Financial and Legal Consulting of The CIS Regional Cluster
             Az | Ru | En |
          
 
 
   
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi

Əmr ¹ 14

8 yanvar 1998-ci il

Azərbaycan Respublikası ərazisindən fiziki şəxslər tərəfindən müşayiət olunan və olunmayan baqajların, əl yüklərinin, xarici valyutanın və şəxsi nəqliyyat vasitələrinin tranzit gömrük rejimi altında keçirilməsinə gömrük nəzarətini gücləndirmək məqsədilə əmr edirəm:

1. Azərbaycan Respublikası ərazisindən fiziki şəxslər tərəfindən müşayiət olunan və olunmayan baqajların, əl yüklərinin, xarici valyutanın və şəxsi nəqliyyat vasitələrinin tranzit gömrük rejimi altında keçirilməsi Qaydaları təsdiq edilsin (əlavə olunur).

2. Komitənin müvafiq gömrük orqanlarının rəhbərləri şəxsi heyəti Qaydalarla tanış etsin.

3. Yerli gömrük orqanlarının rəhbərləri Qaydaların müddəalarının pozulmasına görə şəxsən məsuliyyət daşıyırlar.

4. İşlər İdarəsi (R.Həsənəliyev) əmrin surətinin Qaydalarla birlikdə müvafiq yerlərə göndərilməsini təmin etsin.

5. Əmrin icrasına nəzarəti özümdə saxlayıram.

6. Əmr 15 yanvar 1998-ci il tarixdən qüvvəyə minir.

Komitənin sədri

K.HEYDƏROV.


«Təsdiq edirəm»
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri
K.HEYDƏROV
7 yanvar 1998-ci il

Azərbaycan Respublikası ərazisindən fiziki şəxslər tərəfindən müşayiət olunan və olunmayan baqajların, əl yüklərinin, xarici valyutanın və şəxsi nəqliyyat vasitələrinin tranzit gömrük rejimi altında keçirilməsi
Qaydaları

1. Ümumi müddəalar

1.1. Bu Qaydalar Azərbaycan Respublikası ərazisindən fiziki şəxslər tərəfindən malların, əşyaların, valyutanın və şəxsi nəqliyyat vasitələrinin tranzit gömrük rejimi altında keçirilməsini tənzimləyir.

1.2. Fiziki şəxslər Azərbaycan Respublikasının gömrük məsələlərinə aid normativ aktlarla müəyyən olunmuş qaydada Azərbaycan Respublikası ərazisindən malları (qadağan olunmuş mallardan başqa) tranzit qaydada keçirə bilərlər.

1.3. Qaydalarda istifadə olunan əsas terminlər:

a) fiziki şəxslər — Azərbaycan Respublikasının vətəndaşları, xarici vətəndaşlar və vətəndaşlığı olmayan şəxslər;

b) mallar — istənilən daşınan əmlak, o cümlədən valyuta, valyuta sərvətləri və şəxsi nəqliyyat vasitələri (sərnişinlərin və malların beynəlxalq daşımaları üçün istifadə olunan istənilən vasitələr, o cümlədən konteynerlər və digər nəqliyyat avadanlıqları istisna olmaqla);

v) şəxsi nəqliyyat vasitələri — yüngül minik avtomobilləri (xarici iqtisadi fəaliyyətdəki əmtəə nomenklaturasının 8703-cü qrupunda göstərilən) və başqa sərnişin daşınması üçün nəzərdə tutulan mühərrikli nəqliyyat vasitələri (sürücü ilə birlikdə 10 nəfərdən artıq sərnişin daşıması üçün nəzərdə tutulmuş nəqliyyat vasitələrdən başqa), furqonlu yük-sərnişin avtomobilləri və ötüş-yarış avtomobilləri;

q) valyuta sərvətləri — xarici valyuta, xarici valyuta şəklində qiymətli kağızlar (ödəniş sənədləri, çeklər, veksellər, akkreditivlər və s.), fond sərvətləri (səhlərr, istiqrazlar və xarici valyuta şəklində olan borc öhdəlikləri), qiymətli metallar (qızıl, gümüş, platin) və platin qrupu metalları (paladium, iridium, radium, rutenium, osmium), hər bir növ və halda zərgərlik məmulatları və həmin məmulatların külçələrindən başqa, təbii qiymətli daşlar (almaz, rubin, sapfir, mirvari, aleksandirit, zümrüd), həmin daşlardan hazırlanmış zərgərlik məmulatlarından başqa;

