Financial and Legal Consulting of The CIS Regional Cluster
             Az | Ru | En |
          
 
 
   
Qaçaqmalçılıq və gömrük qaydalarının pozulması ilə mübarizədə əməkdaşlıq haqqında Azərbaycan Respublikası Hökuməti və Gürcüstan Respublikası Hökuməti arasında Saziş

Bundan sonra «Tərəflər» adlandırılan Azərbaycan Respublikası Hökuməti və Gürcüstan Respublikası Hökuməti,

gömrük qanunvericiliyinin pozulmasının ölkələrinin iqtisadi, vergi və ictimai maraqlarına ziyan vurduğunu etiraf edərək;

narkotik və psixotrop maddələrin qanunsuz dövriyyəsinin ictimaiyyətin sağlamlığı üçün təhlükə tərətdiyini nəzərə alaraq;

malların idxal-ixrac və tranzit daşınması zamanı gömrük rüsum və vergilərinin yerində tətbiq edilməsinin zəruriliyini, yığımların və digər ödənişlərin, habelə qadağan, məhdudiyyət və nəzarətə aid olan müddəaların dəqiq yerinə yetirilməsinin vacibliyini etiraf edərək;

gömrük xidmətləri arasında sıx əməkdaşlıq nəticəsində gömrük qanunvericiliyinə riayət edilməsinin daha təsirli olacağına inanaraq;

Gömrük Əməkdaşlığı Şurasının inzibati qarşılıqlı yardım haqqında 1953-cü il 5 dekabr tarixli Tövsiyəsini nəzərə alaraq;

BMT-nin narkotik maddələr haqqında Vahid konvensiyasını (Nyu-York, 30 mart 1961-ci il), habelə Birləşmiş Millətlər Təşkilatının nəzarəti altında işlənib hazırlanmış psixotrop maddələr haqqında Konvensiyanı ( Vyana, 21 fevral 1971-ci il) və narkotik və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında Konvensiyanı ( Vyana, 19 dekabr 1988-ci il) nəzərdə tutaraq;

aşağıdakılar haqqında razılığa gəldilər:

Maddə 1. Terminlərin tərifi

Bu Sazişin məqsədləri üçün:

a) «gömrük qanunvericiliyi» – malların gətirilməsini, aparılmasını, eləcə də tranzitini tənzim edən qanun və hüquqi aktların, habelə gömrük rüsumlarının tutulması və digər ödənişlər, həmçinin qadağan, məhdudiyyət və nəzarət qaydalarının Əsasnaməsidir.

b) «gömrük inzibatçılığı» – Azərbaycan Respublikasında Dövlət Gömrük Komitəsi, Gürcüstan Respublikasında Dövlət Gömrük Departamenti;

v) «gömrük qanunvericiliyinin pozulması» – gömrük qanunvericiliyinin hər hansı şəkildə pozulması, habelə bu qanunvericiliyin pozulmasına edilən hər hansı cəhd;

q) «ərazi» – dövlətin gömrük işi xüsusunda müstəsna hüquqi səlahiyyətə malik olduğu və onun iqtisadi (dəniz) zonasında yaradılan ərazilər, o cümlədən sün`i adaların ərazisi, qurğu və tikintilər.

Maddə 2. Tətbiq sahəsi

1. Tərəflər bu Sazişə əsasən və gömrük inzibatçılığının vasitəsilə:

a) gömrük qanunvericiliyinə dəqiq əməl etmək məqsədilə;

b) gömrük qanunvericiliyinin pozulması qarşısının alınmasının, təhqiq edilməsinin və aradan qaldırılmasının təmin edilməsi məqsədilə;

v) gömrük qanunvericiliyinin tətbiq edilməsinə aid olan sənədlər haqqında xəbərdarlıq etməklə bir-birinə yardım göstərirlər.

2. Bu Sazişlə nəzərdə tutulan yardım qanunlara müvafiq surətdə və tələbkar Tərəfin xahişi ilə gömrük inzibatçılığının səlahiyyəti və imkanı çərçivəsində həyata keçirilir.

