Bakı şəhəri, 17 mart 2000-ci
il.
Azərbaycan Respublikasının Konstitusiya
Məhkəməsi X.Hacıyev (sədrlik edən), F.Babayev, B.Qəribov (məruzəçi-hakim),
R.Qvaladze, E.Məmmədov, S.Salmanova, Ə.Sultanovdan ibarət tərkibdə,
məhkəmə katibi İ.İsmayılovun,
xüsusi konstitusiya icraatında
maraqlı subyektlərin qanuni nümayəndələri, Azərbaycan Respublikası
Ali Məhkəməsinin hakimi B.Əsədovun,
Azərbaycan Respublikası Milli
Məclisi Aparatının iqtisadi qanunvericilik şöbəsinin böyük məsləhətçisi
N. Bədirovun,
Azərbaycan Respublikası Dövlət
Gömrük Komitəsinin Qaçaqmalçılıq və Gömrük Qaydalarının Pozulması
ilə Mübarizə Baş İdarəsinin rəisi G.Muradovun iştirakı ilə,
Azərbaycan Respublikası Konstitusiyasının
130-cu maddəsinin IV hissəsinə müvafiq olaraq açıq məhkəmə iclasında
xüsusi konstitusiya icraatı üzrə Azərbaycan Respublikası Gömrük
Məcəlləsinin 409-cu maddəsinin şərh edilməsinə dair Azərbaycan
Respublikası Ali Məhkəməsinin 22 dekabr 1999-cu il tarixli 5-4/99
saylı sorğusu ilə bağlı konstitusiya işinə baxdı.
İş üzrə məruzəçi-hakim B.Qəribovun
məruzəsini, xüsusi konstitusiya icraatında maraqlı subyektlərin
qanuni nümayəndələri B.Əsədovun, N.Bədirovun, G.Muradovun çıxışlarını
dinləyib müzakirə edərək, Azərbaycan Respublikasının Konstitusiya
Məhkəməsi müəyyən etdi:
Azərbaycan Respublikasının Ali
Məhkəməsi sorğuda Azərbaycan Respublikası Gömrük Məcəlləsinin
409-cu maddəsinin birinci hissəsində nəzərdə tutulan ilkin şikayət
üzrə gömrük orqanının və onun vəzifəli şəxsinin qərarının şikayət
verən şəxs üçün barəsində şikayət verilən qərardan az əlverişli
ola bilməsinə dair müddəanın şərh edilməsini xahiş edir.
Sorğu ilə bağlı iş materiallarına
Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 400, 401, 409, 410-cu
maddələrinin, «Vətəndaşların müraciətlərinə baxılması qaydası
haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin Azərbaycan
Respublikası Milli Məclisi Aparatında təsdiq olunmuş rəsmi mətnləri
əlavə edilmişdir.
Azərbaycan Respublikasının Konstitusiya
Məhkəməsi Gömrük Məcəlləsinin 409-cu maddəsinin Konstitusiyada
təsbit edilmiş vətəndaşların hüquq və azadlıqlarının müdafiə olunması
baxımından təhlil edilməsini məqsədə müvafiq hesab edir.
Azərbaycan Respublikasının gömrük
qanunvericiliyində ilkin şikayətlərin məhkəməyəqədər, təkrar şikayətlərin
isə məhkəmələrdə həll edilməsi qaydası nəzərdə tutulmuşdur.
Bu məcəllənin 409-cu maddəsinə
əsasən ilkin şikayət üzrə gömrük orqanının və ya onun vəzifəli
şəxsinin qərarı yazılı şəkildə qəbul edilir. Qərar şikayət verən
şəxs üçün, barəsində şikayət verilən qərardan az əlverişli ola
bilər. Şikayət verən şəxs şikayət üzrə qəbul edilmiş qərar barədə
xəbərdar edilir.
Qeyd etmək lazımdır ki, fiziki
və hüquqi şəxslərin dövlət orqanlarının və onların vəzifəli şəxslərinin
hərəkətlərindən (hərəkətsizliyindən), qərarlarından şikayət vermə
formasında müraciət etmək hüququ demokratik dövlətə xas olan əsas
institutlardan biridir. Hər kəsin pozulmuş hüququnun bərpası tələbi
ilə dövlət orqanına və ya vəzifəli şəxsə müraciət etmək hüququnun
təmin olunması belə münasibətlərdə tərəflərin qeyri-bərabərliyinə
əsaslanan inzibati və digər hüquqi münasibətlərin xüsusiyyətləri
baxımından zəruridir. Azərbaycan Respublikası vətəndaşlarının
dövlət orqanlarına şəxsən müraciət etmək, habelə fərdi və kollektiv
yazılı müraciətlər göndərmək, dövlət orqanlarının və onların vəzifəli
şəxslərinin, siyasi partiyaların, həmkarlar ittifaqlarının və
digər ictimai birliklərin, ayrı-ayrı vətəndaşların fəaliyyətini
və işini tənqid etmək hüquqi əsas insan və vətəndaş hüquqları
və azadlıqları sırasında olmaqla Azərbaycan Respublikası Konstitusiyasının
57-ci maddəsində nəzərdə tutulmuşdur. Vətəndaşların müraciət etmək
hüququ «Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında»
Azərbaycan Respublikası Qanununda da öz təsdiqini tapmışdır. Bu
Qanunun 9-cu maddəsinə əsasən öz təklifi, ərizəsi, şikayəti barəsində
qəbul edilmiş qərarla razılaşmayan vətəndaş bu qərarı qəbul etmiş
orqanın, idarənin, təşkilatın, müəssisənin və ya vəzifəli şəxsin
bilavasitə tabe olduqları orqana və ya vəzifəli şəxsə həmin qərar
barəsində şikayət etmək hüququna malikdir.