ğ) müşayiət olunan baqaj — gömrük sərhədindən keçən fiziki şəxslərlə keçirilən mallar;

d) müşayiət olunmayan baqaj — fiziki şəxslərə məxsus olan və onlardan ayrıca, nəqliyyat təşkilatları ilə bağlanmış müqaviləyə əsasən keçirilən mallar;

e) daşıyıcı — faktiki olaraq malların keçirən şəxs və ya nəqliyyat vasitələrinin istifadəsi üçün məsul olan şəxs;

ə) malların, əşyaların, valyutanın və nəqliyyat vasitələrinin tranziti — malların, əşyaların, valyutanın və nəqliyyat vasitələrinin gömrük nəzarəti altında, Azərbaycan Respublikasının iki gömrük orqanı arasında, o cümlədən xarici dövlətlərin ərazisindən gömrük rüsumları, vergiləri alınmadan və onlara iqtisadi siyasət tədbirləri tətbiq edilmədən keçirilməsindən ibarət gömrük rejimidir;

j) məsul gömrük əməkdaşı — Azərbaycan Respublikası ərazisindən tranzit gömrük rejimi altında aparılan malları sənədləşdirən gömrük əməkdaşı;

z) əşyalar — Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən istənilən əşyalar.

2. Azərbaycan Respublikası ərazisindən tranzit qaydada keçən fiziki şəxslərin əl yükləri və müşayiət olunan baqajlarının gömrük rəsmiləşdirilməsi

2.1. Azərbaycan Respublikasının ərazisindən tranzit qaydada keçən fiziki şəxslərin əl yükləri və müşayiət olanan malları buraxılır.

2.2. Azərbaycan Respublikası ərazisindən tranzit qaydada keçən fiziki şəxslərin əl yükləri və müşayiət olunan baqajları giriş sərhəd gömrük postunda gömrük rəsmiləşdirilməsindən keçdikdən sonra Azərbaycan Respublikası ərazisinə buraxılır.

2.3. Fiziki şəxslər çıxış sərhəd gömrük postunda əl yükləri və müşayiət olunan baqajları bəyan edir, giriş sərhəd gömrük postu tərəfindən təsdiq edilmiş bəyannamə və əşyaların siyahısını təqdim edir. Giriş sərhəd gömrük postu tərəfindən təsdiq olunmuş sənəd (bəyannamə və əşyaların siyahısı) təqdim edilmədikdə həmin mallar Azərbaycan Respublikası ərazisindən çıxarılan mal hesab edilir.

3. Azərbaycan Respublikası ərazisindən tranzitlə keçirilən müşayiət olunmayan baqajların gömrük rəsmiləşdirilməsi qaydaları

3.1. Azərbaycan Respublikası ərazisindən tranzitlə keçirilən müşayiət olunmayan baqajlar Azərbaycan Respublikasına gətirilməsində Azərbaycan Respublikasının sərhəd gömrük buraxılış postundan çıxana qədər gömrük nəzarəti altında olur.

3.2. Tranzit gömrük rejimi altında Azərbaycan Respublikası ərazisindən müşayiət olunmayan baqajları aparan şəxslərin doldurduqları bəyannamə və siyahı (siyahıda əşyaların adı göstərilməlidir) giriş gömrük buraxılış postu tərəfindən təsdiq olunur. Bəyannamədə aşağıdakı qeydlər olmalıdır:

  • baqaj yerlərinin sayı;
  • nəqliyyat qaiməsinin nömrəsi;
  • yükün ümumi çəkisi;
  • gömrük təminatlarının sayı;
  • gömrük baxışının və sənədləşmənin tarixi;
  • konteynerin nömrəsi və s.

3.3. Bəyannamə və siyahı məsul gömrük işçisinin şəxsi nömrəli möhürü ilə təsdiq edilir. Həmin bəyannamə baqajı müşayiət edən şəxs tərəfindən çıxış gömrük postuna təhvil verilir.

Qeyd: Məsul gömrük əməkdaşı nəqliyyat təşkilatının qaiməsindəki «gömrük müəssisəsinin qeydləri» bölməsinə ştamp vurur, gömrük təminatının sayını, nömrəsini qeyd edir və şəxsi nömrəli möhürü və imzası ilə təsdiq etdikdən sonra sərhəddən keçmək üçün tranzit proseduru ilə təyinat gömrükxanasına göndərir.

3.4. Giriş sərhəd gömrük buraxılış postunun məsul gömrük əməkdaşı tranzit keçirilən müşayiət olunmayan baqaj haqda məlumatı qeydiyyat jurnalında qeyd edir və sutkalıq olaraq təyinat gömrükxanasına rəsmi olaraq (telefonoqram) məlumat verir.

