Financial and Legal Consulting of The CIS Regional Cluster
             Az | Ru | En |
          
 
 
   
Azərbaycan Respublikası Hökuməti və Estoniya Respublikası Hökuməti arasında gömrük işi sahəsində qarşılıqlı əməkdaşlıq haqqında

Saziş

Bundan sonra Razılığa Gələn Tərəflər adlandırılacaq, Azərbaycan Respublikası Hökuməti və Estoniya Respublikası Hökuməti,

Gömrük qanunvericiliyinin pozulmasının hər iki ölkənin iqtisadi, ticarət, maliyyə, ictimai və mədəni maraqlarına ziyan vurduğunu nəzərə alaraq;

Malların ixracı və ya idxalı zamanı gömrük rüsumları, vergiləri və başqa yığımların dəqiq tutulması və toplanmasının təmin edilməsinin vacibliyini və qadağanların, məhdudiyyətlərin, nəzarətin müvafiq şəkildə həyata keçirilməsinin zəruriliyini nəzərə alaraq;

Gömrük qanunvericiliyinin həyata keçirilməsinə dair beynəlxalq əməkdaşlığın zəruriliyini dərk edərək;

Narkotik vasitələrin və psixotrop maddələrin qeyri-qanuni dövriyyəsinin artan miqyasları və istiqamətləri ilə dərindən maraqlanaraq və bunun əhalinin və cəmiyyətin sağlamlığı üçün təhlükəli olmasını nəzərə alaraq;

Gömrük qanunvericiliyinin pozulmasının və narkotik vasitələrin və psixotrop maddələrin qeyri-qanuni dövriyyəsinin qarşısının alınması səylərinin gömrük idarələri arasında sıx əməkdaşlıq yolu ilə daha səmərəli olacağını qəbul edərək;

İkitərəfli qarşılıqlı əməkdaşlığa münasib şərait yaradan beynəlxalq sənədləri, o cümlədən Ümumdünya Gömrük Təşkilatının tövsiyələrini nəzərə alaraq;

aşağıdakılar barədə razılığa gəldilər:

Təriflər

Maddə 1

Mövcud Sazişin məqsədləri üçün:

1. «Gömrük idarəsi» — Azərbaycan Respublikasında Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi və Estoniya Respublikasında Estoniya Milli Gömrük İdarəsi;

2. «Gömrük qanunvericiliyi» — malların idxalı, ixracı, tranzitinə və ödəniş vasitələrinə və ya gömrük rüsumlarının, vergilərin və digər ödənişlərin və ya qadağan, məhdudiyyət və nəzarət tədbirlərinin həyata keçirilməsi üsullarına dair qanun və qaydalarla müəyyən edilmiş və Razılığa Gələn Tərəflərin ərazisində qüvvədə olan tədbirlər;

3. «Sorğu göndərən Tərəf» — Gömrük məsələləri ilə bağlı kömək üçün sorğu göndərən gömrük idarəsi;

4. «Sorğu alan Tərəf» — Gömrük məsələləri ilə bağlı kömək üçün sorğu alan gömrük idarəsi;

5. «Qanunvericiliyin pozulması» — Gömrük qanunvericiliyinin hər hansı şəkildə pozulması və eləcə də bu qanunvericiliyin pozulmasına yönəldilmiş hər hansı bir cəhd;

6. «Narkotik vasitələr» — müvafiq düzəlişlər edilmiş 1961-ci il Narkotik vasitələr haqqında Vahid Konvensiyanın I və II siyahılarına daxil edilmiş təbii və ya sintetik maddələr;

7. «Psixotrop maddələr» — müvafiq düzəlişlər edilmiş 1971-ci il Psixotrop maddələr haqqında Konvensiyanın I, II, III və IV siyahılarına daxil edilmiş təbii və ya sintetik maddələr yaxud təbii materiallar;

8. «Prekursorlar» — BMT-nin 1988-ci il narkotik vasitələrin və psixotrop maddələrin qeyri-qanuni dövriyyəsinə qarşı Konvensiyasının I və II siyahılarına daxil edilmiş narkotik vasitələrin və psixotrop maddələrin istehsalı zamanı nəzarət altında istifadə olunan kimyəvi maddələr;

9. «Nəzarət altında daşımalar» — Bir və ya bir neçə ölkənin ərazisində bu ölkələrin səlahiyyətli orqanlarının razılığı ilə və ya onların nəzarəti altında və qanunvericiliyi pozan şəxslərin müəyyən edilməsi məqsədilə qeyri-qanuni göndərilmiş və ya göndərilməsi şübhə doğuran narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların və ya onları əvəz edən maddələrin ixracı, ölkə ərazisindən keçirilməsi və idxalı üçün nəzərdə tutulan metodlar.

