Bundan sonra Tərəflər adlanan
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi və Özbəkistan Respublikası
Dövlət Gömrük Komitəsi,
Ticarət danışıqları aparılması
üçün xarici ticarət üzrə Tərəflərin dəqiq və müqayisə edilə bilən
məlumatlarının vacibliyini etiraf edərək,
Qarşılıqlı ticarət üzrə məlumatlar
mübadiləsinin xarici iqtisadi fəaliyyət sahəsində hüquq pozuntularının
aşkar edilmə metodlarından biri hesab edərək,
İki ölkənin qarşılıqlı ticarət
haqqıda informasiya sahəsində əməkdaşlığın möhkəmləndirilməsinə
çalışaraq,
Azərbaycan Respublikası Hökuməti
ilə Özbəkistan Respublikası Hökuməti arasında gömrük işlərində
əməkdaşlıq və qarşılıqlı yardım haqqında 27 may 1996-cı il tarixli
Sazişi rəhbər tutaraq,
Aşağıdakılar barədə razılığa gəldilər:
1. Müntəzəm olaraq xarici ticarətin
statistikasının formalaşdırılması və statistik informasiyanın
təhlili sahəsində qarşılıqlı məsləhətləşmələr aparmaq və metodoloji
işləmələri mübadilə etmək.
2. Hər rüb Müstəqil Dövlətlər
Birliyi Xarici İqtisadi Fəaliyyətin Mal Nomenklaturasının 4 rəqəmli
səviyyəsində ölkə-mal kəsiyində formalaşdırılmış dəyər və natural
ifadələrdə qarşılıqlı ticarət üzrə məlumatları mübadilə etmək.
3. Yazılı müraciətə əsasən məlumatlarındakı
uyğunsuzluqlar yol verilən həddən artıq olan qarşılıqlı razılaşdırılmış
mal mövqeləri üzrə informasiyanı, ayrı-ayrı hallarda isə, bu uyğunsuzluqların
səbəblərinin əlavə araşdırılması üçün hər iki Tərəfin dövlətinin
xarici iqtisadi fəaliyyət iştirakçılarının ticarət əməliyyatları
barədə informasiyanı bir-birinə vermək.
4. Tərəflər mövcud uyğunsuzluqların
mümkün səbəblərini şərh etməklə iki ölkənin qarşılıqlı ticarəti
haqqında məlumatların tutuşdurulmasının nəticələrinə dair bir-birini
müntəzəm surətdə məlumatlandırmağı öhdələrinə götürürlər.
5. Xidməti yazışma rus dilində
aparılır.
6. Bu Protokolun şərhi və tətbiqi
ilə bağlı yarana bilən bütün məsələlər danışıqlar yolu ilə həll
ediləcəkdir.
7. Tərəflərin qarşılıqlı razılaşmasına
əsasən bu Protokola onun ayrılmaz hissəsi olan ayrıca protokollarla
rəsmiləşdirilən dəyişiklər və əlavələr daxil edilə bilər.
8. Bu Protokol beş il müddətinə
bağlanır və Tərəflərin bir-birini zəruri dövlətdaxili prosedurların
yerinə yetirilməsi barədə diplomatik kanallarla son yazılı xəbərdarlıq
günündən etibarən qüvvəyə minir. Protokolun qüvvəsi növbəti beşillik
müddətə avtomatik olaraq uzadılacaq və Tərəflərdən biri digər
Tərəfə özünün onun qüvvəsinə xitam verilməsi niyyəti barədə yazılı
bildiriş göndərdiyi tarixdən altı ay keçənədək öz qüvvəsini saxlayacaqdır.
Bakı şəhərində 25 iyul 2000-ci
il tarixdə iki orijinal nüsxədə Azərbaycan, özbək və rus dillərində
bağlanmışdır, özü də bütün mətnlər eyni qüvvəyə malikdir.
Bu Protokolun müddəalarının şərhində
fikir ayrılığı yarandıqda rus dilində mətn tətbiq ediləcəkdir.