Azərbaycan Respublikasının Nazirlər
Kabineti
Fiziki şəxslər tərəfindən istehsal
və kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların Azərbaycan
Respublikasının gömrük sərhədindən keçirilməsi Qaydalarının təsdiq
edilməsi barədə
Qərar ¹ 105
Bakı
şəhəri, 31 may 2001-ci il
Fiziki şəxslər tərəfindən istehsal
və kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların Azərbaycan
Respublikasının gömrük sərhədindən keçirilməsi qaydalarının təkmilləşdirilməsi
məqsədi ilə Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 107-ci
maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti
qərara alır:
1. «Fiziki şəxslər tərəfindən
istehsal və kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların
Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi Qaydaları»
təsdiq edilsin (əlavə olunur).
2. Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 1997-ci il 21 iyul tarixli 81 nömrəli qərarı (5-ci
bəndi istisna olmaqla) qüvvədən düşmüş hesab edilsin.
3.
Bu qərar 2001-ci il iyunun 15-dən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri
A. RASİ-ZADƏ
7 noyabr 2002-ci il tarixli, 176 nömrəli; 2 iyun
2003-cü il tarixli, 73 nömrəli; 30 aprel 2004-cü il tarixli, 59
nömrəli; 18 may 2004-cü il tarixli, 67 nömrəli; 9 avqust 2004-cü
il tarixli, 109 nömrəli; 23 noyabr 2004-cü il tarixli, 181 nömrəli
qərarlara əsasən dəyişikliklər və əlavələrlə («AzerSoft»).
Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
2001-ci il 31 may tarixli 105 nömrəli qərarı ilə
təsdiq edilmişdir
Fiziki şəxslər tərəfindən istehsal
və kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların Azərbaycan
Respublikasının gömrük sərhədindən keçirilməsi
Qaydaları
1. Ümumi müddəalar
1.1. Rezident və qeyri-rezident
fiziki şəxslər (bundan sonra — fiziki şəxslər) tərəfindən təyinatı
nəzərə alınmaqla yalnız istehsal və kommersiya məqsədləri üçün
nəzərdə tutulmayan malların Azərbaycan Respublikasının gömrük
sərhədindən keçirilməsi (beynəlxalq poçt vasitəsilə göndərişlər
də daxil olmaqla) bu Qaydalarla tənzimlənir.
1.2. Fiziki şəxslər tərəfindən
Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların
təyinatı — fiziki şəxsin səfərinin bütün halları nəzərə alınmaqla,
malların gömrük sərhədindən fiziki şəxsin və onun ailə üzvlərinin
şəxsi istifadə və istehlak məqsədləri üçün keçirildiyini yəqin
etməklə, onların xarakterinə və miqdarına, eləcə də sərhəddən
keçirilməsinin tezliyinə görə Azərbaycan Respublikasının gömrük
orqanları tərəfindən müəyyən edilir.
2. Fiziki şəxslər tərəfindən istehsal və kommersiya
məqsədləri üçün nəzərdə tutulmayan malların Azərbaycan Respublikasının
gömrük sərhədindən keçirilməsi
2.1. Fiziki şəxslər təyinatı bu
Qaydaların 1.2 bəndinə uyğun olaraq müəyyən edilməklə, istehsal
və kommersiya məqsədləri üçün nəzərdə tutulmayan hesab edilmiş
malları (nəqliyyat vasitələri və aksizli mallar istisna olmaqla)
sadələşdirilmiş qaydada bəyan etməklə aşağıdakı hallarda qanunvericiliklə
müəyyən edilmiş gömrük ödənişlərini ödəmədən Azərbaycan Respublikasının
gömrük sərhədindən keçirə bilərlər:
2.1.1. fiziki şəxs Azərbaycan
Respublikasının gömrük sərhədini keçməklə ümumi dəyəri 1000
ABŞ dollarına ekvivalent və ya çəkisi 50 kiloqramdan artıq olmayan
malları gətirdikdə (apardıqda);
2.1.2. beynəlxalq poçt göndərişləri
vasitəsi ilə ümumi dəyəri 200 ABŞ dollarına ekvivalent və ya
