Azərbaycan Respublikasının Nazirlər
Kabineti
Malın mənşə ölkəsinin təyin edilməsi
Qaydasının təsdiq edilməsi haqqında
Qərar ¹ 202
Bakı şəhəri, 2 noyabr 2000-ci il
«Sərbəst ticarət haqqında» Azərbaycan
Respublikası ilə bir sıra ölkələr arasında imzalanmış sazişlərin
qüvvəyə minməsi ilə əlaqədar «Gömrük Tarifi haqqında» Azərbaycan
Respublikası Qanununun və Müstəqil Dövlətlər Birliyi Hökumətləri
Başçıları Şurasının 1993-cü il 24 sentyabr və 1996-cı il 18 oktyabr
tarixli qərarları ilə təsdiq edilmiş «Malın mənşə ölkəsinin müəyyən
edilməsi Qaydasının» müddəalarına uyğun olaraq Azərbaycan Respublikasının
Nazirlər Kabineti qərara alır:
1. «Malın mənşə ölkəsinin təyin
edilməsi Qaydası» təsdiq edilsin (əlavə olunur).
2. Bu qərar imzalandığı gündən
qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri
A. RASİ-ZADƏ.
Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
2000-ci il 2 noyabr tarixli 202 nömrəli qərarı ilə
təsdiq edilmişdir
Malın mənşə ölkəsinin təyin edilməsi
Qaydası
1. Ümumi müddəalar
1.1. Bu Qayda — «Gömrük tarifi
haqqında» Azərbaycan Respublikası Qanununun 24—32-ci maddələrinə
və Müstəqil Dövlətlər Birliyi Hökumətləri Başçıları Şurasının
1993-cü il 24 sentyabr və 1996-cı il 18 oktyabr tarixli qərarları
ilə təsdiq edilmiş «Malın mənşə ölkəsinin təyin edilməsi Qaydası»nın
müddəalarına uyğun olaraq hazırlanmışdır və malın mənşə ölkəsinin
təyin edilməsi qaydasını müəyyən edir.
1.2. Bu Qaydada aşağıdakı anlayışlardan
istifadə olunur:
1.2.1. malın mənşə ölkəsi
— malın tamamilə həmin ölkədə istehsal olunduğu və ya «Gömrük
tarifi haqqında» Azərbaycan Respublikasının Qanunu ilə müəyyən
edilmiş meyarlar əsasında kifayət qədər yenidən emala məruz
qaldığı ölkə;
1.2.2. malın kifayət qədər
emal meyarı — malın istehsalında iki və daha artıq ölkənin
iştirak etdiyi halda, ona xarakterik xüsusiyyətlər verilməsi
ilə sonuncu dəfə əhəmiyyətli emala məruz qaldığı ölkəni malın
mənşə ölkəsi kimi müəyyən edən emal meyarı;
1.2.3. gömrük nəzarəti
— Azərbaycan Respublikasının gömrük orqanları tərəfindən gömrük
işi haqqında qanunvericiliyə, həmçinin icrasına nəzarət gömrük
orqanlarına həvalə edilmiş milli qanunvericilik və Azərbaycan
Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə riayət
olunmasını təmin etmək məqsədi ilə həyata keçirilən tədbirlər
toplusu;
1.2.4. mal — istənilən
daşınan əmlak, o cümlədən valyuta və valyuta sərvətləri, elektrik
və digər enerji növləri, bu Qaydanın 1.2.5 yarımbəndində göstərilən
nəqliyyat vasitələri istisna olmaqla nəqliyyat vasitələri;
1.2.5. nəqliyyat vasitələri
— sərnişinlərin və malların beynəlxalq daşımaları üçün istifadə
olunan istənilən vasitələr, o cümlədən konteynerlər və digər
nəqliyyat avadanlıqları;
1.2.6. mal nomenklaturası
— malların beynəlxalq təcrübədə qəbul olunmuş təsnifat sisteminə
uyğun olaraq aparılan Azərbaycan Respublikasının xarici iqtisadi
fəaliyyətinin əmtəə nomenklaturası.
