Azərbaycan Respublikası Hökuməti və
Niderland Krallığı Hökuməti arasında gömrük
qanunvericiliyinin düzgün tətbiq edilməsi və
gömrük hüquqpozmalarının qarşısının alınması,
təhqiq edilməsi və onlara qarşı mübarizə
aparılması üçün qarşılıqlı inzibati yardım
haqqında
Saziş
Dövlətləri bundan sonra Razılığa
gələn Tərəflər adlandırılan Azərbaycan Respublikası Hökuməti və
Niderland Krallığı Hökuməti,
idxal və ya ixrac zamanı yığılan
gömrük rüsumları və digər vergilərin dəqiq tutulmasının və qadağan,
məhdudiyyət, nəzarət tədbirlərinin düzgün həyata keçirilməsinin
təmin edilməsinin vacibliyini nəzərə alaraq,
gömrük qanunvericiliyinin pozulmasının
Razılığa gələn Tərəflərin iqtisadi, maliyyə, ictimai, mədəni,
ictimai sağlamlıq və ticarət maraqlarına ziyan vurduğunu nəzərə
alaraq;
narkotik vasitələrin, psixotrop
maddələrin, təhlükəli malların, nəsli kəsilmək təhlükəsi qarşısında
qalan növlərin və zəhərli tullantıların sərhəddən keçirilməsinin
cəmiyyət üçün təhlükə yaratdığını nəzərə alaraq;
Razılığa gələn Tərəflərin gömrük
qanunvericiliklərinin tətbiq edilməsi və həyata keçirilməsi
ilə bağlı məsələlərdə beynəlxalq əməkdaşlığın zəruriliyini dərk
edərək;
onların gömrük idarələri arasında
dəqiq hüquqi müddəalara əsaslanan sıx əməkdaşlıq yolu ilə gömrük
hüquqpozmalarına qarşı tədbirlərin daha səmərəli olacağına inanaraq;
hazırda Ümumdünya Gömrük Təşkilatı
kimi tanınan Gömrük Əməkdaşlıq Şurasının müvafiq sənədlərini,
xüsusilə 5 dekabr 1953-cü il tarixli qarşılıqlı inzibati yardım
haqqında Tövsiyəsini nəzərə alaraq;
spesifik mallara dair qadağanlar,
məhdudiyyətlər və xüsusi nəzarət tədbirlərini özündə əks etdirən
beynəlxalq konvensiyaları nəzərə alaraq,
aşağıdakılar barədə razılığa gəldilər:
I fəsil. Təriflər
Maddə 1
Bu Sazişin məqsədləri üçün:
1. «Gömrük idarəsi» — Azərbaycan
Respublikasında: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi;
Niderland Krallığında: gömrük qanunvericiliyinin həyata keçirilməsi
üzrə məsul mərkəzi idarə;
2. «Gömrük qanunvericiliyi»
— malların idxalı, ixracı, yüklənməsi, tranziti, saxlancı və
dövriyyəsi ilə əlaqədar gömrük idarələri tərəfindən tətbiq olunan
və ya həyata keçirilən qanunvericilik, o cümlədən qadağan, məhdudiyyət
və nəzarət tədbirlərinə dair qanunvericilik;
3. «Gömrük hüquqpozması» — hər
bir Razılığa gələn Tərəfin qanunvericiliyi ilə müəyyən olunmuş
gömrük qanunvericiliyinin hər hansı şəkildə pozulması, yaxud
pozulmasına yönəldilmiş hər hansı belə cəhd;
4. «Şəxs» — fiziki və ya hüquqi
şəxs;
5. «Şəxs barədə məlumatlar»
— müəyyən və ya müəyyən edilə bilən fiziki şəxs haqqında hər
hansı məlumatlar;
6. «Məlumat» — hər hansı məlumatlar,
sənədlər, arayışlar, onların təsdiq olunmuş və ya autentik surətləri
və ya elektron forması da daxil olmaqla hər hansı digər formada
çatdırılacaq məlumat vasitələri;
7. «Sorğu göndərən idarə» —
yardım üçün sorğu göndərən gömrük idarəsi;
8. «Sorğu alan idarə» — yardım
üçün sorğu alan gömrük idarəsi.
