Azərbaycan Respublikası Dövlət
Gömrük Komitəsi
«Azərbaycan Respublikası Xarici Ticarətinin
Gömrük Statistikasının Metodologiyasının tətbiqi ilə əlaqədar olaraq
statistik dəyərin hesablanılmasına dair Təlimat» haqqında
Əmr ¹ 25
16 aprel 1999-cu il
Azərbaycan Respublikası Xarici
Ticarətinin Gömrük Statistikasının metodologiyasının tətbiqi ilə
əlaqədar olaraq statistik dəyərin yeni qaydada hesablanılması
və Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 206—209-cu maddələrinin
tələblərinin yerinə yetirilməsini təmin etmək məqsədilə Azərbaycan
Respublikasının Gömrük Məcəlləsinin 9-cu maddəsinə əsasən əmr
edirəm:
1. «Azərbaycan Respublikası Xarici
Ticarətinin Gömrük Statistikasının Metodologiyasının tətbiqi ilə
əlaqədar olaraq statistik dəyərin hesablanılmasına dair Təlimat»
təsdiq olunsun (əlavə olunur).
2. Gömrük orqanlarının maliyyə-tarif
şöbələri və statistika və AİS bölmələri YGB-lərin 42, 45 və 46-cı
qrafalarına bu təlimata müvafiq olaraq nəzarəti təmin etsinlər.
3. Statistika və Təhlil İdarəsi
(A.D.Əliyev) xarici ticarətin gömrük statistikası məlumatlarının
hazırlanması üçün istifadə olunan kompüter proqramlarında bu Təlimata
uyğun dəyişikliklər və dəqiqləşdirmələr aparılmasını təmin etsin.
4. İşlər İdarəsi (R.Zalov) əmrin
və Təlimatın surətinin bütün gömrük orqanlarına göndərilməsini
təmin etsin.
5. Əmrin icrasına nəzarət Statistika
və Təhlil İdarəsinə (A.D.Əliyevə) həvalə olunsun.
Komitənin sədri
K.F.HEYDƏROV.
Azərbaycan Respublikası
Dövlət Gömrük Komitəsinin
16 aprel 1999-cu il tarixli 25 saylı əmri ilə
təsdiq edilmişdir
«Azərbaycan Respublikası Xarici
Ticarətinin Gömrük Statistikasının metodologiyasının» tətbiqi
ilə əlaqədar olaraq statistik dəyərin hesablanmasına dair Təlimat
I. Təlimatın məqsədi
Xarici ticarət dövriyyəsinin dəyər
qiymətləndirilməsi ölkənin beynəlxalq əlaqələri üzrə onun iqtisadi
vəziyyətinin əsas göstəricisidir. Bu zaman nəzərə almaq lazımdır
ki, alqı-satqı sövdələşmələrində alıcı və satıcının götürdükləri
öhdəliklərdən asılı olaraq malın bir ölkədən digərinə göndərilməsi
üzrə xarici ticarət müqaviləsi Beynəlxalq ticarət palatası tərəfindən
hazırlanmış qaydalara əsasən 13 göndərmə kommersiya şərti əsasında
bağlanılır («İnkoterms»).
Xarici ticarət müqavilələrinin
bağlanılması zamanı müxtəlif göndərilmə ticarət şərtlərinin nəzərə
alınması və bundan asılı olaraq malın faktiki dəyərinin hesablanması
metodologiyası müxtəlif olduğundan, ayrı-ayrı malların dəyərləri
üzrə məlumatların sadəcə olaraq toplanması yolu ilə yekun məlumatın
bütün mal dövriyyəsi üzrə alınması kifayət deyil. Belə ki, malların
dəyər qiymətləndirilməsi müxtəlif cinslidir və müxtəlif elementlərdən
təşkil olunmuşdur. Odur ki, bütün idxal və ixrac olunan mallar
üçün eyni cinsli dəyər qiymətləndirilməsi göstəricisinin alınması
üçün, bütün malların qiymətlərini vahid bazisə gətirmək lazımdır.