Sazişin tətbiq edilmə dairəsi

Maddə 2

1. Razılığa Gələn Tərəflər bu Sazişdə əks olunmuş müddəalara uyğun olaraq bir-birlərinə qarşılıqlı yardım göstərməlidirlər:

a) Gömrük qanunvericiliyinə düzgün əməl edilməsinin təmin edilməsi məqsədilə;

b) Gömrük qanunvericiliyinin pozulmasının qarşısının alınması, təhqiq edilməsi və ona qarşı mübarizə aparılması məqsədilə;

v) Gömrük qanunvericiliyinin tətbiqinə dair sənədlərin mübadiləsində;

q) Narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qeyri-qanuni dövriyyəsinin qarşısının alınması və təhqiq edilməsi;

2. Bu Saziş çərçivəsində yardım, sorğu alan Tərəfin qanunlarına müvafiq olaraq və öz səlahiyyətləri və imkanları daxilində həyata keçirilməlidir.

Məlumat mübadiləsi

Maddə 3

1. Gömrük idarələri bir-birini istər sorğu ilə, istərsə də öz xüsusi təşəbbüsləri ilə aşağıdakı məsələlərin dəqiqliyinin təmin edilməsinə kömək edə biləcək bütün məlumatlarla təmin etməlidirlər:

a) Gömrük idarələri tərəfindən qüvvədə olan gömrük tarifləri əsasında tətbiq edilmiş gömrük rüsumlarının və digər vergilərin, ödənişlərin alınması haqqında, xüsusilə gömrük məqsədləri üçün malların dəyərinin qiymətləndirilməsində və onların tarif klassifikasiyasının təsis edilməsinə gömək edə biləcək məlumat;

b) idxal, ixrac və tranzit zamanı qadağan və məhdudiyyətlərin həyata keçirilməsi;

v) Razılığa Gələn Tərəflərdən biri və ya hər ikisi tərəfindən bağlanmış digər razılaşmaların əhatə etmədiyi malların mənşə ölkəsinin təyin edilməsinin milli qaydalarının tətbiqi;

q) müxtəlif gömrük rejimləri altında tranzit/nəqliyyat proseduralarının həyata keçirilməsi.

2. Əgər sorğu alan Tərəf tələb olunan məlumata malik deyilsə, o, sorğu alan Razılığa Gələn Tərəfin ərazisində qüvvədə olan qanunvericiliyə uyğun olaraq bu məlumatı axtarmalıdır.

3. Sorğu alan Tərəf məlumatı özü üçün axtardığı kimi axtarmalıdır.

Maddə 4

Gömrük idarələri bir-birini istər sorğu il, istərsə də öz xüsusi təşəbbüsləri ilə aşağıdakı məsələlərin təsdiq edilməsində istənilən məlumatla təmin etməlidirlər:

1. Razılığa Gələn Tərəflərdən ərazisinə idxal olunmuş malların digər Razılığa Gələn Tərəfin ərazisindən qanuni yolla ixrac olunması;

2. Razılığa Gələn Tərəflərdən ərazisindən ixrac olunan malların digər Razılığa Gələn Tərəfin ərazisinə qanuni yolla idxal olunması.

Maddə 5

Bir Razılığa Gələn Tərəfin gömrük idarəsi istər sorğu ilə, istərsə də öz xüsusi təşəbbüsü ilə digər Razılığa Gələn Tərəfin gömrük idarəsini aşağıdakı məsələlərə dair məlumatlarla təmin etməlidir:

1. Digər Razılığa Gələn Tərəfin ərazisində qüvvədə olan gömrük qanunvericiliyini pozan və ya pozması şübhə doğuran şəxslər barədə;

2. Malların qeyri-qanuni daşınmasında istifadə edilən yeni vasitə və metodlar barədə;

3. Qeyri-qanuni daşınma obyekti olan mallar barədə;

4. Digər Razılığa Gələn Tərəfin ərazisində qüvvədə olan gömrük qanunvericiliyinin pozulmasında istifadə olunan və ya istifadə olunduğu şübhə doğuran hər hansı nəqliyyat vasitələri barədə.