II
fəsil. Sazişin tətbiq edilmə
dairəsi
Maddə 2
1. Razılığa gələn Tərəflər öz
gömrük idarələri vasitəsilə, bu Sazişdə nəzərdə tutulan şərtlər
çərçivəsində gömrük qanunvericiliyinin düzgün tətbiq edilməsi
və gömrük hüquqpozmalarının qarşısının alınması, təhqiq edilməsi
və onlara qarşı mübarizə aparılması üçün bir-birinə inzibati yardım
göstərəcəklər.
2. Bu Saziş çərçivəsində hər bir
Razılığa gələn Tərəfin göstərdiyi bütün yardım onun qanunvericiliyinə
müvafiq olaraq və gömrük idarəsinin səlahiyyəti və mövcud imkanları
dairəsində həyata keçiriləcəkdir.
3. Bu Saziş Niderland Krallığının
Avropa İttifaqının qanunvericiliyi çərçivəsində öhdəliyinə onun
Avropa İttifaqına üzv dövlət kimi hazırki və gələcək öhdəliklərinə
və həmin öhdəlikləri həyata keçirmək üçün tətbiq olunan hər hansı
digər qanunvericiliyə, eləcə də, Avropa İttifaqına üzv dövlətlərlə
beynəlxalq sazişlərindən irəli gələn hazırkı və gələcək öhdəliklərinə
xələl gətirmir.
4. Bu Saziş yalnız Razılığa gələn
Tərəflər arasında qarşılıqlı inzibati yardım üçün nəzərdə tutulmuşdur.
Bu Sazişin müddəaları hər hansı dəlilin hər hansı özəl şəxs tərəfindən
əldə olunmasına, gizli saxlanmasına və ya işdən çıxarılmasına
və ya sorğunun icra olunmasına maneçilik törədilməsinə hüquq verməməlidir.
5. Bu Saziş cinayət işləri ilə
bağlı qarşılıqlı yardıma dair qaydalara xələl gətirmir. Əgər qarşılıqlı
yardım Razılığa gələn Tərəflər arasında qüvvədə olan digər Sazişə
müvafiq olaraq göstərilməlidirsə, sorğu alan idarə hansı müvafiq
orqanların aid olduğunu göstərməlidir.
III
fəsil. Yardımın fəaliyyət
dairəsi
Maddə 3
1. Gömrük idarələri bir-birini
sorğuya əsasən və ya öz təşəbbüsləri ilə, gömrük qanunvericiliyinin
düzgün tətbiq edilməsinin təmin edilməsində və gömrük hüquqpozmalarının
qarşısının alınması, təhqiq edilməsi və onlara qarşı mübarizə
aparılmasında kömək edən məlumatla təmin edəcəklər.
2. Hər bir gömrük idarəsi, digər
gömrük idarəsi adından sorğu apararkən özü üçün və ya öz dövlətinin
digər səlahiyyətli orqanının sorğusu əsasında sorğu apardığı kimi
fəaliyyət göstərməlidir.
Maddə 4
1. Sorğuya əsasən, sorğu alan
idarə həmin Razılığa gələn Tərəfdə tətbiq olunan və gömrük hüquqpozmaları
ilə bağlı sorğulara dair gömrük qanunvericiliyi və proseduraları
haqqında bütün məlumatla təmin etməlidir.
2. Hər bir gömrük idarəsi öz şəxsi
təşəbbüsü ilə və heç bir ləngiməyə yol vermədən aşağıdakılar barədə
mümkün olan məlumatı verəcəkdir:
a) öz effektivliyini sübut etmiş
gömrük qanunvericiliyinin pozulmasına qarşı mübarizənin yeni
metodları;
b) gömrük hüquqpozmalarının
törədilməsinin yeni təmayülləri, vasitələri və ya metodları.
IV fəsil. Yardım göstərilməsinin xüsusi halları
Maddə 5
Sorğuya əsasən, sorğu alan idarə
sorğu göndərən idarəni xüsusilə aşağıdakı məlumatla təmin edəcəkdir:
a) sorğu göndərən Razılığa gələn
Tərəfin gömrük ərazisinə idxal olunan malların sorğu alan Razılığa
gələn Tərəfin gömrük ərazisindən qanuni yolla ixrac olunub-olunmaması;
b) sorğu göndərən Razılığa gələn
Tərəfin gömrük ərazisindən ixrac edilən malların sorğu alan
Razılığa gələn Tərəfin gömrük ərazisinə qanuni yolla idxal olunub-olunmaması
və əgər varsa, mallara tətbiq edilən gömrük prosedurası haqqında.