3. Bu Saziş rüsumlar, yığımlar və digər ödənişlər üçün kompensasiya nəzərdə tutmur.

Maddə 3. Şəxslər, mallar və nəqliyyat vasitələri üzərində müşahidə

Tərəflərin gömrük orqanları öz şəxsi təşəbbüsləri ilə və ya tələb edildikdə aşağıdakılar üzərində xüsusi müşahidə aparırlar:

a) digər Tərəfin gömrük qanunvericiliyinin pozulmasında müqəssirliyi məlum və ya şübhə altında olan şəxslər;

b) bir Tərəfin gömrük orqanlarının digər Tərəfin gömrük orqanlarına etdiyi xəbərdarlıq əsasında yüklərin və ödənişlərin keçirilməsi, onların bu dövlətin ərazisində qeyri-qanuni dövriyyədə fəaliyyət göstərməsi məlum olduğu hallarda;

v) digər Tərəfin gömrük qanunvericiliyinin pozulması məqsədilə istifadə edilməsi məlum olan və ya bunda şübhələndirilən bütün nəqliyyat vasitələri;

q) digər Tərəfin ərazisində gizli dövriyyə üçün nəzərdə tutulmuş malların saxlanılması məqsədilə istifadə olunan yerlər.

2. Öz səlahiyyətləri çərçivəsində Tərəflərin gömrük orqanları aşağıdakılara icazə verməyə bilər:

a) digər Tərəfin ərazisində dövlətlər arasında qanuni ticarət məqsədi üçün deyil, başqa məqsədlər üçün aparılan və ya bu xüsusda şübhə yaradan kifayət qədər əsas haqqında olan malların aparılmasına;

b) digər Tərəfin dövlətinin ərazisinə gətirilməsi qadağan olunan malların çıxarılmasına.

Maddə 4. Məlumat mübadiləsi

1. Tərəflərin gömrük orqanları öz şəxsi təşəbbüsləri və ya sorğu əsasında aşağıdakılarla bağlı həqiqətin müəyyənləşdirilməsi üçün zəruri olan məlumatları bir-birinə təqdim edəcəklər:

a) gömrük rüsumlarının, eləcə də idxal-ixrac yığım və ödənişlərinin, xüsusilə də malın həqiqi qiymətinin gömrük məqsədləri üçün təyin edilməsi və onların tarif təsnifatı barəsində olan məlumatlar;

b) aparmaq, gətirmək və tranzit üçün məhdudlaşdırmaların və qadağanların tətbiqi;

v) sazişlərdə nəzərdə tutulmadığı təqdirdə malların mənşəyini müəyyən edən qaydalardan istifadə edilməsi.

2. Əgər Tərəflərdən birinin gömrük orqanları tələb olunan informasiyaya malik deyildirsə, öz gömrük qanunvericiliyinin normalarına uyğun olaraq, onu istədiyi şəkildə araşdıra bilər.

Maddə 5

Bir Tərəfin gömrük orqanı sorğuya əsasən, digər Tərəfə aşağıdakı məlumatları təqdim edir:

    • malların tələb olunan dövlətdən tələb edən dövlətə aparılmasının qanuniliyi haqqında;
    • tələb edən Tərəfin dövlətində, tələb edən Tərəfin dövlətinə aparılan malların qanuniliyi və bu malların məruz qaldığı gömrük prosedurları haqqında.

    Maddə 6

    Bir Tərəfin gömrük orqanı öz təşəbbüsünə və ya sorğuya əsasən digər Tərəfin gömrük orqanına gömrük qanunvericiliyinin pozulmasının araşdırılmasında istifadə edilə biləcək bütün informasiyanı təqdim edir, xüsusilə:

    a) digər Tərəfin gömrük qanunvericiliyini pozması məlum olan və ya şübhə altına düşən fiziki və hüquqi şəxslərə münasibətdə;

    b) qanunsuz dövriyyədə istifadə olunması məlum olan və ya bu barədə şübhəli mallara münasibətdə;

    v) gömrük qanunvericiliyinin pozulması ilə tətbiq edilməsi məlum olan və ya bunu güman etməyə əsas verən üsul və vasitələrə münasibətdə.

