Financial and Legal Consulting of The CIS Regional Cluster
             Az | Ru | En |
          
 
 
   
Sərbəst ticarət haqqında Azərbaycan Respublikası hökuməti və Moldova Respublikası hökuməti arasında SAZİŞ

Bundan sonra «Razılaşan Tərəflər» adlandırılan Azərbaycan Respublikası Hökuməti və Moldova Respublikası Hökuməti,

Hər bir dövlətin sərbəst xarici iqtisadi siyasət yeritməkdə suveren hüquqa malik olmasını əsas götürərək,

iqtisadi əməkdaşlığın sərbəst inkişafına öz meyllərini təsdiq edərək və iqtisadi əlaqələrinin inteqrasiya olunmasında Razılaşan Tərəflərin maraqlılığını nəzərə alaraq,

Azərbaycan Respublikası Hökuməti və Moldova Respublikası Hökuməti arasında ticarət-iqtisadi əməkdaşlığın bərabərlik və qarşılıqlı fayda əsasında inkişafına səy göstərərək,

məhsulların və xidmətlərin sərbəst hərəkəti üçün qarşılıqlı razılaşdırılmış tədbirlər keçirilməsinin zəruriliyi fikri ilə razılaşaraq,

aşağıdakılar barədə razılığa gəldilər:

Maddə 1.

1. Razılaşan Tərəflər onlardan birinin gömrük ərazisindən gələn və Razılaşan digər Tərəfin gömrük ərazisi üçün nəzərdə tutulan malların ixracına və idxalına ekvivalent təsir göstərən gömrük rüsumları, vergiləri və sair yığımları tətbiq etmirlər.

Əgər Razılaşan Tərəflər lazım bilərsə, razılaşdırılmış mal nomenklaturu üzrə bu ticarət qaydalarından istisnalar hazırki Sazişin tərkib hissəsi sayılan illik sənədlərə əsasən rəsmiləşdirilir.

2. Bu Sazişin məqsədləri üçün və onun qüvvədə olduğu dövrdə Razılaşan Tərəfin ərazisindən gələn mallar dedikdə, Müstəqil Dövlətlər Birliyinin iştirakçı-dövlətlərinin Hökumət Başçıları Şurasının 1993-cü il 24 sentyabr tarixli Qərarı ilə təsdiq edilmiş Mal gələn ölkənin müəyyənləşdirilməsi Qaydaları ilə müəyyən olunan mallar başa düşülür.

Maddə 2.

Hər bir Razılaşan Tərəf:

  • bu Sazişin təsir dairəsinə düşən malları, bilavasitə və ya dolayı yolla, daxildə istehsal olunan, yaxud üçüncü ölkədən gətirilən analoji mallara tətbiq edilən daxili vergi və rüsumlardan yüksək vergi və rüsumlara cəlb etməyəcək;
  • bu Sazişin təsir dairəsinə düşən malların idxal və ixracına münasibətdə, analoji halda eyni qəbildən olan daxili istehsal mallarına və ya üçüncü ölkədən gələn mallara qarşı tətbiq edilməyən, hər hansı bir xüsusi məhdudlaşma və ya tələb yeritməyəcək;
  • Razılaşan digər Tərəfdən gələn malların anbara vurulmasına, yüklənməsinə, saxlanmasına, daşınmasına, həmçinin onlar üçün ödənclərə və ödənc köçürmələrinə analoji halda öz mallarına və ya üçüncü ölkədən gətirilən mallara tətbiq olunlardan fərqli qaydalar tətbiq etməyəcək.

Maddə 3.

Razılaşan Tərəflər qarşılıqlı ticarətdə bu Saziş çərçivəsində aparılan mal ixracına və idxalına ayrı-seçkilik münasibətlərindən, kəmiyyət məhdudlaşdırmalarından və onlara ekvivalent digər tədbirlərdən imtina edəcəklər.