Maddə 6
1. Sorğuya əsasən, sorğu alan
idarə aşağıdakılar üzərində xüsusi nəzarəti təmin edəcək:
a) sorğu göndərən idarəyə məlum
olan gömrük hüquqpozmasını törətmiş və ya törətməsi şübhə doğuran
şəxslər, xüsusilə, onların sorğu alan Razılığa gələn Tərəfin
gömrük ərazisinə daxil olması və oranı tərk etməsi barədə;
b) sorğu göndərən Razılığa gələn
Tərəfin gömrük ərazisi istiqamətində şübhə doğuran qeyri-qanuni
dövriyyəyə səbəb olması sorğu göndərən idarə tərəfindən müəyyən
edilən daşınmada və ya saxlancda olan mallar;
c) sorğu göndərən Razılığa gələn
Tərəfin gömrük ərazisində gömrük hüquqpozmasında istifadə olunması
sorğu göndərən idarə tərəfindən şübhə altına alınan nəqliyyat
vasitələri.
2. Gömrük idarələri öz milli qanunvericiliklərinə
uyğun olaraq, qarşılıqlı razılaşma və razılığa əsasən, öz nəzarəti
altında, qeyri-qanuni dövriyyə ilə əlaqəsi olan malların, belə
qeyri-qanuni dövriyyənin qarşısını almaq məqsədilə, öz müvafiq
dövlətlərinin gömrük ərazisinə idxalına, oradan ixracına və ya
tranzitinə icazə verə bilərlər.
Maddə 7
1. Gömrük idarələri bir-birini
sorğuya əsasən və ya öz təşəbbüsləri ilə gömrük hüquqpozması təşkil
edən və ya təşkil etməsi aşkara çıxan tamamlanmış və ya planlaşdırılmış
işlər barədə məlumatla təmin edəcəklər.
2. Razılığa gələn Tərəflərdən
birinin iqtisadiyyatına, ictimai sağlamlığına, ictimai təhlükəsizliyinə
və ya hər hansı digər mühüm marağına əhəmiyyətli dərəcədə zərər
vura biləcək ciddi hallarda, digər Razılığa gələn Tərəfin gömrük
idarəsi imkan dairəsində, heç bir ləngiməyə yol vermədən öz təşəbbüsü
ilə məlumatı təmin edəcəkdir.
V
fəsil. Məlumat
Maddə 8
1. Məlumatın əsli yalnız təsdiq
edilmiş və ya autentik surətlər kifayət etmədikdə tələb oluna
bilər və mümkün qədər tez geri qaytarılmalıdır; sorğu alan idarənin
və ya üçüncü tərəflərin bununla bağlı hüquqları toxunulmaz qalmalıdır.
2. Bu Saziş çərçivəsində mübadilə
edilən hər hansı məlumata, onun istifadəsi ilə əlaqədar olan bütün
məlumat əlavə olunacaqdır.
VI fəsil. Ekspert və şahidlər
Maddə 9
Sorğuya əsasən, sorğu alan idarə
gömrük hüquqpozması ilə bağlı işdə öz vəzifəli şəxslərinə digər
Razılığa gələn Tərəfin məhkəmə və ya tribunalı qarşısında ekspert
və ya şahid qismində çıxış etmək səlahiyyəti verə bilər.
VII fəsil. Sorğuların göndərilməsi
Maddə 10
1. Bu Saziş çərçivəsində olan
yardım üçün sorğular birbaşa digər Razılığa gələn Tərəfin gömrük
idarəsinə ünvanlanmalı, yazılı şəkildə olmalı və zəruri hesab
edilən hər hansı sənədlərlə müşayiət olunmalıdır. Şərait tələb
etdikdə, sorğular həmçinin şifahi halda da ola bilər. Belə sorğular
dərhal yazılı şəkildə təsdiq edilməlidir.
2. Bu maddənin 1-ci bəndinə müvafiq
olaraq verilmiş sorğular, aşağıdakı təfsilatları özündə əks etdirməlidir:
a) sorğu göndərən idarə,
b) sorğunun mövzusu və səbəbi,
c) məsələnin qısa təsviri, işin
hüquqi əsasları və səciyyəsi,
ç) əgər məlumdursa, işlə əlaqədar
olan tərəflərin adları və ünvanları.