    Maddə 7

    Bir Tərəfin gömrük orqanı öz şəxsi təşəbbüsü ilə və ya sorğuya əsasən digər Tərəfin qanunvericiliyinə zidd olan və ya zidd ola biləcək yol verilmiş və ya planlaşdırılan hərəkətlər barədə bütün informasiyanı əks etdirən aktları, protokolları, yazılı sübutları və ya sənədlərin təsdiq olunmuş surətlərini digər tərəfin gömrük orqanına təqdim edir.

    Maddə 8

    Bu Sazişdə nəzərdə tutulan sənədlər kompüter informasiyası şəklində və ya digər formada təqdim edilə bilər.

    Həmin materialların izahı və tətbiqi üçün lazım olan bütün məlumat eyni zamanda təqdim edilməlidir.

    Maddə 9

    1. Sənədin əslinin təqdim edilməsi o hallarda tələb edilə bilər ki, təsdiq olunmuş surətlər kifayət etməsin.

    2. Gömrük orqanlarından alınmış sənədlərin əsli ilk imkan daxilində qaytarılır.

    Maddə 10. Təhqiqat

    1. Bir Tərəfin gömrük orqanının xahişinə əsasən digər Tərəfin gömrük orqanı birinci Tərəfin gömrük qanunvericiliyinə zidd olan və ya zidd ola biləcək hərəkətin baş verməsi və ya belə hərəkətə cəhd edilməsi faktı üzrə rəsmi təhqiqata başlaya bilər. Belə təhqiqatın nəticələri tələb edən gömrük orqanına bildirilir.

    Bu cür təhqiqat tələb edən Tərəfin dövlətinin qanunlarına və göstərişlərinə müvafiq olaraq həyata keçirilir.

    3. Bir Tərəfin gömrük orqanlarının vəzifəli şəxsləri, xüsusi hallarda , digər Tərəfin gömrük orqanlarının razılığı ilə sonuncunun ərazisində gömrük qanunvericiliyinin pozulması barədə aparılan təhqiqat işində iştirak edə bilərlər.

    Maddə 11. Ekspertlər və şahidlər

    Gömrük qanunvericiliyini təhqiq edən hər hansı Tərəfin məhkəmələrinin və ya səlahiyyətli idarələrinin sorğusu ilə digər Tərəfin gömrük orqanı öz vəzifəli şəxslərinə bu məhkəmələrdə və ya səlahiyyətli idarələrdə şahid və ekspert kimi çıxış etməyi həvalə edə bilər. Tələbdə işin mahiyyəti və vəzifəli şəxsin hansı şəkildə çıxış etməsi haqqında dəqiq məlumatlar olmalıdır.

    Maddə 12. Vəzifəli şəxslərin ezamiyyət şərtləri

    Bir Tərəfin vəzifəli şəxsləri bu Sazişdə nəzərdə tutulan hallarda digər Tərəfin ərazisində qaldığı müddətdə öz rəsmi səlahiyyətini təsdiq edən sənədləşdirilmiş təsdiqnamələrə malik olmalı, rəsmi forma geyməməli və silah gəzdirməməlidirlər.

    Maddə 13. Alınan sənəd və məlumatlardan istifadə

    1. Sorğuya görə təqdim olunan məlumat, xəbər və sənədlər ancaq bu Sazişin yerinə yetirilməsi məqsədilə istifadə edilməli və onları təqdim etmiş gömrük orqanının razılığı olmadan heç kimə verilməməli və digər məqsədlər üçün istifadə edilməməlidir.

    2. Bu maddəni 1-ci bəndinin müddəaları narkotik və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı materiallara aid edilmir. Belə informasiya bilavasitə narkotikin qanunsuz dövriyyəsinə qarşı mübarizə aparan orqanlara verilə bilər.

    3. Tərəf bu Sazişə əsasən informasiyanı, ekspertiza aktlarını və digər məlumatları, habelə bu qabildən olan digər materialları milli qanunçuluğuna müvafiq bu cür olaraq qoruyur.