Maddə 6

Bir Razılığa Gələn Tərəfin gömrük idarəsi öz xüsusi təşəbbüsü ilə, yaxud sorğuya görə digər Razılığa Gələn Tərəfin gömrük idarəsini gömrük qanunvericiliyinin pozulmasına dair gömrük qanunvericiliyinin təhqiqatı və ya yerinə yetirilməsi üzrə mövcud olan bütün məlumatlar, dəlillər və ya sənədlərin təsdiq olunmuş surətləri ilə təmin etməlidir.

Maddə 7

Bu Sazişdə nəzərdə tutulmuş sənədlər eyni məqsədlə istənilən formada hazırlanmış kompüter məlumatları ilə əvəz oluna bilər.

Şəxslər, mallar və nəqliyyat vasitələri üzərində nəzarət

Maddə 8

Bir Razılığa Gələn Tərəfin gömrük idarəsi öz xüsusi təşəbbüsü ilə, yaxud digər Razılığa Gələn Tərəfin gömrük idarəsinin sorğusu ilə öz səlahiyyətləri və imkanları daxilində aşağıdakılar üzərində xüsusi nəzarəti təmin etməlidir:

1. Bir Razılığa Gələn Tərəf dövlətin ərazisinə digər Razılığa Gələn Tərəf dövlətin ərazisində qüvvədə olan gömrük qanunvericiliyini pozan və yaxud pozması şübhə doğuran şəxslərin daxil olması və onu tərk etməsi;

2. Digər Razılığa Gələn Tərəf dövlətin ərazisində, yaxud ərazisindən kənarda qeyri-qanuni dövriyyəyə səbəb olan və ya olması şübhə doğuran malların və ödəniş vasitələrinin hərəkəti;

3. Digər Razılığa Gələn Tərəfin ərazisində qüvvədə olan gömrük qanunvericiliyinin pozulmasında istifadə olunan və ya olunduğu şübhə doğuran hər hansı nəqliyyat vasitələri.

Narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə

Maddə 9

1. İki gömrük idarəsi bir-birini narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qeyri-qanuni dövriyyəsinin qarşısının alınmasında və təhqiqatında istər sorğu ilə, istərsə də öz xüsusi təşəbbüsləri ilə aşağıdakı məsələlərə dair bir-birinə gömək göstərməlidirlər;

a) narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə metodları;

b) narkotik vasitələr, psixotrop maddələr və prekursorlar üzərində gömrük nəzarəti prinsipləri, yeni metodlar və aşkar etmə vasitələri;

v) narkotik maddələrin müsadirə edilməsində texniki cihazların və öyrədilmiş gömrük itlərinin istifadə olunması təcrübəsi;

q) narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qeyri-qanuni dövriyyəsinə qarşı mübarizəyə dair nəşrlər, əlavə elmi və xüsusi nəşrlər və tədris vəsaitləri;

d) narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların yeni növləri, istehsal yerləri, qaçaqmalçıların istifadə etdiyi yollar və gizlətmə metodları, müxtəlif ölkələrdə və regionlarda narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qiymətlərindəki dəyişmələr;

e) narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların müəyyən edilməsi və laboratoriya analizləri.

2. Razılığa Gələn Tərəflərdən birinin gömrük idarəsi istər sorğu ilə, istərsə də öz təşəbbüsü ilə digər Razılığa Gələn Tərəfin gömrük idarəsini aşağıdakılara dair bütün məlumatlarla təmin etməlidir:

a) narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qeyri-qanuni idxal, ixrac olunmasında və ya dövriyyəsində iştirak edən, yaxud iştirak etməsi şübhə doğuran şəxslər və şirkətlər barədə;

b) narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qeyri-qanuni dövriyyəsi məqsədilə istifadə olunan yeni yollar və vasitələr barədə;

v) narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qeyri-qanuni dövriyyə obyektləri olan, ya olması şübhə doğuran mallar və poçt bağlamaları;

q) narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qeyri-qanuni dövriyyəsi məqsədilə istifadə olunan, yaxud istifadə olunduğu şübhə doğuran hər bir nəqliyyat vasitəsi.

