Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi
             Az | Ru | En |
          
 
 
   
Azərbaycan Respublikası Hökuməti və Gürcüstan Hökuməti arasında malların (işlərin, xidmətlərin) idxalı və ixracı zamanı vasitəli vergilərin tutulması prinsipləri haqqında SAZİŞ

Bundan sonra Tərəflər adlandırılan Azərbaycan Respublikası Hökuməti və Gürcüstan Hökuməti,

ticarət-iqtisadi əlaqələrin daha da genişlənməsi, təsərrüfat subyektləri üçün bərabər imkanların yaradılması və ədalətli rəqabət şəraitinin təmin edilməsi məqsədilə,

beynəlxalq ticarətin norma və qaydalarına əsaslanaraq,

aşağıdakılar barədə razılığa gəldilər:

Maddə 1. Ümumi təriflər

Bu Sazişin məqsədləri üçün:

a) «vasitəli vergilər» termini əlavə dəyər vergisini və aksizi (aksiz vergisi və rüsumlar) bildirir;

b) «sıfır dərəcə» termini əlavə dəyər vergisinin «0» dərəcə ilə tətbiq olunmasını bildirir, bu isə əlavə dəyər vergisindən tam azad olunmağa bərabərdir;

v) «təyinat yeri prinsipi» termini malların (işlərin, xidmətlərin) bir Tərəfin gömrük ərazisindən ixrac zamanı sıfır dərəcənin tətbiq olunmasını və idxal olunan (və ya idxal edilmiş) malların (işlərin, xidmətlərin) daxili qanunvericiliklə müəyyənləşdirilmiş dərəcə ilə vergiyə cəlb edilməsini bildirir;

q) «səlahiyyətli orqanlar» termini Azərbaycan tərəfindən — Azərbaycan Respublikası Maliyyə Nazirliyini və Azərbaycan Respublikası Baş Dövlət Vergi Müfəttişliyini, Gürcüstan tərəfindən — Gürcüstan Respublikası Maliyyə Nazirliyini bildirir.

Maddə 2. İxrac zamanı vergiqoyma prinsipləri

Tərəflər bir Tərəfin ərazisindən digər Tərəfin ərazisinə ixrac edilən malları (işləri, xidmətləri) vasitəli vergilərə cəlb etməyəcəklər.

Maddə 3. İdxal zamanı vergiqoyma prinsipləri

1. Tərəflərdən birinin ərazisindən ixrac olunan və digər Tərəfin ərazisinə idxal edilən mallar (işlər, xidmətlər) idxalçı Dövlətdə onun daxili qanunvericiliyinə müvafiq olaraq vasitəli vergilərə cəlb edilə bilər. Vergiyə cəlb etmə, mallar bu Tərəfin gömrük ərazisinə daxil olduqda, gömrük orqanları tərəfindən həyata keçirilir.

2. İdxal olunan mallar (işlər, xidmətlər) üzrə əlavə dəyər vergisi idxal edilmiş malların gömrük dəyərindən tutulur.

3. Tərəflərdən birinin ərazisindən ixrac olunan və digər Tərəfin ərazisinə idxal edilən malların (işlərin, xidmətlərin) vergiyə cəlb olunması zamanı Tərəflər öz daxili bazarlarında istehsal olunan (satılan) analoji mallar (işlər, xidmətlər) üçün müəyyən edilmiş vergi dərəcələrini və hesablama qaydalarını tətbiq edəcəklər.

Maddə 4. Mübahisəli məsələlərin həlli

Bu Sazişin müddəalarının tətbiqi və təfsiri ilə əlaqədar Tərəflər arasında yaranan bütün mübahisələr və fikir ayrılıqları Tərəflərin məsləhətləşmələri və danışıqları yolu ilə həll olunacaqdır.

Maddə 5. İnformasiya mübadiləsi

Tərəflər, bu Sazişin təsir dairəsinə düşən vergilərə münasibətdə onların daxili qanunvericiliyində edilmiş dəyişikliklər və əlavələr barədə bir-biri ilə informasiya mübadiləsi aparacaqlar.

Maddə 6. Yekun müddəalar

1. Bu Saziş Tərəflərin onun qüvvəyə minməsi üçün zəruri olan müvafiq dövlətdaxili prosedurlarının yerinə yetirilməsini təsdiq edən axırıncı yazılı xəbərdarlığın verildiyi tarixdən qüvvəyə minir.

2. Bu Saziş, yalnız onun qüvvəyə minməsindən sonra göndərilən mallara (işlərə, xidmətlərə) münasibətdə tətbiq ediləcəkdir.

3. Tərəflərdən birinin digər Tərəfin bu Sazişə xitam vermək niyyəti barədə yazılı xəbərdarlığını aldığı gündən altı ay müddəti başa çatdıqdan sonra bu Sazişə xitam verilir.

Tbilisi şəhərində 1997-ci il dekabrın 27-də hər biri Azərbaycan, gürcü və rus dillərində olmaqla iki nüsxədə imzalanmışdır, bütün mətnlər eyni qüvvəyə malikdir.

Bu Sazişin müddəalarının təfsiri məqsədilə rus dilində olan mətn tətbiq edilir.

Azərbaycan Respublikası Hökuməti adından

Gürcüstan Hökuməti adından

Saziş Azərbaycan Respublikasının 20 fevral 1998-ci il tarixli 447-IQ nömrəli Qanunu ilə təsdiq edilmişdir («AzerSoft»).

© AzerSoft

Rəsmi məlumatlar Arxiv    
27.12.2008
Bakıda Mərkəzi gömrük hospitalı istifadəyə verilmişdir
Dekabrın 25-də Bakıda Mərkəzi gömrük hospitalı istifadəyə verilmişdir. Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak etmişdir.

Daha ətraflı
    © 2006 — 2008, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi   Dizayn MEQA şirkəti tərəfindən hazırlanıb