2. Malın mənşə ölkəsinin təyin edilməsi
2.1. Malın mənşəyinin bəyan edilən
ölkə olduğunu təyin etmək üçün «Gömrük tarifi haqqında» Azərbaycan
Respublikası Qanununun müddəalarına uyğun olaraq aşağıdakı hallarda
bu qaydaya əlavə edilən və beynəlxalq təcrübədə istifadə olunan
formada malın mənşə sertifikatı malı bəyan edən tərəfindən gömrük
orqanlarına təqdim edilir:
2.1.1. mənşəyi gömrük tarifinə
görə Azərbaycan Respublikasının imtiyaz verdiyi ölkələrdən olan
mallara;
2.1.2. müəyyən ölkədən gətirilməsi
kəmiyyət məhdudiyyətləri (kvota) ilə və ya xarici iqtisadi fəaliyyətin
digər üsulları ilə tənzimlənən mallara;
2.1.3. Azərbaycan Respublikasının
iştirakçısı olduğu beynəlxalq sazişlərdə, həmçinin Azərbaycan
Respublikasında ətraf mühitin mühafizəsi və əhalinin sağlamlığı,
Azərbaycan istehlakçılarının hüquqlarının müdafiəsi, ictimai
asayişin qorunması, dövlət təhlükəsizliyinin təmin edilməsi
və Azərbaycan Respublikasının digər həyati mənafeləri sahəsindəki
qanunvericilik aktlarında nəzərdə tutulduğu hallarda;
2.1.4. gömrük rəsmiləşdirilməsi
üçün təqdim olunan sənədlərdə malların mənşəyi haqqında məlumat
olmadıqda və ya Azərbaycan Respublikasının gömrük orqanında
malın mənşəyi haqqında bəyan edilən məlumatların qeyri-dəqiqliyini
təsdiq etmək üçün əsas olduğu hallarda.
3. Müəyyən ölkədə tam istehsal olunmuş mal üzrə
3.1. Müəyyən bir ölkədə tam istehsal
olunmuş mal üzrə, həmin ölkənin mənşə ölkəsi olması, malı müşayiət
edən mənşə sertifikatında «Gömrük tarifi haqqında» Azərbaycan
Respublikası Qanununun müddəalarına uyğun olaraq aşağıdakı məlumatların
düzgünlüyü ilə təsdiq edilə bilər:
3.1.1. faydalı qazıntıların
onun ərazisində və ya məhəlli sularında və dənizin təkində (əgər
bu dəniz təkini istismar etməyə müstəsna hüququ varsa) çıxarılmasının
və bu məhsullardan malların yalnız həmin ölkədə istehsalının;
3.1.2. bitkiçilik məhsullarının
onun ərazisində becərilməsi və yığılmasının;
3.1.3. heyvanların orada doğulduğunun
və bəslənildiyinin;
3.1.4. məhsulların həmin ölkədə
bəslənilmiş heyvanlardan alınmasının təsdiqi;
3.1.5. ovçuluq, balıqçılıq və
dəniz vətəgəsi məhsullarının onun ərazisində istehsal edildiyinin;
3.1.6. dünya okeanında ovlanmış
və istehsal edilmiş dəniz vətəgəsi məhsullarının həmin ölkənin
gəmiləri ilə və ya onun icarəyə (fraxta) götürdüyü gəmilərlə
ovlanmasının;
3.1.7. təkrar xammalın və tullantıların
həmin ölkədəki istehsalın və əməliyyatların nəticəsi olmasının;
3.1.8. kosmosda alınmış yüksək
texnologiyaların həmin ölkəyə məxsus və ya onun tərəfindən icarəyə
götürülmüş kosmik gəmilər vasitəsilə açıq kosmosda alınmasının;
3.1.9. 3.1.1 və 3.1.8 yarımbəndlərində
göstərilən məhsullardan istehsal edilmiş malların həmin ölkədə
istehsal olunduğunun;
3.1.10. Yuxarıda göstərilənlərin
gömrük orqanları tərəfindən təsdiq edilməsi mümkün olmadıqda,
müəyyən bir ölkədə tam istehsal olunmuş malın mənşə ölkəsi həmin
ölkə hesab edilmir.
