Azərbaycan Respublikası Dövlət Gömrük
Komitəsi və Ukrayna Dövlət Gömrük Xidməti arasında qarşılıqlı yardım
göstərilməsi qaydaları haqqında Memorandum
Bundan sonra Tərəflər adlandırılan
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi və Ukrayna Dövlət
Gömrük Xidməti,
24 mart 1997-ci il tarixdə imzalanmış
Ukrayna Hökuməti və Azərbaycan Respublikası Hökuməti arasında
gömrük işi sahəsində əməkdaşlıq haqqında Sazişin (bundan sonra
Saziş) 16-cı maddəsini rəhbər tutaraq,
Sazşin həyata keçirilməsi mexanizmini
müəyyən etmək məqsədilə,
aşağıdakılar barədə razılığa gəldilər:
Maddə 1
Tərəflər bu Memorandumun 1 və
2-ci Əlavələrində göstərilən mərkəzi aparatların və ayrı-ayrı
gömrükxanaların müvafiq bölmələrinin rəhbərlərinə Sazişdə göstərilən
müddəaları həyata keçirməsi məqsədilə birbaşa əlaqələr yaratmaq
və onları davam etdirmək səlahiyyəti verirlər.
Zəruri halarda, Tərəflərdən hər
biri digər Tərəfi xəbərdar etmək şərtilə əlavələrə dəyişikliklər
və əlavələr edə bilər.
Maddə 2
Sazişin fəaliyyətini qiymətləndirmək
və Gömrük orqanlarının işinə dair digər aktual sualların müzakirə
edilməsi məqsədilə iki ildə bir dəfə gömrük idarələri rəhbərlərinin
görüşü keçiriləcəkdir.
Maddə 3
Gömrük idarələri Sazişə müvafiq
olaraq sorğu əsasında yüksək gömrük rüsumları təyin edilmiş mallar
və gömrük dəyərinin əhəmiyyətli dərəcədə aşağı salınması barədə
məlumatlar təqdim edəcək, həmçinin idxal və ixrac zamanı qadağan
və məhdudiyyətlər tətbiq edilən malların siyahılarının mübadiləsini
aparacaqlar.
Maddə 4
1. Əməkdaşlıq haqqında Saziş çərçivəsində
yardım göstərmək haqqında sorğular və onlara cavablar yazılı surətdə,
o cümlədən faks, teleks və ya digər rabitə vasitələrilə təqdim
olunacaqlar.
2. Təxirəsalınmaz hallarda sorğular
şifahi surətdə qəbul oluna bilər, lakin onlar yubadılmadan yazılı
formada təsdiq olunmalıdırlar. Sorğu edən Tərəfin tələbilə faks,
teleks, yaxud digər rabitə vasitələrilə verilmiş məlumatlar məktubla
təsdiq olunur.
3. Sorğu alan gömrük idarəsi tələb
olunan məlumatları və sənədləri təcili olaraq təqdim edir.
Maddə 5
Yardım göstərilməsi haqqında sorğu
rus, ingilis dillərində və ya sorğu ünvanlanmış Tərəf üçün münasib
sayılan başqa dildə təqdim ediləcəkdir.
Maddə 6
Yardım göstərilməsi haqqında sorğuya
aşağıdakı məlumatlar daxildir:
a) sorğu edən gömrük idarəsinin
adı;
b) sorğu edilən tədbirlər;
v) sorğunun məğzi və səbəbi;
q) sorğuya aid olan qanunlar
və digər normativ aktlar;
d) barəsində təhqiqat həyata
keçirilən fiziki və hüquqi şəxslər haqqında daha dəqiq və müfəssəl
məlumat.
Maddə 7
Bu Memorandum imzalandığı gündən
qüvvəyə minir və Sazişə müvafiq olaraq qüvvəsi ləğv edilir.
Kiyev şəhərində, 1999-cu il iyulun
30-da Azərbaycan, Ukrayna və rus dillərində iki nüsxədə imzalanmışdır,
bütün mətnlər eyni qüvvəyə malikdir.
Azərbaycan və Ukrayna mətnlərinin
təfsiri zamanı fikir ayrılığı yaranarsa, rus dilindəki mətnlərə
üstünlük verilir.
Azərbaycan
Respublikası
Dövlət Gömrük Komitəsi adından
|
Ukrayna
Dövlət Gömrük Xidməti adından
|
Bu Memorandum Azərbaycan Respublikası
Prezidentinin 6 mart 2000-ci il tarixli 342 nömrəli Sərəncamı ilə
təsdiq edilmişdir («AzerSoft»).
© AzerSoft