3. Bu Sazişdə istinad edilən məlumat,
yalnız hər bir gömrük idarəsi tərəfindən bu məqsədlə təyin edilmiş
rəsmi şəxslərə verilməlidir. Bu Sazişin 18-ci maddəsinin 2-ci
bəndinə müvafiq olaraq, digər Razılığa gələn Tərəfin gömrük idarəsi
təyin edilmiş belə vəzifəli şəxslərin siyahısı ilə təmin edilməlidir.
VIII fəsil. Sənədlərin çatdırılması
Maddə 11
1. Xüsusi hallarda, Razılığa gələn
Tərəflərdən birinin gömrük orqanının sorğusu əsasında digər Razılığa
gələn Tərəfin gömrük orqanı, həmin Razılığa gələn Tərəfin ərazisində
yaşayan və ya təsis olunmuş şəxsə işlə bağlı sənədləri və sorğu
göndərən Razılığa gələn tərəfin səlahiyyətli orqanları tərəfindən
onun gömrük qanunvericiliyinin tətbiq edilməsində qəbul edilən
qərarları çatdıra bilər.
2. Bu Saziş çərçivəsində sənədlərin
çatdırılması sorğu alan Razılığa gələn Tərəfin eyni səciyyəli
sənədlərin çatdırılmasına şamil edilən qanunlarına və təcrübələrinə
uyğun olaraq həyata keçiriləcəkdir. Sənədlərin çatdırılması üçün
verilən sorğuda sənədin məzmununun xülasəsi olmalıdır.
IX fəsil. Sorğuların icrası
Maddə 12
Əgər sorğu alan idarə tələb olunan
məlumata malik deyilsə, o öz milli qanunvericiliyinə uyğun olaraq
həmin məlumatı əldə etmək üçün sorğulara başlamalıdır. Bu sorğulara
gömrük hüquqpozması ilə əlaqədar məlumat alınan şəxslərin və şahidlərin
və ekspertlərin bəyanatları daxil edilməlidir.
Maddə 13
1. Yazılı sorğuya əsasən, sorğu
göndərən idarə tərəfindən təyin edilmiş vəzifəli şəxslər, sorğu
alan idarənin icazəsilə və onun qoya bildiyi şərtlər əsasında
gömrük hüquqpozmasının təhqiq edilməsi məqsədilə:
a) sorğu alan idarənin qərargahlarında,
həmin gömrük hüquqpozması ilə əlaqədar hər hansı məlumatı əldə
etmək üçün sənədlər, qeydlər və digər müvafiq məlumatlar barədə
məsləhətləşə bilər;
b) həmin gömrük hüquqpozması
ilə əlaqədar sənədlərin, qeydlərin və digər müvafiq məlumatların
surətlərini götürə bilər;
c) sorğu göndərən idarə üçün
daha mühüm əhəmiyyət kəsb edən hallarda, sorğu alan Razılığa
gələn Tərəfin gömrük ərazisində sorğu alan idarə tərəfindən
aparılan araşdırmalarda iştirak edə bilər.
2. Sorğu göndərən idarənin vəzifəli
şəxsləri 9-cu maddədə və ya bu maddənin 1-ci bəndində göstərilən
hallarda digər Razılığa gələn Tərəfin ərazisində olduqda, onlar
hər zaman öz rəsmi səlahiyyətləri barədə dəlil təqdim etmək iqtidarında
olmalıdırlar. Onlar rəsmi geyim forması geyinməməli və hər hansı
odlu və ya digər silah daşımamalıdırlar.
3. Orada olduqları müddətdə, onlar
orada qüvvədə olan qanunlara uyğun olaraq, digər Razılığa gələn
Tərəfin gömrük vəzifəli şəxslərinə şamil edilən eyni mühafizədən
faydalanacaq və törədə bildikləri hər hansı hüquqpozması üçün
məsuliyyət daşıyacaqlar.
X fəsil. Məlumatın məxfiliyi
Maddə 14
1. Bu Saziş çərçivəsində alınmış
hər hansı məlumat, belə məlumatı təqdim etmiş gömrük idarəsi,
onun digər məqsədlər üçün və ya digər orqanlar tərəfindən istifadə
edilməsinə xüsusi icazə verdiyi hallar istisna olmaqla, yalnız
bu Sazişin məqsədləri üçün və gömrük idarələri tərəfindən istifadə
ediləcəkdir. Belə istifadə, məlumatı təqdim etmiş gömrük idarəsi
tərəfindən qoyulmuş hər hansı məhdudiyyətlərə tabe olmalıdır.