4. İki və daha çox ölkənin iştirakı ilə istehsal edilmiş mal
üzrə
4.1. İki və daha çox ölkənin iştirakı
ilə istehsal edilmiş malların mənşə ölkəsi «Gömrük tarifi haqqında»
Azərbaycan Respublikası Qanununun müddəalarına uyğun olaraq aşağıdakı
kifayət qədər emal meyarları ilə müəyyən edilir:
4.1.1. malın istehsalında iştirak
edən ölkələrin birində emal nəticəsində malın əmtəə nomenklaturasının
birinci dörd rəqəmi səviyyəsində mal mövqeyi (malın təsnifat
kodu) dəyişdikdə, həmin ölkə malın mənşə ölkəsi hesab edilir.
Malın əmtəə nomenklaturasında birinci dörd rəqəm iki və ya çox
ölkədə dəyişdikdə, malın istehsalında iştirak edən və əmtəə
nomenklaturası üzrə birinci dörd rəqəm səviyyəsində dəyişən
sonuncu ölkə malın mənşə ölkəsi hesab edilir;
4.1.2. kifayət edən və ya kifayət
etməyən istehsal texnoloji əməliyyatların yerinə yetirilməsi
nəticəsində əvvəlkilərdən fərqlənən yeni göstəricilərə və standartlara
uyğun mal yaratmış ölkə:
- ilkin mal üzərində texnoloji əməliyyatlar
nəticəsində mal tamamilə dəyişdirildikdə və yeni əmtəə koduna
məxsus mal yaradıldıqda;
- ilkin mal üzərində texnoloji əməliyyatlar
nəticəsində mal tamamilə dəyişdirilmədikdə, lakin yeni əmtəə
koduna məxsus mal yaradıldıqda.
4.1.3. malın istehsalında istifadə
olunan materialların dəyəri və ya əlavə dəyər emalı üçün göndərilən
malın franko-zavod qiymətinin müəyyən olunmuş hissəsini təşkil
etməklə qiyməti dəyişdikdə (advaler pay qaydası). Bu halda idxal
olunan materialların qiyməti gömrük dəyərinə (SİF əsasında),
ölkə mənşəyi müəyyən olunmayan mallar üzrə isə istehsal edən
ölkənin ərazisində satış qiymətinə uyğun olaraq müəyyən edilir.
Hazır mallar üçün qiymət satıcının franko-zavod və ya ixrac
qiyməti ilə müəyyən edilir.
4.2. «Gömrük tarifi haqqında»
Azərbaycan Respublikası Qanununun müddəalarına əsasən malın mənşə
ölkəsini müəyyən etmək üçün kifayət qədər emal meyarı aşağıdakı
hallar üzrə tətbiq edilə bilməz:
4.2.1. saxlanma və nəqletmə
zamanı malların mühafizəsinin təmin edilməsi ilə bağlı əməliyyatlar;
4.2.2. malların satışa və daşınmaya
hazırlanması əməliyyatları (mal partiyasının bölünməsi, malların
göndərilməsi üçün formalaşdırılması, çeşidlənməsi və yenidən
qablaşdırılması);
4.2.3. sadə yığma əməliyyatları;
4.2.4. alınmış məhsula onu əvvəlki
xüsusiyyətlərindən əhəmiyyətli dərəcədə fərqləndirən yeni əlamətlər
vermədən malların (tərkib hissələrinin) qarışdırılması.
4.3. Bəyannamələrdə konkret mallar
və ölkə üzrə mənşəyi xüsusi olaraq qeyd olunmadığı təqdirdə, əmtəə
nomenklaturası üzrə üzrə malın mövqeyində ilk dörd rəqəm səviyyəsində
dəyişmə baş vermişsə, bu zaman malın mənşə ölkəsi 4.1.2 yarımbəndinin
birinci abzasında göstərilən qaydada müəyyən edilir.
