Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi
             Az | Ru | En |
          
 
 
   
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi ilə Qazaxıstan Respublikası Dövlət Gəlirləri Nazirliyi arasında əməkdaşlıq və gömrük sənədlərinin və gömrük təminatlarının qarşılıqlı tanınması haqqında

Saziş

Bundan sonra Tərəflər adlanan, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi və Qazaxıstan Respublikası Dövlət Gəlirləri Nazirliyi,

Tərəflərin dövlətlərinin gömrük xidmətləri arasında əməkdaşlığın gələcəkdə inkişafına və möhkəmlənməsinə çalışaraq,

Malların və nəqliyyat vasitələrinin keçirilməsi zamanı gömrük rəsmiləşdirilməsinin sadələşdirilməsi məqsədilə,

Azərbaycan Respublikası Hökuməti və Qazaxıstan Respublikası Hökuməti arasında gömrük işlərində əməkdaşlıq haqqında 1997-ci il 10 iyun tarixli Sazişin müddəalarını həyata keçirmək məqsədilə,

aşağıdakılar barədə razılığa gəldilər:

Maddə 1

Bu Sazişin müddəalarının həyata keçirilməsi üzrə səlahiyyətli orqanlar: Azərbaycan tərəfindən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi, Qazaxıstan tərəfindən Qazaxıstan Respublikası Dövlət Gəlirləri Nazirliyinin Gömrük Komitəsi.

Yuxarıda adı çəkilən səlahiyyətli orqanların adı və ya funksiyası dəyişdirildikdə, Tərəflər vaxtında diplomatik kanallarla məlumatlandırılacaqlar.

Maddə 2

Tərəflər hər bir Tərəf dövlətinin milli qanunvericiliyi çərçivəsində gömrük və valyuta qaydalarına əməl edilməsi üzrə nəzarətin təmin edilməsi məqsədilə gömrük məsələlərində hərtərəfli əməkdaşlıq edəcək və bir-birinə zəruri yardım göstərəcəklər.

Maddə 3

Bu Sazişdə nəzərdə tutulmuş məqsədlərə nail olmaq məqsədilə Tərəflər yük və sərnişin göndərişlərində, poçt mübadiləsində gömrük rəsmiləşdirilməsinin sürətləndirilməsinə, gömrük nəzarəti forma və metodlarının təkmilləşdirilməsinə, həmçinin nəqliyyat vasitələrinin, yüklərin və baqajin, poçt göndərişlərinin, valyuta və digər ödəniş vasitələri və valyuta dəyərlərinin (bundan sonra - malların) qanunsuz gətirilməsinin, aparılmasının və tranzitinin qarşısının alınmasına yönəldilən zəruri tədbirlər görəcəklər.

Maddə 4

Tərəflər sərhəddən keçən malların Tərəflərin dövlətlərinin gömrük və valyuta qaydalarına cavab verən, yük, sərnişin və poçt göndərişlərində qəbul edilən müvafiq sənədlərlə təchiz edilməsini təmin edəcəklər.

Maddə 5

Tərəflərdən birinin dövlətinin ərazisindən digər Tərəf dövlətin ərazisinə tranzitlə keçən, həmçinin, Tərəflərdən birinin dövlətinin ərazisində rəsmiləşdirilmiş və Tərəflərin dövlətlərinin ərazilərindən tranzitlə keçən mallar Tərəflərin dövlətlərinin milli qanunvericiliyi ilə gətirilməsi, aparılması və tranziti qadağan edildiyini güman etməyə əsas olduğu hal, yaxud da Tərəflərin dövlətlərinin milli qanunvericiliyinə uyğun olaraq keçirilən mallar barədə gömrük rüsumlarının və vergilərinin ödənilməsini təmin edən məbləğlərin daxil edilməsi barədə tələb tətbiq edildiyi hallar istisna olunmaqla, maneəsiz keçiriləcəkdir.

Maddə 6

Tərəflər qarşılıqlı surətdə gömrük sənədlərini nəqliyyat vasitələrində, yüklərdə və poçt göndərişlərində gömrük plomblarını, möhür və ştamplarının əksilərini, rəsmi işarələrini qəbul edəcəklər. Onlar, həmçinin ekspeditor və nəqliyyat təşkilatlarının plomb və möhürlərini, onların nəqliyyat vasitələri üzərindəki rəsmi işarələrini qarşılıqlı surətdə qəbul edəcəklər.

Maddə 7

Tərəflər bu Sazişin 6-cı maddəsində adı çəkilən gömrük sənədləri və gömrük təminatlarının nümunələrini, həmçinin Tərəflərin dövlətlərinin milli qanunvericiliyi ilə onların dövlətlərinin ərazisindən gətirilməsi, aparılması və ya tranziti məhdudlaşdırılan və ya qadağan edilən malların siyahılarını mübadilə edəcəklər.

Maddə 8

Tərəflər qarşılıqlı razılaşma əsasında gömrük sənədlərinin unifikasiyasına çalışacaqlar.

