o cümlədən valyuta hesabı) vardır.


© AzerSoft

Rəsmi məlumatlar Arxiv    
17.11.2007
Rəsmi xronika
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Cənubi Koreyadan gətirilmiş və şəhərdaxili marşrutlarda istifadə üçün nəzərdə tutulmuş çoxyerli avtobusların təqdimat mərasimində iştirak etmişdir.
Prezident İlham Əliyev sükan arxasında oturaraq, yeni nəqliyyat vasitəsini sınaqdan keçirdi. Dövlət başçısı sərnişinlərin rahatlığını təmin etmək üçün yeni nəqliyyat vasitələrindən səmərəli istifadə olunması ilə bağlı tapşırıqlarını verdi.

Daha ətraflı
17.11.2007
Ölkəmiz hərtərəfli inkişaf yoluna qədəm qoymuşdur
Azərbaycanın müasir tarixinin ən parlaq səhifələrindən olan müstəqillik dövrü xalqımıza bütün sahələrdə yeni-yeni nailiyyətlər bəxş etmiş, respublikamız hərtərəfli inkişaf yoluna qədəm qoymuşdur. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan sosial-iqtisadi inkişaf strategiyası Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir, hər tərəfdə yenilik hiss olunur, quruculuq prosesi geniş vüsət alır.
Respublikamızda həyata keçirilən iqtisadi siyasətin əsasən sosialyönümlü mahiyyət daşıması bir sıra reallıqlarla şərtlənir, cəmiyyətin sosial sifarişini əks etdirir.

Daha ətraflı
17.11.2007
Müstəqil Azərbaycan başqa ölkələrin də enerji təhlükəsizliyinin təmin edilməsində öz rolunu oynayır
Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə noyabrın 14-də Prezident sarayında ölkənin energetika sektorundakı vəziyyətə və qışa hazırlıq məsələlərinə dair müşavirə keçirilmişdir.
Dövlətimizin başçısı müşavirəni giriş nitqi ilə açaraq bildirmişdir ki, bütövlükdə, Azərbaycanda energetika sektorunun inkişafı çox uğurlu gedir. Azərbaycan böyük həcmdə neft-qaz hasil və ixrac edən ölkəyə çevrilir. Azərbaycanın zəngin neft-qaz ehtiyatları artıq dünya və Avropa bazarlarına müxtəlif yollarla çatdırılır.

Daha ətraflı
17.11.2007
«Azərbaycan Respublikasının 2008-ci il dövlət büdcəsi haqqında» qanun layihəsi müzakirə edilmişdir
Milli Məclisin noyabrın 13-də keçirilən iclasında "Azərbaycan Respublikasının 2008-ci il dövlət büdcəsi haqqında" və büdcə zərfinə daxil olan digər qanun layihələri müzakirəyə çıxarılmışdır.
Parlamentin sədri Oqtay Əsədov demişdir ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan iqtisadi inkişaf strategiyası uğurla davam etdirilir və dövlət büdcəsində bütün sahələr üzrə əldə edilən müsbət nəticələr buna əyani misaldır. Dövlət büdcəsinin gəlir və xərcləri əvvəlki illərlə müqayisədə xeyli artmışdır.

Daha ətraflı
    © 2006 — 2007, Financial and Legal Consulting of The CIS Supported by «Marco Computer Technologies» Dizayn MEQA şirkəti tərəfindən hazırlanıb