Azərbaycan Respublikası Hökuməti
və Ukrayna Hökuməti arasında gömrük işi sahəsində əməkdaşlıq haqqında
SAZİŞ
Bundan sonra Tərəflər adlandırılacaq
Azərbaycan Respublikası Hökuməti və Ukrayna Hökuməti,
dostluq münasibətlərini, o cümlədən
gömrük işi sahəsindəki əməkdaşlıq vasitəsilə də inkişaf etdirməyi
arzulayaraq,
gömrük xidmətlərinin əməkdaşlığı
yolu ilə Tərəflər arasında sərnişin və yük daşınmalarının inkişafına
və sürətləndirilməsinə imkan yaradılmasına çalışıraq,
gömrük qanunvericiliyinə riayət
edilməsinin və gömrük hüquqpozuntuları ilə mübarizə aparılmasının
Tərəflərin gömrük xidmətlərinin əməkdaşlığı vasitəsilə daha
müvəffəqiyyətlə həyata keçiriləcəyini nəzərə alaraq,
aşağıdakılar barədə razılığa gəldilər:
Maddə 1. Terminlərin təyini
Bu Sazişin məqsədləri üçün nəzərdə
tutulan terminlərin mənaları:
- «Gömrük qanunvericiliyi» — malların, sərnişinlərin
baqaj və əl yüklərinin, valyuta və başqa sərvətlərin, beynəlxalq
poçt göndərişlərinin gətirilməsi, aparılması və tranziti, gömrük
rüsumları, yığımları və digər ödənişlərinin tutulması, imtiyazların
verilməsi, qadağan və məhdudiyyətlərin qoyulması və həmçinin
Tərəflərin gömrük sərhədlərindən malların keçirilməsinə nəzarət
qaydalarını tənzimləyən hüquq normalarının məcmuudur;
- «gömrük xidmətləri» — Tərəflərin mərkəzi gömrük
orqanları;
- «gömrük hüquqpozuntuları» — gömrük qanunvericiliyinin
pozulması və ya onun pozulmasına cəhd;
- «şəxs» — fiziki və ya hüquqi şəxs;
- «narkotik vasitələr» — BMT tərəfindən sonradan
dəyişiklik və əlavələr edilmiş 1961-ci il Narkotik vasitələr
haqqında Vahid konvensiyanın siyahılarına daxil edilmiş maddələr;
- «psixotrop maddələr» — BMT tərəfindən sonradan
dəyişiklik və əlavələr edilmiş 1971-ci il Psixotrop maddələr
haqqında konvensiyanın siyahılarına daxil edilmiş maddalər;
- «prekursorlar» — narkotik vasitələrin və psixotrop
maddələrin istehsalında istifadə olunan, beynəlxalq konvensiyalarda
kimyəvi materiallar kimi təsnifatlandırılan maddələr və onların
duzları;
- «nəzarət olunan daşımalar» — Tərəf dövlətin
ərazisinə Tərəflərin səlahiyyətli orqanlarının razılığı və müşahidəsi
altında, narkotik vasitələr və psixotrop maddələrin qeyri-qanuni
dövriyyəsi ilə əlaqədar olan şəxslərin müəyyən edilməsi məqsədilə,
narkotik vasitə və psixotrop maddələrin qeyri-qanuni, yaxud
qeyri-qanuniliyi güman edilən partiyasının gətirilməsi, aparılması
və ya tranziti metodu.
Maddə 2. Sazişin tətbiq edilmə dairəsi
Tərəflər, bu Saziş əsasında və
gömrük xidmətləri vasitəsilə öz səlahiyyətləri və Tərəflərin qanunvericiliyinə
riayət edilməsi çərçivəsində;
a) Tərəflər arasında sərnişin
və yük daşınmalarının təkmilləşdirilməsi;
b) gömrük rüsumları, yığımları
və başqa ödənişlərinin düzgün tutulmasının təmin edilməsi, həmçinin
gömrük imtiyazlarının tətbiq edilməsi;
v) gömrük hüquqpozuntularının
qarşısının alınması, təhqiqatı və aradan qaldırılması;
məqsədi ilə əməkdaşlıq edəcəklər.
