7. Nazirlik bu Əsasnamə ilə müəyyən
edilmiş vəzifələrə uyğun olaraq aşağıdakı funksiyaları həyata
keçirir:
7.1. Azərbaycan Respublikasının
Yanacaq — Enerji Balansını tərtib edir və aidiyyatı orqanlarla
birlikdə onun yerinə yetirilməsi üçün tədbirlər görür;
7.2. Yanacaq-energetika kompleksinin
inkişafının əsas istiqamətlərini, ayrı-ayrı enerjidaşıyıcılarının
istehsalının və istehlakının proqnoz göstəricilərini hazırlayır,
onları aidiyyatı orqanlara təqdim edir və bu sahədə həyata keçirilən
tədbirlərdə iştirak edir;
7.3. Azərbaycan Respublikasının
enerji təhlükəsizliyinin təmin edilməsi tədbirlərinin hazırlanmasında
və bu sahədə işlərin təşkilində iştirak edir;
7.4. Dövlət büdcəsi vəsaiti
hesabına maliyyələşən müəssisələr üzrə enerji daşıyıcılarının
istehlak limitlərinin müəyyən olunmasında iştirak edir;
7.5. Yanacaq-energetika kompleksinin
ayrı-ayrı sahələrinin inkişafı üçün tələb olunan əsaslı vəsait
qoyuluşu proqramlarının hazırlanmasında iştirak edir;
7.6. Yanacaq ve energetika kompleksinin
strukturunun təkmilləşdirilməsinə dair müvafiq icra hakimiyyəti
orqanları ilə birlikdə tədbirlər hazırlayır və qanunvericiliyə
uyğun olaraq həyata keçirir;
7.7. Yanacaq-energetika kompleksi
müəssisələrinin fəaliyyətinin iqtisadi tənzimləmə mexanizminin
təkmilləşdirilməsinə dair təkliflər verir;
7.8. Yanacaq-energetika sahəsində
fəaliyyət göstərən dövlət müəssisələrinin fəaliyyətinin qanunvericiliyə
uyğun olaraq tənzimlənməsini həyata keçirir;
7.9. Öz səlahiyyətləri çərçivəsində
yanacaq-energetika kompleksinə daxil olan müəssisələrin müəssisələrarası
fəaliyyətini əlaqələndirir;
7.10. Yanacaq-energetika kompleksi
müəssisələrinin iqtisadi və maliyyə vəziyyətini təhlil edir
və onların fəaliyyətinin səmərəliliyinin yüksəldilməsi barədə
təklif və məsləhətlər verir;
7.11. Yanacaq-energetika kompleksinə
daxil olan və nizamnamə kapitalında dövlətin payı olan müəssisələrdə
dövlətin maraqlarını təmsil edir və öz səlahiyyətləri daxilində
onların fəaliyyətinə nəzarət edir;
7.12. Öz səlahiyyətləri daxilində
müvafiq dövlət orqanları ilə birlikdə yanacaq-energetika kompleksinin
təbii inhisar subyektlərinin fəaliyyətinin dövlət tənzimlənməsində
iştirak edir;
7.13. Yanacaq-energetika kompleksi
sahələrində iqtisadi münasibətləri tənzimləyən normativ hüquqi
aktlara dair təkliflər hazırlayır, onların razılaşdırılmasında
iştirak edir;
7.14. Nazirliyin səlahiyyətlərinə
aid olan məsələlər üzrə normativ hüquqi aktları və sahə standartlarını
hazırlayıb təsdiq edir, onların icrasına nəzarət edir;
7.15. Yanacaq-energetika kompleksinə
daxil olan dövlət müəssisələrinin özəlləşdirilməsinə dair komissiyaların
işində iştirak edir, zəruri hallarda müəssisələrin özəlləşdirilməsinə
dair məhdudiyyətlər barədə təkliflər verir;
7.16. Yanacaq-energetika kompleksi
üçün kadrların hazırlanması və onların ixtisaslarının artırılması
üzrə müvafiq tədbirlər görür;
7.17. Müvafiq icra hakimiyyəti
orqanları ilə birlikdə enerjiyə qənaət və ekoloji təhlükəsizliyin
təmin edilməsi sahəsində tədbirlər hazırlayır, enerjidən istifadənin
səmərəliliyinin artırılması üzrə işlərin əlaqələndirilməsini
həyata keçirir;
7.18. Yanacaq-energetika kompleksinə
daxil olan hidrotexniki qurğuların təhlükəsizliyinə dair dövlət
nəzarətini həyata keçirir;
7.19. Yanacaq-energetika kompleksinin
idarə olunması prosesində müasir telekommunikasiya və informasiya
vasitələrindən geniş istifadə edilməsini təmin edir;
7.20. Yanacaq-energetika kompleksində
texnoloji, texniki-iqtisadi, maliyyə, sosial, ekoloji və digər