Bu bənddə qeyd edilən kəmiyyət məhdudlaşdırmalarını birtərəfli qaydada və dürüst müəyyən olunmuş müddət ərzində aşağıdakı hallarda tətbiq etmək olar:

  • həmin malın daxili bazarda kəskin qıtlığıolduqda, – bazarda vəziyyət sabitləşənədək, və ya
  • tədiyə balansının kəskin kəsiri olduqda, – tədiyə balansının vəziyyəti sabitləşənədək, və ya
  • hər hansı bir mal, Razılaşan Tərəflərin birinin ərazisinə o qədər çox həcmdə və o şərtlərlə idxal olunur ki, bu da həmin ölkənin eyni cür və ya onunla bilavasitə rəqabət qabiliyyətli mal istehsalçılarına zərər vurar, yaxud zərər vurmaq təhlükəsi yarada bilər, və ya
  • təkrar ixrac əməliyyatları üzrə məsələləri tənzimləyən maddədə nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi məqsədilə.

Bu maddəyə müvafiq olaraq kəmiyyət məhdudlaşdırmaları tətbiq edən Razılaşan Tərəf qabaqcadan Razılaşan digər Tərəfə qeyd edilən məhdudlaşdırmaların tətbiq olunmasının əsas səbəbləri, formaları və nəzərdə tutulan müddəti barədə tam məlumat verməlidir və bundan sonra məsləhətləşmələr təyin edilərək onların nəticəsi ayrıca protokolla rəsmiləşdirilir.

Maddə 4.

Razılaşan Tərəflər bu Saziş imzalandıqdan sonra bir ay müddətində tərtib edərək bir-biri ilə dəyişəcəkləri siyahılara müvafiq olaraq malların icazəsiz təkrar ixracına yol verməyəcəklər. Belə malların üçüncü ölkələrə təkrar ixracına yalnız həmin mallar gətirilən ölkənin müvəkkil edilmiş dövlət orqanının yazılı razılığı ilə və onun müəyyənləşdirdiyi şərtlərlə həyata keçirilə bilər.

Bu müddəaya əməl olunmadığı halda maraqları pozulmuş Razılaşan Tərəf icazəsiz təkrar ixraca yol vermiş dövlətin ərazisinə mal göndərilməsinin tənzimlənməsi üzrə birtərəfli qaydada tədbirlər görmək hüququna malikdir. Bu zaman sonuncu belə təkrar ixracdan əldə etdiyi gəliri müvafiq malın gətirildiyi ölkəyə ödəyir.

Maddə 5.

Mövcud əlaqələrin qorunub saxlanması və Razılaşan Tərəflər üçün zəruri olan ticarət-iqtisadi münasibətlərin həyata keçirilməsi məqsədilə tərəflərin qarşılıqlı razılığına əsasən, qarşılıqlı ixracın aparılmasında lazımlı sayılan və mühüm əhəmiyyətə malik olan malların və xidmətlərin indikativ siyahıları tərtib edilə bilər.

Qeyd edilən indikativ siyahıların müddətləri və fəaliyyət dövrü adətən hər il üçün Razılaşan Tərəflərin səlahiyyətli orqanları tərəfindən qarşılıqlı danışıq əsasında razılaşdırılacaq və ayrıca Protokolla rəsmiləşdiriləcəkdir.

Maddə 6.

Azərbaycan Respublikası ilə Moldova Respublikası arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə ödənişlər və hesablaşmalar hər iki dövlətin Milli Bankları arasındakı razılaşmalara müvafiq aparılacaqdır.

Maddə 7.

Razılaşan Tərəflər mütamadi olaraq aşağıdakı məlumatları mübadilə edəcəklər:

  • iqtisadi fəaliyyətlə əlaqədar, o cümlədən ticarət, investisiya, vergiqoyma, bank və sığorta əməliyyatları və digər maliyyə xidmətləri aid edilməklə, gömrük statistikası da daxil olmaqla, gömrük və nəqliyyat məsələləri üzrə qanun və digər normativ aktlar barədə.

Razılaşan Tərəflər milli qanunvericiliklərində bu Sazişin yerinə yetirilməsinə təsir göstərə biləcək hər hansı bir dəyişiklik barədə bir-birlərinə dərhal xəbər verirlər.

Razılaşan Tərəflərin müvəkkil edilmiş orqanları belə məlumatların mübadiləsi qaydalarını razılaşdırırlar.