Maddə 9

Əgər Tərəflərdən birinin dövlətinin ərazisindən, digər Tərəfin dövlətinin ərazisinə gətirilən mallar gömrük, valyuta, sanitar, karantin və ya baytarlıq qaydaları və/və ya gətirilmə təlimatı əsasında, yaxud təhlükəsizlik mülahizələrinə görə buraxılmalı deyilsə, Tərəflərin gömrük orqanları öz dövlətlərinin ərazisində bu malların buraxılmasından imtinanın səbəbi barədə məlumat verirlər.

Maddə 10

Tərəflər razılaşırlar ki, Azərbaycan Respublikası və Qazaxıstan Respublikası vətəndaşları bu dövlətlərin ərazisindən üçüncü ölkəyə tranzitlə keçərkən gömrük nəzarəti, əl yükünün və baqajının buraxılması Tərəflərin gömrük qanunvericiliyinə əməl edilməklə həyata keçiriləcəkdir.

Bu məqsədlə:

  • Azərbaycan Respublikasının gömrük orqanları Qazaxıstan Respublikası vətəndaşlarının əl yükündə və baqajlarında olan malların buraxılması Qazaxıstan Respublikası gömrük orqanları tərəfindən təsdiq edilən gömrük bəyannaməsi əsasında həyata keçirilir.
  • Qazaxıstan Respublikasının gömrük orqanları Azərbaycan Respublikası vətəndaşlarının əl yükündə və baqajlarında olan malların buraxılması Azərbaycan Respublikası gömrük orqanları tərəfindən təsdiq edilən gömrük bəyannaməsi əsasında həyata keçirilir.

Maddə 11

Tərəflər bir-birinə gömrük işi məsələləri üzrə normativ hüquqi aktlar barədə məlumat verəcəklər.

Tərəflər vaxtlı-vaxtında bir-birini normativ hüquqi aktlarda, xidməti göstərişlərdə, gömrük sənədlərinin və təminatlarının formalarında dəyişikliklər və əlavələr barədə xəbərdar edəcəklər.

Tərəflər gömrük işi məsələləri üzrə təcrübə mübadiləsinə yardım göstərəcəklər.

Maddə 12

Gömrük sənədləri göndərən dövlətin milli qanunvericiliyi ilə nəzərdə tutulmuş dildə və/və ya rus dilində tərtib olunur.

Tərəflər arasında yazışma rus dilində həyata keçiriləcəkdir.

Maddə 13

Bu Sazişin həyata keçirilməsi, təfsiri və dəyişdirilməsi ilə bağlı bütün mübahisəli məsələlər Tərəflər arasında məsləhətləşmələr və danışıqlar yolu ilə həll ediləcəkdir.

Hər iki Tərəfin qarşılıqlı razılığına əsasən bu Sazişə və protokollar şəklində tərtib olunacaq onun ayrılmaz hissəsi olan dəyişikliklər və əlavələr edilə bilər.

Maddə 14

Bu Sazişin müddəaları Tərəflərin dövlətləri tərəfindən digər beynəlxalq müqavilələrə uyğun olaraq qəbul edilmiş öhdəliklərə toxunmur.

Maddə 15

Bu Saziş qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi və Qazaxıstan Respublikası Maliyyə Nazirliyi arasında gömrük sənədləri və gömrük təminatlarının qəbul edilməsi haqqında 1993-cü il 24 fevral tarixli Saziş öz qüvvəsini itirir.

Maddə 16

Bu Saziş beş il muddətinə bağlanır və Tərəflərin bir-birini zəruri dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə diplomatik kanallarla son yazılı bildirişin göndərildiyi tarixindən qüvvəyə minir. Sazişin qüvvəsi növbəti beşillik müddətə avtomatik olaraq uzadılacaq və Tərəflərdən biri digər Tərəfə onun qüvvəsinə xitam verilməsi niyyəti barədə yazılı bildiriş göndərdiyi tarixdən altı ay keçənədək qüvvədə qalacaqdır.

Bakı şəhərində 7 aprel 2000-ci il tarixdə iki əsl nüsxədə Azərbaycan, qazax və rus dillərində bağlanmışdır, mətnlər eyni qüvvəyə malikdir.

Bu Sazişin müddəalarının təfsiri zamanı fikir ayrılığı yaranarsa rus dilində olan mətndən istifadə ediləcəkdir.

Azərbaycan Respublikası
Dövlət Gömrük Komitəsi adından

Qazaxıstan Respublikası
Dövlət Gəlirləri Nazirliyi adından


Bu Saziş Azərbaycan Respublikasının 3 aprel 2001-ci il 120-IIQ Qanunu ilə təsdiq edilmişdir («AzerSoft»).


© AzerSoft

Rəsmi məlumatlar Arxiv    
27.12.2008
Bakıda Mərkəzi gömrük hospitalı istifadəyə verilmişdir
Dekabrın 25-də Bakıda Mərkəzi gömrük hospitalı istifadəyə verilmişdir. Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak etmişdir.

Daha ətraflı
    © 2006 — 2008, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi   Dizayn MEQA şirkəti tərəfindən hazırlanıb