məlumatların kompüter bazasının mərkəzi sistemini yaradır və
onun işləməsinə nəzarət edir;
7.21. Yanacaq-energetika kompleksində
elmi-texniki siyasətin prioritet istiqamətlərini müəyyən edir
və həyata keçirilməsinə nəzarət edir;
7.22. Yanacaq-energetika kompleksində
fəaliyyət növlərinə lisenziya verilməsini səlahiyyətləri daxilində
həyata keçirir, lisenziyaların şərtlərinə əməl olunmasına nəzarət
edir, onların ləğv edilməsi, dayandırılması və ya məhdudlaşdırılması
barədə qanunvericiliyə uyğun olaraq qərarlar qəbul edir;
7.23. Mülkiyyət formasından
asılı olmayaraq, karbohidrogen yataqlarının işlənməsi üzrə texniki
və texnoloji layihə sənədlərini razılaşdırır və layihələrin
xüsusi icazələrə uyğun olaraq həyata keçirilməsinə nəzarət
edir;
7.24. Karbohidrogen ehtiyatlarının
müəyyən edilməsi üçün keçirilən dövlət ekspertizasında iştirak
edir;
7.25. Yanacaq-energetika kompleksi
obyektlərinin inşası, yenidən qurulması və texniki baxımdan
müasirləşdirilməsinin texniki-iqtisadi göstəriciləri və layihə-smeta
sənədlərinin ekspertizasının keçirilməsini təmin edir;
7.26. Yerin təkinin geoloji
öyrənilməsi, neft və qaz sənayesinin mineral-xammal bazasının
bərpası və istifadəsi sahəsində dövlət proqramlarının hazırlanmasını
təşkil edir və onları müvafiq dövlət orqanları ilə razılaşdırır.
7.27. Səlahiyyətləri çərçivəsində
yanacaq-energetika kompleksində əməyin mühafizəsi haqqında qaydalar
və əmək şəraitinin yaxşılaşdırılması üzrə məqsədli proqramlar
hazırlayır, onlara əməl olunmasına nəzarət edir;
7.28. Yanacaq-energetika kompleksi
obyektlərində fövqəladə vəziyyətlərin qarşısının alınması və
nəticələrinin aradan qaldırılması sahəsində tədbirlərin həyata
keçirilməsində iştirak edir;
7.29. Yanacaq-energetika kompleksi
müəssisələrinin qəzasız istismarının təmin edilməsinə yönəldilmiş
tədbirlərdə və yanğına qarşı profilaktika işlərinin təşkil edilməsində
iştirak edir;
7.30. Yanacaq-energetika kompleksinin
təhlükəli istehsal obyektlərində istehsal nəzarətinin aparılmasına
və ətraf mühitə mənfi təsir göstərən tullantıların azaldılmasına
yönəldilmiş tədbirlərin həyata keçirilməsində iştirak edir;
7.31. Dövlət sirrinin, məxfi
məlumatın qorunmasını təmin edir, xüsusi rabitə əlaqəsini həyata
keçirir, səfərbərlik hazırlığını təşkil edir, yanacaq-energetika
kompleksi obyektlərinin mülki müdafiəsi sahəsində müəyyən olunmuş
səlahiyyətləri icra edir, metodik göstərişlər verir;
7.32. Azərbaycan Respublikasının
xarici iqtisadi siyasətinin yanacaq-energetika kompleksinə aid
olan məsələləri üzrə inkişaf konsepsiyasının formalaşdırılmasında
iştirak edir;
7.33. Yanacaq-energetika kompleksi
sahələrində əməkdaşlığa dair dövlətlərarası sazişlərin hazırlanmasında
iştirak edir, səlahiyyətləri daxilində onlardan irəli gələn
müvafiq öhdəliklərin yerinə yetirilməsini təşkil edir və əlaqələndirir;
7.34. Yanacaq-energetika kompleksinə
aidiyyatı olan məsələlər üzrə beynəlxalq iqtisadi və enerji
təşkilatlarının işində, yanacaq-energetika kompleksinə kreditlərin
cəlb edilməsi sahəsində beynəlxalq və milli maliyyə və kredit
təşkilatları ilə qarşılıqlı əlaqələrdə iştirak edir;
7.35. Yanacaq-enerji kompleksinə
sərmayə qoyuluşu cəlb edilməsi üçün əlverişli mühit yaradılması
məqsədilə müvafiq tədbirlər işləyib hazırlayır və həyata keçirir;
7.36. Yanacaq-enerji kompleksinə
daxil olan müəssisələr tərəfindən dövlət zəmanəti ilə alınmış
kreditlərin vaxtında qaytarılmasını təmin etmək məqsədilə digər
mərkəzi icra hakimiyyəti orqanları ilə birlikdə müvafiq tədbirlər
həyata keçirir;
7.37. Azərbaycan Respublikası
