Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi
             Az | Ru | En |
          
 
 
   
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi ilə Qazaxıstan Respublikası Dövlət Gəlirləri Nazirliyi arasında sərhədlərdən qanunsuz keçirilən mədəni sərvətlərin tutulub saxlanması və qaytarılması məsələləri üzrə əməkdaşlıq və qarşılıqlı yardım haqqında

Saziş

Bundan sonra Tərəflər adlanan, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi və Qazaxıstan Respublikası Dövlət Gəlirləri Nazirliyi,

Qorunması dövlətlərin gömrük və digər səlahiyyətli orqanlarına həvalə olunmuş mədəni sərvətlərin qanunsuz gətirilməsinin, aparılmasının və tranzitinin xalqların mədəni sərvətinə ziyan vurduğunu nəzərə alaraq,

Azərbaycan Respublikası Hökuməti və Qazaxıstan Respublikası Hökuməti arasında gömrük işlərində əməkdaşlıq haqqında 1997-ci il 10 iyun tarixli Sazişin müddəalarını həyata keçirmək məqsədilə,

aşağıdakılar barədə razılığa gəldilər:

Maddə 1

Bu Sazişin müddəalarının həyata keçirilməsi üzrə səlahiyyətli orqanlar: Azərbaycan tərəfindən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi, Qazaxıstan tərəfindən Qazaxıstan Respublikası Dövlət Gəlirləri Nazirliyinin Gömrük Komitəsi.

Yuxarıda adı çəkilən səlahiyyətli orqanların adı və ya funksiyası dəyişdirildikdə, Tərəflər vaxtında diplomatik kanallarla məlumatlandırılacaqlar.

Maddə 2

Tərəflər tərəflərin dövlətlərinin dövlət sərhədlərindən mədəni sərvətlərin qanunsuz keçirilməsi ilə mübarizəni gücləndirməyə çalışacaq və bu sahədə gömrük əməkdaşlığını möhkəmləndirəcəklər.

Maddə 3

Mədəni sərvətlər Tərəflərin dövlətlərinin milli qanunvericiliyinin müddəaları ilə nəzərdə tutulduğu hallarda, aparılma üçün müvafiq icazə olduqda, bu dövlətlərdən aparıla bilər.

Bu Sazişə görə mədəni sərvətlər anlayışı Tərəflərin hər birinin dövlətlərinin milli qanunvericiliyinə uyğun olaraq müəyyən edilir.

Maddə 4

Mədəni sərvətlərin aparılması üçün icazəsi ərazisindən aparılma həyata keçirilən Tərəfin dövlətinin buna səlahiyyətli orqanı tərəfindən veriləcəkdir.

Maddə 5

Mədəni sərvətləri keçirən fiziki şəxslər və ya hüquqi şəxslərin nümayəndələri onlarda belə sərvətlərin olduğunu bəyan etməli və onları aparılma üçün icazə ilə birlikdə gömrük nəzarətinə təqdim etməlidirlər.

Mədəni sərvətlərin aparılması üçün icazə olmadıqda, mədəni sərvətlər tutulub saxlanılır və bu sərvətlərin ərazisindən aparıldığı dövlətin Tərəfinə bu haqda dərhal xəbər verilir. Belə hallarda mədəni sərvətlərin aparılmasına görə icazənin təqdim edilməsi üçün iki aydan çox olmamaq şərtilə müddət verilir.

Maddə 6

Tərəflər:

  • aparılma üçün icazə ilə müşayiət olunmayan aşkar olunmuş mədəni sərvətlərin aparıldığı dövlətə qaytarılmasını;
  • mədəni sərvətlərin qanunsuz keçirilməsinə görə tutulmuş şəxslərin məsuliyyətə cəlb edilməsi hallarında bu sərvətlərin onların aparıldığı dövlətə qaytarılması göstərilmiş şəxslərin məsuliyyətləri barədə qərarın qanuni qüvvəyə minməsindən sonra həyata keçirilməsini;
  • qaytarılan mədəni sərvətlərin verilməsi və qəbulu üçün öz səlahiyyətli nümayəndələrinin təyin olunmasını;
  • Tərəflərin dövlətlərinin milli qanunvericiliyinə uyğun olaraq aparılması qadağan olunan mədəni sərvətlər haqqında informasiya ilə qarşılıqlı mübadiləni təmin edəcəklər.

Maddə 7

Tərəflərin gömrük orqanları tərəfindən tutulub saxlanılmış mədəni sərvətlər müvafiq təhqiqatdan sonra bilavasitə bu Sazişin 5-ci maddəsində adı çəkilmiş fiziki şəxslərə və ya hüquqi şəxslərin nümayəndələrinə qaytarılır. Mədəni sərvətlərin qaytarılması ilə bağlı olan bütün iddialara ərazisindən aparılma həyata keçirilən dövlət tərəfindən baxılır.

