Azərbaycan Respublikası Hökuməti
ilə Belarus Respublikası Hökuməti arasında malların (işlərin, xidmətlərin)
ixracı və idxalı zamanı vasitəli vergilərin tutulması prinsipləri
haqqında
Saziş
Bundan sonra Razılığa gələn Tərəflər
adlandırılan Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası
Hökuməti, qarşılıqlı əlverişli iqtisadi münasibətlərin və iqtisadi
inteqrasiyanın inkişafına, təsərrüfat subyektləri üçün bərabər
imkanların yaradılmasına və ədalətli rəqabət üçün şəraitin müəyyən
olunmasına çalışaraq, beynəlxalq ticarətin ümumi qəbul edilmiş
qaydalarına əsaslanaraq, aşağıdakılar barədə razılığa gəldilər:
Maddə 1. Ümumi təriflər
Sazişdə istifadə edilən terminlər
ifadə edir:
- vasitəli vergilər – əlavə dəyər vergisi və
aksizlər (aksiz vergisi və ya aksiz yığımı);
- mal – istənilən əmlak (enerjinin bütün növləri
daxil olmaqla), qeyri-maddi aktivlər, habelə, sərnişinlərin
və malların beynəlxalq daşınması üçün istifadə edilənlər istisna
olmaqla, nəqliyyat vasitələri (konteynerlər və digər nəqliyyat
avadanlığı daxil olmaqla);
- ixrac – geriyə gətirmək öhdəliyi olmadan Razılığa
gələn Tərəflərin dövlətlərinin gömrük ərazisindən malların (işlərin,
xidmətlərin) çıxarılması. Bu Sazişin məqsədləri üçün «xidmətlər»
anlayışının tərifinə maliyyə xidmətləri daxil deyildir;
- idxal – geriyə aparmaq öhdəliyi olmadan Razılığa
gələn Tərəflərin dövlətlərinin gömrük ərazisinə malların (işlərin,
xidmətlərin) gətirilməsi. Bu Sazişin məqsədləri üçün «xidmətlər»
anlayışının tərifinə maliyyə xidmətləri daxil deyildir;
- saxta ixrac – malların (işlərin, xidmətlərin)
Razılığa gələn Tərəfin dövlətinin gömrük ərazisindən faktiki
kənara çıxarılması baş vermədən, malın (işin, xidmətin) Razılığa
gələn Tərəfin dövlətinin gömrük ərazisindən ixrac edilən kimi
saxta sənədli rəsmiləşdirilməsi;
- təyinat ölkəsi prinsipi – Razılığa gələn bir
Tərəfin dövlətinin gömrük ərazisindən ixrac zamanı sıfır dərəcəsinin
tətbiqi və ya vergiqoymadan azad edilmə və idxal zamanı Razılığa
gələn digər Tərəfin dövlətinin qanunvericiliyi ilə müəyyən edilmiş
mövcud dərəcə ilə vasitəli vergilərin tutulması;
- vasitəli vergilərdən azad edilmə – malların
satışı zamanı və işlərin görülməsi (xidmətlərin göstərilməsi)
zamanı vergiqoymadan azad edilmə, bu halda sonuncu satıcı əvvəl
ödənilmiş verginin əvəzləşdirilməsi və ya qaytarılması hüququnu
əldə etmir;
- sıfır dərəcəsi – vasitəli vergilərə sıfır dərəcəsi
ilə cəlb etmə vergi ödəyicisi üçün tam azad edilməni və vergi
məbləğinin əvəzləşdirilməsi və ya büdcədən qaytarılması hüququnun
ona verilməsini ifadə edir;
- səlahiyyətli orqanlar:
- Azərbaycan Tərəfindən – Maliyyə Nazirliyi,
Vergilər Nazirliyi və Dövlət Gömrük Komitəsi;
- Belarus Tərəfindən – Maliyyə Nazirliyi, Dövlət
Gömrük Komitəsi, Dövlət Vergi Komitəsi.
Maddə 2. İxrac zamanı vergilərin tutulması prinsipi
Razılığa gələn bir Tərəf Razılığa
gələn digər Tərəfin dövlətinin ərazisinə ixrac etdiyi malları
(işləri, xidmətləri) əlavə dəyər vergisinə sıfır dərəcə ilə cəlb
edəcək və ya əlavə dəyər vergisindən azad edəcək.
Razılığa gələn bir Tərəfin dövlətinin
ərazisindən Razılığa gələn digər Tərəfin dövlətinin ərazisinə
ixrac edilən aksizli mallar, Razılığa gələn Tərəflərin milli qanunvericiliklərinə
uyğun olaraq aksizlərə cəlb edilməyəcək və ya sıfır dərəcə ilə
cəlb ediləcək.