Maddə 8.

Razılaşan Tərəflər keyfiyyətsiz iş təcrübəsinin bu Sazişin məqsədləri ilə bir araya sığmadığını təsdiq edir və əsasən onun bu metodlarına yol verməyəcəklərini öhdələrinə götürürlər:

  • Razılaşan Tərəflərin ərazilərində rəqabətə mane olmaq, onu məhdudlaşdırmaq və ya rəqabət şərtlərini pozmaq məqsədi güdən müəssisələrarası müqavilələrə, müəssisə birliklərinin qəbul etdiyi qərarlara və iş praktikasının ümumi metodlarına;
  • öz hakim mövqelərindən istifadə etməklə bir, yaxud bir neçə müəssisənin Razılaşan Tərəflərin bütün ərazisində və ya onun əksər hissəsində rəqabəti məhdudlaşdıran hərəkətlərinə.

Maddə 9.

Razılaşan Tərəflər ikitərəfli iqtisadi münasibətlərin tarif və qeyri-tarif tənzimlənməsi tədbirlərini həyata keçirərkən statistik məlumat mübadiləsi və gömrük prosedurlarının aparılması üçün Avropa İqtisadi Birliyinin malların siyahıya alınması və kodlaşdırılmasının harmonizasiya edilmiş sisteminə və Kombinələşdirilmiş tarif-statistika nomenklaturuna əsaslanmış xarici iqtisadi fəaliyyətin vahid doqquzrəqəmli Mal nomenklaturundan istifadə edəcəkləri barədə razılıq əldə etmişlər. Eyni zamanda, Razılaşan Tərəflər öz ehtiyacları üçün, zəruri hallarda Mal nomenklaturunu doqquz rəqəm hüdudlarından kənara da artırırlar.

Mal nomenklaturunun etalon nüsxəsinin tətbiqi müvafiq beynəlxalq təşkilatlardakı mövcud nümayəndəlik vasitəsi ilə qarşılıqlı razılaşma əsasında həyata keçirilir.

Maddə 10.

Razılaşan Tərəflər tranzitin sərbəstliyi prinsipinə riayət edilməsinin bu Sazişin məqsədlərinə çatmağın mühüm şərti olmasına və onların beynəlxalq əmək bölgüsü və kooperasiya sisteminə qoşulması prosesinin əhəmiyyətli elementi olmasına razıdırlar.

Bununla əlaqədar, milli qanunvericiliyə müvafiq olaraq, milli təhlükəsizlik mənafelərinə toxunan hallardan başqa, hər bir Razılaşan Tərəf, gətirilməsi tamamilə qadağan olunmuş və ya hər bir Razılaşan Tərəfin milli qanunvericiliyinə müvafiq olaraq xüsusi icazə tələb edən mallar istisna olmaqla, digər Razılaşan Tərəfin gömrük ərazisindən, yaxud üçüncü ölkədən gələn və digər Razılaşan Tərəfin gömrük ərazisi, yaxud üçüncü ölkə üçün nəzərdə tutulan mallarının öz ərazisindən maneəsiz keçməsini təmin edəcək və ixracatçıları, idxalçıları və mal daşıyıcılarını tranziti həyata keçirmək üçün, öz ixracatçıları, idxalçıları və mal daşıyıcılarını, yaxud istənilən üçüncü ölkənin ixracatçıları, idxalçıları və mal daşıyıcılarını tranzit üçün zəruri olan vasitələrlə və xidmətlərlə təmin etməsi şərtlərindən pis olmayan şərtlər əsasında vasitələr və xidmətlərlə təmin edəcəkdir.

Dövlətlərin ərazilərindən yüklərin keçməsi qaydaları və şərtləri beynəlxalq danışma Qaydalarına müvafiq olaraq tənzimlənir.

Maddə 11.