Prezidentinin tapşırıqlarına uyğun olaraq karbohidrogen ehtiyatlarının
hasilatın pay bölgüsü və ya digər şərtlərə uyğun olaraq işlənməsi
barədə sazişlərin layihələrini hazırlayır, bu sazişlər üzrə
danışıqlar aparır, onları müəyyən olunmuş qaydada imzalayır,
bağlanmış sazişlərin həyata keçirilməsinə nəzarət edir;
7.38. Azərbaycan Respublikası
Prezidentinin tapşırıqlarına uyğun olaraq indiyədək imzalanmış
və qanunvericiliklə müəyyən edilmiş qaydada ratifikasiya olunmuş
hasilatın pay bölgüsünə dair kontraktlarda dövlətin səlahiyyətlərinə
aid olan məsələlər üzrə funksiyaları həyata keçirir, o cümlədən
həmin kontraktlara əsasən yaradılan rəhbər orqanların (komitələrin
və bu kimi digər qurumların) tərkibində Azərbaycan tərəfini
təmsil edən şəxsləri təyin edir və ya dəyişir, müvafiq nəzarət
funksiyalarını həyata keçirir;
7.39. Yanacaq-energetika kompleksinin
məhsul və xidmətlərinin xarici bazara çıxarılmasına şərait yaradılmasına
kömək göstərir;
7.40. Müvafiq icra hakimiyyəti
orqanları ilə birlikdə enerji daşıyıcıları istehsalçılarının
müəyyən olunmuş qaydada nəqliyyat-kommunikasiya sistemlərinə
qoşulmasının tənzimlənməsində iştirak edir;
7.41. Azərbaycan Respublikasının
qanunvericiliyi ilə Nazirliyə həvalə olunmuş digər funksiyaları
yerinə yetirir.
8. Nazirlik öz vəzifələrini və
funksiyalarını həyata keçirmək üçün aşağıdakı hüquqlara malikdir:
8.1. Nazirliyin səlahiyyətlərinə
aid olan məsələlərin həll edilməsi üçün mərkəzi icra hakimiyyəti
orqanlarından və dövlət təşkilatlarından zəruri sənədlər, statistik
məlumatlar və digər materiallar tələb etmək və həmin orqan və
təşkilatlara zəruri sənədləri və materialları müəyyən olunmuş
qaydada vermək;
8.2. Zəruri hallarda müvafiq
orqanların rəhbərliyinin razılığı ilə işçi qrupların fəaliyyətində
iştirak etmək üçün dövlət icra hakimiyyəti orqanlarından və
təşkilatlarından mütəxəssisləri, həmçinin Nazirliyin səlahiyyətlərinə
aid məsələlərlə əlaqədar müstəqil ekspert, məsləhətçi və mütəxəssisləri
cəlb etmək;
8.3. Ekspert və digər şura və
komissiyalar, o cümlədən elmi-texniki və iqtisadi şuralar təşkil
etmək, onların əsasnamələrini təsdiq etmək (ekspert şuralarında
və komissiyalarında iştirak etmək üçün cəlb edilən dövlət qulluqçularının
fəaliyyəti onların vəzifə səlahiyyətləri daxilində olmalıdır);
8.4. Dövlət büdcəsindən maliyyələşdirilən
elmi-tədqiqat, təcrübə konstruktor, layihə və mühəndis — axtarış
işlərinin istiqamətlərini müəyyən etmək;
8.5. Yanacaq-energetika kompleksinin
inkişaf problemləri üzrə konqres, müşavirə, sərgi və digər tədbirlər
təşkil etmək;
8.6. Öz vəzifələrini yerinə
yetirmək məqsədilə qanunvericiliklə müəyyən edilmiş qaydada
müvafiq qurumlar yaratmaq, onları ləğv etmək və yenidən təşkil
etmək ;
8.7. Qanunvericiliklə müəyyən
edilmiş qaydada dövrü mətbuat orqanı təsis etmək, xüsusi bülletenlər
və digər məcmuələr buraxmaq;
8.8. Mütəxəssislərin hazırlanması,
onların ixtisasının artırılması üçün müvafiq tədbirlər görmək
və bu sahədə beynəlxalq əməkdaşlıq əlaqələri yaratmaq;
8.9. Müəyyən edilmiş qaydada
kütləvi informasiya vasitələri ilə əməkdaşlıq etmək;
8.10. Özünün səlahiyyətlərinə
aid olan məsələlər üzrə müstəqil qərarlar qəbul etmək, zəruri
hallarda öz qərarlarını aidiyyatı icra hakimiyyəti orqanları
ilə razılaşdırmaq;
8.11. Öz səlahiyyətləri daxilində
normativ-hüquqi aktlar qəbul etmək;
8.12. Yanacaq-energetika kompleksinə
daxil olan dövlət müəssisələrinin rəhbərlərinin təyinatı ilə
bağlı rəyini bildirmək;
8.13. Azərbaycan Respublikasının
qanunvericiliyində nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.
