Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi
             Az | Ru | En |
          
 
 
   

Azərbaycan Respublikası Nazirlər Kabineti

Azərbaycan Respublikası ərazisindən kənara valyuta aparmalarının tənzimlənməsi haqqında

Qərar № 359

12 oktyabr 1994-cü il, Bakı şəhəri

Azərbaycan Respublikası ərazisindən kənara valyuta aparmalarının tənzimlənməsi məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabineti qərara alır:

1. Müəyyən edilsin ki, respublikadan xaricə gedən hər bir fiziki şəxs tərəfindən:

  • 1000 ABŞ dolları məbləğində (Milli Bankın müəyyən etdiyi məzənnə ilə bu məbləğə ekvivalent olan digər xarici valyutadan) valyuta vəsaiti sərbəst çıxarıla bilər;
  • 1000 ABŞ dollarından əlavə 4000 ABŞ dollarına qədər aparılan valyuta vəsaiti müvafiq müvəkkil bankların təsdiqedici sənədləri əsasında çıxarıla bilər;
  • 1000 ABŞ dollarından əlavə 4000 ABŞ dollarına qədər aparılan valyuta vəsaiti müvafiq müvəkkil bankların təsdiqedici sənədləri olmadığı təqdirdə bu məbləğin 2% həcmində gömrük haqqı ödənilmək şərti ilə çıxarıla bilər.

Gömrük haqqı müvəkkil bankların kassalarına ödənilir və tam həcmdə respublika Vahid Valyuta Fonduna köçürülür.

Ödənc haqqında təsdiqedici sənəd gömrük orqanlarına təqdim olunmalıdır.

2. Yuxarıda göstərilən qaydalara müvafiq olaraq, Azərbaycan Respublikası ərazisindən kənara çıxarılan valyuta vəsaitinin ümumi məbləği 5 min ABŞ dollarından (Milli Bankın müəyyən etdiyi məzənnə ilə bu məbləğə ekvivalent olan digər xarici valyutada) artıq olmamalıdır.

3. Azərbaycan Respublikasına xarici ölkələrin valyutalarının gətirilməsinə heç bir məhdudiyyət qoyulmur.

Azərbaycan Respublikasına əvvəlcədən gətirilmiş və Dövlət Gömrük Komitəsi orqanları tərəfindən bəyannamədə qeyd olunmuş valyuta vəsaiti 6 ay ərzində gömrük haqqı ödənilmədən Azərbaycan Respublikası ərazisindən çıxarıla bilər.

4. Müvəqqəti olaraq xaricə gedən Azərbaycan Respublikasının hər bir vətəndaşı, gömrük orqanlarında bəyannamədə qeyd olunmaqla respublikaya qaytarılmaq şərtilə Azərbaycan Respublikasında minimum əmək haqqının 5 mislinə (16 yaşına qədər ailə üzvləri üçün 2 mislinə) bərabər məbləğdə respublikadan milli valyuta (manat) çıxara bilərlər.

Göstərilən məbləğdən artıq milli valyutanın (manatın) respublikadan çıxarılmasına yol verilmir.

5. Xarici ölkələrə xidməti e`zamiyyətə və müalicəyə gedən şəxslərin, həmin şəxsləri e`zamiyyətə göndərən təşkilatların və müvəkkil bankların təsdiqedici sənədlərində və xarici firmalarla bağlanmış müqavilələrdə müvafiq e`zamiyyə və müalicə xərclərinin ödənilməsi üçün göstərilən məbləğlərdə apardıqları xarici valyuta vəsaitindən gömrük haqqı tutulmur.

6. Azərbaycan Respublikasının Milli Bankına tövsiyə edilsin ki, Maliyyə Nazirliyi, Dövlət Gömrük Komitəsi və Beynəlxalq Bankla birlikdə bu sərəncamın icrası ilə əlaqədar müvafiq tədbirləri həyata keçirsin.

Baş nazirin vəzifəsini icra edən

F. QULİYEV

28 aprel 1998-ci il tarixli 95 saylı qərara əsasən qüvvədən düşmüşdür («AzerSoft»).

© AzerSoft

Rəsmi məlumatlar Arxiv    
27.12.2008
Bakıda Mərkəzi gömrük hospitalı istifadəyə verilmişdir
Dekabrın 25-də Bakıda Mərkəzi gömrük hospitalı istifadəyə verilmişdir. Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak etmişdir.

Daha ətraflı
    © 2006 — 2008, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi   Dizayn MEQA şirkəti tərəfindən hazırlanıb