3.5. Çıxış sərhəd gömrük buraxılış postuna tranzit keçirilən müşayiət olunmayan baqajlar daxil olduqdan sonra, məsul gömrük əməkdaşı qabların, nəqliyyat vasitələrinin, konteynerlərin və s. gömrük və digər təminatlarının salamatlığını yoxlayır və əgər onlar salamatdırsa, gömrük rəsmiləşdirilməsini həyata keçirir və bu haqda giriş gömrükxanasına rəsmi məlumat (telefonoqram) verilir.

3.6. Tranzit keçirilən müşayiət olunmayan baqajların təyinat gömrükxanasına çatdırılma müddəti 2 (iki) gündən artıq olmamalıdır. Göstərilən müddətdən 1 (bir) gün keçdikdən sonra, tranzit keçirilən müşayiət olunmayan baqaj haqda çıxış sərhəd gömrük buraxılış postundan giriş sərhəd gömrük buraxılış postuna nəzarətdən çıxarılmaq üçün telefonoqram göndərilmədikdə, giriş gömrükxanasının qaçaqmalçılıq və GQP ilə mübarizə şöbəsi tərəfindən qanun çərçivəsində müvafiq tədbirlər görülür.

Qeyd: fiziki şəxslər tərəfindən kommersiya və ya istehsalat məqsədi ilə nəzərdə tutulmuş malların Azərbaycan Respublikası ərazisindən tranzit gömrük rejimi altında keçirdikləri malların gömrük rəsmiləşdirilməsi, «Tranzit haqqında Əsasnamə»yə uyğun həyata keçirilir.

4. Fiziki şəxslər tərəfindən xarici valyutanın Azərbaycan Respublikası ərazisindən tranzit qaydada keçirilməsi

4.1. Fiziki şəxslər gömrük qaydalarına əməl etmək şərti ilə heç bir məhdudiyyət qoyulmadan xarici valyutanı Azərbaycan Respublikası ərazisindən tranzit qaydada keçirmək hüququna malikdirlər.

4.2. Fiziki şəxslər tərəfindən Azərbaycan Respublikası ərazisindən tranzit qaydada xarici valyuta Azərbaycan Respublikasına gələrkən və müvafiq Gömrük Arayışı doldurulur və məsul gömrük əməkdaşı tərəfindən şəxsi möhürlə təsdiq olunur. Təyinat gömrükxanasında yenidən bəyan edilməklə buraxılır.

Qeyd: Giriş sərhəd buraxılış postunda rəsmiləşdirilmiş bəyannamə və müvafiq Gömrük Arayışı xarici valyutanın Azərbaycan Respublikasından maneəsiz buraxılması üçün əsas sənəd sayılır.

4.3. Fiziki şəxslər Azərbaycan Respublikasına gələrkən giriş sərhəd gömrük buraxılış postu tərəfindən təsdiq edilmiş müvafiq Gömrük Arayışı və bəyannaməni çıxış gömrük buraxılış postuna təqdim etmədikdə, xarici valyutanın buraxılması qüvvədə olan qanunvericiliklə tənzimlənir.

5. Azərbaycan Respublikası ərazisindən fiziki şəxslər tərəfindən şəxsi nəqliyyat vasitələrinin tranzit qaydada keçirilməsi

5.1. Azərbaycan Respublikası ərazisindən tranzit qaydada keçirilən şəxsi nəqliyyat vasitələri Azərbaycan Respublikasının bir sərhəd gömrük buraxılış postundan digərinə belə nəqliyyat vasitələrinin daşınmasını həyata keçirən fiziki şəxsin məsuliyyəti altında aparılır.

5.2. Azərbaycan Respublikası ərazisindən şəxsi nəqliyyat vasitələrinin tranzit qaydada keçirilməsi həmin nəqliyyat vasitəsinin daxil olduğu sərhəd gömrük buraxılış postunun icazəsi ilə (Azərbaycan Respublikası hökumətinin belə tranzitə məhdudiyyət qoyduğu hallar istisna olmaqla) yerinə yetirilir.

5.3. Şəxsi nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük ərazisindən tranzitlə keçirilməsi üçün əsas, nəqliyyat vasitəsi sahibinin nəqliyyat vasitəsi üçün gömrük bəyannaməsində göstərdiyi gömrük rejiminə uyğun həyata keçirilir.

Bəyannamə iki nüsxədən ibarət yazılır.

Nəqliyyat vasitəsinin texniki göstəriciləri qeyd edilmiş bəyannaməyə «Tranzit» ştampı vurulur və gömrük buraxılış postunun məsul gömrük əməkdaşı tərəfindən şəxsi möhürlə təsdiqlənir. Bəyannamələrin qeydiyyat qrafasında təyinat gömrük buraxılış postunun adı və ora çatma müddəti göstərilməlidir.