çəkisi 20 kiloqramdan artıq olmayan malları aldıqda (göndərdikdə);
2.1.3. qeyri-rezident fiziki
şəxslər (şəxsiyyəti təsdiq edən sənəddə iki təqvim ilindən yuxarı
xarici ölkədə yaşadığı barədə müvafiq qeydlər olduqda) daimi
yaşayış məqsədilə Azərbaycan Respublikasına köçüb gələrkən (və
ya rezident fiziki şəxslər Azərbaycan Respublikasından köçüb
gedərkən) 20.000 ABŞ dollarına ekvivalent dəyər həcmində ailə
üçün zəruri olan məişət əşyalarını özü gömrük sərhədindən keçərək
gömrük orqanlarına bəyan etməklə müşayiət olunan və ya müşayiət
olunmayan baqajla gətirdikdə (apardıqda);
2.1.4. Azərbaycan Respublikasında
daimi yaşayan və xarici ölkələrdə müvəqqəti fasiləsiz yaşama
müddəti 1 (bir) ili keçən vətəndaşlar Azərbaycan Respublikasına
qayıdan zaman 10.000 ABŞ dollarına ekvivalent dəyər həcmində
ailə üçün zəruri olan məişət əşyalarını gətirdikdə;
2.1.4. zəruri ehtiyacların
ödənilməsi üçün şəxsi əşyaları gömrük qaydalarına əməl etməklə
müvəqqəti olaraq gətirdikdə (apardıqda);
2.1.5. açılmış vərəsəlik
hüququ əsasında əldə edilmiş əşyaları (gətirilməsi və aparılması
qadağan edilmiş əşyalardan başqa) Azərbaycan Respublikasının
gömrük sərhədindən keçirdikdə.
2.2. Fiziki şəxslər tərəfindən
Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən istehsal
və kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mal vahidinin
və ya dəstinin dəyəri (avtonəqliyyat vasitələri və aksizli mallar
istisna olmaqla) bu Qaydaların 2.1.1 yarımbəndi ilə müəyyən edilmiş
dəyər həddini ötdükdə, həmin malların gömrük rəsmiləşdirilməsi
xarici-iqtisadi fəaliyyətin tarif və qeyri-tarif tənzimlənməsinə
uyğun gömrük ödənişləri alınmaqla sadələşdirilmiş qaydada aparılır.
2.3. Azərbaycan Respublikasının
gömrük sərhədindən müşayiət olunmayan baqajla (bu Qaydaların 2.2
və 2.14 yarımbəndlərində göstərilən hallar istisna olmaqla), habelə
bu Qaydaların 2.1 yarımbəndi ilə müəyyən edilmiş miqdar və dəyər
hədlərindən artıq gətirilən (aparılan) malların gömrük rəsmiləşdirilməsi
xarici iqtisadi fəaliyyətin tarif və qeyri-tarif tənzimlənməsinə
uyğun olaraq gömrük ödənişləri alınmaqla aparılır.
2.4. Azərbaycan Respublikasının
gömrük sərhədindən müşayiət olunmayan baqajla fiziki şəxslər tərəfindən
sadələşdirilmiş və güzəştli qaydada keçirilən mallardan gömrük
rəsmiləşdirilməsinə görə gömrük yığımları mövcud qanunvericiliyə
uyğun olaraq tutulur.
2.5. Bu Qaydaların 2.1. bəndi
ilə müəyyən edilmiş hallarda Azərbaycan Respublikasının gömrük
sərhədindən keçirilən mallardan gömrük rəsmiləşdirilməsinə görə
gömrük yığımları alınmır.
2.6. Fiziki şəxslər tərəfindən
xidməti və mülki silah, onların döyüş sursatları Azərbaycan
Respublikasının gömrük sərhədindən Azərbaycan Respublikası Daxili
İşlər Nazirliyinin xüsusi icazəsi təqdim edildikdə keçirilə
bilər.
2.7. Fiziki şəxslər tərəfindən
heyvanlar, baytarlıq təbabətində tətbiq olunan dərman, bioloji
preparatlar və baytarlıq ləvazimatları, bitkilər, heyvan və bitki
mənşəli xammal Azərbaycan Respublikasının gömrük sərhədindən baytarlıq
orqanları və bitkilərin karantini üzrə müvafiq dövlət orqanlarının
icazəsi olduqda keçirilə bilər.
2.8. Fiziki şəxslər tərəfindən
yalnız şəxsi istifadə üçün zəruri olan miqdarda dərman vasitələri
Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilə bilər.
2.9. Fiziki şəxslər tərəfindən
250 qrama qədər balıq kürüsü gömrük ərazisindən keçirilə
bilər.