Bu Saziş istənilən Razılaşan Tərəfin öz həyati mənafeyinin müdafiəsi üçün vacib saydığı və onun iştirakçısı olduğu, yaxud olmaq istədiyi beynəlxalq müqavilələrin yerinə yetirilməsinə qeyd-şərtsiz zəruri olan beynəlxalq təcrübədə qəbul edilmiş tədbirləri görmək hüququna, əgər bu tədbirlər aşağıdakı məsələlərə toxunursa, mane olmur:

  • milli müdafiə mənafelərinə toxunan məsələlər;
  • silah, hərbi sursat və hərbi texnika ticarətinə;
  • müdafiə ehtiyacları ilə əlaqədar tədqiqatlara və ya istehsala;
  • nüvə sənayesində istifadə edilən materiallar və avadanlıqların göndərilməsinə;
  • ictimai əxlaq və ictimai asayişin qorunmasına;
  • sənaye və ya intellektual mülkiyyətin qorunmasına;
  • qızıl, gümüş və ya digər qiymətli metal və daşlara;
  • insanların səhhətinin, heyvanların və bitkilərin mühafizəsinə.

Maddə 12.

Razılaşan Tərəflər, üçüncü ölkələrə münasibətdə razılaşdırılmış ixracat siyasəti həyata keçirmək məqsədi ilə mütamadi olaraq məsləhətləşmələr keçirəcək və səmərəli ixracat nəzarəti sisteminin yaradılması üçün qarşılıqlı razılaşdırılmış tədbirlər görəcəklər.

Maddə 13.

Bu Sazaşin müddəaları Razılaşan Tərəflər arasında əvvəllər bağlanmış ikitərəfli sazişlərin müddəalarını o həddə əvəz edir ki, sonuncular ya birincilərlə ziddiyyətli olsun, ya da eyniyyət təşkil etsin.

Maddə 14.

Bu Sazişdə heç nə Razılaşan Tərəflərə bu Sazişin tərəfləri olmayan dövlətlərlə, həmçinin onların birlikləri ilə və beynəlxalq təşkilatlarla bu Sazişin məqsədlərinə və şərtlərinə zidd olmayan münasibətləri yaratmağa mane olmur.

Maddə 15.

Bu Sazişin müddəalarının şərhi və ya tətbiqi ilə əlaqədar Razılaşan Tərəflər arasında yaranan mübahisələr danışıqlar yolu ilə həll ediləcəkdir.

Razılaşan Tərəflər qarşılıqlı ticarətlə münaqişə vəziyyətlərinə yol verməməyə çalışacaqlar.

Razılaşan Tərəflər müəyyən edirlər ki, hər iki ölkənin təsərrüfat subyektləri arasında kommersiya müqavilələrinin, yaxud bağlaşmalarının şərhi və ya icrası ilə əlaqədar irad və mübahisələrin həlli, əgər onları məsləhətləşmə və danışıqlar vasitəsilə yoluna qoymaq qeyri-mümkündürsə, həmçinin başqa hal nəzərdə tutulmayıbsa, ya Razılaşan Tərəflərin ərazilərində, ya da müqaviləni imzalamış Tərəflərin müəyyənləşdirəcəyi üçüncü dövlətlərin ərazisində yaradılmış arbitraj məhkəmələrinin (daimi və ya «ad hoc») müstəsna səlahiyyətlərinə aid olacaqdır.

Sonuncular həm də tətbiq ediləcək maddi qaydaları, norma və prosedurları, həmçinin işlərin aparılacağı yeri müəyyənləşdirə bilər.

Razılaşan hər bir Tərəf öz ərazisində arbitraj qərarlarının tanınması və yerinə yetirilməsi üçün səmərəli vasitələrin olmasını təmin edəcəklər.

Maddə 16.

Bu Sazişin məqsədlərinin həyata keçirilməsi və iki ölkə arasında ticarət-iqtisadi əməkdaşlığın təkmilləşdirilməsi üzrə tövsiyələr işlənib hazırlanması üçün Razılaşan Tərəflər birgə Azərbaycan — Moldova komissiyasının yaradılması barədə razılığa gəldilər. Tərəflərdən birinin razılığı ilə bu komissiya Azərbaycan Respublikasında və Moldova Respublikasında toplaşa bilər.

Maddə 17.