Bəyannamənin birinci nüsxəsi giriş sərhəd gömrük postunda işə tikilib nəzarətdə saxlanılır.

Bəyannamənin ikinci nüsxəsi buraxılış sərhəd gömrük postuna təhvil verilmək üçün nəqliyyat vasitəsinin sahibinə verilir.

Buraxılış sərhəd postunun məsul gömrük əməkdaşı tərəfindən bəyannaməyə «Tranzit» ştampı vurulur və bu haqda giriş gömrükxanasına rəsmi olaraq telefonoqram verilir. Həmin nəqliyyat vasitəsi keçid gömrükxanasından keçdikdən sonra nəzarət qrafasından çıxarılır.

5.4. Tranzit nəqliyyat vasitələrinin təyinat gömrükxanalarına çatıdırılma müddəti 2 (iki) sutkadan artıq olmamalıdır.

5.5. Göstərilən müddətdən bir gün keçdikdən sonra tranzit keçən şəxsi nəqliyyat vasitəsi haqda buraxılış gömrükxanasından giriş gömrükxanasına nəzarətdən çıxarılmaq üçün telefonoqram göndərilmədikdə, giriş gömrükxanasının qaçaqmalçılıq və GQP ilə mübarizə şöbəsi (bölməsi) tərəfindən müvafiq tədbirlər görülür.

6. Fiziki şəxslər tərəfindən tranzit qaydada keçirilən müşayiət olunan və olunmayan baqajların, əl yüklərinin, şəxsi nəqliyyat vasitələrinin və xarici valyutanın təyinat gömrükxanasına çatdırılmamasına görə məsuliyyət

6.1. Gömrük qaydalarının pozulmasında günahkar olan şəxslər Azərbaycan Respublikasının qüvvədə olan Gömrük Məcəlləsinə uyğun məsuliyyət daşıyırlar.

6.2. Hazırki Qaydaların müəyyən etdiyi məsələləri yerinə yetirməyən məsul gömrük əməkdaşları İntizam Nizamnaməsi və Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə uyğun məsuliyyət daşıyırlar.

 

© AzerSoft

Rəsmi məlumatlar Arxiv    
06.10.2007
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 2-də Prezident sarayında Qara Dəniz və Xəzər Dənizi Sahibkarlar Konfederasiyaları Birliyinin və Türk Sənayeçiləri və İş Adamları Birliyinin prezidenti Arzuxan Doğanı, Mərmərə qrupu vəqfinin sədri Akkan Suveri və ATA Holdinqin baş direktoru Əhməd Erentoku qəbul etmişdir. Azərbaycan Prezidenti ölkəmizdə “Qara dəniz və Xəzər dənizi regionunda regional birbaşa xarici investisiyalar” mövzusunda beynəlxalq konfransın keçirilməsinin böyük əhəmiyyətə malik olduğunu qeyd etdi və konfrans iştirakçılarına təbrik məktubu ünvanladığını bildirdi.

Daha ətraflı
06.10.2007
Azərbaycan və Xorvatiya arasında ikitərəfli münasibətlərin böyük perspektivləri var. Xorvatiya Prezidenti Stepan Mesiçin Azərbaycana rəsmi səfəri
Oktyabrın 2-3 tarixlərində Xorvatiya Respublikasının Prezidenti Stepan Mesiç Azərbaycanda rəsmi səfərdə olmuşdur.
Xorvatiya Respublikasının Prezidenti Stepan Mesiç oktyabrın 2-də Fəxri xiyabana gəlmişdir.
Xorvatiya dövlətinin başçısı türk dünyasının görkəmli oğlu, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla anaraq, məzarı önünə əklil qoydu.
Xorvatiya Prezidenti görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üstünə də tər gül dəstəsi qoydu.

Daha ətraflı
06.10.2007
MDB dövlət başçılarının növbəti zirvə toplantısı keçirilir
Oktyabrın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev MDB üzvü olan ölkələrin dövlət başçılarının növbəti zirvə toplantısında iştirak etmək üçün Tacikistanın paytaxtı Düşənbəyə yola düşmüşdür.
Düşənbə hava limanında Prezident İlham Əliyevi Tacikistanın nəqliyyat və kommunikasiyalar naziri Əbdürəhim Aşur və MDB-nin İcraiyyə Komitəsinin sədri - icraçı katib Vladimir Ruşaylo və digər rəsmi şəxslər qarşılamışlar.

Daha ətraflı
    © 2006 — 2007, Financial and Legal Consulting of The CIS Supported by «Marco Computer Technologies» Dizayn MEQA şirkəti tərəfindən hazırlanıb