Maddə 3. Gömrük rəsmiləşdirilməsinin
sadələşdirilməsi
1. Gömrük xidmətləri:
a) gömrük rəsmiləşdirilməsinin
sadələşdirilməsi üçün qarşılıqlı razılaşmaya əsasən zəruri tədbirlər
həyata keçirirlər;
b) bir-birinin gömrük sənədlərini
və gömrük təminatlarını (plomblar, möhür və ştampların nümunələri)
tanıyırlar, lazım olduqda ötürülən malların üzərinə öz gömrük
təminatlarını vururlar.
2. Tərəflərin qanunvericiliyinə
müvafiq olaraq malların aparılması, gətirilməsi və tranzitinin
qadağan olunduğu, yaxud gömrük hüquqpozuntularının mövcud olduğunu
hesab etməyə əsas verən hallar istisna olmaqla, tranzitlə keçən
mal və nəqliyyat vasitələri gömrük baxışından azad edilirlər.
Maddə 4. Şəhadətnamələrin təqdim
edilməsi
1. Gömrük xidmətləri sorğu əsasında
bir Tərəfin ərazisindən çıxarılan malların o biri Tərəfin ərazisinə
gətirilməsinin qanuni olması barədə bir-birinə təsdiqedici şəhadətnamələr
verirlər.
Şəhadətnamələrdə malların müvafiq
olaraq rəsmiləşdirildiyi gömrük əməliyyatlarının növü və nəticələri
göstərilir.
2. Gömrük xidmətləri sorğu əsasında
onlara tabe olan gömrük orqanları tərəfindən təqdim edilən şəhadətnamələrin
və ya başqa sənədlərin əsilliyi və zəruri olan bütün məlumatların
mövcudluğu barədə bir-birinə məlumat verirlər.
Maddə 5. Narkotik vasitələrin və
psixotrop maddələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə
1. Gömrük xidmətləri narkotik
vasitələrin, psixotrop maddələrin və prekursorların qeyri-qanuni
dövriyyəsinin qarşısının alınması, təhqiqatı və aradan qaldırılması
işinin fəallaşdırılması məqsədilə, ilkin sorğusuz və mümkün olduqca
qısa müddətə bir-birinə məlumat verirlər:
a) narkotik vasitələrin, psixotrop
maddələrin və prekursorların qeyri-qanuni dövriyyəsi ilə məşğul
olan və ya şübhə edilən şəxslər barədə;
b) narkotik vasitələrin, psixotrop
maddələrin və prekursorların qeyri-qanuni dövriyyəsi üçün istifadə
olunması məlum olan nəqliyyat vasitələri, o cümlədən konteyner
və poçt göndərişləri barədə, həmçinin onlara nəzarətin yeni
metodları barədə.
2. Gömrük xidmətləri narkotik
vasitələrin, psixotrop maddələrin və prekursorların qeyri-qanuni
dövriyyəsində tətbiq edilən üsullar, həmçinin onlara nəzarətin
yeni metodları barədə bir-birinə ilkin sorğusuz məlumat verirlər.
3. Bu maddənin 1 və 2-ci bəndlərinə
müvafiq olaraq Tərəflərin hər hansı birindən alınan məlumat, xəbər
və sənədlər həmin Tərəfin narkomaniya və narkotik vasitələrin,
psixotrop maddələrin və prekursorların qeyri-qanuni dövriyyəsi
ilə mübarizə aparan hüquq mühafizə və digər dövlət orqanlarına
verilə bilər.
4. Tərəflərin qanunvericiliyi
əsasında və qarşılıqlı razılaşmaya görə gömrük xidmətləri zəruri
olduqda narkotik vasitələrin və psixotrop maddələrin qeyri-qanuni
dövriyyəsi ilə əlaqəsi olan şəxsləri aşkar etmək məqsədilə nəzarət
altında daşınma metodundan istifadə edirlər.
Nəzarət altında daşımalar metodundan
istifadə olunması barədə qərarları Tərəflər ayrıca hər bir konkret
hal üçün qəbul edirlər və lazım olduqda Tərəflərin maliyyə razılaşmalarını
da nəzərə ala bilərlər.