Maddə 3. İdxal zamanı verginin tutulması prinsipi
Razılığa gələn bir Tərəfin dövlətinin
gömrük ərazisinə idxal edilən Razılığa gələn digər Tərəfin dövlətinin
gömrük ərazisindən ixrac edilmiş mallar (işlər, xidmətlər), idxal
edən dövlətdə onun qanunvericiliyinə uyğun olaraq, milli mənşəli
analoji malların cəlb edildiyi dərəcələrdən çox olmayan dərəcələrlə
vasitəli vergilərə cəlb edilir. Vasitəli vergilərin tutulması
malların bu Razılığa gələn Tərəfin dövlətinin gömrük ərazisinə
gətirildiyi zaman həyata keçirilir.
Maddə 4. Mübahisəli məsələlərin həlli
Bu Sazişin müddəalarının təfsiri
və ya tətbiqi ilə bağlı Razılığa gələn Tərəflər arasında fikir
ayrılıqları səlahiyyətli orqanlar arasında aparılan danışıqlar
və məsləhətləşmələr yolu ilə həll ediləcək.
Maddə 5. Malların hərəkətinə və vasitəli vergilərin
ödənilməsinə nəzarət
Malların (işlərin, xidmətlərin)
idxalı zamanı vasitəli vergilərin tam yığılmasını təmin etmək
məqsədilə, habelə saxta ixraca yol verməmək üçün Razılığa gələn
Tərəflərin dövlətlərinin gömrük və vergi orqanları vergilərin
alınması mexanizmini və Razılığa gələn Tərəflərin dövlətlərinin
gömrük sərhədlərindən malların (işlərin, xidmətlərin) hərəkətinə
nəzarət mexanizmini hazırlayacaq və tətbiq edəcəklər.
Maddə 6. Razılığa gələn Tərəflərin maraqları
Bu Saziş, beynəlxalq hüququn ümumi
qəbul edilmiş prinsiplərinə uyğun olaraq, Razılığa gələn Tərəflərin
daxili əmtəə istehsalçılarının maraqlarının və milli bazarın qorunması
üçün zəruri tədbirləri həyata keçirmək hüququna mane olmur.
Maddə 7. Sazişin beynəlxalq müqavilələrlə münasibəti
Bu Saziş, Razılığa gələn Tərəflərin,
onların iştirakçısı odluqları digər beynəlxalq müqavilələrdən
irəli gələn hüquq və öhdəliklərinə toxunmur.
Maddə 8. Dəyişikliklərin və əlavələrin edilməsi
Razılığa gələn Tərəflər qarşılıqlı
razılıq əsasında, bu Sazişə, 9-cu maddədə nəzərdə tutulmuş qaydada
qüvvəyə minən və bu Sazişin ayrılmaz hissəsi olan ayrıca protokollarla
rəsmiləşdirilmiş zəruri əlavələr və dəyişikliklər edə bilərlər.
Maddə 9. Son müddəalar
Bu Saziş, Razılığa gələn Tərəflərin
onun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların
yerinə yetirilməsi barədə sonuncu yazılı bildiriş verildiyi tarixdən
qüvvəyə minir.
Bu Saziş, onun qüvvəyə minməsindən
sonra göndərilən mallara (işlərə, xidmətlərə) münasibətdə tətbiq
ediləcək.
Razılığa gələn hər bir Tərəf,
bu Sazişin qüvvədə olduğu dövrdə yaranmış maliyyə və digər öhdəlikləri
tənzimləyərək, Sazişdən çıxmasına altı ay qalmışdan gec olmayaraq,
digər Razılığa gələn Tərəfə yazılı xəbərdarlıq göndərməklə bu
Sazişdən çıxa bilər.
Bakı şəhərində 8 avqust 2001-ci
il tarixdə, hər biri Azərbaycan, belarus və rus dillərində olmaqla
iki nüsxədə imzalanmış, bütün mətnlər eyni qüvvəyə malikdir.
Bu Sazişin mətninin təfsiri zamanı
fikir ayrılığı yarandıqda, Razılığa gələn Tərəflər rus dilində
olan mətnə əsaslanacaqlar.
Azərbaycan Respublikası
Hökuməti adından
|
Belarus Respublikası
Hökuməti adından
|
Bu saziş Azərbaycan Respublikasının
1 fevral 2002-ci il tarixli 254-IIQ nömrəli Qanunu ilə təsdiq
edilmişdir («AzerSoft»).
© AzerSoft