Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi
             Az | Ru | En |
          
 
 
   

Azərbaycan Respublikası Prezidenti yanında
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən
62 saylı əmrlə təsdiq edilmiş və
Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə
razılaşdırılmışdır

Gömrük ödənişlərinə sadə veksel vasitəsilə zəmanət verilməsinin müvəqqəti
Qaydaları

1.1. Bu Qaydalar «Qiymətli kağızlar haqqında» Azərbaycan Respublikası Qanununun, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin, Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin, Köçürmə və adi veksel haqqında vahid qanun barədə Konvensiyanın, Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 26 iyul tarixli 161 saylı Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi haqqında» Əsasnamənin və «Azərbaycan Respublikasında veksellərin dövriyyəsi haqqında» Əsasnamənin tələblərinə müvafiq olaraq hazırlanmışdır.

1.2. Bu Qaydalar Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə müvafiq olaraq gömrük ödənişlərinin, gömrük qaydalarının pozulması hallarında isə mal və nəqliyyat vasitələrinin dəyərinin, habelə cərimələrin ödənilməsində zəmanətçi kimi çıxış edən, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsində reyestrə salınmış banklar və digər kredit təşkilatları tərəfindən aval edilmiş veksellərlə verilən zəmanətləri tənzimləyir.

1.3. Gömrük ödənişinə zəmanət kimi aval edilmiş veksel verilərkən bir veksel üzrə zəmanətin maksimal həddi və kredit təşkilatlarının (filiallarla birlikdə) eyni zamanda verilən ümumi zəmanət öhdəliklərinin maksimal həddi «Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsində bankların və digər kredit təşkilatlarının reyestrə salınma haqqında müraciətlərinə baxılması qaydalarının» 4.5-ci və 4.6-cı bəndlərinə əsasən müəyyənləşdirilir.

1.4. Veksellə müəyyən edilmiş məbləğin ödənilmə müddəti gömrük ödənişlərinin və maliyyə sanksiyalarının ödənilmə vaxtına uyğun olmalıdır. Veksellə zəmanət vermiş müəssisə tərəfindən vekseldə göstərilən məbləğ müəyyən edilmiş müddətdə ödənilməzsə, bu vekseli aval etmiş Bank və ya digər kredit təşkilatı həmin vəsaiti öz hesabından 3 gün müddətində gömrük orqanlarına ödəməlidir.

1.5. Vekselverən, tərtib edilmiş və Dövlət Gömrük Komitəsinin reyestrinə daxil olan bank tərəfindən aval edilmiş veksel blanklarını veksellərin dövlət reyestrinə daxil edilməsi üçün, QKDK-ya ərizə və vekselin dövlət reyestrinə daxil edilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş rüsumun ödənilməsini təsdiq edən sənədi təqdim etməlidir. Ərizədə aşağıdakılar əks etdirilməlidir.

Ərizədə aşağıdakılar əks etdirilməlidir:

  • hüquqi şəxsin adı, təşkilati-hüquqi forması, hüquqi ünvanı, VÖEN-i xidmət olunduğu bankın adı, hesablaşma hesabının nömrəsi və fəaliyyət növü, vekselin verilməsi üçün əsas (Əlavə 1); fiziki şəxslər üçün — adı, soyadı, atasının adı, şəxsiyyətini təsdiq edən sənədin məlumatları (seriya, nömrə, nə vaxt və kim tərəfindən verilmişdir, ünvanı), vekselin verilməsi üçün əsas, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin xidmət olunduğu bankın adı, VÖEN-i hesablaşma hesabının nömrəsi (Əlavə 2).

1.6. Bu Qaydalara uyğun olaraq sənədlər tam təqdim edildikdən sonra 1 iş günü ərzində QKDK tərəfindən baxılaraq, veksellərin dövlət reyestrinə daxil edilməsi və ya imtina olunması barədə qərar qəbul edilir.

1.7. Ərizəçi təqdim etdiyi sənədlərdə və vekseldə olan məlumatın tamlığı və düzgünlüyü üçün Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun məsuliyyət daşıyır.

1.8 Vekselin qeydiyyata alınması barədə qərar qəbul edildikdən sonra vekselə QKDK-nın ştampı vurulur və dövlət reyestrinə daxil edilir.

1.9. Veksel yalnız dövlət reyestrinə daxil edildikdən sonra vekselverən tərəfindən müvafiq gömrük orqanlarına təqdim oluna bilər. Gömrük orqanları xüsusi kitabda müvafiq qeyd aparmaqla vekseli qəbul edir və gömrük qanunvericiliyində nəzərdə tutulmuş maliyyə sanksiyalarına və gömrük ödənişlərinə zəmanət kimi nəzərə alır.

1.10. Vekselin indossamentlə ötürülməsi, vekselin ödənilməsi, protest edilməsi və bu qaydalarda nəzərdə tutulan digər əməliyyatların aparılması, habelə ödəyicinin dövlət qeydiyyatı orqanına yazılı məlumat verməsi «Azərbaycan Respublikasında veksellərin dövriyyəsi haqqında» Əsasnamənin sadə vekselə şamil edilən müddəalarına müvafiq həyata keçirilir.

1.11. Vekselverən veksel ödənildikdən sonra, onun üzərində vekselsaxlayan tərəfindən ödənişi təsdiq edən qeydlərlə QKDK-ya təqdim edir.

1.12. Ödənilmiş vekselə QKDK-nın ştampı vurulur və dövlət reyestrindən çıxarılır.

1.13. Bu Qaydaların müddəalarını pozan şəxslər qanunvericiliyə müvafiq surətdə məsuliyyət daşıyırlar.

1.14. Bu qaydalar imzalandığı gündən qüvvəyə minir və Azərbaycan Respublikası Ədliyyə Nazirliyində uçota alınmır.


© AzerSoft

Rəsmi məlumatlar Arxiv    
27.12.2008
Bakıda Mərkəzi gömrük hospitalı istifadəyə verilmişdir
Dekabrın 25-də Bakıda Mərkəzi gömrük hospitalı istifadəyə verilmişdir. Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak etmişdir.

Daha ətraflı
    © 2006 — 2008, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi   Dizayn MEQA şirkəti tərəfindən hazırlanıb