Maddə 6. Məlumatların verilməsi
1. Gömrük xidmətləri sorğu əsasında,
o cümlədən məlumatların, protokolların və digər materialların
və ya onların təsdiq edilmiş surətlərinin göndərilməsi yolu ilə,
onların sərəncamında olan məlumatları bir-birinə ötürürlər:
a) gömrük rüsumu, yığımı və
digər ödənişlərinin tutulması ilə, həmçinin gömrük güzəştlərinin
tətbiq edilməsi ilə bağlı şərait barədə;
b) sorğu göndərən Tərəfin gömrük
qanunvericiliyinə zidd olan törədilmiş və ya hazırlanan hərəkətlər
barədə.
2. Gömrük xidmətləri mümkün olan
qısa müddətdə, o cümlədən ilkin sorğusuz, onlara qarşı mübarizədə
Tərəflərin xüsusi marağı olduğu, baş verməsi mümkün hesab edilən
gömrük hüquqpozuntuları barədə məlumatları bir-birinə çatdırırlar.
Bu birinci növbədə, aşağıdakıların keçirilməsi zamanı gömrük hüquqpozuntularına
aiddir:
a) ətraf mühit və ya əhalinin
sağlamlığı üçün təhlükə törədə bilən mallar;
b) silah, döyüş sursatları,
partlayıcı və zəhərləyici maddələr, partlayıcı qurğular;
v) mühüm tarixi, bədii, mədəni
və ya arxeoloji əhəmiyyət kəsb edən əşyalar;
q) xüsusilə mühüm əhəmiyyət
kəsb edən və Tərəflərin qanunvericiliyinə əsasən yüksək gömrük
rüsumu, aksiz və digər vergilər tətbiq olunan mallar.
Maddə 7. Sənədlərin verilməsi
1. Tərəflərin gömrük xidmətləri
gömrük məsələləri ilə bağlı qüvvədə olan qanunvericilik və digər
normativ aktların surətləri ilə öz aralarında mübadilə aparır
və gömrük qanunvericiliyinə edilən bütün dəyişiklik və əlavələr
barədə bir-birinə ləngidilmədən məlumat verirlər.
2. Bir Tərəfin gömrük xidməti
digər Tərəfin gömrük xidmətinin sorğusu ilə gömrük qanunvericiliyinin
tətbiq edilməsi məsələlərinə aid inzibati orqanların qərarlarının
surətlərini onlara göndərir.
3. Bu maddəyə əsasən sənədlərin
verilməsi haqqında sorğuda bu Sazişin 11-ci maddəsinin 2-ci bəndinin
«d» yarımbəndində nəzərdə tutulmuş tələbdən fərqli olaraq məsələnin
mahiyyəti təsvir edilməyə bilər.
4. Sənədlərin alınması sorğu göndərən
gömrük xidməti tərəfindən alınma tarixi göstərilməklə təsdiq edilir.
Maddə 8. Təcrübə mübadiləsi və yardım
göstərilməsi
1. Gömrük xidmətləri məlumat mübadiləsi
aparırlar:
a) öz fəaliyyət təcrübələri
və nəzarətin texniki vasitələrinin tətbiq edilməsi haqqında;
b) gömrük hüquqpozuntularının
yeni vasitə və üsulları haqqında;
v) hər iki Tərəf üçün qarşılıqlı
maraq təşkil edən digər gömrük məsələləri haqqında.
2. Gömrük xidmətləri gömrük işi
sahəsində bir-birlərinə yardım edirlər:
a) qarşılıqlı maraq olduğu hallarda,
həmçinin gömrük xidmətləri tərəfindən istifadə edilən texniki
vasitələrlə tanışlıq məqsədilə, gömrük əməkdaşlarının mübadiləsi;
b) əməkdaşların öyrədilməsi
və xüsusi təcrübələrin təkmilləşdirilməsi;
v) gömrük məsələləri üzrə ekspertlərin
mübadiləsi;
q) gömrük məsələlərinə aid olan
professional, elmi və texniki məlumatların mübadiləsi.
Maddə 9. Təhqiqat
1. Bir Tərəfin gömrük xidmətinin
sorğusu ilə digər Tərəfin gömrük xidməti bu Sazişin 2-ci maddəsinin
«b» və «v» bəndləri ilə nəzərdə tutulmuş məsələlər haqqında yoxlama
və ya təhqiqat aparır. Yoxlama və ya təhqiqatın nəticələri barədə
bu Sazişin 6-cı maddəsinin 1-ci bəndində nəzərdə tutulmuş qaydaya
əsasən sorğunu göndərmiş gömrük xidmətinə məlumat verilir.
