Financial and Legal Consulting of The CIS Regional Cluster
             Az | Ru | En |
          
 
 
   
Azərbaycan Respublikasının Nazirlər Kabineti

«Gen mühəndisliyi əsasında alınmış bitki toxumlarının Azərbaycan Respublikasının ərazisinə gətirilməsinə yol verilə bilən müstəsna hallar və gətirilmə Qaydası»nın təsdiq edilməsi haqqında
Qərar ¹ 53


Bakı şəhəri, 18 fevral 2006-cı il

«Toxumçuluq haqqında» Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 22 noyabr tarixli, 320 nömrəli Fərmanının 1.4-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. «Gen mühəndisliyi əsasında alınmış bitki toxumlarının Azərbaycan Respublikasının ərazisinə gətirilməsinə yol verilə bilən müstəsna hallar və gətirilmə Qaydası» təsdiq edilsin (əlavə olunur).

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri
A. RASİ-ZADƏ

Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
2006-cı il 18 fevral tarixli
, 53 nömrəli qərarı ilə
təsdiq edilmişdir

Gen mühəndisliyi əsasında alınmış bitki toxumlarının Azərbaycan Respublikasının ərazisinə gətirilməsinə yol verilə bilən müstəsna hallar və gətirilmə
Qaydası

1. Bu Qayda «Toxumçuluq haqqında» Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 22 noyabr tarixli, 320 nömrəli Fərmanının icrası ilə əlaqədar hazırlanmışdır və gen mühəndisliyi əsasında alınmış bitki toxumlarının (genetik dəyişdirilmiş və ya genetik modifikasiya edilmiş orqanizmlərin) Azərbaycan Respublikasının ərazisinə gətirilməsinə yol verilə bilən müstəsna halları müəyyən edir və gətirilməsini tənzimləyir.

2. Genetik dəyişdirilmiş və ya genetik modifikasiya edilmiş orqanizmlərin (bundan sonra — GMO) Azərbaycan Respublikasının ərazisinə gətirilməsinə aşağıdakı müstəsna hallarda yol verilir:
    ikitərəfli, regional və çoxtərəfli razılaşma (hökumətlərarası sazişlər) və beynəlxalq müqavilələr olduqda;
    seleksiya məqsədi ilə;
    elmi tədqiqat və qapalı sistemdə sınaq məqsədi ilə;
    sərgilərdə nümayiş etdirmək məqsədi ilə.

3. GMO Azərbaycan Respublikasının ərazisinə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və Milli Elmlər Akademiyası (bundan sonra — idxalçı) tərəfindən gətirilə bilər.

4. GMO-nun Azərbaycan Respublikasının ərazisinə gətirilməsindən 3 ay əvvəl bu məhsulu ixrac edənlər (bundan sonra — ixracatçı) idxalçıya bildiriş göndərməlidirlər.

Bildirişdə aşağıdakılar göstərilməlidir:
    ixracatçının adı, ünvanı və əlaqə məlumatları;
    idxalçının adı, ünvanı və əlaqə məlumatları;
    GMO-nun qəbul olunmuş adı, onun xüsusiyyətlərini və identifikasiya göstəricilərini təsdiq edən bəyannamə;
    GMO-nun ixracının məqsədi;
    GMO-nun təhlükəsiz nəqli, saxlanması, emalı və istifadəsi qaydası, ləğvetmə proseduru və lazım gəldikdə, fövqəladə halların meydana çıxdığı vaxtlar da daxil edilməklə, təklif olunan təminetmə üsulları, biomüxtəlifliyə və insan sağlamlığı üçün müəyyən və
    ehtimal olunan risklərin qiymətləndirilməsi və monitorinq metodları;
    GMO-nun digər ölkələrin ərazilərində istifadəsinin statusu (qadağaların və ya hər hansı məhdudiyyətlərin qoyulması, istifadəyə
    icazə verilməsi);
    GMO ilə bağlı insan sağlamlığı və ətraf mühit üçün risklərin sonrakı qiymətləndirilməsinin ixracatçı tərəfindən və onun hesabına aparılması barədə öhdəliklər;
    GMO-nun gətirilmə tarixi;
    GMO-nun miqdarı və həcmi;
    digər zəruri məlumatlar.
5. Bu Qaydanın 2-ci bəndində göstərilən müstəsna hallarda ikitərəfli, regional və çoxtərəfli razılaşma (hökumətlərarası sazişlər) və beynəlxalq müqavilələr istisna olmaqla, Azərbaycan Respublikasının ərazisinə gətirilən GMO-nun miqdarı bir kiloqramdan artıq olmamalıdır.