Bu Təlimatın məqsədi gömrük statistikasının
metodologiyasına uyğun olaraq malların statistik dəyərinin vahid
valyutaya gətirilməsinin və hesablanmasının ümumi qaydalarının
şərh edilməsidir.
II. Malların göndərilmə kommersiya (bazis) şərti anlayışı və
onların təsnifatı
Xarici ticarət üzrə alqı-satqı
müqaviləsində göndərmə kommersiya (bazis) şərtləri xüsusi şərt
olaraq, malın bir ölkədən digər ölkəyə çatdırılması zamanı alıcı
və satıcının öhdəliklərinin araşdırılmasında, mal üzrə mülkiyyət
hüququnun başqasına keçməsində, onun itirilməsində, malın xarab
olmasında və ya çatdırılmaması zamanı cavabdehliyi müəyyən edir.
Malların göndərilməsinin kommersiya
şərti, həmçinin bazis şərti də adlanır. Ona görə ki, o satıcı-ixracatçıdan
alıcı-idxalatçıya malın çatdırılması ilə əlaqədar olan xərclərin
kim tərəfindən ödənilməsindən asılı olaraq malın sövdələşmə qiymətinin
bazisini (əsasını) müəyyən edir.
Sövdələşmə qiymətinə o xərclər
daxil edilir ki, satıcı öz öhdəliyinə müvafiq olaraq göndərmə
kommersiya şərti üzrə onların ödənişini öz üzərinə götürür və
hesab-fakturaya daxil edir.
Azərbaycan Respublikası ərazisində
gömrük işinin beynəlxalq qaydalarla aparılmasına keçilməsi ilə
əlaqədar «İnkoterms-90» qaydalarına müvafiq olaraq 13 göndərilmə
kommersiya şərti əsasında müqavilə bağlanıla bilər. Bu təsnifat
elə təşkil olunub ki, bütün 13 terminin qısa hərflərlə ifadəsi
4 latın hərfinin — «E», «F», «C», «D» biri ilə başlayır. Buna
müvafiq olaraq ümumi xüsusiyyətlərinə görə onları 4 qrupa bölmək
olar.
Birinci qrupa «E» göndərmənin
bu kommersiya şərti yalnız bir termindən ibarətdir. EXB — «zavoddan»
— EXW (EX WORKS).
«Zavoddan» ifadəsinin mənası odur
ki, satıcı malı öz müəssisəsində alıcıya verdiyi andan öhdəliyini
yerinə yetirmiş olur (məsələn, zavodda, fabrikdə, anbarda və s.).
Bu göndərilmə kommersiya şərti ilə satıcı malın nəqliyyat vasitəsinə
yüklənməsinə və ixrac gömrük vergilərinin ödənməsinə (əgər başqa
şərtlər olmamışdırsa) cavabdehlik daşımır. Alıcı isə malın satıcı-müəssisədən
təyinat yerinə qədər daşınması ilə əlaqədar bütün riskləri və
xərcləri özü çəkir.
İkinci qrupa «F» göndərmənin
bu kommersiya şərti üç termindən ibarətdir — FSA, FAS, FOB (FCA,
FAS, FOB).
FSA — «franko daşıyıcı».
Bu terminin mənası odur ki, satıcı malı ixrac gömrük rəsmiləşdirilməsindən
keçirdikdən sonra, alıcı tərəfindən təyin olunmuş daşıyıcıya,
razılaşdırılmış yerdə və ya məntəqədə təhvil verdikdə çatdırılma
üzrə öz öhdəliyini yerinə yetirmiş olur.