Hər hansı belə məlumat, məlumatı təqdim edən Razılığa gələn Tərəfin
milli qanunvericiliyindən irəli gəlirsə, yalnız məlumatı təqdim
edən Razılığa gələn Tərəfin prokurorluq və ya məhkəmə orqanları
belə istifadəyə razılıq verdikdən sonra cinayətlə bağlı işlərdə
istifadə oluna bilər.
2. Bu Saziş çərçivəsində alınmış
hər hansı məlumat, ən azı, Razılığa gələn Tərəfin vətəndaşlarına
aid olan milli qanunvericilik çərçivəsində, əlaqədar şəxslərin
milliyyətindən, vətəndaşlığından və ya yaşayış yerindən asılı
olmayaraq alınan məlumatlara şamil edilən eyni müdafiə və məxfiliyə
malik olacaqdır.
3. Məlumatın Niderland Krallığının
bu Sazişin 2-ci maddəsində öz əksini tapan öhdəlikləri çərçivəsində
Avropa Komissiyası və ya Avropa Birliyi üzv dövlətlərindən hər
hansının gömrük idarəsinə açıqlanması Azərbaycan Respublikasının
gömrük idarəsinə əvvəlcədən bildiriləcəkdir.
Maddə 15
1. Bu Saziş çərçivəsində şəxs
barədə mübadilə edilən məlumatlar, məlumatları təqdim edən Razılığa
gələn Tərəfin tətbiq etdiyi müdafiə səviyyəsinə bərabər müdafiəyə
malik olacaqdır.
2. Razılığa gələn Tərəflər bir-birini
şəxs barədə məlumatların müdafiəsinə dair öz müvafiq dövlətlərinin
bütün qanunvericilikləri ilə bu maddəyə uyğun olaraq təmin edəcəklər.
3. Şəxs barədə məlumatların mübadiləsi
müdafiə səviyyəsinin hər iki Razılığa gələn Tərəfdə bərabər olması
barədə, bu Sazişin 18-ci maddəsinin 2-ci bəndinə müvafiq olaraq
Razılığa gələn Tərəflərin razılaşmasına qədər başlamamalıdır.
XI fəsil. İstisnalar
Maddə 16
1. Bu Sazişə əsasən yardımın göstərilməsi
sorğu alan Razılığa gələn Tərəfin ictimai asayişini və ya hər
hansı digər mühüm marağını təhlükəyə məruz qoya, sənaye, ticarət
və ya peşə sirrinin pozulmasına səbəb ola bilərsə, yardımın göstərilməsi
sorğu alan idarədən tələb edilməyəcəkdir.
2. Əgər sorğu göndərən idarə sorğu
alan idarə tərəfindən verilən eyni sorğunu yerinə yetirmək iqtidarında
deyildirsə, o, sorğusunda bu faktı nəzərə çatdırmalıdır. Belə
bir sorğunun yerinə yetirilməsi sorğu alan idarənin qərarına müvafiq
olacaqdır.
4. Sorğu alan idarə, yardımın
hazırda davam edən təhqiqata, məhkəmə araşdırmasına və ya işə
müdaxilə edəcəyi əsasda onu təxirə sala bilər. Bu təqdirdə, sorğu
alan idarə yardımın sorğu alan idarə tərəfindən tələb oluna biləcək
şərtlər daxilində göstərilməsinin mümkünlüyü barədə sorğu göndərən
idarə ilə məsləhətləşməlidir.
4. Yardım göstərilməsindən imtina
edildikdə və ya təxirə salındıqda, imtina edilmənin və ya təxirə
salınmanın səbəbləri göstərilməlidir.
XII fəsil. Xərclər
Maddə 17
1. Sorğu göndərən idarə tərəfindən
ödənilməli olan, ekspertlər və şahidlərə ödənilən məsrəf və vəsaitlər,
həmçinin hökumət məmurları olmayan tərcüməçilərə çəkilən xərclər
istisna olmaqla, gömrük idarələri bu Sazişin yerinə yetirilməsi
ilə bağlı ödənilmiş xərclərin ödənilməsi üçün bütün iddialardan
imtina edəcəklər.
2. Əgər sorğunun icrası üçün xeyli
çox və qeyri-adi xərclər tələb olunur və ya olunarsa, Razılığa
gələn Tərəflər sorğunun icra edilmə şərtlərini, həmçinin xərclərin
hansı yolla ödəniləcəyini müəyyən etmək üçün məsləhətləşəcəklər.