Nəzarət altında daşımalar

Maddə 10

1. İki Gömrük idarəsi nəzarət altında daşıma metodlarının həyata keçirilməsində bir-birilə əməkdaşlıq etməlidir.

2. Nəzarət altında daşıma metodlarının həyata keçirilməsi barədə qərar vaxtaşırlıq prinsipinə əsaslanmalıdır və hər iki Razılığa Gələn Tərəfin ərazisində qüvvədə olan qanunvericiliyə müvafiq olaraq verilməlidir.

Sorğu

Maddə 11

1. Əgər Razılığa Gələn Tərəflərdən birinin gömrük idarəsi sorğu göndərirsə, digər Razılığa Gələn Tərəfin gömrük idarəsi sorğu göndərən Razılığa Gələn Tərəfin gömrük qanunvericiliyinə zidd olan, yaxud olması aşkara çıxan əməliyyatlarla bağlı bütün rəsmi təhqiqatlara başlamalıdır.

2. Bu təhqiqatlar sorğu alan Razılığa Gələn Tərəfin qüvvədə olan qanunvericiliyinə müvafiq surətdə həyata keçirilməlidir. Sorğu alan Tərəf özü üçün fəaliyyət göstərdiyi kimi fəaliyyət göstərməlidir.

3. Sorğu alan Tərəf sorğu göndərən Tərəfin vəzifəli şəxslərinə belə təhqiqatlarda iştirak etmək üçün icazə verə bilər. Bu vəzifəli şəxslərin öz gömrük idarələri tərəfindən verilmiş yazılı icazəsi olmalıdır.

Ekspertlər və şahidlər

Maddə 12

1. Əgər bir Razılığa Gələn Tərəfin məhkəmə və ya Hökumət orqanları gömrük qanunvericiliyinin pozulması ilə əlaqədar sorğu göndərərsə, digər Razılığa Gələn Tərəfin gömrük idarəsi öz vəzifəli şəxslərinə həmin məhkəmə və ya Hökumət orqanları qarşısında ekspert və ya şahid kimi iştirak etmək səlahiyyəti verə bilər.

2. Belə vəzifəli şəxslər onlar tərəfindən vəzifələrinin icrası zamanı müəyyən edilmiş faktlar barədə ifadə verməlidirlər.

3. Sorğuda iştirak edəcək vəzifəli şəxsin işi və səlahiyyətləri göstərilməlidir.

4. Gömrük idarəsinin vəzifəli şəxslərinin ekspert və şahidlər kimi iştirak etməsi üçün sorğu hər iki Razılığa Gələn Tərəfin qanunvericiliyinə və hər iki dövlətin Razılığa Gələn Tərəflər olduğu beynəlxalq sazişlərə və konvensiyalara müvafiq olaraq tərtib edilməlidir.

Məlumat və sənədlərdən istifadə edilməsi

Maddə 13

1. Bu Saziş üzrə alınan məlumat, sənədlər və əlaqə yalnız bu Sazişin məqsədləri üçün istifadə olunmalıdır. Bu sənədlər gömrük idarəsinin yazılı şəkildə icazəsi olmadan digər məqsədlər üçün istifadə olunmamalıdır.

2. Narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qeyri-qanuni dövriyyəsinə dair hər hansı bir Razılığa Gələn Tərəfin aldığı məlumat və sənədlər narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların sui-istifadəsinə və qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə ilə bilavasitə məşğul olan hüquq və ya digər səlahiyyətli orqanlara təqdim edilə bilər.

3. Bu Sazişlə hər hansı formada bir Razılığa Gələn Tərəfin gömrük idarəsi aldığı sorğu, məlumat, ekspert hesabatları və digər sənədlər həmin Razılığa Gələn Tərəfin eyni xarakterli sənədlərinə şamil edilən milli qanunvericiliyin müdafiəsi altında tərtib edilməlidir.