2. Yoxlama və ya təhqiqat sorğu
edilən Tərəfin ərazisində qüvvədə olan qanunvericiliyə müvafiq
olaraq aparılır. Sorğu edilən gömrük xidməti yoxlama və ya təhqiqatı
öz adından aparır.
3. Sorğu edilən gömrük xidməti,
sorğunu göndərən gömrük xidmətinin rəsmi şəxslərinin belə təhqiqatda
iştirak etməsinə icazə verə bilər.
4. Bu Sazişdə nəzərdə tutulmuş
hallarda bir Tərəfin vəzifəli şəxsləri, digər Tərəfin ərazisində
olduğu müddətdə öz rəsmi səlahiyyətlərini təsdiq edən sənədli
sübuta malik olmalı, rəsmi geyim forması və silah daşımamalıdır.
Maddə 10. Ekspert və şahidlər
Əgər gömrük hüquqpozuntularına
baxılması ilə bağlı bir Tərəfin məhkəmə və ya inzibati orqanları
müvafiq sorğu ilə müraciət edirsə, o biri Tərəfin gömrük xidməti
öz əməkdaşlarına belə məhkəmə və inzibati araşdırmalarda şahid
və ya ekspert sifəti ilə çıxış etmək səlahiyyətini verə bilər.
Həmin əməkdaşlar öz xidməti vəzifələrini yerinə yetirdikləri zaman
onlar tərəfindən müəyyən edilmiş faktlar üzrə ifadə və rəy verirlər.
Məhkəmə və ya inzibati araşdırmalarda iştirakı barədə sorğuda,
sorğu edilən Tərəfin gömrük əməkdaşının həmin araşdırmada hansı
iş üzrə və hansı formada iştirak etməli olduğu göstərilməlidir.
Maddə 11. Sorğunun forma və məzmunu
1. Bu Sazişin 9-cu maddəsinin
1-ci bəndində nəzərdə tutulmuş sorğu yazılı şəkildə göndərilir.
Sorğunu yerinə yetirmək üçün lazım olan sənədlərin əsli, rəsmi
təsdiq olunmuş surətləri və ya fotosurətləri əlavə olunmalıdır.
2. Sorğuda aşağıdakı məlumatlar
olmalıdır:
a) maraqları sorğunun əsasını
təşkil edən gömrük orqanının adı;
b) sorğunun mövzusu və səbəbi;
v) əməliyyatın növü;
q) əməliyyat iştirakçılarının
soyadları, ünvanları və onlar haqqında başqa məlumatlar;
d) işin qısa məzmunu və hüquqi
təsnifatı.
Maddə 12. Sorğunun yerinə yetirilməsi
1. Gömrük xidmətləri sorğunun
yerinə yetirilməsində öz Tərəfinin qanunvericiliyinə müvafiq olaraq
və öz səlahiyyətləri hüdudlarında bir-birinə kömək göstərirlər.
2. Əgər sorğunun yerinə yetirilməsi
sorğu edilən Tərəfin suverenliyinə, təhlükəsizliyinə ziyan vura
bilərsə, yaxud qanunvericiliyinə və ya beynəlxalq öhdəçiliyinə
ziddirsə, onun yerinə yetirilməsindən imtina edilir.
3. Sorğunun yerinə yetirilməsindən
imtina edilməsi barədə, həmçinin imtinanın səbəbləri haqqında
sorğu göndərən Tərəf təxirə salınmadan yazılı şəkildə xəbərdar
edilir.
Maddə 13. Sənədlər
1. Sorğuya əsasən sənədlərin əsilləri,
onların rəsmi təsdiq edilmiş surət və fotosurətləri kifayət etmədikdə
göndərilir.
2. Sənədlərin əsilləri sorğu edilən
gömrük xidmətinə mümkün qədər qısa müddət ərzində qaytarılmalıdır.
3. Bu maddənin müddəalarının yerinə
yetirilməsi zamanı sorğu edilən Tərəfin və ya bu Sazişin iştirakçısı
olmayan dövlətin hüquqları və qanuni maraqları məhdudlaşdırılmamalıdır.