5. Partiyalarla göndərilən mal üzrə
5.1. Mallar istehsal və nəqliyyat
şərtlərinə görə bir neçə partiyalarla göndərildikdə, habelə bir
partiya mal səhvən bir neçə partiyaya bölünmüşsə, «Gömrük tarifi
haqqında» Azərbaycan Respublikası Qanununun 28-ci maddəsinə uyğun
olaraq aşağıdakı şərtlərə riayət edildikdə, bəyan edən şəxsin
istəyi ilə həmin mallar vahid bir mal kimi götürülür və malın
mənşə ölkəsi aşağıdakılar nəzərə alınmaqla müəyyən edilir:
5.1.1. Azərbaycan Respublikasının
gömrük orqanına sökülmüş və yaxud yığılmamış malın bir neçə
partiyaya bölünməsi səbəbləri haqqında əmtəə nomenklaturasına
görə kodlar göstərilməklə, hər partiyanın özünəməxsus cəhətləri,
bu partiyaya daxil olan malların dəyəri və mənşə ölkəsi haqqında
əvvəlcədən xəbərdarlıq edilməsi;
5.1.2. malın bir neçə partiyaya
bölünməsinin səhv olduğunu təsdiq edən sənədlərin təqdim edilməsi;
5.1.3. malın bütün partiyalarının
bir ölkədən bir malgöndərən tərəfindən göndərilməsini təsdiq
edən sənədin təqdim edilməsi;
5.1.4. bütün partiyaların eyni
gömrükxanadan (gömrük postundan) gətirilməsi;
5.1.5. malın bütün partiyalarının
gömrük bəyannaməsinin qəbul olunduğu tarixdən altı aydan gec
olmayaraq və ya birinci partiyaya görə gömrük bəyannaməsinin
verilməsi müddəti keçənə qədər göndərilməsi.
6. Malın mənşə ölkəsinin müəyyən edilməsi üçün istifadə
olunmayan meyarlar
Malın mənşə ölkəsi müəyyən olunarkən,
onun istehsalı üçün istifadə olunan istilik və elektrik enerjisinin,
avadanlığın və alətlərin mənşəyi nəzərə alınmır.
7. Birbaşa alınan mal üzrə
7.1. Birbaşa alınan malın mənşə
ölkəsi malı ixrac edən ölkə tərəfindən yuxarıda göstərilən mənşə
meyarları üzrə Qaydaya əməl edilməklə aşağıdakı hallarda müəyyən
edilir:
7.1.1. mal birbaşa ixracatçı
ölkədə qeydiyyatdan keçmiş müəssisələrdən, firmalardan alındıqda
və bu ölkədən birbaşa gətirildikdə;
7.1.2. coğrafi, nəqliyyat, texniki
və yaxud iqtisadi səbəblərdən bir və ya bir neçə ölkələrin ərazisindən
nəql edilən, habelə onların həmin ölkələrin ərazisinə müvəqqəti
və ya anbarlaşdırılması üçün tranzit ölkələrdə gömrük nəzarəti
altında qalması şərtilə gətirilən mallar;
7.1.3. sərgilərdən və ya yarmarkalardan
birbaşa alınan, onların fəaliyyətinin bütün dövrü ərzində gömrük
nəzarəti altında olmuş və nümayiş etdirilməsi məqsədlərindən
başqa digər məqsədlər üçün istifadə edilməmiş mal.
8. Sərbəst ticarət haqqında Saziş iştirakçıları olan dövlətlərin
ərazisindən idxal olunan malların mənşə ölkəsinin təyin edilməsi
8.1. «Sərbəst ticarət haqqında»
sazişlərin iştirakçıları olan dövlətlərdən idxal olunan malların
mənşə ölkələri, bu Qaydalarla müəyyən edilmiş meyarlar nəzərə
alınmaqla, həmin sazişlərin müddəalarına əsasən təyin edilir.
8.2. Müstəqil Dövlətlər Birliyinin
üzvü olan dövlətlərin Hökumət Başçıları Şurasının 1996-cı il 18
oktyabr tarixli qərarına əsasən «Sərbəst ticarət zonasının yaradılması
haqqında» 1994-cü il 15 aprel tarixli Sazişin iştirakçıları olan
dövlətlərin birinin rezidenti tərəfindən bu ölkənin gömrük ərazisindən
Azərbaycan Respublikasının gömrük ərazisinə ixrac və həmin Sazişin
iştirakçısı olan Azərbaycan Respublikasının rezidenti tərəfindən
idxal olunduğu hallarda malın mənşə ölkəsi Saziş iştirakçısı olan
həmin ölkənin gömrük ərazisi hesab olunur.