4. Bu Sazişin məqsədlərinə müvafiq və səlahiyyəti daxilində, hər iki dövlətin Razılığa Gələn tərəflər olduğu beynəlxalq müqavilələrə və konvensiyalara müvafiq olaraq, gömrük idarələri özlərinin şahidlik qeydlərində, sənədlərində, ifadələrində, məhkəmə və inzibati orqanlara təqdim olunan protokollarında bu Sazişə müvafiq şəkildə əldə edilmiş məlumat və sənədlərdən istifadə edə bilərlər.

5. Məhkəmədə dəlil kimi istifadə edilən belə məlumat və sənədlər və onlara verilən əhəmiyyət milli qanunvericiliyə uyğun müəyyən edilməlidir.

Sənədlərin çatdırılması

Maddə 14

Sorğu alan zaman Sorğu alan Razılığa Gələn Tərəf öz ərazisində qüvvədə olan qanunvericiliyə əsasən bu Saziş çərçivəsində bütün sənədləri və qərarları Sorğu göndərən Tərəfə istinad edərək, öz ərazisində yaşayan və ya qeydiyyatda olan fiziki və hüquqi şəxslərə verməlidir.

Kömək üçün sorğunun forma və məzmunu

Maddə 15

1. Bu Sazişə aid olan sorğular yazılı şəkildə verilməlidir.

Sorğunun icra edilməsi üçün lazım olan sənədlər sorğuya əlavə olunmalıdır. Zəruri hallarda şifahi şəkildə verilən sorğu qəbul oluna bilər, lakin dərhal yazılı şəkildə qeyd olunmalıdır.

2. Bu Maddənin 1-ci bəndinə aid olan sorğuya aşağıdakı məlumatlar daxil edilməlidir:

a) sorğu göndərən gömrük orqanının adı;

b) tələb olunan tədbirlər;

v) sorğunun mövzusu və səbəbi;

q) sorğunun mövzusuna aid olan qanunlar, qaydalar və digər hüquqi əsaslar;

d) təhqiqatların obyekti olan fiziki və hüquqi şəxslərin və malların mümkün qədər və müfəssəl göstərişi;

e) 13-cü maddədə olan hallar istisna olunmaqla, müvafiq faktların qısa məzmunu.

3. Sorğu, Sorğu alan Tərəf dövlətin rəsmi dilində, ingilis dilində və ya Sorğu alan Tərəfə münasib olan digər dildə təqdim edilməlidir.

4. Əgər sorğu formal tələbatlara cavab vermirsə, bu sorğuda düzəliş və ya tamamlamaların edilməsi tələb oluna bilər.

Yardım göstərmək öhdəliyindən istisnalar

Maddə 16

1. Əgər bir Razılığa Gələn Tərəfin gömrük idarəsi sorğunun yerinə yetirilməsinin dövlətin ictimai siyasəti və ya suverenliyi, təhlükəsizliyi və ya sorğu alan Razılığa Gələn Tərəf dövlətin digər mühüm maraqlarına zərər gətirə biləcəyini hesab edirsə, yaxud dövləti və ya hər hansı qanun tərəfindən qorunan sirrin pozulmasına səbəb olacağını güman edirsə, həmin dövlət yardımdan tamamilə və yaxud qismən imtina edə və ya bu yardımı yalnız müəyyən şərtlər və tələblər qəbul olunduqda göstərə bilər.

2. Yardım göstərmək üçün sorğunun yerinə yetirilmədiyi təqdirdə, məsələyə dair qərar və səbəblər gecikdirilmədən yazılı şəkildə sorğu alan dövlətə təqdim edilməlidir.

Xərclər

Maddə 17

Hər bir gömrük idarəsi bu Sazişin həyata keçirilməsində ekspertlərə, şahidlərə və tərcüməçilərə ödənilmiş vəsait istisna olmaqla, çəkilmiş xərclərin ödənilməsinə dair bütün iddialardan imtina etməlidir.

Sazişin həyata keçirilməsi və ərazi üzrə tətbiq edilmə

Maddə 18

1. Bu Sazişin həyata keçirilməsi Razılığa Gələn Tərəflərin gömrük idarələrinə həvalə edilməlidir və bilavasitə Razılığa Gələn Tərəflərin gömrük idarələri arasında yerinə yetirilməlidir.

2. Razılığa Gələn Tərəflərin gömrük idarələri öz təhqiqat xidmətlərinin bir-birilə birbaşa əlaqə saxlamasını təşkil edə bilərlər.

3. Bu Saziş Razılığa Gələn Tərəflərin ərazisində tətbiq olunur.

Sazişin qüvvəyə minməsi və müddətinin qurtarması

Maddə 19

1. Bu Saziş Razılığa Gələn Tərəflər diplomatik kanallarla hazırki Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili proseduraların yerinə yetirilməsi barədə bir-birini yazılı olaraq xəbərdar etdikdən sonra otuzuncu gündən etibarən qüvvəyə minəcəkdir.

2. Bu Saziş qeyri-müəyyən müddət üçün nəzərdə tutulmuşdur, lakin hər bir Razılığa Gələn Tərəf istədiyi vaxt diplomatik kanallarla xəbərdar etməklə onun müddətini başa çatdıra bilər.

3. Müddətin başa çatması digər Razılığa Gələn Tərəfə ləğv etməyə dair bildiriş tarixindən üç ay sonra qüvvəyə minəcəkdir. Müddətin başa çatdığı vaxt davam edən işlər bu Sazişin müddəalarına uyğun olaraq tamamlanmalıdır.

Bakı şəhərində «2» mart 2000-ci il tarixində Azərbaycan, eston və ingilis dillərində imzalanıb və bütün mətnlər eyni qüvvəyə malikdir.

Bu Sazişin müddəalarının şərh edilməsində hər hansı bir fikir ayrılığı olduqda ingilis dilindəki mətnə üstünlük verilir.

Azərbaycan Respublikası
Hökuməti adından

Estoniya Respublikası
Hökuməti adından


Bu Saziş Azərbaycan Respublikasının 3 aprel 2001-ci il tarixli 113-IIQ nömrəli Qanununu ilə təsdiq Edilmişdir («AzerSoft»).


© AzerSoft

Rəsmi məlumatlar Arxiv    
06.10.2007
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 2-də Prezident sarayında Qara Dəniz və Xəzər Dənizi Sahibkarlar Konfederasiyaları Birliyinin və Türk Sənayeçiləri və İş Adamları Birliyinin prezidenti Arzuxan Doğanı, Mərmərə qrupu vəqfinin sədri Akkan Suveri və ATA Holdinqin baş direktoru Əhməd Erentoku qəbul etmişdir. Azərbaycan Prezidenti ölkəmizdə “Qara dəniz və Xəzər dənizi regionunda regional birbaşa xarici investisiyalar” mövzusunda beynəlxalq konfransın keçirilməsinin böyük əhəmiyyətə malik olduğunu qeyd etdi və konfrans iştirakçılarına təbrik məktubu ünvanladığını bildirdi.

Daha ətraflı
06.10.2007
Azərbaycan və Xorvatiya arasında ikitərəfli münasibətlərin böyük perspektivləri var. Xorvatiya Prezidenti Stepan Mesiçin Azərbaycana rəsmi səfəri
Oktyabrın 2-3 tarixlərində Xorvatiya Respublikasının Prezidenti Stepan Mesiç Azərbaycanda rəsmi səfərdə olmuşdur.
Xorvatiya Respublikasının Prezidenti Stepan Mesiç oktyabrın 2-də Fəxri xiyabana gəlmişdir.
Xorvatiya dövlətinin başçısı türk dünyasının görkəmli oğlu, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla anaraq, məzarı önünə əklil qoydu.
Xorvatiya Prezidenti görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üstünə də tər gül dəstəsi qoydu.

Daha ətraflı
06.10.2007
MDB dövlət başçılarının növbəti zirvə toplantısı keçirilir
Oktyabrın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev MDB üzvü olan ölkələrin dövlət başçılarının növbəti zirvə toplantısında iştirak etmək üçün Tacikistanın paytaxtı Düşənbəyə yola düşmüşdür.
Düşənbə hava limanında Prezident İlham Əliyevi Tacikistanın nəqliyyat və kommunikasiyalar naziri Əbdürəhim Aşur və MDB-nin İcraiyyə Komitəsinin sədri - icraçı katib Vladimir Ruşaylo və digər rəsmi şəxslər qarşılamışlar.

Daha ətraflı
    © 2006 — 2007, Financial and Legal Consulting of The CIS Supported by «Marco Computer Technologies» Dizayn MEQA şirkəti tərəfindən hazırlanıb