Razılaşan Tərəflər razılığa gəldilər ki, Azərbaycan Respublikası Moldova Respublikasında öz Ticarət Nümayəndəliyini, Moldova Respublikası isə Azərbaycan Respublikasında öz Ticarət Nümayəndəliyini aça bilərlər.

Razılaşan Tərəflər bu ticarət nümayəndəliklərinin hüquqi statuslarını, onların vəzifələrini və olacağı yeri öz aralarında əlavə olaraq razılaşdıracaqlar.

Maddə 18.

Bu Saziş müvafiq lazımi rəsmiyyətlərin yerinə yetirilməsi barədə Razılaşan Tərəflərin xəbərdarlıq məktublarının mübadilə edildiyi tarixdən qüvvəyə minir.

Saziş onun fəaliyyətinin dayandırılması barədə tərəflərdən birinin yazılı şəkildə xəbərdar etdiyi tarixdən on iki ay keçənədək qüvvədə qalır.

Minsk şəhərində 1995-ci il mayın 26-da hər biri Azərbaycan, moldav və rus dillərində olmaqla iki əsl nüsxədə hazırlanmışdır və bütün mətnlər eyni qüvvəyə malikdirlər.

Bu Sazişin hər hansı bir bəndinin şərhi zamanı fikir ayrılığı yaranarsa, rus dilində olan mətn əsas götürülür.

Azərbaycan Respublikası Hökuməti tərəfindən

Moldova Respublikası Hökuməti tərəfindən

Saziş Azərbaycan Respublikası Prezidentinin 16 aprel 1996-cı il tarixli 298 nömrəli Sərəncamı ilə təsdiq edilmişdir («AzerSoft»).

© AzerSoft

Rəsmi məlumatlar Arxiv    
06.10.2007
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 2-də Prezident sarayında Qara Dəniz və Xəzər Dənizi Sahibkarlar Konfederasiyaları Birliyinin və Türk Sənayeçiləri və İş Adamları Birliyinin prezidenti Arzuxan Doğanı, Mərmərə qrupu vəqfinin sədri Akkan Suveri və ATA Holdinqin baş direktoru Əhməd Erentoku qəbul etmişdir. Azərbaycan Prezidenti ölkəmizdə “Qara dəniz və Xəzər dənizi regionunda regional birbaşa xarici investisiyalar” mövzusunda beynəlxalq konfransın keçirilməsinin böyük əhəmiyyətə malik olduğunu qeyd etdi və konfrans iştirakçılarına təbrik məktubu ünvanladığını bildirdi.

Daha ətraflı
06.10.2007
Azərbaycan və Xorvatiya arasında ikitərəfli münasibətlərin böyük perspektivləri var. Xorvatiya Prezidenti Stepan Mesiçin Azərbaycana rəsmi səfəri
Oktyabrın 2-3 tarixlərində Xorvatiya Respublikasının Prezidenti Stepan Mesiç Azərbaycanda rəsmi səfərdə olmuşdur.
Xorvatiya Respublikasının Prezidenti Stepan Mesiç oktyabrın 2-də Fəxri xiyabana gəlmişdir.
Xorvatiya dövlətinin başçısı türk dünyasının görkəmli oğlu, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla anaraq, məzarı önünə əklil qoydu.
Xorvatiya Prezidenti görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üstünə də tər gül dəstəsi qoydu.

Daha ətraflı
06.10.2007
MDB dövlət başçılarının növbəti zirvə toplantısı keçirilir
Oktyabrın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev MDB üzvü olan ölkələrin dövlət başçılarının növbəti zirvə toplantısında iştirak etmək üçün Tacikistanın paytaxtı Düşənbəyə yola düşmüşdür.
Düşənbə hava limanında Prezident İlham Əliyevi Tacikistanın nəqliyyat və kommunikasiyalar naziri Əbdürəhim Aşur və MDB-nin İcraiyyə Komitəsinin sədri - icraçı katib Vladimir Ruşaylo və digər rəsmi şəxslər qarşılamışlar.

Daha ətraflı
    © 2006 — 2007, Financial and Legal Consulting of The CIS Supported by «Marco Computer Technologies» Dizayn MEQA şirkəti tərəfindən hazırlanıb