9. Malın mənşəyi haqqında sertifikat
9.1. Malın mənşə ölkəsinin təsdiq
edilməsi üçün malın gömrük rəsmiləşdirilməsi zamanı gömrük orqanlarına
beynəlxalq təcrübədə istifadə edilən mənşə sertifikatı təqdim
edilir.
9.2. Azərbaycan Respublikasının
gömrük orqanları təqdim olunan mənşə sertifikatlarının həqiqiliyini
onlarda olan müvafiq ölkələrin mənşə sertifikatlarının nümunələrinə
əsasən yoxlayır. Gömrük orqanlarında bu nümunələr olmadıqda ticarət
rejimləri haqqında sazişlərdə nəzərdə tutulmuş güzəştlər (preferensiyalar)
tətbiq edilmir.
9.3. Konkret mal üzrə verilmiş
sertifikatda aşağıdakı məlumatlar olmalıdır:
9.3.1. ixracatçının adı və ünvanı;
9.3.2. idxalatçının adı və ünvanı;
9.3.3. nəql edilmə vasitələri
və hərəkətin marşrutu (məlum olduğu qədər);
9.3.4. yerlərin sayı, qablaşdırmanın
növü, malın eyniləşdirilməsi (identifikasiyası) üçün lazım olan
bütün məlumatların təsviri;
9.3.5. brutto və netto çəkisi
(bu göstəricilər daşınma (nəql edilmə) zamanı malın çəkisi əhəmiyyətli
dərəcədə dəyişdirildikdə və ya bu mala standart olaraq tətbiq
edilən vahidlərin sayı və ya həcmi ilə əvəz edilə bilər).
9.4. Malın mənşəyi haqqında sertifikat
itdiyi halda onun rəsmi olaraq təsdiq olunmuş surəti (dublikatı)
təqdim edilir.
9.5. Malların partiyasının (5000
ABŞ dollarına qədər) mənşəyinin təsdiqi üçün ixracatçı malın mənşə
ölkəsini hesab-fakturada və ya əlavə edilmiş başqa müşayiətedici
sənədlərdə göstərə bilər.
9.6. Malın mənşəyi haqqında sertifikatın
və ya onda şərh olunan məlumatların düzgünlüyünə şübhə yarandıqda,
Azərbaycan Respublikasının gömrük orqanları mənşə ölkəsi kimi
göstərilmiş ölkənin müvəkkil təşkilatlarına və ya digər səlahiyyətli
orqanlarına əlavə və dəqiqləşdirici məlumatların verilməsi barədə
əsaslandırılmış xahişlə müraciət edə bilərlər.
9.7. Malın mənşəyi haqqında lazımi
təsdiqedici və ya tələb olunmuş məlumatlar təqdim edilməyənədək,
göstərilən ölkə malın mənşə ölkəsi hesab edilmir.
9.8. Gömrük orqanları malın buraxılmasından
o vaxt imtina edə bilər ki, həmin malın Azərbaycan Respublikasının
qanunvericiliyinə və yaxud qüvvədə olan Azərbaycan Respublikasının
tərəfdar çıxdığı beynəlxalq müqavilələrə əsasən malları Azərbaycan
Respublikası ərazisinə buraxılmayan ölkəyə mənsub olmasını təsdiq
etmək üçün kifayət qədər əsaslar olsun.
Lazımi qaydada rəsmiləşdirilmiş
malın mənşəyi haqqında sertifikatın və ya müvafiq məlumatların
təqdim edilməməsi yükün buraxılmaması üçün əsas deyildir.
Bu yarımbəndin ikinci abzasının
müddəaları nəzərə alınmaqla, mənşəyi dəqiq müəyyən edilməmiş mallar
Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş
idxal rüsumlarının maksimum dərəcələri tətbiq edilməklə Azərbaycan
Respublikasının ərazisinə buraxılır.
9.9. «Gömrük tarifi haqqında»
Azərbaycan Respublikası Qanununun 32-ci maddəsinin 1-ci bəndinə
əsasən gömrük rəsmiləşdirilməsi həyata keçirildiyi vaxtdan bir
ildən gec olmayaraq malların mənşəyinin tələb olunan qaydada təsdiq
olunması şərti ilə həmin mallara ən əlverişli şərait rejimi və
ya imtiyazlı rejim tətbiq (bərpa) edilə bilər.
© AzerSoft