FAS — «gəmi bortu boyunca sərbəst»
kommersiya şərtinin mənası odur ki, dəniz daşınmalarında satıcı
malı razılaşdırılmış yükləmə limanına gətirərək, onu gəmi bortu
boyunca sahildə və ya lixterlərdə yerləşdirdikdə öz öhdəliyini
yerinə yetirmiş olur. Bu andan etibarən malların korlanması və
ya xarab olması üzrə öhdəliklər satıcıdan alıcıya keçir. FAS şərtində
tələb olunur ki, malın ixrac rəsmiləşdirilməsini alıcı yerinə
yetirsin. Əgər alıcı birbaşa və ya bilavasitə ixrac gömrük rəsmiləşdirilməsini
yerinə yetirə bilmirsə, bu termindən istifadə etmək olmaz.
FOB — «sərbəst gəmi bortunda»
kommersiya şərtində mal göstərilmiş yükləmə limanında gəminin
məhəccərindən keçdikdə satıcı daşıma üzrə öz öhdəliyini yerinə
yetirmiş olur. Malların korlanması və ya xarab olması üzrə öhdəliklər
bu andan alıcıya keçir. FOB şərtində tələb olunur ki, malın ixrac
rəsmiləşdirilməsini satıcı yerinə yetirsin.
Üçüncü qrupa «C» göndərmənin
bu kommersiya şərti dörd termindən ibarətdir — SFR, SİF, SPT,
SİP (CFR, CIF, CPT, CIP).
SFR — «dəyər və icarə»
şərti, «satıcı malı, alıcının ölkəsindəki təyinat limanına çatdırmaq
üçün lazım olan bütün xərcləri və icarə haqqını ödəməlidir» mənasını
verir. Malın təyinat limanında boşaldılma xərclərini alıcı ödəyir.
İxrac rəsmiləşdirilməsini satıcı,
idxal rəsmiləşdirilməsini isə alıcı aparır.
SİF — «dəyər, sığorta və icarə».
Göndərmənin bu kommersiya şərtində malın alıcı ölkənin təyinat
limanına çatdırılması, həmçinin malın sığortalanması da satıcının
öhdəsinə düşür.
İxrac rəsmiləşdirilməsini satıcı,
idxal rəsmiləşdirilməsini isə alıcı aparır.
SPT — «daşınma … (təyinat yeri)
qədər ödənilib» kommersiya şərtində satıcı malın alıcının
ölkəsində yerləşən təyinat yerinə aparılmasına və alıcının anbarına
malı aparan daşıyıcıya təhvil verilməsinə cavabdehlik daşıyır.
İxrac rəsmiləşdirilməsini satıcı,
idxal rəsmiləşdirilməsini isə alıcı aparır.
SİP — «daşınma və sığortalama
… (təyinat yeri) qədər ödənilib». Bu göndərmə kommersiya şərtində
satıcının öhdəsinə, malın satıcının ölkəsində yerləşən təyinat
yerində daşıyıcıya təhvil verilməsi və yükün öz hesabına sığortalanması
düşür.
İxrac rəsmiləşdirilməsini satıcı,
idxal rəsmiləşdirilməsini isə alıcı aparır.
Dördüncü qrupa — «D» göndərilmənin
bu kommersiya şərti beş termindən ibarətdir — DAF, DES, DEK, DDU,
DDP — (DAF, DES, DEQ, DDU, DDP).
DAF — «sərhədə qədər göndəriş».
Təyin olunmuş vaxtda sərhəddə razılaşdırılmış məntəqəyə malın
gətirilməsi satıcının öhdəsinə düşür.
Burada «sərhəd» termini altında
istənilən sərhəd, ixracatçı ölkənin sərhədi, eləcə də idxalatçı
ölkənin sərhədi başa düşülür. Odur ki, bu şərt daxilində konkret
yerin və ya məntəqənin adı göstərilməklə sərhədin dəqiq təyin
edilməsi əsasdır.
İxrac rəsmiləşdirilməsini satıcı,
idxal rəsmiləşdirilməsini isə alıcı aparır.
DES — «gəmidən göndəriş».