Maddə 8

Tərəflər mütəxəssislərin səfərləri (əgər Tərəflərdən biri lazım bilərsə), tutulub saxlanmış mədəni sərvətlərin saxlanılması, daşınması və yaxud gətirildiyi və ya tranzitlə keçdiyi dövlətdən aparıldığı dövlətə qaytarılması ilə bağlı xərclərin ödənilməsi istisna olmaqla, əvəzsiz olaraq bir-birlərinə bu Sazişin tətbiqi üzrə qarşılıqlı yardım edəcəklər. Bununla bağlı xərcləri ərazisindən mədəni sərvətlər aparılın dövlətin gömrük xidməti ödəyir.

Bu Sazişə uyğun olaraq qaytarılan mədəni sərvətlərdən gömrük ödənişləri və ya digər ödənişlər tutulmur.

Maddə 9

Tərəflər müntəzəm surətdə əməkdaşlıq məsələləri üzrə məsləhətləşəcək və bu Sazişin yerinə yetirilməsi çərçivəsində təcrübə mübadiləsini həyata keçirəcəklər.

Tərəflər arasında yazışma rus dilində aparılacaqdır.

Maddə 10

Bu Sazişin həyata keçirilməsi, şərhi və dəyişdirilməsi ilə bağlı bütün mübahisəli məsələlər Tərəflər arasında məsləhətləşmələr və danışıqlar yolu ilə həll ediləcəkdir.

Hər iki Tərəfin qarşılıqlı razılığını uyğun olaraq bu Sazişə onun ayrılmaz hissəsi olan protokollar şəklində tərtib olunacaq dəyişikliklər və əlavələr edilə bilər.

Maddə 11

Bu Saziş qüvvəyə mindikdən sonra Tərəflər təxirə salınmadan öz dövlətlərində mədəni sərvətlərin aparılma qaydalarını müəyyən edən normativ hüquqi aktların surətlərini mübadilə edəcək və bundan sonra bu sahədə Tərəflərin dövlətlərinin milli qanunvericiliyində olan bütün dəyişikliklər və əlavələr barədə müntəzəm surətdə məlumat verəcəklər.

Maddə 12

Bu Sazişin müddəaları Tərəflərin dövlətləri tərəfindən digər beynəlxalq müqavilələrə uyğun olaraq qəbul edilmiş öhdəliklərə aid deyil.

Maddə 13

Bu Saziş qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi və Qazaxıstan Respublikası Maliyyə Nazirliyi arasında qaçaqmalçılıq və gömrük qaydalarının pozulması ilə mübarizədə əməkdaşlıq haqqında 1993-cü il 24 fevral tarixli Saziş öz qüvvəsini itirir.

Maddə 14

Bu Saziş beş il müddətinə bağlanır və Tərəflərin bir-birini zəruri dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə diplomatik kanallarla sonuncu yazılı xəbərdarlıq günündən qüvvəyə minir. Sazişin qüvvəsi növbəti beşillik müddətə avtomatik olaraq uzadılacaq və Tərəflərdən biri digər Tərəfə onun qüvvəsinə xitam verilməsi niyyəti barədə yazılı bildiriş göndərdiyi tarixdən altı ay keçənədək qüvvədə qalacaqdır.

Bakı şəhərində 7 aprel 2000-ci il tarixdə iki əsl nüsxədə Azərbaycan, qazax və rus dillərində bağlanmışdır, bütün mətnlər eyni qüvvəyə malikdir. Bu Sazişin müddəalarının təfsiri zamanı fikir ayrılığı yaranarsa rus dilində olan mətndən istifadə ediləcəkdir.

Azərbaycan Respublikası
Dövlət Gömrük Komitəsi adından

Qazaxıstan Respublikası
Dövlət Gəlirləri Nazirliyi adından


3 aprel 2001-ci il tarixli 119-IIQ nömrəli Qanunu ilə təsdiq edilmişdir («AzerSoft»).


© AzerSoft

Rəsmi məlumatlar Arxiv    
27.12.2008
Bakıda Mərkəzi gömrük hospitalı istifadəyə verilmişdir
Dekabrın 25-də Bakıda Mərkəzi gömrük hospitalı istifadəyə verilmişdir. Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak etmişdir.

Daha ətraflı
    © 2006 — 2008, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi   Dizayn MEQA şirkəti tərəfindən hazırlanıb