    Maddə 14

    1. Tərəflərin gömrük orqanları bu Sazişə uyğun olaraq və onun çərçivəsində sübut kimi alınmış yazılı izahatlardan, şahidlik ifadələrindən, məlumat və digər materiallardan təhqiqat və məhkəmə araşdırmaları zamanı istifadə edə bilərlər.

    2. Bu məlumat və sənədlərin şəhadət qüvvəsi, həmçinin bunların məhkəmələrdə istifadə olunması onları qəbul etmiş Tərəfin milli qanunçuluğu ilə müəyyən olunur.

    Maddə 15. Qarşılıqlı yardım barədə öhdəliklərdən istisnalar

    1. Əgər sorğu edilən Tərəfin gömrük orqanları sorğuya cavab verilməsinin onun suverenliyinə, təhlükəsizliyinə, ictimai asayişə və digər mühüm mənafelərinə ziyan vura biləcəyini və ya dövlət, sənaye, habelə kommersiya sirlərinin pozulmasına səbəb olacağını hesab edirsə, onda o, sorğunun yerinə yetirilməsini müəyyən şərtlərdən asılı etmək üçün yardım göstərməkdən tamamilə və ya qismən imtina edə bilər.

    2. Kömək etməkdən imtina olunduğu halda, bu barədə qərar, səbəbləri göstərilməklə, dərhal sorğu verən gömrük orqanına bildirilir.

    3. Əgər yardım haqqında sorğu göndərərkən bu, soruşan Tərəfin özü tərəfindən yerinə yetirilə bilmirsə, onda sorğuda bu cəhət göstərilməlidir. Belə bir sorğunun yerinə yetirilməsi haqqında qərar sorğu alan gömrük orqanı tərəfindən qəbul edilir.

    Maddə 16. Sənədlər haqqında məlumat

    1. Bir Tərəfin gömrük orqanının xahişi ilə, Saziş bağlayan Tərəfin gömrük orqanı onun ərazisində yerləşən hüquqi və fiziki şəxslərə gömrük qanunvericiliyinin tətbiqi ilə bağlı hökumət tərəfindən həyata keçirilən tədbir və qərarları özündə əks etdirən sənədlər haqqında məlumat verir.

    2. Bu Sazişə əsasən sənədlər haqqında məlumat vermək sorğu göndərən Tərəfin qanunlarına və təcrübəsinə müvafiq surətdə yerinə yetirilir.

    3. Sorğu göndərən Tərəfin istəyinə əsasən, məlumatlandırma digər Tərəfin qanunvericiliyinə zidd olmadıqda xüsusi üsulla yerinə yetirilə bilər.

    4. Bildirişi təsdiq edən sənəd tələb edən Tərəfin səlahiyyətli orqanının şəhadətnaməsi kimi maraqlı şəxslərin tarixi və imzasından ibarət rekvizitlərlə təmin olunmalı və yaxud tarix və məlumat vermə üsulu göstərilmiş şəhadətnamə kimi tərtib olunmalıdır.

    Maddə 17. Yardım mübadiləsi

    1. Bu Sazişdə nəzərdə tutulmuş yardım mübadiləsi bilavasitə Tərəflərin gömrük orqanları tərəfindən həyata keçirilir.

    2. Tərəflərin gömrük orqanları mərkəzi, eləcə də yerli təhqiqat və nəzarət xidmətləri arasında bilavasitə əlaqə təşkil edə bilərlər.

    Maddə 18. Xərclər

    Tərəflərin gömrük orqanları 11-ci maddəyə müvafiq olaraq, şahidlərin və ekspertlərin çağırılması istisna edilməklə, bu Sazişin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün iddia qaldırmamalıdırlar.

    Maddə 19. Sazişin ərazi üzrə tətbiqi , icrası və izahı

    1. Bu Saziş Azərbaycan Respublikasının ərazisində və Gürcüstan Respublikasının ərazisində qüvvədədir.

    2. Bu Sazişin təfsiri və tətbiq edilməsi ilə əlaqədar meydana çıxan mübahisələr danışıqlar və ya Tərəflər üçün münasib sayılan digər yollarla həll edilir.