Əgər mal gəminin bortunda alıcıya təhvil verilibsə və hələ razılaşdırılmış
təyinat limanında gömrükdən keçməyibsə, satıcı çatdırılma üzrə
öz vəzifəsini yerinə yetirmiş hesab edir. Alıcının ölkəsində yerləşən
təyinat limanına qədər malın çatdırılması üzrə bütün xərcləri
və riskləri satıcı çəkir.
İxrac rəsmiləşdirilməsini satıcı,
idxal rəsmiləşdirilməsini isə alıcı aparır.
DEK — «gəminin yan aldığı körpüdən
göndəriş» şərtində satıcı gömrük rəsmiləşdirilməsindən keçən
malı razılaşdırılmış təyinat limanında gəminin yan aldığı körpüdən
alıcıya çatdırılması öhdəliyini yerinə yetirir. Satıcı malın çatdırılması
zamanı bütün riskləri, eləcə də rüsum, vergi və yığımları özü
çəkir.
Əgər satıcı idxala birbaşa və
ya bilavasitə lisenziya ala bilmirsə, bu termini işlətmək olmaz.
İxrac və idxal rəsmiləşdirilməsini
satıcı aparır.
DDU — «rüsum ödənilmədən göndəriş».
Bu göndərmə kommersiya şərtini bəzən «rüsum ödənilmədən alıcının
franko-anbarı» da adlandırırlar.
Satıcı malın alıcının anbarına
çatdırılmasına qədər bütün xərcləri və riskləri ödəyir. Bu zaman,
ixrac rəsmiləşdirilməsini satıcı aparır və çəkilən xərclərə idxal
rəsmiləşdirilməsi aid edilmir.
DDP — «rüsum ödənilməklə göndəriş».
Bu göndərilmə kommersiya şərti bəzən «alıcının anbarına göndəriş»
də adlandırılır. Bu şərt daxilində idxal və ixrac rəsmiləşdirilməsi
ödənilməklə mal alıcının anbarına çatdırılır.
III. İdxal və ixrac olunan malların qiymətləndirilməsi
Xarici Ticarət dövriyyəsinin qiymətləndirilməsi
gömrük statistikasının qarşısında duran məsələlərdən ən vacibdir.
Yuxarıda qeyd olunduğu kimi, beynəlxalq ticarət praktikasında
sövdələşmələr müxtəlif şərtlər daxilində həyata keçirilir. Bundan
asılı olaraq, eyni mal alınma yerində bir qiymətə, çatdırılma
yerində isə başqa qiymətə (bir az yüksək qiymətə) olacaqdır. Belə
ki, malın istehsalçıdan istehlakçıya hərəkəti zamanı onun qiyməti
daşınma, sığorta və s. əlavə xərclərin hesabına artacaqdır.
İxrac olunan malların uçotu FOB-liman
və ya DAF-sərhəd qiymətləri üzrə, idxal olunanlar isə SİF-liman
və ya SİP-sərhəd qiymətləri ilə aparılır.
Bu cür uçot praktikası müəyyən
iqtisadi məna kəsb edir, çünki ixrac olunan malları FOB qiymət
bazisi ilə qiymətləndirərkən, ixrac edən ölkənin bilavasitə sərhədindən
mala çəkilən bütün xərclərin ümumi cəmi, idxal olunan malların
qiymətinin hesablanması zamanı isə — SİF bazis qiymətində alıcının
xarici malı almaq üçün sərf etdiyi xərclərin cəmi göstərilir.
İstənilən növ daşımalarda SİF və FOB bazis qiyməti tətbiq olunur.
SİF və FOB qiymətlərinin əmələ
gəlməsini aşağıdakı sxemdə izləmək olar:
1. Malın qiymətinə aşağıdakılar
daxildir:
- malın istehsalının maya dəyəri;
- qablaşdırma və markalamaya çəkilən xüsusi xərclər;
- istehsalçının mənfəəti.