2.10. Fiziki şəxslər Azərbaycan
Respublikasının gömrük sərhədindən fərdi istehlak üçün 3 litr
alkoqollu içki, 3 blok siqaret və avtomobilin bakında texniki
pasportu ilə nəzərdə tutulmuş miqdarda yanacaq keçirə bilərlər.
2.11. Bədii, tarixi, elmi və digər
mədəni əşyalar Azərbaycan Respublikasının gömrük ərazisinə gömrük
ödənişləri ödənilmədən məhdudiyyətsiz miqdarda gətirilə bilər.
2.12. Azərbaycan Respublikasının
qanunvericiliyi ilə müəyyən edilmiş və Azərbaycan Respublikasının
Mədəniyyət Nazirliyi tərəfindən mühafizə siyahısına daxil edilmiş
mədəniyyət sərvətləri xüsusi rejim əsasında verilmiş mühafizə
dərəcəsinə müvafiq surətdə Azərbaycan Respublikası Mədəniyyət
Nazirliyinin ixracın mümkünlüyü barədə verdiyi şəhadətnamə Azərbaycan
Respublikasının gömrük orqanlarına təqdim edildiyi və komissiyon
dəyərinin 100 faizi məbləğində gömrük rüsumu ödənildikdən sonra,
mühafizə dərəcəsi verilməmiş mədəniyyət sərvətləri isə sərbəst
surətdə Azərbaycan Respublikasının gömrük ərazisindən aparıla
bilər.
2.13. Fiziki şəxslər xarici
valyuta sərvətlərini və milli valyutanı (manatı) Azərbaycan Respublikasının
gömrük buraxılış məntəqələrindən müvafiq Qanuna və Azərbaycan
Respublikasının Milli Bankı tərəfindən müəyyən edilmiş qaydada
keçirə bilərlər
2.14. Fiziki şəxslər tərəfindən
istehsal və kommersiya məqsədləri üçün nəzərdə tutulmayan, xarici-iqtisadi
fəaliyyətin mal nomenklaturasının yalnız 8703 mal qrupuna aid
edilən avtonəqliyyat vasitələri aşağıdakı hallarda güzəştli və
ya sadələşdirilmiş qaydada Azərbaycan Respublikasının sərhədindən
keçirilə bilər:
2.14.1. iki təqvim ilindən yuxarı
xarici ölkələrdə yaşamış fiziki şəxslər (şəxsiyyəti təsdiq edən
sənəddə müvafiq qeydlər olduqda) daimi yaşayış məqsədilə, Azərbaycan
Respublikasına köçüb gəldikdə, habelə xarici dövlətlərdə
akkreditə olunmuş diplomatik nümayəndəliklərdə, konsulluq və
başqa rəsmi dövlət, hökumətlərarası beynəlxalq təşkilatlarda
1 ildən az olmamaq şərti ilə işləmiş Azərbaycan Respublikasının
vətəndaşları xidmət müddəti başa çatdıqdan sonra Azərbaycan
Respublikasına qayıtdıqda, istehsal-buraxılış tarixindən,
yürüş kilometrindən, gömrük dəyərindən və mənşə ölkəsindən asılı
olmayaraq ailə üçün bir avtonəqliyyat vasitəsini Azərbaycan
Respublikasının gömrük ərazisinə qanunvericiliklə müəyyən edilmiş
gömrük rüsumu ödəmədən gətirə bilərlər;
2.14.2. Azərbaycan Respublikasından
daimi yaşayış məqsədilə xarici ölkələrə köçüb gedən fiziki şəxslərə
onların sahibliyində olan avtonəqliyyat vasitəsini qanunvericiliklə
müəyyən edilmiş gömrük ödənişlərini ödəmədən Azərbaycan Respublikasının
gömrük ərazisindən aparmağa icazə verilir;
2.14.3. fiziki şəxslər tərəfindən
Azərbaycan Respublikasının gömrük ərazisinə ölkənin gömrük sərhədini
keçənədək istehsal-buraxılış tarixindən 1 ilədək keçmiş avtonəqliyyat
vasitələri gətirilərkən yürüş kilometrindən, gömrük dəyərindən
və mənşə ölkəsindən (bu Qaydaların 2.22 bəndində nəzərdə tutulan
hallar istisna olmaqla) asılı olmayaraq, mühərrikin həcminin
hər kub santimetrinə görə 0,4 ABŞ dollarına ekvivalent məbləğdə
gömrük rüsumları və qanunvericiliklə müəyyən edilmiş miqdarda
digər gömrük ödənişləri alınır;
2.14.4. fiziki şəxslər tərəfindən
Azərbaycan Respublikasının gömrük ərazisinə bu ölkənin gömrük
sərhədini keçənədək istehsal-buraxılış tarixindən 1 ildən çox
ötmüş avtonəqliyyat vasitələri gətirilərkən yürüş kilometrindən,
gömrük dəyərindən və mənşə ölkəsindən (bu Qaydaların 2.22 bəndində
nəzərdə tutulan hallar istisna olmaqla) asılı olmayaraq, mühərrikin
həcminin hər kub santimetrinə görə 0,7 ABŞ dollarına ekvivalent
məbləğdə gömrük rüsumları və qanunvericiliklə müəyyən edilmiş
miqdarda digər gömrük ödənişləri alınır.