XIII fəsil. Sazişin həyata keçirilməsi
Maddə 18
1. Gömrük idarələri gömrük hüquqpozmalarının
təhqiq edilməsi və ya onlara qarşı mübarizə aparılması üçün məsul
olan öz vəzifəli şəxslərinin bir-biri ilə şəxsi və birbaşa əlaqələr
saxlaması üçün tədbirlər görəcəklər.
2. Gömrük idarələri bu Saziş çərçivəsində,
bu Sazişin həyata keçirilməsini sadələşdirmək üçün daha müfəssəl
razılaşmalar barədə qərara gələcəklər.
3. Gömrük idarələri bu Sazişin
şərhi və ya tətbiq edilməsi zamanı ortaya çıxan hər hansı problem
və ya şübhəni qarşılıqlı razılaşma yolu ilə həll etməyə çalışacaqlar.
4. Həlli tapılmayan ziddiyyətlər
diplomatik kanallarla həll olunacaqdır.
XIV fəsil. Tətbiq edilmə
Maddə 19
1. Azərbaycan Respublikası ilə
əlaqədar olaraq, bu Saziş Azərbaycan Respublikasının ərazisində
tətbiq ediləcəkdir.
2. Niderland Krallığı ilə əlaqədar
olaraq, bu Saziş Niderland Krallığının Avropadakı ərazisində tətbiq
ediləcəkdir. O, bununla belə, tamamilə və ya hər hansı zəruri
dəyişikliklərlə Niderland Antili və ya Arubasını da əhatə edə
bilər.
3. Belə əhatə etmə, müddətin başa
çatmasının şərtləri də daxil olmaqla, diplomatik kanallarla mübadilə
edilən notalarda dəqiqləşdirilə və razılaşdırıla bilən tarixdən
qüvvəyə minəcək və dəyişiklik və şərtlərə malik olacaqdır.
XV fəsil. Qüvvəyə minmə və müddətin başa çatması
Maddə 20
1. Bu Saziş, Razılığa gələn Tərəflər
bir-birini bu Sazişin qüvvəyə minməsi üçün Konstitusiya tələblərinin
yerinə yetirilməsi haqqında diplomatik kanallarla yazılı surətdə
xəbərdar etdikdən bir gün sonra qüvvəyə minəcəkdir.
Maddə 21
1. Bu Saziş qeyri-məhdud müddət
üçün nəzərdə tutulmuşdur, lakin hər bir Razılığa gələn Tərəf,
istənilən vaxt diplomatik kanallarla xəbərdar etməklə onun qüvvəsini
ləğv edə bilər.
2. Digər Razılığa gələn Tərəfə
verilmiş ləğv etməyə dair bildirişin tarixindən üç ay sonra Saziş
qüvvədən düşəcəkdir. Bununla belə, qüvvədən düşmə vaxtı davam
edən işlər bu Sazişin müddəalarına uyğun olaraq tamamlanmalıdır.
3. Əgər başqa cür razılaşdırılmamışdırsa,
bu Sazişin qüvvəsinin ləğv olunması, 19-cu maddənin 2-ci bəndindəki
müddəalara uyğun olaraq, onun Niderland Antili və ya Arubasında
tətbiq edilməsinə təsir etməyəcəkdir.
Maddə 22
Razılığa gələn Tərəflər bu Sazişi
nəzərdən keçirmək məqsədilə onlardan biri digərinə belə nəzərdən
keçirmənin zəruri olmaması barədə yazılı şəkildə xəbərdarlıq etməsi
istisna olmaqla, sorğu əsasında və ya onun qüvvəyə mindiyi tarixdən
beşinci ilin sonunda görüşəcəklər.
Bunları təsdiq edərək, müvafiq
səlahiyyətə malik aşağıda imza edənlər bu Sazişi imzalamışlar.
30 yanvar 2002-ci il tarixdə Bakı
şəhərində iki əsl nüsxədə, Azərbaycan, Niderland və ingilis dillərində
imzalanmışdır, bütün mətnlər eyni qüvvəyə malikdir. Bu Sazişin
təfsirində hər hansı fikir ayrılığı yaranarsa, ingilis dilindəki
mətnə üstünlük verilir.
Azərbaycan Respublikası
Hökuməti adından
|
Niderland Krallığı
Hökuməti adından
|
Azərbaycan Respublikasının 9 aprel
2002-ci il tarixli 295-IIQ saylı Qanunu ilə təsdiq edilmişdir
(«AzerSoft»).
© AzerSoft