9. Nazirliyə Azərbaycan Respublikasının
Prezidenti tərəfindən vəzifəyə təyin olunan və vəzifədən azad
edilən nazir rəhbərlik edir.
10. Nazir nazirliyə həvalə edilmiş
vəzifələrin və funksiyaların həyata keçirilməsinə görə şəxsən
məsuliyyət daşıyır.
11. Nazirin Azərbaycan Respublikasının
Prezidenti tərəfindən vəzifəyə təyin olunan və vəzifədən azad
edilən bir müavini vardır.
12. Yanacaq və energetika naziri:
12.1. Nazirliyin işini təşkil
edir və ona rəhbərlik edir;
12.2. Əməyin ödənilməsi fondu
və işçilərin sayı üzrə Azərbaycan Respublikası Nazirlər Kabinetinin
müəyyən etdiyi hədd daxilində Nazirliyin mərkəzi aparatının
və tabeliyində olan büdcədən maliyyələşən təşkilatlarının strukturunu
və ştat cədvəlini təsdiq edir;
12.3. Nazirliyin mərkəzi aparatının
struktur bölmələrinin və onun tərəfindən yaradılan hüquqi şəxs
statusu qurumlarının əsasnamələrini (nizamnamələrini) təsdiq
edir;
12.4. Nazirliyin mərkəzi aparatının
işçilərini və onun tərəfindən yaradılan hüquqi şəxs statuslu
qurumların rəhbərlərini vəzifəyə təyin edir və vəzifədən azad
edir;
12.5. Öz səlahiyyətləri daxilində
yanacaq-energetika kompleksinə daxil olan dövlət müəssisələrinin
rəhbərlərinin təyinatı barədə rəy verir;
12.6. Nazirliyin mərkəzi aparatı
və öz səlahiyyətləri daxilində yanacaq-energetika kompleksi
müəssisələri üçün icrası məcburi olan əmrlər, sərəncamlar və
göstərişlər verir;
12.7. Öz səlahiyyətləri daxilində
normativ aktlar imzalayır (təsdiq edir) və onların icrasının
vəziyyətini yoxlayır;
12.8. Müəyyən olunmuş qaydada
öz səlahiyyətləri çərçivəsində xarici dövlətlərin, xarici və
beynəlxalq təşkilatların nümayəndələri ilə danışıqlar aparır,
Azərbaycan Respublikası Prezidentinin tapşırıqlarına uyğun olaraq
yanacaq-energetika məsələlərinə aid beynəlxalq müqavilələr imzalayır;
12.9. Azərbaycan Respublikası
qanunvericiliyinə müvafiq olaraq digər səlahiyyətləri həyata
keçirir.
13. Nazirlikdə nazirdən (kollegiyanın
sədri), nazir müavinindən, Nazirliyin mərkəzi aparatının struktur
bölmələrinin rəhbərlərindən, yanacaq-energetika kompleksində fəaliyyət
göstərən iri müəssisələrin və təşkilatların rəhbərlərindən, alimlərdən
və mütəxəssislərdən ibarət Kollegiya yaradılır.
14. Kollegiyanın sayı və şəxsi
tərkibi Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən
təsdiq olunur.
15. Kollegiyanın iclaslarında
yanacaq-energetika kompleksinin inkişafı məsələləri müzakirə edilir,
sahə üzrə mühüm dövlət proqramlarının icrası ilə bağlı dövlət
müəssisələrinin rəhbərlərinin hesabatları dinlənilir və müvafiq
qərarlar qəbul edilir.
16. Kollegiyanın iclasları üzvlərinin
yarısından çoxu iştirak etdikdə səlahiyyətli sayılır.
17. Kollegiyanın qərarları adi
səs çoxluğu ilə qəbul olunur. Kollegiyanın qərarları protokollarla
rəsmiləşdirilir və nazirin müvafiq əmrləri və ya sərəncamları
ilə həyata keçirilir.
18. Qərar qəbul olunmasında Kollegiyanın
sədri ilə üzvləri arasında fikir ayrılığı olduqda sədr öz qərarını
həyata keçirir və yaranan fikir ayrılığı barədə Azərbaycan Respublikasının
Nazirlər Kabinetinə məlumat verir.
19. Zəruri hallarda, baxılan məsələlərə
bilavasitə aidiyyatı olduqda digər mərkəzi dövlət icra hakimiyyəti
orqanları və yanacaq-energetika kompleksinin müəssisə rəhbərləri
Kollegiyanın iclaslarına dəvət oluna bilərlər.