Hüquqi təbiətinə görə şikayət,
müraciətin digər formaları olan təklif və ərizədən fərqlənməklə
hər hansı şəxsin pozulmuş və ya mübahisəli subyektiv hüquq və
mənafelərinin bərpa olunmasına yönəldilmiş hüquqi vasitədir.
Digər tərəfdən şikayət, dövlət
orqanları və vəzifəli şəxslərin fəaliyyəti ilə bağlı, bir növ,
özünəməxsus nəzarətin həyata keçirilməsinə yardım edir.
Bu baxımdan Gömrük Məcəlləsinin
400, 401-ci maddələrinə əsasən ilkin şikayətin yuxarı gömrük orqanına
və ya onun vəzifəli şəxsinə verilməsi qaydasının müəyyənləşdirilməsi
şəxslərin pozulmuş hüquq və qanuni mənafelərinin təxirə salınmadan,
tez bir zamanda bərpa və müdafiə olunmasına, həmçinin aşağı gömrük
orqanları və ya onların vəzifəli şəxslərinin gömrük qanunvericiliyinin
icra və tətbiqi zamanı yol verdikləri pozuntuların aradan qaldırılmasına
xidmət edir.
Gömrük Məcəlləsinin 409-cu maddəsindən
göründüyü kimi, ilkin şikayətlə bağlı qəbul edilmiş qərar, birinci
növbədə, şikayət verən şəxsin pozulmuş hüququnun bərpasına yönəldilməlidir.
Lakin belə qərarın şikayət verən şəxs üçün az əlverişli ola bilməsi
isisna edilmir.
Bu müddəalar şəxslərin gömrük
işi sahəsində Azərbaycan Respublikası qanunvericiliyinə riayət
etmələrini təmin etməklə yanaşı, aşağı gömrük orqanları və ya
onların vəzifəli şəxslərinin bu sahədə qanunvericiliyin düzgün
tətbiq və icra edilməsi məqsədi ilə nəzarətin həyata keçirilməsinə
şərait yaradır.
Şikayətlərin məhkəməyəqədər baxılma
qaydasında tərəflərin qeyri-bərabərliyi, şikayətlərə şikayətçinin
iştirak etmədiyi şəraitdə və gömrük orqanı və ya onların vəzifəli
şəxsi tərəfindən baxılması, o cümlədən qərarın şikayət verən şəxs
üçün barəsində şikayət verilmiş qərardan az əlverişli olmasının
mümkünlüyü onların düzgün həll edilməsini istisna etmir. Məhz
belə halların mövcudluğu baxımından gömrük qanunvericiliyi gömrük
orqanı və ya onun vəzifəli şəxsinin ilkin şikayətlə bağlı qərarını
qəti hesab etmir və onlardan müvafiq məhkəmələrə təkrar şikayət
verilməsini nəzərdə tutur.
Azərbaycan Respublikası Konstitusiyasının
60-cı maddəsində nəzərdə tutulan hər kəsin hüquq və azadlıqlarının
məhkəmə təminatı öz əksini Azərbaycan Respublikası Gömrük Məcəlləsinin
410-cu maddəsində tapmışdır. Bu maddəyə əsasən gömrük nəzarətinin
və gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsi, gömrük qaydalarının
pozulması haqqında işlərin icraatı və ya işlərə baxılma ilə bağlı
təkrar şikayətlər müvafiq məhkəmələrə verilə bilər.
Göstərilənləri nəzərə alaraq Azərbaycan
Respublikasının Konstitusiya Məhkəməsi hesab edir ki, Azərbaycan
Respublikası Gömrük Məcəlləsinin 409-cu maddəsinin birinci hissəsində
nəzərdə tutulmuş fiziki və hüquqi şəxslərin şikayətlərinin həll
edilmə qaydası, həmin şəxslərin konstitusiya hüquq və azadlıqlarını
məhdudlaşdırmır, ona görə ki, belə qaydada qəbul olunan qərardan
narazı qalan şəxs məhkəmə müdafiə hüququna malikdir.
Azərbaycan Respublikası Konstitusiyasının
130-cu maddəsinin IV və VI hissələrini və «Konstitusiya Məhkəməsi
haqqında» Azərbaycan Respublikası Qanununun 75, 76, 78, 80—83
və 85-ci maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikası Konstitusiya
Məhkəməsi qərara aldı:
1. Azərbaycan Respublikasının
Gömrük Məcəlləsində şikayətlərin məhkəməyəqədər baxılma qaydası
ilə əlaqədar aşağıdakılar nəzərə alınmalıdır: