Financial and Legal Consulting of The CIS Regional Cluster
             Az | Ru | En |
          
 
 
   
Azərbaycan Respublikasının Nazirlər Kabineti

Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının yaradılması haqqında

Qərar ¹ 17

Bakı şəhəri, 31 yanvar 2002-ci il

«Azərbaycan Respublikasının 2002-ci il Dövlət büdcəsi haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 26 dekabr tarixli 612 nömrəli Fərmanının 5-ci bəndinin 14 abzasının icrası ilə əlaqədar ölkədə istehsalın inkişafını həvəsləndirmək, yerli istehsal mallarının daxili bazarda rəqabət qabiliyyətini artırmaq məqsədilə gömrük rüsumlarının tətbiqinin çevik mexanizmini yaratmasını, tarif və qiymətlərin iqtisadi inkişafın tələblərinə uyğun olaraq dövlət tərəfindən tənzimlənməsini təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

I. Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası yaradılsın.

2. Tarif (qiymət) Şurası aşağıdakı tərkibdə təsdiq edilsin:

Şuranın sədri
Əliyev Fərhad Şövlət oğlu Azərbaycan Respublikasının İqtisadi inkişaf naziri
Şuranın üzvləri:
Fətizadə İlqar Fəti oğlu Azərbaycan Respublikası maliyyə nazirinin birinci müavini
Qasımov Natiq Əbülfəz oğlu Azərbaycan Respublikası vergilər nazirinin müavini
Musayev Toğrul Sirac oğlu Azərbaycan Respublikası ədliyyə nazirinin müavini
Müslümov Səlim Yanvar oğlu Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini
Hacıyev Məmməd Həsən oğlu Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi sədrinin müavini
Babayev Aftandil Qasım oğlu Azərbaycan Respublikası Milli Bankı İdarə Heyətinin üzvü, Baş direktor
Əsədov Elşən Səlim oğlu Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin qiymət, tarif siyasəti şöbəsinin rəisi
Rzabəyov İdris İbrahim oğlu Azərbaycan Respublikası Yanacaq və Energetika Nazirliyinin Yanacaq, energetika əməliyyatları baş idarəsinin rəisi
Vəzirov Süleyman Ənvər oğlu Azərbaycan Respublikası Yanacaq və Energetika Nazirliyinin İqtisadi tənzimləmələr şöbəsinin müdiri
Nəbiyev Rəşad Nəbi oğlu Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin maliyyə-əmək şöbəsinin rəisi
İlyasov Sabir Gülmirzə oğlu «Azərbaycan Hava Yolları» Dövlət Konserni baş direktorunun birinci müavini
Pənahov Musa Sədi oğlu Azərbaycan Dövlət Dəmir Yolu rəisinin müavini
Rəhmanov Rəfael Əli Ağa oğlu Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi rəisinin birinci müavini
Əhmədov Tağı Məmməd oğlu Bakı Metropoliteninin rəisi

3. «Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının Əsasnaməsi» təsdiq edilsin (əlavə olunur).

4. Tarif (qiymət) Şurasına tapşırılsın ki, gördükləri işlər barədə hər ilin yekununa görə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə ətraflı hesabat təqdim etsin.

5. «Gömrük Tarif Şurasının yaradılması haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 6 aprel tarixli 176 nömrəli və «Gömrük Tarif Şurasının Əsasnaməsi» haqqında 1994-cü il 18 fevral tarixli 69 nömrəli qərarları qüvvədən düşmüş hesab edilsin.

6. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri

A. RASİ-ZADƏ

«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 yanvar 2002-ci il, ¹ 1, maddə 95) («AzerSoft»).

21 sentyabr 2004-cü il tarixli, 135 nömrəli qərara əsasən dəyişikliklərlə («AzerSoft»).


Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2002-ci il 31 yanvar tarixli 17 nömrəli qərarı ilə
təsdiq edilmişdir

Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının
Əsasnaməsi

1. Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası (bundan sonra—Şura) respublikada təbii inhisar subyektlərinin fəaliyyətinin dövlət tənzimlənməsini gücləndirmək, ölkədə əlverişli investisiya mühiti yaratmaq, istehsalın inkişafını həvəsləndirmək, yerli istehsal mallarının daxili bazarda rəqabət qabiliyyətini artırmaq, tarif (qiymət) və gömrük rüsumlarının çevik mexanizmi vasitəsi ilə dövlətin iqtisadi siyasətinin daha məqsədyönlü və səmərəli həyata keçirilməsi məqsədilə yaradılan və ictimai əsaslarla fəaliyyət göstərən qurumdur.

2. Şura öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin Fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikasının beynəlxalq müqavilələrini və bu Əsasnaməni rəhbər tutur.

3. Şuranın əsas vəzifələri aşağıdakılardır:

3.1. Azərbaycan Respublikasında qüvvədə olan qanunvericilik və normativ hüquqi aktlara uyğun olaraq dövlət tənzimlənməsinə aid edilmiş tariflərin (qiymətlərin) və rüsumların ölkənin iqtisadi maraqlarının təmin edilməsi baxımından və onların səviyyələrinin tənzimlənməsi üzrə təkliflərin hazırlanması;

3.2. respublika iqtisadiyyatının əsasını təşkil edən, iqtisadiyyatın bütün sahələrində tariflərin (qiymətlərin) və rüsumların səviyyəsinə güclü təsir göstərən enerji daşıyıcılarının və habelə təbii inhisar subyektlərinin məhsullarının (xidmətlərinin) tariflərinin (qiymətlərinin) mövcud tənzimləmə prinsiplərinin təkmilləşdirilməsi üzrə təkliflərin hazırlanması;

3.3. tariflərin (qiymətlərin) və rüsumların dövlət tənzimlənməsinin qanunvericilik və normativ hüquqi bazasının təkmilləşdirilməsi, tariflərin (qiymətlərin) və rüsumların formalaşması və tətbiq olunmasına dövlət nəzarətinin gücləndirilməsi üzrə təkliflərin hazırlanması;

3.4. ölkə iqtisadiyyatının maraqlarının tam təmin edilməsi baxımından xarici rəqabətin mənfi təsirindən və daxili rəqabət qabiliyyətli istehsalı qorumaqla onların fəaliyyət göstərməsi üçün əlverişli şəraitin yaradılması məqsədilə gömrük tarif və rüsum dərəcələrinin müəyyənləşdirilməsi və dəyişdirilməsi, əlavə dəyər vergisindən azad olunan malların siyahısı barədə, qeyri-tarif tənzimlənməsi, gömrük tarif güzəştlərinin tətbiq edilməsi ilə bağlı təkliflərin hazırlanması;

3.5. Azərbaycan Respublikasının ərazisindən keçən tranzit yüklərin tranzit tariflərinin müəyyənləşdirilməsi və dəyişdirilməsi ilə bağlı təkliflərin hazırlanması;

3.6. daxili bazarın qorunması məqsədi ilə mal idxalı nəticəsində yerli istehsala vurulmuş və ya vurula biləcək zərərlə bağlı təhqiqatın aparılması haqqında qərarların qəbul edilməsi və bu məsələ ilə bağlı təkliflərin hazırlanması.

4. Şura aşağıdakı hüquqlara malikdir:

4.1. dövlət idarəetmə orqanlarından, müəssisə və təşkilatlarından Şuranın səlahiyyətinə aid olan məsələlərlə bağlı zəruri sənədləri və məmulatları tələb etmək;

4.2. ehtiyac olduqda Şurada baxılan məsələlərlə bağlı müəyyən edilmiş qaydada ekspert və məsləhətçilər cəlb etmək.

5. Müzakirə edilən məsələlərin zərurətindən asılı olaraq Şuranın iclaslarına digər dövlət təşkilatlarının, beynəlxalq maliyyə təşkilatlarının, yerli və xarici şirkətlərin, ictimai birliklərin nümayəndələri dəvət oluna bilər.

6. Şuranın iclaslarında qəbul edilmiş qərarlar, protokollar rəsmiləşdirilir, Şuranın sədri və üzvləri tərəfindən imzalanır və müvafiq tədbirlər görülməsi üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edilir.

7. Şuranın iclasları rübdə bir dəfədən az olmayaraq keçirilir, zərurət yarandığı hallarda isə iclas istənilən vaxt keçirilə bilər. Şuranın sədrinin, yaxud Şura üzvlərinin təşəbbüsü ilə Şuranın növbədənkənar iclası keçirilə bilər. Şuranın iclası onun üzvlərinin azı üçdə ikisi iştirak etdikdə keçirilə bilər. Şuranın iclaslarında qərarlar sadə səs çoxluğu ilə qəbul edilir.

8. Şuranın Katibliyi İqtisadi İnkişaf Nazirliyində fəaliyyət göstərir. Katiblik dövlət tənzimlənməsində olan sahələr üzrə müvafiq təşkilatların və təsərrüfat subyektlərinin nümayəndələrindən ibarət işçi qrupları yaradır və onların fəaliyyətinə rəhbərlik edir.


© AzerSoft

Rəsmi məlumatlar Arxiv    
06.10.2007
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 2-də Prezident sarayında Qara Dəniz və Xəzər Dənizi Sahibkarlar Konfederasiyaları Birliyinin və Türk Sənayeçiləri və İş Adamları Birliyinin prezidenti Arzuxan Doğanı, Mərmərə qrupu vəqfinin sədri Akkan Suveri və ATA Holdinqin baş direktoru Əhməd Erentoku qəbul etmişdir. Azərbaycan Prezidenti ölkəmizdə “Qara dəniz və Xəzər dənizi regionunda regional birbaşa xarici investisiyalar” mövzusunda beynəlxalq konfransın keçirilməsinin böyük əhəmiyyətə malik olduğunu qeyd etdi və konfrans iştirakçılarına təbrik məktubu ünvanladığını bildirdi.

Daha ətraflı
06.10.2007
Azərbaycan və Xorvatiya arasında ikitərəfli münasibətlərin böyük perspektivləri var. Xorvatiya Prezidenti Stepan Mesiçin Azərbaycana rəsmi səfəri
Oktyabrın 2-3 tarixlərində Xorvatiya Respublikasının Prezidenti Stepan Mesiç Azərbaycanda rəsmi səfərdə olmuşdur.
Xorvatiya Respublikasının Prezidenti Stepan Mesiç oktyabrın 2-də Fəxri xiyabana gəlmişdir.
Xorvatiya dövlətinin başçısı türk dünyasının görkəmli oğlu, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla anaraq, məzarı önünə əklil qoydu.
Xorvatiya Prezidenti görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üstünə də tər gül dəstəsi qoydu.

Daha ətraflı
06.10.2007
MDB dövlət başçılarının növbəti zirvə toplantısı keçirilir
Oktyabrın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev MDB üzvü olan ölkələrin dövlət başçılarının növbəti zirvə toplantısında iştirak etmək üçün Tacikistanın paytaxtı Düşənbəyə yola düşmüşdür.
Düşənbə hava limanında Prezident İlham Əliyevi Tacikistanın nəqliyyat və kommunikasiyalar naziri Əbdürəhim Aşur və MDB-nin İcraiyyə Komitəsinin sədri - icraçı katib Vladimir Ruşaylo və digər rəsmi şəxslər qarşılamışlar.

Daha ətraflı
    © 2006 — 2007, Financial and Legal Consulting of The CIS Supported by «Marco Computer Technologies» Dizayn MEQA şirkəti tərəfindən hazırlanıb