2.15. Azərbaycan Respublikasının
gömrük sərhədindən fiziki şəxslər tərəfindən bu Qaydaların 2.2
və 2.14 bəndlərinə uyğun olaraq sadələşdirilmiş qaydada keçirilən
mallardan və mal qismində nəqliyyat vasitələrindən gömrük ödənişləri
gömrük mədaxil orderi tətbiq olunmaqla alınır.
2.16. Xarici dövlətlərdə daimi
qeydiyyatda olan bütün növ avtonəqliyyat vasitələrinin rezident,
xarici iqtisadi fəaliyyətin əmtəə nomenklaturasının 8703 mal qrupuna
aid edilən avtonəqliyyat vasitələri istisna olunmaqla digər avtonəqliyyat
vasitələrinin isə qeyri-rezident fiziki şəxslər tərəfindən Azərbaycan
Respublikasının gömrük ərazisinə müvəqqəti olaraq gətirilməsinə
sərbəst dövriyyə üçün buraxılış rejiminə uyğun həcmdə gömrük ödənişlərinə
ekvivalent məbləğdə pul vəsaiti sərhəd-buraxılış məntəqələrində
depozitə qoyulmaqla icazə verilir.
2.17. Xarici dövlətlərdə daimi
qeydiyyatda olan, xarici iqtisadi fəaliyyətin əmtəə nomenklaturasının
yalnız 8703 mal qrupuna aid edilən avtonəqliyyat vasitələrinin
qeyri-rezident fiziki şəxslərin bilavasitə özləri tərəfindən Azərbaycan
Respublikasının gömrük ərazisinə müvəqqəti olaraq gətirilməsinə
gömrük qaydalarına əməl edilməklə 30 günədək müddətə, bu müddətin
uzadılmasına görə isə sərbəst dövriyyə üçün buraxılış rejiminə
uyğun həcmdə gömrük ödənişlərinə ekvivalent məbləğdə pul vəsaiti
sərhəd-buraxılış məntəqələrində depozitə qoyulmaqla icazə verilir.
2.18. Xarici dövlətlərdə daimi
qeydiyyatda olmayan (və ya qeydiyyatdan çıxarılmış) avtonəqliyyat
vasitələrinin rezident və qeyri-rezident fiziki şəxslər tərəfindən
Azərbaycan Respublikasının gömrük ərazisinə müvəqqəti olaraq gətirilməsinə
icazə verilmir.
2.19. Əlillər üçün xüsusi olaraq
hazırlanmış avtonəqliyyat vasitələrinin Azərbaycan Respublikasının
gömrük ərazisinə daxil olmasına Azərbaycan Respublikası Əmək və
Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təsdiqedici sənədi olduğu
təqdirdə gömrük ödənişləri alınmadan icazə verilir.
2.20. Gömrük ödənişləri gömrük
rəsmiləşdirilməsi aparılan günə Azərbaycan Respublikasının Milli
Bankı tərəfindən müəyyən edilən məzənnəyə görə manatla alınır.
2.21. Fiziki şəxslər tərəfindən
bu Qaydalarla müəyyən edilmiş dəyər və miqdar məhdudiyyətlərindən
yuxarı sayda və məbləğdə Azərbaycan Respublikasının gömrük sərhədindən
keçirilən mallar və mal qismində nəqliyyat vasitələri xarici-iqtisadi
fəaliyyətin tarif və qeyri-tarif tənzimlənməsinə uyğun olaraq
ümumi qaydalarla gömrük rəsmiləşdirilməsindən keçirilir.