    Maddə 20. Sazişin qüvvəyə minməsi və qüvvədə qalma müddətinin başa çatması

    Bu Saziş Tərəflərin daxili qanunvericiliyinə uyğun surətdə, onun qüvvəyə minməsi üçün zəruri olan bütün prosedurların yerinə yetirilməsi haqqında yazılı məlumat mübadiləsindən 30 gün sonra qüvvəyə minir.

    Bu Saziş Tərəflərin hər biri tərəfindən ləğv edilə bilər.

    Saziş Tərəflərdən birinin digər Tərəfin onun qüvvəsini dayandırmaq niyyətində olduğu barədə yazılı məlumatını aldıqdan altı ay sonra qüvvəsini itirir.

    Bakı şəhərində, 1995-ci il mayın 7-də Azərbaycan, gürcü və rus dillərində, hər biri iki əsl nüsxədə tərtib olunmuşdur.

    Bu Sazişin təfsiri zamanı fikir ayrılığı olarsa, rus dilindəki mətn əsas götürülməlidir.

    Azərbaycan Respublikası
    Hökuməti tərəfindən

    Gürcüstan Respublikası
    Hökuməti tərəfindən

    Saziş Azərbaycan Respublikası Prezidentinin 15 iyun 1996-cı il tarixli 339 nömrəli Sərəncamı ilə təsdiq edilmişdir («AzerSoft»).

    © AzerSoft

Rəsmi məlumatlar Arxiv    
06.10.2007
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 2-də Prezident sarayında Qara Dəniz və Xəzər Dənizi Sahibkarlar Konfederasiyaları Birliyinin və Türk Sənayeçiləri və İş Adamları Birliyinin prezidenti Arzuxan Doğanı, Mərmərə qrupu vəqfinin sədri Akkan Suveri və ATA Holdinqin baş direktoru Əhməd Erentoku qəbul etmişdir. Azərbaycan Prezidenti ölkəmizdə “Qara dəniz və Xəzər dənizi regionunda regional birbaşa xarici investisiyalar” mövzusunda beynəlxalq konfransın keçirilməsinin böyük əhəmiyyətə malik olduğunu qeyd etdi və konfrans iştirakçılarına təbrik məktubu ünvanladığını bildirdi.

Daha ətraflı
06.10.2007
Azərbaycan və Xorvatiya arasında ikitərəfli münasibətlərin böyük perspektivləri var. Xorvatiya Prezidenti Stepan Mesiçin Azərbaycana rəsmi səfəri
Oktyabrın 2-3 tarixlərində Xorvatiya Respublikasının Prezidenti Stepan Mesiç Azərbaycanda rəsmi səfərdə olmuşdur.
Xorvatiya Respublikasının Prezidenti Stepan Mesiç oktyabrın 2-də Fəxri xiyabana gəlmişdir.
Xorvatiya dövlətinin başçısı türk dünyasının görkəmli oğlu, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla anaraq, məzarı önünə əklil qoydu.
Xorvatiya Prezidenti görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üstünə də tər gül dəstəsi qoydu.

Daha ətraflı
06.10.2007
MDB dövlət başçılarının növbəti zirvə toplantısı keçirilir
Oktyabrın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev MDB üzvü olan ölkələrin dövlət başçılarının növbəti zirvə toplantısında iştirak etmək üçün Tacikistanın paytaxtı Düşənbəyə yola düşmüşdür.
Düşənbə hava limanında Prezident İlham Əliyevi Tacikistanın nəqliyyat və kommunikasiyalar naziri Əbdürəhim Aşur və MDB-nin İcraiyyə Komitəsinin sədri - icraçı katib Vladimir Ruşaylo və digər rəsmi şəxslər qarşılamışlar.

Daha ətraflı
    © 2006 — 2007, Financial and Legal Consulting of The CIS Supported by «Marco Computer Technologies» Dizayn MEQA şirkəti tərəfindən hazırlanıb