2. İxrac edən ölkənin sərhədinə
qədər malın çatdırılma xərcləri:
- daxili daşıyıcının daşınma vasitəsinə malın
yüklənmə xərci;
- daşınma məntəqəsindən əsas daşıma vasitəsinə
qədər malın daşınma xərci;
- ixracatçının sərhədinə qədər daşınma vaxtında
malın sığortalanma xərci;
- ixrac vergilərinin ödənilməsi (ixrac lisenziyası,
ixracatçı-ölkədə alınan ixrac vergisi, rüsumu və digər yığımlar);
- məntəqələrdə boşaldılmış yükün saxlancına çəkilən
xərclər;
- əsas nəqliyyat vasitəsinə yükləmə xərci;
- ixracatçı-ölkənin digər xərcləri.
Məbləğ (1+2)=FOB qiyməti (və ya
ixracatçı-ölkənin sərhəddi (DAF))
3. İxracatçının sərhədindən Azərbaycan
Respublikasının gömrük ərazisində giriş yerinə qədər çəkilən xərclər
aşağıdakılardan ibarətdir:
- nəqliyyat xərcləri;
- yolda sığortalanmaya çəkilən xərclər.
Məbləğ (1+2+3)=SİF qiyməti (və
ya idxalatçı ölkənin sərhəddi (SİP)).
Əgər malların alqı-satqısı ödənişsiz
olarsa (məsələn, humanitar yardım, barter əməliyyatı və s.), onda
ixrac (idxal) mallarının qiyməti, ticarət əsasında həmin ölkədən
idxal-ixrac olunmuş ilə adlı malın qiyməti ilə qiymətləndirilir.
IV. Malların statistik dəyərinin bazis qiymətlərinə
gətirilməsi
İdxal əməliyyatlarında
a) YGB-nin 20-ci qrafasında SİF-liman
və ya SİP-sərhəd təyinat məntəqəsi göstərilibsə və həqiqətən mallar
sərhədə göndərilibsə, bu halda statistik dəyər valyuta məzənnəsi
nəzərə alınmaqla faktura dəyəri əsasında hesablanır və YGB-nin
46-cı qrafasında yazılır.
b) SİF-liman və SİP-sərhəd təyinat
məntəqəsi kontrakt (müqavilə) şərtlərinə müvafiq olaraq Azərbaycan
Respublikasının gömrük ərazisindən kənar yerləşirsə (məsələn SİF-Vilnyus,
SİP-Kiyev) onda faktura dəyərinə malların Azərbaycan Respublikasının
gömrük ərazisinə gətirilmə yerinə qədər çatdırılması üzrə daxil
edilməmiş əlavə xərclər əlavə edilir. Alınmış faktura dəyərinin
yeni məbləği əsasında məzənnə nəzərə alınaraq statistik dəyər
hesablanır və YGB-nin 46-cı qrafasına yazılır.
v) Bazis göndərilmə kommersiya
şərtlərdən başqa (SİF, SİP) YGB-nin 20-ci qrafasında təsnifata
uyğun müxtəlif şərtlər qeyd olunanda həmin şərtlər (EXV, FAS,
FSA, SFR, SPT, DES, DEK, DDU və DDP) vahid bazis şərtlərinə gətirilməlidir.
Vahid bazis şərtlərinə gətirilmə prosedurası ondan ibarət olmalıdır
ki, müxtəlif satış ticarət şərtlərinə (EXV, FAS, FSA, SFR, SPT,
DES, DEK, DDU və DDP) uyğun olan faktura dəyəri SİF və SİP göndərmə
ticarət şərtinə uyğun faktura dəyəri ilə müqayisə olunmalıdır.
Müqayisə aparılanda təyinat məntəqəsinin yerləşməsi nəzərə alınmalıdır.