2.22. Azərbaycan Respublikasının
xarici dövlətlərlə azad ticarət haqqında sazişlərində malların
idxalına gömrük idxal rüsumunun qarşılıqlı surətdə tətbiq edilməməsi
nəzərdə tutulduqda bu Qaydaların 2.2 və 2.3 bəndlərində, habelə
2.14.3 və 2.14.4 yarımbəndlərində nəzərdə tutulan hallarda mənşə
ölkəsi həmin ölkələr olan mallara və mal qismində nəqliyyat vasitələrinə
gömrük idxal rüsumları tətbiq edilmir.
2.23. Diplomatik xidmət əməkdaşlarının,
diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata
keçirən şəxslərin xaricdə işlədikləri dövrdə əldə etdikləri vəsaitin
və əmlakın (təqdim edilmiş sənədlər əsasında) Azərbaycan Respublikasına
gətirilməsinə görə gömrük ödənişləri tutulmur.
3. Fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının
gömrük sərhədindən keçirilməsi qadağan olunan mallar
3.1. Azərbaycan Respublikasına
fiziki şəxslər tərəfindən gətirilməsi və beynəlxalq poçt göndərişləri
vasitəsilə alınması qadağan olunmuş mallar:
3.1.1. Azərbaycan Respublikasının
qanunvericiliyi ilə dövriyyəsi qadağan olunmuş xidməti və mülki
silahlar, hərbi təyinatlı bütün əşyalar, partlayıcı maddələr,
hərbi texnika;
3.1.2. radioaktiv maddələr;
3.1.3. narkotik və psixotrop
maddələr, onlardan istifadə üçün ləvazimat;
3.1.4. əxlaq pozğunluğunu, zorakılığı,
terrorizmi təbliğ və reklam edən materiallar;
3.1.5. narkotik, psixotrop,
zəhərləyici, partlayıcı maddələrin hazırlanması texnologiyasına
aid materiallar.
3.2. Azərbaycan Respublikasından
fiziki şəxslər tərəfindən aparılması və beynəlxalq poçt vasitəsilə
göndərilməsi qadağan olunmuş mallar:
3.2.1. aparılmasına və ya göndərilməsinə,
gətirilməsinə və ya alınmasına Azərbaycan Respublikasının Ekologiya
və Təbii Sərvətlər Nazirliyinin icazəsi olmayan zooloji kolleksiyalar,
onların hissələri və ya ayrı-ayrı obyektləri, o cümlədən heyvanlar
aləmi obyektləri;
3.2.2. qiymətli ağac cinsləri
(qoz, şabalıd, cökə, palıd, fıstıq, dəmir ağacı);
3.2.3. Azərbaycan Respublikasının
qanunvericiliyi ilə dövriyyəsi qadağan olunmuş xidməti və mülki
silahlar, hərbi təyinatlı bütün əşyalar, partlayıcı maddələr,
hərbi texnika;
3.2.4. radioaktiv maddələr;
3.2.5. narkotik və psixotrop
maddələr, onlardan istifadə üçün ləvazimat;
3.2.6. əxlaq pozğunluğunu, zorakılığı,
terrorizmi təbliğ və reklam edən materiallar;
3.2.7. narkotik, psixotrop,
zəhərləyici, partlayıcı maddələrin hazırlanması texnologiyasına
aid materiallar;
3.2.8. xüsusi məxfi rabitə vasitələri,
onların şifrləri və istismarı haqqında ədəbiyyat;
3.2.9. Azərbaycan Respublikası
Müdafiə Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Dövlət
Sərhəd Xidməti və Daxili İşlər Nazirliyinin operativ istintaq
fəaliyyəti üzrə informasiya sistemləri, sənədləri və arxivləri;
3.2.10. dövlət əhəmiyyətli sənədlər,
ixtiralar, layihələr;
3.2.11. xammal şəklində olan
qiymətli metallar və qiymətli daşlar;
3.2.12. Azərbaycan Respublikasının
Qırmızı Kitabına düşmüş nadir bitkilər, maral və cüyür buynuzları;
3.2.13. müvəqqəti sərgi, qastrol
səfərləri, bərpa işləri, prezentasiya, beynəlxalq mədəniyyət
tədbirlərinin keçirilməsi halları istisna olmaqla Azərbaycan
Respublikasının milli mədəniyyət əmlakı Dövlət Siyahısına daxil
olan milli mədəniyyət əmlakı olan obyektlər.
3.3. Silah və onun döyüş sursatlarının
fiziki şəxslər tərəfindən göndərilməsinə yol verilmir.
3.4. Odlu silah və onun döyüş
sursatının poçt vasitəsi ilə göndərilməsi qadağandır.
© AzerSoft