Maddə 14. Alınan məlumat və sənədlərdən
istifadə edilməsi
1. Gömrük xidmətləri bu sazişə
əsasən alınan məlumat və sənədlərdən öz protokollarında, məlumatlarında
və digər materiallarında, yoxlama və təhqiqatlar zamanı, gömrük
hüquqpozuntuları ilə əlaqədar keçirilən məhkəmə və ya inzibati
araşdırmalarda sübut kimi istifadə edə bilərlər. Bu məlumat və
sənədlərin məhkəmə və ya inzibati araşdırmalar zamanı qiymətləndirilməsi
sorğu göndərən Tərəfin qanunvericiliyinə müvafiq olaraq həyata
keçirilir.
2. Sorğuya əsasən təqdim edilmiş
məlumatlar, xəbərlər və sənədlər yalnız bu Sazişin yerinə yetirilməsi
məqsədləri üçün istifadə edilir və onları təqdim etmiş gömrük
xidmətinin razılığı olmadan heç kimə verilə bilməz və ya başqa
məqsədlər üçün istifadə edilə bilməz.
3. Bu Maddənin 2-ci bəndinin müddəaları
narkotik, psixotrop maddələrin və prekursorların qeyri-qanuni
dövriyyəsi ilə əlaqədar olan qanun pozuntularına dair materiallara
aid deyil. Belə məlumat birbaşa olaraq narkotiklərin qeyri-qanuni
dövriyyəsinə qarşı mübarizə ilə bilavasitə məşğul olan orqanlara
verilə bilər.
Maddə 15. Xərclərin ödənilməsi
1. Sorğu göndərən gömrük xidməti
sorğu edilən gömrük xidmətinə bu Sazişin yerinə yetirilməsi zamanı
sorğu edilən gömrük xidmətində işləməyən ekspert və tərcüməçilərin
əmək haqqının verilməsi ilə əlaqədar olan xərcləri ödəyir.
2. Bu Sazişin 8-ci maddəsinin
müddəalarının yerinə yetirilməsi ilə əlaqədar olan xərclərin ödənilməsi
Tərəflərin gömrük xidmətləri arasında ayrıca razılaşmaların mövzusu
ola bilər.
Maddə 16. Sazişin yerinə yetirilməsi
1. Bu Sazişdə nəzərdə tutulmuş
əməkdaşlıq bilavasitə gömrük xidmətləri arasında həyata keçirilir.
2. Gömrük xidmətləri öz səlahiyyətləri
çərçivəsində bu Sazişin icrası üçün zəruri olan normativ aktlar
hazırlayırlar.
3. Bu Sazişin həyata keçirilməsi
üçün Tərəflərin gömrük xidmətləri ikitərəfli gömrük münasibətlərinin
bütün sahələri üzrə ayrı-ayrı Sazişlər bağlaya bilərlər.
Maddə 17. Yekun müddəalar
1. Bu Sazişin müddəaları Tərəflərin
digər beynəlxalq müqavilələrə əsasən qəbul etdiyi öhdəliklərə
toxunmur.
2. Bu Saziş imzalandığı andan
qüvvəyə minir və beş il müddətində qüvvədədir, Tərəflərdən biri
digər Tərəfə uyğun müddətin bitməsinə altı ay qalmış Sazişin qüvvəsinin
dayandırılması barədə niyyətini yazılı şəkildə bildirmədiyi təqdirdə,
Saziş avtomatik olaraq növbəti beş il müddətinə uzadılır.
Kiyev şəhərində «24» mart 1997-ci
ildə Azərbaycan, Ukrayna və rus dillərində olmaqla iki nüsxədə
imzalanıb və bütün mətnlər eyni qüvvəyə malikdir.
Sazişin müddəalarının şərh edilməsi
zamanı fikir ayrılığı olarsa rus mətni əsas götürülür.
Azərbaycan Respublikası Hökuməti
adından
|
Ukrayna Hökuməti adından
|
Saziş Azərbaycan Respublikasının
6 iyun 1997-ci il tarixli 304-IQ nömrəli Qanunu ilə təsdiq edilmişdir
(«AzerSoft»).
© AzerSoft