Misal:
a) Təyinat məntəqəsi — Həştərxan
şəhəri;
Kontrakt (müqavilə) göndərilmə
kommersiya şərti — FAS (gəmi bortu boyunca sərbəst)
Müqavilə üzrə rezident malı Həştərxandan
Bakıya gətirməlidir. Bu halda YGB-də FAS göndərilmə kommersiya
şərtinə uyğun olan faktura dəyərinə, Həştərxan-Bakı nəqli üzrə
əlavə xərclər əlavə olunmalıdırlar. Alınmış yeni faktura dəyəri
SİF-Bakı göndərmə ticarət şərtinə müvafiqdir və valyuta məzənnəsi
əsasında statistik dəyərinə çevrilir.
b) Təyinat məntəqəsi — Sumqayıt
şəhəri;
Kontrakt (müqavilə) göndərilmə
kommersiya şərti — SPT (daşınma … (təyinat yeri) qədər ödənilib)
Bu halda müqavilə üzrə daşınma
Sumqayıt şəhərinə qədər ödənilib və bununla əlaqədar SPT göndərmə
ticarət şərtinə müvafiq olan faktura dəyəri SİP-Bakı göndərmə
ticarət şərtilə müqayisədə böyük olacaq. Vahid bazis şərtinə gətirmək
üçün YGB-də göstərilən faktura dəyərindən Bakı-Sumqayıt arasında
mövcud olan xərclər çıxarılmalıdır və alınmış rəqəmin əsasında
valyuta məzənnəsini nəzərə almaq şərti ilə statistik dəyər hesablanmalıdır.
İxrac əməliyyatları
İxrac əməliyyatlarında da malların
göndərilmə kommersiya şərtlərinin bazis şərtinə gətirilməsi və
statistik dəyərinin hesablanmasının qaydaları eynidir.
V. Statistik dəyərin hesablanılması
1993-cü ilin yanvarın 1-dən statistik dəyər
Azərbaycan Respublikasının Milli Bankının YGB-nin rəsmiləşdirilməyə
qəbul olunan gününə olan kursla ABŞ dolları ilə ifadə olunur.
İdxal və ixrac edilən malların statistik dəyəri aşağıdakı qaydada
hesablanaraq nəticələri YGB-nin 46-cı qrafasında yazılır.
a) İdxal əməliyyatları üzrə
Beynəlxalq praktika göstərir ki,
müqavilə göndərmə şərtləri malın statistik dəyəri üzrə seçilmiş
baza şərtinə — SİF liman və ya SİP sərhəd təyinat məntəqəsinə
tam uyğundur. Bununla əlaqədar olaraq, idxal əməliyyatlarında
YGB-nin 46-cı qrafası manatın dollara kursu nəzərə alınmaqla aşağıdakı
qaydada hesablanılır:
b) İxrac əməliyyatları üzrə
Malın statistik dəyərinin hesablanması
aşağıda göstərilən ardıcıllıqla aparılmalıdır:
- müqavilə şərtlərinə müvafiq olaraq təyinat
məntəqələri müəyyən olunmalıdır;
- təyinat məntəqələri baza şərtlərinə müvafiq
olmadıqda, təlimatın III bölməsinə uyğun olaraq, malın faktura
dəyərinin üzərində əlavə hesablamalar aparılaraq baza şərtlərinə
gətirilməlidir — FOB liman və ya DAF — Azərbaycan Respublikasının
sərhədi;
- YGB-nin 46-cı qrafası aşağıdakı kimi hesablanılmalıdır:
Əgər alqı-satqı kontraktı manatladırsa,
onda manatla ifadə olunmuş malın qiyməti YGB-nin gömrük rəsmiləşdirilməsinə
qəbul olunduğu günə dolların kursu ilə hesablanılır:
Əgər alqı-satqı kontraktı ABŞ dolları
ilə ifadə olunubdursa, onda YGB-nin 42-ci qrafası 46-cı qrafa ilə
eyni olmalıdır.
© AzerSoft