6. İdxalçı bu Qaydanın 4-cü bəndində göstərilən bildirişi aldıqdan sonra 10 gün müddətində ixracatçıya bu barədə rəsmi sənəd göndərir. Rəsmi sənəddə aşağıdakılar göstərilməlidir:
    bildirişin alındığı tarix;
    qərar qəbul etmək üçün bildirişdə lazımi məlumatların olub-olmaması;
    yerli şəraitdən asılı olaraq digər məlumatların tələb edilməsi.

7. İdxalçı üç ay müddətində ixracatçı tərəfindən təqdim olunan sənədləri və məlumatları aidiyyəti orqanlarla birlikdə təhlil edərək, aşağıdakı əsaslandırılmış qərarlardan birini qəbul edir və Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə razılaşdırmaqla, bu barədə ixracatçını yazılı surətdə xəbərdar edir:
    GMO-nun idxalının müəyyən şərtlərlə və ya qeyri-şərtsiz həyata keçirilməsinə icazə verir;
    GMO-nun idxalına qadağa qoyur;
    GMO ilə bağlı risklərin təhlili və qiymətləndirilməsi üçün idxalla əlaqədar qərarın qəbul edilmə müddətinin uzadılmasını təklif edir.

8. İxracatçı idxalçı tərəfindən qəbul olunmuş qərarla razılaşmadığı halda ona yenidən baxılmasını aşağıdakı hallarda tələb edə bilər:
    qərarın qəbulunda GMO ilə bağlı risklərin qiymətləndirilməsində şərtlər dəyişdirildikdə;
    elmi nəticələrə əsaslanan yeni əsaslı məlumatlar əldə edildikdə;
    riskləri obyektiv qiymətləndirmək üçün yeni metodlar işlənib hazırlandıqda və texniki imkanlar yarandıqda;
    idxalçının qəbul etdiyi qərarın heç bir elmi əsası olmadığı sübut olunduqda.

9. İdxalçı ixracatçının yeni bildirişini qəbul edir, təqdim olunmuş sənədləri bir ay müddətindən gec olmamaq şərti ilə təhlil edir və qiymətləndirmə aparıldıqdan sonra müvafiq qərar qəbul edərək ixracatçını xəbərdar edir.

10. GMO-nun idxalının müəyyən şərtlərlə və ya qeyri-şərtsiz həyata keçirilməsinə icazə verildikdə, müvafiq qərarda ixracatçının aşağıdakı vəzifələri göstərilməlidir:
    GMO-nun beynəlxalq normalara uyğun qablaşdırılması və etiketləşdirilməsi;
    təhlükəsiz daşınması;
    GMO-nun identifikasiya metodlarını və təsərrüfat əhəmiyyətini göstərən məlumatlarla müşayiət olunması;
    sərgidə nümayiş etdirilmiş eksponatların özü ilə geri qaytarılması;
    qanunvericiliklə nəzərdə tutulan digər vəzifələri.

11. İdxalçı GMO-nun Azərbaycan Respublikasının ərazisinə gətirilməsi barədə qərar qəbul etdikdə, bu barədə Dövlət Gömrük Komitəsinə xəbərdarlıq göndərməlidir. Bu xəbərdarlığa aşağıdakı sənədlər və məlumatlar əlavə olunmalıdır:
    GMO-nun Azərbaycan Respublikasının ərazisinə gətirilməsi barədə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə razılaşdırılmış qərarının surəti;
    ixracatçının adı, ünvanı və əlaqə məlumatları;
    idxalçının adı, ünvanı və əlaqə məlumatları;
    GMO-nun qəbul olunmuş adı, onun xüsusiyyətlərini və identifikasiya göstəricilərini təsdiq edən bəyannamə;
    GMO-nun ixracının məqsədi;
    GMO-nun gətirilmə tarixi;
    GMO-nun miqdarı və həcmi;
    GMO-nun Azərbaycan Respublikasının ərazisində daxil olacağı gömrük məntəqəsi; digər zəruri məlumatlar.


12. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Səhiyyə Nazirliyi və Milli Elmlər Akademiyası bu Qaydanın 2-ci bəndində göstərilən müstəsna hallarda Azərbaycan Respublikasının ərazisinə gətirilən GMO-nun qeydiyyatı, məqsədli istifadəsi, yerləşdirilməsi, nümayiş etdirilməsi, utilizasiyası və bioloji müxtəlifliyin qorunması, insan sağlamlığı və ətraf mühitlə əlaqədar digər hallarda ortaya çıxan və ya ehtimal olunan mənfi təsirlərlə bağlı risklərin qiymətləndirilməsi, tənzimlənməsi və təhlükəsiz idarə olunması mexanizmini müəyyən edirlər.

© VneshExpertService
Rəsmi məlumatlar Arxiv    
06.10.2007
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 2-də Prezident sarayında Qara Dəniz və Xəzər Dənizi Sahibkarlar Konfederasiyaları Birliyinin və Türk Sənayeçiləri və İş Adamları Birliyinin prezidenti Arzuxan Doğanı, Mərmərə qrupu vəqfinin sədri Akkan Suveri və ATA Holdinqin baş direktoru Əhməd Erentoku qəbul etmişdir. Azərbaycan Prezidenti ölkəmizdə “Qara dəniz və Xəzər dənizi regionunda regional birbaşa xarici investisiyalar” mövzusunda beynəlxalq konfransın keçirilməsinin böyük əhəmiyyətə malik olduğunu qeyd etdi və konfrans iştirakçılarına təbrik məktubu ünvanladığını bildirdi.

Daha ətraflı
06.10.2007
Azərbaycan və Xorvatiya arasında ikitərəfli münasibətlərin böyük perspektivləri var. Xorvatiya Prezidenti Stepan Mesiçin Azərbaycana rəsmi səfəri
Oktyabrın 2-3 tarixlərində Xorvatiya Respublikasının Prezidenti Stepan Mesiç Azərbaycanda rəsmi səfərdə olmuşdur.
Xorvatiya Respublikasının Prezidenti Stepan Mesiç oktyabrın 2-də Fəxri xiyabana gəlmişdir.
Xorvatiya dövlətinin başçısı türk dünyasının görkəmli oğlu, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla anaraq, məzarı önünə əklil qoydu.
Xorvatiya Prezidenti görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üstünə də tər gül dəstəsi qoydu.

Daha ətraflı
06.10.2007
MDB dövlət başçılarının növbəti zirvə toplantısı keçirilir
Oktyabrın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev MDB üzvü olan ölkələrin dövlət başçılarının növbəti zirvə toplantısında iştirak etmək üçün Tacikistanın paytaxtı Düşənbəyə yola düşmüşdür.
Düşənbə hava limanında Prezident İlham Əliyevi Tacikistanın nəqliyyat və kommunikasiyalar naziri Əbdürəhim Aşur və MDB-nin İcraiyyə Komitəsinin sədri - icraçı katib Vladimir Ruşaylo və digər rəsmi şəxslər qarşılamışlar.

Daha ətraflı
    © 2006 — 2007, Financial and Legal Consulting of The CIS Supported by «Marco Computer Technologies» Dizayn MEQA şirkəti tərəfindən hazırlanıb